Ağ dəvə düzdə qaldı... - Günel Natiq

 

 

El içində deyərlər, dəvə-dəvədən başlamaq. Yəni bir şeyin ən gözəlindən, ən dəyərlisindən başlamaq. Biz deyək, söz yükünü dəvə-dəvə deyimlərdən tutaq, siz də deyin ki, dəvənin quyruğu yerə dəyəndə!

Doğrudan da, dəvənin söz yükü ağırdır, yenə də aparmağa cəhd edək.

Dəvənin biri bir döngə

Vay döngə dərdi!

Xalqlar onu öz dünyagörüşlərinə görə mənalandırıblar. Məsələn, Asiya ölkələrində dəvə iddialı və lovğa adamları simvolizə edirdi. Dəvədən minik vasitəsi kimi istifadə edən ölkələr bu canlıya rəğbət bəsləyir, hətta müqəddəs sayırdılar. Məsələn, Şimali Afrika və ərəb ölkələrində dəvə təmkin, səbr, qənaətcillik kimi özəllikləri özündə ehtiva edirdi.

Xristian xalqları da dəvəyə ehtiram bəsləyir və belə hesab edirdilər ki, o, Allaha tapınan bir canlıdır. Belə ki, dəvənin yükü çox olanda "diz çökür", insanlarda da belə təəssürat yaranırdı ki, o, itaətkar, işlək bir varlıq kimi hər zaman Allaha və insanlara xidmət etməyə hazırdır. Günlərlə ac-susuz qızmar səhrada yol gedən, səbirlə, dözümlə ağır yük daşıyan bu canlı, əlbəttə ki, böyük ehtirama layiq idi.

İki cür dəvə var - birhörgüclü və ikihörgüclü. Bu canlıya "səhra gəmisi" də deyirlər, çünki qum üstündə elə asudə və rahat hərəkət edir, elə bil gəmidir, dənizdə üzür.

Dəvə uzun müddət qızmar səhrada susuz qala bilir. Bəs bu necə ola bilər? Axı hər bir canlının suya tələbatı var. Məsələ burasındadır ki, dəvə 10 dəqiqə 130 litr mayeni mədəsində toplayır, bu maye günlərlə davam edən səfərlərdə onun tələbatını ödəyir. Dəvənin bu özəlliyi hər zaman insanların təəccübünə səbəb olub. "Dəvə nalbəndə baxan kimi", onlar da dəvəyə heyrətlə baxıblar. Çünki heç bir canlı qısa vaxt ərzində bu qədər çox su içərək həyatda qala bilməz. Çünki bu zaman qandakı su miqdarı da artır, bu isə həyat üçün təhlükədir. Dəvənin orqanizmi elə qurulub ki, içdiyi suyu birbaşa qan damarlarına ötürür, digər orqanlar da bu dəyişikliyə görə tənzimlənir. Bu mənada dəvə heyrətamiz bir canlıdır.

Bəs necə olur ki, dəvə səhrada heç bir maneəsiz hərəkət edir? Dəvə səhra həyatı üçün yaradılıb. Özü özünü hər cür maneədən qoruyur, məsələn, uzun və sıx kirpikləri gözlərinə qum dənəciklərinin düşməsinə imkan vermir, istədiyi vaxt burun pərələrini bağlayır və qulaqlarını örtür. Tükləri günəş şüalarından qoruyur. Dəvə gündə 18 saat durmadan yol qət edir. Hətta daha sürətlə yol gedənləri də var. Yol və yön təyin etməkdə ustadırlar. Necə deyərlər, dəvə asta gedər, çox gedər.

Tarix boyu qədim xalqlar dəvələrdən orduda istifadə ediblər. Böyük səhralarda yaşayan xalqların həyatında dəvə ölçüyəgəlməz yerə sahibdir. Həm minik heyvanıdır, həm də ətindən və südündən faydalanırlar.

Soltan Hacıbəyovun "Karvan süitası"... Ağır dəvə karvanlarının ləngərli yerişi... Bu, adi dəvə karvanı deyil, öz yükünü minilliklərin o tayından çəkib gətirən qoca tarixin karvanıdır.

"Bizansa gedən dəvə karvanları hələ qayıtmamışdır", - yazır Mehdi Hüseyn.

Dəvələr sürü halında yaşayırlar, həmişə eyni quyudan su içərlər, sürüsünü itirən dəvə həmin quyunun başına gələr və günlərlə ac qalsa belə, sürünün yolunu gözlər.

"Dəvə yaxında otlar, uzağı gözlər".

Bu məsəl də ötəri yaranmayıb. Məsələ burasındadır ki, dəvənin güclü hissetmə qabiliyyəti var, uzaq məsafədən otlaq yerlərinin qoxusunu duya bilir. Hətta öncədən yağış yağacağını da sezir. Dəvənin gözləri də qeyri-adi dərəcədə itidir, bir kilometr məsafədən adamı sezib görə bilir.

"Dəvəçi" adlı yurd yerimiz var. Türkiyənin Qars vilayətinin adı da bu canlıyla bağlı yaranıb. "Qars" dəvə və ya qoyun yunundan hazırlanmış geyim və ya şal deməkdir.

"Dəvə kimi kinli", deyərlər. Dəvə nə qədər qəribə olsa da, umu-küsü saxlayan, acığını, qəzəbini hələm-hələm unutmayan heyvandır. "Getdi gözlərimdən bir dəvə kini", - deyər şair.

"Dəvənin kini - ilanın kini".

Belə bir məsəl də var: "Dəvəsi ölmüş ərəbəm". Yəni hər şeyini itirmiş adam özünü başqa necə ifadə edə bilər? Səhrada bir özü, bir də dəvəsi olan ərəbin dəvədən yaxın simsarımı var? Dəvə onun üçün hər şeydir. Ona görə dəvəsi ölən ərəb üçün daha dünyada itirəcək bir şey qalmaz, hər şeyə biganə olar.

 

Hamam hamam içində

Xəlbir saman içində.

Dəvə dəlləklik edər

Köhnə hamam içində.

Qarışqa şıllaq atdı,

Dəvənin budu batdı.

 

Dəvə yükü həm də çəki rolunu oynayıb, soruşublar, bu yük nə qədər edər? Deyiblər, məsələn, əlli dəvə yükü!

Ay ağalar, gəlin sizə söyləyim,

Yalqız daşdan olmaz divar deyərlər,

Bəzirgansan, aç mətahın, xırd eylə,

Ararlar yükündə nə var - deyərlər?

 

Atalar deyib, dəvədən də böyük fil var!

Yəni heç kim öz səlahiyyətindən sui-istifadə etməsin, öz mövqeyilə lovğalanmasın, əlbəttə ki, ondan yüksəkdə olanlar var. Necə deyərlər: "Dəvədən düşüb, yenə höt-hötündən əl çəkmir!".

"Dəvəyə dedilər - Nə işin sahibisən?

Dedi - İpək toxuyuram.

Dedilər - Əl-ayağına yaraşır".

"Dəvənin boynu kimi". Dəvənin boynunun düz olduğunu harda görmüsünüz? Odur ki, düz olmayan işlər barədə deyərlər: "Dəvənin boynu kimi əyridir".

"Dəvəyə dedilər - Boynun əyridir.

Dedi - Haram düzdür ki, boynum düz olsun!".

Dəvə haqqında deyimlər istər-istəməz üzə təbəssüm qondurur. Bəzən adama elə gəlir ki, bu dünyanın yükünü elə dəvə çəkir. Ağır iş dəvəyə buyurulur, suyu da dəvə daşıyır, odunu da. Hələ üstəlik, dəvə zarafatların da qəhrəmanıdır, hədəfidir!

"Dəvənin qanadı olsa, uçulmamış dam qalmaz". Yenə dəvənin böyüklüyünə işarədir. Təsəvvür edin ki, normal dəvə 500-600 kq ağırlığındadır.

"Dəvəçi ilə dost olanın darvazası gen gərək". Əlbəttə ki, gen gərək. Dəvəçi harda, dəvə də orda.

"Dəvəycən boyun olunca, düyməcə ağlın olsun". Ağıl hər şeydən üstündür, zahiri görkəm yalnız ani olaraq göz oxşaya bilər, önəmli olan - insan zəkasıdır, iç dünyasıdır, mənəviyyatıdır.

"Dəvəni palaz altında gizlətmək olmaz". Heç bu boyda dəvəni də palaz altında gizləmək olar? Eləcə də böyük bir olayı, hadisəni ört-basdır etmək, pərdə arxasında gizləmək olmaz.

"Dəvəni satan köşək ala bilməz". Dədə-baba təcrübəsidir; dəvə dostdur, yoldaşdır, sirdaşdır, dəvədən vaz keçməkmi olar? Bunu edən adam heç nəsiz qalar. Ya da "dəvəni itirən köşək axtarar".

"Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadar". Nəyəsə ehtiyacı olanda hər vasitədən istifadə edən adam haqqında deyilir. Dəvə yenə mətləb üstünə gəlib.

"Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar". Dəvənin zahılığı 12-13 ay davam edir. Bala dünyaya gələn kimi o dəqiqə ayağa qalxır, anasının dalınca gedir.

"Dəvəcə böyümüşsən, köşəkcə ağlın yox", - deyir Qanturalı atasının ona olan iradına, - "Atamı oğuldan öyrənər, yoxsa oğulmu atadan? Sən nə vaxt məni ov ovlamağa apardın ki, mən də sənə baxım, ərlik-ərənlik öyrənim".

Abbas Tufarqanlı deyər ki:

 

Yeriyir mayalar dalında köşək,

Dünyaya gələnlər bir gün köçəcək,

Varlı yalan desə, yoxsullar gerçək,

Varlının sözünü sözə tutarlar.

 

Abbas, gərək dostun zatın biləsən,

Xəncər kimi bağrın başın böləsən,

Ağa vəzir, yüz il qazanc eləsən,

Axırın beş arşın bezə tutarlar!

 

Anadolu şairi İlqar Süleymanlı Bizəban hansısa anda özünü belə görür:

 

Səhrada qaçan köşək mən idim,

Rəhm eylədiyin böcək mən idim.

 

"Köşək gözlüm" - Anadolu xalq ədəbiyyatında belə bir təşbeh var.

Dişi dəvə - mayadı, erkək dəvə - nər. Nağıllarımızda "Nərbala" adlı bir obraz da var...

Xalq poeziyasında dəvə karvanına "qatar" da deyilir. Karvanın düzülüşü qatarı xatırladır. Və dəvələrin bir nizam boyunca yol getmələri...

 

Gözəllər içində bəsli, bəllisən,

Şirin ixtilatlı, ləbi ballısan,

Zənəxdanı bir cüt qoşa xallısan,

Qatardan ayrılmış maya, xoş gəlin.

 

Anadolu xalq türkülərində də dəvələr bellə anılır:

 

Çək dəvəçi, dəvələrin sulansın,

Sulansın da, dörd bir yanı bulansın

Hər kəs sevdiyini alsın, dolansın.

Çək dəvəçi, dəvələrin xarıma,

Yük vurmuşlar üç yaşında toruna

Həsrət qoydu qədər məni yarıma.

 

Yükə alışmamış cavan dəvələrə "tor" deyirlər. "Xarım" isə dəvə xıxırdılan yerdir.

 

Nələr keçdi, nələr keçdi fələkdən

Duyulmadan dəvə keçdi ələkdən.

 

Anadolunun şeir biçimli atalar sözüdür. Sən saydığını sayınca, fələk dəvəni də "ələkdən keçirib".

Ömür karvanını soraqlayan Məmməd Arazın bir şeirində dəvə dünyadır və "bu dəvə dünyanın yükü, zinəti boş şöhrət yox, hikmət olmalıdır", - deyir şair.

 

Bax, donqar dəvənin səbət yükünə,

Bənzəyir içi boş şöhrət yükünə.

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək,

Sən kimə gərəksən,

Mən kimə gərək?!

 

Söz karvanımızın yükünü sözdən, hikmətdən tutduq. Amma neçə dəvə yükü elədi, bu da aramızda bir sirr olsun...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!