Pakistan şairi Hammad Niazi
Tanınmış urdu şairi Hammad Niazi 1984-cü ildə Pakistanın Pəncab vilayətinin Talaganq şəhərində anadan olub. Pəncab Lahor Universitetində tətbiqi geologiya üzrə bakalavr və geologiya üzrə magistraturanı, daha sonra isə urdu ədəbiyyatı üzrə doktoranturanı bitirib. Hazırda Lahorda yaşayır və urdu ədəbiyyatından dərs deyir. Azərbaycan dilini öyrənməyə başlayıb və arzusu Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan-Azərbaycan ədəbi əlaqələri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etməkdir.
Hammad Niazi çağdaş Pakistan ədəbiyyatının tanınmış nümayəndələrindən sayılır. Şeirləri Pakistanın "Adabiyat", "Funoon", "Savera", "Asbaat", Tasteer", "Nazoot" və s. poetik dərgilərində, Pakistanın və Hindistanın bir çox şeir məcmuələrində dərc edilib. "Duaa`on bhare daalaan" bu yaxınlarda Lahorda işıq üzü görüb, şairin ilk urduca şeirlər kitabı. Tərcümədə oxuduğum şeirləri məndə böyük etki yaratdı. Hammad Niazinin şeirlərində kəskin müşahidələr var; fikrə yeni naxışlar vuraraq köhnə stereotipləri sındırır. Obrazları son dərəcə orijinal və yenidir.
Bu yaxınlarda Lahor Dövlət Kollec Universitetində konfransda olarkən Urdu departamentinin müəllimi Hammad Niazinin həm də şair olduğunu öyrəndim. Şeirlərini ana dili urduca və ingiliscə yazır. Toplantılarda bir neçə dəfə şeirlərinin ifası həmyerliləri tərəfindən alqışlarla qarşılanmışdı. Onun yaradıcılığı ilə geniş tanış olmaq və onu bir şair kimi Azərbaycan oxucuları ilə tanış etmək məqsədilə bir neçə şeirini tərcümə üçün filologiya elmləri doktoru Cavanşir Yusifliyə göndərdim. Cavanşir Yusifli bir tərcüməçi kimi şeirləri çevirdi, üstəlik, bir tənqidçi kimi də yüksək fikir söylədi. Mən də istədim ki, onun kimliyi və şeirləri haqqında "Ədəbiyyat qəzeti"nin oxucularına bir qədər məlumat verim.
Bədirxan Əhmədli,
Filologiya elmləri doktoru, professor
Hammad NİAZİ
(Pakistan)
Mən nə istəyirəm
İşıq lazımdı mənə,
işığa möhtacam mən,
azacıq, bir-iki damla; bapbalaca işıq zərrəsi
Ondan günəş düzəldim
Günəş kimi yumşaq, isti göz yaşları
Axsın, tökülsün...
Yox! Kölgə lazımdı mənə
Bir-iki addım sadəcə, bir əlçim,
Altında yataq salaram
Rahat, yumşaq, yuxu dolu bir yataq
Yox! Gözlə, bir söz deyim,
Bir-iki söz, bir neçə söz
Bir neçə kəlmə deyim
Adını sənin təkrar-təkrar yaza bilim
Gözəl, ifadəli, qısa...
Yox! Mənə nəfəs lazımdı
Bir-iki anlıq, bir az nəfəs,
Onu bir az da gözləyə bilim...
Uzun, bihudə, amma məcburi həsrət
Yox! Mənə çörək lazımdı
Bir parça, bir-iki dişləm
Olsaydı özümə səfər edərdim
Çətin, boğucu, iztirtab dolu
Yox! Dualara ehtiyacım var
Bir-iki duaya, bir nəfəs duaya
Öz cənnətimi qurum
Gözəl...
Cənnət kimi analar,
Hüznlə dolu...
Yox! Bunların hamısına ehtiyacım var
Hamısına birdən
İşıq, talvar, sözlər, nəfəs, çörək, bir də dualar
Dünyamı yaradım
Öz rəngləri, xəyalalrı, insanları olan dünya...
Təklik
Tənhalığın ayağı yoxdu
olsaydı, qəlbimizdə izlər qoyardı, yanıq izləri...
Tənhalığın gözləri də yoxdu
Olsaydı, bizim boş və dərdli gözlərimizi görüb kor olardı
Təkliyin, yalnızlığın ürəyi yoxdu,
olsaydı, bizim bəsirətsizliyimiz onu param-parça edərdi
Təkliyin səsi yoxdu, səssizdi ölüm kimi
olsaydı, bu divarlar içimizdə yanan sözlərimizi əzbərləyərdi
Yalnızlığın dodaqları yoxdu, yox,
olsaydı, öpüşləri damarlarımızı bir-bir möhürlərdi
Təkliyin əli yoxdu, təkdi o,
Olsaydı, o qızın adı bu çayın dalğalarından
sürüşüb səhranın qum dənəciklkərinə yazılardı
Yalnızlığın cismi yoxdu, başı, bədəni yoxdu
olsaydı, nəfsimiz bilərdi...
Sabahın pillələrində
Nəfəs ala bilmirəm
Dimdik pillələri qalxanda
yoruluram
yorğun gözlərim sabahın gəldiyini sezir
keçmişdən tamaşalar,
səhnə oyunları...
Bu pillələrin düz başındakı pəncərədən
Bütün bunları dirigözlü görürəm
Bir-birinə qarışdıqca
arxa planda yox olduqca, süzüldükcə
görürəm.
Hər şey hardasa dönüb, dəyişib
Ağacların yumşaq pıçıltılı gülüşləri
dağlarda daşların altından cücərən həyat,
necə oldu biz onları itirdik?
Nə qədər döysək də,
doğma malikanələrimizin paslı qapıları tanımır,
ehhh.. tanımır bizi.
O axşamların qəlbimizdəki ətri indi yaddı, uçub gedib harasa
O tozlu yollar da yeni yolların arxasında yatır məzar sükutunda
Blkə də boğulub tozdan, ölüb?
Bütün bu səhnələrin şahidiyəm indi
Sabahın sıldırım dikdirində oturub
Səpsərin bir kölgə əlini uzadır mənə
Ancaq əl mənə çatmır....
Sənin üçün bir şeir
(Nəsrlə şeir)
Sənin üçün bir şeir
yazıldı
qatma-qarışıq həyatına nizam gətirmək adıyla
Güvən hissini sənə qaytarmaq üçün
Sırf sənin üçündü bu şeir.
Bu şeir əziz günlərin çox əziz saatlarında dadına çatsın
və sinən altındakı tonqalı yandırmaq üçün bir çınqı misalı -
bir şeir- sənin üçün...
Onun bətnində təpələrdə doğan sevginin ətri oynaşır,
əpələnir, pıçıltı yarpaqları kimi
Bu pıçıltılar bax o qayanın düz ürəyinin başına qazıla bilər
Necə ki adın qəlbimə yazılıb
Bu şeir sənindir, ancaq sənin...
Mis, dəmir, kömür və kükürd zavodlarında
Gecə-gündüz çalışan
işçilərin yorğunluğunu yatırsın deyə
sürətlə şütüyən avtomobillərin
təkərlərindən qopan toz hissəciklərindən
gözəl güllərə boya çəkək, rəngləyək
sonra bu çiçəklərdən bir sevgi bağlı salaq
Bu sənin şeirindir
sənindi bu şeir,
ürək döyüntüsündən həmayıl kimi yapışmaq
Nəfəsinə sərinlik gəlsin
Pıçıltıyla demək ki,
Sevgidən daha dəyərli
Elə sevgi şeiri yazmaqdır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!