Niyazi MEHDİ
Kamal Abdullanın elmi yaradıcılığının növbəti aşamasını "mifolinqvistik yanaşma ideyasına çağırış" adlandırmaq azdır. Qoy oxucu onun elmi camiyəyə atdığı bu ideyanın hansı yaradıcılıq labirintindən doğduğunu görsün ki, təxminən 30 yaşından sonra "görkəmli alim" epitetini qazanmış bizim bu akademikin və Xalq yazıçısının axtarışlarının hardan başlayıb hara gəldiyini bilsin. Bəs niyə bilsin?
Kamal Abdulla yazdığı bədii, elmi əsərlərə görə indi elə titanik universal təsir bağışlayır ki, artıq onu mənəvi dünyamıza yeni paradiqmlər vermiş çox az universal alimlərdən biri saya bilərik. Mən anlayıram ki, bu sözlərimin səsləndirdiyi yüksək dəyər məni tanımayan, Kamal Abdullanı tanımayan oxuculara təntənəli yubiley çıxışı və ya tostu kimi görünəcək və bununla da indi deyəcəklərimin amacına işləməyəcək. Ona görə də məcburam deyim: məqaləmi Kamal Abdullanı şərəfləndirmək üçün yazmıram, çünki onun mədəniyyətdə və elmdə etdiklərini dərindən açan yetərincə ağıllı yazılar olub. Mənim amacım onun yeni nəzəriyyəsini anlamaq üçün oxuculara orientirlər verməkdir.
Kamal Abdullanın elmi yaradıcılığının əvvəli obyektin qatları, layları bölgüsündən başlayır. Bu bölgü Azərbaycan elmi düşüncəsinə dilçilikdən, daha dəqiq desək, struktur dilçilikdən gəlir. Dünya fəlsəfəsində qatlara, laylara bölmək paradiqmi həm də Hussanın (Husserlin), Hartmanın fəlsəfələrinin törəməsidir. O yerdə ki gözlər öyrənilən obyektin qatlarına açılır, orada dərin və üzdə olan qatlar ideyası formalaşır. Xomskinin generativ qrammatikası bu qatlara yanaşmada öz yeniliyini vermişdi. Bu yenilik rekonstruksiya etmək (bərpa etmək) alqoritmi ilə gizli və dərin qatlardan üzdəki qatlara çıxmaq ideyasını formalaşdırmışdı. Obyekti qatlara bölmək, obyektdə dərində qalıb görünməyən layları bərpa etmək yüksək yaradıcı istedad və biliyi tələb edən bir işdir. Kamal Abdulla bu istedadı və biliyi nümayiş etdirdiyindəndir ki, məndən yubiley öygüsünə oxşar sözlər qopardı. İndi əlavə edim ki, o, dərin qatları bərpa etmək şakərini həm bədii yaradıcılığında ("Yarımçıq əlyazma" kimi romanlarında, həm "Platon, deyəsən, xəstələnib" tipli hekayələrində), həm də "Gizli Dədə Qorqud" kimi əsərlərində sərgiləyib.
Renessansın ulduzlarına titanlar deyirdilər. Ona görə deyirdilər ki, universal idilər, fəlsəfə yapırdılar, şəkil çəkirdilər və rəssamlığın, memarlığın dadını, qədrini bildiklərindən bir çox alanlarda parlaq bacarıq göstərirdilər. Bu məsələdə bizdə Kamal Abdulla ilə heç kimi tutuşdurmaq olmaz, bircə Anardan başqa. Ancaq Anardan fərqli olaraq Kamal Abdullanın universallığında həm də strukturalizm, semiotika instumentarisi var. (Əvəzində Anarda kinematoqrafiya da var). Parlaq yazar, parlaq dilçi ampluasına görədir ki, Kamal Abdullanı universal intellektual kimi görürəm. Onun Mifolinqvistik nəzəriyyəsinə onun universallığının növbəti bilintisi kimi baxıram. Oxucu onun yenicə çapdan çıxmış "Kitabi-Dədə Qorqud"da semantik sayrışmalar. Mifolinqvistika" adlı kitabını bu konteksti gözə alaraq oxumalıdır.
Bir konfransda bir ağıllı qadından eşitmişdim ki, yaradıcı düşünmək başqalarının düşüncələri ilə düşünməkdir. Bu deyim gözəlliyinə və gerçəkliyinə görə indiyədək başımda qalmaqdadır. İnsan başqalarının düşüncələrindən pilləkan düzəldib irəliləməyə, əslində, paralel olanları dişli çarx kimi bir-birinə pərçimləyib çoxtaktlı gedişlər etməyə məhkumdur. Kamal Abdulla Mifologiya ilə dilçiliyi iki dişli çarx kimi bir-birinə geydirib bu kitabda çoxtaktlı, çoxritmli, çoxgedişli silsilə yaradır. Hələ fəlsəfənin dansökülənində (Kamalın sözüdür) Əflatuna aydın idi ki, biz bilmədiklərimizi bildiklərimizlə bilirik. "Oğuznamə"də bu ideya belə səslənir: "Bilir bilir bilürü, bilməz nə bilər bilürü". İnsan fəlsəfi ideyaları, anlayışları bilməlidir ki, onların araçılığı, "çarxlarındakı dişləri" ilə bilmədiyi yeni ideyanı "çarxın" dişinə ilişdirib gətirsin, yəni bilsin! İnsan invariant/variant terminlərini bilməlidir ki, Kamal Abdullanın düzüb-qoşduqlarını tutsun. İnsan invariantı (dəyişməz olanı) və variantı (dəyişən olanı) bilməlidir ki, Kamad Abdullanın bizə açdığı bilmədiklərimizi yaxşı qansın.
Fəlsəfədə dəyişənlərdə dəyişməz olanı bildirmək üçün mahiyyət, sonra isə substansiya terminləri ortaya çıxdı. Axırıncı termin bəzən nəsnələrin maddi əsasını, çox vaxtsa azman və önəmli olanların mahiyyətini bildirir. Ona görə də filosoflar Tanrını varlığın substansiyası adlandıra bilərlər, ancaq, tutalım, "əxlaqın substansiyası" demək nəsə dilə gəlmir. XX yüzilin erkənində sistem nəzəriyyəsində, strukturalizmdə, semiotikada substansiyanın sinonimi kimi "invariant" sözü dövriyyəyə düşdü. Mahiyyət, adətən, nəsnələrin gizlində qalan əsasını göstərir, invariant isə gizlində qalan mahiyyəti formaya çıxmış görkü ilə qoşalaşdırdı, yəni kiminsə xasiyyəti və üzünün şarjda, karikaturada görünən tipik cizgiləri birlikdə invariant anlayışına uyğun gəldi. Bu, bildiklərimizdir. Kamal Abdulla isə bu bildiklərimizdən pillələr qurandan sonra onlardan "dişli çarx" düzəldir. Daha sonra müstəqimliklə mif və metaforikliyə gedən xətti dişli çarxa çevirib ikisini bir-birinə geydirir ki, biri fırlananda o birisi də fırlansın ki, semantik sayrışmalar alınsın. Bir invariantla o biri invariantların "yanıb sönməsindən", bir-birinə "göz vurmasından" variant çalarları cilvələnsin. Kamal Abdullanın kitabında mifolinqvistik axtarışların türlü gediş taktları bundan alınır. Ancaq bu taktlarda düşüncələri böyük rəqsə salır "Kitabi-Dədə Qorqud"da kitabın semantik sayrışmalar" bölümü.
Əgər kimsə bizim bilmədiklərimizi onların yan-yörəsində səpələnmiş bildiklərinizlə açırsa, elə də böyük iş görmür. Əslində, qatlar (laylar), invariant/variant, müstəqimlik, mifolojilik, metaforalıq kimi bildiklərinizdən söhbət salanda kimsə böyük iş görmür. Böyük iş ondan başlayır ki, o, bilmədiklərimizdən çox uzaqlarda gizlənib durmuş bildiklərimizi meydana çıxarır, yəni uzaq düşmüşlərin bir-birilə görüşünü, vüsalını yaradır. Kamal Abdullanın əlinizdə olan kitabı belə "vüsalları" düzənləyən mətndir. Füzulidən bildiklərimiz siyahısına düşmüş "Aldanma ki, şair sözü, əlbəttə, yalandır" misrası ilə "Qarşı yatan Qara dağ" misrası arasında zaman məsafəsi kosmik səviyyədədir. Sözsüz, mən Dədə Qorqud dastanının özünü yox, dastanda onun əski prototipinin iz salmış müstəqimlik, mifolojilik aşamalarını deyirəm. Kamal Abdulla onları bilmədiyimizi bilmək üçün görüşdürəndə mat qalırsan.
O, "kimi" qrammatik qoşmasını poetik düşüncənin nəliyini, necəliyini anladan açara çevirəndə bu açarı dərin, ağıllı düşüncələrə yabançı görünən prozaik nitq hissəsi ilə vüsala salıb Aristotelin dediyi təəccüb, mat qoymaq effektini yaradır. Kamal Abdulla, beləcə, elmdə bəlli terminlərdən, ideyalardan (başqaların düşüncələrindən) mifolinqvistika adında bilmədiyimiz metodu çıxarmaqla Dədə Qorqud semantikalarını sayrışmalara salır. Bununla "Azərbaycan" adlanan səmaya bizə, bir-birinə göz vuran ulduzlar səpələyir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!