Çexiya şairi Vitezslav Nezvalın şeirləri - Tərcümə

 

Sentyabrda

 

Payız

yarpaq-yarpaq əriyib gedir,

sevginin, nifrətin amanı yoxdur.

 

Payız

yarpaq-yarpaq əriyib gedir,

bir də qayıtmağa gümanı yoxdur.

 

Gözündən

yarpaqtək nəsə sürüşür -

xiyaban kimsəsiz, park da adamsız.

 

Gözündən

hərdənbir damcılar düşür,

düşür budağından yarpaq - aramsız...

 

 

Qəlbin qubarlananda

 

Qəlbin bir azacıq qubarlandımı -

gəl, dayanma, gəl.

Qəmli göz yaşları səni sardımı -

gəl, yubanma, gəl.

 

Artıq

o gecədən heç nə qalmadı -

nə parlaq ulduzlar, nə balıq toru.

 

Və təptəzə bir gün doğdu əlbəəl.

De, gələrsənmi?

Gəl!

 

 

Katafalk

 

Divar arxasında yenə çəkiclər

Səslənir gecədən səhərə kimi;

Elə bil hardasa döyəcləyirlər

Hansısa fağırın sümüklərini.

 

Ulduzlar asılıb budaqlarından -

Az qala dözməyib sınacaq palıd.

Bu gecəyarısı evin yanından

Yenə tabut keçir, qara bir tabut.

 

Saatlar çaşdırıb bu gecə vaxtı

Əcəl zəngi kimi haray çəkirlər;

Dilsiz qarğış kimi bu gecə vaxtı

Hardasa ulaşır, hürür köpəklər.

 

İynə batmış kimi qalxıb yataqdan

Baxıram, ürəyim yerindən qopur;

Orada, qapqara bir katafalkda

Onlar... vətənimi hara aparır? 

 

 

***

Minib qarğı atımı

uzaq Afrikaya çapasıyam mən;

Dadlı portağallar bitən o yerdə

nə qüssə, nə kədər tapasıyam mən.

 

Və bizi güman ki, çətin ağladar

o qızmar ölkənin odu, istisi;

Bizə qüvvət verər mavi nağıllar,

əlvan kəpənəklər ovudar bizi.

 

 

***

Elə mən də kəndçiyəm -

kotan sürməsəm də, yer əkməsəm də.

Elə mən də kəndçiyəm -

torağaylar ötüb beşiyim üstdə.

 

O doğma torpağın hər qarışında

atamın, babamın alın təri var;

İşdən soyuyublar şər qarışanda,

hamısı bir qaba əl uzadıblar.

 

O kənddə bəlkə də

dönüb yaşamağım çətindir, amma

O kənddə bəlkə də

qaralır hələ ki mənim də daxmam.

 

Düyünlü əl ağacım

gəzir hərdən-hərdən kənd arasında;

Qırılır əl ağacım

fərsiz oğulların qabırğasında.

 

Elə mən də kəndçiyəm -

çox da ki şəhərdə qərar tutmuşam.

Elə mən də kəndçiyəm -

özü də heç nəyi unutmamışam.

 

Dilimizə çevirdi: Mahir N.QARAYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!