"Ədəbiyyat qəzeti"nin baş redaktoru sayın Azər Turana
Bu ilin mart ayının 5-də və 6-da şair Əkbər Qoşalının 50, mənim isə 60 illik yubileyimdə iştirak etmək üçün Dünya Gənc Türk Yazarları Birliyinin dəvəti ilə xarici ölkələrdən gələn nümayəndə heyətinin tərkibində Çuvaşıstan Peşəkar Yazıçılar İttifaqının sədr müavini, Çuvaşıstanın tanınmış şairi və jurnalisti, Azərbaycan sevdalısı Marina Karyagina da var idi. Xeyli müddətdir ki, ədəbi əlaqələrimiz üzərindən yaradıcılığına və ictimai fəaliyyətinə yaxından bələd olduğum, ümumtürk ədəbiyyatı adına çalışmalarından dolayı şəxsinə sayqı duyduğum Marina xanımla ədəbi əlaqələrimiz barədə xeyli söhbət etdik, bu sahədəki uğurlarımızdan və qayğılarımızdan danışdıq. Bu arada Çuvaşıstanın görkəmli söz adamı, Çuvaşıstanın Xalq şairi, ictimai xadim Peder Xuzanqayın yaradıcılığına da münasibət sərgiləməli olduq. Şairin "Epir pulna, pur, pulatpar!"("Biz vardıq, biz varıq, biz olacağıq!") adlı şeirinin üzərində xeyli dayandıq. Şeir məni çox duyğulandırmışdı. Ayrılanda Marina xanıma söz verdim ki, bu möhtəşəm şeiri Azərbaycan dilinə tərcümə edəcəm. Və sözümü tutmağım bu vaxta təsadüf etdi. Bu gün - 25 Aprel Çuvaşıstanda Ana dili günü kimi qeyd edilir. Bu tərcümə çuvaş qardaşlarımız üçün məndən bir ərməğan olsun deyə düşündüm.
Tərcüməni və şairin qısa özkeçmişini "Ədəbiyyat qəzeti"ndə dərc etməyinizi sizdən rica edirəm.
Sayğılarla;
İbrahim İlyaslı
25 aprel 2023
Peder Xuzanqay
22 yanvar 1907-ci ildə Tatarıstanın Kazan quberniyasının Sixterma nahiyəsində doğulub. Çuvaş Pedoqoji Texnikumunu və Kazan Pedaqoji İnstitutunu, daha sonra SSRİ Yazıçılar İttifaqı nəzdində Ədəbiyyat kurslarını bitirib.
RSFSR Ali Sovetinin və Çuvaşıstan Muxtar Respublikasının Ali Sovetinin deputatı, Çuvaşıstan Yazıçılar İttifaqının sədri, RSFSR və SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü olub.
A.Puşkinin, M.Lermantovun, M.Qorkinin, V.Mayakovskinin, V.Şekspirin, T.Şevçenkonun və b. əsərlərini doğma çuvaş dilinə tərcümə edib.
1950-ci ildə Çuvaşıstanın Xalq şairi adına layiq görülüb.
4 mart 1970-ci ildə Çeboksarıda vəfat edib və orada torpağa tapşırılıb.
2002-ci ildə doğma kəndi Xuzanqayda Xatirə Muzeyi yaradılıb.
Çeboksarıda onun adını daşıyan mədəniyyət evi, məktəb, kitabxana və küçə var. 1960-70-ci illərdə yaşamış olduğu evə xatirə lövhəsi vurulub.
Çeboksarı şəhərində abidəsi ucaldılıb, Çuvaş Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda büstü qoyulub.
Peder Xuzanqayın yaradıcılıq diapazonu şair, tərcüməçi, publisist və jurnalist kimi çox geniş, əhatəli və dolğundur. Əsərləri bir çox dünya dillərinə tərcümə edilib. O, eyni zamanda çuvaş xalqının fəxr etdiyi bir görkəmli milli ictimai xadimdir.
Uzaq əsrlərin addımlarında
Biz vardıq, biz varıq,
biz olacağıq
Müdriklik daşınır tarixə birbaş.
Qədim kitabların axtarışında
Ulu keçmişini arayır çuvaş...
İnadla irəli yürüyüb, həm də
Keçmişə boylanıb dərs alacağıq.
Bir düşüncə mənə güc-qüvvət verir:
Biz vardıq, biz varıq, biz olacağıq!
Meşəyə bənzədib bəşəriyyəti
Şairlər, qoy olsun... bu da bir təşbeh.
Meşədən meşənin fərqi var axı,
Elə yaxşı ki var, aydındır hər şey.
Buymuş düşmənlərin düşündükləri:
"Onları kökündən doğrayacağıq..."
Buna o əllərin qüdrəti çatmaz,
Biz vardıq, biz varıq, biz olacağıq.
Nə nifaq toxumu əkmişik, nə də
Nifrət bəsləmişik yaxın qonşuya.
Ancaq öz adıyla səslənmişik biz,
Göylərdə günəşə, ulduza, aya.
Soyumuzdan gələn idrakımızla
Gecələr aləmə nur saçacağıq.
Yenə qəlbimizdə odlu hərarət,
Biz vardıq, biz varıq, biz olacağıq!
Bu dözüm, dəyanət dolu kəlmələr,
Millətin fəxridir, təkəbbür deyil.
Bizi yaşadacaq əsrlər boyu
Bu möcüzə-ilmə, bu şərqi-şeir.
Elə bu inancla yer kürəsində
Ən uzun yolları adlayacağıq.
İnancın gücü var qanadımızda...
Biz vardıq, biz varıq, biz olacağıq!
"Dilimiz kasıbdır..." deyə söz atdı,
Burnunu sallayıb başqa bir çuvaş.
Nifrətlə baxırıq bu nankorlara,
Onlara qarşıdır açdığım savaş.
Heyif, ruhu kasıb belələr də var,
Duymaz köksümüzdə qabaran dağı.
Ona qənim olsun yazdığım şeir:
Biz vardıq, biz varıq, biz olacağıq!
Əngəllər düzüldü yollarımızda,
Onları əzmlə adlaya bildik.
Varlığı - bir xalqın həm mükafatı,
Həm də ən möhtəşəm abidəsidir.
Yoxsulluq da gördük, göz yaşları da,
Öpüb, and yerimiz etdik torpağı.
Bürküdən, sazaqdan, çamurdan keçib,
Biz vardıq, biz varıq, biz olacağıq!
Yüz ölçüb, bir biçib xatırlayıram
Müsibət içində ötən illəri...
İlham alıb onun aydınlığından,
Ulu xalqım üçün yazdım bu şeiri.
Bilirəm, birlikdə söyləyəcəyik:
"Yararaq ən qatı qaranlıqları
Bu doğma torpağın üstündə daim
Biz vardıq, biz varıq, biz olacağıq!"
Tərcümə: İbrahim İLYASLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!