"Yaxşı yazar kimi, yaxşı tənqidçi də hələm-hələm tapılmır..." - Çarlz Bukovskinin şeirləri

 

O, ABŞ dünya ədəbiyyatında "kirli realizm", hiperrealizm andeqraund (yeraltı) ədəbiyyatının əsas təmsilçilərindən sayılır.

16.08.1920-ci ildə Almaniyanın Andernax şəhərində anadan olub. 1923-cü ildə ailəsi ABŞ-a köçüb. 1939-41-ci illərdə Los-Anceles şəhər kollecində təhsil alıb. Ömrünün böyük qismi bu şəhərlə bağlı olub.

24 yaşında ikən ilk hekayəsi "Tarix" adlı bir jurnalda çap olunub. 1946-cı ildən etibarən əyyaşlığa qurşanıb və düz on il sərasər içib, qadınlarla əylənib, hətta özünün yazıçı olmaq fikrindən də daşınıb. Klinik ölümün astanasından təkrar həyata qaytarılan yazara həkimlər: "Bir də dilinə içki dəysə, öləcəksən" xəbərdarlığını ediblər. Amma o, yenə də içməyindən qalmayıb, amma həyat eşqinin də ən azı yarısını yaradıcılığa sərf etməyə başlayıb. Hətta bir dəfə iki həftə ərzində düz 600 (!) şeir yazıb.

Həyatı boyu ABŞ-ı gəzib-dolaşmaqla ayaqdan salıb, çörəkpulu çıxarmaq üçün cürbəcür işlərdə çalışıb. At yarışlarını, klassik musiqini, pivəni, boksu və bələd olduğu bir-iki qadını həyatda hər şeydən üstün bilib. Klassik ədəbiyyata ikrah hissiylə yanaşıb, daha çox F.Dostoyevskini, L.F.Selini, E.Heminqueyi, C.Selinceri, K.Hamsunu sevərək oxuyub. İlk şeir kitabı "Çiçək, yumruq və ulama səsi"nin (1959) adından da görünür ki, onun poetik dünyası cəmiyyət həyatı haqda sərt, ironik fikirlər üzərində qurulub. Yazar etiraf edirdi ki: "Adamların sırf nifrətini qazanmaqdan ötrü bu cür amansız (və fərqli) əsərlər yazıram və bu, onlarda mütləq qıcıq oyadır: "Axı bu Bukovski deyilən hərif hansı yuvanın quşudur belə?"

1960-cı illərin əvvəllərindən başlayaraq, Amerikada onu "andeqraund qəhrəmanı", 1966-cı il üçün isə "İlin autsayderi" elan edirlər. Çarlz Bukovskinin addımbaşı ələ saldığı ədəbi isteblişment də o vaxtdan etibarən onu, könülsüz də olsa, ciddi bir ədəbi fiqur saymağa başlayır. Onun poeziyasına fransızlardan - Jan-Pol Sartr və Jan Jene yüksək qiymət verir.

50 yaşında ikən Bukovski cəmi iyirmi günün içində özünün ilk romanı olan "Poçtamt"ı bitirir (1971). Bunun ardınca o, həyatını yalnız yazıb-yaratmağa həsr edir, ard-arda bir neçə roman ("Faktotum", "Qadınlar", "Vetçinalı çörək", "Hollivud") və yüzlərlə hekayə, şeir yaradır. Ömrü boyu Ç.Bukovski toplam 40 şeir kitabı çap etdirib. Sonuncu romanı - "Makulatura" ölümündən az əvvəl işıq üzü görüb.

09.03.1994-cü ildə San-Pedro şəhər klinikasında leykemiyadan vəfat edən yazar "Lucon Press" yayın evinin təsis etdiyi ədəbi mükafata layiq görülüb. Əsərləri dünyanın bir çox dillərinə çevrilib.    

                                      

Tənqidi məqalə

oxuyarkən...

 

"Bu fikirlərlə heç cür barışmaq olmaz", -

deyərək sən indi otağa göz gəzdirir

sanki baxışlarınla

o haqqında söz açılan tipi axtarırsan.

Ancaq o,

nə oradadır, nə də burada -

çünki qeybə qarışıb artıq.

 

başqaları kitabın barədə

            hökm çıxarmağa başladısa,

o artıq səninki sayılmaz,

çünki onda sən

öz yaradıcılığında bir sonrakı səhifəyə,

ya da növbəti kitaba köklənmiş olursan.

 

Ən betəri də odur ki,

adətən onlar

sənin köhnə kitablarını yanlış anlayırlar,

haqq etmədiyin cəhətlərə görə səni tərifləyir,

səthi yanaşmalarını isə guya dərinmiş kimi

qələmə verirlər.

 

Əslində insanlar  

sənin kitablarında özlərini axtarırlar,

özlərinə uyan məqamları istədikləri kimi yozur,

uymayanları isə

yerli-dibli görməməzliyə vururlar.

 

Yaxşı yazar kimi,

yaxşı tənqidçi də hələm-hələm tapılmır.

Ona görə də mən

barəmdəki müsbət və mənfi rəyləri

zərrəcə ciddiyə almıram.

Çünki hər dəfə yaradıcılığımda

            bir sonrakı səhifəyə,

ya da növbəti kitabıma köklənirəm.

 

 

Qadınlar və quşlar

 

O qadınlar gənc idilər,

bədənlərini satmaqla

güzəranlarını qazanırdılar.

Müştəriləri qəhətə çıxanda

bir neçəsi

mənim oteldəki nömrəmə gəlib

şərab içərdi,

pərişan zülfləri üzlərinə tökülərdi,

corabları isə ordan-burdan süzülmüş olurdu.

Nə isə danışdıqlarında

ağızlarından bol söyüş yağardı...

 

Bunlara rəğmən,

o gecələri

hələ hüzurlu

saymaq mümkün idi.

Əslində

bu qadınlar mənə

uzun illər öncə,

hələ körpə yaşlarımda

nənəmin saxladığı və

özlərinin həm dən,

            həm də su qablarına zıllayan

sarı bülbülləri

xatırladardılar.

 

O misilsiz

sarı bülbüllər də,

sadəcə, adamın baş-beynini aparardılar.

Halbuki  sırf

cəh-cəh vursunlar, - deyə

            qəfəsdə saxlanırdılar.

 

 

Xəstə

 

Ağır xəstəliyə yoluxmaq, tabdan düşmək -

əcəb qəribə şeymiş ha.

Belədə bütün gücün

            yataq otağından ayaqyoluna

və oradan geri dönməyə gedir..

Bəlkə siz bunu bir zarafat kimi anlayacaqsınız,

amma mən zarafat-zad eləmirəm.

 

Budur, təkrar yataqdayam,

təkrar ölüm barədə düşünür

və belə nəticəyə gəlirəm ki,

mənə hədsiz yaxınlaşdığı zaman o,

elə də ciddi təhlükə saçmır.

 

Divarları gözdən keçirməyə

            bir xeyli zamanım olur

və bayırda məftillərə qonan quşların cəh-cəhi

o ara daha böyük önəm qazanır.

Bir də baş qatmaq üçün televizorum var:

orada bir dəstə kişi

            Allahın ver günü beysbol oynayır.

 

İştaham qaçıb,

indi bütün yeməklər karton dadır

və həmin o "dad" məni daha betər xəstə eləyir.

Arvad isə elə hey dirəşir ki, nəsə ye, nəsə ye.

"Həkim deyib ki..."

Vay, zavallım mənim!

 

Hə, bir də pişiklərim var:

onlar yatağımın üstünə sıçramaqla

gözlərini bərəldib, məni süzür,

sonra təkrar

yerə hoppanırlar.

 

Sırf yeyib-içib, işləyib, sevişib,

sonra da ölməli olduğumuz belə dünyaya

mən indi nə deyim axı?!

 

Xoşbəxtlikdən, xəstəliyim yoluxucudur,

yanıma gəlib-gedənim, ziyarətçim də yoxdur.

 

Çəkim 155-dir,

217-dən buna... qədər düşüb.

 

Əsir düşərgəsi məhbusuna bənzəyirəm

və əslində

məhz elə birisiyəm.

 

Bütün bunlara baxmayaraq, bəxtim gətirib:

öz yalqızlığımdan həzz alır,

boz kütlədən ötrü

            heç darıxmayacağımı düşünürəm.

 

İndi o məşhur əsərləri

            oxumağa vaxtım, macalım var,

amma elə kitablar artıq vecimə də deyil.

 

Yatağımda oturub,

bütün bu aləmin yerindən oynayacağı,

ya o, ya da bu biri tərəfə gedəcəyi anı

intizar içində gözləyirəm.

Yəni bu baxımdan heç mən də

başqalarından zərrəcə fərqlənmirəm.

 

 

Yalqızlar məkanıdır

cəhənnəm

 

kişi 65 yaşındaydı,

arvadı 66,

həm də Alzheymer xəstəsiydi.

 

Kişinin ağız boşluğunu

xərçəng şişi bürümüşdü.

Şüa müalicəsi və

girdiyi əməliyyatlar ucbatından

çənə sümüyü ərimişdi deyə

çənəsini məftillə bərkitmişdilər yerinə.

 

Bir çağanın

altını dəyişdirirmiş kimi,

hər gün o,

yeniləyərdi

arvadının altındakı mələfəni.

 

Bu vəziyyətdə

maşın sürə bilməz

və xəstəxanaya

taksiylə gedərdi.

Danışmaqda çətinlik çəkdiyi üçün

gedəcəyi ünvanı

əvvəlcədən kağıza yazardı.

 

Son yoxlama zamanı

bir kərə daha

əməliyyata girəcəyini söylədilər ona.

Sol yanağıyla dilinin

qismən təmizlənməsinə ehtiyac duyulurmuş.

 

evə dönüb,

arvadının altını dəyişdirdi.

Dondurulmuş hazır qidalardan

qoydu sobanın üstünə.

Axşam xəbərlərinə

baxdıqdan sonra

yataq otağına yollandı.

Oradakı silahı arvadının gicgahına

söykəyib, tətiyə basdı.

 

Qadın sol böyrü üstə düşəndə

kişi divana çöküb,

tapançanın lüləsini

öz ağzına alıb, tətiyi çəkdi.

 

O atəş səslərini eşidən qonşularının

heç tükü də tərpənmədi.

 

Ancaq az sonra

sobada külə dönən yeməyin

yanıq qoxusuna reaksiyaları he-e-ç ləngimədi.

 

Birisi gəlib qapını çiyin vurmaqla açdı

və içəridə olub-bitənə şahid oldu.

 

Az sonra

polislər gəlib

durumu araşdırınca,

bəzi məqamlar ortaya çıxdı.

 

Ər-arvadın "xərclər dəftəri"nin arasında

vur-tut, bircə dollar on dörd sent qalıbmış.

 

Ölüm səbəbi şübhə doğurmurdu:

intihar.

 

Üç həftədən sonra

iki təzə kirayənişin

köçdü o mənzilə.

Bilgisayar mühəndisi Ross ilə

balet dərsləri alan

arvadı

Anatana.

Həm də gələcəkləri

daha parlaq bir cütlüyə bənzəyirdi

bunlar.

 

 

Sonuncu insan

 

Arvadım

məni başa düşmür.

maşın sürərkən,

qarşı tərəfdən gələn

birisiylə baxışdığımızda

başımı tərpədib ona salam verir

və ya əl yelləyirəm, -

ürəyim belə istəyir.

 

Arvadım mənə:

"əcəb qəribə adamsan ha!" - deyir.

 

Ya da supermarketdə kassirə

gülərək və əl-qol ölçərək,

nələrsə danışmağa başlayıram.

Bayıra çıxınca arvadım:

"danışdıqlarından

o kişi

bircə kəlmə də

anlamadı!" deyir.

 

Ya da arvadıma

bir lətifə danışıram,

sözümü bitirəndə

"nə düşükləyirsən belə?!"

soruşur məndən.

 

"bir lətifə idi bu".

"bu idi sənin lətifən?!

bunun lətifə olduğunu təsdiqləyəcək

bircə nəfər də tapammazsan dünyada!"

 

Sonra başını geri əyib

qəhqəhə çəkir, gülür mənə.

 

Poçtamt və ya kafe kimi

ictimai yerlərdə

insanlara ötəri əl və

baş hərəkətləriylə

bizə göstərilən xidmətin

ləng və ya yarıtmaz olduğunu,

ya dünyanın

nifrətlə dolub-daşdığını,

ya da bunlara bənzər

fikirlərimi mən him-cimlə

anlatmağa can atıram.

 

Arvadım xəbər alır:

"neyləyirsən axı elə?!"

"mumlasana!

səninlə heç hara çıxa bilmirəm ey artıq!"

 

Sizə "bir kişi xeylağını

ən yaxşı anlayan sonuncu insan

arvadıdır" desəm,

nəyi nəzərdə tutduğumu

başa düşərsiniz, heç şübhəsiz.

 

Sanki qadın qarşısındakı aynaya baxır,

ancaq ona necə yaxın,

yəni burnu şüşəyə

            toxunacaq qədər yaxın dayanıbsa,

bir şey görməsi,

sadəcə, imkansızdır.

 

Bax, bunu lətifə sanmayın, əsla!

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!