Sabir Rüstəmxanlı ədəbiyyatını Nobel mükafatına irəli sürək.
"Ömür kitabı" (1988) əsərinə görə 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının M.F.Axundov adına ədəbi mükafatına layiq görülmüş Sabir Rüstəmxanlıya Nobel mükafatı verilməsini irəli sürmək üçün müraciət edilməsini təklif edirəm. Bu səbəblə Azərbaycan Yazıçılar Birliyindən təşkilat olaraq Nobel Komitəsinə qaydalar üzrə rəsmi müraciət göndərmələrini xahiş edirəm. Bu qənaət təsadüfi deyildir. Qənaətimin arxasında uzun illərin götür-qoyu və İsveçdə yaşayan soydaşlarımızın rəyi vardır. Sankt-Peterburqda ali təhsil aldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyət göstərmişəm. İsveçdə yenə filologiya üzrə ali təhsil aldıqdan sonra iyirmi iki il İsveç universitetlərində elmlər doktoru, dosent olaraq işləyərək, hər gün isveçli iş yoldaşlarımla apardığım ədəbiyyat üzrə səmimi mübahisələr nəticəsində, həmçinin çoxlu sayda Azərbaycan yazıçılarının yaradıcılığını incələyib, təhlil və müqayisə etdikdən sonra bu qənaətə gəlmişəm.
Bir zamanlar Soljenitsın beynəlxalq diqqəti sovet əsir düşərgələri sisteminə cəlb etmişdi. İsveçli yazar Selma Lagerlöf beynəlxalq aləmdə məşhur Nils Holgerssonun gözəl səyahəti kitabında qazın belində ölkənin üzərindən uçan on dörd yaşlı oğlanın vasitəsilə dünyanı İsveçin coğrafiyası ilə tanış etmişdir. Qoyun "Ömür kitabı" ilə Sabir Rüstəmxanlı dünyanı Azərbaycanın coğrafiyası və mədəniyyəti ilə tanış etsin! 1974-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatının Eyvind Conson və Harri Martinsona verilməsi Conson üçün "Azadlığa xidmətdə uzaqgörən hekayə sənətinə görə" və Martinson üçün "Şeh damcısını tutan və kosmosu əks etdirən yazıya görə" qənaətləri ilə əsaslandırılmışdır. Hansı perspektivdən baxarsanız baxın, Sabir Rüstəmxanlının "Ömür kitabı" romanı, şübhəsiz ki, dünya ədəbiyyatında şərəfli yerə layiqdir! Bu əsər tarixdə baş vermiş çeşidli hadisələri və tarixi şəraiti təsvir edən cazibədar bir romandır!
İsveç Akademiyasının Nobel Mükafatına layiq gördüyü Orxan Pamuk (2005) Nobel Komitəsinin motivasiyasına görə, "roman sənətinin mərkəzi məsələsini" nəfis ifadə edib. Orxan Pamuk iddia edir ki, məsələ hər birimizin beynində yaşayan "başqası", "yad", "düşmən" məsələsidir, daha doğrusu, onu necə dəyişdirmək məsələsidir. Pamukun fikrincə, romançılar "Başqasını" təsvir etməklə "Öz" kimliklərimizin sərhədlərini dəyişə bilirlər. Başqaları "biz" olur, biz isə "başqaları" oluruq" deyir. Və hətta roman "öz həyatlarımızı başqalarının həyatı kimi əlaqələndirdiyinə baxmayaraq, bizə başqalarının həyatını sanki bizimkilər kimi təsvir etmək şansı verir". Beləliklə, Pamuk indiyə qədər qlobal miqyasda mədəniyyətlərarası dialoqun uğuruna qarşı mübarizə aparan başqa bir amil olan alternativ, relativist perspektivlə üzləşir - 1990-cı illərdə amerikalı politoloq Samuel Huntinqdon tərəfindən irəli sürülmüş İslam və guya xristian "Qərb" arasında "sivilizasiyaların toqquşması" perspektivi. Fransis Uhin (Francis Wheen, 2004) isə "vurğunu mədəni təqdirə" (İng. cultural predestination) qoyduğu üçün bunu "mühafizəkar pessimizm" kimi xarakterizə etmişdir. Uhin məhz predestination terminini işlətmişdir, bu isə (Xristian teologiyasında) Allahın baş verəcək hər şeyi, xüsusən də kimlərin xilas olub-olmayacağı qurtuluşu ilə bağlı, təyin etdiyi doktrinadır. Bu, xüsusilə Hippo və Kelvinin Müqəddəs Avqustinin təlimləri ilə əlaqələndirilmişdir. Fransis Uhin Samuel Huntinqdonun perspektivini həm də "sivilizasiya"nı nəyin təşkil etdiyinə dair onun dar dini-mədəni tərifi, "mədəniyyətlər arasında çarpaz tozlanma ehtimalını qəbul etmək istəməməsi"nə görə "mühafizəkar pessimizm" kimi xarakterizə etmişdir. Onun fikrincə bu, "insanların heç vaxt qoşulmaq üçün müraciət etmədikləri bir kluba ömürlük sədaqət tətbiq etməsi" kimi bir şeydir və onların "öz mənsubiyyətlərini və birliklərini seçmək azadlığını inkar etməsi" deməkdir. Bu mənada mədəniyyətlərarası dialoq "mütərəqqi nikbinlik" (progressive optimism) adlandıra biləcəyimiz bir inancdan irəli gəlir - ayrı-ayrı insanların görüşdüyü yerdə, Ağ Kitabda "insan ləyaqətinin bərabərliyi" kimi təsvir edilən kontekstdə fikir ayrılıqlarının mümkün olduğuna inamdan, körpü olmaq və müxtəlifliyin mədəni zənginləşmə amili olması fikrinə inancdan irəli gəlir.
Sabir Rüstəmxanlı yaradıcılığında isə xalqın yaddaşı, onun mifik təfəkkürü, gözəlliyi ilə bir-birini üstələyən folklor nümunələri indini və keçmişi bir-birinə bağlayır. "Ona görə də biz təkcə öz həyatımızı deyil, həm də xalqımızın böyük tarixinin bir hissəsini yaşayırıq", deyir Rüstəmxanlı. Onun təfəkküründə, bəşər övladı təkcə öz həyatını deyil, həm də ölkəsinin həyatını yaşayır. Vətən minillik tarixi ilə, qəmləri-dərdləri, uğurları-qələbələri, itkiləri ilə, doğulduğumuz gündən ölənə qədər hər birimizin ömründən keçir. "Ömür kitabı" romanında yazar öz uğur və uğursuzluqlarından, əzab və mübarizələrindən, öz tarixindən, bütün varlığını təşkil edən Vətənindən, yaxşı tanıdığı ölkəsindən danışarkən əslində Bütöv Azərbaycan Xalqının taleyini və tarixini anladır. O dünyaya Bizi tanıyın demək istəyir!
Romanı ilə söhbətə başlarkən yazar müdriklik yaşına çatacaqdımı, "yoxsa ölüm bucağının atı dünyanın bir çox igid adamlarına etdiyi kimi, qapısında kişnəyib canını alacaqdımı" bilmədən bu böyük missiyanı özünə borc bilərək bir yola çıxmışdır. Nə mutlu bizə ki, bu missiyanı başa çatdırmağı uca Allah ona nəsib etmişdir! Təbii ki, məqsədi, niyyəti müqəddəs olana Tanrı yar və yardımçı olur! Sabir Rüstəmxanlı Cəlil Məmmədquluzadəyə istinadla sözə başlayır: "Hər bir qələm adamının müqəddəs məqsədi millətin xoşbəxtliyi üçün çalışmaqdır".
Sultan Hüseyn Bayqaranın Şah İsmayıl Xətaiyə yazdığı səmimi məktubdan söz açan Rüstəmxanlı "Bir vaxtlar ölkəmiz nə gözəl dövr yaşamışdı!" deyir! O, 1985-ci ildə ölkəmizin şanlı səhifələrindən və tarixi şəxsiyyətlərindən söz açaraq Rus imperializmini, Sovet dövrünü və Fars şovinizmini yaşamış xalqımıza kimliyini xatırlatmağa, öz ulusunun böyüklüyünü anlatmağa çalışmışdır. İndi isə artıq vaxt yetişmişdir, bizlər bu əsərlə kimliyimizi, mədəniyyətimizi, böyük və humanist ulusumuzu hər cür vasitə ilə "Başqasına", bütün dünyaya tanıtmalıyıq! Sabir Rüstəmxanlının "Ömür kitabı" romanı ən böyük mükafatlara layiq əsərdir! Zaman qayb etmədən biz Sabir Rüstəmxanlı ədəbi yaradıcılığını Nobel Komitəsinə nominasiya etməliyik! Biz hər il dayanmadan yazarlarımızı Nobel Komitəsinə nominasiya etməliyik. Mükafat verməsələr belə, qazancımız böyük olacaq, çünki ədəbiyyatımızı oxuyub xalqımızı, ölkəmizi və ədəbiyyatımızı tanıyacaqlar!
"Amma insanın ruhunun da qanunları var!" deyir Sabir Rüstəmxanlı və mənə görə bu fəlsəfi fikir "Ömür kitabı" romanının əsas mövzusunu təşkil edir. Silahlar, onların növləri və istismar formaları dəyişmişdir, hücum və müdafiə üçün yüzlərlə texniki yardım vasitəsi yaradılmışdır, amma ölkəni müdafiə etmək istəyi, vətənə məhəbbət heç vaxt bitməz, deyir müəllif. Öz xalqımızın verdiyi mükafatı hər bir mükafatdan üstün tutsam belə, Nobel Komitəsinə müraciət etməyi vacib bilirəm, bunu ölkəmizin hücum və müdafiəsi üçün ən səmərəli müasir silah hesab edirəm. Yazar bu xüsusda tam haqlıdır - qələmin anlatdığını heç bir turizmlə əldə etmək mümkün deyil! Qələmin anlatdığı qədimdə səyahətçilərin ayaqla, karvanlarla gəzərək yeri, torpağı hiss etməsilə, atlarla addım-addım keçdiyi yollarla qazandığı bilgilərlə müqayisə oluna bilər! Sabir Rüstəmxanlı "Ömür kitabı"nda oxucunu səyahətə götürür və ona qədim dövrlərdə səyahətçilərin yaşadığı hissləri yaşatdırır. Oxucu xalqımızın ağrılarını hiss etməyə, sıxıntılarını yaşamağa, keçdiyi yolları tapdalamağa, xalqımızın hədəfə addım-addım çatmaq qarətlərni, bir nöqtədən o birinə atlamadan, məsafəni qayçı ilə kəsmədən yaşamış olur.
Sabir Rüstəmxanlı Azərbaycanı başdan-başa dolaşır, bəzən bütünlüklə, bəzən hissə-hissə, hissələrinin adları isə Manna, Midiya, Atropatena, Türküstan, Aran, Albaniya olmaqla oxucunu bilgiləndirir və öz Vətən müqəddəsliyi adlı fəlsəfəsinə qərq edir. Bu isə dünya ədəbiyyatına çox böyük bir töhfədir, çünki "Azərbaycan açıq kitab kimidir. Oxunmaz hala düşüb, elə bil vərəqlərinə su damcıları düşüb, üstündəki hərflər oxunmur". Sabir Rüstəmxanlı bu missiyanı ustalıqla bacarmışdır, çünki o, sadəcə roman yazarı deyildir, o həm də filologiya elmi üzrə görkəmli alim və siyasətdə azadlıq mücadiləçisi olan təcrübəli şəxsdir. Müəllif "Ömür kitabı" romanında Azərbaycanın tarixdə böyük və əhəmiyyətli rolunu nümayiş etdirmək üçün heç bir xalqı küçümsəmir, heç bir xalqa həkarat etmir. Müəllif realistdir, obyektivdir, elmi faktlarla və bədii sənətin gücü ilə məqsədinə nail olur. O, oxucuya İran şahının öz söylədiklərini xatırladır: "Xəritəyə bax, İran yatmış aslana oxşayır, onun başı Azərbaycandır. Başı kəsilsə ölkə başsız qalacaq!". Dünyanın bu gün diqqəti İran İslam Respublikasında gedən hadisələrə yönəlmiş vaxtında bu kitab, başda İsveç Akademiyasının ədəbi tənqidçiləri olmaqla, dünyada geniş oxucu auditoriyasına, möhtəşəm dərs olmuş olar! Bəli, "qədim dövrlərdən bəri bütün İran tarixçiləri Azərbaycanı İran imperiyasının başçısı hesab edirdilər. Bir əsr ərzində orada dörd inqilab baş verdi, lakin onlar dəmir qəfəsi qıra bilmədilər!" deyir Rüstəmxanlı.
Yazar əsərində oxucunu çox sayda ədiblərimiz, alimlərimiz və tarixi şəxsiyyətlərimizlə tanış edir. Lakin bunlar sadəcə təqdimatlar deyil, burada tarixi romanlara xas texniki üsuldan ustalıqla iştifadə etməklə yazar özünün fəlsəfəsini ortaya qoyur. Hansı xalqın şairləri bizdə olduğu kimi, Rəsul Rza və Süleyman Rüstəm kimi deyişmiş! Biri deyir "Odun nə çəkdiyini küldən soruş", digəri isə "Altındakı od canlıdır, külə dəymə!" deyir. Od və kül mövzusu ilə ekzistentializm fəlsəfəsi, mövcud olanın, varlığın mahiyyəti düşüncələri roman boyu bəzən açıq, bəzən isə məcazi ifadələrlə qırmızı xətti təşkil edir. "Mən tarixin sönmüş odunun üstündə bütün ruhumla əyilirəm ki, içində kiçik bir qığılcım alovlansın, əsrlər əvvəl elə parıldayan odda diri kömür tapım" deməklə yazar Azərbaycan insanını Zori Balayanın şər, dağıdıcı qüvvəsinin əksinə müsbət ünsürlərə önəm verən, ümumbəşəri dəyərləri önə verən, yaşadan və qədr bilən varlıq kimi göstərir. 1985-ci ildə dünya hələ Dağlıq Qarabağ münaqişəsi, Qarabağ müharibəsi deyə bir şey duymamışdı, Sabir Rüstəmxanlı "Ömür kitabı"nda Arsakdan, Qafqaz Albaniyasının ruhundan nəql etmişdi.
Sabir Rüstəmxanlı yaradıcılığında Azərbaycan əzəldən xoşbəxt ölkədir, "bizim ilk odlarımızı təbiət özü verib - Xəzər dənizinin ətəyində, Kiçik və Böyük Qafqazın dağ silsilələrində, Ağrıdağ dağının ətəyində, Savalanda və Urmiya ətrafında". "Ömür Yolunda" təsvir olunan Azərbaycan dünyanın mərkəzi kimi görünür, onun hər guşəsində, "Yardımlı yolunun kənarında, Babadağda, Naxçıvanda, Kəlbəcərdə, Astarada, Masallıda qaynayan qaynar bulaqlara baxanda adam yer üzünün hərarətini hiss edir" deyir.
Romanda öz fəlsəfi xəttini inkişaf etdirən yazar, varlığa, mövcudluğa, torpağa, xeyir və şərə baxışını tarixi roman üslubunda müzakirə etməklə Azərbaycan sözünün etimologiyasına dair saxta yorumları darmadağın edir. Bu qəbildən bir çox digər məqamları ifşa edərək yazar minilliklərin tarixi həqiqətinin zorakılıq tətbiq edilməklə öz iradəsinə tabe edilməsinin və öz imperialist siyasətinə uyğunlaşdırılmasının elmə böyük ziyan vurmasını vurğulayır. O, "bu zərərləri heç bir tərəzi ilə ölçmək olmaz" deyə həyəcan təbili çalır. "Avrasiyanın nəhəng məkanında yaşamış, böyük dövlətlər və mədəniyyətlər yaradan xalqların adlarını, izlərini, tarixlərini təhrif etməklə, "İran mədəniyyəti" kimi mücərrəd bir anlayışı cəmiyyətə təqdim etməklə, bu mədəniyyəti vəsf etməklə mübaliğə nəticəsində nüvədən çox uzağa gedən nə başlanğıcı, nə də sonu, bəzi sözdə alimlər bir çox xalqların üzərinə ortaq İran markası taxaraq onların haqqını mənimsəmişlər" deməsilə müəllif təkcə rus və ya fars "elmi"ni deyil, həm də "İran mədəniyyəti" definisiyasını geniş qullanan Qərbi Avropa elmini və mətbuatını tənqid etmiş olur! Yazar protoazərbaycanlıların, prototürklərin qayalar üzərindəki petroqlifləri, kitabələri misal gətirərək, dilimizin, mədəniyyətimizin, miflərimizin Şumerlərin, Akkadların, Hettlərin, Assuriyalılar və Pelsaqlar-Etruskların dili, mifləri və mədəniyyəti ilə bağlı olduğunu ortaya qoyur.
Yazarın varlıq və ruhla bağlı fəlsəfəsində Azərbaycan Türkünün özəlliyi mövzusu qabarıqdır. O, "Qədim azərbaycanlılar ruhu azad olan insanları sevirdilər. Namaz qılarkən "Həqiqət və dürüstlük millətimizə hər zaman yoldaş olsun!" deyirdilər. Onlar yaxşılığın, gözəlliyin və işığın qələbəsinə inanırdılar" deyir. Altay əfsanələrini, oğuz dastanlarını araşdırmış filoloq Rüstəmxanlı "vəhşi atları ilk dəfə türklər əhliləşdiriblər. Bu da onlara dünyada hökmranlıq etmək səlahiyyəti vermişdi". "Təkərli arabaları və salları icad etmişlər" deyir, torla balıq tutan, barıt, qamış tütək düzəldən və orada oynayan ilk Türklərin olmasından söhbət edir.
Zənnimcə, Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olmasından, Azıx mağarasından, Şərqi Bəyazıtda dağın zirvəsində ucalan 99 il ərzində tikilmiş möcüzəli İshaq Paşa sarayından, böyük Azərbaycan üsyançısı Babəkin və onu dəstəkləyən Azərbaycan xalqının xilafət ordusuna qarşı 22 il vuruşaraq bütün Şərqi silkələməsindən, qəhrəman Bakı fəhləsindən nəql edən yazarı, professor Əli Sultanlıya istinadən "Dədə Qorqud"dakı siklopun süjeti Homerin "Odisseya"sından daha qədim ola bilər deyən yazarı Nobel Komitəsi vasitəsilə bütün dünya tanımalıdır! "Fərəbinin, İbn Sinanın, Nizami Gəncəvinin, Nəsrəddin Tusinin, Uluqbəyin və onlarca sənət və elm titanının əsərləri əsrlər boyu Qərbin mədəni həyatına təsir göstərmişdir. Onları tamamilə silmək əxlaqsızlıq və vicdansızlıq deyilmi?" deyə düşündürən yazarın sualına izin verin Avropa cavab arasın! İzn verin qayalara həkk olunmuş 5000 səhifəlik kitab olan Qobustanı tək N.Anoxin və Tur Heyerdal deyil, Nobel Komitəsi vasitəsilə bütün dünya duysun və tanısın!
"Ömür kitabı" əsərində varlıq və əbədiyaşar ruh, coğrafi məkan və zaman mövzuları ilə yanaşı, poeziya və bədii təsvirin gücü oxucunu heyranlıqda saxlayır. Hansı yol daha gözəldir oxucu çaşıb qalır - Ağrı dağın ətrafımı, Quba-Dərbənd yolumu, Xınalıqmı, Dərbənddən Ağrı dağına gedən yolmu, Ərzurum yaylaqlarımı, Çərvan yolumu, yoxsa Mərəzəyə gedən yol? Coğrafi məkanmı daha böyük fəlsəfi anlam yüklüdür, yoxsa onun üzərində böyüyüb başa çatmış mübariz insanlar? Oxucu düşüncələrə dalır, amma həm də kəlağayının gözəlliyi, Gülüstan qalasının ecazkarlığı və bir çox başqa varlıqların təsvirindən zövq alır. Kitab bədii ədəbiyyat, tarix və etnoqrafiya elminin qarışığıdır. Burada, İrəvan daxil olmaqla, çoxlu sayda Azərbaycan toponimləri və antroponomiyaları vardır. Bundan başqa, müəllif tanınmış şair olduğundan həm özünün, həm də başqalarının şeirlərindən sitat gətirir. Çox vaxt xalq poeziyasına müraciət edir.
Hekayə baxımından tarix kitabları bədii ədəbiyyatla rəqabət apara bilməz. Tarixçilər nadir hallarda keçmişi dramaturji yönlərə görə əyirlər. Çarpıcı arqumentlər, tənqidi araşdırma və sorğu-sual faktlara əsaslanan və yaxşı əsaslandırılmış təqdimatlara gətirib çıxara bilər, lakin onların ictimai sahədə əhatə dairəsi məhduddur. Kiçik hissələrə bölünmüş və ya mənbə baxımından kritik həddi aşırmaqla parçalanmış rəvayətlər nadir hallarda böyük auditoriyanı ovsunlayır. Bundan əlavə, oxucular çox vaxt tarix yazısının mərkəzi elementləri olan suallar və problemləşdirmələr deyil, cavablar istəyir. Keçmiş haqqında bədii ədəbiyyat əsərləri çox vaxt birbaşa və təsirli şəkildə fərqli səhnələrlə əlaqə qurur, kontekst və axın yaradır. Tarix elminin çətinliklə üzləşdiyi yerdə bədii ədəbiyyat bir çox suallara aydınlıq gətirir. İsveçli yazar Vilhelm Moberqin Mühacirlər adlı tarixi romanı (İsveç dilində İnvandrare) ictimaiyyətin isveçlilərin XIX əsrdə Amerikaya mühacirətinə dair təsəvvürlərində elmi araşdırmaların süvarilərindən daha böyük təəssürat yaratdığını iddia etmək heç də mübaliğə olmaz. Bu baxımdan da "Ömür kitabı" tarixi romanı böyük potensiala malikdir!
Ümid edirəm, başda sevimli yazar və Yazıçılar Birliyinin sədri hörmətli Anar müəllim olmaqla, Yazıçılar Birliyinin hörmətli İdarə Heyəti üzvləri mənim və İsveçdə yaşayan Azərbaycan icmasının xahişini nəzərə alacaq, Sabir Rüstəmxanlıya Ədəbiyyat üzrə Nobel mükafatı verilməsi üçün Nobel Komitəsinə müraciət edəcəklər.
2022.10.20
İsveç
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!