"Yazmaq məni uzun səyahətə çıxardı..." - Hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol

 

XXI yüzilliyin ilk ədəbiyyat üzrə Nobel mükafatı laureatı, hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol 17 avqust 1932-ci ildə Trinidad və Tobaqoda doğulub. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən olub. Kapildeo nəsli Karib hövzəsinə Hindistanın cənubundan köçübmüş. Vidiadxarın atası Seeperesad Naypol (1906-1953) "Trinidad Guardian" qəzetinin müxbiri olub. Onun "Qurudevanın macəraları" romanı ölümündən çox sonra, 1976-cı ildə Londonda nəşr edilib. Vidiadxarın kiçik qardaşı Şiva Naypol (1945-1985) da Britaniya yazıçısı və jurnalist kimi yaxşı tanınır.

1950-ci ildə İngiltərənin xeyriyyə fondlarından aldığı təqaüd hesabına Oksford Universitetinə daxil olan Vidiadxar Naypol ciddi maddi sıxıntılarla üzləşib və iş tapmaq cəhdləri heç bir nəticə verməyəndə, hətta həyatına qəsd etmək fikrinə də düşüb. Elə o vaxtlar başladığı yazı-pozu fəaliyyəti tezliklə onu ağır maddi və mənəvi böhrandan çıxarıb.

Yazar "Sirli masajçı" ("The Mystic Masseur") (1957), "Əldəqayırma" ("The Mimic Men") (1967), "Partizanlar" ("Guerrillas") (1975) romanları ilə tələbkar ingilis oxucusunun nəzərində özünü fərqli dəsti-xətti və dünyagörüşü olan yazıçı kimi tanıda bilib.

Vidiadxar Naypol Buker mükafatı alan ilk Britaniya hindistanlısıdır. Yazıçı həmin mükafata 1971-ci ildə "Azad ölkədə" romanına görə layiq görülüb. Lakin Naypolun kitabları çoxlu mükafatlara layiq görülsə də, heç vaxt kütləvilik qazana bilməyib və yüksək zövqlü, tələbkar Britaniya oxucusunun nəzərində bestsellerə çevrilə bilməyib.

Kitabları qədər şəxsi fikirləri də müzakirələrə səbəb olan yazar həmişə tənqid hədəfi olub. İngilis kraliçası Elizavetanın 1990-cı ildə Böyük Britaniya imperiyasının cəngavəri titulu verdiyi Naypol mənşəcə indus olsa da, "üçüncü dünya" ölkələrinə, xüsusən də, islam dünyasına münasibətdə özünü ən qatı Britaniya imperialistlərindən də hikkəli aparması ilə fərqlənib. Vaxtilə Naypolun ərəb dünyası haqqında neqativ fikirləri Fələstin əsilli görkəmli şərqşünas Edvard Səidin kəskin etirazlarına səbəb olub. Hələ 1981-ci ildə "Möminlər arasında" "Among the Believers: An İslamic Journey" (1981) adlı kitabında Məhəmməd təliminin qatı əleyhdarlarından biri kimi çıxış edən Vidiadxar Naypolun bir sıra məqalə və esseləri Hindistan müsəlmanlarına və ümumiyyətlə islama qarşı çevrilib. Yazarın ikinci xanımı Nadirə Ələvi-Naypol islama etiqad edən Pakistan jurnalisti olsa da, Vadiadxar Hindistanla yanaşı, Pakistan əleyhinə də bir sıra sərt və ədalətsiz fikirlər söyləyib. Fanatik indusların 1992-ci ildə 350 illik tarixi olan qədim islam mədəniyyəti abidəsini - Bəbri məscidini yerlə-yeksan etməsini Naypol Hindistanda yaradıcı enerjinin üzə çıxması faktı kimi qiymətləndirib.

2001-ci ilin 11 sentyabrından az sonra Vidiadxar Naypola Nobel mükafatı verilməsini İsveç Akademiyasının ABŞ-yə məhəbbət izharı və müsəlman dünyasına aşağılayıcı mesajı kimi dəyərləndirənlər də tapılıb. Naypol mükafatı "adətən müzakirəsi məqbul sayılmayan faktlar üzərində düşünməyə vadar edən güzəştsiz düzlüyünə görə" alıb. Bəzi tənqidçilərin fikrincə, Naypol Nobel mükafatına hələ 80-ci illərdə layiq görülməli idi. Çünki o, elə həmin illərdə artıq ədəbiyyatda öz sözünü demiş yazar hesab olunurdu. Təsadüfi deyil ki, İosif Brodski 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını alanda çıxışında belə deyib: "Gərək bu il mükafatı Naypola verəydilər".

Təxminən, 36 roman müəllifi olan Vidiadxar Naypol son dərəcə qapalı həyat keçirib. Ömür boyu özünün heç bir ictimai, yaxud siyasi cəmiyyətlə bağlı olmadığını, fikirlərinin hamısının yalnız şəxsi xarakter daşıdığını iddia edib.

Yazar 11 avqust 2018-ci ildə Londonda vəfat edib.

Vidiadxar Suracprasad Naypolun yazarlıq karyerası haqqında xatirələrini təqdim edirik.

1971-ci ildə "Azad dövlətdə" ("İn a Free State" (1971)) romanım ilə Buker mükafatını aldım. Buker mükafatı Böyük Britaniyada nəşr olunan orijinal əsərə verilir. "Orijinal" sözü, nəhayətdə bir sözdür. Mənim yazı yazmaqda məqsədim həmişə kəşf etmək və yenidən kəşf etmək olub; dünyanı görmək və onu əks etdirəcək sözləri bir yerə toplamaq. Yazmaq aktında yalnız yenilikdən söz edilə bilər.

Heç vaxt bu işin asan olduğunu iddia etməmişəm. Bütün həyatım boyu görmə üsullarını axtarmışam və bir yerə yığdığım sözlərin, eynən içindən bayıra baxa biləcəyim təmiz pəncərələr kimi; ehtiyatla istifadə edilməli alətlər olduğunu düşünmüşəm. 

Yazmaq mənim üçün uzun müddət əvvəl, təvazökar şəkildə başlayıb. Əvvəlcə, nənəmin Trinidaddakı evində böyümüşəm. Atam qısa hekayələr də yazan jurnalist idi. Oxumağım üçün mənə Markus Aurelius və Dikkens kimi bəyəndiyi müəlliflərin əsərlərini verirdi. Təqaüd alıb İngiltərəyə, Oksforda gələndə məndə artıq yazmaq həvəsi yaranmışdı, amma yazaraq dünyaya nə töhfə verə biləcəyimi hələ müəyyənləşdirməmişdim.

Bəzən xəyalımın heç vaxt gerçəkləşməyəcəyini düşünürdüm. Hekayələrimin birində bir yazarın öz materialını özü-özünə tapacağını yazsam da, mənim vəziyyətimdə, BBC-nin Dünya Bürosunda işləyib məni həyatda saxlayan həftəlik səkkiz qvineya qazanarkən materialım sanki sehrlə məni tapdı. Trinidaddakı məhəlləmin personajları haqqında yazdım və yazdıqca yazı tərzim öz-özünə aydınlanmağa başladı.

Mənə heç vaxt özümü evimdəymişəm kimi hiss etdirməyən Londondan Viltşirə köçərkən başqa kitablar da yarandı. Ancaq heç bir yer, heç bir coğrafi məkan ev deyildi. Dağılmışlıq və tərk edilmişlik, yadlaşma hissi özümlə bağlı, sanki mənə yapışıqmış kimi hiss etdiyim şeylər idi; Edvard dövründən xatirələrlə dolu, bu günlə o qədər də əlaqəsi olmayan, yarı baxımsız bir mülkün kiçik daxmasında məskunlaşmış, başqa bir yarımkürədən və başqa bir keçmişdən olan bir adam.

Ədəbiyyat dünyanı görməyinizə kömək etsə də, o haqda yazmağınıza kömək etmir. Bunu gözlər, qulaqlar və ağıl edir; şəxsə məxsus dünyagörüşü də əsəri yaradır. Viltşirdə yad idim və bu qəribliyi hiss edirdim, amma düzgün ifadələri, düzgün sözləri tapma cəhdi əsnasında da xüsusi bir keçmiş kəşf etdim və özümü, həqiqəti icad etməkdə olduğuma inandırdım.

"Gəlişin müəmması" ("The Enigma of Arrival") (1987) əsərimdə bunu qeyd etmişdim: "İstəklərin ən nəcibi - yazar olmaq istəyi, həyatımı formalaşdıran arzu - əslində ən məhdudlaşdırıcı, ən məkrli və müəyyən mənada ən korlayıcı istəkdi". Bu nəcib istək mənim doğulduğum müstəmləkə mühitində, lənətlənmiş arzu kimi görünürdü. Olmaq istədiyin kimi olmaq və ya olduğun kimlikdən imtina etmək; yazar olmaq üçün bu ambisiyanı qidalandıran bir çox ilkin fikirlərdən xilas olmalı idin.

Bir müstəmləkə vətəndaşı və bir yazar olaraq keçmiş mənim üçün utanc və təhqirlə doluydu. Amma bir yazar kimi özümü bunlarla üzləşəcək şəkildə hazırlaya bilirdim. Nəhayət, onlar mənim istifadə etdiyim mövzulara çevrildilər.

Yazmaq məni uzun səyahətə çıxardı,

ya da bəlkə uzun və çətin yolun elə özü idi. Amma mən onu başqa heç nəyə dəyişməzdim. Mən hekayələr yaratmağa və gördüklərimi yazmağa, bir neçə qitədən və bir neçə fərqli, amma bir-biri ilə əlaqəli keçmişdən ibarət bu dünyada nə və kim olduğumuzu anlamağa çalışdım.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!