"Telegram"dan bir mesaj gəldi: "Özbəkistanın Xalq artisti Filan Filankəsov 65 yaşında vəfat etdi".
"Heyif, cavan imiş, Allah rəhmət eləsin!" deyərək fatihə oxuyub əlimi üzümə çəkdim.
Çox keçmədən zəki birisinin sosial mediada yazdığı status gözümə ilişdi: "Özbək sənətinin Atabəyi həyata vida etdi". Nədənsə bu cümlə mənə dərindən təsir etdi. Halbuki, mən artist-martist deyiləm, kiçik bir sığorta şirkətində adi bir əməkdaşam. Mərhumla tanışlığımız da yoxdur. Bir ara lüks markalı avtomobilini bizim şirkətdə sığorta etdirdiyini görmüşdüm. Rəhmətlik Avropa təbiətli adama oxşayırdı. Özbəkcə hıqqanaraq danışırdı. Ancaq düzünü desək, "Atabəy" rolunu nə kinoda, nə də səhnədə ondan daha yaxşı oynayan başqa bir sənətkar yox idi.
Hər zamankı kimi işim çox, vaxtım az idi, amma bir az ona olan heyranlığımdan, bir az da Atabəyə hörmətimdən dolayı onun cənazə namazında iştirak etmək istədim. Sorub-soruşdurdum, saat 12-də evindən qaldırılacağını, sonra Minar qəbiristanlığında cənazə namazının qılınacağını öyrəndim.
Saat birə on dəqiqə qalmış gəlib qəbiristanlığa çatdım. Ətrafda böyük bir izdiham vardı, küçələr maşından geçilməz olmuş, cənazə yerinə insanları gətirən otuza qədər yaşıl rəngli "Mersedes" avtobusu yola düzülmüş, hər tərəf ora-bura qaçışan polislərlə dolmuşdu.
Biixtiyar həyəcanlandım, qürurlandım. Baxın, deməli, xalqımız özünü, mənliyini anlayıb dəyərlərinə sahib çıxmağa başlayır! Milli timsalını, bu vətən uğruna şəhid düşən Abdulla Qədirinin Atabəyini son mənzilə yola salmaq üçün bu qədər adam gəlmişdir. Gənclərin bu qədər çox olmasına nə deyirsən! İş günü, nahar vaxtı, pul versəniz də o qədər adam gəlməz.
Bu zaman cənazə maşını da gəlib çatdı. Qapı önündə içəriyə doğru səf tutan minlərlə adam hörmət və təvazö ilə tabutu əldən-ələ ötürür, hər kəs əlini tabuta uzadır, bu ulu savaba nail olmağa çalışırdı.
"Məkanı cənnət olsun!" - deyə içimdən pıçıldadım və bir neçə saniyə də olsa tabuta toxunmaq şərəfinə nail oldum.
Xalq sevimli aktyorunu, əziz Atabəyini başının üstünə qaldırıb ona özünün sonuncu və sonsuz izzət-hörmətini bildirirdi. Budur sənətə sevgi, budur sənətkara ehtiram!
İzdihamın arxasınca yavaş-yavaş addımlayaraq irəliləyirdim. Hər addımda televizorda, qəzetlərdə boy-boy şəkilləri çıxan məşhurlara rast gəlirdim. Nazirlər, valilər, hakimlər, deputatlar, formalı, formasız hərbçilər, ən ali idarələrin ən ali işçiləri, akademiklər, professorlar, sıravi insanlar, nurani ağsaqqallar, cavanlar…
Baxın, sən demə, qəflətdə olmuşuq. Bu aktyorumuz özü də, başqaları da bilmədən bütün xalqın ürəyində bu qədər dərin yer tutmuşdur. Bu, millətimizin öz dəyərlərinə sahib çıxdığını göstərən xoşbəxt anlar idi.
Təxminən iki-üç kilometrə qədər əldən-ələ, çiyindən-çiyinə ötürülən tabut nəhayət son mənzilinə gəlib çatdı. Qəbiristanın mərkəzindəki abad, gülü-reyhan bağçasına çevrilən, kölgəli bir məkanda qazılan qəbir önündə tabutu yerə endirdilər. Yolun iki kənarına düzülmüş eyni şəkildə, eyni rəngdəki stullar adamları gözləyirdi.
Dəfn mərasimini əda etməyə gələn əhli-üləma ortaya çıxdı. Onların içindəki yaşı və mənsəbi yüksək olanı cənazə namazına hazır olmamızı söylədi.
Yenə həyəcandan boğazım düyünləndi, içimdən bir hıçqırıq gəlirdi sanki. Baxsanıza, baş imam həzrətləri şəxsən təşrif buyurmuşdur! Əzan oxundu, izdiham səf tutdu, mən də bir yol tapıb səfə qatıldım. İfrat izdihamdan dolayı insanların çoxu qəbiristanlıq dışında qalmışdı.
İncəvəra, təşkilatçılar belə vəziyyətin ola biləcəyini nəzərə alaraq dışarıya mikrofon qoymuşdular. Ona görə də imam həzrətlərinin incə səsi dörd tərəfdə eşidilirdi.
"Möhtərəm camaat!" - deyə həzrət danışmağa başladı. "Allah-təala özünün mübarək kəlamında mərhəmət buyurur ki, "Küllü nəfsin zaikət ül-mövt". Yəni hər bir canlı ölüm şərbətini dadacaqdır. İndi bugün hamımız üçün ulu insan, dəyərli qardaşımız, uzun illər elimizə, yurdumuza sədaqətlə, halal-pak xidmət edən... Eşqüvvət əkəmizi axirətə yola salmaq üçün cənazə namazına cəm olmuşuq. Əzizlər..."
Qulaqlarıma inana bilmədim, ağlım çaşdı, yan-yörəmə baxmağa başladım. İmam həzrətləri isə hələ də mərhumun gözəl sifətlərini sadalamağa davam edirdi: "Möhtərəm Eşqüvvət əkəmiz uzun illər boyu müxtəlif idarələrdə fədakarlıqla işləyərək bütün xalqımızın könlündə yer tutmuşdur".
Çaşıb qalmışdım, nə edəcəyimi bilmirdim. Cənazə namazı səfini tərk etmək münasib olmazdı. Şükür ki, namaz da qısa sürdü, bəxtimdən tez bitdi. Amma bu sual cavabsız qaldı: bu sirli Eşqüvvət əkə kimdi?
İzdiham yenə qüdrətli dalğaya çevrilərək qəbir tərəfə axın etdi və mərhum ilə vidalaşmaq üçün tələsdi.
İnsanlar arasından birtəhər sivişib kənara çəkildim. Bir az irəlidəki qəbirlər arasında ənənəvi arxalıq geymiş, əlində vedrə tutan bir ixtiyar gördüm. Məzarlara baxan qarovulçu və ya xidmətçidir deyə düşündüm. Yavaşca yanına yaxınlaşdım. Salam verdikdən sonra "Əmi, vəfat edənin kim olduğunu bilirsinizmi?" - deyə soruşdum.
İxtiyar başını qaldırıb "Kimin dəfninə gəldiyini də bilmirsən?" deyərcəsinə çaşqın-çaşqın mənə baxdı, sanki biri duysa ayıb olacaqmış kimi qısıq səslə "Filankəsin qudası" dedi. Sonra hamıya məlum olan məşhur bir adamın adını söylədi.
Həə, indi hər şey aydın oldu!
"Burada başqa bir cənazə də vardımı?" deyə soruşdum. "Hə, bu tərəfə bayaq bir meyit gətirdilər, hələ namazı qılınmadı. İmamı gözləyirlər" - dedi ixtiyar.
O tərəfə doğru yol aldım. Gəlib gördüm ki, qəbiristanlığın ən ucqar bir yerində, uzun zamandır süpürgə dəyməmiş bir guşədə təxminən otuza yaxın özbək və rus millətindən olan adam var. Yolun bir tərəfində tabut vardı, başını ağ çit dəsmalla möhkəm bağlayan şişman bir adam qəbir qazırdı.
Sürahiyə söykənib papiros çəkən, başında beretka, çiynində böyük çanta olan adama yaxınlaşaraq "Artist əkəmizimi gətirdiniz?" deyə soruşdum. "Da, da! Vot, mullu jdyom", (Bəli, bəli! Mollanı gözləyirik) - deyə rusca cavab verdi və cibindən telefonunu çıxarıb onunla oynamağa başladı.
Yarım saat qədər gözlədik.
Nəhayət, qəbir tam hazır oldu. Eşqüvvət əkənin dəfn mərasimindən gələn gənc, saqqalı hələ doğru-dürüst çıxmamış molla asta addımlarla bizə doğru gəlməyə başladı. Müxtəlif insanlardan ibarət olan camaata çaşqınlıqla baxdıqdan sonra cənazə namazını başladı.
Bir-birimizi itələyərək səf tutduq.
"Hörmətli camaat!" - deyə molla sözə başladı. "Qəzayi-müəllək, bugün bu yaşlı dədəmiz əmanətini geri verir. Allah-təala mübarək Qur'ani-Kərimdə mərhəmət edib buyurmuş ki..."
Biixtiyar gözüm yaşla doldu. Bəlkə də mədrəsənin birinci və ya ikinci kurs tələbəsi olan zavallı molla da mənim kimi kimin dəfninə gəldiyinin fərqində deyildi.
Nəhayət, özbək sənətinin Atabəyini dəfn etdikdən sonra geri qayıtdıq. "Özbək xanım qaralara bürünərək yas tutdu".[1]
(Bu əhvalatı mənə 37 yaşlı sığortaçı Qutluğ Tursunbayev danışıb)
Özbək dilindən tərcümə: Ramiz Əskər
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!