İtalyan kinorejissoru, şair və yazarı Pyer Paolo Pazolini 1922-ci il martın 5-də Roma yaxınlığında yerləşən Ostio vilayətində doğulub. Rejissorluqdan əvvəl şairliklə tanınan Pazolini 17 yaşından şeir yazmağa başlayıb. İlk şeirləri 19 yaşında çap olunub. Rejissorun şeirləri İtaliyada məktəb proqramına daxil edilib.
Orta məktəb illərində zabit olan atasının işi ilə bağlı olaraq İtaliyanın şimalındakı müxtəlif şəhərlərdə oxuyub. Bolonya Universitetində incəsənət tarixi və ədəbiyyatı üzrə ali təhsil alıb. İkinci Dünya müharibəsi illərində Friuli bölgəsində təzyiq altındakı kəndlilərlə keçirdiyi vaxt onun sonrakı dövrdə marksizmi mənimsəməsində mühüm rol oynayıb. Özünü ateist adlandırsa da, özünəməxsus dünyagörüşü və müqəddəs dəyərlərə sədaqətini qoruyub saxlayaraq marksizmi xristianlıqla uzlaşdırmaq cəhdi onun ətrafındakıları da heyrətə salıb.
1950-ci illərdə Romada kasıblıqla keçən həyatı onun "Ragazzi di vita" ("Həyatın oğlanları", 1955) və "Una vita violenta" ("Mərhəmətsiz həyat", 1959) adlı ilk iki romanına mövzu olub. Romanın xaraba məhəllələrinin yoxsulluğunu və səfalətini sərt realizmlə araşdıran bu romanlar onun "Accattone" ("Dilənçi", 1961) adlı ilk filminə bənzəyirdi. Hər üç əsər də oğrular, fahişələr və Romanın yeraltı dünyasından olan digər insanların həyatınlarından bəhs edir.
Rejissor, sosial tənqidi əks etdirən, qeyri-ənənəvi üslubu ilə diqqət çəkən filmləri ilə daim müxtəlif təbəqələr arasında mübahisələrə səbəb olub. Onun ən məşhur filmi "II Vangelo secondo Matteo" ("Müqəddəs Mattaya görə İncil", 1964) Hz. İsanın həyatı və ölümündən sadə, sənədli üslubda bəhs edir. Komik alleqoriya janrında olan "Uccellacci e Uccellini" ("Şahinlər və sərçələr", 1966) filmindən sonra "Edipo Re" ("Kral Edip", 1967) və "Medea" ("Medeya", 1969) filmlərində mifoloji hekayələri çağdaş perspektivlə canlandırmağa çalışıb. O, məşhur soprano Mariya Kallasın rol aldığı "Medea" filminin bir hissəsini Türkiyədə çəkib. "Teorema" ("Teorem", 1968) və "Porcile" ("Donuzxana") kimi filmlərində siyasi və dini baxışlarını çatdırmaq üçün erotizm, zorakılıq və korrupsiyadan istifadə etməsi Katolik kilsəsinin mühafizəkar təbəqəsi ilə münaqişəyə səbəb olub.
XX əsrin 70-ci illərinin əvvəllərində Pazolini Şərq ölkələrinə səfər edib. İran, Yəmən, Nepal kimi ölkələrə səfərində məqsəd sonradan çəkəcəyi trilogiyası üçün məlumatlar toplamaq olub. "II Decamerone" ("Dekameron", 1971) və "The Canterbury Tales" ("Kanterberi nağılları", 1972) filmləri ilə Orta əsr erotizmini nümayiş etdirib. Bu filmlər, 1974-cü ildə çəkilən "Ilfiore delle mille e una notte" ("Min bir gecə nağılları", 1974) filmi ilə trilogiya təşkil edir. Pazolini, həmçinin, bir çox şeir kitabları və ədəbi tənqid topluları nəşr etdirib. Onun bir neçə romanı da mövcuddur.
Tez-tez öz filmlərində epizodik rollarda çəkilən rejissorun həyatı da ən azı filmləri qədər tənqid olunub. Homoseksuallığını gizlətməyən Pazolini katolik ailəsində böyüsə də, özünü "ateist" kimi təqdim edib. Filmlərinə ailə üzvlərini, dost-tanışlarını, qeyri-peşəkar aktyorları cəlb edib. "Müqəddəs Mattaya görə İncil" filmində Məryəm rolunu rejissorun anası, İsa rolunu isə İspaniyadan olan 19 yaşlı tələbə oynayıb.
Pazolininin döyülmüş, üzərindən avtomobillə keçilmiş cəsədi 1975-ci il noyabrın 2-də səhər saatlarında Roma yaxınlığındakı Ostio kurortunun yaxınlığındakı boş sahədə tapılıb. Qətlinə görə müəyyən şəxslər həbs edilsə də, bu cinayət İtaliyanın açılmamış sirlərindən biri olaraq qalır.
Təqdim etdiyimiz müsahibə 1975-ci il oktyabrın 31-də alınıb. Həmin ərəfədə rejissor son filmi "Salo və ya Sadomun 120 günü" filminin təqdimatı ilə bağlı müxtəlif ölkələrdə səfərlərdə olub. Skandinaviyadan qayıdan Pazolini Fransada dayanıb. Parisdə "Antenne-2" kanalında qonaq olan rejissorun bu müsahibəsi "Dix de Der" verilişində lentə alınıb. İlk dəfə 2005-ci il dekabrın 12-də ictimaiyyətə təqdim edilib. Müsahibə Pyer Paolo Pazolininin 1975-ci il noyabrın 1-də hücuma məruz qalmasından əvvəl hazırlanan son televiziya reportajıdır.
- Son filminiz ("Salo") ekranlara çıxanda bizi daha bir qalmaqal gözləyir?
- Yox. Düzgün olan, insanların qanını dondurmaqdır, qalmaqallı olmaq ləzzət verir. Qalmaqallı olmağın həzzini inkar edən insan, sizin də bildiyiniz kimi, əxlaqçıdır.
- Seks siyasidir?
- Təbii ki.
- Skatologiya?
- O da. Siyasi olmayan heç nə yoxdur.
- Kannibalizm?
- Bəzi yerlərdə bu, siyasidir və real hadisədir. Digər yerlərdə bu, siyasi metaforadır.
- Siyasi düşmənlərinizdən yaxa qurtarmağın ən yaxşı yolu budurmu?
- Baxın, yaxın günlərdə Svift (Conatan Svift - ingilis-irland əsilli satirik yazar) kimi iki dürüst təklif etdim: İbtidai sinif müəllimlərini və italyan televiziya rəhbərlərini parçalayarak yemək.
- Çox sərt deyil?
- Mədəmiz möhkəmdir.
- Burjua və burjuaziyaya qarşı həmişə nifrətiniz var?
- Bu, nifrət deyil, daha çox həm artan, həm də azalan bir şeydir. Təəssüf ki, bu məqamda nifrətə etiraz edirəm, çünki İtaliyada hamı burjualaşıb.
- Yaxşı, burjualar filmlərinizdən birinin uğurunu keçsə, bu, sizi məyus edər?
- Burjualar heç vaxt belə bir şey edə bilməz. Bunu etsə-etsə elit burjualar edər ki, mən özüm də onların içindəyəm.
- Niyə vuruşmursunuz?
- Nə mənada?
- Siz artıq siyasi döyüşçü deyilsiniz.
- Siyasi mübarizədə əvvəlkindən daha çox iştirak edirəm. Heç vaxt heç bir partiyanın üzvü olmamışam. Müstəqil marksistəm. Mübarizəni davam etdirirəm.
- Küçədə insanların sizi söydüyü vaxtlar üçün darıxırsnız?
- Hələ də söyürlər.
- Bu sizə zövq verir?
- Söyüşü geri qaytarmıram, çünki mən əxlaqçı deyiləm.
- Siz hansını seçirsiniz? Şair, yoxsa yazar? Ssenarist, aktyor, yoxsa tənqidçi? Yaxud da rejissor?
- Pasportumda "yazar" yazılıb.
- Belə bir sirdən, "Sadomun 120 günü"ndən niyə hər yerdə danışdınız?
- Bütün əsərlər sirlə doğulmalıdır. "Salo" filmini digər filmlərimdən daha çox müdafiə etməli oldum, çünki filmdə qaçılmaz, qəfil təhlükələr vardı.
- Qəfil təhlükələr deyəndə nəyi nəzərdə tutursunuz?
- Qalmaqallı olmağın həzzini rədd edən bir əxlaqçının hücumunu.
- Siz müharibə illərində İtaliyada qurulan respublika modelini yaratdınız. "Salo" bir az da Fransada işğal zamanı yaradılan "Vişi rejimi"nə bənzəmir?
- Bəli, Vişi ilə eynidir.
- Bu yer tam olaraq haradadır?
- İtaliyanın şimalındadır, paytaxtı Salo. Filmin adı da buradan gəlir.
- Bəs, onu kim yaradıb?
- Məncə, nasistlər tərəfindən az qala dəli olmaq həddinə çatdırılan Mussolini.
- Tənəzzül mərhələsində olduğunu deyirsiniz?
- Böyük Qərb kapitalizmi dövründəki tənəzzül yox, Hitler dövründəki tənəzzül.
- Filmdə yüzlərlə cavan kişi və qadın aktyorların qorxunc və şiddətli münasibətə boyun əydiyini, təhqirlərə və işgəncələrə məruz qaldığını bilirik. Bu gəncləri necə bir yerə topladınız?
- Bunu edərkən Markiz de Sadın sehrli rəqəmlərini izlədim, 4 rəqəmi kimi. Qurbanlar ümumilikdə yüz yox, iyirmiyə yaxın idi. Onları seçərkən digər filmlərimdə də etdiyimi etdim. Yüzlərlə insanla tanış oldum və yalnız uyğun olanları seçdim.
- Bunlar mazoxist aktyorlardır?
- Seçdiyimə görə, demək, hamısı mazoxistdir.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!