Şuşa ziyalılarının unudulmuş irsi - Hüseyn Baykara
Tanınmış araşdırmaçı və tədqiqatçı Hüseyn Baykara 1904-cü ildə Şuşada anadan olub. 1920-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bolşeviklər əleyhinə gizli mücadilə aparıb. 1923-cü ildə həbs edilib. 1927-ci ildə İrana, oradan isə Türkiyəyə gedib. Azərbaycan mühacirət mətbuatında dəyərli yazılarla çıxış edib. M.Ə.Rəsulzadənin nəşr etdiyi jurnallarda məqalələri çap olunub. "Azərbaycan İstiqlal mücadiləsi tarixi" adlı dəyərli tarixi kitabın müəllifidir. H.Baykaranın böyük mütəfəkkir Mirzə Bala Məmmədzadənin yaradıcılığı haqqında olan, 1962-ci ildə "Azərbaycan" jurnalında çap olunmuş bu yazısını oxuculara təqdim edirəm.
Nəsiman Yaqublu
Hüseyn BAYKARA
Mirzə Balanın şeirləri
Günlər, aylar, illər keçdikcə yoxluğunun acısını daha çox duymaqda olduğumuz Mirzə Balanın məndə bir çox parça şeiri vardır. Bu şeir parçalarının biri öz əl yazısı ilə yazılmışdır. Bunları Təbrizdə və İstanbulda 1927-ci yılda birlikdə yaşadığımız zaman özü mənə vermiş, bir çoxunu da 1933 ilində Varşavadan mənə göndərmişdi. Bunların qeyb olması qorxusu zaman-zaman içimi gəmirib duruyor. Bu şeirləri indi yayınlamanın sırası gəlmişdir. Çünki Mirzə Balanın həyat və fəaliyyətinə dair hazırladığım etüd sona ərmək (çatmaq) üzrədir. Məndə bulunan şeirlərinin həpsini bu etüdə qoymaq metoda (üsula) uymaz. Bu şeirlərdən bəzi parçaları etüddə söz konusu (mövzusu) ediyor və təhlilə çalışıyorum. Hər şeydən öncə şeirlərin tümünü "Azərbaycan" dərgisində yayınlamaq istiyorum.
Şeir, şair və sənətçi haqqında bir neçə söz:
Bilirsiniz ki, türlü təmayüllü şair və yazarlar vardır. Ədəbiyyat tarixinin bizə göstərdiyinə görə, bəzi şairlər evlərinə qapanır, eşqdən, aşiqdən və məşuqdan bol-bol söz edər dururlar... Ortada nə sevən, nə sevilən, nə də sevgi vardır. Fəqət, bu kimi şairlər kəndi xəyalları içində sevərlər, sevdiklərinin vəfasızlığından yana-yaxıla şikayət edər, bəzən də küsər və ağlarlar. Böylələrinə sentimantal (hissi) şair deyilir.
Bəzi sənətçilər də toplum içində yaşadıqları halda toplumun arzularına, dərdlərinə, ehtiyaclarına qulaqlarını qapamış və biganə qalmışlardır. Böylələri sənətdə gözəli və gözəlliyi arar, başqa heç bir şey onları ilgiləndirməz. Onlarca sənət sənət üçündür, sənətin yaşanılan gerçək həyatla heç bir ilgisi yoxdur. Məmləkət hərbə girər, məğlub olur, millət iztirab çəkər, ac qalar, vətən işğala uğrar, qanlı və çətin böyük milli mücadilə başlar, fəqət o:
"Dün qəhqəhələr yüksəliyorkən evinizdən
Məndim keçən ey sevgili sandalla dənizdən..."
- deyə yazar durur. Çox yazıq, böylə qüvvətli ilham qaynağı olan bir şair milli mücadilə tarixindən nə şahəsər konular bulub yazamazdı?! İstəsəydi, yunanlıların "Odisə" - "İliada"sına, finlərin "Kalevala"sına və almanların "Nibelungen"lərinə bənzər nə şahəsərlər yarada bilirdi.
Y.P.Sartre: "Çağımızın gerçəkləri" adlı əsərində, sənət sənət üçündür fikrini savunanlara (qoruyanlara), böylə ədəbiyyat yapmaq "Konuşmaq üçün konuşaqdır" deyir. Sənət həyat üçündür - görüşünü savunanlara (qoruyanlara) haqq verərək, "Ədəbiyyat insanlığın durumuna sıxı-sıxıya bağlı bir şeydir, böylə olunca da insanların bütün sorumluluğunu içinə alır" deməkdədir. Bu acıdan baxılırsa, Mehmet Akifin Çanaqqala şəhidlərinə:
Sana dar gəlməyəcək məqbəri kimlər qazsın?..
Göməlim gəl səni tarixə, desəm sığmazsın!
- misraları yuxarıdakı estetik misraların yanında nə qədər həyati, canlı, hərəkətli və olaraq götürülür...
İştə şair və ya sənətçi yaşadığı toplumun bir parçası olur da toplumun arzularını, ehtiyaclarını, acılarını və sevinclərini paylaşarsa, o zaman sənətçi sorumluluğunu anlamış və yüklənmiş olur. Mirzə Bala böylə bir tip yazar və sənətçi olaraq Azərbaycanda - Bakıda həyata atılmışdır.
Mirzə Bala 1898-də Bakıda, Abşeron yarımadası köylərindən birində doğulmuşdur. Babasını kiçik yaşda qeyb etdiyi üçün annəsi tərəfindən digər iki qardaşı ilə birlikdə baxılmış və böyüdülmüşdür. Məktəb çağlarında iyi (gözəl) söz söyləmə qabiliyyəti, müntəzəm çalışması və ciddiyyətilə sivrilmişdir. Birinci Dünya savaşında Bakıda ilk olaraq "Aşıq Söz" qəzetəsinə yazı yazmaqla basın həyatına atılmış və gizli quruları "Muhammədiyyə" adlı cəmiyyətdə arkadaşı Cəfər Cabbarlı ilə birlikdə çalışmış, nitqlər söyləmiş və yazdığı şeirləri oxumuşdur .
1917-ci il Rus ixtilalının (inqilabının) başlanğıcında Mirzə Balanı sivrilmiş və idealist bir gənc olaraq siyasi və milli hərəkata qarışmış görüyoruz. Azərbaycanın istiqlalına qovuşduğu 1918-ci ildən 1920-ci ilin nisanına qədər Mirzəni gənclər arasında rol almış və məsuliyyət qəbul etmiş bir yazar və siyasət adamı olaraq tanıyoruz. Bakının ruslardan qurtuluşu bir pyes şəklində Azərbaycan teatr səhnəsində təmsil edilmək istəniyordu. Cəfər Cabbarlı ilə Mirzə Bala ayrı-ayrı iki pyes yazmışlardı. Hər ikisi də səhnədə təmsil edildi. Mirzənin pyesi daha çox bəyənilmiş və birinciliyi almışdı. Nə var ki, Mirzənin siyasi həyatının yüklülüyü onun ədəbi fəaliyyətini basdırmış və ikinci plana atmışdı. Mirzə Bala kəndi şair və ədib yönünə heç önəm verməzdi. Yazdığı şeirləri toplamaz və ötəyə-bəriyə buraxırdı. Onun bu halını bildiyim üçün əlimə keçəni saxlardım. Bəzən yazdığı şeiri mən alıb saxlayacağım deyə, kibrit çəkər yaxar və sonra mənim sinirləndiyimi görüncə gülərdi.
Qızıl kommunist idarəsi Azərbaycana yerləşdikdən sonra Mirzə Balanı biz "Müsavat" partisi yeraltı təşkilatının lideri rolunda görüyoruz. 1924-cü ildə Bakını tərk etmək zorunda qalmış və İrana keçmişdir. 1927-ci ilə qədər məni Təbrizdə Mirzə Bala ilə buluşdurdu. Eyni il İstanbula bərabər gəldik. Mühacirət həyatında arkadaşlığımız uzun sürə davam etdi. Mirzə Bala şeirlərində bizə çeşidli çöhrələriylə görünməkdədir. O, bəzən bir aşiqdir, bəzən üsyankar bir ruh daşıyır, bəzən də vətən və istiqlal həsrəti və atəşi ilə yanan bir inqilabçıdır. Burada onun bəzi şeirlərini tarix sırası ilə təqdim ediyorum, bəzilərinin tarixi yoxdur, şeirlərində başlıq qullanma adəti də yoxdu...
Baharlardan birər çiçək, birər koku, birər rənk
Alınaraq xəlq edilən bir çiçəyə bənzərsin.
İlk baharın sabahında çiçəklərin üstündə,
Bir könültək titrir əsən kəpənəyə bənzərsin.
Şairlərin ilhamısan, ilhamların ilhamı,
Rəssamları xaliq edən bir əməyə bənzərsin.
Məyuslara bir ümidsən, cansızlara bir cansan,
Adəmlərə ruh gətirən ilk mələyə bənzərsən.
Yol bilməyən azğınlara göydən gələn bir səslə,
Cənnətlərə qapı açan bir diləyə bənzərsən.
Həyatları zülmət olan məhzunlarçın bir aysan,
Gözləri ac insanlarçün çiyələyə bənzərsən...
Şeir qurşun qələmlə yazılmış və sonra səhifə başdan-başa bir X işarəti ilə çizilmişdir. Səhifənin ətrafında qara qələmlə bir kaç intizamsız fiqurlar çizdikdən sonra iki dəfə "Mirzə Bala" - deyə yazmışdır.
***
Sevgi xariqələr yapan qüvvətdir - Bisütun dağını o idi yaran.
Nəbilərə sordum məhəbbət nədir? - Dedilər ki: odur böyük Yaradan...
***
O gündən ki, sana Tanrı dedim bən - Zahid cəhənnəmlə qorxutdu məni,
Halbuki sevgiylə gözəllikdən - İbarət bir vücud bilirəm səni.
***
Mirzə bəzən uzun-uzun dalar düşünürdü, nə düşünüyordu o, hangi aləmə dalmışdı? Kimsə bilməzdi, bəzən bu dalğınlıq içində bir qitə, bir misra şeir yazar, buraxırdı masanın üstünə, nə tarix, nə isim heç bir şey bulunamazdı bunlarda. İştə (budur) bunlardan üç ayrı-ayrı qitə:
Şəbi yeldaya bənzər o qarə gözlərin,
Hicranlı gözlərin, sənin avarə gözlərin.
Durmaz ki, rahət, oynuyor həmişə qanın,
Mehparə gözlərin yenə səyyarə gözlərin...
(Bu parça tarixsiz və imzasızdır).
***
Oxşa sən ey göyün Ayı, yıldızı!
Yatan şu məzarda əziz Çingizi.
Bir çiçəkdi onu fələk söndürdü,
Bağı həyatımdan alıb yoldurdu.
(Mirzə Bala, Bakı 1923, kiçik yaşda ölən qardaşı Çingiz üçün yazmışdır)
***
İlhamımı gözlərindən aldım -
Əfkarımı sözlərindən aldım,
Olduqca cida əməllərimdən -
Təskinliyi dizlərindən aldım...
(Mirzə Bala, 4 eylül (sentyabr) 1927,
İstanbul. Bu parçayı annəsi üçün yazmışdır)
(Ardı var)
"Azərbaycan" aylıq kültür dərgisi,
Nisan - mayıs - haziran 1962, il:
11, sayı: 1-2-3 (121-122-123)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!