Britaniya və Amerika uşaq şeirindən seçmələr - Tərcümə

 

 

Uinston S.ÇörÇill

(1874-1965) Böyük Britaniya

 

Yazıq küçük Puqi-Vuq

 

Nə olubdur, bilən var,

Bu yazıq Puqi-Vuqa?!

Ver yeməyi tavada,

Öp üzündən, qucaqla.

Tez ol, axtar hər yanı,

Tapıb gətir dərmanı.

Çək üstünə palazı,

Qızdırması azalsın.

Getsin azar-bezarı,

Puqi-Vuq da sağalsın.

 

 

Con Ronald Ruel Tolkin

(1892-1973) Böyük Britaniya

 

Fil

 

Boz siçan rəngindəyəm.

Boyum da çatır göyə.

Ot üstündən keçəndə

Ağaclar qorxur məndən.

Var ağzımda şeypurum

Cənubadır bax yolum.

Palaz boyda qulağım,

Gah düşür, gah da qalxır.

Demə heç nə qanmıram,

Yox, yerdə uzanmıram.

İstəmirəm mən öləm,

Axı, axı mən filəm.

Həm nəhəngəm, qocayam

Ucadan da ucayam.

Yox, bir gün görsən məni,

Unutmazsan sən məni.

Gəl gör məni, gəl bəri -

Olmaz düzdən xəbərin.

Bax qoca bir filəm mən,

Yalan çıxmaz dilimdən

 

 

Ralf Ualdo Emerson

(1803-1882) ABŞ

 

Dağ və dələ

 

Dağla dələ

Girib bəhsə

Söhbət açdı

- Dağ dələni

Görən kimi

Dedi: - Bu ki,

Bapbalaca

Xırdaçıdı.

Dələ dedi:

Sən nəhəngsən!

Bu biçimdə!

Mən bilirəm

Öz yeri var

Böyüyün də,

Kiçiyin də.

Havalar da

Cürbəcürdür -

İstisi var,

Sərini var.

Tamamlayır

Gələn ilin

Hər birini

Bu havalar.

Kim istəsə

Peşkəş kimi

Mən verərəm

Öz yerimi.

Sənin təki

Nəhəng olmaq

Deyil asan.

Sən də dönüb

Mənim boyda

Olammazsan.

Gücüm çatmaz

Meşələri

Sənin təki

Saxlamağa.

Dələ dedi

Sonra dağa:

Bax, sənin də

 Gücün çatmaz

Şam qozunu

Sındırmağa.

 

 

Henri Uodsvort Lonqfello

(1807-1882) ABŞ

 

Var cıqqılı bir bacı

 

Var cıqqılı bir bacı,

Alnının yarısına

Düşmüşdü qıvrım saçı.

Bax, kefi kök olanda

Dönürdü bal-pətəyə.

Heç kefi olmayanda

Dönürdü ifritəyə.

 

 

Edvard Estlin Kamminqs

(1894-1962) ABŞ

 

Məqqi, Milli,

Molli, Mey

 

Məqqi, Milli, Molli, Mey

Çimərliyə gəlib ey.

 

Məqqi tapıb oxuyan

Qəşəng balıqqulağı.

Damağı çağ, kefi kök

Mahnıdan ləzzət alıb.

 

Bir dəniz ulduzuyla

Dost olub Melli burda.

Var ulduzun şüası

Bax beş barmaq boydadı.

 

Mollinin arxasınca

Əcaib məxluq qaçır.

Yıxılıb böyrü üstə

Göyə köpük buraxır.

Mey qaçdı burdan evə,

Əlində daş var idi.

Bu daş yertək balaca

Əslində çox iriydi.

 

Nə itirsək, deyirlər, -

Bax bizim ikimiz də.

Axtarırıq özümüz,

Tez tapırıq dənizdə.

 

 

Oqden NƏŞ

(1902-1971) ABŞ

 

İnək

 

Bu inək bu ilkidir

Buğa bəyin ilkidir.

Bir yandan moo-moo deyir,

Bir yandan da süd verir.

 

Birə, milçək bacada

 

Düşmüşdü əsirliyə

Birə, milçək bacada.

Milçək bezdi: - Gəl, qaçaq!

Birə dedi: - Gəl, uçaq!

Düz bacanın başından

Tez yol tapıb uçdular.

 

 

Doktor Syuz

(1904-1991) ABŞ

 

Mənim gülüm

 

Ovcumdakı toxumu

Atdım o gün dibçəyə.

Qoydum günün altına,

Su da verdim içməyə.

 

Toxumda qaldı gözüm,

Başladı göyərməyə.

Bir də gördüm açıb gül,

Gəlib salam verməyə.

 

 

Eva Merriam

(1916-1992) ABŞ

 

Dizlər

 

İməkləyir gör necə

Çağalar dizi üstə.

Mən çıxıram dizimlə

Düşürəm üzü üstə.

Bax yatmağa gözəl yer

Anamın dizləridir.

 

Pişik balaları

 

Pişik balalarının

Əynində xəz paltosu

Yatanda yazıqların

Kəsilmir xorultusu.

 

Dayaz qabda bax onlar

Gör bir necə süd içir.

Yalayanda bığını,

Könlündən balıq keçir.

 

 

Şel Silverştayn

(1930-1999) ABŞ

 

Sehrli pozan

 

Sənə nədən danışım -

Çətin bu qız inana.

Karandaşın başında

Pozana bax, pozana.

Qız dönüb mənə dedi:

- Sən ağılsız moosan, moo!

Yalançının birisən!

Dediyimə, ay oğlan,

İnanmaq istəmirsən.

Nə bilmisən sən məni?!

Sildim mən də pozanla

Tez bu qızın şəklini!

 

Tənbəl Ceyn

 

Sən bu

Tənbəl

Ceynə bax,

İstəyir o,

Su içə

Hə,

Beləcə

Gözləyir,

Deyir -

Bəlkə

Yağış,

Yağar

İndicə.

 

Görən məni söyləyir...

 

Görən məni söyləyir -

Burnun lap atanındır,

Gözlərin babanındır,

Saçların ananındır.

Qaldı bircə öz belim

O, mənim olanımdır.

 

 

Marlo Tomas

(1937) ABŞ

 

Sərbəst, azad olmalı

 

Hər oğlan istəyir ki,

Böyüyəndə ər olsun,

Hər qız da istəyir ki,

Xanım olsun, yar olsun.

Tut əlimdən biz gedək

Gözəl uşaq elinə.

Tut əlimdən biz gedək

Bizim təki şütüyən

O çayın sahilinə.

Gedək, harda, harda ki,

Nur saçır, coşur dəniz.

Qaçır atlar hürküsüz,

Uşaqlar sərbəst gəzir.

Biz azadıq, bilirsən -

Mən mən olum, sən də sən.

 

 

Cək Prilutski

(1940) ABŞ

 

Ev tapşırığı

 

Tapşırıq, ay tapşırıq

Lap apardın zəhləmi!

Tullayardım içinə

Olsaydı bir zirzəmi.

Əlimə bomba düşsə

Partladardım mən səni.

Tapşırıq, ay tapşırıq,

Lap bezdirdin sən məni.

 

İnan ki, sənə görə

Bu dənizdə üzərdim

Mən köpək balığıyla.

Şir ilə güləşərdim,

Bir qaranlıq meşədə.

İspanaq, qaraciyər,

Bir-bir kirpi yeyərdim

Müəllimin verdiyi

Tapşırığın yerinə

 

Tapşırıq, ay tapşırıq

Sən evdə son yerdəsən.

Düzü başa düşmürəm,

Niyə varsan, görəsən?!

Yox, əgər qeybə çıxsan,

Şad edərdin sən məni.

Tapşırıq, ay tapşırıq,

Lap bezdirdin sən məni!

 

Sən olsaydın kərgədan

 

Sən olsaydın kərgədan,

Yenə mən dost olardım.

Ördəkburun da olsan,

Dostluğumda qalardım.

Morj, dəvə, pişik, ya da

Kenquru olsan da sən

Baxmazdım heç nəyinə.

Məndən ötrü fərqi yox,

Dostun olardım yenə.

 

 

Barbara Vans

(1971) ABŞ

 

Qar dənəsi

 

Qar yağanda yuxarı bax,

Gözün olsun göy üzündə.

Düşüb narın qar dənəsi

Öpər sənin üz-gözündən.

 

İngilis dilindən tərcümə: Şahin Xəlilli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!