Sergey Yurski Azərbaycanda - Həmid Piriyevin təqdimatında

 

Dünyaca məşhur rus aktyor Sergey Yurski (1935-2019) elə sənətkarlardandır ki, onun fəaliyyətini bir sözə sığışdırmaq mümkün deyil. Kim idi Sergey Yurski? Teatr və kino aktyoru, rejissor, ssenarist, dublyaj aktyoru, şair, yazıçı və s. və i.a. Şəxsən mənim üçün Yurski ilk növbədə Daniil Xarmsın, Vasili Şukşinin hekayələrinin əvəzsiz ifaçısıdır. Gənc nəsil onu yaxşı tanımasa da, yaşlı nəsil "Qızıl dana"nın Ostap Benderini, "Görüş yerini dəyişmək olmaz"ın Qruzdyevini, "Qorxma, mən səninləyəm"in Polis pristavını, "Məhəbbət və göyərçinlər"in Mitya dayısını ... yaxşı xatırlayır. Onun həyatı bir-birindən parlaq sənət uğurları ilə zəngindir.

Amma çox adamın bilmədiyi bir məqam var: Yurski yetmişinci illərin ortalarında növbəti xarici səfərindən qayıdandan sonra yazdığı hesabatda ehtiyatsızlıq üzündən çox cüzi bir səhv buraxır və bu səhv ucbatından həyatı və karyerası "tükdən asılı qalır". Əlbəttə, məşhur dissident yazıçı Aleksandr Soljenitsınla çoxdankı dostluğunun da burda payı vardı. Kino və televiziya onun üzünə bağlanır. Ancaq teatrda çıxış edə bilir, o da ancaq köhnə tamaşalarda. Yeni tamaşalarda rol almaq da ona qadağan edilir. Çoxları ona mühacirətə getməyi məsləhət görsə də, o razılaşmır. SSRİ-də qalıb sənəti uğrunda mübarizə aparmağa başlayır. Həmin çətin dönəmdə isə onun köməyinə məhz Bakı şəhəri çatır. Rusiyanın bütün kinostudiyalarının qapısının üzünə bağlandığı vaxt Sergey Yurski ailəsi ilə birlikdə Bakıya gəlir. Bir neçə il burada yaşayır və "Azərbaycanfilm"in ekranlaşdırdığı üç filmdə rol alır: "Dərviş Parisi partladır"da müsyö Jordan (rej.: Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov), "Şir evdən getdi"də Ovçu, Ekskursiya bələdçisi və Qarovulçu (rej.: Rasim İsmayılov), "Bir ailəlik bağ evi"ndə Direktor (rej.: Yuli Qusman).

Yurskinin "Jest" kitabında Bakıya həsr etdiyi bir neçə şeir və çox kiçik xatirə yazısı yer alıb. Həmin xatirə yazısını oxuculara təqdim edirik.

Həmid Piriyev

 

Sergey Yurski Azərbaycanda

"Hardasa on il qadağa altında yaşadım. Buna öyrəşdim, çünki "Azərbaycanfilm"dəki çəkilişlər və ailəmlə birlikdə Bakıda, Xəzər sahilində istirahət məni tamamilə qane edirdi. Doğrudan da hər şey çox yaxşı idi. Ucsuz-bucaqsız çimərlik. Qum. İsti dəniz. Çimərlikdə onda hələ cavan oğlan olan Yuli Qusmanın hazırcavablığı hökmranlıq edir. Hərdən qohumlarının və dostlarının əhatəsində İbrahimbəyov qardaşları da gəlir. Qum üstündə bardaş qurub oturub siyasi iqtisadiyyat professoru Pismanla şahmat oynayırıq. Pisman mənə deyir: "Bu nədir ki... Sən, bax, o uşaqla oyna, Lyonyanın yanında oturanı deyirəm. Sənə əminliklə bildirirəm ki, Qarri Kasparov dünya çempionu olacaq".

Ölkənin bütün mərkəzi kinostudiyalarının qapıları üzümə bağlanmışdı. Qadağa Leninqraddan qaynaqlanırdı, amma Moskvaya da, Kiyevə də, Sverdlovska da aidiyyatı vardı... Bakı isə... Bakı - ayrıca milli kinodur. Filmlərin orijinalı Azərbaycan dilində çəkilir. Bura hər şeyi görən gözlərdən kənar qalıb. Məhz burada mənə qucaq açdılar. Mən üç filmdə oynadım, bir neçəsində də epizodlarda rol aldım. Birinci filmin qəribə adı vardı: "Dərviş Parisi partladır". Bu XIX əsr Azərbaycan ziyalısı Mirzə Fətəli Axundovun klassik pyesidir. Filmdə baş rolu - müsyö Jordanı canlandırdım... Sözlərimin yarısını fransızca danışdım, qalan yarısını isə dostum və həmkarım Həsən Turabovun köməyi ilə azərbaycanca dedim.

Leninqradda Tovstonoqovun (Georgi Aleksandroviç Tovstonoqov - teatr rejissoru və pedaqoq, Maksim Qorki adına Leninqrad Böyük Dram Teatrının baş rejissoru - tərc.) köhnə tamaşalarında oynamağa davam edirdim. Çox oynayırdım. Mövsüm başlayanda filmi tamamlamaq üçün həftədə üç-dörd dəfə gedib-gəlməli olurdum. O vaxt təyyarələr indikindən yavaş uçurdu. Bakı-Leninqrad gecə reysi. Təyyarə fasilə ilə altı saata çatırdı. Səhər Piterə çatırdım. Axşam tamaşanı oynayırdım və yenidən aeroporta. Amma cavan idim, beləsi hətta xoşuma gəlirdi, qətiyyən yorğunluq hiss etmirdim.

O vaxtlar olduqca xüsusi insan olan İqor Plavski (Azərbaycan prokuroru, Qarakənd faciəsinin qurbanlarından biri - tərc.) ilə dostluğum başladı. O, kifayət qədər vacib partiya adamı olsa da, savadlı, geniş və azad düşüncəli insan idi. Onunla vaxt keçirmək maraqlı və əyləncəliydi. Onun arvadı və qızı, mənim arvadım və qızım. Hamımız birlikdə iki möhtəşəm yay keçirtdik. Leninqradda hakim dairələrin mənə təzyiqi güclənirdi. Natalya Tenyakova (aktrisa, Yurskinin ikinci həyat yoldaşı - tərc.) ilə Moskvaya qaçmaq istəyirdik. Bizi buraxmırdılar. Hər şey təhlükəli hal almağa başlayırdı, hətta evdəki söhbətlərimiz də. Amma burada, Plavski və arvadı Mila ilə birlikdə - sərbəstlik, azadlıq. Çox sağ ol, Bakı! Sən o vaxt məni xilas etdin, Bakı!

Amma səni sevən həqiqi bakılı İqor Plavskini qoruya bilmədin. İqor sonralar Dağlıq Qarabağın prokuroru oldu və hərbi əməliyyatlar vaxtı kim tərəfindən vurulduğu bilinməyən helikopterdə həlak oldu.

Ölkənin və mənim həyatımın ən durğun illəri yaddaşımda qaynar Xəzər günəşi ilə yazılıb".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!