Vidalaşma - Danimarkalı nasir Helle Hellenin hekayəsi

 

 

Helle HELLE - Tanınmış Danimarka nasiridir. Əsl adı-soyadı Helle Olsendir.

1965-ci ildə Danimarkanın Nakskov şəhərində doğulub. 1985-87-ci illərdə Kopenhagen Universitetində, 1989-91-ci illərdə isə həmin şəhərdəki Ədəbi Məktəbdə təhsil alıb. 1990-cı ildən sonrakı 5 il boyu Danimarka radiosunda çalışıb.

Dörd hekayə kitabının və yeddi romanın müəllifidir.

Ədəbi yaradıcılığı ölkəsinin bir sıra ədəbi ödüllərinə, o cümlədən "Beatris" (2003) və Danimarka ədəbi tənqidçilərinin mükafatına (2006), Per Ulov Enkvist ödülünə (2009), "Qızılı Dəfnə Çələngi" ərməğanına (2011), Danimarka Akademiyasının Qran-pri mükafatına (2016) və Holberq medalına (2019) layiq görülüb.

İndiyədək əsərləri dünyanın 19 dilinə çevrilib.

 

 

Vidalaşma

Bu yay günündə görüşməyi anam mənə təklif edib. Elə nahar fasiləsinə çıxdığım vaxt vağzalda görüşmək qərarına gəlmişik: onun avtobusu on ikini keçmiş gələsidir, 45 dəqiqə sonra üçün isə anam veterinarın qəbuluna yazılıbdır. Özüylə ikinəfərlik yemək də götürəsidir. Mən isə elə həmin dəqiqələrdə itimizlə vidalaşmağa fürsət tapacağam. Artıq on dörd yaşına dolan heyvancığaz növbəti əməliyyata girəcək halda deyildir, bu səbəbdən də ona yuxu iynəsi vurdurmaqdan başqa bir çarəmiz qalmayıb.

Səmada bir dənə də bulud görünmür. Ayaqlarımda yay sandalları var, əynimdə isə qarnıma yapışan mavi don. Dayanacaqda durub, onları gözləyirəm. Küçədə hərarət 30 dərəcəyə yüksəlib, elə hey üzümün tərini silir, sonra isə donuma toxundurmaqla, əlimi qurulayıram.     

Qızmış asfaltın qoxusu vurur burnuma. Maşınlar durmadan vağzala yan alır, insanlar isə ora-bura vurnuxurlar. Kimlərsə bu binanın dam örtüyünün çıxıntısı altda özünə daldalanacaq bir guşə tapıb. Bir kişi də əlindəki zərfi poçt qutusuna salır.

Meydana yan alan avtobusda ayaq üstə duran anamın qapının ağzını kəsdirdiyini görürəm. Qapılar açılan kimi o, əlüstü yerə enir və iti də ardınca çəkib-gətirir. Dili ağzından bir qarış sallanan it təmkinlə yerə enir və enən kimi də asfalta sərələnir. Anam isə çantasını yerə qoymaqla, canıyananlıqla yerə çömbəlməli olur. Məni görüncə, it quyruğunu yelləyir. Başını bulayan sahibəsi canı ağrıyan bu heyvanın kürəyinə sığal çəkməklə məşğuldur. Mənə nəzər belə salmadan o, deyir:

- Bu, mənim həyatımdakı ən dözülməz səyahət oldu. İlahi, iyirmi dəqiqə necə də uzun çəkərmiş.   

Həmişəki səliqəsi qismən pozulan, tərli saçları onun boyun-boğazına yapışıbdır.

- Özünü hədsiz narahat aparır, hey əl-ayağıma dolaşırdı deyə, yolboyu ona təpinməyə məcbur idim. Hətta əvvəlcə onu reys avtobusunda daşımama da qarşı çıxdılar, ancaq sonra hər nədənsə anlayış göstərdilər. Zavallı it burada onu nəyin gözlədiyindən hələ də xəbərsizdir. Elə sanır ki, birlikdə kiçik bir gəzintiyə çıxmışıq.

Başını önə tərəf əyən qadın üzünü itin xəzinə gömür. Əlimi kürəyinə qoyduğum zaman anamın tərlədiyini sezirəm.

- Gedək, - deyirəm. - Sərin bir guşə tapaq.

Anam dillənir:

- Bunun üçün su götürməyi də unutmuşam. Zavallı yaman susamışdı, mənim isə yanımda heç nəyim yox idi. Heç bilmirəm ey ağlım-huşum hardaymış mənim.  

- Gedək, - deyib, yerdən qalxmaqda anama kömək edirəm. O, ani tərəddüd keçirir, amma sonra çantasının kəmərini çiyninə taxır. İt də uzandığı yerdən qalxır. Əlimlə onun çiyninə toxunuram, heyvan isə bunun qarşılığında quyruğunu yelləyir. 

Anam deyir:

- Eləcə su al. Özümlə yemək götürmüşəm. Hə, bir də salfeti unutma.

Alnının tərini silir.

- Salfeti bacardıqca çox götür, çünki üstümdə heç cib dəsmalım da yoxdur. Evdən çıxanda lap karıxmışdım, həm də avtobusun yola düşməyinə lap az qalırdı. İndi saat neçədir? 

- Vaxta var hələ, - deyirəm. - Mən növbədə dayanacağım müddətdə barı siz günün altda qalmayın.

Bunu deyib, meydançanın o biri başındakı kölgəliyi ona nişan verirəm. Başını tərpədən anam iti də öz ardıyca çəkib-aparır.

Növbədə məndən öndəki qadın, deyəsən, həm özü, həm də iş yoldaşları üçün yemək alır. Dana ətindən bişirilən səndviç, sosis və limonad sifariş verir. Xidmət dəzgahının üstündəki qutudan bir neçə salfet götürüb, əlüstü çantama qoyuram. Sonra geriyə qanrılıram. Anam itin ipini bir dirəyə sarıyıb, özü isə azca aralıda oturub, yolumu gözləyir. İt quyruğuyla, çətinliklə də olsa, asfaltı döyəcləyir.     

Satıcı qızdan soruşuram:

- İtim üçün də su ala bilərəm?

- Adi su? Yəni kran suyu?

- Hə, - deyirəm, - itə içirəcəyəm.

Qız stəkanı suyla doldurub, mənə uzadarkən:

- Bu, ödənişsizdir, - deyir.  

Təşəkkür edib, suyu daşırmamaqdan ötrü meydan boyu ehtiyatla irəliləyir və yolun tən yarısında anamla qarşılaşıram. O, sevincək deyir:

- Axır ki! Bürkü onu lap əldən salıb.

Anam ayaq saxlayıb, əlləriylə üzünü qapayır. Hönkürdüyünü görüb, sərbəst qalan əlimlə onu köksümə sıxıram. Stəkanı tutan digər əlimlə isə onun kürəyinə dayaq verməkdəyəm. Sual edir:

- Sırf insanıq deyə, bəyəm bizim buna haqqımız çatır ki?! Öz əcəliylə ölməsini gözləmədən iti ölümə məhkum eləməyi deyirəm. Mən də anlayıram ki, bu zavallı əziyyət çəkir. Biz insanların da arasında yaşayarkən məşəqqətə qatlaşanlar az deyil, amma onlar hər şeyə rəğmən, yaşamağa davam edirlər axı.   

Stəkandakı su ləngər vurur. Anam isə sözünə davam edir:

- Bütün bunların baisi - yayın bürküsüdür. Zavallı gün boyu evin başına dolanırdı, ancaq bürkü ucbatından halı daha da ağırlaşırdı. Son vaxtlar vanna otağının döşəməsi üstə uzanıb qalırdı, amma bu da yaşayışdırmı?! Axı indi onun bağda qaçan, orda-burda çuxurlar eşələyən vaxtıdır. Onun daima çuxurlar qazıdığı vaxtlar yəqin yadına gəlir indi?

- Əlbəttə ki gəlir.   

- Bəs divanın örtüyünü tamamən cırıb-tökməyi necə? Bunu o, sırf darıxdığı üçün eləmişdi. Evdə təkbaşına qalmağa səbri çatmırdı, buna görə də illah bir hoqqa durğuzurdu.

- Hə də, neyləsin yazıq?!

- Bir neçə dəfə evdən qaçdığı vaxt onu axtarmadığım yer qalmadı. Sözümə baxmayanda məni lap cin atına mindirirdi. Axı it sırf acığa düşdüyü üçün ziyankarlıq eləmir. Əgər o, fərli-başlı təlim-tərbiyə görməyibsə, bu, onun sahibinin günahıdır və bu həqiqət hamıya gün kimi bəllidir. Elə bu səbəbdən də insanoğlu itə heç vaxt nifrət bəsləyə bilməz. Onu ancaq və ancaq sevmək olar. Həm də bu - saf sevginin mümkün ola biləcək yeganə şəklidir.   

Deyirəm:

- Hə, nəyi nəzərdə tutduğunu anlayıram.

- Bax, indi o yerdə uzanıb və yarım saatdan sonra öləcəyindən tamamilə xəbərsizdir. Onun öz əcəliylə canını tapşırmasını elə istərdim ki… təki bu qorxunc qərarı qəbul etməyi öz boynuma götürməyim.

Anam məndən azacıq aralanır. Gözlərinin yaşını silsin deyə, çantamdan tapıb-çıxardığım salfeti ona uzadıram. Suyla dolu stəkanı ona verdikdən sonra biz itin yanına yollanırıq. Zavallı hələ də bayaqkı yerindəcə mürgüləyir.   

Anam stəkanı heyvanın qarşısına qoyub, hər iki əliylə onun başını suya tərəf yönəldir. İt ağır-ağır içir, suyun geriyə qalanını anam asfaltın üstünə tökür və heyvancığaz dilini ora uzadır. Anam ona ürək-dirək verir:

- Bax, belə-ə. Bu misilsiz suyu içmən ço-ox yaxşı oldu.

Anam burnunu çəkərək soruşur:

- Siqaretin var?

- Yox, tərgitmişəm, - deyirəm. - Amma sənin üçün köşkdən ədədlə ala bilərəm.

- Yox, lazım deyil. Birtəhər keçinərəm. 

Dayanacağa yan alan avtobusdan hay-küylə bir dəstə cavan düşür. Biz isə dayanıb, bir-biriylə məzələnib-itələşən cavanların şəhərin mərkəzinə doğru necə uzaqlaşdığına göz qoyuruq. Anam xatırladır:

- Biz hələ yemək də yeyəcəyik. Çörəyi də özüm bişirmişəm.

- Nə yaxşı!

- Gecə gözümə yuxu getmədi, yataqdan qalxıb, çörək bişirdim. Xəmirinə hələ günəbaxan tumları da qatdım.

- Yəni heçmi yatmadın?

- He-e-ç. 

O, iti süzür:

- Heç birimiz yatmadıq.

Sonra çantasını açıb, çıxardığı yemək paketini mənə uzadaraq deyir:

- Sən ye.

- Sonra yeyərəm.

- İstəyirsənsə, bu paketi özünlə işə götür. Sonradan mütləq acacaqsan. 

- Bəs özün niyə yemək istəmirsən?

- İndi yemək yeyəcək ovqatda deyiləm axı, - deyir.

Yemək paketi mənə həm ağır, həm də isti göründüyündən onu qaytarıb, anamın çantasına qoyuram. Anam itin ipini nisbətən boş buraxıb, deyir:

- Gəl, dəniz sahilinə qədər gedək. Orada durub, sulara tamaşa etməmiz bəlkə daha ürəkaçan bir şey olar.

Yerində dikələn it gözlərini yarıyacan güclə aralayır. Deyirəm:

- Ora getsək, məncə, qəbula gecikərsən.

- Doğrudanmı gecikərəm?

- Düzünə qalsa, yox. Ancaq ora klinikanın əks yönündədir axı.  

- Bəlkə zəng vurub, bir qədər ləngiyəcəyimi həkimə bildirim, hə?

- Yox, anacan, heç gərək yoxdur. Həm də bu sayədə dərdimiz yüngülləşən deyil.

Anam razılaşır:

- Haqlısan. Düz sözə nə deyim?!

İpi əlində tutaraq dayanıb. İtə göz qoyur. Ovcundakı ipi gah gərib, gah da boşaltdığı həmin anlarda barmaqları aramsız titrəyir. Onun çiyinlərini qucduğumda anam hönkürtü vurur. Yanımızdan keçən bir cüt ahıl qadın bizi süzür. İt təkrar yerə uzanır. Qarşısındakı asfalt örtük alanəmdir. Dərindən köks ötürdükdən sonra anam baxışlarını mənə zilləyib deyir:  

- İndi hansı kökə düşdüyümü təsəvvürümə gətirirəm. Gözümün tuşu bütün üz-gözümə yayılıb yəqin?

- Çox da yox, - deyə təskinlik verirəm.

Anam deyir:

- Gedim bu vağzaldakı tualetə bir baş çəkim. Mənimlə gedərsiniz?

- Biz səni burada gözləyək, - deyirəm.

Anam israr edir:

- Yo-ox, gəlin birlikdə gedək. 

Biz tualetə girən kimi it təkrar döşəməyə sərilir. Güzgünün önünə keçən anam burnunu silir. İtin yanında əyləşərək, onun belini ehmalca döyəcləyirəm. Havanı ciyərlərinə çəkən heyvancığaz artıq çətinliklə nəfəs alır.

Anam güzgüdən məni süzərək deyir:

- Sən yenə də hamiləsən?

Başımla bunu təsdiqləyirəm.

- Üzünə baxan kimi bunu anladım. Bugünkü gün buna sevinə bilmədiyimə görə isə əsla üzülmə.

O, kranı açır və gözlərinin altındakı tuş ləkələrini yumağa girişir. Əlim itin üstündə, havadaca donub qalıb və heyvanla təmas eləmir. Anam isə üzünü quruladıqdan sonra saç düzümünü səliqəyə salır və xatırladır:

- Yəqin sənin işə dönmək vaxtın gəlib, çatıb.

Bunu da başımla təsdiqləyir, həm özüm yerdən qalxır, həm də itə bunu etməkdə yardım göstərirəm. İpi anama ötürürəm və biz bayıra çıxırıq. 

İsti hava dalğası üz-gözümü yalayır.

Anama təsəlli verirəm:

- Xəyalən mən sənin yanında olacağam.

- Bunu bilirəm. Gəldiyinə görə də sağ ol.

- Belə davranarkən, unutma ki, sən məhz doğru sayılanı edirsən.

İtin qarşısına keçib, yerə çömbəlirəm. O isə quyruğunu yelləməklə, pəsdən zingildəyir. Qulağına öz təşəkkür sözlərimi pıçıldayıram:

- Sağ ol ki, illər uzunu anamın qeydinə qalıbsan. Sən nəcib məxluqsan!

Sonra yerdən qalxıb, anama gülümsünürəm.

- Gördün, sən artıq onunla vidalaşdın, - deyir.

- Hə, - deyirəm. - Onda salamat qal.

 

Dilimizə çevirdi: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!