100 ilin mühüm ədəbi salnaməsi - ELÇİN

"Azərbaycan" - 100

ELÇİN

 

1

 

Mən bu qısa qeydləri 2022-ci ilin son günlərində yazıram, üzümüzə gələn 23-cü ilin ədəbi hadisələrindən biri də "Azərbaycan" jurnalının 100 illiyi olacaq.

Bu 100 ildə "Azərbaycan" jurnalı ədəbiyyatımızın əsas jurnalı olmuşdur.

"Azərbaycan" jurnalının 100 illiyi, əslində, Azərbaycan ədəbiyyatının son 100 illik tarixinin salnaməsidir.

Bu - adi 100 illik salnamə deyil, çünki söhbət Azərbaycan tarixinin siyasi-ictimai sarsıntılar keçirdiyi, epoxaların dəyişdiyi, inqilabi romantikaya uyduğu, ictimai fikirdə də, şəxsi həyatda da kataklizmlər, uğurlarla bərabər, faciələr də yaşadığı bir dövrdür və bütün bunları həmin dövrün ədəbiyyatı, olsun ki, tarixi tədqiqatlardan daha təfsilatlı, daha müfəssəl və canlı ifadə edir, daha dərin-mənəvi psixoloji qatlara sirayət edir, həm fərdi hiss-həyəcanları, həm də siyasi-ictimai panoramanı bədii əyaniliklə göstərir.

Ədəbiyyatımızın son yüz illikdəki mənzərəsi, yəni Azərbaycan bədii (və ədəbi!) dilinin bu 100 ilə sığışmayacaq qədər inkişafı, zənginləşməsi və təmizlənməsi, yaxud misal üçün, nəsrdə yeni janrların yaranması, formalaşması və onların ədəbiyyatımızın milli faktoruna çevrilməsi, yaxud poeziyamızda hecanın bədii-estetik miqyasının artması və ən yüksək faizli aparıcı vəznə çevrilməsi, yaxud da ədəbi tənqidimizin formalaşması və onun ictimai fikrin zənginləşməsindəki mühüm rolu və ədəbiyyatşünaslığımızda klassikamızın tədqiqində elmi-nəzəri səviyyənin müqayisəedilməz dərəcədə artması və sağlam (obyektiv!) milli təəssübkeşliyin ifadəsi - bütün bunlar "Azərbaycan" jurnalının yaratdığı həmin salnamənin səhifələridir.

 

2

 

"Azərbaycan"ın salnaməsi yalnız uğurlar salnaməsi deyil və bu salnamənin səhifələrində dövrün konyukturası da, Dali sürrealizmini xatırladan "ədəbi" hadisələr də (məs., "Dədə Qorqud"un faktiki olaraq "düşmən" elan edilməsi, yaxud faciəvi 1937-8-9-cu illər repressiyasının ədəbiyyata soxulması və "ifşa"lar) həmin səhifələrdə qeyd olunub. Bu çox mühüm bir cəhətdir - söhbət, dediyim kimi, obyektiv salnamədən, özü konyunkturaya uymadan dövrün ədəbiyyatını və ədəbi hadisələrini, təmayüllərini, mühitini olduğu kimi təcəssüm etdirən bir salnamədən gedir.

"Azərbaycan" jurnalının 100 ilin müxtəlif dövrlərində nəşr olunduğu adlara fikir verin: "İnqilab və mədəniyyət", "Maarif və mədəniyyət", "Revolyusiya və qultura", "Vətən uğrunda", "Revolyusiya və kultura", nəhayət "Azırbaycan" və bura onu da əlavə etsək ki, bu adlar həmin 100 il boyunca ərəb-latın-kiril, yenidən latın qrafikaları ilə nəşr edilib - elə bunun özü də həmin 100 ilin nə qədər mürəkkəb və ziddiyyətli olduğundan,  siyasi-ictimai və sosioloji mühitindən xəbər verir.

"Azərbaycan"ın nəşr olunduğu bu 100 ilin az qala yetmiş ili dediyim o mürəkkəb və ziddiyyətli Sovet dönəminin payına düşür və bu həmin  dönəmdir ki, ədəbiyyata verilən siyasi qiymət bədii-estetik qiyməti üstələyib, bir sıra hallarda isə hakim ideologiya ilə inzibati tədbirlər (nikbin şişirtmələr və rəzil alçatmalar) eynilik yaradıb, bədii cəhətdən sönük olsa da, "partiyalı" yazılar mükafatlandırılıb və təbliğ edilib, dərsliklərə salınıb və Sistem bu yazıların müəlliflərini, vaxtilə yazdığım kimi, "istedadlı yazıçı", "böyük şair" vəzifələrinə (!) təyin edib, onlar yüksək tribunalara, xitabət kürsülərinə qaldırılaraq, ədəbiyyat generalları olublar. Ədəbiyyata vulqar-sosioloji münasibət bəzən mahiyyət etibarilə antiədəbiyyatı klassika elan edib və bu eybəcər (!) ədəbi vəziyyət yalnız Azərbaycan ədəbiyyatının yox, bütün sovet ədəbiyyatının ümumi  mənzərəsində özünü büruzə verən cəhət olub. (Bir də ki, "sovet ədəbiyyatı" anlayışının özü süni bir şeydir, heç olmasa ona görə ki, bədii ədəbiyyatın əsas faktoru dilidir, "sovet dili" isə mövcud deyil.)

Ancaq eyni zamanda, həmin dövr ədəbiyyatımızda istedadın sosrealizm doqmalarına qarşı mübarizə apardığı bir zamandır və deyə bilmərəm ki, bu mübarizə həmişə şüurlu surətdə aparılıb, olsun ki, daha artıq dərəcədə təhtəlşüur olaraq mücadilə gedib, çünki sosrealizm doqmaları istedadın təbiətinə zidd idi və istedad bu doqmaları heç vəchlə qəbul edə bilmirdi. O yerdə ki, istedad yol tapıb, sosrealizm çərçivələrindən çıxa bilirdi - bu həmin əsərlərdir ki, bu gün də heç bir düzəliş olmadan nəşr olunur, bu gün də tamaşaya qoyulur, artıq sosrealizm etapını arxada qoymuş müstəqil Azərbaycanın oxucularına, tamaşaçılarına təqdim edilir.

Mən bu cəhətlərin üzərində ona görə dayanıram ki, bütün bu nəhəng ədəbi təsərrüfatı məhz "Azərbaycan" jurnalı çap edib və "Azərbaycan" jurnalının mühüm və ciddi bədii-estetik mənbə kimi qiyməti də ondadır ki, Sistemin tələb etdiyi konyunkturanı da dərc edərək, dövrün tam ədəbi xarakteristikasını verib, ədəbi mühitin siyasi-ictimai koloritini olduğu kimi göstərməyi bacarıb.

Eyni zamanda, müstəqilliyimiz ərəfəsində və sonrakı ilk illərdə də - 1980-ci illərin sonu, 90-ların əvvəli - "Azərbaycan" jurnalı ağır, hətta məşəqqətli günlər keçirib, hər vasitə ilə ağır durumdan çıxmaq üçün yollar axtarıb və maliyyə qıtlığına, nəşrin aybaay ardıcıllığının pozulmasına, həcmin azalmasına - bütün bu çətinliklərə baxmayaraq ,"Azərbaycan" öz salnaməsini yazmağa davam edib.

"Azərbaycan" öz səhifələrində 30 il Qarabağ əzab-əziyyətini də çəkib və 44 günlük Zəfərdən sonra salnamənin tarixi Qələbə səhifəsini yazıb.

 

3

 

Mənim ilk hekayəm 16 yaşımda ikən, 1959-cu il 5 iyul tarixində, "Azərbaycan gəncləri" qəzetində dərc edilib, "Azərbaycan" jurnalında isə mənim ilk hekayəm - "Birinci və axırıncı dəfə, yaxud Mirzə Qənbərin əhvalatı" - 1960-cı il iyul nömrəsində çap olunub.

 

Bu gün mən həmin tarixləri "Biblioqrafiya"da axtarıb dəqiqləşdirirəm, ancaq ötən illər ərzində o ilk çapların sevinci, fərəhi, ruh coşqunluğu tez-tez yadıma düşüb, yəqin, həmişə mənimlə olduğu üçün belədir və "Azərbaycan gəncləri" gənclərin qəzetiydisə, "Azərbaycan" jurnalı nüfuzlu, sanballı bir ədəbi tribuna idi, buna görə də onun dərci hadisə olurdu, sevinci, fərəhi, ruh yüksəkliyi, yaratdığı coşqunluq hissi də eləcə sanballı idi.

Bu 100 ildə "Azərbaycan" jurnalı nə qədər ilk yazılar çap edib?

Çox və onların arasında ədəbiyyatımızın klassikləri, böyük nümayəndələri də az olmayıb.

İndi çox uzaqlarda qalmış o illərdə, o yeniyetməlik, ilk gənclik çağlarında İntiqam Qasımzadə ilə aramızda bu günə qədər də davam edən dostluq var idi (iş elə gətirdi ki, universitetdə də eyni kursda oxuduq, aspiranturanı da bir yerdə başa vurduq) və mənim hələ əlyazmasında olan hekayələrimin ilk oxucularından biri, çox zaman da elə birincisi İntiqam olurdu və o vaxtlar "Azərbaycan" bizim üçün hündür mərtəbədə dayanmış ağır çəkili bir dərgi, redaktoru da yazı-pozusundan asılı olmayaraq, eləcə ağır çəkili bir söz sahibi idi.

İntiqamın atası, görkəmli şair və tərcüməçi, həyatdan çox tez getmiş Böyükağa Qasımzadə orada Poeziya şöbəsinin müdiri işləmişdi.

Bu gün İntiqam Qasımzadə "Azərbaycan" jurnalının Baş redaktorudur.

Mən bunları yalnız ona görə yazmıram ki, oğul atanın yolunu şərəflə davam etdirir - bu, öz yerində, - həm də ona görə ki, "Azərbaycan" uzun yolun yolçuluğunu davam etdirir, artıq ikinci 100 ilin salnaməsini yazmağa başlayır.

 

23 dekabr 2022

Bakı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!