Yer planeti vardı.
Bir də Mars vardı.
Onlar bir-birindən çox uzaqda, göy üzünün ortasında, milyonlarla başqa planetin əhatəsində yerləşirdi. Yer planetində yaşayan insanlar həmişə Marsa və başqa qalaktikalardakı planetlərə getməyi arzulayırdı. Amma o planetlər o qədər uzaqda idi ki!
İnsanlar hərəkətə keçdi. Əvvəlcə, göy üzünə sputniklər buraxdılar. Sputniklər iki gün Yerin ətrafında fırlanıb geri qayıdırdı.
Sonra sputnikləri raketlər əvəzlədi, Yerin ətrafında bir neçə dövrə vuran raketlər geri qayıtmadı, Yerin cazibə qüvvəsindən çıxıb ulduzlararası sahələrə uçdular. Raketlərdə itlər uçurdu. Amma itlər danışa bilmədikləri üçün radioya, sadəcə, "Hav! Hav!" deyirdilər və insanlar itlərin orda nə gördüyünü, itlərin başına nə gəldiyini başa düşə bilmirdi.
Nəhayət, kosmonavt olmaq istəyən cəsarətlilər meydana çıxdı. Bu insanlar kosmosu - çoxlu planetlərlə, qalaktikalarla və başqa şeylərlə dolu olan hüdudsuz sahəni tədqiq etmək istədikləri üçün onları "kosmonavt" adlandırırdılar.
Göy üzünə uçan kosmonavtlar bilmirdilər geri qayıda biləcəklər, yoxsa yox. Onlar ulduzları yaxından görməyi arzulayırdılar, bir də istəyirdilər ki, insanlar haçansa, bir planetdən o birinə səyahət etməyə başlasınlar, çünki Yer planeti çox sıxlıqdır və əhalisi dayanmadan artır.
Günlərin bir günü Yerin üç müxtəlif yerindən üç raket göy üzünə uçdu.
Raketlərdən birində amerikan uçurdu və fitlə şən caz havası çalırdı.
İkinci raketdə uçan rus idi və bas səsiylə ana Volqa haqqında oxuyurdu.
Üçüncü raketdəki çinli isə gözəl mahnı oxuyurdu, amma o birilərin fikrincə, bu mahnı çox naşıcasına yazılmışdı.
Hər biri Marsa o birilərdən tez çatıb daha bacarıqlı olduğunu göstərmək istəyirdi.
Düzünə qalsa, amerikanın rusdan xoşu gəlmirdi, rusun da amerikandan. Çinli isə onların heç birinə inanmırdı.
Ona görə ki, amerikan salamlaşanda deyirdi: "How do you do?"
Rus deyirdi: "Zdravstvuyte".
Çinli isə: "Nimen hao".
Onlar bir-birini başa düşmədikləri üçün ortaq heç nələrinin olmadığını fikirləşirdilər. Amma onlar üçü də bacarıqlı olduğu üçün Marsa, demək olar ki, eyni vaxtda çatdılar. Marsa çatan kimi skafandrlarında kosmik raketlərindən çıxdılar.
...və qabaqlarında qeyri-adi mənzərə açıldı: içi zümrüd rəngli su ilə dolu uzun kanallar, mavi rəngli qəribə ağaclar və ağac budaqlarına qonmuş rəngbərəng lələkli quşlar. Horizontda isə ilğımlanan qırmızı dağlar görünürdü.
Kosmonavtlar bir ətrafa baxdılar, bir də bir-birinə. Sonra hərəsi bir tərəfə getməyə başladı, çünki heç biri o birilərə etibar etmirdi.
Sonra gecə düşdü. Ətrafa ölü sükutu çökdü, bircə uzaqdakı Yer planeti ulduz kimi parıldayırdı.
Kosmonavtlar özlərini qaranlıqda azmış və bədbəxt hiss etdilər. Amerikan anasını xatırladı. O dedi: "Mommy..."
Rus dedi: "Mamoçka..."
Çinli isə dedi: "Mama". (Ana)
Üçü də eyni sözü dediklərini, eyni şeyi hiss etdiklərini başa düşdü. Gülümsəyib bir yerə yığışdılar, bir yerdə ocaq qalayıb öz ölkələrinin mahnılarından oxumağa başladılar. Bu onlara cəsarət verdi. Gecə boyu bir-birini başa düşməyi öyrəndilər.
Nəhayət, səhər açıldı - çox soyuq səhər. Qəflətən ağacların arasından marslı çıxdı. O, çox iyrənc görünürdü! Yaşıl rəngdə idi, qulaqlarının yerinə antenaları vardı, üstəlik, xortumlu idi, əlləri də altı dənə idi.
Marslı kosmonavtlara baxıb dedi: "Xr-r-r!"
Bu, marslının dilində: "Anacan, bunlar nə dəhşətli varlıqlardır?" - demək idi.
Amma kosmonavtlar onun nə dediyini başa düşmədikləri üçün onun dava etmək niyyətində olduğunu fikirləşdilər.
Marslı onlardan o qədər fərqlənirdi ki, kosmonavtlar onu nə başa düşə bilərdi, nə də onu sevə bilərdilər. Bir andaca üçü də marslıya qarşı birləşdi. Marslı üçün onların heç bir fərqi yox idi. Nə olsun ayrı-ayrı dillərdə danışırlar? Əsas odur ki, üçü də insandır. Amma o yox. O, çox qorxunc idi, kosmonavtlar fikirləşdilər ki, qorxuncdursa, demək, təhlükəlidir. Onu atom silahı ilə məhv etmək qərarına gəldilər.
Bu vaxt gözlənilmədən marslı bir quş sübh şaxtasına dözməyib yuvasından yerə düşdü və soyuqdan titrəməyə başladı. Eynən Yer quşları kimi çarəsizlik içində çırpınırdı. O, çox ağrı çəkirdi. Amerikan, rus və çinli ona baxa-baxa göz yaşlarını saxlaya bilmirdilər.
Bu vaxt görün, nə baş verdi: marslı quşa yaxınlaşdı, ona baxdı və xortumundan tüstü buraxdı. Kosmonavtlar onun ağladığını başa düşdülər. Marslılar belə ağlayırmış.
Sonra marslı quşu götürüb isitmək üçün altı ovcunda sıxdı. Çinli yoldaşlarına tərəf dönüb dedi:
- Başa düşdünüz? Biz elə bilirdik ki, bu bədheybət bizim kimi deyil, amma o da heyvanları sevirmiş. Onun ürəyi var, deməli, beyni də var! Siz hələ də onu məhv etmək istəyirsiniz?
Nəsə demək yersiz idi. Kosmonavtlar dərs aldılar: əgər iki canlı bir-birindən fərqlənirsə, bu o demək deyil ki, onlar düşmən olmalıdır. Buna görə də onlar marslıya yaxınlaşıb ona əl uzatdılar. Marslının altı əli olduğu üçün üçüylə də eyni vaxtda əl tutdu, qalan əlləri ilə isə sevincli jestlər etdi.
Sonra barmağıyla Yer planetini göstərib kosmonavtları başa saldı ki, o da Yerə gedib oranın sakinləri ilə tanış olmaq və bütün planetlərin sakinləri dostluq və sevgi içində yaşasın deyə kosmik respublika qurmaq haqqında insanlarla müzakirələr aparmaq istəyir.
Kosmonavtlar bunu eşidəndə çox sevindilər. Və bu hadisəni qeyd etmək üçün marslıya bir şüşə Yer suyu təklif etdilər. Marslı suyu minnətdarlıqla qəbul edib, xortumunu şüşəyə soxub bir neçə qurtum içdi, sonra dedi ki, bu içki bir az başgicəllənməsi versə də, onun xoşuna gəldi. Amma kosmonavtlar artıq heç nəyə təəccüblənmirdilər. Onlar başa düşmüşdülər ki, planetlərdə dadlar fərqlidir və bunu, sadəcə, olduğu kimi qəbul etmək lazımdır.
Tərcümə: Həmid Piriyev
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!