I məqalə
1920-ci il aprelin 27-də Sovet Rusiyası bolşevikləri Azərbaycanı işğal etdilər. Azərbaycanda bütün azad mətbuat orqanları qapadıldı, yalnız bolşevikyönümlü qəzet və jurnalların çapına icazə verildi.
Azərbaycan Cümhuriyyəti dövründə dövlətin adını özündə əks etdirən "Azərbaycan" qəzetinin son sayı da 1920-ci ilin 28 apreli - yəni ölkənin işğal günü çıxdı. Görkəmli mütəfəkkir və bəstəkar Ü.Hacıbəylinin redaktorluğu ilə dərc edilən "Azərbaycan" qəzeti bir daha işıq üzü görmədi.
Ü.Hacıbəyli böyük uzaqgörənliklə və bolşeviklərin Azərbaycanda törədəcəkləri cinayəti əvvəlcədən duyaraq "Azərbaycan" qəzetinin aprelin 25-də çıxan 82-ci sayında "Zurna" adlı felyeton yazdı və öz mövqeyini açıqladı (Bax: Ü.Hacıbəyli, "Zurna", "Azərbaycan" qəzeti, 25 aprel 1920, № 82).
Sovet rejimində mətbuat azadlığının boğulmasını və söz, fikir azadlığının olmamasını sübut edən böyük mütəfəkkir M.B.Məmmədzadə "Sovet Azərbaycanında hürriyyəti mətbuat" yazısında bu fikirləri açıqlayırdı:
"...Son zamanlarda intişara (nəşrə) başlayan qoca "Molla Nəsrəddin" belə ciddi senzor altında çıxmaqdadır. Çox zaman "Molla Nəsrəddin" Çeka məmuru tərəfindən bütün mündəricatı dəyişmək məcburiyyətində qalır. 1923-cü ildə "Molla Nəsrəddin"də "Bayquş" imzalı bir şair "İntibah" sərlövhəsiylə bir şeir nəşr eyləmişdi. Hökumətin siyasət və fəaliyyətinə toxunan bu şeir Sovet Çekasını elə qəzəbləndirmişdi ki, "senzorun bir xətası" nəticəsi olaraq satışa çıxarılan "Molla Nəsrəddin"in bütün nüsxələrini xüsusi əmrlər ilə toplayırdılar. Bu xüsusda "Molla Nəsrəddin"in müdiri Cəlil Məmmədquluzadə Çekanın töhmətinə məruz qalmış və məcmuənin heyəti-idarə rəisi Məmməd Səid Ordubadi, Ruhulla Axundov və sair kommunistlərin kontroluna (nəzarətinə) tabe tutulmuşdu". (Bax: M.B.Məmmədzadə, "Sovet Azərbaycanında hürriyyəti mətbuat", "Yeni Qafqasiya", 15 avqust 1924, sayı: 22, s.4).
Qeyd edək ki, Sovet dövründə mətbuata nəzarəti 1920-ci illərdə İnqilabi Hərbi Şura, "Çeka" (Fövqəladə Komissiya), sonradan Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ("Qlavlit") həyata keçirirdi.
Qayda belə olurdu: nəşriyyata təqdim olunan əsər "Qlavlit"ə göndərilir, orada oxunur, çapına qol çəkilir, möhür vurulurdu. "Qlavlit" işçisinin kimliyini bildirən 5 rəqəmli şərti nömrələr də mövcud idi. SSRİ-nin hər yerində o nömrədən "Qlavlit" işçisinin kimliyi müəyyən olunurdu.
Sovetlər Birliyi dövründə mətbuat senzorları yazıçı və şairlərə belə göstəriş verirdilər: "Biz tələb edirik, israr edirik, istəyirik!".
1953-cü ildə İ.V.Stalinin ölümündən və N.S.Xruşşovun hakimiyyətə gəlişindən sonra cəmiyyətdə senzura sistemində müəyyən "yumşalma" prosesi getdi və "məcburi əmrlər, göstərişlər" "tövsiyələr"lə əvəz olundu. Bu prosesə daha çox 1960-1970-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi İdeoloji şöbəsinin müdiri Demiçev, əsasən də MK-nın İdeologiya üzrə katibi M.A.Suslov nəzarət edirdi.
Bəs "Qlavlit" necə qurum idi? SSRİ dövlətində mətbuata nəzarət sistemi "Qlavlit" təşkilatı tərəfindən həyata keçirilirdi. "Qlavlit" sözünün açılışı (bu söz ruscanın qısa formasıdır) belədir: "Sovetlər Birliyi Nazirlər Sovetinin yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə Baş İdarəsi". Bu sahəyə uzun müddət Sov.İKP MK-da Ağır Sənaye şöbəsini idarə edən P.K.Romanov başçılıq edib.
"Qlavlit"in qadağaları: "Jurnalistlərin terminində (arqosunda) "talmud" deyə adlandırılan və məzmununda hər il dəyişikliklər edilən, ancaq senzorların faydalandığı böyük həcmli kitabda qadağalar qeyd edilirdi. Bu kitabda məxfi "qadağalar" senzorların fəaliyyətində əsas götürülürdü.
Senzorları tez-tez seminarlara çağırır, onlara yeni təlimatlar verirdilər.
Senzura orqanlarında o dövrdə 70 (yetmiş) min insan çalışırdı.
Sovet kino sistemində isə senzura işinə redaksiyalar, redaktorlar, Kinematoqrafçılar Birliyi, hərbi senzorlar, DTK orqanları, "Qlavlit", Sov.İKP MK və s. qurumlar nəzarət edirdi. "Qlavlit"də nəzarət daha güclü idi (Bax: Herman. F.F.Asininov. Sovetlər Birliyində senzor."Dərgi", Münhen, 1970, № 59, s.70-71).
"Qlavlit" Azərbaycanda 1998-ci ilin avqustun 6-da rəsmi olaraq ləğv olundu.
1920-ci illərdən başlayaraq Sovet dövlətinin əsas təbliğat vasitələri isə bu mətbuat orqanları vasitəsilə həyata keçirilirdi: "Pravda", "İzvestiya", "Zarya Vostoka". Azərbaycanda isə aşağıdakı mətbuat orqanları sovet dövlətinin təbliğatını yayırdılar: "Kommunist", "Bakinski Raboçiy".
Qeyd edək ki, 1920-ci illərdə Azərbaycanda bolşevik-sovet rejimi əleyhinə ilk məxfi yayınlara başlayan Müsavat Partiyasının gizli təşkilatı oldu (Bax: N.Yaqublu. Müsavat Partiyasının tarixi. B., 2012. , s.111).
Müsavatın gizli təşkilatının fəaliyyəti nəticəsində sovet rejiminin işğalçı mahiyyətini ifşa edən gizli bəyannamələr, vərəqələr xalq arasında yayılırdı. Bu bəyannamələr, adətən, 28 May İstiqlal Günündə və 27 Aprel işğalı ildönümündə məxfi olaraq insanlara çatdırılırdı.
1922-ci ildə isə başda M.B.Məmmədzadə, böyük yazıçı və dramaturq C.Cabbarlı, Ə.V.Məmmədov (Yurdsevər) olmaqla gizli Müsavatın rəhbərliyinə daxil olan şəxslər gizli mətbəə yaradıb, "İstiqlal" qəzetini nəşr etməyə başladılar. (Bax: A.Rüstəmli. C.Cabbarlı və milli istiqlal hərəkatı. B., 2018, s.148).
"İstiqlal" qəzetinin 19-cu sayı çap edilərkən mətbəənin yeri aşkarlandı və işçiləri həbs olundu.
Məlum oldu ki, gizli mətbəədə "Yaşıl yarpaqlar" məcmuəsi, vərəqələr, kitabçalar da çap edilib yayılırmış.
Sovet dövründə rejim əleyhinə yazılara, sətiraltı mənalarda bolşeviklərə qarşı çox fikirlərə rast gəlmək mümkün idi.
Eyni zamanda M.Ə.Rəsulzadənin Türkiyədə 1923-cü ilin sentyabrından nəşr etməyə başladığı mühacirət mətbuatımızın ilk nümunəsi olan və sovet rejimi əleyhinə yazılar dərc edən "Yeni Qafqasiya" (sonradan "Azəri Türk", "Odlu Yurd") gizli olaraq Azərbaycana gətirilir, xalq arasında yayılırdı. (Bax: "Yeni Qafqasiya" jurnalı, İstanbul, 26 sentyabr 1923, №1).
Azərbaycanda təqiblərə və izləmələrə baxmayaraq, sovet rejimi əleyhinə ziyalılar tərəfindən də gizli yazılar hazırlanır, şeirlər yazılır, xalq arasında yayılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncənin Qubernatoru (Valisi) olmuş X.Rəfibəylinin həyat yoldaşının evi axtarılarkən oradan qızı Nigar xanımın (sonradan Azərbaycanın Xalq şairəsi) 1928-ci ilin iyun ayında yazdığı bir şeir tapılmışdı. Şeir belə adlanırdı: "Şimaldan günəşin doğmasını gözləyənlərə". Şeirdə deyilirdi: "Başında Şimal rüzgarları əsən "Şair", sən İsa şəklini Lenin şəkli ilə əvəz edib, bizi rus mujiki ruhunda tərbiyə edir, ona baş əyməyə məcbur edirsən. Lakin bunu bil ki, şimaldan günəş doğmamış və doğmayacaqdır. Şimal Şərqin qanını içəndir. Sənin al bayrağın Şərqin qanına boyanmışdır. Qızıl bayraq altında "internasional" bağırırsan. Fəqət mənim daha hüquqlarım var. Şərq daha inləməkdədir. Oradan zəncir səsləri gəlir. Bu səsi eşidənlər anlayırlar ki, heç bir zaman şimaldan günəş doğmamış, heç bir zaman günəş doğmayacaqdır". (Bax:"Bildiriş" qəzeti, İstanbul,1931. №27; 2) N.Yaqublu. Müsavat Partiyasının tarixi, B., 2012, s.158).
Dövrün istintaq materiallarında Nigar Rəfibəyovanı (Rəfibəylini) təbliğ edən sənədlər vardır. Onun türk doktor Rza Nuribəyin kitabını yaydığı qeyd edilir. Həmin kitabda müəllif Azərbaycanın Rusiyanın müstəmləkəsi altında olduğunu yazır.
N.Rəfibəylinin atası X.Rəfibəylini 1920-ci il mayın 20-də bolşeviklər qətlə yetirmişdi. Bu da N.Rəfibəylidə Sovet rejiminə nifrət yaratmışdı.
Bolşevik Ə.Qarayev bu şeirinə görə Pedaqoji İnstitutun tələbəsi olan Nigar xanımın bütün işlərdən azad edilməsini tələb etmişdi.
Yazıçı Anar isə bu şeirin müəllifinin şair Mikayıl Rzaquluzadə olduğunu bildirir. (Bax: Anar. Sizsiz. B., 1992, s.536;2) N.Yaqublu. Müsavat Partiyasının tarixi. B.,1997.3)."Bildiriş" qəzeti. İstanbul, 1931, №27).
O vaxt M.Rzaquluzadə Moskvada oxuyurdu və N.Rəfibəyli onu ələ vermək istəməyib. Hadisədən xəbər tutan M.Rzaquluzadə şeirin ona məxsusluğu ilə bağlı Bakıya məktub göndərib.
Sonradan N.Rəfibəyli Rusiyaya - Moskvada oxumağa getməyə üstünlük verib.
Tanınmış yazıçı və dramaturq C.Cabbarlının həm siyasi fəaliyyətində (O, "Gizli Müsavat" təşkilatının üzvü idi), həm də yaradıcılığında sovet rejimindən ciddi narazılıq məqamları var idi. Sovet rejimi əleyhinə gizli olaraq "İstiqlal" qəzetinin fəallarından olan, xalqa müraciətlər, bəyannamələr yazan C.Cabbarlının bədii əsərlərində də haqsızlığa, istismara etiraz nümunələri olduqca çox idi.
M.Ə.Rəsulzadə də yazılarında C.Cabbarlının bolşevik ideyalarından uzaq bir sənətkar olduğunu qeyd edirdi: "Kommunist olmadısını göstərən hadisələrdən biri də onun Moskvada toplanan Ədiblər Qurultayında söylədiyi məşhur nitqidir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan "sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdı". (Bax: M.Ə.Rəsulzadə. Əsrimizin Siyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. B., 1991, s.72).
1923-cü ilin 14 iyununda Azərbaycanın 15 (on beş) ziyalısı həbs edilmişdi və onlardan biri də C.Cabbarlı idi.
C.Cabbarlı 1923-cü ilin avqustunda azadlığa buraxılmışdı. Böyük yazıçı bolşeviklərin işğalçı siyasətinə qarşı özünün bu günə qədər tapılmayan bir şeirini yazmışdı: "Yurdumu taladı Şimalın ağ ayısı" (Bax: N.Yaqublu. Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası. B, 2018, s.104).
Yazdığı əsərlərdə elə o dövrü, 1918-1920-ci illərdəki Azərbaycanı xatırlayıb yazırdı:
Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm,
Bu gənc yaşımda.
"1905-ci ildə" pyesində isə o, Salamovun dili ilə o dövrdə "millət" sözünü işlətməyin necə təhlükəli olduğunu özünəməxsus istehza ilə deyir: "Yenə saldı bu zəhrimar "milliyəni" ortalığa".
(Ardı var)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!