"Üç nağıl" kitabından
Bir atom vardı.
Bir də qızılı baftalı mundirli general vardı.
Dünya atomla doludur. Hər şey atomlardan ibarətdir; atomlar çox xırdadır, amma onlar bir yerə yığılanda molekulları əmələ gətirirlər, molekullar isə öz növbəsində bizi əhatə edən hər şeyi yaradır.
Ana - atomlardır.
Süd - atomlardır.
Qadın - atomlardır.
Hava - atomlardır.
Alov da atomlardır.
Biz hamımız atomlardan ibarətik.
Nə qədər ki, atomlar bir yerdədir, hər şey qaydasında gedir. Onların mehribanlığı həyatımızı təmin edən əsas şərtdir. Amma nəbadə atomlardan biri parçalansın... Onun hissələri başqa atomları parçalayır, onların hissələri başqalarını və beləcə davam edir. Dəhşətli partlayış baş verir! Və atom ölümü gəlir.
Burasını da demək lazımdır ki, dünyada bomba toplayan generallar da az deyil. Bizim general da çardağa bomba yığırdı.
- Çoxlu bomba yığım, - deyirdi, - müharibə başlayacağam!
Bunu deyib ürəkdən gülürdü.
General hər gün çardağa təzə bomba qoyurdu.
- Bütün çardağı bombayla doldurum, - deyirdi, - elə müharibə başlayacağam ki!
Əgər bu qədər bomban varsa, necə ola bilər müharibə fikrinə düşməyəsən?
Bombaların içindəki atomlar çox kədərlənirdilər. Axı onların ucbatından qorxunc fəlakət törəyə bilər! Bütün analar ölər, bütün uşaqlar, bütün pişiklər, bütün keçilər, bütün quşlar ölər, bir sözlə - hər şey ölər. Şəhərlər yer üzündən silinər. Qırmızı damlı ağ evlər, onları əhatələyən yaşıl ağaclar göyə sovrular... Yerdə sadəcə qara çuxur qalar.
Və atomlar generala qarşı üsyan etməyə başladılar. Bir dəfə gecə yarısı, səs-küy salmamağa çalışaraq bombaların içindən düşüb zirzəmidə gizləndilər.
Səhəri gün general bir neçə hörmətli cənabla bir yerdə çardağa çıxdı. O cənablar dedilər:
- Biz bu bombalara xeyli pul tökmüşük. Burda boş-boşuna qalmalı deyillər ki! Nəsə etmək vaxtıdır!
- Doğrudan da, - general cavab verdi, - təcili surətdə müharibə başlamaq lazımdır. Yoxsa mən heç vaxt məşhurlaşmayacağam.
Və general müharibə elan etdi.
Yaxınlarda atom müharibəsi başlayacağı haqda xəbər yayılan kimi adamlar qorxudan əsməyə başladılar.
- Generalların bu qədər bomba yığmasına necə icazə verdik? - dedilər.
Amma artıq çox gec idi. Hamı şəhərlərdən qaçmağa başladı. Ancaq hara qaçacaqdılar?
General bombalarını təyyarəyə yığıb onları bir-birinin dalınca müxtəlif şəhərlərə yağdırmağa başladı. Amma bombaların içi boş olduğu üçün yerə düşəndə partlamadılar! Təhlükənin sovuşduğuna sevinən adamlar (buna inanmaq nə qədər çətin olsa da!) bombaları güldan kimi istifadə etməyə başladı. Onda hamı başa düşdü ki, bombasız yaşamaq daha yaxşıdır. Və daha müharibə etməmək qərarına gəldilər. Analar buna çox sevindi. Elə atalar da. Bir sözlə - hamı.
Bəs general necə oldu?
Daha müharibə olmadığı üçün onu işdən çıxartdılar. General qızılı baftalı mundiri heyif olmasın deyə mehmanxanada qapıçı işləməyə başladı. Hamı sülh içində yaşadığı üçün mehmanxananın qonağı çox olurdu. Haçansa generalın sıraya düzdüyü əsgərlər və keçmiş düşmənlər də qonaqların arasında idi.
General gəlib-gedənlər üçün mehmanxananın şüşə qapısını açır, kobud şəkildə təzim edib deyirdi:
- Xoş gəlmisiniz!
Onu tanıyanlar, kim olduğunu bilənlər isə soyuq tərzdə deyirdilər:
- Bu nə biabırçılıqdır! Bu mehmanxanada qulluq çox aşağı səviyyədədir!
General qızarıb susurdu. Çünki o daha qara qəpiyə də dəymirdi.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!