ELÇİN
Şirindilin Alışanlının bu il nəşr olunmuş "Sözün yaşamaq haqqı" kitabını və bu kitab haqqında mətbuatda dərc edilmiş məqalələri (Baba Babayev, Sara Osmanlı, Safurə Quliyeva) oxuduğum məqamda birdən məlum oldu ki, yaxın günlərdə onun 70 illiyidir.
Deyirlər "vaxtdan gileylənmə, vaxtın gedər", ancaq bu 70 rəqəmi mənim üçün tamam gözlənilməz oldu, onun 50 illiyi, 60 illiyi yadıma düşdü və bu heyrətamiz vaxt uçuşu kimi bir sürətlə də Şirindilin ədəbiyyata gəlişi, ötən illər ərzindəki ədəbi-tənqidi və elmi-təşkilati fəaliyyəti fikrimdən ötüb-keçdi. Onun məqalələri, monoqrafiyaları, kitabları, həm müəllif olduğu, həm də redaktə və tərtib etdiyi bir çox məcmuə və elmi əsərlər əlli (!) ilə yaxın bir yaradıcılıq yolunun və bu yoldakı ədəbi-elmi axtarışların xeyli dərəcədə elə həmin 50 il ərzində Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin mənzərəsini əks etdirir.
Keçən əsrin 60-70-ci illərində ədəbiyyatımızda maraqlı (və belə görünür ki, zəruri) bədii-estetik və ədəbi-elmi bir hadisə baş verdi: bədii ədəbiyyata gəlmiş "60-cılar" artıq özlərini təsdiq etdikdən sonra, dünyagörüşü, bədii-estetik zövqü, siyasi-ictimai mövqeyi etibarilə bu ədəbi nəslin davamı olaraq, 70-ci illərin ikinci yarısında mənim üçün doğma olan tənqidçi-ədəbiyyatşünaslar nəsli (Aydın Məmmədov, İsa Həbibbəyli, Rafael Hüseynov, Kamal Abdulla, Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, Kamil Vəliyev, Vaqif Yusifli, Rəhim Əliyev, İlham Rəhimli, Məryəm Əlizadə, Nadir Cabbarov... bir az sonra sürət və keyfiyyətlə ədəbi prosesə daxil olmuş Nizami Cəfərov, Tehran Əlişanoğlu...) özünü ifadə və təsdiq etməyə başladı və onların ən istebilsə də - dadlı nümayəndələrindən biri də Şirindil Alışanlı idi.
Mən bu gün yaxşı tanınan və nüfuzlu, artıq özləri yeni ədəbi-elmi nəsillər yetişdirən bu qələm sahiblərini - o zamankı yeni ədəbiyyatşünas-tənqidçi nəslini doğma adlandırdım və bu doğmalıq yalnız şəxsi münasibətləri yox, eyni zamanda sənətə (və aşağı-yuxarı dərəcədə, ümumiyyətlə, dünyaya) münasibəti, bədii-estetik zövqü ifadə edir. 1970-80-ci illərdə mən özüm də Yazıçılar İttifaqının tənqid və ədəbi orqanlar üzrə cavan bir katibi idim və o vaxt, onları İttifaqa cəlb edirdim, yazı-pozuları haqqında daima fıkir söyləyir, bir çoxunun kitabına ön söz yazırdım, həmin kitabların redaktoru olurdum, bu nəslin ədəbi prosesə gətirdiyi yeni ab-havanı, yeni düşüncə tərzini, bədiiyyatı təhlil və qiymətləndirmə prinsiplərini və bacarıqlarını müxtəlif münasibətlərlə ədəbi-elmi ictimaiyyətə çatdırmağa çalışırdım. Bütün bunları ona görə söyləyirəm ki, o zamankı ədəbi əhval-ruhiyyəni, nəsillər arasındakı müsbət enerjili birliklə sosrealizm doqmalarına qarşı aparılan - bir az təmtəraqlı səslənə bilsə də - qələm mübarizəsi və bədii ədəbiyyatla ədəbi tənqidin sinxron və effektli fəaliyyəti barədə müəyyən təsəvvür yaransın.
O gənc ədəbiyyatşünas və tənqidçilər nəslinin nümayəndələrinin artıq 60-70 yaşları tamam olur və onların keçdiyi həyat yolunun böyük bir hissəsi ədəbi-elmi axtarışlar yoludur. Bu axtarışlar nəticəsində onlar Azərbaycan ədəbiyyatının problemlərini müəyyənləşdirmək və həll etmək baxımından əvvəlki nəsl nümayəndələrinin (Əziz Şərif, Həmid Araslı, Mirzə Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Mir Cəlal, Mirzəağa Quluzadə, Məmməd Hüseyn Təhmasib, Cəfər Cəfərov, Mehdi Hüseyn, Mikayıl Rəfili, Əli Sultanlı, Əziz Mirəhmədov, Abbas Zamanov, Əkrəm Cəfər, Cəfər Xəndan, Əkbər Ağayev, Hidayət Əfəndiyev və bizim xatırlamalı olduğumuz başqa yaşlı ədəbiyyatşünas və tənqidçilərimiz, eləcə də gənc yaşlarında repressiyaya məruz qalmış, həyatları kimi yaradıcılıqları da yarımçıq kəsilmiş və yazacaqlarını özləri ilə aparmış Əli Nazim, Hənəfi Zeynallı, Əmin Abid, Məmməd Kazım Ələkbərli, Mustafa Quliyev, Vəli Xuluflu və b.) işini nəinki davam etdirdilər, onlar bu böyük yaradıcı fəaliyyəti daha da inkişaf etdirdilər, yeni-yeni elmi-ədəbi nailiyyətlərə nail oldular. O zamanlar onların 60-70 illik yubileyləri hələ çox uzaqlarda idi və mənim də fikrimdən keçməzdi ki, vaxt gələcək, bu cavanların - Kamal Abdullanın, İsa Həbibbəylinin, Nizami Cəfərovun... - qocaman (!) yubileyləri münasibətilə yazılar yazacağam, onların ədəbi-elmi (və qalın həcmli!) kitabları, monoqrafiyaları ədəbiyyatşünaslığımızın, tənqidimizin etibarlı və mötəbər mənbələri olacaq.
İndi də, budur, Şirindilin 70 illiyidir.
Şirindil Alışanlı elə ilk yazılarından nəzəri təfəkkür tərzi, orijinal təhlil manerası, səriştəsi və elmi mütaliəsinin geniş coğrafıyası ilə seçilirdi. Mənim yaxşı yadımdadır ki, Şirindilin elə ilk məqalələri diqqəti cəlb etdi, əks-səda doğurdu, bu məqalələri qəbul və müdafiə edənlərlə bərabər, sırf ideoloji baxımdan qəbul etməyənlər də oldu və biz o yazıları Yazıçılar İttifaqının katibliyində müzakirəyə çıxartdıq, onun o dövr üçün cəsarətli ədəbi mövqeyini müdafiə etdik, 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçirdiyimiz Respublika müşavirəsinin məruzəçisi də Şirindil oldu. Bu gün mənim üçün xoş bir gözlənilməzlik oldu ki, Şirindil həmin müşavirənin materiallarını "Sözün yaşamaq haqqı" kitabına daxil edib və bu yerdə həmin müşavirədə çıxış edən, mənim də daima böyük hörmətlə xatırladığım Məmməd Cəfər Cəfərovun, Mirzağa Quluzadənin, Kamal Talıbzadənin, Yazıçılar İttifaqının o zamankı Birinci katibi İmran Qasımovun, Abbas Zamanovun, Əziz Mirəhmədovun, Bəkir Nəbiyevin, Yaşar Qarayevin Şirindilə və onun timsalında gənc tənqidçi-ədəbiyyatşünaslara göstərdikləri qayğı və xeyirxahlığı xüsusi qeyd etmək istəyirəm.
Şirindil ədəbi prosesə şeiri duyan, onun ideya-estetik tutumunu, emosional qatlarını ümumiləşdirməyi bacaran, sosioloji təhlildən hər vəchlə yan keçməyə çalışan bir tənqidçi kimi gəlmişdi. Əziz və unudulmaz dostum Yaşar Qarayevin rəhbərliyi ilə Nizami adına İnstitutun Müasir ədəbi proses şöbəsinin hazırladığı "Ədəbi proses" silsiləsindən məcmuələr mənim kitabxanamda qalmaqdadır və o məcmuələrdə poeziya bölməsinin əsas müəlliflərindən biri də Şirindildir. Onu da qeyd edim ki, vaxtilə Yazıçılar İttifaqının geniş iclasında müzakirə etdiyimiz, qurultay kürsüsündən yüksək dəyər verdiyimiz bu məcmuələr bu günün özündə də 1960-80-ci illər ədəbi prosesini öyrənmək baxımından ciddi mənbələrdən biridir.
Şirindilin tənqidçi kimi mühüm bir cəhəti ondadır ki, onun qələmi prinsipial və güzəştsizdir və o, poeziyanın, əgər belə demək mümkünsə, estetik dünyasına bələd olduğu üçün mövqeyi də səriştəli və əsaslıdır. O, poetik fikir tariximizi, klassik poeziya ənənələrimizi yaxşı mənimsədiyi üçün, Azərbaycan poeziyasını müxtəlif ədəbi nəsillərin və müxtəlif də poetik nəfəsə malik nümayəndələrinin yaradıcılığı fonunda izləyir. Şirindil bu gün əsasən ədəbiyyatın nəzəri problemləri ilə məşğul olur, ancaq onun xeyli müddət əvvəllər yazdığı və "Sözün yaşamaq haqqı" kitabına daxil etdiyi Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Aşıq Şəmşir haqqındakı məqalələrini nəzərdən keçirsəniz hiss edəcəksiniz ki, söhbət nəzəri mənada poetik xüsusiyyətləri dərindən mənimsəmiş bir qələm sahibindən gedir.
O da yadımdadır ki, Şirindil təxminən qırx il bundan əvvəl Azərbaycan ədəbiyyatında romantizm probleminin nəzəri-estetik fikirdə tədqiqinə həsr edilmiş namizədlik dissertasiyası yazıb müdafiə etdi və iyirmi ildən sonra həmin əsər monoqrafiya kimi nəşr olundu. Aradan bu qədər vaxt keçsə də, elmi-nəzəri çəkisini və əhəmiyyətini saxlamış həmin monoqrafiya haqqında mən vaxtı ilə yazmışdım: "Şirindil Alışanovun "Romantizm: mübahisələr, həqiqətlər" kitabı Məmməd Cəfər Cəfərovun yazılarından sonra, xüsusən onun Cavid romantizmi haqqında yazılarından sonra, romantizm haqqında Azərbaycan ədəbiyyatşünaslığında ən ciddi əsərlərdən biridir. Şirindil mükəmməl nəzəri hazırlığı ilə onun təhkiyyə bacarığı arasında bir vəhdət var, onlar bir-birini tamamlayır və buna görə də sırf nəzəri problemlərə həsr olunmuş bu kitab canlıdır, asan və maraqla oxunur. O da yaxşı cəhətdir ki, kitab rus dilindədir, auditoriyası geniş və müxtəlifdir və o auditoriya həm Azərbaycan romantizmi haqqında, həm də Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-estetik və nəzəri fıkrinin səviyyəsi haqqında bizim üçün müsbət olan bir təsəvvür əldə edəcəkdir". ("525-ci qəzet", 6 mart 2003-cü il.)
Mən unudulmaz Məmməd Cəfər müəllimin adını çəkdim və Şirindili həm bir şəxsiyyət, həm də alim-tədqiqatçı kimi səciyyələndirən (və bu gün çoxlarına nümunə ola biləcək!) bir cəhətini də vurğulamaq istəyirəm: onda həm insani, həm də elmi mənada qədirbilənlik var, o unutmur və unutdurmamaq üçün də çalışır. Onun Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Kamal Talıbzadə, Abbas Zamanov, Yaşar Qarayev kimi bizim böyük ədəbiyyatşünaslarımız haqqında portret oçerkləri tarixi ədəbi prosesi dərindən bilən, ədəbiyyatşünaslıq elminin qanun və kateqoriyalarını müasir elmi tələblər mövqeyindən dəyərləndirən bir müəllifin qələmindən çıxmışdır. Ədəbi məclislərdə Şirindillə görüşlərimiz zamanı, hərdənbir də telefonlaşanda mən həmişə razılıq etmişəm ki, o bizim ədəbiyyatşünaslıq irsimizə, bu irsi qoyub gedən rəhmətliklərə xüsusi diqqət ilə yanaşır. Yaşar Qarayevin əsərlərinin V cildlik nəşrini də mən Şirindilin ədəbi-elmi ictimaiyyətimizə çox ciddi töhfəsi hesab edirəm və bu cildləri vərəqlədikcə, monoqrafiyaları, məqalələri, esseləri yenidən gözdən keçirdikcə məndə elə bir təəssürat yaranırdı ki, elə bil, canlı Yaşarla ünsiyyətdəyəm, indicə qalxıb onunla növbəti dəfə telefonlaşacağıq.
Elə bilirəm ki, Şirindilin aspirant vaxtı o zamankı SSRİ Elmlər Akademiyası M.Qorki adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinə ezam edilməsi, orada yalnız SSRİ-də, sonralar isə postsovet məkanında deyil, xaricdə də tanınan və qəbul edilən Y.Borev, B.Kojınov, S.Borev, N.Qey, D.Urnov, Q.Belaya, E.Meletinski, S.Averintsev və başqaları kimi nəzəriyyəçi alimlərlə bilavasitə ünsiyyəti, oradakı yaradıcı mühitin içində olması, onun dünyagörüşünün formalaşmasında, ədəbiyyat nəzəriyyəçisi kimi yetişməsində mühüm rol oynamışdı. SSRİ dağıldı və o dövrün bir çox ədəbiyyat (sosrealizm) nəzəriyyəçilərini də özü ilə apardı, ancaq baxın, artıq vəfat etmiş Yuri Borev böyük estet alim kimi bu gün də rus ədəbi-elmi prosesində iştirak edir.
Yuri Borevlə Şirindilin yaradıcılıq əlaqələri bizim nəzəri fikirlə rus ədəbiyyatşünaslığının qarşılıqlı təmasında effektli rol oynadı və elə Şirindilin də təşəbbüsü ilə Bakıda "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji problemləri" mövzusunda çox əhəmiyyətli Beynəlxalq konfrans keçirildi (mən də o konfransın məruzəçilərindən biri idim).
Şirindilin Azərbaycan ədəbiyyatının tarixi poetikası silsiləsindən nəşr etdirdiyi və nüfuzlu mütəxəssislərin, eləcə də onun özünün məqalələrindən ibarət kitabları, məncə, müasir ədəbiyyatşünaslığımızda əhəmiyyətli bir təmayülün sistemli başlanğıcı idi. Bu yazını yazarkən, mən o vaxt nəşr olunmuş bu iki kitabı ("Azərbaycan ədəbiyyatının tarixi poetikası. I kitab. Bakı, "Elm", 1989; "Azərbaycan ədəbiyyatının tarixi poetikası. II kitab. Bakı, "Elm" 2006) bir daha vərəqlədim və burada tarixi poetikanın nəzəri-metodoloji problemləri, ayrı-ayrı janrların və bədii ifadə vasitələrinin təkamülü, eləcə də poetik fikrin təkamül özünəməxsusluğu yüksək elmi-nəzəri səviyyədə, professionallıqla araşdırılır. Şirindil bu vacib elmi istiqamətin tədqiqinə səriştəli mütəxəssisləri cəlb edə, onların tədqiqatlarını konkret elmi konsepsiya hüdudlarında əlaqələndirə bilib.
Mən 1965-75-ci illər arası aspirantlıqdan baş elmi işçiyəcən Nizami adına Ədəbiyyat İnstitutu Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin ("Məmməd Cəfər müəllimin şöbəsi"!) əməkdaşı olmuşam və o zaman İnstitutun bizimlə yanaşı otağındakı Sovet ədəbiyyatı şöbəsinə Məmməd Arif, sonra Bəkir Nəbiyev, sonra da Qasım Qasımzadə rəhbərlik edirdi, bu gün isə adı dəyişmiş o şöbəyə - "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinə Şirindil rəhbərlik edir. Mən bunları ona görə xatırladıram ki, elə o zamanlardan etibarən də bu iki şöbəylə (əslində, elə bütün şöbələrlə) bağlı elmi nəşrləri izləmişəm və xüsusən müstəqillik dövründə sovet zamanı yaranmış ədəbiyyata yanaşmada metodoloji prinsipləri ədəbiyyatşünaslığımızın inkişafında və ədəbiyyatımızın ümumi mənzərəsinin yaranmasında oynadığı rolu çox ciddi və bu gün də aktual hesab edirəm. Sovet dövrü ədəbiyyatı tarixi-siyasi reallıqlar kontekstində öyrənilməli və təbii ki, bədii-estetik meyarlar əsas götürülməlidir, ancaq eyni zamanda, ideoloji baxımdan bu gün məğlub əsərlərin səviyyəsi dediyimiz həmin meyarlara cavab verirsə, bu cəhət də sərf-nəzər edilməməli, onların bədii dilin zənginləşdirilməsi, poetikanın yeni estetik keyfiyyətlər əldə edilməsi, janr və forma müxtəlifliyi baxımından ədəbiyyatımızın inkişafındakı rolu da qiymətləndirilməlidir.
Bu mənada "XX əsr ədəbiyyatı məsələləri" silsiləsindən nəşr edilən kitablar bu dövr ədəbiyyatının bir sıra nəzəri problemləri və ədəbi şəxsiyyətlərinin yaradıcılığı ilə bağlı obyektiv nəticələrə gəlməyə yardımçı oldu. Səməd Vurğun, Mikayıl Müşfiq, Məmməd Arif, Mir Cəlal və İlyas Əfəndiyevə həsr edilmiş məcmuələr bu klassiklər haqqında müasir elmi meyarlara cavab verən bir səviyyədə yazılmışdır. I kitabda redaktor kimi ön söz yazmış Şirindil doğru olaraq deyir ki, "Çağdaş nəzəri-metodoloji araşdırmalarda iki cəhət gündəmdədir. Birincisi, ümumən humanitar fikrə məxsus metodoloji problemləri dünyanın qabaqcıl elmi fikri kontekstində araşdırmaq, perspektivləri müəyyən etmək. İkincisi, milli ədəbi fikrin öz daxili ədəbi-estetik inkişaf qanunauyğunluqlarını üzə çıxarmaq. Nəzəri konsepsiyalarla milli ədəbi təcrübənin yekunlarının vəhdətdə götürülməsi müasir nəzəri-metodoloji böhrandan çıxmağın səmərəli, düzgün yoludur". (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. I kitab. Bakı, "Elm", 2006, s.3). "XX əsr Azərbaycan poeziyası" antologiyaları da (20-50-ci illəri əhatə edən cildlər) sovet dövrü Azərbaycan poeziyası haqqında təsəvvürü genişləndirir və konkretləşdirir.
Şirindilin onilliklərdir ki, ədəbiyyatın nəzəri və təcrübi problemləri ilə bağlı araşdırmaları və bu araşdırılmaların ədəbiyyatşünaslıq elmimizin uğuru kimi dəyərləndirilən iki kitabı üzərində qısaca dayanmaq istəyirəm ("Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" və "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi"), çünki bu sanballı tədqiqatlar onun tarixi və müasir ədəbi proses, dünya və Azərbaycan nəzəri-estetik fikri haqqında düşüncə və mülahizələrini qabarıq şəkildə meydana çıxarmışdır.
Ayrı-ayrı klassik sənətkarların və tənqidçilərin ədəbi-nəzəri görüşləri, müəyyən dövrün ədəbi prosesi ilə bağlı Məmməd Cəfərin, Məmməd Arifin, Kamal Talıbzadənin, Yaşar Qarayevin, Şamil Salmanovun, İsa Həbibbəylinin, Nizaməddin Şəmsizadənin, Vaqif Yusiflinin, Tehran Əlişanoğlunun, Kamran Əliyevin, Kamal Rüstəmin (ilk yadıma düşənlərin adını çəkirəm) və başqalarının tədqiqatları var və ədəbiyyatşünaslığımızın təşəkkülü və inkişaf tarixi baxımından həmin tədqiqatlar mühüm rol oynayıb (və oynayır!). Kamal Talıbzadənin vacib tarixi bir missiyanı yerinə yetirmiş "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasını isə ayrıca qeyd etmək istəyirəm və bu fundamental əsərdə Azərbaycan tənqid tarixi ilə bağlı ilk dəfə sistemli tədqiqat aparılmışdır. Şirindilin monoqrafıyası isə dünya humanitar nəzəriyyələri fonunda ədəbiyyatşünaslığımıza geniş masştablı baxış kimi meydana çıxdı və hər bir tarixi mərhələdən bəhs edərkən, müəllifin nəzəri səviyyəsi, professionallığı, dünya ədəbiyyatşünaslığı ilə təmasına görə də mən bu sanballı əsəri, umumiyyətlə, müasir humanitar elmlərimiz üçün əhəmiyyətli bir hadisə hesab edirəm. Ədəbiyyatşünaslıq, aydın məsələdir, humanitar təfəkkürün mühüm qollarından biridir və onun tərəqqisini, kəsir və qüsurlarını da özündə təcəssüm etdirir.
Müstəqilliyimizin bərpasından sonra humanitar elmlərin problemləri yalnız elmi-ədəbi ictimaiyyətin yox, ümumiyyətlə, cəmiyyətin diqqət mərkəzindədir və bu da təbiidir: dünyada qarşı-qarşıya duran iki dünyagörüşü, iki iqtisadi-siyasi sistem dağıldıqdan sonra humanitar elmlərin ciddi metodoloji problemləri ortaya çıxdı. Tarixi dəyərləri qiymətləndirməyin prinsipləri müəyyən edilməli, ictimai formasiyalar nəzəriyyəsini əvəz edə biləcək nəzəri meyarlar müəyyənləşdirilməli idi. Şirindilin haqqında danışdığım tədqiqatları məhz belə bir şəraitin, ədəbiyyatşünaslıq elminin daxili zərurətinin və ehtiyacının məntiqi ifadəsi kimi yaranıb.
Bu tədqiqatların mühüm cəhəti ondadır ki, burada nəzəriyyəçiliklə tarixilik bir-birini tamamlayır, zəncirvari şəkildə biri digərindən doğur və buna görə də nəzəri mülahizələr, təkidlə, inamla müdafiə edilən konsepsiyalar havadan asılı qalmır, əksinə, bir əsrdən artıq dövrü əhatə edən ədəbiyyatşünaslıq faktlarının təhlili ilə bizi inandırır və bu baxımdan ədəbiyyatşünaslığın aksioloji problemləri ilə bağlı əldə edilmiş elmi nəticələr əhəmiyyətli və əlamətdardır. Müstəqillik illərində təşəkkül tapmış ədəbi-siyasi reallıqların məzmunu və bu zəmində klassik irsin, o cümlədən XX əsr ədəbiyyatının dəyərləndirilməsi problemi aktual olduğu qədər də mübahisələr, fikir ayrılıqları yaradan bir məsələdir. Klassik irsi qiymətləndirmək məqamında qarşımızda böyük tarixi təcrübə, müxtəlif ədəbi-fəlsəfı məktəblərin baxış bucağı, konsepsiyalar var və tarixin gördüyü işi heç bir tədqiqatçı görə biməz. Şirindil haqlı olaraq yazır ki, "tarix heç bir vaxt indiki qədər müasir mənəvi dəyərlərin yenidən dərki və qiymətləndirilməsinin elmi-metodoloji cəbbəxanası kimi mənalı olmamışdır". (Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı. Bakı, Elm, 2011, səh. 25.).
Klassik irsi qiymətləndirmək baxımından ədəbiyyatşünaslıq faktlarını araşdırarkən Şirindil həqiqətə söykənən belə bir qənaətini bildirir ki, nəzəri-estetik fikir bir çox "vərdişləri"ni inersiya ilə hələ də davam etdirməkdədir və həqiqətən, böyük bir tarixi dövrün ədəbiyyatşünaslığın, tənqidin vulqar-sosioloji qoluna əsaslanıb vulqarcasına da inkar etmək elmi-metodoloji baxımdan ciddi yanlışlıqdır. Bu barədə mən əvvəllər də, o cümlədən "Sosrealizm bizə nə verdi?" silsilə məqalələrimdə də yazmışam və əslində mövcud tarixi siyasi rejim çərçivəsində belə, ədəbiyyatşünaslıq elmi dünya bədii fıkrinin müasirlərimizə çatdırılmasında, onun tarixi və müasir mənasının şərhində, xüsusən tekstologiya sahəsində böyük xidmət göstərmişdir. Bu baxımdan Şirindilin ədəbiyyatşünaslıq tariximizə, onun nümayəndələrinin fəaliyyətinə yanaşmasını və elmi (elmi-bədii!) qiymətləndirməsini mən obyektiv elmi möqeyin ifadəsi kimi qəbul edirəm.
Şirindil tədqiqatlarında əsaslandırır ki, postsovet məkanında marksist-leninçi metodologiyanın iflası ilə heç bir elmi-nəzəri prinsipə əsaslanmayan konsepsiyalar ortaya çıxdı və bəzən ekstremist (əslində vulqar bolşevizm) mövqedə dayanaraq, klassik irsimizi "köhnəlmiş", "dəyərsiz" elan etdilər. Bir çoxları isə dini-mistik mövqedə dayanaraq, az qala klassik irsimizi böyük bəşəri məzmununun sırf sufi ideyalarla bağladılar və Şirindil haqlı olaraq klassik irsin, xüsusən XX əsr ədəbiyyatının çağdaş meyarlar əsasında təhlili zamanı tarixiliyi və ədəbiyyatın öz daxili mahiyyətini, onun bədiilik tutmunu əsas götürür. O, Azərbaycan, eləcə də dünya elmi fikrinin mənzərəsi haqqında yaxşı təsəvvür yarada bilir və marksist nəzəriyyənin bu sahədəki rasional cəhətlərini qabartmaqla yanaşı, ədəbi irsimizə münasibətdə sovet dövrünün mövcud sanballı nəşrlərindəki yanlışlıqları da nəzərdən qaçırmır, əksinə, onların elmi fəsadlarını da üzə çıxarır, əsaslı və soyuqqanlı surətdə fəsadların mahiyyətini göstərə bilir, yəni söhbət tendensiyalı münasibətdən, birtərəfli yanaşmadan yox, obyektivlikdən gedir.
Layiqli cəhətlərdən birini də mən onda görürəm ki, o, ədəbiyyat tariximizin qədim və orta əsrlər, XIX əsr, XX əsrin əvvəlləri, sovet dövrü kimi mərhələlərini tədqiq etmiş Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal, Məmməd Arif kimi görkəmli alimlərin tədqiqatları ilə yanaşı, bu tarixi dövrlərin müəyyənləşməsində fon olan nəzəri, tekstoloji iş görmüş ədəbiyyatşünaslarımızın da xidmətlərini dəyərincə işıqlandırır. Bunu da qeyd etmək istəyirəm ki, "Sözün estetik yaddaşı" əsərində Şirindil romantik ədəbiyyatın mərhələləri haqqında tutarlı bölgü təklif etmişdi və bu haqda mən ""Aqoniya", yoxsa təkamül?" adlı araşdırmamda yazmışdım: "Şirindil Alışanov "müəyyən təşəbbüs" kimi Azərbaycan klassik romantizminin belə bir mərhələ təsnifatını verir:
1. Erkən orta əsrlərin intibah romantizmi (Nizami, Xaqani, Məhsəti);
2. Yetkin orta əsrlərin klassik romantizmi (Nəsimi, Füzuli);
3. Klassik romantizmin ənənə kimi davamı və tənəzzülü dövrü (M.Ş.Vazeh, Natəvan).
Bu təsnifat, elə bilirəm ki, mahiyyət etibarilə Azərbaycan klassik romantizminin mərhələlərini dəqiq müəyyən edir". ("Aqoniya", yoxsa təkamül? Bakı, "Təhsil", 2014, s.9.).
Şirindil Alışanlı haqqında yazanlar və danışanlar, adətən ondan tənqidçi, nəzəriyyəçi alim kimi bəhs edirlər və bu təbiidir, ancaq bununla yanaşı, o, son 30 ildə çap edilmiş bir çox sanballı nəşrlərin icrası ilə məşğul olmuş professional naşir, səriştəli redaktordur. Yadımdadır, Respublikamızda ilk özəl "Sabah" nəşriyyatını o, təsis etmişdi və sovet dönəmində yasaq olunmuş müəlliflərin əsərlərini nəşr etmişdi. Eləcə də "Elm" nəşriyyatının direktoru işləyəndə də Şirindil elmimizin və ədəbiyyatımızın müxtəlif sahələrini əhatə edən onlarca çoxcildliklər, lüğətlər, monoqrafiya və jurnalların nəşrinə xeyli əmək (yaradıcı əmək) sərf etmişdi.
Mən bu yazını Şirindilin 50 və 60 illiklərini yada salmaqla başladım və səliqəsiz arxivimdə axtarıb həmin yubileylərlə bağlı göndərdiyim teleqramların surətini tapa bildim. Elə o teleqramlarla da bu yazını bitirmək istəyirəm.
"Əzizim,
Səni Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin görkəmli nümayəndələrindən birini anadan olmağının 50 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sənin bu əlli illiyin mənim üçün çox gözlənilməz oldu. Çünki gənclik şövqü həmişə səninlə bir yerdədir və mən arzu edirəm ki, həmişə də belə olsun. Sən əlli illiyinə bir çox prinsipial və obyektiv tənqidi məqalələrlə bir çox yüksək nəzəri səviyyəli elmi araşdırmalara romantizm haqqında ən yaxşı kitablardan biri ilə gəlib çıxmısan. Sənin obyektiv və səriştəli qələmin daima ədəbiyyat təəssübü çəkmişdir və bütün bu illər ərzində sənin səmimi, təvazökar, etibarlı şəxsiyyətin də yaradıcılığını tamamlamışdır. Əziz dostum, səni bir daha təbrik edir, sənə uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq qələbələri arzulayıram.
E l ç i n.
05.XI. 2002"
"Əzizim Şirindil!
Sənin altmış illik yubileyin ailən, nəslin və dostların üçün sevinc və qürur mənbəyi olduğu kimi, müasir ədəbiyyatşünaslığımız və tənqidimiz üçün də fərəhli bir hadisədir. Sən elmi-yaradıcı estafeti XX əsr ədəbiyyatşünaslığımızın və tənqidimizin klassiklərindən alıb, onların ən yaxşı ənənələrini XXI əsrdə nəinki davam, həm də inkişaf etdirən görkəmli və nüfuzlu bir alim və tənqidçisən. Bu gözəl yubiley münasibətilə səni ürəkdən təbrik edir, sənə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram.
İstedad, axtarış və yaradıcı enerji isə həmişə səninlədir.
E l ç i n
2.XI.2012"
İndi isə artıq 2022-ci ilin oktyabrıdır.
Ancaq ... "vaxtdan gileylənməyək ki, vaxtımız gedər...".
24 oktyabr 2022
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!