Xulio KORTASAR (1914-1984)
Nasir, şair, esseçi və tərcüməçidir. İlk hekayəsi X.L.Borxesin təqdimatı ilə çap olunan və onu özünün müəllimi sayan Kortasar ispandilli ədəbiyyatda magik realizmin ən başlıca təmsilçilərindən biri sayılır. Məişət fantastikası tərzində yazdığı çoxsaylı hekayələrlə yanaşı o, "Xana-xana oyunu" və "62. Yığım üçün model" adlı iki antiromanın da müəllifidir. Məhz bu romanları sayəsində "Yeni Latın Amerikası romanı"nın yaradıcılarından biri ünvanını qazanıbdır.
Əzizim Andre, sizin Suipaça küçəsindəki mənzilinizdə məskunlaşmaqdan mən özüm imtina elədim.
Bunun səbəbi heç o bala dovşanlar da deyildi: daha çox havada uçuşan ən kiçik zərrəciklərə qədər hər şeyin nəyəsə hesablandığı o həssas tarazlığa - lavandaların ahəngdar ətri, pudra qabı üzərindəki və hər an tüklü qanadlarını çırpmağa hazır pərqu topası, Ravelin (fransız bəstəkarı Moris Ravel (1875-1937) - A.Y.) bəstələdiyi kvartetdə skripka ilə violonçelin ifaları arasındakı növbələşmə də daxil olmaqla, o mühitə - uyğunlaşmaq mənə hədsiz çətin görünmüşdü. Gözəllik qanunlarına uymağı öz həyatının əsas məğzinə çevirən, özünə aid hər əşyanı ruhunun diktəsiylə bəlli yerə qoyan birisinin mənzilində məskunlaşmaq mənə ağır gəlirdi: mənzildəki (bu tərəfdə ispanca, digər tərəfdə isə fransızca və ingiliscə olmaq üzrə) kitablar rəflərə düzülüb, burada iri yaşıl yastıqlar, jurnal masasının daima məhz o nöqtəsində duran və ortadan iki yerə bölünmüş sabun köpüyünü xatırladan büllur külqabı, havada dolaşan gözəl bir ətir, alışılmış bir səs, necə böyüdükləri adi gözlə də görünən ev bitkiləri, mərhum dostun fotosu, məcməyisiz və qənd maşalarının mütləq iştirakıyla keçən çay dəm-dəstgahı...
Əzizim Andre, bir xanımın öz nazənin mənzilində yaratdığı o həssas səliqə-sahmanla baş-başa qalmaq, həm də bütün varlığınla rəğbət duysan belə, ona qeyd-şərtsiz boyun əymək heç təsəvvürünə də gətirməzsən ki, necə çətindir. Belə şəraitdə, sırf əlinin altında olsunlar deyə, özünlə gətirdiyin ingiliscə sözlükləri qoymaqdan ötrü kiçik, metal məcməyini masanın bu ucundan götürüb, digər ucuna yerləşdirmək də əsl cinayət əməli kimi dəyərləndirilə bilər. Həmin məcməyini yerindən tərpətmək Ozanfanın (Amede Ozanfan (1886-1966) kubizm və abstraksionizm cərəyanlarını təmsil edən fransız rəssamıdır - A.Y.) hansısa tablosundakı rənglər arasında qəflətən al qırmızı çalar görməyə, Motsartın nə bilim neçənci simfoniyasının ən bəm məqamında kontrabasların bütün simlərinin gözəgörünməz bir zərbədən qırılmasına bərabərdir. Məcməyini yerindən tərpətməyə qıyan yad bir insan o mənzildəki bütün bağlantıların bir əşya ilə digəri arasındakı, hər əşyanın isə bu mənzildən uzaqlarda olan ev sahibəsinin ruhu arasındakı bağlantıların ahənginə müdaxilə eləmiş sayılar. Yetər ki, burada bir kitaba toxunum, barmağımla masa lampasının işığını fərqli səmtə yönəldim və ya o musiqi mücrüsünün qapağını qaldırım - onda mənə elə gələcək ki, hansısa ülviyyətə cüzi bir ləkə saldım, ona meydan oxudum və bu yaşantı ilə bağlı ötəri hisslər bir sərçə kimi gözlərim önündən pırıldayıb-keçəcək.
Sizin mənzilinizdə, gündüz günəşinin gen-bol oxşadığı o rahat qonaq otağınızda niyə məskunlaşdığım artıq sizə də bəllidir. Bir işin gerçək səbəblərini bilmədiyimiz vaxtlardakı kimi, onda da adama hər şey təbii görünürdü. Siz Parisə getdiyiniz üçün Suipaça küçəsindəki mənzilinizdə indilik mən məskunlaşmışam, sentyabr ayına, yəni sən Buenos-Ayresə qayıdana qədərki dövr üçün biz səninlə birgə sadə, amma hər ikimizə faydalı sayılacaq bir plan qurmuşuq: sən geri dönəndə mən ya başqa bir yer tapacaq, ya da elə buradaca qalacağam... Ancaq bu məktubu indi sizə ona görə yazmıram: bu mətni yazma səbəbim - bala dovşanlardır, düşündüm ki, siz də bundan xəbərdar olmalısınız, bundan əlavə, mən məktub yazmağı sevirəm, bəlkə də, yazma səbəbim - indi bayırda yağışın yağmasıdır.
Ötən cümə axşamı saat beşdə mənzilinizə köçdüyüm zaman yorğunluq və qüssədən lap bihal idim. Həyatım boyu öz şələ-küləmi mən dəfələrlə çamadanlara yığmalı olmuşam, məni heç bir yana çıxarmayan o səbəblərdən ötrü, hə, saatlarca çamadanlarımı yığmışam, bu səbəbdən həmin cümə axşamı da xatirimdə kölgələr və qayışlarla keçən bir gün kimi ilişib-qalıb: axı çamadan qayışlarını süzərkən gözümə bəzi kölgələr görünür və həmin kölgələr bu qayışların köməyi ilə məni üstüörtülü şəkildə həm əldən düşənə qədər, həm də amansızlıqla döyürlər. Bütün bunlara rəğmən, o gün də mən çamadanlarımı yığdım, sizin evə köçəcəyimi isə xidmətçinizə xəbər verdim. Liftlə qalxanda, ikinci ilə üçüncü mərtəbələr arasında ikən, elə sandım ki, indicə bir dovşan balası qusacağam. İndiyədək bu özəlliyim barədə sənə heç söz açmamışdım, ancaq bunun səbəbi səmimiyyətdən uzaq olmam da deyil: axı insanın vaxtaşırı diri dovşan balası qusmağa meylli olduğu barədə yeri düşdü-düşmədi söz salması heç də uyğun hərəkət sayılmaz, elə deyilmi? Mən də bu cəhətimi hamıdan gizlətməyi, bu barədə susmağı həmişə bacarmışam: onsuz da insan övladı öz bədəninə xas məhrəm cəhətləri başqalarından bir sirr kimi qorumağa, bunları tək özünə etiraf eləməyə məcburdur. Əzizim Andre, indi siz də durub, bunu başıma qaxmayın. Hə, arabir mən dovşan balası qusuram. Sırf bu səbəbdən kiminsə evində yaşamaqdan imtina eləmək, vicdan əzabı çəkmək, özünü inzivaya və susqunluğa da məhkum eləmək olmaz axı.
Dovşan qusacağımı hiss elədiyim anlarda mən qoşa barmağımı, maşa kimi, aralı vəziyyətdə tutmaqla, ağzıma salıb, gözləyirəm: o istiqanlı tük yumağı, boğazımın içiylə, eynilə qazlı sudakı qabarcıqlar sayağı, sürətlə ta yuxarılara qalxana qədər bunu edirəm. Hər şey xeyli təmiz və cəld baş verir, göz açıb-yumana qədər bitir.
Ağzımdan çıxaranda isə görürəm ki, o öyüdüyüm şey - bəmbəyaz bir dovşanmış. Zahirən dovşancıq məmnun görünür, bildiyimiz, barmaqlarımızla qulaqlarından yapışdığımız o adi dovşanlardan biri olur, sadəcə hədsiz xırdahal - o şokoladdan hazırlanan fiqurlar boyda, amma ağappaq xəzli bu heyvan həqiqi dovşandan zərrəcə fərqlənmir. Onu ovcuma oturdub, iki barmağımla oxşayır, xəzini hamarlayıram, o isə dünyaya gəlməsindən razı halda qımıldanır, ağzını ovcuma sürtür və digər həmnövləri kimi, ağzıyla ovcumun içini qıdıqlamağa başlayır. Yemək axtarır, əlbət, belə olunca (indi mən şəhər kənarında ev tutduğum vaxt baş verən bir əhvalatdan bəhs edirəm) onu balkona çıxarır, yaşana biləcək hər şeyi artıq gözə alaraq, dovşanı iri dibçəkdə xüsusi yetişdirdiyim yoncaların arasına buraxıram. Qulaqlarını dimdik tutan dovşan bir an sonra ağzıyla yaşıl yoncaları tapır və mən anlayıram ki, artıq onu burada qoyub, öz normal həyatıma davam eləyə bilərəm, çünki öz dovşanlarını fermalardan alan insanlar da öz ömürlərini eynilə beləcə sürürlər.
Bəli, indi, yəni ikinci və üçüncü mərtəbələr arasında ikən mən, əzizim Andre, sənin mənzilində keçirəcəyim günlərin xoşagəlməz müjdəsi kimi, tezliklə bir dovşan qusacağımın fərqinə vardım. Həmin dəm hələ ani qorxuya da qapıldım (bəlkə, heyrət idi bu? Yox, hər halda qorxu idi və o, çox yəqin öz heyrətimdən irəli gəlirdi), çünki bu mənzilə köçməzdən ikicə gün əvvəl dovşancıq qusduğuma görə sonrakı bir ay, beş həftə, hətta bəxt üzümə gülərsə, altı həftə rahat yaşayacağımdan mən əmin idim. Gördüyümüz kimi, bu dovşancıq problemim ən münasib şəkildə öz həllini tapmışdı. Orada, yəni əvvəlki mənzilimin balkonundakı dibçəkdə, mən yonca əkmişdim və odur ki, qusduğum dovşancığazı əlüstü yoncanın içinə buraxırdım, aradan düz bir ay, (həm də dəqiqəsi-dəqiqəsinə!) ötəndən sonra, mən növbəti dovşancığın zühur edəcəyi ərəfədə əvvəlki və artıq canından bezən heyvancığazı sinyora de Molinaya hədiyyə edirdim: bu qadın isə əmin idi ki, dovşanlarla baş qatmaq mənim özəl məşğuliyyətimdir, odur ki, heç nə demir, heç nə soruşmurdu. O ara qonşu dibçəkdəki tər yoncalar sürətlə boy atmağa başlayırdı, mən isə arsız-qayğısız bir halda növbəti xəz yumağının boğazımı qıdıqlayacağı, özündən əvvəlki heyvancığazın həyatı və vərdişləriylə yaşamağa başlayacağı o anı gözləyirdim. Andre, bu "vərdiş" adlandırdığımız şey - əslində oturuşmuşluğun konkret bir təzahürüdür və məhz bu təzahürlər silsiləsi bizim həyatımıza təkan verir. Əgər sən vaxtaşırı dovşancıqlar qusursansa, üstəlik, öz həyatının bu dəyişməz axarıyla birdəfəlik barışmısansa, bu işin çəmini - yöndəmini tapmısansa, onda... qorxulası heç nə yoxdur. Yəqin indi siz bilmək istəyirsiniz ki, bütün bu çabalamalar, bu yonca və bu sinyora de Molina mənim nəyimə gərəkmiş?! Bəyəm o dovşancığazı elə doğulan kimi öldürmək daha məntiqli olmazdımı və...
Ah, kaş sizə də bircə kərə dovşancıq qusmaq nəsib olaydı, onu bir cüt barmağınızla çıxarıb, ovcunuzun tən ortasına qoyaydınız, özünün dünyaya gəlişini sizə borclu olan, aranızdakı o qırılan bağın yol açdığı izaholunmaz sarsıntını şəxsən hiss edəydiniz!
Amma sonrakı bir ay ərzində bu məxluqun sərbəst həyat sürməsi onu əlüstü sizdən uzaqlaşdıracaq: bir ay ərzində ora-bura hoppanan bu xırda varlığın həm tükləri uzanacaq, həm bədəni ətə-qana gələcək, həm də baxışları sərtləşəcək, yəni əvvəlkindən tamamilə fərqlənəcək o. Hə, Andre, bir aylıq həyatı ərzində o dovşancıq dönüb olacaq əsl dovşan, halbuki ilk dəfə üz-üzə qaldığınız zaman siz bu xəz yumağını şirin canınızdan ayrılan bir parça kimi görmüşdünüz... İdumeya (bir başqa adıyla Edom - ön Asiyada, Ölü dənizlə Akaba körfəzi arasında yerləşən qədim bir ölkə imiş - A.Y.) gecəsinin sizə indicə diktə elədiyi şeir kimi bir şeydir o və sənə öz canın qədər əzizdir... ancaq sonradan sənə o dərəcədə yadlaşacaq ki, özünün məktub kağızı boydakı bəmbəyaz və səthi dünyasında tamamilə ayrıca, yad bir məxluqa çevriləcək.
Bütün bunları diqqətə alaraq, mən dovşancığazı elə doğulduğu andaca öldürmək qərarına gəldim. Çünki mənzilinizdə dörd aylığa məskunlaşacaqdım (hər şey yolunda gedərsə - dörd ay) və məsələni çürütmək üçün hər ay bircə qaşıq olmaqla, üç qaşıq alkoqol da yetərli sayılacaqdı (Dovşanı mərhəmətlə öldürməkdən ötrü ona bir çay qaşığı alkoqol verməyin yetərli olduğunu yəqin bilməmiş olmazsınız. Deyilənlərə görə, bu sayədə onun əti xeyli dadlı olur, hərçənd mən... Cəmi üç, ya da dörd çay qaşığı alkoqol içirdikdən sonra o məxluqu ya unitaza, ya da zibil yeşiyinə ata biləcəkdim).
Liftin kabinəsi dördüncü mərtəbənin səviyyəsinə qalxdığı zaman dovşancıq artıq açıq ovcumda qımıldanırdı. Çamadanları daşımağa yardım etməkdən ötrü Sara məni qapıda gözləyirdi. İndi gərək ona nə cürsə izah eləyəydim ki, bəs yolüstü zoomağazaya baş çəkmişəm və... Ona görə də dovşancığı cib dəsmalıma büküb, paltomun cibinə dürtdüm və heyvancığaz əzilər deyə, paltomun yaxasını da açdım. O ara dovşancıq bir qədər çapaladı. Yəqin kiçicik şüuru o anlarda ona vacib bilgilər aşılayaraq deyirdi ki, bu həyat adlanan şey - əvvəlcə yuxarı qalxmaq, sonra isə dayanmaqdır, həm də bu, isti bir quyunun dibində oturan biri üçün göy üzünü bürüyən bəmbəyaz buluddur, səmanın ətrafa lavanda ətri yaymasıdır.
Sara heç nəyin fərqinə varmadı, hər halda beyni aşağıdakı problem ilə girinc idi: özünün səliqə-sahman anlayışına uyğun olaraq, mənim o geyimlə dolu çamadanımı, kağız-kuğuzlarımı necə ortaq məxrəcə gətirəcəyini düşünürdü. Qadının ölçülü-biçili izahlarını dinləyərkən üzümdən yəqin zəhm yağırdı və mən onun sözünü vaxtaşırı "məsələn" deməklə bölürdüm. Bir an əvvəl tualetə girməyə çalışırdım ki, orada dovşancığı təcili qaydada boğum. Cib dəsmalımın altından xəfif bir istilik yayılırdı, budəfəki dovşancıq bəmbəyaz olmaqla yanaşı, mənim indiyədək gördüklərimdən daha şirin-şəkər bir məxluq idi. O, məni görmürdü, sadəcə çapalaya bildiyi üçün də öz həyatından razı idi və bu məqam ona dikiləcək istənilən baxışdan qat-qat dəhşətli idi. Mən onu içiboş əcza qutusuna qapayıb, otağa döndüm ki, çamadanlardakı əşyaları çıxarıb, şkaflara yerləşdirim. O ara sonuncu təmaslarla bağlı yaşantılar qəlbimdən silinib-getsin deyə, dərd yox, günah yox, əllərimi sabunlamaq ehtiyacı yox, içimdə məhz bir çaşqınlıq hiss edirdim.
Artıq bilirdim ki, dovşanın canına qıya bilməyəcəyəm. Ancaq elə o gecə mən qapqara bir dovşancıq qusdum. İki gün sonra isə - daha bir bəyaz dovşan balası. Dördüncü gün qusduğum dovşancıq isə bozumtul idi.
Mənim öz alt paltarlarımı rəflərinə yığacağım anı intizarla gözləyən, geniş qapıları laybalay açılan, yataq otağınızdakı o iri və gözoxşayan şkafı yəqin siz də sevirsiniz. İndi mən dovşancıqlarımı orada saxlayıram. Hə, şkafda. Ağlasığmazdır, deyilmi? Şəxsən Sara buna heç cür inanmaz. Çünki Sara belə bir şeyin mümkünlüyünə heç şübhə də bəsləmir və bu şübhə üçün əsasların yoxluq səbəbi - mənim bundan ötrü hər cür dəridən-qabıqdan çıxmamdır, öz gecə və gündüzlərimə əsl haram qatmamdır, mümkün şübhələri tək ləhzədə süpürüb-atmamdır. Ötən müddətdə isə mən özüm sizin vannanın kənarına qoyduğunuz dəniz daşı qədər sərt və sarsılmaz birisinə çevrilmişəm: hər dəfə vannadakı suya qərq olanda həmin daşı süzürəm, bədənimdə dəniz duzuyla təmas hissi yaranır, sonra isə günəşin yaxıcı şüalarını və suyun dibindən gələn ləngəri sezirəm mən.
Gündüz vaxtı dovşancıqlar yatışırlar. On dənədirlər. Gündüzlər uyuyurlar. Şkafın bağlı qapısı sayəsində gündüz də dovşanlara gecə kimi gəlir, onlar bunu belə qəbul edib, üzüyola halda gecə yuxusuna dalırlar. İşə yollananda yataq otağının açarını özümlə götürürəm. Çox yəqin, Sara əmindir ki, onun əl-ayağının dürüstlüyünə inanıram, elə buna görə də mənə dikilən baxışlarından şübhə ifadəsi oxunur, onun hər səhər bununla bağlı mənə nələrsə deməyə hazırlaşdığına şahid oluram, ancaq yenə də qadın bu barədə susub, heç nə demir: mənə də elə bu lazımdır da. (Saat doqquzla on arasında Sara yataq otağına əl gəzdirəndə mən qonaq otağında Benni Karterin plastinkasını, həm də səsi axıra qədər açmaqla, oxuduram, çünki bu qadının da saeta (Qeyd: bu termin iki fərqli mənada işlənməkdədir: 1. İspaniyanın Əndəlüs vilayətində geniş yayılan ayin nəğməsi. 2. Dörd-beş misralıq mənzum əsər - A.Y.) və pasodobl (korridanı (öküz döyüşünü) yamsılayan və iki nəfər tərəfindən ifa olunan ispan xalq rəqsi - A.Y.) pərəstişkarı olduğuna bələdəm. Əslində isə bu yolla onun qulağına şkafdan hansısa xışıltının dəyməsini önləyirəm, həm də əminəm ki, dovşancığazlar həmin saatlarda səs-səmirlərini çıxarmazlar: axı onlardan ötrü həmin vaxt gecə sayılır, yəni yatıb-dincəlmək əyyamıdır).
Bu məxluqlar üçün yeni gün axşam yeməyindən sonra başlanır, yəni qənd maşasının xəfif cingilti qopardığı məcməyini Sara götürüb, otaqdan çıxanda və mənə: "Gecəniz xeyrə qalsın!" - deyəndən sonra. (Hə, Andre, o, mənə xeyirli gecələr diləyir və məndən ötrü ən acı məqam da onun məhz xeyirli gecələr arzulamasıdır) Qadın gedib, otağına çəkiləndən sonra mən təkrar öz zəhləmgetmiş şkafımla, öz məsuliyyətim və öz kədərim ilə tamamən baş-başa qalıram.
Dovşanları bayıra buraxıram. Rəfdən cəld yerə sıçramaqla, onlar qonaq otağını tamamilə işğal edirlər, ciblərimdə onlar üçün gətirib, artıq xırda tikələr halında xalının üstünə səpdiyim yoncanı çılğınlıqla iyləyir, başlarını onların arasına soxur, yoncaları ora-bura atmaqla, bir göz qırpımındaca yeyib-bitirirlər. Səssizcə, səliqə və iştaha ilə yeyirlər, bununla bağlı hər hansı iradım olmadığından mən də divanda əyləşib, onlara göz qoyuram, əlimdə isə hansısa mənasız bir kitab olur - halbuki Andre, mən sizin müəlliflərdən Jirodunun (Jan Jirodu (1882-1944) - tanınmış fransız yazarıdır - A.Y.) bütün əsərlərini və Lopesin (Argentina yazarı Petrona Visente Fidel Lopes (1815-1903) nəzərdə tutulur - A.Y.) sizin ən alt rəfə qoyduğunuz "Argentina tarixi" kitabını oxumaq istərdim. O ara dovşancıqlar yoncanı gözlərinə təpirlər. Düz on dənədirlər. Demək olar ki, hamısı da ağdır. Öz başlarını işığa tərəf, onlar üçün hərəkətsiz günəş sayılacaq işıq mənbələrinə tuturlar və bunlar onlara gündüz olduğunu bildirir: axı onlar işığı sevirlər, onlar üçün nə gecə, nə ay, nə ulduzlar, nə də ki fənər-filan mövcuddur. Özlərinin üçlü günəşlərini süzüb, şad-xürrəm yaşayırlar. Xalının, stulların üstündə qaçışırlar. Bu on dənə yüngül tük koması bir dəstə kometa kimi elə hey ora-bura vurnuxur, mən isə onların özlərini farağat aparmalarını elə arzulayıram ki - qoy ayaqlarımın dibindəcə oturub, kirimişcə dayansınlar, hə, Andre, yəqin istənilən tanrı da öz bəndələrindən məhz bu cür üzüyolalıq, farağatlıq umur və tanrıların əsrlər boyu yerinə yetməyəcək tək arzusudur bu: hə, hə, təki özlərini üzüyola aparsınlar, Migel de Unamunonun (ispan filosofu, yazarı və şairi (1864-1936) - A.Y.) oradakı portretinin ardına dürtülməsinlər, solğun yaşılı rəngli dolçanın ətrafında vurnuxmasınlar, yazı masasının qaranlıq boşluğunda gözdən itməsinlər, çünki adətən sayları həmişə ondan az olur, ya altı, ya da səkkizə enir, mən də baş sındırıram ki, görəsən qalan o ikisi indi harada veyllənir? Birdən hansısa səbəbdən Saranın yataqdan durmasına zərurət yaranar, mənim isə könlümə Lopesin kitabından Rivadavianın (Bernardino Rivadavia (1780-1845) Argentinanın dövlət xadimidir, 1826-27-ci illərdə ölkəyə rəhbərlik edib - A.Y.) ölkə prezidenti olduğu dövrlə bağlı bölümü oxumaq düşər.
Andre, bütün bunlara necə davam gətirdiyimi heç özüm də bilmirəm. Xatirinizdədirsə, evinizdə məskunlaşmaqdan niyyətim - dincəlmək idi. Əgər zaman-zaman mən dovşancıq qusuramsa və yerdəyişməmlə bağlı bu işdəki dövrilik sıxlaşıbsa, bunda mənim nə təqsirim var?! Bu nə sehrbazlıqdır, nə də ki nominalizmin (Orta əsr fəlsəfəsində bir cərəyanın - A.Y.) bir təzahürü, şəraitlərin bu cür qəfil dəyişməsi yolverilməzdir axı, həm də bu, sərt bir dönüş sayılır: siz sağ yanağınıza şillə yeyəcəyinizi gözlədiyiniz halda, qəfildən... Belə və ya elə, Andre, dəyişikliklər həmişə məhz bu cür baş verir.
Bu məktubu sizə "gecə" yazıram. İndi günorta saat üç olsa da, dovşanlara görə "gecədir". Onlar axı məhz gündüzlər yatışırlar. O səs-küylü, buyruqlar səslənən, yazı makinaları, müdir müavinləri və rotaprintlər ilə dolub-daşan ofisdə keçirdiyim saatlar məndən ötrü əsl can rahatlığı sayılır! Hə, Andre, əsl can rahatlığı, əsl dinclik sayılır, dəhşətə bir bax! Bax, indi telefonum zəng çalır, dostlardan kim isə mənim vaxtımı tək-tənha keçirməmdən narahatdır, zəng vuran Luisdir, deyir ki, gəl, bir az gəzişək, sonra Xorxe zəng edir ki, bəs mənim üçün də konsertə bilet götürüb. Bu təkliflərdən imtina eləməm hədsiz çətindir, odur ki, durmadan, həm də inandırıcı bəhanələr uydurmağa məcburam: deyirəm ki, bir az nasazam, tərcümələri danışılan vaxta çatdırmaya bilərəm - eyib eləməz, qoy mən qaynar həyatın axarından kənarda qalım. Axşamlar, işdən evə dönərkən liftlə yuxarı qalxanda - ax-x, o ikinci mərtəbə ilə üçüncü arasındakı bölümə mən nə deyim! - hər dəfə öz-özümü mütləq və əbəs yerə inandırıram ki, bütün bu baş verənlər ağ yalandır.
İmkanım yetdikcə mən dovşancıqlarımın sizə aid əşyalara zərər verməsini də önləyirəm. Onlar alt rəflərdəki kitabları bir az gəmiriblər, ancaq Sara bunu sezməsin deyə, onların yerinə mən başqalarını düzmüşəm. Masanızın üstündəki, farfor oturacaqlı, şüşə qismi isə kəpənək və keçmiş əyyamlara aid kabalyero rəsmləri ilə bəzənmiş lampanı siz hədsiz sevirsiniz. Səthindəki təzə çat güclə sezilir: onu yapışdırmaqdan ötrü mən bütün gecəni əlləşmiş, gedib ingilis mağazasından xüsusi yapışqan almışdım - ən güclü yapışqanların məhz ingilis mağazalarında satıldığı sizə də bəllidir yəqin - o vaxtdan bəri mən daima həmin lampanın böyründən ayrılmıram ki, birdən dovşancıqlardan birisi pəncəsiylə toxunmaqla, onu təkrar aşırar: axı bu məxluqlar arxa ayaqları üstə dimdik durmağa bayılırlar! Əlbəttə, bu duruşa mən də heyranam, yəqin dovşanlar insanoğluna aşkar həsəd hissi bəsləyirlər, amma səviyyəmizə çata bilməyəcəklərini təxmin etdikləri üçün də onları yaradan kəsi və tanrını daim otaqda var-gəl edən, onları qıyqacı süzən şəxsi (yəni, məni) hər barədə yamsılamağa çalışırlar. (Bundan əlavə, ola bilsin, uşaq vaxtı siz də şahidi olmusunuz ki, cəza məqsədiylə bala dovşanı üzü küncə qoysanız, o heyvancığaz saatlar boyu başını pəncələri üstə qoyub, səssiz-səmirsiz qalmağı bacarır).
Səhər beşdə (dovşanların məxməri pəncələrinin küt tappıltısına və xəfif ciyiltilərinə baxmayaraq, yaşıl divanda bir hovur yatmağa cəhd göstərəndən sonra) mən oyanıram, onları şkafa yığıb, otaqda səliqə-sahman yaradıram. Buna görə də Sara heç nəyə irad tuta bilmir, hərçənd bəzən onun baxışlarında dərin təəccüb ifadəsi də sezirəm, həm də bu, hansısa əşyanı bir müddət diqqətlə süzdüyü, xalının hansısa yerindəki rənglərin nisbətən bozardığını sezdiyi zamana təsadüf eləyir: belədə o, yenə də mənə hansısa sualı ünvanlamağa hazırlaşır, ancaq mən o ara Frankın simfonik variasiyalarını fitlə çaldığım üçün qadın öz fikrindən daşınır. Bir də ki, Andre, mənim o yorğun-arğın və üşütməli sabahlarıma dair hər təfərrüatı səninlə bölüşməmə nə gərək var axı?! O dəqiqələrdə mən yarıyuxulu halda döşəmədəki yonca qıçalarını və tikələrini, dümağ püfələri yığıram, yuxulu olduğum üçün daima mebellə toqquşuram. Jidin mətnini vaxtında təhvil verə bilmədiyim, Truayyadan isə hələ bircə sətir də çevirmədiyim halda, indi durub, xeyli uzaqlarda yaşayan, mənim niyə belə davrandığıma yəqin heyrətlənən bir xanıma axı nəyi və necə izah eləyim?! (Qeyd: Mətndə adları çəkilən Andre Jid (1869-1951) və Anri Truayya (Lev Tarasov) (1911-2007) - tanınmış fransız yazarlarıdır - A.Y.) Onda bütün bunları davam etdirməyin, telefon zəngləri ilə işgüzar danışıqlar arasında yazmağa macal tapdığım bu məktubu uzatmamın nə mənası qalır?!
Andre, əzizim Andre, mənim yeganə təskinliyim - onların çox yox, cəmi on dənə olmasıdır. İki həftə əvvəl onların sonuncusunu çıxarıb, ovcuma qoydum - vəssalam, o vaxtdan bəri sayları onu keçmir. İndi onlar gecəni gündüzlə qarışdıraraq yatır, yuxudaca böyüyürlər, tükləri uzandığından artıq əvvəlki şirinlikləri də qalmayıb, artıq yeniyetmə sayılırlar, fərqli tələbatları və şıltaqlıqları özünü büruzə verir: budur, indi də Antinoyun* büstünə hücum çəkirlər (yanılmıramsa, o, gözləri tutulan cavan Antinoy olmalıdır), qonaq otağında pəncələrini tappıldatmaqla, o baş, bu başa qaçırlar, odur ki, onları şkafa yığmağa məcbur qalıram, belədə Saranın tappıltıları eşidəcəyindən və dəhşət içində, həm də gecə köynəyindəcə - əminəm ki, sizin Sara da gecə köynəyində yatağa girənlərdəndir - qarşımda zühur edəcəyindən qorxuram. Bax, onda...
Onlar hələlik on dənədir, indi özünüz düşünün: bu, kiçicik də olsa, bir təsəllidir, rahatlıq gətirən bir hissdir, məhz onun hesabına mən işdən dönərkən ikinci və üçüncü mərtəbələr arasındakı o beton örtüyü adlamağa özümdə güc tapıram.
.................................................
İclasa girməli olduğum üçün bayaq mən məktubuma ara verdim. Məktubun ardını, Andre, sizin evdə, sübh saatlarına xas o bozumtul işıqda yazıram. Doğrudanmı daha bir günü yola saldım, Andre? Qoy bu vərəqdə buraxdığım yuxarıdakı boşluq sizin üçün dünənki məktub ilə onun bugünkü qismi arasında bir körpü rolunu oynasın. Hər şeyin məhz həmin o boş buraxılan zaman kəsiyində baş verdiyini sizə deməyin indi tam vaxtıdır, çünki oradan, gördüyünüz o körpüdən keçmək asan görünsə də, mən özüm orada bəndi-bərəni uçuracaq dəli-dolu suların gurultusunu eşidirəm, həmin o boş qismdən sonra rahatlığım qeybə çəkildi, halbuki iclasa çağırılana qədər rahatca oturub, sənə məktub yazırdım. Artıq on bir dovşancıq özlərinin "qutuvari" gecələrində qayğısız halda, bəlkə, elə indinin özündə də - uyuyur; yox, yox, indi artıq uyumazlar. Ola bilsin, indi ya liftdə, ya da qapının ağzında baş verir bu, məndən ötrü bunun elə bir fərqi qalmayıb artıq, çünki "nə vaxt" məfhumu mənim üçün "elə indicə" ilə əvəzləndiyi üçün bu deyimi geriyə qalan istənilən dəqiqəyə aid edə bilərəm.
Yetər bu qədər, artıq bitirirəm, çünki bunları yazarkən mən mənzilinizə dəyən ağır zərərdə - əsl tar-marda! - öz təqsirimin çox olmadığını sübut eləməyə gərək duyurdum. Bu məktubu da masanın üstünə qoyacağam ki, siz gələnə qədər orada dursun, işıqlı bir Paris səhərində onun sizə poçtla çatdırılmasını mən əsl yaramazlıq sayardım çünki. Dünənki axşam mən ikinci rəfdəki kitabların arxalarını içəriyə tərəf düzməli oldum, çünki dovşanlar artıq uzanaraq, hoppanaraq, onları da gəmirməyə, bu yolla dişlərini itiləməyə macal tapıblar: əslində ac-zad deyillər ha, yetərincə yonca ehtiyatları var, durmadan aldığım yoncaları mən sekreterin siyirmələrində saxlayıram. Onlar pərdələri, kresloların üzlüklərini, Auqusto Torresin avtoportretinin kənarlarını əzmlə didib-töküblər, bütün xalı onların tükləriylə örtülüb, üstəlik, onlar hələ nalə də çəkirlər: lampanın altında toplaşaraq, sanki mənə səcdə edir və nalə çəkirlər - öz gözlərimlə görməsəydim, dovşanların bu cür ah-nalə çəkəcəyinə məni heç kəs inandıra bilməzdi.
Xalının üstündəki tükləri yığmaq, pərdələrin gəmirilən kənarını nisbətən düzəltmək, dovşanları təkrar şkafa yığmaq cəhdlərim boşuna idi. Bütün günüm buna gedəsiydi. Hər halda bir azdan Sara oyanacaq. Qəribə burasıdır ki, Sara da artıq vecimə gəlmir. Dovşanların dəstəylə ora-bura qaçıb, özlərinə yeni oyun-oyuncaq axtarmalarını vecimə almamağım da qəribədir. Bu işdə mənim heç bir təqsirim-zadım yoxdur, evə dönəndə özünüz də şahid olacaqsınız ki, o qırılıb-tökülənlərin çoxusunu mən ingilis mağazasından aldığım yapışqanla, həm də ciddi-cəhdlə yapışdırmışam, siz hirslənməyəsiniz deyə, vallah, əlimdən gələni eləmişəm...
O ki qaldı mənə, bu onuncu ilə on birinci dovşancıq arasında indi elə bir uçurum yaranıb ki, onu aşmaq, keçmək artıq mümkün də deyil. Görünür, sayları ona çatanda şkafım, yonca ehtiyatım və səbrim hesabına bu işin öhdəsindən gələcəyimə hələ ümidli idim. Ancaq elə ki, say on birə çıxdı, on bir ilə on ikinin elə də fərqi qalmadı, on iki ilə on üçün də fərqi çox azdır, Andre.
Budur, səhər açılır, mən çarəsiz bir yalqızlığa qapılmışam, ona sevinc də qarışıb, xatirələr də, siz də, hələ başqa kimlərsə də. Suipaça küçəsinə açılan balkonunuz həm səhər şəfəqlərində yuyunur, həm də şəhər həyatının ilk səsləri ilə oyanır. Daşla döşənmiş səkiyə çırpılan on bir dovşanın qalıqlarını - bəlkə də, bu heyvancığazlar şəhər sakinlərinin diqqətini heç çəkməyəcək də - kürəyib, bir küncə yığmaq da olar. Ancaq bununla müqayisədə, azca aralıdakı kişi cəsədini ilk məktəblilər küçəyə axışana qədər ortadan qaldırmaq isə məncə, qat-qat müşkül olacaq.
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!