İlqar FƏHMİ
Cavid əfəndinin yaradıcılığı o qədər genişdir ki, hər bir düşüncəli oxucu ora özü üçün fərqli yolunu tapır, müəyyən özünəməxsus yollarla onun yaradıcılıq dəryasına baş vurur. Kimisə onun fəlsəfi düşüncələrindən, kimisə poetik tapıntılarından, kimisə ədəbiyyatımıza gətirdiyi yeniliklərdən yola çıxır. Şəxsən mənim üçünsə yeniyetməlik dövrümdə Cavid əfəndinin qəsrinə bir şeirlə özümə yol açmışdım. Bir şeir. Məni Cavid əfəndiyə məhz bu şeir gətirdi.
Azərbaycan XX əsrin birinci yarısı poeziyasında lirikanın, romantikanın təzahürlərindən danışarkən əsasən, ya da xeyli şeir düşür. "Yenə o bağ olaydı"dan tutmuş, "Qara paltarlı qadın"a qədər... Hər biri də poetik tapıntılarla zəngin, duyğusal, dərin məzmunlu şeirlər, ali poeziya nümunələri.
Amma mənə elə gəlir ki, Cavid əfəndinin haqqında danışmaq istədiyim şeiri bu siyahıda ilk yerlərdən birində, hətta ilk yerdə durmalıydı, amma, nədənsə, diqqətdən kənarda qalıb. Bəlkə də buna səbəb dilindəki müəyyən qəlizliklər olub. Lakin ərəb-fars ibarələrini anlamaqda çətinlik çəkməyən istənilən bir oxucu bu şeirin altındakı lirikadan, romantik duyğulardan və ən əsas da bütün hiss və duyğuların, təsvirlərin klassik nizamlı formada və ən çətin vəzni iz olan əruzda necə yüksək peşəkarlıqla çatdırmasından riqqətə gəlməyə bilmir.
Əsmə, dur! Əsmə, ey nəsimi-bahar!
Uyuyor, yari-işvəkar uyuyor.
Dalğalandıqca zülfi-zərrin tar,
Sarıyor pənbə hüsnü altın nur.
O gözəl çöhrənin əsiri ikən,
Əcaba, qısqanırmısan bəndən?!
Bağçada yuxuya getmiş bir məsum gözəlin təsviri və bu səhnəni müşahidə edən estet ruhlu şairin xəyal və düşüncələri necə zərif və duyğusal şəkildə təqdim edilib.
Şair şeirə bahar nəsiminə müraciətlə başlayır və işvəli yarın şirin yuxusuna mane olmamağa çalışır və küləyin qısqanclığından təəccüblənir.
Növbəti bənddə quşlara müraciət edilir, onların da susmasını xahiş edir, "növbaharın bu nazənin qızı"nın güllər çiçəklər arasında yuxuya getməsini ən gözəl bir lövhə olduğunu bəyan edir. Elə bir gözəllik ki, hətta səmada pərvaz edən quşlar da belə gözəl lövhəni həsrətlə seyr etməlidirlər.
Əsmə, bir dur! Bıraq, bıraq uyusun
Nevbaharın şu nazənin qızını.
Ötüşən quşlar! İştə siz də susun!
Susun artıq! Şu zöhrə yıldızını
Seyr edin iştiyaqü həsrət ilə,
Bu gözəl levhə sonra düşməz ələ.
Bu çiçəklikdə, siz əmin olunuz,
Böylə bir gül yetişməmiş əsla.
Kim bilir, düşsə cənnətə yolunuz,
Bulunur bəlkə böylə bir sima,
Bulunur bəlkə böylə bir afət!
O da şayani-şübhədir, əlbət...
Növbə günəşə çatır, hətta günəşin şüalarının belə gözəlin yatmasına mane ola biləcəyindən narahatdır şair ürəyi. Ona görə günəşi buludlar arxasında gizlənməyə və bu gözəlin yuxusuna mane olmamağa çağırır.
Günəş! Ey xilqətin gözəl gəlini!
Uyuyor iştə nazlı həmşirən!
Sən də dur! Saçma bir ziyalərini,
Sən də bir an için çəkil, gizlən!
Bir az əylən bulutlu dünyadə,
Mane olma bu tifli-nevzadə.
Bəstəri-nazi həp çiçəklərdir,
Oxşayor iştə gül yanaqlarını.
Yeşil otlar öpər dəqiqədə bir
Pənbə, tombul, lətif ayaqlarını.
Axışıb ən küçük sular xəndan,
Ninni söylər o şux için hər an.
Şair hətta bağçadakı kiçik arxların belə məhz o yatmış gözəl üçün layla dediyini bildirir. Və bəndin sonunda çox maraqlı və fərqli bir bədii təxəyyül məhsulu ortaya qoyur. Bu saf, təmiz, pak gözəlin indi yuxuda hansı aləmlərdə əylənib güldüyünü təsəvvürdə canlandırmağa çalışır.
Uyuyor... bixəbər şu vəlvələdar,
Şu səfasız,vəfasız aləmdən.
Uyuyor... baq nə xoş, gülər yüzü var,
Şaşırır şübhəsiz bu halı görən.
Şimdi röyadə kim bilir, bu mələk,
Hanki aləmdə əylənir gülərək.
Uyuyor... pək sevimli, pək məsum,
Bir çocuq ruhu var şu fitrətdə.
Hələ rast gəlməmiş bu taleyi-şum
Böylə bir nazəninə xilqətdə.
Hüsni-mütləq enərsə yer yüzünə,
Qonar ancaq bunun gülər üzünə.
Əvvəlki bəndin son iki misrası sanki Cavid əfəndinin estetik görüşlərinə bir açar rolu oynayır. Çünki sevimli ilham pərisini seyr edərkən onun gözəlliyinin həm də səmavi mənşəyə malik olduğunu bildirir. Yəni kainatda mütləq gözəllik adlı bir ideya varsa, o ideya yerə enərkən bu gözəlin çöhrəsində həll olunar.
Və nəhayətdə, Cavid əfəndinin poetik dühasındakı dramaturgiya elementlərini də müşahidə edirik.
Final və kulminasiya. Sevimli ilham pərisinin bağçada gül-çiçəklər arasında şirin yuxusuna mane olmaması üçün bütün ətrafdakı varlıqlardan sakit olmaqlarını xahiş edəndən sonra, finalda şair öz ürəyinə müraciət edir. Və həyəcanla döyünən ürəyinə yalvarır ki, sən də çırpınıb vurma, dayan, hətta həyatım da getsə, səs salma, çünki xəyallarımın aşinası, amalımın qayəsi olan gözəl sükut içində yuxuya gedib...
Uyuyor... Of! Ey bəlalı könül,
Çırpınıb durma! Sən də sus artıq,
Vurma, sus! İştə susdu həm bülbül.
Dur, həyatım da getsə, dur azacıq,
Uyuyor çünki aşinayi-xəyal,
Uyuyor çünki qayeyi-amal...
Bu şeirin ab-havasında dünya poeziyasında çoxsaylı şeirlər var, lakin əminliklə deyə bilərəm ki, bu poeziya nümunələrinin heç birində bu qədər zəriflik, duyğusallıq və ən əsas da ilahi bir saflıq yoxdur.
Yatmış gözəl obrazı ümumilikdə dünya mədəniyyətində ən çox işlənən arxetiplərdəndir. Çünki yatmış gözəllik həm də sükunətin içində olan, bütün neqativ və mənfi çalarlardan məhrum olan bir gözəllikdir. Burada naz, qəmzə, məkr, hiylə yoxdur. Sadəcə bir gözəllik var. O gözəllik ki, sənə öz pozitiv enerjisini bəxş edir, amma əvəzində heç nə götürmür. Kollektiv təhtəlşüurda bu cür arxetiplər çoxdur və Cavid əfəndi bu arxetiplərdən ən saf, ən təmiz olanını götürüb və müasir Azərbaycan ədəbiyyatının ən lirik və həzin şeirini yaradıb.
Fəlsəfə yüklənmiş poetik nümunələrdən fərqli olaraq, bu tip şeirlər şərhə izaha gəlmir, təsvir olunan lövhələri heç bir vəchlə izah eləmək mümkün deyil. Sadəcə oxumaq, xəyalda canlandırmaq və mənəvi zövq almaq lazımdır.
Mənsə kölgədə qalan bu gözəllik nümunəsinə sadəcə bir daha diqqət cəlb eləmək istədim.
P.S. Onu da qeyd edim ki, Cavid əfəndinin yaradıcılığında bu cür unikal incilər çoxdur, müəyyən səbəblərdən diqqətdən kənarda qalıb. Amma əminəm ki, zaman keçdikcə bu şeir nümunələri də poeziyamızda öz layiqli yerini alacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!