Babur-540: Türk dünyasının nadir şəxsiyyəti - Ramiz Əskər

 

 

Böyük siyasi xadim Cəvahirləl Nehru ünlü şair və hökmdar Baburun fəaliyyətinə yüksək qiymət verərək yazmışdır: "Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təmasa keçdi. Babur valehedici şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı".

Bu fikri elə həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə alınmış "Tarixi-Rəşidi", "Hümayunnamə", "Tarixi-Hümayun şah", "Əkbərnamə", "Təbəqəti-Əkbəri", "Tarixi-Fəriştə", "Cahangirnamə" kimi tarixi qaynaqlarda göstərilən faktlar da təsdiq edir.

 

Həyatı

 

Babur şanlı qələbələrlə dolu türk tarixinin ən görkəmli, ən əzəmətli simalarından biridir. Onun cülus zamanı, yəni taxta çıxdığı vaxt aldığı titul belədir: əs-sultan ül-əzəm və-l-xaqan ül-mükərrəm (yəni böyük sultan və ulu xaqan) Zəhirəddin Məhəmməd Cəlaləddin Babur Padişahi-Qazi. O bəzi həmkarları, o cümlədən Qazi Bürhanəddin, Şah İsmayıl Xətayi, Cahan şah Həqiqi, Şeybani xan, Hüseyn Bayqara, Sultan Səlim, Qanuni Sultan Süleyman kimi həm hökmdar, həm də şairdir, əlavə olaraq, parlaq istedadlı nasir və mahir tərcüməçidir, ensiklopedik bilik sahibi, müxtəlif sahələrə dair dərin məzmunlu risalələr müəllifidir.

Babur 14 fevral 1483-cü ildə Özbəkistanın Əndican şəhərində doğulmuşdur. Onun atası, Fərqanənin və ətraf vilayətlərin hakimi Ömər Şeyx Mirzə şəcərə etibarilə böyük Əmir Teymurun nəticəsi, anası Qutlu(ğ) Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Dövlət idarəçiliyini öyrənməsi üçün atası Baburu hələ on yaşında ikən Əndicana vali təyin etmişdir. Çox keçmədən Ömər Şeyx Mirzə bir qəza nəticəsində həlak olmuş, Babur 1494-cü ildə 12 yaşında Fərqanə taxtına çıxmışdır. Bu vaxt Səmərqənd hakimi olan əmisi Sultan Əhmədlə Daşkənd hakimi olan dayısı Məhəmməd  Fərqanəyə qoşun çəkmişlər. Babur atasının sərkərdələrinin köməyi ilə bu hücumları dəf edə bilmiş, taxt-tacını qorumuşdur.

Bundan bir neçə il sonra Şeybani xan Orta Asiyada siyasət səhnəsinə çıxmış, Teymurun varisləri, o cümlədən Baburla hakimiyyət uğrunda çarpışmağa başlamışdır. Babur 1497-ci, 1501-ci və 1503-cü illərdə onunla vuruşmuş, lakin hər dəfə məğlubiyyətə uğramışdır. Şeybani xan Səmərqənddən sonra teymurilərin önəmli şəhərləri olan Buxaranı və Heratı da ələ keçirmişdir. Babur məcburən Pamir dağları istiqamətində geri çəkilmiş, Hindiquş dağlarını keçərək Kabilə daxil olmuş və burada özünü şah elan etmişdir.

Şeybani xan 1510-cu ildə baş verən Mərv döyüşündə Şah İsmayıla məğlub olmuş və öldürülmüşdür. Babur səfəvilərin hərbi dəstəyi ilə 1512-13-cü illərdə Buxaranı və Səmərqəndi yenidən öz torpaqlarına qatmışdır. Lakin 514-cü ildə səfəvilərlə osmanlılar arsında vaqe olan Çaldıran meydan müharibəsində Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra səfəvilərdən heç bir kömək ala bilməyən Babur özbəklərin amansız hücumları qarşısında geri çəkilmək məcburiyyətində qalmışdır. İlk baxışda Babur acınacaqlı vəziyyətə düşsə də bu, yeni və qüdrətli bir imperiyanın meydana gəlməsinin başlanğıcı idi.

 

Baburun böyük baburilər imperiyasının (1526-1858) əsasını qoyması

 

Babur 1518-ci ildə Cənubi Əfqanıstana yürüş etmiş və Sind bölgəsini ələ keçirmişdir. Bir neçə il davam edən savaşlardan sonra Pişəvəri, Pəncabı və Qəndəharı zəbt etmişdir. 21 aprel 1526-cı ildə isə Panipat döyüşündə Dehli sultanı İbrahim Ludini məğlub edərək öldürmüş, Dehli və Aqranı tutmuş və özünü Hindistanın hakimi elan etmişdir. Babur 15 fevral 1527-ci ildə Rana Saqanın başçılıq etdiyi hind ordusu ilə vuruşmuş, onu da yenərək Qazi titulunu almışdır.

Babur 26 dekabr 1530-cu ildə Aqrada 47 yaşında vəfat etmişdir. Qızı Gülbədən bəyim özünün "Hümayunnamə" adlı kitabında atasının həyatının son dövrünü müfəssəl şəkildə təsvir etmişdir. Onun yazdığına görə, sevimli oğlu və vəliəhdi şahzadə Hümayunun çox ağır şəkildə xəstələnməsi Baburu dərindən sarsıtmışdır. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanmış, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirmiş, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz etmişdir. Tezliklə Hümayunun vəziyyəti yaxşılaşmış və o, tamamilə sağalmışdır. Əvəzində Baburun səhhəti getdikcə pisləşmişdir. Bu dünyadan köçəcəyini anlayan Babur övladlarını (oğulları Hümayun, Kamran, Əskər və Hindal mirzələri, qızları Gülrəng, Gülçöhrə və Gülbədən bəyimləri), bəylərini və sərkərdələrini yanına çağırmışdır. Hamının hüzurunda Hümayunu padşah təyin etmiş, elə həmin gün əbədiyyətə qovuşmuşdur. Aqrada dəfn olunmuş, vəsiyyətinə uyğun olaraq qəbri 1539-cu ildə Kabilə köçürülmüşdür. 1646-cı ildə nəvələrindən Cahan şah (Tac Mahalı tikdirən) onun Baği-Babur adlı bağda yerləşən qəbri üzərində gözəl bir türbə ucaltmışdır. 1842-ci ildə baş verən zəlzələdə zərər görən türbədə bərpa işləri aparılmışdır.

Baburun qurduğu dövlət 332 il öz varlığını davam etdirə bilmişdir. Qərb ölkələrində Baburun möhtəşəm dövlətini bilərəkdən Böyük moğol imperiyası adlandırırlar. Anasının monqollarla  qohumluğuna görə onun türk mənşəyinin üstündən sükutla keçirlər. Halbuki Babur çağatayca, yəni türkcə yazmışdır. O, poeziyada Əlişir Nəvayidən sonra ikinci ən uca zirvə, nəsr sahəsində isə birinci, fəth olunmamış zirvə sayılır. Babur bütün qanı, canı, dili və xarakteri ilə türkdür, həmişə də bununla fəxr etmişdir.

İngilislər 1858-ci ildə baburilər səltənətinə son qoymuş, Hindistanı rəsmən İngiltərənin müstəmləkəsi, 1877-ci ildə isə Viktoriyanı Hindistanın kraliçəsi elan etmişlər. Babur irsinə sahib çıxan dövlətlər arasında Hindistan, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan kimi ölkələr vardır.

 

Yaradıcılığı

 

Babur çağatay ədəbiyyatının azman nümayəndəsidir. O, divan ədəbiyyatının müxtəlif janrlarında 119 qəzəl, 18 məsnəvi, 210 rübai, 50 müəmma, 19 qitə, 15 tuyuq, 18 tamamlanmamış qəzəl, 3 nəzm, 16 müsərra beyt, 5 müfrəd və 4 mənsur əsər yazmış və bunları iki divanda toplamışdır. Bundan əlavə, onun farsca yazılmış 2 qəzəli, 12 rübaisi, 8 qitəsi, 17 mətləsi və 1 mənsur əsəri də mövcuddur. Biz 2011-ci ildə Baburun "Seçilmiş əsərləri"ni tərtib və nəşr etmiş, orada şairin 500 civarında lirik əsərini bir arada vermişik.

Baburun şux və oynaq qəzəlləri, ictimai-fəlsəfi məzmunlu rübailəri, tuyuğları, məsnəviləri, qitələri, mətlələri barədə "Seçilmiş əsərləri"nə yazdığımız ön sözdə geniş məlumat verilmiş, onlar müxtəlif ədəbi yönlərdən yetərincə təhlil edilmişdir. Burada yalnız bir qəzəlini vermək istərdik:

 

Xəttin ara üzarın - səbzə içində lalə,

Ol çeşmi-pürxumarın - lalədəki qəzalə.

 

Bütün pərilər, ey can, gərdində zarü heyran,

Guya ərər nümayan ay dövrəsində halə.

 

Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar,

Cövrü cəfanı bisyar qıldın mana həvalə.

 

Hicrində, ey pəriru, gözümdən uçdu uyğu,

Hər gecə dana doğru işimdir ahü nalə.

 

Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var,

Eşqində Babur yazar bu növ yüz risalə. 

 

Zəhirəddin Məhəmməd Baburun yaradıcılığında risalələr çox mühüm yer tutur. Bunlardan "Əruz risaləsi" (1523-25), adından da göründüyü kimi, ədəbiyyat nəzəriyyəsinə həsr olunmuşdur. Bu əsər əruz vəzni haqqında türkcə və farsca yazılmış risalələrdən fərqlidir. Müəllif əsas diqqətini türk əruzuna yönəltmiş, bizə xas olan şeir şəkillərindən tuyuğ, qoşuğ, tarxani, öləng və digər janrları ətraflı təhlil etmişdir. Babur burada əruzun 21 bəhri və 272 vəzni haqqında geniş məlumatla yanaşı türkcə və farsca nümunələr də vermişdir.

Şairin digər bir risaləsi "Mübəyyəni-zəkat"dır (1521). Şair burada islamın hənəfilik təriqəti ilə əlaqədar bəzi məsələlər (zəkat, xüms, əşar, xərac və s.) haqqında məsnəvi tərzində söz açmışdır. "Kitab nəzminin səbəbi" qismindən anlaşıldığına görə, Babur bu əsəri övladları Hümayuna və Kamrana öyüd-nəsihət vermək məqsədilə qələmə almışdır. Şairin "Etiqadiyyə" risaləsi də dini mövzudadır. Babur bu əsərində dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində bildiyini nümayiş etdirmişdir.

Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən biridir. O, dövrünün ən məşhur din və təsəvvüf adamlarından biri olan Xoca Übeydullah Əhrarın "Risaleyi-validiyyə"sini ("Ana haqqında risalə") fars dilindən türkcəyə tərcümə etmişdir.

Mütəfəkkir şair 1504-cü ildə "xətti-baburi" adlı xüsusi bir əlifba icad etmiş, türk dilinin fonetikasını daha dolğun əks etdirən həmin əlifba ilə Qurani-kərim yazdırmışdır.

Baburun ən önəmli əsəri çağatayca yazdığı "Baburnamə" (digər adları: "Vəqaye" və "Baburun xatirələri") əsəridir. Türk-islam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan "Baburnamə"də müəllif 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün hadisələri, öz həyatıni təsvir etmiş, o dövrün siyasət, elm və ədəbiyyat xadimləri haqqında məlumat vermişdir.

Hələ müəllifin öz sağlığında böyük əks-səda doğuran "Baburnamə" ingilis, fransız, alman, holland, ispan, türk, rus, yapon, fars, urdu və başqa dillərə çevrilmişdir. Əsəri ana dilimizə bu sətirlərin müəllifi və tanınmış alim Prof. Dr. Füzuli Bayat 2011-ci ildə bir-birindən xəbərsiz şəkildə tərcümə etmişlər.

1992-ci ildə Özbəkistanın Əndican şəhərində Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrənmək üzrə beynəlxalq elmi ekspedisiya təsis edilmişdir. Toplanan minlərlə kitab və sənəd "Babur və dünya sivilizasiyasında onun yeri" adlı xatirə muzeyində qorunur. Baburun Bakıda tərcümə  və nəşr olunan kitabları da həmin muzeydə nümayiş etdirilir.

Ötən dövr ərzində fondun səyi ilə Babur və baburilər haqqında 50-dən artıq kitab nəşr edilmişdir.

Fondun gördüyü ən böyük işlərdən biri "Zəhirəddin Məhəmməd Babur ensiklopediyası"nı nəşr etməkdir. Burada Babur və baburilər haqqında hər bir mənbə, eləcə də onların müəllifləri barəsində məlumatlar verilmişdir. Ensiklopediyanın artıq iki nəşri işıq üzü görmüşdür. 

Fondun ən diqqətəlayiq işlərindən biri də baburşünaslıq sahəsində əlahiddə xidmətləri olan şəxslərin təşviq və təltif edilməsi üçün "Beynəlxalq Babur mükafatı"nın təsis olunmasıdır. İndiyədək bütün dünyada otuzdan artıq adam bu mükafata layiq görülmüşdür. 

Əndicanda Baburun adını daşıyan yüz hektarlıq xatirə parkında onun simvolik məzarı da var. Qırğızıstanın Oş şəhərində yerləşən Süleyman dağındakı Baburun evi pir kimi ziyarət olunur. İnanca görə, evdəki mehraba istiqəmətlənmiş diz izləri Babura məxsusdur.

 

Babur fondunun Özbəkistanda və dünyada apardığı bütün işlərə görkəmli baburşünas alim, böyük vətənpərvər və ziyalı Zakircan Məşrəbov rəhbərlik edir. Onun fədakar əməyi Özbəkistan Prezidenti Ş.Mirziyoyev tərəfindən "Fədakaranə xidmətləri üçün" ordeni ilə qiymətləndirilmişdir.

Hər il fevralın 14-də Özbəkistanın bütün yaşayış məntəqəsində Zəhirəddin Məhəmməd Baburun anadan olmasının ildönümləri (bunların yuvarlaq rəqəm olub-olmaması önəmli deyil) təntənəli şəkildə qeyd edilir...

Bu il Zəhirəddin Məhəmməd Baburun anadan olmasının 540-cı ildönümü tamam olur. Bu münasibətlə qardaş özbək xalqını, bütün türk dünyasını və babursevərləri ürəkdən təbrik edirik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!