İlham Məmmədli-60: Çeşmə kimi dumduru - Şirindil Alışanlı yazır

 

Şirindil Alışanlı

Filologiya elmləri doktoru, professor

 

İstedadlı ədəbiyyatşünas alim və publisist İlham Məmmədli yetişib pərvazlandığı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, həmkarları, qələm dostları və oxucuları arasında təvazökar şəxsiyyət, söz sənətinin incəliklərini dərindən duyan tədqiqatçı, həyatın ən çətin məqamlarında belə öz ləyaqətini qoruyub saxlayan qələm əhli kimi hörmət və nüfuz qazanmışdır. İlham otuz ildən artıqdır ki, Respublika mətbuatında ədəbi-elmi və publisist yazıları ilə çıxış edir. Onun yaradıcılığında müstəqillik illərinin ağrıları, əzabları ilə yanaşı, milli azadlığa qovuşmağın və doğma torpağın qayıdışın təlqin etdiyi fəxarət hissinin şahidi oluruq. İlhamın bir jurnalist, publisist kimi fəaliyyətinin vətəndaşlıq, milli qeyrət tutumunu onun redaktoru olduğu qəzetin adı sərrast ifadə edir: "Bütöv Azərbaycan". Bu qəzetdəki adi xəbərlər də, tarixi mövzulu yazılar da siyasi bir ustalıqla Vətənimizin bütövlüyünə xidmət missiyasını icra edir.

İlham Məmmədli ədəbiyyatşünaslığa gələndə kifayət qədər təcrübəsi var idi. Xeyli müddət idi ki, Kəlbəcərdə yaranan ədəbiyyat, zəngin saz-söz sənəti haqqında monoqrafik tədqiqat aparmaq iqtidarında olan müəllif sorağında idim. İlhamla ilk tanışlıqdan qəti qənaətə gəldim ki, axtardığımı tapmışam. İnstitutun Elmi Şurasında İlham Məmmədli üçün "Kəlbəcər ədəbi mühiti" adlı dissertasiya mövzusunun təsdiqi böyük müzakirəyə səbəb oldu. Bilənlər də danışdı, bilməyənlər də. Səs çoxluğu ilə mövzunu təsdiq etdik. Onu da deyim ki, mövzu əleyhinə meydan sulayanlar müdafiə zamanı bu əsəri ən çox tərifləyənlər oldular. Qəribədir, bütün istedadlı tələbələrimin mövzularının təsdiqi zamanı xeyli əsəb gərginliyi keçirmişəm.

İlham Məmmədli tədqiqat işinə haqlı olaraq ədəbi materialın toplanması və nəşri ilə başladı. Əllidən artıq öz sözünü demiş şairin şeirlərindən ibarət antologiya hazırladı. "Kəlbəcərin söz sərvəti" adlı bu kitaba yazdığı geniş müqəddimə, şairlərin qısa tərcümeyi-halı da əlavə olunmaqla elmi prinsiplərə söykənən sanballı bir məcmuə meydana çıxdı, elmi-nəzəri ümumiləşdirmələr üçün geniş meydan yarandı. İlham Məmmədlinin "XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyası son on ildə bu səpgidə yazılmış sanballı əsərlərdəndir. Bu monoqrafiya ilə İlham Məmmədli bir ədəbiyyatşünas alim kimi özünü ədəbi-elmi mühitdə təsdiq etdi. Ən başlıcası isə bu əsər "ədəbiyyatşünaslıq vərdişləri" ilə yazılmamışdı. Onun müəllifi poeziyanın ideya-bədii tutumunu, estetik daşıyıcılarının tarixi təkamülünü və hər bir tarixi mərhələdə kəsb etdiyi bədii funksiyanın çalarlarının duyur və doğru şərh edir.

Müəllif haqlı olaraq qeyd edir ki, Azərbaycanda vahid ədəbi prosesin formalaşması və təkamülündə ayrı-ayrı regionlarda müəyyən tarixi-sosial və ədəbi şərtlərin reallaşdırdığı yaradıcılıq mühitlərinin böyük rolu olmuşdur. Hələ ümummilli ədəbi prosesin formalaşmadığı tarixi dövrlərdə Şuşa, Tiflis, Şamaxı, Bakı və s. ədəbi mühitlərini birləşdirən ümimi amillərlə yanaşı fərdi bədii-estetik dəyərlər də mövcud idi.

Öz spesifık cəhətlərini saxlayan sonuncu ədəbi mühit kimi Kəlbəcər ədəbi mühiti bu regionun erməni faşizmi tərəfindən işğalından sonra tarixi gerçəkliyə çevrildi. Bu ədəbi-estetik gerçəkliyin tədqiqi Azərbaycan ədəbiyyatının zəngin bədii çalarlara məxsus bir qolunu üzə çıxarmaq kimi nəcib bir missiya daşıyır.

İlham Məmmədli incə poetik ruhu olan tədqiqatçıdır. O, Kəlbəcərdə yazıb-yaratmış yüzdən artıq söz sahibinin poeziyasını tədqiqata cəlb etmişdir. İ.Məmmədli bu regionda yaranan ədəbi nümunələri və şəxsiyyətləri dərindən öyrənmiş, onların bir çoxu ilə yaradıcılıq əlaqələri yaratmışdır.

İlham Məmmədlinin monoqrafıyası elmi strukturu və təhlil prinsipləri baxımından mükəmməl əsərdir. O, birinci növbədə bu mühitin formalaşmasını şərtləndirən tarixi-coğrafı, ictimai-sosial və ədəbi-bədii nümunələr zəminində konseptual elmi təsəvvür yarada bilir. Tarixi və bədii materialların vəhdətdə, bir- birini tamamlayan amil kimi təhlilə cəlb edilməsi müəllifə öz qənaətlərində ardıcıl olmağa əsas yaradır.

Kəlbəcər ədəbi mühitinin bədii-estetik fərdiliyini üzə çıxartmaq üçün müəllif səriştəli təhlillər aparır, tipik nümunələr seçir. Bədii nümunələrin poetikası səpkisində aparılan təhlillər həmin mühitin fərdi sənətkarlıq cəhətlərini üzə çıxarır.

Bu əsərin digər elmi və ictimai əhəmiyyəti ondadır ki, Kəlbəcər ədəbi mühiti artıq tarixi anlamdır və onun bərpasının mümkünlüyü şübhə altındadır. İlham Məmmədlinin bu kitabı ədəbi-ictimai fıkir tariximizdə belə bir spesifık mühitin varlığının təsdiqidir.

İlham Məmmədli püxtə qələm sahibidir. Onun jurnalistik fəaliyyəti, ədəbi-ictimai həyatla daim təmasda olması zəngin faktik materialı seçməkdə, dəyərləndirməkdə ona yardımçı olmuşdur. Onun elmi-nəzəri ədəbiyyatla tanışlığı mühakimə və qiymətləndirmələrinin dəqiqliyinə zəmin yaradır.

"XX əsr Kəlbəcər ədəbi mühiti" monoqrafiyasının digər üstünlüyü ondadır ki, vaxtında yazıldı. Bu bölgədən çıxan sənətkarların bir çoxu dünyasını dəyişdi, özü də Kəlbəcər həsrəti ilə qovrula-qovrula dünyadan köçdülər. Yerdə qalanlar bu gün doğma torpağa qovuşdular. Ancaq çətin ki, "Kəlbəcər ədəbi mühiti" anlamını şərtləndirən vaxtı ilə gördüyümüz, yaşadığımız aura bərpa oluna.

İlham Məmmədli xeyli vaxtdır Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi kimi çalışır. Azərbaycan poeziyasında dördlük formasının tarixi təkamülü barədə ciddi araşdırmalar aparır. Bu mövzuda nüfuzlu elmi dərgilərdə dərc etdirdiyi məqalələr qədim tarixi ənənələri olan bu şeir şəklinin poeziya tariximizdəki yerini müəyyən etməyə yardımçı olur. Şübhə etmirəm ki, İlham tezliklə bu monoqrafiyasını tamamlayıb müzakirəyə təqdim edəcək.

İlham əməkdaşı olduğu şöbənin sanballı nəşrlərinin əsas müəlliflərindən biridir. Onun Səməd Vurğun, Mir Cəlal, M.İbrahimov, İ.Əfəndiyev, M.Hüseyn, B.Vahabzadə, H.Kürdoğlu, M.Aslan, Fikrət Sadıq haqqında tədqiqatlarında poetika məsələləri əsas hədəf kimi götürülür və müəllifin ilk monoqrafiyasında qazandığı təcrübə ona yardımçı olur. Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biri kimi onun yeni yaradıcılıq keyfiyyətləri üzə çıxır. Tarixi gedişatı müasir nəzəri-praktik qənaətlər əsasında dəyərləndirmək onun seçdiyi doğru metodoloji prinsipdir.

Mən öz yetirmələrimlə (onların çoxu artıq həmkarım kimi ədəbiyatşünaslıq elmimizi təmsil edirlər) fəxarət duyuram. Bu cərgədə İlham Məmmədlinin öz yeri var. O, vaxtından əvvəl "ağsaqqal" statusu qazananlardandır. Doğulduğu Kəlbəcərin çeşmələri kimi saf və dumdurudur.

60-ın mübarək, əzizim İlham!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!