Klassik rus poeziyasından yeni tərcümələr - Azad Yaşarın təqdimatında

 

İvan KRILOV

(1769-1844)

Məşhur rus təmsilçisi, nasiri və dramaturqu

 

 

Palıd kölgəsinə

sığınan donuz

 

Yüzillik Palıda sığınan Donuz

Yeyib, tıs vururdu ağacın altda -

Qənim kəsilmişdi yağlı qozaya.

Gözlərin açınca, həmən girişdi

Bu səfər ağacın... qabığın soya.

 

Budaqda oturan Qarğa səsləndi:

"Etdiyin ağaca bir qəsddir axı!"

Donuz baş qoşmadı: "Qoy lap qurusun -

Onsuz da vecimə deyil zərrəcə

Bunun var olmağı, ya olmamağı.

 

Görməsəm, heç yüz il yadıma düşməz,

Təki yeyib-şişim, qozam bol olsun".

Palıd dilə gəlib, dedi: "Ay nankor!

Başını qaldıra bilsəydin əgər,

Görərdin - mənim bu qol-budağımda

Bitir... o qənimi olduğun bəhər".

 

Elmi, alimləri söyər nədənsə

Gözü bağlı qalan cahil də bəzən.

Bəs niyə daddığı onca neməti

Elmin bir bəhrəsi saymaz görəsən?!

 

Fyodor TÜTÇEV

(1803-1873)

Rusiyanın görkəmli lirik şairi, publisisti, diplomatı və gizli müşaviri

 

 

 Gəl, demə,

o məni əvvəlki kimi...

 

Gəl, demə, o məni əvvəlki kimi

Sevir, məndən ötrü əsir ürəyi...

Çünki mən görürəm o qənimimin

Əlindəki bıçaq necə titrəyir.

Gah qəzəb içində, gah batıb yasa

Yaşaram... köksümdə qanlı yaralar.

Odur - tək təsəllim... o da olmasa,

Başıma bu dünya, aləm daralar.

 

Dərdimin dərmanı olan lütfünü

Təbib tək qıydıqca yar aram-aram

Nəfəs darlığıyla keçən hər günü

Mən də bu ömürdən, gündən saymaram.

 

 

Elə gün olmur ki,

bu könlüm onca...

 

Elə gün olmur ki, bu könlüm onca

Sızlayıb, tutmasın keçmişin yasın.

Dərdini izhara söz tapmayınca,

Anbaan quruyub, qaxac olmasın.

 

Eynilə beləcə, sadiq insan da

Yaşadar vətənə eşqi qəlbində.

Qəhr olar biləndə yurdu bir anda

Gömülüb, qərq olub dəniz dibində.

 

Mixail LERMONTOV

(1814-1841)

Rus şairi, nasiri, dramaturqu və rəssamı

 

 

Bu naməyə görə

məni əfv eylə...

 

K. üçün

 

Bu naməyə görə məni əfv eylə,

Əlimdə qələm var, qarşımda - məzar.

Ancaq neyləyəsən, hər şey fanidir,

Həm də cazib şeylər yasağı pozar.

 

Yığılıb başıma dostlar, doğmalar,

Üzlərdə sezilir göz yaşı izi.

Onlara deyildir yazdığım namə,

Eşqimi soyutmaz məzar sevgisi.

 

Nələr çəkdiyimi hardan biləsən?!

Mən də fərqindəyəm - bu iş hədərdir.

Bu məqam əcələ bal qatan deyil,

Ancaq olan olub... Qövr edən dərdi

 

Fürsətkən yazıram, vəsf eyləyirəm!

Qəbul et naməmi. Onda görərsən

Dəhşət saçdığı vaxt sinədə hisslər

Onları ram etmək zor olur bəzən!

 

Könlünü titrətməz məzlum naməsi...

Həyatda, ah, nələr gördüm, sınadım:

Dost seçib, yanıldım! Peşmanam yəni.

Bağışla, o hisslər keçmişdə qaldı,

Bağışla, əziz "dost". İmza: "Yevgeni".       

 

Əvvəllər xoş ömür

sürdüyümü mən...

 

Əvvəllər xoş ömür sürdüyümü mən

Şirin busələrlə ölçərdim hər dəm.

İndi səadətdən bezmişəm nəsə,

Artıq bir kimsəni sevə bilmirəm.

 

Bir vaxt göz yaşıyla dəyər biçərdim

Asiliklə dolub-daşan ömrümə.

Sevib, bağlanardım o vaxt kiməsə...

Yox, aşiq olmaram daha heç kimə.

 

Unudub yaşanmış illərin sayın,

Düşdüm unutmağın həvəsinə mən:

Onlara ruhumu peşkəş edərdim,

Hətta vaz keçərdim... axirətimdən!

 

 

Yolumuz ayrıldı,

ancaq şəklini...

 

Yolumuz ayrıldı, ancaq şəklini

Qoynumda tutaram yenə də, hələ.

Gözəl illərimin solğun ruhutək

Doldurar qəlbimi o, nəşə ilə.

 

Təzə macəraya qapılıb, səni

Unutmaq könlümü hədsiz ağrıdır:

İbadətsiz məbəd necə məbədsə,

Bəndəsiz tanrı da... yenə tanrıdır.

 

 

Əsla istəmərəm

el-aləm bilsin...

 

Əsla istəmərəm el-aləm bilsin

Sirli macəramı, düzü: nə danım?!

Necə sevirmişəm, inləyirmişəm,

Onu Tanrım bilər, bir də vicdanım!

 

Könlüm tək onlara haqq-hesab verər,

Sığınar onların mərhəmətinə.

Təki cəlladım da onca zilləti

Mənə rəva görən yar ola yenə.

 

Cahilin, nadanın sözü, qınağı

Bu sevən könlümə yük olan deyil.

Nə qədər gurlasa dəniz dalğası,

Qayadan bir zərrə qoparan deyil.

 

Buludlar qoynunda uyuyan könlüm

Gah yanan od olar, gah çilənən su,

Fırtınalar ilə şimşəklər xaric,

Heç kəslə bölüşməz qövrün, arzusun...

 

 

Əlvida! Bir daha

görüşmərik biz...

 

K. üçün

 

1

 

Əlvida! Bir daha görüşmərik biz,

Əl də görüşmərik daha heç vədə.

Əlvida! Hürr quşa dönən o qəlbin

Çətin ki, səadət tapa özgədə.

 

Bilirəm: iztirab çəkərkən sənin

Ruhunda yaranar xoş bir qımıltı -

O şirin dilində səsləndiyi an

Torpağa gömdüyün aşiqin adı!

 

2

 

Elə səslər var ki, cahil kütlənin

Gözündə nə məğzi, nə mənası var.

Halbuki onları unutmaq olmaz -

Yaşayan bir ruhdan ayrılmaz onlar.

 

Sanki bir tabutda gömülən keçmiş

Müqəddəs səslərin dibinə enər.

Bu boyda dünyada ikicə nəfər

Onlardan həm anlar, həm də... səksənər!

 

3

 

Vur-tut bir dəqiqə baş-başa qaldıq,

O an əbədiyyət qədər uzandı.

Bütün hisslərimiz qəfil tükəndi,

Çünki tək öpüşlə alışdı, yandı.

 

Əlvida! Boşuna yanma, üzülmə

Bu qısa sevginin aqibətinə.

Ayrılmamız bunca çətinsə bizə,

Qovuşmaq beşbetər müşkülə dönər.

 

Afanasi FET

(1820-1892)

Rusiyanın məşhur lirik şairi, nasiri, tərcüməçisi və memuarlar müəllifi, Peterburq Elmlər Akademiyasının müxbir üzvü

 

 

Heç nə söyləmərəm sənə, heçcə nə...

 

Heç nə söyləmərəm sənə, heçcə nə,

Qatmaram səndəki dincliyə haram.

Sükutun dilində dediklərimlə

Sənə hər hansı bir eyham vurmaram.

 

Gecə çiçəkləri günboyu yatar,

Elə ki, al günəş qüruba enər,

Açar ləçəklərin səssiz... duyaram

Könlüm də al-əlvan gülşənə dönər.

 

Dərd yağar sinəmin uca dağına,

Yel əssə, üşütmə düşər bu tənə.

Qatmaram səndəki dincliyə haram,

Heç nə söyləmərəm sənə, heçcə nə.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!