Görkəmli italyan yazıçısı Umberto Eko (1932-2016) ədəbi karyerasına kifayət qədər gec başlayıb: ona dünya şöhrəti gətirən "Qızılgülün adı" debüt romanı müəllifin 48 yaşında, həm də bestsellerlər siyahısında nəşr olunub. Yazıçının sonrakı romanları "Fukonun sarkacı", "Ərəfədəki ada", "Baudolino", "Praqa qəbiristanlığı" da bestseller olub. Eko dünyanın müxtəlif ali təhsil ocaqlarında, o cümlədən, Oksford, Harvard, Yale, Kolumbiya universitetlərində dərs deyib. O, həmçinin Sovet İttifaqı və Rusiya, Tunis, Çexoslovakiya, İsveçrə, İsveç, Polşa və Yaponiya universitetlərində mühazirələr oxuyub, seminarlar aparıb. Yazıçının sayca yeddinci olan "Nömrə Sıfır" romanı 2015-ci ildə ölümündən bir il əvvəl, 84-cü ad günündə nəşr olunub. Umberto Ekonun ölümü ilə bütün bir dövr başa çatdı. Və onun əsərləri, nəhayət ki, klassiklər kateqoriyasına keçərək, ədəbiyyat tarixinin mülkiyyətinə çevrildi.
Umberto Eko bu məktubu məktəbli nəvəsinə yazıb. İnternet əsrində doğulmuş uşaqlarınız varsa və əvvəllər Ümumdünya Şəbəkəsi olmadan onlarla necə yola getdiyinizi bilmirsinizsə, bu məktubu mütləq oxuyun. Bununla belə, həyatı internetsiz təsəvvür edə bilməyən böyüklərin də bu məktubu oxuması faydalıdır.
"Əziz nəvəm, mən istəməzdim ki, bu Milad məktubu De Amicisin (Edmondo de Amicis - italyan yazıçısı) ruhunda çox tərbiyəvi səslənsin, qonşularımıza, vətənə, insanlığa və s. sevgi təbliğ etsin. Sən buna qulaq asmaya da bilərsən (çünki daha yetkinsən, mən isə çox qocalmışam), dəyər sistemi isə o qədər dəyişib ki, tövsiyələrim uyğun gəlməyə də bilər.
Beləliklə, planşetdən istifadə etdiyin bir vaxtda praktikada sənə faydalı ola biləcək yalnız bir məsləhət vermək istəyirəm. Mən sənə axmaq qoca kimi görünmək qorxusundan bunu etməməyi məsləhət görməyəcəyəm. Axı, mən özüm də bundan istifadə edirəm. Sənə və universitetlərdə təhsil alan əvvəlki nəslə təsir edən xəstəlikdən danışmaq istərdim. Mən yaddaş itkisindən danışıram.
Düzdür, əgər Böyük Karlın kim olduğunu və ya Kuala Lumpurun harada yerləşdiyini bilmək istəyirsənsə, bir düyməni sıxmaqla dərhal bunu internetdən öyrənə bilərsən. Ehtiyacın olanda bunu et, lakin sertifikat aldıqdan sonra, məsələn, məktəbdə bu biliyə ehtiyacın olanda onu bir daha axtarmamaq üçün məzmununu yadda saxlamağa çalış. Pis odur ki, kompüterin istənilən vaxt sualına cavab verə biləcəyini başa düşmək səni məlumatı yadda saxlamaqdan çəkindirir. Bu hadisəni belə müqayisə etmək olar: adam bir küçədən digərinə avtobus və ya metro ilə gedə biləcəyini öyrəndikdən sonra, tələskənlik zamanı çox rahat olduğu qənaətinə gəlir ki, artıq piyada getməyə ehtiyac qalmır.
Ancaq yeriməyi dayandırsan, əlil arabasında hərəkət etməyə məcbur olan bir insana çevriləcəksən.
Oho, bilirəm ki, sən idmanla məşğul olursan və bədənini idarə etməyi bacarırsan, ancaq gəl, sənin beyninə qayıdaq.
Yaddaş ayaqlardakı əzələlər kimidir. Əgər məşq etməyi dayandırsan, o, zəifləyəcək. Bundan əlavə, qocaldıqca Alzheymer xəstəliyinə tutulma riski ilə üzləşəcəksən. Bu bəladan qaçmağın bir yolu da yaddaşını daim məşq etməkdir.
Bax, mənim reseptim belədir: uşaqlıqda bizi məcbur etdikləri kimi, sən də hər səhər kiçik bir şeir əzbərlə. Ən yaxşı yaddaş üçün dostlarla müsabiqə təşkil edə bilərsən. Şeiri sevmirsənsə, o zaman futbol komandalarının tərkibini əzbərləyə bilərsən, ancaq təkcə Roma klubu komandasının oyunçularını deyil, digər komandaların oyunçularını, eləcə də onların keçmiş heyətlərini tanımalısan. Superqa təpəsində qəzaya uğrayan təyyarənin göyərtəsində olan Turin klubunun oyunçularının adlarını xatırlayıram: Bachigalupo, Ballarin, Maroso və s. Oxunan kitabların məzmununu kimin daha yaxşı xatırlayacağı ilə yarışın: dostlarınız "Üç Müşketyor"un və d'Artanyanın (Qrimo, Bazin, Musketon və Planşet) xidmətçilərinin adlarını xatırlayırmı?.. Əgər "Üç Müşketyor"u oxumaq istəmirsənsə, (nə itirdiyini bilmirsənsə də), sonra oxuduğun kitabla oxşar oyunu təkrarla.
Bu, bir oyun kimi hiss olunur, əslində bəli, bu bir oyundur, ancaq zaman ötdükcə başının personajlar, hekayələr və hər cür xatirələrlə necə dolacağını görəcəksən. Soruşa bilərsən ki, niyə kompüter bir vaxtlar elektron beyin adlanırdı? Bu sənin beynini modelləşdirmək üçün nəzərdə tutulduğuna görədir, lakin insan beyninin kompüterdən daha çox üstünlüyü var.
Beyin hər zaman yanında olan kompüterdir, onun imkanları məşq nəticəsində genişlənir, masaüstü kompüter uzun müddət istifadə edildikdən sonra sürətini itirir və bir neçə ildən sonra dəyişdirilməlidir. Sənin beynin isə 90 yaşa qədər davam edə bilər və 90 yaşında onunla məşq etsən, indi xatırladığından daha çox xatırlayacaqsan. Həm də bu pulsuzdur. Sonra tarixi yaddaş var ki, sənin həyat faktlarınla, oxuduqlarınla bağlı deyil. O, sən hələ doğulmamışdan əvvəl baş verən hadisələri özündə saxlayır.
Bu gün kinoya gedirsənsə, filmin əvvəlində gəlməlisən. Film başlayanda elə bil həmişə sənin əlindən tutub aparırlar, baş verənləri izah edirlər. Mənim vaxtımda istənilən vaxt kinoteatra girə bilərdin, hətta filmin ortasında belə. Sən gəlməmişdən əvvəl çox şeylər olardı və bundan əvvəl baş verənləri düşünməli idin. Film yenidən başlayanda, yenidən qurmağının düzgün olub-olmadığını görə bilərsən. Əgər filmi bəyəndinsə, qalıb yenidən baxa bilərsən. Həyat mənim günümdə filmə baxmaq kimidir. Biz yüz minlərlə il ərzində bir çox hadisələrin baş verdiyi bir vaxtda doğulmuşuq və doğulmamışdan əvvəl nə baş verdiyini anlamaq vacibdir. Bu gün bu qədər yeni hadisələrin niyə baş verdiyini daha yaxşı başa düşmək üçün bu lazımdır.
Bu gün məktəb (öz oxu dairəndən başqa) sənə doğulmazdan əvvəl baş verənləri xatırlamağı öyrətməlidir, lakin onlar yaxşı deyil. Müxtəlif sorğular göstərir ki, indiki gənclər, hətta 1990-cı il təvəllüdlü universitet tələbələri 1980-ci ildə nə baş verdiyini, hətta 50 il bundan əvvəl baş verənləri belə bilmirlər və ya bəlkə də, bilmək istəmirlər. Statistikaya görə, gənclərdən Aldo Moronun kim olduğunu soruşduqda cavab verirlər ki, o, "Qırmızı Briqadalar"a rəhbərlik edib və yeraltı radikal sol təşkilatın üzvləri tərəfindən öldürülüb.
"Qırmızı Briqadalar"ın fəaliyyəti çoxları üçün sirr olaraq qalır və hələ də hamı üçün onlar cəmi 30 il əvvəl siyasi səhnədə olublar. Mən 1932-ci ildə, nasistlərin hakimiyyətə gəlişindən 10 il sonra anadan olmuşam, amma Romaya yürüş zamanı kimin baş nazir olduğunu bilirdim. Ola bilsin, faşist məktəbində faşistlər tərəfindən devrilən bu nazirin ("Qorxaq Fakt") nə qədər axmaq və pis olduğunu izah etmək üçün mənə onun haqqında danışıblar. Olsun, amma mən bu haqda bilirdim. Amma gəl, məktəbi bir kənara buraxaq. İndiki gənclər iyirmi il əvvəlki kino aktrisalarını tanımır, amma mən doğulmamışdan 20 il əvvəl səssiz filmlərdə rol alan Françeska Bertininin kim olduğunu bilirdim. Bəlkə də evimizin şkafında yığılmış köhnə jurnalları vərəqlədiyim üçün idi. Sənə də köhnə jurnalları nəzərdən keçirməyi təklif edirəm, çünki bu, doğulmamışdan əvvəl baş verənləri anlamağa kömək edir.
Bəs uzaq keçmişdə baş verən hadisələri bilmək niyə bu qədər vacibdir? Çünki çox vaxt belə biliklər bugünkü hadisələrin gedişatını anlamağa və istənilən halda futbol komandalarının tərkibini bilmək kimi yaddaşımızı zənginləşdirməyə kömək edir.
Nəzərə al ki, yaddaşını təkcə kitab və jurnalların köməyi ilə deyil, həm də internetin köməyi ilə məşq edə bilərsən. Bu, təkcə dostlarınla söhbət etmək üçün deyil, həm də dünya tarixini öyrənmək üçün lazımdır. Xetlər və kamizarlar kimlərdir? Kolumbun üç gəmisinin adı nə idi? Dinozavrların nəsli nə vaxt yox olub? Nuhun gəmisində sükan var idimi? Buğanın əcdadının adı nə idi? Yüz il əvvəl pələnglər indikindən daha çox idimi? Mali İmperiyası haqqında nə bilirsən? Onun haqqında sənə kim danışıb? Tarixdə ikinci Papa kim olub? Mickey Mouse nə vaxt yaradılıb?
Sonsuz suallar verməyə davam edə bilərdim və onların hər biri əla tədqiqat mövzusu olardı. Bütün bunları xatırlamaq lazımdır. Gün gələcək, qocalacaqsan, amma hiss edəcəksən ki, sanki Vaterloo döyüşündə iştirak etmisən, Yuli Sezarın öldürülməsinin şahidi olmusan, Berthold Şvartsın müxtəlif adətləri qarışdırdığı yerə baş çəkmisən və s. və i.a. Yaddaşını zənginləşdirməyə can atmayan digər dostların isə monoton və böyük emosiyalardan uzaq bir həyat yaşayacaqlar.
Beləliklə, yaddaşını zənginləşdir və sabahdan "La Vispa Teresa"nı (İtaliyanın ən məşhur uşaq mahnılarından biri) əzbərlə.
Baban Umberto Eko.
Tərcümə: Ağaddin BABAYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!