Antonio TABUKKİ (1943-2012) Tanınmış italyan nasiri, filoloq-portuqalisti və tərcüməçisidir.
Səslər
Əvvəlcə bir qız zəng elədi. Son üç gün ərzində düz üç kərə zəng vuran bu qız eyni sözləri aramsız şəkildə təkrarlamaqdaydı: "Yox, daha dözmürəm".
Belə birisindən psixi asılılığa düşməməkdən ötrü bəzən sən hədsiz diqqətli olmalısan. Həm canıyananlıqla, həm də ehtiyatlı davranmalısan ki, telefon xəttinin o biri ucundakı adam qarşısındakının cansız mexanizm olduğunu ağlına belə gətirməsin. Daha bir vacib şərt də var: o, sizin səsinizdən şübhələnməməlidir, yoxsa bu, vəziyyəti qəlizləşdirə bilər ancaq. Hə, özünü basqı altında hiss edən kəslərlə adətən belə olur: anonim səslə kifayətlənməyən bu tip adamlar etibar edəcəkləri birisini arayırlar, eyni səsə güvənir, məhz ona cani-dildən bağlanırlar. Ən müşkül durum isə eyni fikrə taxılan insanlarla bağlıdır, çünki belələri öz ətraflarında möhkəm bir sədd-divar ucaldırlar. Başqasıyla məhrəmliyi çətinliklə quran belə tiplər bəzən telefonda elə şeylər danışırlar ki, eşidənin tükləri biz-biz olur.
Ancaq bu səfər hər şey yolunda getdi: deyəsən, bəxtim gətirmişdi. Bir təsadüf sonucu onu maraqlandıran məqama toxundum. Bənzər durumlarda keçərli sayılacaq daha bir qayda da var: zəng edən insanın maraq duyduğu mövzunu tapmalısan. Çünki hər şeydən əl-ətək üzən, real həyatla özü arasındakı bütün bağları qoparıb-atan kəslərin də mütləq maraq duyduğu bir mövzu var, əlbəttə. Həm də bu zaman həssasiyyət sırf sizin sərbəst iradənizə, istəyinizə bağlı olur. Bəzən xırda bicliklərdən yararlanmağa da gərək duyulur: məsələn, vaxtilə mən tamamilə çıxılmaz sayılan bir vəziyyətdən adicə stəkanın köməyi ilə çıxmışdım. Deyək ki, telefon zəng çalır, dəstəyi qaldırırsan, həmişəki sözlərini təkrarlasan da, qarşı tərəf susaraq səni dinləyir, üstəlik, nəfəsini də içinə qısır. Buna rəğmən, sən aşağıdakı məzmunda cümlələri durmadan üyüdüb-tökürsən: dərdinizi dinləməyə hazır olduğumuz, yəqin, sizə də bəllidir, əgər indi bizi eşidirsinizsə, dilə gətirmək istədiyiniz və ya ağlınızdan keçən ilk fikirdən də başlaya bilərsiniz, çığırın, söyün, lap sarsaqlayın getsin, təki susmayın.
Qarşı tərəf susursa, araya ölüm sükutu çökür. Ancaq onu sizə zəng etməyə sürükləyən bir səbəb mütləq varmış, sadəcə, hələlik siz bundan agah deyilsiniz, çünki həmsöhbətinizə dair heç nə bilmirsiniz: qarşınızdakının xaricdən gələn və ya lal biri də olması mümkündür, axı nə biləsiniz?! Belədə mən əlimə stəkan və karandaş alıb, deyirəm: qulaq as, hazırda dünyada milyonlarla insan var, ancaq indi sadəcə ikimiz, eyni telefon xəttində də olsa, bir araya gəlmişik, o fikirlə də razıyam ki, indiyənəcən nə bir-birimizi görmüşük, nə də tanıyırıq, buna rəğmən, məhz indi rastlaşmışıq, odur ki, gəl, bu imkanı birgə dəyərləndirək, bəlkə, bunun bir faydası toxuna. Əgər məni eşidirsənsə, gəl, belə bir oyun oynayaq: indi, burada, qarşımda bir stəkan var, mən karandaşla ona vurmaqla səs çıxaracağam, ç-ı-n-n, eşitdin onu? Əgər eşitdinsə, sən də eyni şeyi elə, həm də iki kərə elə, əgər indi qarşında heçcə nə yoxdursa, onda telefonun dəstəyini dırnağınla taqqıldatman da yetərlidir, bax, belə: tıq-tıq, əgər məni eşidirsənsə, bir cavab ver, xahiş edirəm, bura bax, indi mən ağlıma gələn ən təsadüfi şeyləri ard-arda sadalayacağam və sən onlardan hansını xoşladığını mənə söylə: məsələn, dənizi sevirsənmi, "hə" cavabı üçün iki, "yox" cavabına görə isə bir kərə dəstəyi taqqıldat...
Qayıdaq o mənə zəng edən qıza. İlk iki dəqiqə boyu o susur, sonra isə təkrarlamağa başlayır: yox, daha dözmürəm, yox, daha dözmürəm, yox, daha dözmürəm, yox, daha dözmürəm, yox, daha dözmürəm... Eyni sözləri durmadan təkrarlayıb, durur. Bir təsadüf sonucu mən fonda bir musiqi səsləndirirəm. Bu gün avqustun on beşidir və mən düşünürdüm ki, zənglərin sayı nisbətən az olar: həqiqətən də, növbəyə başlamamdan iki saatdan çox ötməsinə baxmayaraq, hələ bir kimsə zəng vurmamışdı.
Havada bürkü vardı, özümlə xudmani bir ventilyator gətirmişəm işə, ancaq o, zərrəcə sərinlik vermir, şəhərdə isə həyat donub sanki hamı şəhər kənarına dincəlməyə gedib. Kresloda yerimi rahatlayıb, nələrsə oxumağa çalışıram, ancaq az sonra kitab sinəmə düşür: axı, növbədə ikən mürgüləməyi mən özümə heç rəva bilmirəm, elədə reaksiyalarım ölgünləşər və əgər bir zəng edən olsa, ona necə yardım edəcəyimi biləmmərəm, halbuki yardım xəttində ilk saniyələr həlledici rola malikdir, yoxsa qarşı tərəf dəstəyi qoyar və onun ikinci kərə bu nömrəni yığmağa cürəti yetməyə də bilər. Elə buna görə də mən Motsartın "Türk marşı"nı qısıq səslə dinləməyə başlayıram: bu şən melodiya insana yaşamaq eşqi aşılayır, onun keyfini duruldur axı.
Qız zəng etdiyi anlarda fonda həmin musiqi səslənməkdə idi. Uzun-uzadı susandan sonra "Yox, daha dözmürəm" cümləsini təkrarlamağa başladı o. Mən də heç mane olmadım, bənzər hallar üçün keçərli bir qayda var: hisslərinin cilovunu açıb-buraxan insan mütləq öz ürəyini boşaltmalıdır, istədiyi fikri istənilən qədər təkrarlamaqda da o, sərbəstdir. Ən nəhayət, susanda qızın qırıq-qırıq aldığı nəfəs eşidildi dəstəkdə və mən dedim: bircə saniyə gözləyin, mən musiqini kəsim, ancaq o, etiraz elədi: yox, dəyməyin, qoy səslənsin. Həvəslə razılaşdım: niyə də səslənməsin?! Bəs Bramsı necə bəyənirsinizmi? Özümdən də xəbərsiz həmin an mən musiqinin belə bağlantılarda bir körpü ola biləcəyi qənaətinə gəldim və bu ideya yenə sırf bir təsadüfün nəticəsiydi: axı bəzən kiçik hiylələr də ilahi qüvvənin diqtəsindən qaynaqlanır. O ki qaldı Bramsla bağlı suala, onu dilə gətirməm, görünür, mənim şüuraltımda Saqanın (fransız nasiri Fransuaza Saqanın "Siz Bramsı sevirsinizmi?" povesti nəzərdə tutulur - A.Y.) eyniadlı əsəriylə bağlı ilişib-qalıbmış. Qız etiraz elədi: bu, Bramsın yox, Motsartın əsəridir. Özümü bilməməzliyə vurdum: necə yəni Motsartın əsəridir? Qız ruh yüksəkliyi ilə dedi: "Heç şübhə ola bilməz ki, bu - Motsartdır, onun "Türk marşı"dır səslənən". Bunun ardınca isə başına gələn qəziyyədən əvvəl Konservatoriyada oxumasından söz saldı.
Sonra hər şey öz axarına düşdü.
Zaman saqqız kimi uzanmaqdaydı. San-Domeniko kilsəsinin zəng qülləsində saat altını vuranda pəncərədən bayıra boylandım: şəhərin üzərinə bürkünün doğurduğu xəfif bir duman qatı çökmüşdü, küçələrdə tək-tük maşın dəyirdi gözə. Kirpiklərimi boyadım - hərdən mən də özümü canalıcı qadın sayıram axı - sonra musiqi mərkəzinin böyründəki balaca divana yayxanıb, insanlar, həyat və iş-güc barədə fikirlərə daldım.
Saat yeddinin yarısında daha bir zəng gəldi. Yenə həmişəki cümlələri təkrarladım, bəlkə də, bunu nisbətən bezmiş halda etdiyim üçün xəttin o biri ucunda bir karıxma sezdim.
Sonra o kişi dedi: "Adım Fernandodur, ancaq bu, bir feili bağlama deyildir".
Bizim işdə daha bir sınanmış qayda var: əgər ilk replikanı hərtərəfli dəyərləndirsəniz, qarşı tərəflə aranızda körpü qurmağa istək duyduğunuzu göstərərsiniz. Gülərək dedim ki, mənim babamın da adı Andreydir və heç o da şərti feil forması deyildi, sadəcə rus idi, vəssalam. Bu yerdə müsahibimi gülmək tutdu, sonra o, bildirdi ki, ümumiyyətlə götürəndə, feillərlə onu birləşdirən nə isə var: onlara xas özəlliklər bu müsahibim üçün də keçərliymiş. Əvvəllər o, təsirsiz feil halındaymış. Mən əlavə elədim ki, əslində feilin bütün halları ifadələr qurmaq üçün yararlıdır. Söhbətimizin bir allüziyaya bənzədiyini düşünsəm də, müsahibimi dəstəkləməyin faydalı olacağına qərar verdim. "Ancaq hazırda mən feilin lazım formasındayam, daha doğrusu, lazımam". Dəqiqləşdirməyə çalışdım: "Necə yəni "lazımam"? O da dedi ki, hazırda silah-sursat topladığı üçün özü məhz lazım formasındadır. Dedim: bəlkə də, ən böyük səhv - silahların məhz toplanmasıdır, yəni tərk-silahdır və bu səhv sırf qrammatikadan qaynaqlanır, çünki döyüşən tərəflərin qarşılıqlı şəkildə silahlanması daha uyğun sayılardı, onsuz da ətrafımızda istənilən qədər, hətta bir ordu qədər silahsız insan var, inanın mənə.
O da: "inanıram" dedi. Əlavə elədim ki, bu söhbətimiz feilin hallanması cədvəlini xatırlatdı mənə. O isə bu sözümə qısa və qaba bir hırıltıyla qarşılıq verdi. Sonra soruşdu: zamanın küyü ilə heç tanışammı? Yox, dedim, tanış deyiləm. Dedi ki, bunda qəliz heç nə yoxdur, onunla tanışlıq üçün yuxunun ərşə çəkildiyi gecələrdə gözlərini zülmətə sadəcə zilləmən də yetərli olur və az sonra sən o küyü mütləq eşidirsən: o, ya çırpınan dənizin uğultusunu, ya da şikarını parçalayan yırtıcı heyvanın boğuq nəriltisini xatırladır.
Onun sözünü heç kəsmədim, müsahibim isə bu xüsusda ətraflı açıqlamalara bir gərək duymadı və əlimdən başqa şey gəlmədiyindən oturub, onu dinləməyə məcbur qaldım. O ara müsahibimin fikri harayasa uzaqlara baş alıb getdi, söhbətin bağını, ipini əlimdən qaçırtdım və o, məntiqi ardıcıllığa-filana hər hansı məhəl qoymadan başqa bir mövzuya adladı, bəlkə də, özünün o yuxusuz gecələri barədə danışmağa indi həvəs duymurdu. Yenə sözünü kəsmədim, çünki qaydalara görə, bunu etmək bizə məsləhət görülmür. Düşündüm ki, kişinin səs tonu zərrəcə könlümə yatmır, hədsiz isterika duyulan o səs hərdənbir pıçıltıya da dönürdü. Dedi ki, köhnə binadakı geniş mənzili dədə-babadanqalma, ampir üslubundakı mebellərlə döşənibdir, xeyli nimdaş xalı ilə, həyatdan narazılığı alt dodaqlarının xəfif sallaqlığından sezilsə də, özünü tox tutan cürbəcür qadın və hökmlü kişi portretləriylə doludur evi. Soruşdu: heç bilirsiniz insanların ağzı zamanla niyə elə şəkil alır? Çünki yaşanan ömrün bütün ağrı-acısı alt dodaqda cəmləşməklə, onu aşağıya doğru dartmağa başlayır. Sözügedən qadınlar qaba və sevgi hissindən məhrum kişilərlə yanaşı yuxusuz gecələr keçirdiklərindən, qatlaşdıqları ağrı-acının təsiriylə yataqda oturub, gözlərini məcburən zülmətə zillədikləri üçün bu sallaqlıq qaçılmazlaşırmış:
"O qadınlardan birinin əşyaları hazırda mənim otağıma bitişik qarderobdadır. Şkaflardan birində adamı əsəbiləşdirən alt paltarları və mələfələr, qadının biləyinə taxdığı qısa, qızıl qolbaq və tısbağa çanağından hazırlanmış saç sancağı var, məktub isə komodda, şüşə qapağın altında durur. Ən altda isə Bazeldə istehsal olunmuş iri zəngli saat var və vaxtilə, hələ uşaq ikən, mən onu sökərək xarab eləmişdim.
Bir dəfə xəstələnmişdim və yanıma gəlib, yoluxanım da tapılmırdı. İndi bunu mən lap dünən olubmuş kimi dəqiq xatırlayıram, saatın zəngini eşidən kimi, yerimdən sıçrayıb, onu yerə endirdim, arxa qapağını açdım, bütün detallarını sökdüm və bir də baxdım ki, yatağıma sərilən mələfənin üstü xırda-mırda çarxlarla doludur. Əgər istəyirsinizsə, o məktubun mətnini indi sizin üçün təkrarlaya da bilərəm, çünki başdan-sona yadımdadır: axı onu hər gecə dönə-dönə oxuyurdum: "Fernando, kaş biləydin ki, bu illər uzunu sənə necə dərin bir nifrət bəsləmişəm". Belə cümlə ilə başlayan məktubun ardını təsəvvür eləmək çox da çətin olmaz, yəqin, demə zəngli saatın üstünə örtülən qılaf bu mətndəki nifrəti də ötən onillər boyu özündə hifz eləyibmiş".
Bunun ardınca müsahibim söhbətdə növbəti keçidi elədi və bu dəfə mən onun məqsədini aşkar şəkildə sezdim, çünki adam "Cakomino" deyə bir kişi adı çəkdi.
Ondan soruşdum: o məktubun yazılma tarixi on beş avqustdur?
Bu tarixi mənə sırf şəxsi intuisiyam söyləmişdi və qarşı tərəf deyiləni təsdiqləyincə, onu da əlavə elədim ki, bu gün o məktubun yazılmasının növbəti ildönümüdür və bu hadisəni mütləq layiqincə qeyd eləmək lazımdır, bundan ötrü isə müsahibim gərəkli hazırlığı görübdür, hətta az sonra yararlanacağı silah da indi masanın üstündə, telefonun böyründədir.
O susdu, təkrar sözünə davam edəcəyini umaraq bir az gözlədim, ancaq o, ağzına su alıb, durmaqdaydı. Vəziyyəti belə görüncə, dedim: "Fernando, bir az da döz, növbəti ildönümünə qədər gözlə, daha bir il dözməyə çalış". Bu xahişin gülünclüyünün fərqinə həmin dəqiqə özüm də vardım, ancaq neyləyəydim, həmin an ağlıma başqa heç nə gəlmirdi, bu son cümləni də mən sırf nəsə söyləmək xatirinə dilimə gətirmişdim.
Mən tam əminəm ki, istənilən söhbətdə ən vacib məqam - sözlər yox, məhz qarşılıqlı anlaşmadır. İndiyədək telefonla apardığım ən müxtəlif söhbətlər zamanı, həm də ən ağlasığmaz durumlarda adətən mən bu cür anlaşmaya varmağa çalışmışam. Yaranmış durumda anlayırdım ki, indiyədək topladığım təcrübə artıq bir işə yaramır və elə çarəsizliyə qapılmışdım ki, indi özüm də dərd dinləyəcək, ağıllı məsləhətlər verəcək birisinə ehtiyac duyurdum.
Ancaq bu vəziyyət cəmi bircə an çəkdi, o, hələlik susurdu, bundan yararlanaraq, cəld özümü ələ aldım və onu necə dilə çəkəcəyimə qərar verdim. Sözü onu gələcəkdə gözləyən xırda perspektivlərin üzərinə gətirə bilərdim və elə belə də elədim. Dedim ki, həyatdakı perspektivlər cürbəcür olur: məsələn, böyük perspektivləri adətən hamı daha önəmli sayır, bundan başqa bir də xırda miqyaslı, yəni mikroperspektivlər də var. Mən də razıyam ki, bu dünyada hər şey nisbidir, əgər ana təbiət özü həm qartalın, həm də qarışqanın mövcudluğunu uyğun görürsə, onda sizə sual verirəm: bəs insanoğlu niyə bir qarışqa kimi, xırda perspektivlərlə kifayətlənərək yaşamasın?! Hə, hə, məhz xırda perspektivlərlə?!
Mən bu sözləri dönə-dönə təkrarladığım anlarda müsahibim bu tapıntıya heç gözlənilmədən maraq duydu və soruşdu: "Dediyiniz o xırda perspektivlər nədən ibarətdir axı?" Mən də bu məsələni ona cani-dildən açıqlamağa başladım. Xırda perspektivlər modus vivendidir, anladınızmı? Və ya belə deyək: insanın diqqətini, həm də bütün diqqətini həyatın ən önəmsiz detalına cəmləşdirməsidir: sanki bu detal həyatda həm ən vacibdir, həm də ona aşkar istehza ilə yanaşmalısan, yəni həyatda hər şeyin nisbi olduğunu bildiyin üçün onun heç də önəmsiz bir faktor olmadığıyla barışmalısan. Bundan ötrü sevimli məşğuliyyətlərin siyahısını tutmaq, qeydlər aparmaq, həyatını ciddi bir qrafikə salmaq və heç nədə özünə güzəştə getməmək vacib şərtdir. Bu xırda perspektivlər isə konkret məqamlara köklənməyin ən konkret üsuludur.
Ona anlatdığım bu fikirlərə əslində heç özüm də inanmırdım, ancaq bütün bunlardan məqsədim onu nəyəsə inandırmaq deyildi, ona heç fəlsəfə daşının sirrini-zadı da açmaq istəmirdim. Yetər ki, o, öz problemlərinin başqa birisini də narahat etdiyini öyrənsin, buna cavabdeh şəxslərin var olduğunu anlasın. Ondan ötrü edə biləcəyim tək şey məhz bu ola bilərdi. O soruşdu ki, mənə, evə zəng edə bilərmi? Təəssüf ki, dedim, evdə telefonum yoxdur. Bəs işə necə? Əlbəttə, zəng edin, həm də istədiyiniz qədər... ancaq yox, sabah bu mümkün olmayacaq, çünki sabah iş yoldaşımın növbəsidir, ancaq mənim adıma bir qeyd, ismarıc qoyularsa, məsləkdaşım onu mütləq mənə çatdıracaq və bu sayədə mən müştərimizin xırda perspektivlərə köklənməklə keçirdiyi ötən günün nəticələrini öyrənməkdən böyük sevinc hissi duyaram.
O, xahişə-minnətə gələn birisi kimi mənimlə nəzakətlə sağollaşdı. Axşamın nə vaxt düşdüyündən heç xəbərim olmamışdı. Bəzi telefon zəngləri adamdan ağlasığmaz gərginlik tələb edir axı. Pəncərədən çölə baxınca gördüm ki, "Qulliver" ləqəbli iş yoldaşım küçənin artıq bu biri üzünə keçir. Növbəni ona təhvil verəcəkdim: bu adam necə hündür idisə, hətta göydələnin təpəsindən də baxanda onu qalan kütlədən ayırd etmək olardı. Əbəs yerə adını "Qulliver" qoymamışdıq ki!
Əşyalarımı toplayıb, getməyə hazırlaşdım. Yalnız indi fərqinə vardım ki, saat doqquza on dəqiqə qalıb və lənət şeytana, axı, bu gün mən saat doqquz üçün evdə olacağım barədə Pakoya söz vermişdim. İndi hər nə qədər tələssəm belə, saat onun yarısından erkən evə çata bilməzdim. Adi günlərdə onsuz da ləng işləyən ictimai nəqliyyat avqustun on beşində yağlı əppək olub, qeybə çəkiləcəkdi, yəqin! Ən yaxşısı - evə piyada getmək idi!
Ox kimi Qulliverin böyründən ötüb-keçdim, heç ona mənimlə salamlaşmaq imkanı da tanımadım, ancaq o, arxamca məzəli atmacalar dedi və pilləkənlə enərkən bircə onu deyə bildim ki, bu gün görüşüm var, Allah xətrinə, gələn səfər işə bunca gecikməsin və hətta ventilyatoru da işlək vəziyyətdə qoyub otaqdan çıxmışam, hərçənd tənbəl məsləkdaşım bunu əsla haqq eləmir.
Gözlərimə inanmırdım: binadan çıxanda 32-ci marşrutun tini burulduğuna şahid oldum, onunla ta evimə qədər getməsəm belə, yolumu xeyli qısalda biləcəkdim. Sapanddan uçan daş kimi özümü avtobusun içinə atdım, içəri tamamilə boş idi: ilin-günün bu vaxtında 32-ci marşrutun boş salonunda getmək ürəyimə yağ kimi yayıldı, vallah. Sürücü maşını necə ləng sürürdüsə, az qalırdım üstünə çımxırım, ancaq görəndə ki, zavallının gözlərində həyat eşqi tamamilə sönüb, bu fikrimdən daşınmalı oldum.
Əgər Pako özündən çıxsa, özümü müdafiə üçün deyərəm ki, mən quş-zad deyiləm ki, uçaraq evə gəlim. İri mağazalara yaxın dayanacaqda avtobusdan endim və yeyin addımlarla evə tərəf yönəldim. Həmin vaxt saatım doqquz iyirmi beşi göstərirdi və bundan belə heç qaçmağın da bir mənası qalmırdı artıq, həm gecikməm, həm də yarış atları kimi tövşüyərək, qan-tər içində kandarda zühur etməmə nə hacət vardı axı?!
Açarı səssizcə kilidə taxıb, burdum. Ev səssizliyə və zülmətə qərq olmuşdu. Niyə görəsən, içimi bir təlaş hissi bürüdü, naxoş bir şey baş verdiyini və hövlləndim. Ona səsləndim: "Pako, Pako, mənəm ey, gəlmişəm". Sonrakı saniyələrdə qapıldığım çarəsizlikdən nəfəsim tamam daraldı. Kitabları və çantamı girişdəki tumbanın üstünə qoyub, qonaq otağının qapısına yanaşdım. Təkrar səsləndim: "Pako, Pako". İlahi, bəzən səssizlik necə də qorxunc olurmuş! Əgər burada olarsa, ona nə deyəcəyimi yaxşı bilirdim, deyəcəkdim ki: "Pako, bu gecikmənin günahkarı mən deyiləm, bir müştəriylə uzun-uzadı söhbətə dalmışdım. Avtobusların da sayı bu mövsümdə yarı-yarıya azalır: bu gün avqustun on beşidir axı".
Balkonun qapısını örtməyə yollandım, adətən bağda bir sürü ağcaqanad qaynaşır və işığı yandıran kimi onlar bulud kimi otağa təpilirlər. Yadıma düşdü ki, soyuducuda iki kiçik bankada balıq kürüm və paştetim var, düşündüm: onları dadmağın və hətta bir Mozel şərabı açmağın tam vaxtıdır. Sarı rəngli kətan süfrəmi masaya sərib, bir qırmızı şam yandırdım. Bu şamın işığında mətbəx mebelimin açıq rəngi mənə heç ummadığım bir könülxoşluğu aşıladı.
Süfrəni hazırlayarkən qısıq səslə yenə onu çağırdım: "Pako, Pako".
Əvvəlcə qədəhimə qaşıqla sakitcə toxundum, çın-n-n, sonra daha güclü toxunuşa gərək duydum: çı-ı-ı-n-n-n və bu cingilti səsi bütün evi başına götürdü. Qəfildən lap ilhama gəldim. Masada qarşı tərəfimə salfet qoyub, yanına boşqab, qədəh və çəngəl-bıçaq düzdüm. Hər iki qədəhə şərab süzdüm. Vanna otağına gedib, özümə bir az əl gəzdirmək qərarına gəldim: birdən o, həqiqətən indilərdə gələr ha. Əgər elə olsaydı, qapımın zəngi iki kərə çalınasıydı (adətən o, zəngi bu cür çalır axı) və mən üzümə sirli bir ifadə qonduraraq, qapını açıb, ona deyəcəkdim ki, heç özüm də səbəbini bilmədən ikinəfərlik süfrə açmışam və nədənsə bayaqdan bəri oturub sənin gəlişini gözləyirdim!
Bir Allah bilir ki, bunu eşidincə, onun sir-sifəti hansı kökə düşəcəkdi.
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!