Ramazan ayında rastlaşanların bir-birinə verdikləri suallar eyni idi:
- Ramazanla aran necədir?
Amma bu suala alınan cavablar xeyli dərəcədə fərqlənirdi. Kimsə gündəlik həyatındakı hadisələrdən söz salırdı. Məsələn, deyirdi ki, başına fəs qoymadan küçəyə çıxdığı üçün özünə gülənləri görüb, durumu anlayaraq, əlüstü evə dönübmüş. Qıldığı namazı bitirəndə anlayıbmış ki, abdəst almağı unudub. Ya da məsciddə xütbə dinləyərkən yuxuladığı üçün qaloşları çırpışdırılıb. Bəziləri də özündənrazı tövrlə deyirdi: "Gözümün işığı olan Rəbbim dərd də verir, səbr və dərman da. Bu mübarək ayın necə gəlib, necə getdiyi heç hiss olunmur ha!" Əlbəttə, bu sonuncu cavab yay mövsümünə düşən ramazanlara, yəni günlərin uzandığı vaxtlara uyğun gəlirdi.
Bəzi cavablar isə zarafatla yoğrulurdu:
"Bəktaşiyə "Ramazanla aran necədir?" sualı ünvanlananda cavabı belə olubmuş: "Yola gedirik də, ay ərənlər! Nə mən o mübarək fağırı incidirəm, nə də o, biz fağırlara dəyib-dolaşır".
Ramazanın on beşindən sonra böyük iftar süfrələri qurulurdu. Elə imarətlər var idi ki, gələnlərin üzünə qapılarını laybalay açırdı. İçəri girən hər kəs də keçib, özünə layiq bildiyi süfrələrdən birinin başında əyləşirdi. Yeməkdən sonra həmin imarətləri tərk edən qonaqlar ciblərinə hələ "diş kirası" adlanan müəyyən məbləğdə xərclik də qoyulmaqla yola salınırdılar.
Bir gün Bəktaşi (Anadolu türklərinin folklorunda öz hazırcavablığı ilə seçilən bir lətifə qəhrəmanı - A.Y.) iftar süfrəsində təsadüfən din alimiylə yanaşı əyləşməli olur. Ev sahibi rind (1. Əhli-keyf, 2. Səxavətli - A.Y.) bir adam imiş. İftar bitdikdən sonra qəhvələr də içilir və söhbətə başlayırlar. Bəktaşinin ağzını arayırlar ki, dəm alarsan, ya yox?
Bəktaşi də etiraz eləməyib: "Eyvallah! - deyir. - Əfyuna da eyvallah, qayğısıza da eyvallah, qızıldəliyə də eyvallah (bu sadalananlar insana qısa müddətə xoş ovqat bəxş edən yüngül bihuşdarılardır - A.Y.). Yəni könül əyləndirməyin hər növünə "eyvallah"ım var".
Din aliminə də eyni suallar verilir, amma o, ciddiyyətini heç pozmadan bütün təklifləri rədd edir, hər dəfə: "Əstəğfürullah!" cavabını verir. Qapıdan çıxarkən xəzinədarın köməkçisi bunların hər ikisinə atlas kisəciyin içində "diş kirası" adlanan məbləği təqdim eləyir. Bəktaşi buna da: "Eyvallah!" - deyərək, həmin kisəciyi alıb cibinə qoyur.
Yolları ayrılınca din alimi səbrini basa bilmir, kisəciyin ağzını aralayıb baxanda görür ki, oradakı bir mətəlik (on quruş, Osmanlıda xeyli aşağı dəyərə malik sikkə - A.Y.) boynunu burub ona baxır. Tez ardınca qaçmaqla Bəktaşini yaxalayır və maraqlanır ki, bəs sənə nə qədər pul veriblər? Bəktaşi deyir ki, mən hələ baxmamışam. Din alimi onu dürtmələyir ki, bir baxsana. Kisəciyi açan Bəktaşi orada qızıl bir sikkə görür. Din alimi deyir: "Yox, bu bölgüdə nəsə yanlışlıq olub. Gəl, ora, yəni geri dönək".
Həmin evə qayıdırlar. Bölgü ilə bağlı suallarına xidmətçilərdən cavab ala bilməyincə, birbaşa ev sahibinin yanına yollanırlar. Din alimi ondan xəbər alır: "Bölgüdə yanlışa yol verilib. Yoxsa bu zındıq (dinsiz, Allaha və axirətə inanmayan kəs - A.Y.) hərifə altın sikkənin, iman adamı kimi mənə isə bir mətəliyin verilməsi heç rəvadırmı?!"
Ev sahibi deyir:
- Bölgümüzdə heç bir yanlışlıq-zad yoxdur: o əhli-keyf hərifin xərcləri üçün bir altın belə azdır, sən isə gözütox birisən, odur ki, elə o mətəliklə də bir gününü yola verə bilərsən.
Eləcə iftar deyibən də keçməyin, çünki iftar süfrəsinə düzülən o iftariyyəliklər arasında nələr olmazdı, nələr? Yeyib-doyan insanoğlu bu təamların yeyildikcə artdığını görcək, tam əminliklə öz hökmünü verərdi:
- Bu mübarək ay - bərəkət ayıdır, vəssalam.
İftariyyədən sonra süfrəyə şorba, ət, tərəvəz, börək, sütlaç və ya mühəlləbi, iki şirniyyatın arasında müəyyən fasilə yaransın deyə, plov, bunun ardınca paxlava, ya xəmirli bir şirni, ya da qaymaqlı güllaç gətirilirdi. Həm də bu sadaladıqlarım irili-xırdalı istənilən imarət üçün keçərli idi. Bəzən elə iftar məclisləri qurulurdu ki, süfrəyə verilən ləziz təamların ardı-arası kəsilmək bilmirdi. İnsan övladı da, eynilə Molla Nəsrəddin kimi, bu duanı təkrarlayıb dururdu: "Ya rəbb, ya mədəmi genişlət, ya da gözümü doyur". Sanki bu on bir ayın sultanı sayılan Ramazan on bir aylıq ərzağı, üstəlik də, şirini-duzlusu, ətlisi-südlüsü də daxil, hər çeşidiylə birgə təkbətək bir yerə yığıb-toplayıbmış, sonra isə hamısını birdən insanoğlunun qarşısına düzürmüş.
İftardan sonra sadə qəhvələr içilincə, təravih namazının da vaxtı yetişirdi. Təravihi xətmlə bir arada qıldıran məscid imamlarına da rast gəlinirdi. Bahariyyə mövləvixanasının imamı (ona "Zındıq Hafiz" də deyirdilər) "Qaragöz" tamaşalarına gedəcəyi gecələrdə otuz rükət namazı hətta on beş dəqiqəyə də sığdırmağı bacarırdı. İri imarətlər üçün ayrıca imamlar tutulur və təravih namazı elə imarətin qonaqlara ayrılan zalında qıldırılırdı. Bu da Ramazan ayına xas bir başqa şərəf idi.
Təravih namazı qılındıqdan sonra hər kəs öz zövqünə uyğun bir əyləncənin seyrinə çıxırdı. Kimisi mahyaların (əsasən Ramazan aylarında iri məscidlərin qoşa minarəsi arasında asılan işıqlı yazı və ya rəsm - A.Y.) tamaşasına dururdu. Həqiqətən də, bundan alınan həzz doyumsuz bir şey idi. Mahyaçı ustalar Ramazan ayının on beş gecəsi boyu qoşa minarənin arasını qəndillərdən qurduqları yazılarla bəzəyirdilər. İlk günlərdə "Mərhaba" və ya "Xoş gəldin" şüarlarına, bunun ardınca isə ayə və hədislərə üstünlük verilərdi. On beşinci gecədən sonra rəsmlərə keçilirdi - qızılgülə, qərənfilə, laləyə… İyirmi yeddinci gecədə, bəzi iri məscidlərdə isə məhz bayram gecəsi minarəyə xüsusi qaftan geyindirilərdi. Yəni minarənin külahından (baş qismindən - A.Y.) başlamış ta şərəfəsinə qədərki bölümü silsilə qəndillərin köməyi ilə bir növ parlaq duvağa bürünərdi.
Mahyalara tamaşa etməyi diləməyənlər, ya da bundan artıq doyanlar isə "Qaragöz"ə, meydan oyununa, məddahın məzə dolu söhbətinə, o dövrdə modern bir şey sayılan kukla teatrına baxmağa yollanardılar. Könül ovçuları isə "Dirəklərarası" adlanan səmtdəki seyrana qatılar, təravih namazından çıxan dilbərlərə mövsümdən asılı olaraq, lalə, qızılgül, ya da noğul atar, lavanda suyu fısqırdar, gözlərini süzdürüb ah çəkməklə, müəyyən jestlərin köməyilə onlara öz iltifatlarını bildirərdilər. O arada Zənci bacıdan çətir zərbəsi yeyənlərə də rast gəlinirdi.
Bütün bu sadalanan əyləncələr ta sahura qədər sürürdü: sahurda isə hər kəs öz evinə yollanmaqla, hazır süfrənin başında oturur, qarnını doyurub, siqareti-siqaretə calayandan sonra isə başını atıb yatırdı.
Məşhur bir lətifə də var. Bəktaşi iftar vaxtı bir evə gedir. Ev sahibi onun söhbətlərindən necə dərin feyzə dalırsa, təklif edir ki: "Sultanım, qal, sahuru da birgə yeyək". Onsuz da dəm vaxtı keçibmiş deyə, bu fikirlə əlüstü razılaşan Bəktaşi: "Eyvallah" - deyir. Yeyib-içirlər, qonaq durub getmək istəyəndə, ev sahibi: "Bu saatda yola çıxmazlar ki! - deyir. - Qal, səhər açılanda gedərsən". Yıxılıb yatırlar. Gecə yuxusu da Allahın nemətidir zatən, odur ki, səhəri gün üzü günortaya doğru oyanırlar. Ev sahibinin hüzuruna gedən Bəktaşi "diş kirası"nı alaraq, artıq yola rəvan olmaq istədiyini dilə gətirəndə adam deyir ki: "Onsuz da gün yarılanıb, gəl, bir axşam da mehmanım ol". Çarəsiz qalan Bəktaşi buna da razılıq verir. Günortadan sonra birlikdə evdən çıxırlar. O məscid sənin, bu məscid mənim deyə dolaşınca, təkrar axşam düşür. Şam yeməyini bitirən və üstündən bircə fincan qəhvə içməyən Bəktaşi qayıdır ki: "Sultanım, mən fağıra dəstur (izn, icazə - A.Y.) ver". Ondan sonra ev yiyəsi hər nə qədər dilə tutsa da, qonaq qalmağa razı olmur ki, olmur. "Diş kirası"nı alan kimi özünü qapıdan dışarı atır. Ondan sonrası isə… arif kəslərə hər halda məlumdur. Həmin Ramazan ayı bitincə qurulan hansısa məclisdə din alimlərindən biri heyfsilənərək deyir: "Eh, eh, bilmirəm necə oldusa, o mübarək Ramazanın bir gününü əldən qaçırdım". Orada olan bizim Bəktaşi tez ona belə təsəlli verir: "Heç heyfsilənmə, xocam, o fürsət əsla hədər getmədi: sənin əldən qaçırtdığın o günü şəxsən mən yaxaladım".
Adət üzrə deyərdilər: "Ramazanın on beşinə qədər sanki yoxuş qalxırsan, on beşindən sonrası isə enişi xatırladır". Bu iftar süfrəsi açmalar, iftara getmələr, "gecəboyu nəylə baş qataq, sahura nə bişirək" kimi qayğılar sıralanıb gedir. Ayın iyirmi biri də gəlir, iyirmi yeddisi də. Bu da ki - xətm (sonluq - A.Y.).
O ərəfədə Eyyub Sultanda iftar, hər hansı bir dərgaha baş çəkmə, ya da Xirqeyi-Səadətin ziyarətləri tamamlanınca bir də ayılırdın ki, bayramdan öncəki gün də gəlib çatıb. Mahyaçı həmin gecə minarələrin arasına ya "Əl-fəraq", ya da "Əl-vida" sözlərini yazır, ya da bir top arabası rəsmi yaratmaqla, topun lüləsindən çıxan mərmini qırmızı qəndillərlə təsvir edirdi. Ay da beləcə bitirdi.
Mətn 1962-ci ildə İstanbulda nəşr olunmuş "Ramazan gəldi, xoş gəldi" adlı kitabda gedib.
Dilimizə uyğunlaşdırdı:
Azad Yaşar
Müəllif barədə bilgilər
Əsl adı-soyadı Mustafa İzzət Baqi olan Əbdülbaqi Gölpınarlı (1900-1982) ədəbiyyat tarixçisi, şərqşünas və tərcüməçi kimi tanınıb. Ata tərəfi Azərbaycanın Gəncə qəzasına aid Göyçay bölgəsinin Gölbulaq kəndindən imiş. Sonradan Bursa şəhərini özünə məskən seçən ailə məhz bu səbəbdən özünə eyni mənaya gələn "Gölpınarlızadələr" soyadını seçib. Atası Əhməd Agah əfəndi Mövləvi təriqətinin üzvü olub, "Tərcümani-həqiqət" qəzetində jurnalist kimi fəaliyyət göstərib. 1877-78-ci illərin Türk-rus hərbi əsnasında ailə (indiki Bolqarıstanın) Ruscuk şəhərindən İstanbula köçməli olub. Anası Adıgey bölgəsində böyümüş Aliyə Şöhrət xanım adlı bir çərkəz qızı ilə də İstanbulda tanışlıq qurub, evlənib.
Ailədə doğulan uşaqlar çox yaşamadığından doğma babasının adını daşıyan balaca Mustafa İzzətə sonradan "Əbdülbaqi" (ərəbcə - qalıcı, əbədi) adı verilib.
7-8 yaşlarından etibarən Əbdülbaqi Bahariyyə mövləvixanasına ayaq açıb, təsəvvüflə bağlı ilk biliklərinə də orada yiyələnib. Yeniyetmə ikən atasını itirdiyi üçün maddi sıxıntı çəkən ailəsinə yardım məqsədilə təhsilini yarımçıq buraxıb, kitab satışı ilə məşğul olmağa başlayıb. Bir müddət Çorumda müəllimlik edib, inzibati işlərdə çalışıb. 1922-ci ildə İstanbula dönüb, əvvəlcə Kişi Müəllimlər Məktəbindən, daha sonra isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsindən məzun olub. 1930-cu ildə müdafiə etdiyi diplom işi üçün də yaxından bələd olduğu "Məlamilik və məlamilər" mövzusunu seçib. Sonrakı illərdə ədəbiyyat müəllimi kimi Konya, Kayseri, Balıkəsir və Kastamonu liseylərində, İstanbuldakı Heydərpaşa liseyində, 1939-cu ildən isə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində fars dilini tədris eləyib. Vaxtilə tələbəsi olduğu İstanbul Universitetində İslam və Türk tarixində təsəvvüfün yeri ilə bağlı silsilə mühazirələr oxuyub.
1945-ci ilin aprelində solçu-marksist fəaliyyətinə görə 10 aylığa həbsə atılsa da, bəraət qərarı aldıqdan sonra təkrar pedaqoji fəaliyyətə dönüb. 1949-cu ildə isə öz istəyi ilə pensiyaya çıxıb.
Əslən həmyerlimiz sayılan Ə.Gölpınarlı İstanbulun Üsküdar səmtinin Seyidəhməd məhəlləsindəki Şiə məzarlığında torpağa tapşırılıb.
Alimin şərqşünaslıq mövzularına həsr olunan xeyli sayda elmi məqalə və araşdırması o dövrün nüfuzlu qəzet-jurnallarında dərc olunub. Bunlarla yanaşı, o, "İslam ensiklopediyası" və "Türk ensiklopediyası" üçün bir sıra mövzularla bağlı materiallar da hazırlayıb. "Divan ədəbiyyatı bunları bəyan edir" (1945) adlı kitabında sözügedən ədəbiyyatı ədəbi-tənqidi kontekstdən kənar və əsasən ideoloji baxımdan dəyərləndirdiyinə görə alim öz həmkarlarının sərt tənqidlərinə məruz qalıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!