Fransız dilindən tərcümə
Jak PREVER
***
Nəfəs kimi dayanmaq
Ürək kimi yatmaq
Yuxu kimi oyanmaq
Ömür kimi bitmək
Ölüm kimi yaşamaq...
Bu sevginin ömrünü
Ölüm qədər uzatmaq...
Pyer KORAN
(1934, fransız dilli Belçika şairi)
Ağappaq Paris
Qar gecəylə birgə
Parisə yağdı
Qarışqa yerişiylə...
Küləkli şəhər
Qışı ağ boyayla çəkdi
Nəhəng addımlarıyla...
Susqun Sena
Buxur rənginə
Boz tütün rənginə çaldı
Ağappaq fonda
Zaman dayanıb,
Qarışqa yoxdu.
Nəhəng addımlarla
Yağdı Parisə
Qar da, gecə də...
Payız
Ağacların saçı tökülüb qısalanda
Ay çevrəsini qucaqlar onların
Ağ duman içindən keçərək
Küləksə uçur, küləksə əsir
Qarğa-quzğun kimi
Ulduzların altında fırlanır...
Niyə mənim ürəyim belə qopur, ağrıyır
Ağacların saçı tökülüb qısalanda,
Sarmaşıqlar
Qaranquşun barmaqları arasında...
Şəfəq söküldüyündə eşitdinmi
Şaxta barabanlarını çalır
Dirəklər bəs?
Ağacların saçı tökülüb qısalanda
Ürəyim niyə ağrıyır, niyə?
İngilis dilindən tərcümə
Çarls BUKOVSKİ
Yarpaqların faciəsi
Ölən yarpaqların quruluğuna oyandım,
dibçək bitkiləri qarğıdalı kimi saralmışdı;
qadınım tərk etmişdi məni
boş şüşələrsə qana bələnmiş cəsədlərdi
dövrəyə almışdılar məni ümidsizcəsinə
öz vecsizlikləriylə;
ev sahibəsinin məktubu
"borcunu ver", - deyə qşqırırdı,
dil boğaza qoymurdu
sarı ləkələr düşürdü döşəməyə bu acıqlı.
Tomas Bernhard
***
Qarğa qarıltısı
Tutub saxladı məni.
Bu qarıltı içində
Bu qışqırıq içində
Düzü-dünyanı gəzib dolaşmalıydım.
Dayanmadan, gecikmədən...
Qarğa qarıltısı.
Tutub saxladı məni.
Dünən orda, çöldə oturmuşdu, donmuşdu,
Ürəyim onunlaydı.
Ürəyim qaralır, hey qaralırdı
Çünki
Özünü
Qanadı altında gizlətmişdi...
Vasile ROMANÇUK
(Bessarabiya)
Hərflər sakitcə
tökülür aşağı
Mən sükut sözünü təmsil edirəm.
İşıqlı isti yağışlar yağır,
hərflər sakitcə tökülür aşağı
Səma əlifbasından -
Onlardan söz düzəldə bilsəydim,
Şeirlərin ilahi eşq haqda
Sevincini duya bilərdim əlbət.
Uzun zamandı eşq haqda
bir şeir təəccübləndirir məni,
Qeyri-adi bir şeir,
Harada ki hisslər
Neologizm sözlüyünə
Arxaizmlər sözlüyünə baxmadan
Oxuna və anlaşıla bilər.
Hisslər
Özcə işıqları sayəsində
Görünə bilirlər şəkil kimi.
Eşidilməzdən qabaq
Sükutu doğan
Hisslər...
Mən sükut sözünü təmsil edirəm.
Mümkün variant
Söz olmaq istərdim
(Mən sözəm, - Nikita Stenesku yazırdı),
Söz -
Günbəgün, hər an,
hər saat axtarsın məni şair və
Tapmadan
Şeirini tamamlaya bilməsin.
Elə bir söz ki,
Başqa heç bir sözlə qafiyələnməsin,
Bayağı beytin qandalları qoluna keçməsin
(ah, şeirin dabanı altda olmaq
Necə həqarətdir -
Sözün Axilles dabanı altında əzilmək!)
Söz olmaq istərdim,
Təkcə və tənha,
Tərkidünya söz.
Cavanşir Yusiflinin tərcüməsində
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!