Narahat Qafqazım, istəmirəm ki,
Açılan atəşdən qorxuya düşəm.
Bu aylı-ulduzlu gecədə çünki
Bir qadına görüş təyin etmişəm.
Bizim aullarda deynən qoy heç kəs
Üçyaşar dayçaları hələ satmasın.
Atlı çaparların qabağını kəs,
Mənə qəm çatmasın, kədər çatmasın.
Sən gəl yaxşılıq et, ey coşğun Qafqaz,
Göylər boşalmasın, dolmasın hələ.
Qara buludlar da gözləsin bir az,
Bu gecə bir qadın görüşə gələr.
Qunibdən Xunzağa elçilər gedər,
Yolüstü göylərə papaq atarlar.
Dinsən, bu adəti onlar tərgidər -
Ayın qabağını yoxsa tutarlar.
Gözlərim yol çəkir, sanki dardayam,
Bu gecə bir qadın görüşə gələr.
Başa düş, can Qafqaz, intizardayam,
Axı, uçqunlardan o, qorxa bilər.
Sənə yalvarıram: yüyənsiz atlar
Bir az yavaş getsin, yoxsa səs düşər.
Bu gecə şaxtanı yolundan qaytar,
Zirvəndə buz olsa, qadın üşüyər.
Bu aylı gecədə baxıb görərsən
Necə bir qadınla görüşüm olar.
O vaxt öz əlinlə dəyişdirərsən -
Nə ki, hisslərim var, duyğularım var.
Köhnə yaramıza toxunma, Qafqaz,
Bizim yolumuzu bağlama barı.
Bu gecə yağışlar dayansın bir az,
Sabaha gəl saxla həyəcanları.
Xəzərdə dalğalar çağlar necə də,
Hətta qayalar da coşacaq bir-bir.
Axı, bu ulduzlu, aylı gecədə
Mənimlə bir qadın görüşəcəkdir!
Tərcümə: Ağaddin BABAYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!