Koroğlu yüzillərdir Qıratın belində, Misri qılıncı əlində, telli sazı ilə, sehrli sözü ilə nəğməkar bahadır kimi türk xalqlarının qəhrəmanlığını, azadlıqsevərliyini, haqsevərliyini, vətənpərvərliyini, insanpərvərliyini bütün dünyada tərənnüm edir.
Yüzillərdir Koroğlunun-Goroğlunun-Qoroğlunun-Qurqulinin qəhrəmanlığı, onun nəğmələri aşıqların, ozanların, baxşıların, akınların, jırayların, məddahların və b. dilindən düşmür. Koroğlunun həyatını və qəhrəmanlığını vəsf edən "Koroğlu" ("Goroğlu", "Quroğlu", "Qurquli", "Karoğlu") dastanının variantlarının sayına və yayılma coğrafiyasına görə bu gün dünyada analoqu yoxdur.
Müsəlman Şərqi üçün, türklər üçün aşıqların, nağılçıların xalqın yaddaşı, onun tarixçəsi rolunu oynadığını nəzərə alsaq, "Koroğlu" təkcə və sadəcə, qəhrəmanlıq dastanı deyil, həm də türk xalqlarının şanlı qəhrəmanlıq tarixini əks etdirən bir yaddaş-epopeya, Koroğlu isə türk xalqlarının mənəvi dəyərlərini qoruyan, onları özündə daşıyan, birləşdirən qəhrəmanlıq rəmzidir.
Koroğlu adi bir insan deyil. O, sıradan bir qəhrəman deyil. Koroğlu o kəsdir ki, dağların əlçatmaz zirvəsində yerləşən sehrli Qoşabulağın köpüyündə çimib, suyundan içib. Həmin Qoşabulağın ki, "yeddi ildən-yeddi ilə cümə axşamı məşriq tərəfdən bir, məğrib tərəfdən bir ulduz doğar, bu ulduzlar göyün üzündə toqquşarlar. Onlar toqquşanda Qoşabulaq köpüklənib daşar. Hər kim Qoşabulağın o köpüyündə çimsə elə qüvvətli bir igid olar ki, dünyada misli-bərabəri tapılmaz. Hər kim Qoşabulağın suyundan içsə aşıq olar. Özünün də səsi elə güclü olar ki, nərəsindən aslanlar ürkər, pələnglər tük tökər, quşlar qorxusundan qanad salar, dağlar, daşlar titrəyər, atlar, qatırlar dırnaq tökər".
Ona görə də Koroğlu, - "Gündoğandan ta günbatan mənimdir" - deyəndə heç bir mübaliğəyə yol vermir. Biri məşriqdən - Şərqdən-gündoğandan, biri məğribdən - Qərbdən-günbatandan doğan ulduzların toqquşmasından köpüklənən Qoşabulağın köpüyündə çimən, suyundan içən Koroğlu başqa cür deyə də bilməzdi. Bu səbəbdən də Koroğlu gündoğanla (Şərqlə) günbatanı (Qərbi) birləşdirən qəhrəmandır. O, göylə yerin, qaranlıqla işığın, maddi ilə mənəvinin vəhdətindən doğulan, dünyəvi harmoniyanı özündə daşıyan fövqəlinsan, fövqəlqəhrəmandır.
Koroğlu türkmən və özbək variantlarında qəbirdə doğulur - Gor oğludur! O, ana bətnindən gorda, qəbirdə - yerin altında - o dünyada, qaranlıq dünyada doğulan və ölməyən, yerin üstünə, bu dünyaya - işıqlı dünyaya sağ çıxan dirilik, ölməzlik rəmzidir.
Koroğlunun - dünya işığına həsrət qalan Alı kişinin (Cənubi Azərbaycan variantında Mirzə Sərraf, türkmənlərdə Adı bəy) oğlunun əsl adı Rövşəndir. Rövşən isə farscadan tərcümədə işıqlı deməkdir. Beləliklə, dünya işığına həsrət qalan ata və adı işıqlı olan, lakin atası tərəfindən Koroğlu adlandırılan oğul. Və nəticədə işıqla qaranlığın daha bir vəhdəti, daha bir harmoniyası.
Rövşəni atasının gözləri çıxarıldıqdan sonra kor kişinin oğlu deyil, Koroğlu edən bir çox amillər var ki, məhz onların sayəsində Koroğlu tarixi şəxsiyyətdən mifik-əfsanəvi qəhrəman səviyyəsinə yüksəlir.
Kor kişinin oğlunu Koroğlu edən Qoşabulaqla yanaşı, Misri qılıncdır, Qıratdır, Çənlibeldir, Sazdır, Nigardır, dəlilərdir. Dastanın hələ ilk qolunda atası Alı kişi Koroğluya deyir: - "Neçə ki, Misri qılınc sənin belindədi, sən də Qıratın belindəsən, özü də bu Çənlibeldəsən, sənə heç kəs dov ola bilməz". Alı kişi bilir ki, Misri qılınc göydən-kosmosdan düşmüş daşdan - ildırım parçasından hazırlanıb. Alı kişi bilir ki, Qırat qanadlı dərya atından törəyib.
Şaman türklərinin inancına görə isə, at göydən enib, yakutlara görə, qəhrəmanların atı günəşdən gəlib. Koroğlunun Qıratı da məhz belə bir atdır. O qaçarkən ayaqları yerə dəymir, sanki uçur. Hətta Koroğlu qaranlıq tövlədə saxlanılan Qırata 40-cı gün baxmasaydı, onun qanadları da olacaqdı. Qırat Koroğlu üçün sadəcə at deyil. Qırat Koroğlunun dostu, döyüş yoldaşı, silahdaşıdır. Koroğlunun qələbələrində onun böyük payı var. Qıratı Koroğlunun dəliləri də çox sevirlər, hətta Keçəl Həmzə (türkmən və özbək variantlarında Kempir qarı) əvvəl Düratı, sonra Qıratı oğurlayıb qaçanda dəlilər Koroğludan küsür, atları qaytarana qədər onunla danışmırlar. Göründüyü kimi, Koroğlunun qəhrəmanlığının atributlarına çevrilən Misri qılıncın və Qıratın kosmosla bağlı olması Koroğlunu da mifik-əfsanəvi obraz kimi kosmosla əlaqələndirir.
Koroğlu qəhrəmanlığının başqa bir atributu Sazdır. Saz Koroğlu üçün yalnız musiqi aləti deyil, onun ağlının və ürəyinin səsini öz tellərində nəğmələndirən sirdaşı və silahdaşıdır. Koroğlu bəzən Misri qılıncı ilə görə bilmədiyi işi, göstərə bilmədiyi qəhrəmanlığı telli sazı ilə, sehrli havaları ilə edir. Əgər Qırat, Misri qılınc Koroğlunun güc mənbəyidirsə, Saz onun ağlını simvolizə edir. Əgər Qırat, Misri qılınc Koroğlunun kosmosla, göylə əlaqəsindən xəbər verirsə, Saz Koroğlunun Yerlə, torpaqla, insanlarla bağlılığını göstərir.
Koroğlunun Yerlə bağlılığını göstərən, onun qəhrəmanlığını şərtləndirən başqa bir atribut isə Alı kişinin məskən kimi seçdiyi Çənlibeldir (Cənubi Azərbaycan variantında Şamlibel, türkmənlərdə Çandıbel, qazaxlarda Canbilbel). Bu, həmin Çənlibeldir ki, "hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belində" yerləşir. Çənlibel Koroğlunun alınmaz, yenilməz qalasıdır. Çənlibel Koroğlu və onun dəlilərinin birgə, mehriban yaşadığı demokratik, humanist bir cəmiyyəti, xoşbəxt bir ölkəni rəmzləşdirən məkandır.
Koroğlunun güc, qüvvət aldığı daha bir mənbə onun dəliləridir. Sayı 7777 (Orta Asiya variantlarında bəzən sakral 40, bəzən 70) olan, bununla da sonsuzluğun ifadəsini özündə daşıyan dəlilərin gücü, enerjisi, Koroğluya sevgisi, sədaqəti də sonsuzdur. Hər kəs Koroğlunun dəlisi ola bilməz, bunun üçün sınaqlardan çıxmaq, sədaqət andı içmək lazımdır. Koroğlunun dəliləri də ona sədaqət andı içmiş aşiqlərdir - onun mərdliyinin, kişiliyinin, haqsevərliyinin, insansevərliyinin aşiqləridir. Aşiqliyin zirvəsi isə məlumdur ki, dəlilikdir. Deməli, Koroğlunun dəliləri də yaşadıqları Çənlibel kimi aşiqliyin yüksək zirvəsindədirlər.
Koroğlunu Koroğlu edən ən mühüm amillərdən biri də Nigardır. Nigar (türkmən variantında Ağa Yunus, qazax və özbək variantlarında Ağa Junis, Miskal pəri, Gülnar pəri, Gülnar-Ay) Koroğlunun ən böyük aşiqi-dəlisi, onun sədaqətli və müdrik ömür-gün yoldaşıdır. O, Koroğluya övlad bəxş edə bilməsə də, onun 7777 dəlisinə sidq-ürəkdən analıq edən müqəddəs qadın simvoludur. Nigar Koroğlunun qələbələrinin ilham mənbəyi, onun qoruyucu mələyidir. Və bu mələk Koroğlunu həm göylərə ucaldan, onu reallıqdan kosmosa yüksəldən, həm də onu Yerə, torpağa, insanlara, real həyata bağlayan bir varlıqdır.
Koroğlu da ona görə Koroğludur ki, Nigar kimi qoruyucu mələyi, hər zaman yanında olan dəliləri, Çənlibel kimi alınmaz qalası, sehrli telli Sazı, ayaqları yerə dəyməyən Qıratı və ildırım parçasından hazırlanmış Misri qılıncı vardır. Koroğlu ona görə Koroğludur ki, Yerlə göyü, reallıqla irreallığı, ağılla gücü, qılıncla sazı özündə vəhdət halında birləşdirən varlıq, dünyanın maddi və bədii bütövlüyünün, dünyəvi harmoniyanın mücəssəməsidir. Koroğlu həm də ona görə Koroğludur ki, o, türk təfəkkürünün, türk dünyagörüşünün, türk xarakterinin daşıyıcısı olan, öz şəxsində bütün türk dünyasını birləşdirən bir türk oğludur.
Koroğlunu əsrlərin sınağından çıxaran, adını bugünümüzə gətirib dünyaya tanıdan və gələcəyə, əbədiyyətə daşıyan da elə bu amillərdir. Bu gün türk dünyasının onlarca şəhərində Koroğlunun abidəsi ucalır. Aşıqların, baxşıların, akınların, jırayların ifasında el məclislərindən tutmuş, ən mötəbər tədbirlərin səhnəsinədək "Misri Koroğlu", "Qanlı Koroğlu", "Koroğlu gözəlləməsi", "Şahsevəni", "Dəli Koroğlu"… (Azərbaycan); "Aldı Kosa bəy", "Kiziroğlu", "Koroğlu çeşitlemesi", "Kırat semahı" … (Türkiyə); "Sen etir", "Aşık bolmuşam", "Novayı" … (Türkmənistan); qazaxların makamları və sair kimi Koroğlu havaları səslənərək türk dünyasının mənəvi zənginliyini, mərdliyini, müdrikliyini, birliyini dünyaya yayır.
Azərbaycanda və Türkiyədə Koroğluya həsr olunan bir neçə bədii film çəkilib. "Koroğlu" dastanı bütün türk xalqlarının dilində müxtəlif variantlarda kitab halında dəfələrlə nəşr olunub. Dahi Ü.Hacıbəylinin 1937-ci ildə premyerası olan "Koroğlu" operası bugünədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsindən düşmür. 1938-ci ildə Moskvada nümayiş olunan bu opera həmçinin, 1939-cu ildə Aşqabadda türkmən, 1950-ci ildə Daşkənddə özbək dilində səhnəyə qoyulub. Türkiyənin məşhur bəstəkarı A.A.Sayqunun bəstələdiyi "Koroğlu" operası 1973-cü ildə İstanbul Dövlət Opera və Balet Teatrında tamaşaçılara təqdim edilib. TÜRKSOY təşkilatının beynəlxalq layihəsi kimi altı ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan) 250 sənətçisinin iştirakı ilə hazırlanan Ü.Hacıbəylinin ölməz "Koroğlu" operası 2009-cu ilin sentyabr ayında dörd türkdilli dövlətin paytaxtında - Bişkek, Almatı, Ankara və Bakıda oynanılıb. 2017-ci ilin iyun ayında Alp Arslan adına Türkmənistan Milli Dram Teatrında Nabatkuli Recepovanın eyni adlı pyesi əsasında "Koroğlu və Ağayunus" tamaşasının premyerası baş tutub. 2017-ci ilin noyabr ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakı Yunus Əmrə İnstitutu ilə birgə "Koroğlu" dastanının motivləri əsasında hazırladığı "Eşq-i-Nigar" tamaşasının premyerası keçirilib.
"Koroğlu"nun əbədiyaşarlığını təsdiqləyən ən böyük hadisə isə dastanın türkmən variantı olan "Goroğlu" eposunun 2015-ci ildə YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısı"na daxil edilməsidir. Bu, atrıq o deməkdir ki, Koroğlu təkcə türk dünyasını birləşdirən qəhrəman deyil, eyni zamanda, bütün dünyanın nəğməkar bahadırıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!