Şuşalı mühacir Abay Mirzənin "Heydərbabaya salam" haqqında yazısı - Nəsiman Yaqublunun təqdimatında

     

Görkəmli mühacir, əslən Şuşadan olan Abay Mirzənin (Dağlının) çox zəngin yaradıcılıq irsi vardır. A.Mirzə 1906-cı ildə Şuşada doğulub, şair, dramaturq və publisist kimi tanınmaqdadır. Azərbaycanda yaşadığı dövrdə Cəmil Ağayev kimi tanınıb. 1941-ci ildə Almaniya - SSRİ müharibəsinə gedib və bir daha Azərbaycana qayıtmayıb. 1989-cu ildə Türkiyədə vəfat edib. Özündən sonra zəngin yaradıcı irs qoyub. Onun 1958-ci ildə İstanbulda nəşr edilən "Mücahid" jurnalının 14-cü sayında çap edilmiş maraqlı bir yazısını ilk dəfə olaraq oxuculara təqdim edirəm. Bu yazıda böyük Azərbaycan şairi S.M.Şəhriyarın "Heydərbabaya salam" əsəri araşdırılıb. Qeyd edim ki, bu əsər haqqında ilk məqaləni 1954-cü ildə M.Ə.Rəsulzadə yazıb və Ankarada nəşr edilən "Azərbaycan" jurnalında çap etdirib. Bu, mühacirətdə həmin əsər haqqında yazılan ikinci məqalədir.

 

Abay Mirzə

Azərbaycanzadə bir şeir: "Heydərbabaya salam"

Yazan: Seyid mməd seyn Şəhriyar

Naşiri: Hasani kvimi. briz

 

"Heydərbabaya salam" kitabının yeni bir nüsxəsini Təbrizdən aldıq. Bu parlaq əsər Türkiyəmizdə artıq tanınmışdır. Əsər haqqında mültəci (qaçqın) mətbuatımız geniş ölçüdə nəşriyyat yapdı. Nəşriyyat yapılmasa belə, əsəri oxuyan hər kəs onun müstəsna dəyərini həmən qərarlaşdırır. Hər kəs oxuduqdan sonra əsər haqqında bir mədhiyyə yazmaq istər. Biz də böylə bir istəklə "Mücahid" sütunlarında və "Mücahid"in bütün yazı ailəsi adına işıqlı Doğuya, qardaş İrana və doğma (öz) Azərbaycanımıza doğru səsləniyoruz.

Ər haqqında naətimizi n ra ilə açıqlayalım:

1. Coşqun bir yurd sevgisinin məhsuludur.

2. Ana dilinə qarşı bir könül sevgisinin ifadəsidir.

3. Şeirdə ana dilini ustaca qullanmanın örnəyidir.

Şeirin Ana yurdu - İran Azərbaycanıdır. Könül misralarını doğulduğu bir məntəqənin, bu məntəqədəki Heydər Baba adlı bir dağın şərəfinə yazmışdır. "Heydərbabaya salam" başlığı altında yazılıyor və hər parçada Heydərbabaya xitab ediyor. Əsəri İranda və Türkiyədə oxuyub incələyənlər şairin kəndi çocuqluq həyatını nasıl xatırladığını, xatırladığı adamları nasıl təsvir etdiyini və şeirdə nasıl bir hünər göstərdiyini ətraflıca açıqlamışlar. Biz əsərin bilxassə yurd sevgisiylə ilgili tərəflərini və başqa şairlərimizin də bu konuda yazdıqlarını xatırlatmaq istiyoruz.

Şair hər şeydən əvvəl, çocuqluğunda yaşadığı yurd parçasını xatırlıyor. Bu misraları bərabərcə oxuyalım:

 

Heydərbaba, kəkliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda.

Bağçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

 

Quşları, heyvanları və çiçəkləriylə sevilən bir yurd parçası. Öylə bir yurd parçası ki, açılmaz ürəkləri də şad eliyor. Bu misraları da xariqüladədir:

 

Heydərbaba, quru gölün qazları,

Gədiklərin sazah çalan sazları.

Ket - köşənin payızları, yazları.

Bir sinəma pərdəsidir gözümdə,

Tək oturub seyr edərəm özüm də.

Daşlı bulaq, daş-qumnan dolmasın,

Bağçaların saralmasın, solmasın.

Ordan keçən atlı susuz qalmasın.

Dine: bulaq xayrun olsun, axarsan,

Üfüqlərə xumar-xumar baxarsan.

 

Şair yurd gözəlliyini təsvir edərkən, bir sinema pərdəsi kimi xatırladığı bu təbii gözəlliyin davamını, xeyirli olmasını və hətta irəlidə bir az daha gözəlləşməsini arzulamışdır.

İdeolojilərin şiddətlə çarpışdığı bir zamanda yaşıyoruz. Yeni Türkiyəmizdə və qardaş İranda coşqun yurdsevərliyə qarşı bir vətənsizlər əşqiyası çalışıyor. Vətəni bütün gözəllikləriylə, milləti və dini bütün gələnəkləriylə bərabər inkar ediyorlar. Yurdsevər bir yazarın qüvvətli kəlamı bütün bu zəhərli fikirləri çürütmək üçün ən önəmli bir silah ola bilir. Möhtərəm Şəhriyarımız iştə böylə bir silah qullanıyor. Gözəl yurd parçasını, onun milli və dini gələnəklərini, düyün və bayramlarını sevə-sevə xatırlıyor. Baxınız nasıl:

 

Heydərbaba, kəndin toyun tutanda,

Qız-gəlinlər həna, piltə satanda.

Bəy gəlinə damdan alma atanda,

Mənim də o qızlarında gözüm var,

Aşıqların sazlarında sözüm var.

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb, sınanların soyardıq.

Oynamaqdan bircə məgər doyardıq.

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

 

Həqiqi yurdsevər yurdun həm gözəlliyini, həm də yara və dərdlərini görüb göstərirlər. Möhtərəm Şəhriyarımız bu məsələdə də parlaq bir örnək vermişdir. Yurd qonusunu, keçmişin dadlı xatirələri, təbiətin gözəlliyi və zamanın yaralarıyla birlikdə ələ alıyor. Yəni sıcaq bir məhəbbət və səmimi bir şikayət.

Əcəba şikayəti nədir? Əsər haqqında mükəmməl bir təhlil yapmış olan rəhmətlik ustadımız M.Ə.Rəsulzadə bu məsələyə təmas edərkən şöylə yazmışdı: "Şair yaşadığı günlərin behişti cəhənnəmə döndərən gedişindən şikayətçidir" ("Azərbaycan" dərgisi, sayı 40-41, səh. 5).

Şimdi yenə möhtərəm şairimizin kəndisini dinləyəlim:

 

Heydərbaba, şeytan bizi azdırıb,

Məhəbbəti ürəklərdən qazdırıb.

Qara günün sərnöviştin yazdırıb.

Salıb xalqı bir-birinin canına,

Barışığı bələşdirib qanına.

Göz yaşına baxan olsa qan axmaz,

İnsan olan xəncər belinə taxmaz.

Amma, heyif, kor tutduğun buraxmaz.

Behiştimiz cəhənnəm olmaqdadır,

Zilhiccəmiz məhərrəm olmaqdadır.

Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı.

Bir-birivüzdən ayrılmayın, amandı.

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar.

 

Demək, qəlblərdəki məhəbbətin yox olmasından şikayətçidir. Yurddaşları arasında bir təsanüd görüyor və bir-birinizdən ayrılmayınız, deyə nəsihət ediyor. Xəncər məsələsiylə hər halda qan davası güdənləri xatırlatmaq istəmişdir. Ümumi düşmənimizə qarşı silahsızlanmayı təsəvvür etməz, zənnindəyiz.

Böyük şairlərin dərdi ümumun dərdi olur. Qəlbləri hər dərdlə dolu olan şairlərimiz bütün Türk aləmində hayqırdılar. Böyük Namiq Kamalımız "Bəxtı qara mədər" - deyə Vətən qonusundan ayrılmadı. Və:

"Baisi şekva bizə hüzni-ümumidir Kamal. Kəndi dərdi könlümün billah gəlməz yadına" - deyə qəlbindəki dərdin nə olduğunu göstərdi.

Möhtərəm Şəhriyarımızın "Heydərbabaya salam"ı, Qafqasiya Azərbaycanından Əhməd Cavadın "Göygöl" şeirini də bizə xatırlatdı.

Arazın bir tərəfində Heydərbaba dağı, bir tərəfində Göygöl. Bu vətən dilbərləri haqqında iki şeir. Hər iki şeirdə də təbiət gözəlliyinin və zamanın təsviri.

"Göygöl"dən sadəcə bir parça oxuyub keçəlim:

 

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kəmalı, Göygöl.

Yaşıl gərdən kəndi gözəl qoynunda,

Əks etmiş dağların cəmalı, Göygöl.

 

Əsərin dili ana dili sevgisinin bir ifadəsidir, demişdik. Bu xüsusda bir kaç söz söyləyəcəyiz.

Möhtərəm Şəhriyarımızın kəndi ana dili haqqında şöylə bir açıqlaması var:

"Uzun müddət Tehranda iqamət etmiş olmam hesabıyla Azərbaycan köylülərinin yerli ləhcəsini və bilxassə bu ləhcədəki təbirlərin lətafətini həmən-həmən yadırğamış bulunuyordum".

Şair böylə yazıyor. Bir də onun dili haqqında başqa bir yazıya baxınız. Əsərə bir müqəddimə yazan Təbriz maarifçilərindən Ağayi Mehdiyi Roşenzamir bu hökmü veriyor:

"Təbrizdə yüz il yaşamış birisi yerli ləhcə ilə bu səlasətdə söz söyləməsini bacarmaz, qaldı ki, şeir söyləyə". Şair hər halda Tehran mühitində çox qullanmadığı sözləri "yadırğadım" diyor. Fəqət bu sözlər onun qəlbində yaşamışdır. Ana dilində yazdığı şeir, ana dilinin təbii ahəngi ilə axıb gediyor. Biz Türkcəmizi mədh edərkən: "Annemin südüdür ağzımda Türkcəm" - diyoruz. Dilimiz möhtərəm Şəhriyarın da ağzında bir ana südüdür. Türkcəmizin Azəri ləhcəsi onun qüvvətli qələmindən dupduru sular kimi axmaqdadır.

 

Bir çox dastanlar və nağıllarımız kimi "Heydərbabaya salam" da artıq dillər əzbəridir. Nədən? Çünki bu müstəsna şeirdə xalq kəndi dilini və zövqünü, kəndi halını və gələnəklərini görüyor. Başqa bir sözlə - şeir Türk Azərbaycanının ta kəndisidir. Azər yurdunun suyu və torpağıdır. Onun canıdır, qanıdır və bütün xalqıdır. İştə bu səbəblərdir ki, biz bu naciz yazımızı Azərbaycanzadə bir şeir başlığı altında yayınlıyoruz.

Əvət, Azərbaycanzadə bir şeir!

 

"Mücahid" jurnalı, il:

3, haziran (iyun) - 1958,

cild: 2 - sayı: 14


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!