Göyümtül ləkəli it - Tonino QUERRA

Tonino QUERRA (1920-2012) - görkəmli italyan şairi, nasiri, ssenaristi və kinorejissorudur

 

 

Bəzi hisslərin qəlbimizdə necə oyandığını fəhm eləmək xeyli qəliz məsələdir.

Bir dəfə səfil bir it yoldan keçən kişinin ardınca düşüb, bütün günü qarabaqara onu  izlədi, hətta axşam vaxtı evinə gedərkən də kişidən ayrılmadı. O kişinin isə var-dövləti, iri mənzili və az övladı olsaydı, yenə dərd yarıydı: bəlkə, o halda bu heyvancığaza da bir sığınacaq tapılardı. Üstəlik, bu itin qəribə bir görkəmi vardı: ağımtıl xəzinin üzərində heyrətamiz göyümtül ləkələr gözə dəyirdi - görünür, boya çənlərinin böyür-başında veylləndiyi vaxt it bu rəngə bulaşmışdı.

Yeri gəlmişkən, haqqında danışdığımız o kişinin adı Muhəmməddir, köhnə bir boyaq emalatxanasında işləyir və sexin həyətindəki zivələrə qurumaqdan ötrü səhərdən ta axşama kimi boyanmış parçalar sərir.

İt ilk andan bu kişinin övladlarının könlünü fəth eləyə bildi, ancaq buna baxmayaraq, Muhəmməd heyvanı başından eləmək fikrindən heç cür daşınmadı: axı həm ailəsini güc-bəla saxlayırdı, həm də ikiotaqlı, darısqal evində bu itə necə bir guşə tapaydı?!

Səhəri gün Muhəmməd həmişəkindən erkən oyandı, iti də yanına salıb, bu saatda insanların qaynaşdığı böyük bazara üz tutdu, qələbəlikdə gözdən yayınmaqla, bir göz qırpımındaca iti azdırdı. Ancaq sevinmək üçün hələ tez idi - axşam həmin it geriyə, evə döndü yenə.

Belə olunca, Muhəmməd bir günlüyə işinə ara verdi, payi-piyada şəhərin ucqar bir səmtinə üz tutdu. Dayanıb-durmadan yol qət etdiyi vaxt it də gah ürkək şəkildə, gah da inamla onun ardınca irəlilədi. Ərazisi həndir-hamar olan və günəşin şaxıdığı bir meydana çatan Muhəmməd o həndəvərdəki evlərdən birinin kölgəsində oturub, bir azca mürgülədi. Böyründə uzanan it isə onu eynən yamsıladı.

Muhəmməd yuxudan oyananda it hələ də yuxuda idi. Bunu görən kişi oğrun-oğrun oradan aralandı. Zavallı iti o kölgəli zolaqda, tozun-torpağın içindəcə tərk edən Muhəmməd dərindən köks ötürərək, şəhərin mərkəzinə yollandı, ta hava qaralana qədər oralarda veylləndi - onsuz da bugünkü iş günü puç olub, getmişdi.

Hekayətimizin bu yerində bir həqiqəti etiraf eləməyin tam vaxtıdır: əslində bu kişinin heç daimi iş yeri də yox idi. Boyanmış parçaları zivədən asmaq və yığmaq işiylə o, günəmuzd məşğul olurdu. Düşəndən-düşənə pul qazandığı üçün onun bu heyvancığaza münasibətdə belə amansız davranışına müəyyən mənada bəlkə, haqq qazandırmaq da olardı. Bir də ki, bu, niyə amansızlıq sayılmalıdır?! Axı o, itə nə bir təpik ilişdirib, nə də onu dəyənəklə vurub, qovub. Tam əksinə, dəfələrlə itə adam dilində mövcud vəziyyəti başa salmağa çalışıb: "Başa düş ey, mən səni saxlaya bilmərəm və içində bulunduğum sıxıntılı şərtlər buna imkan vermir".

Bu yolla o, heyvana anlatmağa çalışırdı ki, hə, onu sevmir. Amma bəlkə də, sırf bu səbəbdən it ötən günlərdə ona daha artıq isinişmişdi. Bənzər hallarda qadın kişiyə necə bağlanırsa, bəzən kişi də qadına eləcə meyl salır axı. Hərçənd sevgidən sevgiyə də fərq var. Bəziləri elə ilk maneə ilə rastlaşan kimi bir-birlərindən soyuyurlar, digərləri isə dirənib-dururlar: yəqin onlar ya öz çılğın hisslərini cilovlaya bilmədikləri üçün hər cür təhqirə qatlaşırlar, ya da qəti əmindirlər ki, əzm və cəsarət hesabına indiyədək bir xeyli alınmaz qala fəth olunub.

Bu göy ləkəli itin nəyin diktəsi ilə bu cür davrandığı isə bilinmirdi və o, yenə də hərlənib-fırlanmaqla, axırda yenə gəlib Muhəmmədi tapdı. Bütün ailə süfrə başına yığışanda giriş qapısı o biri üzdən cırmaqlandı. Açınca, kandarda həmin iti gördülər. O an Muhəmmədin tikəsi boğazındaca ilişib qaldı.

Səhəri gün eşşəyinin belinə minən Muhəmməd şəhər kənarına üz tutdu. Ağımtıl xəzi göyümtül rəngə bulaşan it də üzüyola halda düşdü onun dalınca. Yol boyu Muhəmməd elə hey ona tərəf qanrılaraq, öyüd-nəsihət verdi:

- Axı niyə ağlına qoyubsan ki, məhz mən sənə sahib çıxmalıyam, hə? O boyda şəhərdə bəyəm sığınmaq üçün özünə başqa bir adam tapammadın ki, gəlib mənə ürcah oldun?! Birkərəlik rədd olub getsənə başımdan...

Beləcə, onlar bir cüt yoldaşa döndülər, çöllü-biyabanda birgə gəzib, dolaşdılar. Vaxtı gələndə, Muhəmməd səccadəsini yerə sərib, namazını qılırdı.

Ən nəhayət, gəlib kiçik bir kəndə çatdılar, bir az aralıdakı qoyunlar saralmış otları qırpışdırırdı. Muhəmməd burada bir hovur dincəlmək qərarına gəldi - axı yola çıxalı düz iki gün olmuşdu. Bu müddətdə itin ona hələ bir neçə dəfə xeyri də dəymişdi: məsələn, güclü külək başındakı çalmanı alıb, qumların üstüylə dığırladanda və Muhəmməd qaçaraq, ona heç cür çata bilməyəndə yerindən götürülən it çalmanı cəld yaxalayıb gətirmişdi.

Ancaq bu dəfə deyəsən, işlər öz yolunda gedirdi: öz sahibini bir an belə gözdən qoymayan it böyük həvəslə qoyunların ardınca da ora-bura qaçırdı, günün sonuna doğru isə heyvanları bir araya toplamaqda çobana canla-başla kömək eləyirdi. Bu işə hədsiz maraq saldığından bir dəfə hətta unutqanlığı ucbatından sürüyə qoşulub, təpələrə qədər getmişdi də.

Bu qəfil fürsətdən yararlanan Muhəmməd cəld şəhərə, ailəsinin yanına qayıtmışdı.

Aradan bir neçə gün keçdi və Muhəmmədin davranışlarında indiyədək heç nəzərə çarpmayan yeni vərdişlər və hərəkətlər özünü büruzə verməyə başladı. Məsələn, küçədə gedərkən, o, elə hey qanrılıb, arxasına baxırdı. Niyə edirdi ki, bunu? Kimi axtarır, arxasınca kimin gələ biləcəyindən ehtiyatlanırdı axı? Evində, xüsusilə də süfrə başında oturarkən aramsız şəkildə öz ətrafına qulaq kəsilirdi. Sonra durub, qapını açırdı: nədənsə ona elə gəlirdi ki, kim isə qapını ya taqqıldadıb, ya da cırmaqlayıb. Axırda iş o yerə çatırdı ki, qapını ümumiyyətlə açıq buraxırdı. Qapının arasından süzülən işıq zolağında hər hansı kölgə peyda olduğu an kişinin əli tutduğu qaşıqla birlikdə havadaca donub, qalırdı. Uzun sözün qısası, evdəki hər kəs Muhəmmədin itin yolunu gözlədiyinin fərqində idi artıq. O cür vəfalı bir heyvana layiq olduğu dəyəri vermədiyinə görə kişi, deyəsən, peşmanlamışdı. Həm də ona sözün əsl mənasında bağlandığını anlayırdı. Şəhərdəki ən yüksək yerlərə dırmaşmaqla, Muhəmməd o nöqtələrdən meydan və küçələrə göz qoyur, şəhər kənarındakı, o itlə birgə mürgülədikləri kölgəli yerə, onu azdırmağa çalışdığı yerlərə dönə-dönə baş çəkirdi.

Ən axırda bu işdən bezdi, eşşəyinin belinə minib, yola düzəldi. İki gün getdikdən sonra gəlib o qoyunlar otlayan kəndə çatdı, çobandan həmin iti görüb-görmədiyini xəbər aldı. O da dedi ki, Muhəmməd çıxıb getdiyi vaxtdan o it də buralardan ilim-ilim itib. Haraya gedərdi görən?

Çoban əliylə uzaqlarda görünən xarabazarlığı ona nişan verdi.

Həmin xarabalıqlara yaxınlaşan Muhəmməd orada ovcundakı narın şirəsini iştahla sümürən ağbirçək bir qarıya rast gəldi və qadın itin hansı səmtə yollandığını göstərdi.

O da təkrar yola düzəldi. Muhəmmədin yolu uzandıqca uzanırdı. Ətrafında yerin-göyün od tutub yandığı bu səhrada nə bir ağac vardı, nə də bir insanoğlu. İns-cins gözə dəymirdi. Hər yanı sadəcə qum dənizi bürümüşdü.

Sən demə, xəzi göyümtül boyaya bulaşan it də o ara yorğun-arğın halda, tozun-torpağın içində təkrar şəhərə qayıdıbmış və tanış qoxular sayəsində Muhəmmədin evini tapıbmış.

Budur, artıq o, tanış qapının önündədir və bütün ailə sevinc içində onu qarşılayırdı: hamı əmindir ki, it geri dönübsə, ev sahibi də gec-tez bu yerə qayıdasıdır.

 

Dilimizə çevirdi: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!