İsmayıl Hikmətin “Dörd il yarım Azərbaycanda” məqaləsi - Azər Turanın “Hikmətizm” adlı ön sözü ilə

 

 

Azər TURAN

Hikmətizm

 

İsmayıl Hikmət Moskva ilə Ankaranın, Stalinlə Atatürkün arasında gedən açıq ideoloji savaşın mərkəzindəydi. Və onun "Dörd il yarım Azərbaycanda" ("Azerbaycanda dört buçuk yıl") memuarı təmsil etdiyi dövlətin, daha doğrusu, Atatürkün Azərbaycanla bağlı ideoloji konsepsiyasını həyata keçirən bir türk aliminin məqaləsidir. Bu məqalədə o, həm də Stalinin Azərbaycan siyasətini təhlil edib. Türk birliyi ideyasının nəzəriyyədən praktikaya tətbiq edildiyi indiki şəraitdə bu əsərin nəzərə alınmasına, elmi araşdırmalarda ona istinad edilməsinə ciddi ehtiyac vardır. Hər şeydən əvvəl ona görə ki, 1920-ci illərdə Azərbaycan hökumətinin xüsusi dəvəti ilə Bakıya gəlib burada Azərbaycan ədəbi-elmi mühitinin əsas simalarından birinə çevrilən və fəaliyyəti sonralar sovet ədəbiyyatı ideoloqları tərəfindən hikmətizm epiteti ilə yarğılanan, əsərləri yandırılan, milli şüurla yetişmiş yüzlərlə tələbəsi "darmadağın və pərişan" edilən İsmayıl Hikmət səviyyəsində hansısa başqa bir türk alimi yoxdur. Digər tərəfdən, türk alimləri arasında İsmayıl Hikmətdən başqa heç kəs 1920-ci llərdə Azərbaycanda humanitar elmi proseslərin belə dolğun təhlilini verən əsər yazmamışdır. Ədəbiyyatşünaslarımızın bu yazıdan öyrənəcəyi çox şeylər vardır. Tutaq ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın pərdəarxasında baş verən proseslər, "Qızıl qələmlər"in aktivləşdirildiyi dövrdə, Xalq İcraiyyə Komitəsinin təşəbbüsü ilə yaradılmış və xalq ədəbiyyatı, Şərq ədəbiyyatı, Qərb ədəbiyyatı, təhlil və tənqid, uşaq ədəbiyyatı, tərcümə, rus ədəbiyyatı, ədəbiyyat tarixi kimi on bir istiqamətdə fəaliyyət göstərən Ədəbiyyat Cəmiyyətinin məhz Türkiyədən dəvət olunmuş professorların iştirakı ilə qurulmasındakı məqsəd, bədii ədəbiyyatda psevdosimvolizm problemi (ki, biz 1920-ci illər ədəbiyyatımızı bir də bu nəzərlə oxumalıydıq), məktəb yaşlı uşaqların mədəni inkişafını təmin etmək üçün uşaq ədəbiyyatı seriyasının ümumtürk kontekstində hazırlanıb çap edilməsi, din birliyinə vurulmuş zərbənin nəticələri, dil birliyinin təhdid olunması, Rusiyanın Azərbaycanda gəlişməkdə olan türk düşüncəsinə qurnaz, sinsi, hiyləgər və məkrli münasibəti və s...

İsmayıl Hikmətin məqaləsində Türkoloji Qurultay ərəfəsini təsvir edən ilginc bir məqam var: "O zaman maarif komissarı olan şəxs böyük bir təlaşla vəziyyəti anlatdı: "Ruslar türklərə ən böyük zərbəni bu dil məsələsində endirəcəklər. Bizi Universitet tədrisatından, türk dili və ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın! Qurultayda türk dilini müdafiə edin".

Təsadüfi deyil ki, 1937-ci il repressiyasına məruz qalmış Azərbaycan ədəbiyyatçılarının böyük əksəriyyəti türkiyəli professorlar tərəfindən qurulmuş həmin Ədəbiyyat Cəmiyyətinin üzvləri idilər. 1926-cı ildə bağlı qapılar arxasında İsmayıl Hikmətə yuxarıda xatırlatdığım sözləri deyən isə Maarif Komissarı Mustafa Quliyev idi. Mustafa Quliyev də, Hüseyn Cavid də 1937-ci ildə müstəntiqlərin İsmayıl Hikmətlə bağlı suallarına cavab verməli olurdular. İstintaq materiallarında belə fikirlər keçir ki, türkiyəli professorlar təkcə Azərbaycanın ədəbiyyat məsələlərində fəal iştirak etmir, onlar eyni zamanda məqalələr, dərsliklər yazır, guya üstəlik,  pul da verirmişlər… İsmayıl Hikmətin evində Hüseyn Cavid həm də yazıçı olan türk səfiri Memduh Şevket Esendalla görüşürmüş və bu görüş zamanı türk ədəbiyyatından heç nə ilə fərqlənməyən Azərbaycan ədəbiyyatına türk nüfuzunun təsiri məsələləri müzakirə olunurmuş... 

1937-ci ildə Ədəbiyyat Cəmiyyətinin əksər üzvləri həbs olundu, Çünki o dövrün mətbuatının yazdığına görə, "Köhnə yazıçıları birləşdirən "Ədəbiyyat Cəmiyyəti" əsas etibarilə mürtəce yazıçılardan ibarət idi.  Bu cəmiyyətin sədri Böyükağa Talıblı, katibi isə Əhməd Cavad idi. Bu "cəmiyyətin" "marksist" fikri ifadə edən partiya yadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kimi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar kontrrevolyusyon mahiyyətlərini göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və Səməd Mənsurların təsirində qul olmağa qədər enmişlərdi. Bunların sayəsində Ədəbiyyat Cəmiyyətinin orqanı olan "Ədəbi parçalar" jurnalının səhifələrində "Rəngidir" kibi mürtəce şeirlər çap olunurdu.  Cəmiyyət özünün bütün fəaliyyəti ilə demək olur ki, o zamankı gənc proletar yazıçılarının pozisiyasını da zəiflətməyə çalışırdı. Bir faktı göstərmək kifayət edər ki, cəmiyyətə məşhur pantürkist və panislamist, Azərbaycan burjuaziyasının ilk ideoloqu Əli bəy Hüseynzadə fəxri üzv olaraq qəbul edilmişdir". "İdealist romantizm xəstəliyinə təşkilati cəhətdən rəvac verən Ədəbiyyat Cəmiyyəti və "Ədəbi parçalar" jurnalı öz səhifələrində nəinki H.Cavidin "Həp sənsən", Səməd Mənsurun "Həpsi rəngidir" şeirlərini", İsmayıl Hikmətin "Qərb ədəbiyyatı" məqaləsini dərc etdiyinə, "hətta mürtəce romantizmi nəzəri cəhətdən əsaslandırmağa çalışan burjua ideoloqu Əli bəy Hüseynzadəyə tribuna verdiyinə" görə tənqid olunurdu.

İsmayıl Hikmətin "Dörd il yarım Azərbaycanda" memuarından isə həm də o aydın olur ki, sən demə, ilk böyük ədəbi təşkilatımız olan Ədəbiyyat Cəmiyyəti türkiyəli professorların, o cümlədən, İsmayıl Hikmətin iştirakı ilə qurulub və onun  məqsəd və məramını Hikmətin bu məqaləsindən başqa heç bir mənbə belə təfərrüatı ilə şərh etmir.

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı ərəfəsində Ədəbiyyat Cəmiyyəti ilə bağlı geniş haşiyə çıxmağım səbəbsiz deyil. Yuxarıda qeyd etdim ki, Ədəbiyyat Cəmiyyəti Azərbaycanın ilk böyük ədəbi təşkilatı olub. Onun "Ədəbi parçalar" jurnalında təkcə Hüseyn Cavid deyil, Süleyman Rüstəm də, təkcə Əli bəy Hüseynzadə deyil, Cəlil Məmmədquluzadə də iştirak edib. Cəmiyyətin üzvləri sırasında Əbdürrəhim bəy Haqverdiyevlə yanaşı, Süleyman Sani Axundov da, 82 yaşlı Məşədi Rəhim Fəna ilə yanaşı, 31 yaşlı Əliağa Vahid də var idi. Abdulla Şaiq də burdaydı, Bəkir Çobanzadə də, Mikayıl Rəfili də.

Bu yazını həm də Hüseyn Cavdin 140 illiyini əks etdirən sayımızda təqdim edirəm. Məsələ burasındadır ki, tədqiqatçılar Hüseyn Cavidin "məfkurəvi böhran illəri" kimi xarakterizə olunan 1920-ci illər yaradıcılığının nəzəri baxımdan dəqiq təsnifatını vermək üçün mütləq mənada İsmayıl Hikmətin məqaləsinə istinad etməlidirlər. Unutmayaq ki, Cavidlə Hikmət həm də məfkurə dostu idilər. Ədəbiyyat Cəmiyyəti üzvlərinin 1926-cı ildə çəkilmiş fotosunda da Hüseyn Cavid İsmayıl Hikmətlə yanaşıdır.

İsmayıl Hikmətin 1958-ci ildə Münhendə çıxan "Dərgi" jurnalının 13-cü sayında dərc olunmuş "Dörd il yarım Azərbaycanda"  məqaləsi 1920-ci illərdə gedən siyasi-ədəbi prosesləri, eləcə də bu günə qədər qaranlıq qalan nüansları aydınladan, dövrün dolğun elmi-siyasi təsvirini verən ilk yazıdır.  

Mən onu Azərbaycanda ilk dəfə Ədəbiyyat qəzetinin 4 iyul 2008-ci il tarixli sayında təqdim etmişdim. Təəssüf ki, aradan keçən 14 il müddətində mövcud problemlə bağlı elmi araşdırmalarda ona yetərincə istinad edilmədi. Halbuki, dövrün humanitar mənzərəsi barədə aydın təsəvvür əldə etmək üçün "Dörd il yarım Azərbaycanda" əsəri tədqiqatlarımızın əsas qaynaqlarından biri olmalıydı. 1920-ci illər ədəbiyyatımızın ümumtürk, daha çox isə Türkiyə-Azərbaycan kontekstində tədqiqinə, eləcə də, "Bir millət - iki dövlət" meyarına əsaslanan çağdaş münasibətlərimiz fonunda, özəlliklə İkinci Qarabağ savaşından sonra İsmayıl Hikmətin bu yazısı Azərbaycanda ümumtürk düşüncə tarixinin 1920-ci illərdəki mərhələsinin daha dərindən öyrənilməsinə ciddi elmi istiqamət verə bilər.  

 

20 oktyabr 2022

 

 

 

İsmayıl HİKMƏT

Dörd il yarım Azərbaycanda

1923-cü ilin baharı idi. Azərbaycan Cümhuriyyəti Ankara Böyük Millət Məclisi Hökumətindən Bakı Ali Pedaqoji İnstitutu ilə Bakı Universitetində türkcə dərs vermək üçün professorlar istəmişdi. Maarif təşkilatı hələ tamamilə Ankaraya köçürülmədiyindən Ankara bu tələbi İstanbuldakı təmsilçiliyinə həvalə etmişdi. Getməmizə qərar verilən mən və digər iki arkadaşım Bakıdan gələn heyətin başçısı ilə söhbətləşmiş və hərəkət zamanımızı qərarlaşdırmışdıq.

 

***

1905-ci il inqilabından bəri Rusiya daxilində müsəlman-türk ölkələrində cərəyan edən milli hərəkatlar çarlıq Rusiyası tərəfindən çeşidli şəkillərlə baltalanmaqda, milli tərəqqi və inkişafın önünə keçilmək üçün müxtəlif zülmlər və qeyri-insani davranışlar tətbiq olunmaqda idi. Türk-islam millətləri bir çox qurultaylar keçirərək öz müqəddəratları haqqında ortaq qərar verməyə və bu surətlə zalım bir idarəyə qarşı insani, mədəni, hüquqi və təbii haqlarını müdafiə etməyə çalışırdılar. 1906-cı ilin avqustunda Kazan, Krım və Azərbaycan nümayəndələrinin Nijni-Novqorodda toplanan üçüncü "İttifaq" qurultayında Krım nümayəndəsi İsmayıl bəy Qaspıralının: "Ümumən türklərin əsli və nəsli birdir. Zaman və məkan ixtilafı ilə şivə və adətlərimizdə də ixtilaf peyda olmuşdur. Bu ixtilaf bir-birimizi anlamayacaq dərəcəyə gəlmişdir. Bundan sonra məktəblərimizi bir olan ədəbi dilimizə xidmət edəcək hala gətirmək lazımdır. Qurultayın məktəb və mədrəsə komissiyası tərəfindən hazırlanmış layihəsində ibtidai məktəblərimiz üçün dördillik tədris müəyyənləşdirilmişdir. Bunun üç ilində sadə məhəlli şivə tədris icra edilib, son sənəsində ümumi türk lisani ilə yazılmış kitablar oxudulmalıdır. Bu sayədə tədricən müxtəlif şivə və ləhcələr birləşmiş olur" təklifi ümumiyyətlə qəbul olunmuşdu ki, bundan da təbii bir şey ola bilməz.   Bu gün bütün mədəni dünyadakı millətlərin ədəbi dilləri də şivələrin birinin inkişafı ilə meydana gəlmiş olduğu tarixi və elmi bir həqiqətdir. Xalq arasında danışılan bir-birlərindən fərqli olan ağızlar bu birlərinə heç bir surətlə mane olmur. Necə ki, bu xalq ağızlarından meydana gəlmiş bir ağız ədəbiyyatı da vardır ki, mənsur və mənzum məhsulları ilə folklorun bir mühüm qismini təşkil edər. Hər nə bahasına olur-olsun, öz hüdudları daxilində bulunan millətlərin və bilxassə müsəlman türklərin din və dil birliyini əngəlləməyə əzm etmiş və bütün bu millətləri din və dil baxımından ruslaşdırmağa qərar vermiş olan çarlıq Rusiyası qurultayda verilən və qəbul edilən qərardan rahatsız olmuşdur. Necə ki, bütün milli fəaliyyətləri baltalamağa istiqamətlənmiş 18 dekabr 1910-ci il tarixli bir qərarnaməsində görüləcək tədbirlər arasında ən çox diqqəti çəkən qism: "Ədəbi türkcə ilə danışan və yazan müəllim, mühərrir, ədib və sair ziyalıların Osmanlı casusu sayılması idi".

 

***

İştə çarlıq Rusiyasının öz hüdudları daxilindəki müsəlman millətlər haqqında çıxardığı bu öldürücü qərarların tətbiqi üçün hazırlıq aparmağa çalışdığı o illərdə meydana gələn inqilabla tarixdən silinməsi üzərinə təzyiq altında yaşayan millətlər bir az geniş nəfəs almışlar və hətta, çox qısa bir zaman üçün olsa da, artıq hürriyyətin və istiqlalın ləzzətini dadmışdılar.

Bolşeviklərin 7 noyabr 1917-ci il inqilabında müsəlman millətləri öz tərəflərinə çəkmək məqsədi və siyasəti ilə nəşr etdikləri bəyannamədə "cami və məbədləri çarlar tərəfindən dağıdılan, adət və ənənələri ayaqlar altında çeynənən siz ey, Rusiya müsəlmanları, İdil boyu və Krım tatarları, Qafqaz dağlıları və çeçenlər. Bundan belə sizin din və adətləriniz, sizin milli və mədəni müəssisələriniz azad və toxunulmaz elan edilir. Sizin buna haqqınız vardır", - deyilirdi.

28 may 1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyəti təşəkkül etmişdi. Bu barədə Mirzə Bala: "11 may 1918-ci ildə Şimali Qafqaz Millət Məclisi Şimali Qafqazın istiqlalını elan etdikdən 15 gün sonra, Mavərayi-Qafqaziya (Zaqafqaziya) Federasiyası süqut edincə Gürcüstan, Azərbaycan və Ermənistan müstəqil cümhuriyyətləri təşəkkül etdi. Keçmiş Rusiya imperatorluğu daxilindəki türk və müsəlmanların milli hərəkat tarixində bu son hadisə çox böyük bir yer tuturdu. Zira Azərbaycan ilə Şimali Qafqaz, böyük dövlətlər tərəfindən də tanınan tam hökmranlıq haqlarına malik müstəqil dövlət qurmağa müvəffəq olmuşdular" - deyir və "Böyük milli qurultayda türk və müsəlmanların milli-mədəni muxtariyyət fikrini müdafiə edən Ayaz İsaqi bəy 1917-ci il inqilabından 20 il sonra bu sətirləri yazırdı: "Sovetlər birliyində yaşayan biz türk-tatarlar, bir ana və atanın övladlarıyıq. Mədəniyyətimiz, tariximiz, dinimiz birdir, ancaq coğrafi durumumuz bir deyildir... Fəqət türk xalqları coğrafi baxımdan bir-birindən nə qədər uzaqda yaşasalar da oyanış dövrü başlar-başlamaz türk kültür birliyi istinad nöqtəsi olaraq qəbul edilmişdir. Çarlıq dövründə bütün milli fəaliyyətlərimiz bu yolla yürümüşdür. İnqilab dövründəki qurtuluş həmlələrimizdə, coğrafi ayrılıqlardan dolayı, ayrı-ayrı görünsə də, mənən birlik ruhunda davam etmişdir. Gərək məmləkət içindəki işlərimiz və gərəksə mühacirliyimizin işini yürütmək üçün bir-birindən ayrı, Türk-islam, Azərbaycan, Krım, İdil-Ural və Şimali Qafqaz istiqlal komitələri ətrafında toplanmaqla bərabər, bunların getdiyi yol, təqib etdikləri qayə Türk kültür birliyini mühafizə etmək və öz xalqlarını yabançı boyunduruğundan qurtarıb müstəqil yaşatmaqdadır" parçalarında dilə gətirir.

Ancaq iki il qədər istiqlal dövrü və hürriyyət həyatı yaşamağa müvəffəq ola bilən Azərbaycan və Şimali Qafqaz bu dövr müddətində ideallarını tətbiqə başlamışdılar. Belə ki, bizim 1923-cü ildə dəvət olunduğumuz Azərbaycan Cümhuriyyəti Sovetlər birliyinə daxil olduğu halda da o ideallarının bir qismini olsa da yaşatmağa çalışmaqdaydı. İbtidai siniflərini bilmirəm, fəqət orta məktəblərində dərs deyən müəllimlər tamamilə (Ədəbi türkcə), yəni Türkiyə türkcəsi ilə dərs oxudurdular.

Azərbaycan Cümhuriyyətinin Türkiyədən müəllim istəməsinə Sovet Rusiyasının o zaman mane olmamasında əsasən iki səbəb görünürdü. Biri Türkiyə ilə olan zahiri dostluğu; zahiri deyirəm, çünki həqiqətdə bu dostluqdan əsər yoxdu. Hər gün Bakı küçələrində xalqa nitq söyləyən firqəçilər Türkiyə hökumətini paşalar hökuməti adlandırır və onların zehnini tənqid edir; hər gün də Türkiyənin Bakıdakı təmsilçisi baş konsulluq tərəfindən aldığı etiraza: "Çox mütəəssirik, bunu edənlər avam xalqdır, üzr diləyirik, biz onların öhdəsindən gələrik!" tərzində uydurma bir üzrxahlıq edirdilər. Bu da aradakı dostluğun mahiyyətini göstərməyə yetərlidir.

İkincisi də, Azərbaycan Cümruhiyyətini şübhələndirmədən uyğun bir zamanda münasib bir siyasət yürütmələri idi. Həqiqətdə isə Sovet hökumətinin qayəsi əski Rusiya çarlığının eynisi olub, bəlkə daha sinsi bir davamı idi. Sovet Rusiyası öz hüdudları daxilindəki müsəlman və türk millətlərinin hər hansı bir sahədəki birliklərinə göz yumurdu və yumacaqdı da. Əsasən, kommunizmi ortaya atdığı sırada zatən dinə istədiyi zərbəni vurmuşdu; kilsələri sözdə, camiləri isə gerçəkdə qapatmışdı. Bu surətdə din birliyi qorxusu ortadan qalxmış bulunurdu. İndi onu qorxudan dil birliyi qalırdı. Həm də bu birlik sadəcə Sovetlər birliyi daxilindəki türklərin dil birliyi deyil, ədəbi türkcə deyilən Türkiyə dilinin də daxil olduğu türk dil birliyi idi. Dil birliyi kültür birliyi demək olurdu. Ədəbi dil isə Sovetlər birliyi türklərini bu birliyə doğru aparırdı. Ədəbi dil əski çarlıq Rusiyasının qənaətincə osmanlı casusluğu demək deyildimi? Bu qənaət vaz keçilmiş deyil, Sovet Rusiyası tərəfindən daha dərin, daha qatı bir qənaətlə mənimsənilmişdi. Sovetlər birliyi hüdudları daxilinə girən hər türkiyəli sivil, hər nə məqsədlə girirsə girsin o, "örtüyə bürünmüş bir casus türk zabitidir" və oraya bir çox gizli məqsədlərlə gəlmişdir. Buna görə də arxasında çeşidli gözçülər, casuslar dolaşan şübhəli və təhlükəli şəxsiyyətdir. İştə, Türkiyədən Azərbaycana göndərilən biz müəllimlər də bu casuslardan biri idik.

Azərbaycan Cümhuriyyətinə zahirdə milli mədəniyyət sərbəstliyi vermiş olan Sovet Rusiyası bizim də bu sahədəki fəaliyyətimizə heç bir etirazda bulunmurmuş kimi görünməkdəydi. Necə ki, Azərbaycanın bizim fəaliyyətimizə verdiyi önəmi, hətta təşviqi belə xoş və təbii görürmüş kimi davranırdı. Tədris prosesinin ilk illərində yapdığımız incələmə və araşdırmaları belə şübhəli nəzərlərlə gördüyü, arxamıza bir çox casuslar taxdığı və fəaliyyətlərimizi yaxından təqib etdiyi halda bizə rəng verməmək üçün bütün istəklərimizi asanlaşdırırdı.

Yazmış olduğum "Türk ədəbiyyat tarixi"nin dörd cildlik ədəbiyyati-cədidə qismini hökumət özü nəşr etdiyi halda belə səs çıxarmamış, sadəcə "Kommunist" qəzeti müdirinin öz təşəbbüsü ilə bir-iki ötəri tənqidlə  yeltənmişdi. Bir tərəfdən də bu kitabları ruscaya tərcümə etdirmək arzusunu izhar etmiş və məni Leninqrad Universitetinə istətmişdi. Fəaliyyətimiz getdikcə genişlənməkdə idi. Nəşr olunan əsərlərimiz sadəcə ədəbiyyat tarixinə aid deyildi. Məktəb uşaqlarının mədəni inkişafını təmin etmək üçün bir də yardımçı mənsur və mənzum uşaq ədəbiyyatı seriyası hazırlamağa başlamışdıq. Bununla da kifayətlənməmişdik. Cümhuriyyət rəisinin də təsdiqi ilə bir Ədəbiyyat Cəmiyyəti qurmuşduq. Bütün bunlar mənim rəhbərliyim altında olurdu. Cəmiyyət on bir sahə üzərində çalışır, "Alov" adlı bir məcmuə çıxarırdı. Türk-müsəlman cümhuriyyətləri bütün bu milli qeyrətlər və ideallarını zahiri bir kommunist maskası ilə örtməkdə, doğrusu, böyük bir məharət göstərirdilər. Sovet Rusiyasının milli hərəkətlərə verdiyi bu icazə həqiqətdə öz qayəsinə doğru bir hərəkət, bir hazırlıq yolu idi. Bir çox yazılar yazılır, fəqət yazılanların hamısında sovet idealına bir xidmət gözlənilirdi. Əvət, sırf bu qayəyə çatmaq məqsədi ilə milli dillərə bir sərbəstlik verilmişdi. On bir sahədə çalışan ədəbiyyat cəmiyyətindən belə istənən bu xidmətdir. Əskilər, əski üsulda, əski qayda və əski bədii yolda və şəkildə yaza bilərdilər. Ancaq yeni həyati tərif və təsvir etmək, mədhiyyələr və qəsidələr yazmaq şərti ilə... Əskilər də bundan öz qayələrinə görə faydalanmağa çalışmaq surətilə özlərini qorumuş olurdular...

Türkiyədə Əbdülhəmid zamanında fikirlərini, xəyallarını, əməllərini hökumət senzorundan qaçırmaq istəyən sərvəti-fünun şairləri bir növ psevdosimvolizm yaratmışdılar. Ya bir təsviri-təbiət və ya tərifi-həqiqət şəklində ancaq ziyalıların anlaya biləcəkləri mənaları gizlədirdilər. Azərbaycanda buna bənzər bir psevdosimvolizm doğmaq üzrə idi.

Başda Azərbaycan Cümhuriyyətini idarələri altına almış olan ziyalılar olmaqla bir çox ideal sahibi şəxsiyyətlər həqiqi simalarını qəsdli gözlərdən gizləmək üçün üzlərinə kommunist maskası keçirmişdilər. Bu da zərurət, qarşılıqlı oyun idi. Bu oyunda uduzanlar da, itirənlər də vardı. Bunlar da ya kommunistlərə yarınmaq, yaxud da alçaq bir xəbərçinin qurbanı olaraq ideallarını həyatları ilə ödəyənlər idi. Bu bir ölüm-dirim oyunu idi. Ancaq aktyorların hamısı bir-birindən qorxur, kimin xalis, kimin saxta olduğunu bilmək və buna inanmaq mümkün olmurdu.

Biz türkiyəli müəllim və professorlar öhdəmizə almış olduğumuz vəzifələrdə var gücümüzlə çalışmaqda davam edirdik. Bir tərəfdən tədris vəzifələrimizi yerinə yetirir, digər tərəfdən də tədqiqi fəaliyyətimizi artırır, nəşrlər həyata keçirirdik. İdarəsi öhdəmizə buraxılmış olan işlərə də rəhbərlik edirdik.

Əskilərin zövqlərinə və fəaliyyətlərinə həqiqi bir zəmin təşkil edən tədqiq, təhqiq, müqayisə və təhsis vəzifələrini vermişdik. Məsələn, bu qol ələ keçmiş olan qırx bir əlyazma Füzuli divanını tənqidi mətnini hazırlarkən, yenilər rus ədəbiyyatından türkcəyə tərcümələr edir, milli şairlər proletar örtüyünə bürünərək türk köylülərinə vətən köylərini və ocaqlarını təsvir edirdilər.

Kommunizm milli dilə, milli tərbiyəyə müsaidə etmirdimi? Türk məktəblərində türkcə oxunmurdumu? Bu, türk dilinə icazə və hizmət, bu, türk milli tərbiyəsinə müsaidə və hizmət deyildimi? Əlbəttə ki, bu müsaidə və hizmətinə müqabil o da kommunizmə bir hizmət istəyəcəkdi.

Bütün məktəblərdə oxudulan dərslər kommunizmin, leninizmin əlifbasında, kommunizmin və leninizmin ideallarında yüksələn fikirlərin təlimi və intişarı, yayılması olacaqdı. Bu qədər var ki, bunları təlim etmək üçün işlədilən dil, rusca deyil, tamamilə türkcə olacaqdı. Fəqət bu türkcə ədəbi türkcə deyilən türkcə deyil, Azərbaycanın ləhcəsi olan türkcə olacaqdı. Keçmişin gələcəyə ithaf etmiş olduğu bütün mədəni yadigarlarda, bütün mədəniyyət abidələrində bu yeni idealın yaşamasına, qüvvətlənməsinə yarayacaq və yarayacağı sanılacaq, nə qədər ünsür varsa bunlar ələnəcək, bunlar daranacaq, bunlar xalqın və gəncliyin təlim və tərbiyəsinə sunulacaqdı. Sovetlərcə elm bu idi. Elmi tədqiqat da bu idi. Milli mədəniyyət, milli tərbiyədə bu prinsipə və bu metodların türk dili ilə nəşr və yayılmasından ibarət olacaqdı.

Keçmişdən, milli ənənə, mədəniyyət və tərbiyədən ancaq bu şəkildə istifadə oluna bilərdi. Bir Əlişir Nəvai kommunist ruhu ilə yazmış bir türk şairi olaraq göstəriləcəkdi. Ondan ancaq bu şərtlə bəhs oluna bilərdi. Bir Tofiq Fikrət tamamilə bu ideala görə əsərlər vermiş bir şair olaraq göstərilə bilərdi!

Necə ki, bu ruhda bir təhlil ilə yazılmış "Tofiq Fikrət" adlı bir əsər nəşr edilmişdir. Bu gün də o ruhda bir "Nəvai" hazırlandığını eşidirik və heç də təəccüblənmirik.

Hər gün başqa bir şəkildə özünü göstərən bu ustaca təzyiqin qarşısında... təsəvvüfi ümdələrlə mənəviyyatı bəslənmiş, İslami mədəniyyət içində yetişmiş olan bir cəmiyyət bu, için-için təsirini göstərən təzyiq altında bir müddət əfəlləmişdi. Nəhayət, düşünmüş, milli ənənə və mədəniyyəti yaşadan vəsiqələri tamam məhv olub getməkdən qurtarmaq üçün kommunist təzyiqin istədiyi bu yolu, özünün getmək istədiyi yola bağlamaq vasitəsini tapmışdı. Zahirən, kommunistlərin istədiklərini yapmış kimi görünərək, əski əsərləri nəşr etmək və onlardan inqilab ünsürlərini təlim edirmiş kimi görünərək, yetişən gəncliyə, öz keçmiş ədəbiyyatının şah əsərlərini tanıtmaq yolunu tutmuşdu. İki ideal daxilən çarpışır, zahirən də guya birləşmiş olurdu.

Kommunistlər öz qəflətləri ilə bu yolu açmış olurdular. Bu vəsilə ilə də bir çox əski şairlərin, guya yeni inqilab nəzəriyyələrinə uyğun olaraq yazmış olduqları irəli sürülərək bir çox əsərləri nəşr edilmiş olurdu.

Kommunist təzyiqinin ikinci bir nöqtəsi də, əski ədəbiyyatı yaxşı bilən və o ədəbiyyatın bütün nəzəriyyələrini, bədiyyatını, fikir və mənəviyyatını mənimsəmiş olan şairlərə, bunların boş, mənasız və dəyərsiz olduqlarını göstərmək vəzifəsini yükləmiş olması idi.

Bu da o tərbiyənin bütün zövqü və həyəcanı içində yaşayan və onu gəncliyə öyrətməməkdən iztirab duyan bu zümrəyə yeni imkan vermiş olurdu. Əskiləri tənqid etmək, onların boş yerə vaxt keçirmiş, lüzumsuz şeylər söyləmiş olduqlarını isbat eyləmək üçün bütün yazdıqlarını, bütün sevdiklərini, bütün qiymət və əhəmiyyət vermiş olduqları şeyləri anlatmaqla işə başlamaq lazım gəlirdi. Bu da, onların istəyib və yapmağa imkan tapa bilmədikləri bir cəhətdir. İndi onu tənqid adı altında etməyə müvəffəq olurdular.

Ədəbiyyat üzərində kommunist təzyiqi zahirən öz arzularına görə bir nəticə verirmiş kimi göründüyü halda, gerçəkdə əski türk ədəbiyyatı mənsublarının milli, ənənəvi və kültürəl qayələrinə tam bir hizmət olurdu. Kommunistlər bu həqiqəti çox gec anlaya bildilər. Gənclik bu sayədə öz milli mədəniyyətinin keçmişini öyrənmək imkanı əldə etmiş oldu.

...Kommunist siyasəti, türk ləhcələri arasında əsaslı ayrılıqlar yaratmaq və bu surətlə türk milli vəhdətini parçalamaq məqsədi ilə bütün ləhcələr üzərində ayrı-ayrı çalışmalara da yol açmışdı. Bir kərə türk-tatar tarixini qəbul etməməklə işə girişir. Türkün ayrı və tatarın ayrı millət olduğunu önə sürür və bu sahələrdə özlərinə həqiqətən xidmət edə biləcək satqın alimlər tapmaqda çətinlik çəkmirdilər ki, bu da çox təbiidir. Bir heç ikən bir nə isə olmağı düşünən milliyyətsizlər də bu fürsəti özləri üçün qənimət sayırdılar.

Yuxarıda tarixləri ilə də göstərildiyi kimi hələ çarlıq zamanında Krımda, Bakıda, Qafqazda başlamış və türk-tatar xalqlarının dil birliyinə doğru istiqamət alan cərəyanı tamamilə öldürmək üçün, bunlar arasında bir fərq, bir ayrılıq olduğunu irəli sürənləri təşviq, təxrib, hətta təhrik edərək bu ləhcələrin ayrı-ayrı ləhcələr olduğunu və bu ləhcələrin daha elmi-ədəbi təlim və tədrisə uyğun bir dil halına gəlmədiyini, öz sahəsində inkişafa möhtac olduğunu irəli sürür və bunun üçün də mütəxəssis alimlərin, dilçilərin çalışmaları gərək olduğu, kommunist inqilabının bunlara yardımçı olduğunu təmin etməyə çalışırdı. Zahirdə, ruyi-haqdan görünən bu təşviq və təhrikin gizlində nə qədər lənətkar qəsd olduğunu anlamayacaq qədər saf, dar görüşlü və qatı milliyyətçilər də bu sinsi təbliğatın parlaq tərəflərinə qapılaraq o yolu mənimsəməyə çalışırdılar. Bu da fürsət gözləyən kommunistlərin çörəyinə yağ sürtürdü.

Kommunistlərin əsl və gizli qayələri, bu ləhcə ayrılıqlarını irəli sürdürərək, Rusiya daxilində yaşayan türk-islam xalqları arasında dil ayrılıqları yaratmaq surəti ilə o dildə danışan insanları fikrən, ruhən və mənən də bir-birindən ayırmaq və sonra da onları bir-bir və asanlıqla həzm etməkdi. Əsl qayə bunların hamısını ana türkcə, ədəbi türkcədən, yəni öz qənaət və təlqinlərinə görə Türkiyə türkcəsindən ayırmaqdı. Bu əsas qayələrini heç bəlli etmədən, sezdirmədən tətbiqə çalışırdılar. Çünki o zamankı inqilab Rusiyası ilə inqilab Türkiyəsi arasında mövcud olan siyasi dostluq bu qayənin, doğrudan-doğruya açığa vurulmasına bir əngəl olurdu.

Kommunistlər özlərinə görə bunun da çarəsini tapmışdılar. İnqilab Türkiyəsinin yaratdığı yeniliklər və yeni həmlələr arasında türk dilinin asanlıqla yazılıb oxunmasına bir çətinlik yaradan ərəb hərfləri yerinə, türk dili ahənginə, türk dili imlasına daha uyğun gələn, latın hərflərini qəbul etmək də vardı. Həqiqətdə hərf inqilabi təşəbbüsləri heç də yeni deyildi. Hələ Azərbaycan türkləri üçün...

Hələ çarlıq Rusiyası zamanında Azərbaycanın çox dəyərli bir ədib və şairi olan Mirzə Fətəli Axundzadə bu xüsusda çeşidli layihələr hazırlamış və bunları Türkiyə və İrana da bildirmişdi. Bu layihələrdən biri də latın hərflərini qəbul etməkdi. Belə bir təşəbbüs heç də Azərbaycan türklərinə yabançı görünməyəcəkdi. Kommunistlər bu fürsəti qənimət bildilər. Türkiyənin də belə bir təşəbbüsə keçməkdə olduğundan faydalanaraq Bakıda bir dil qurultayı çağırmağı düşündülər. Planları çox ustalıqla hazırlanmışdı.

Latın hərflərinin qəbulu türk dili və imlasını daha mükəmməl və daha sağlam şəkildə təsbit edəcəyi üçün deyil, çünki bu cəhət kommunistləri heç maraqlandırmırdı, bu dəyişmə tələffüz fərqlərini də aydın və açıq-aşkar gözə çarpdıraraq, guya ləhcələr arasındakı fərqlərin ayrı-ayrı dillər olduğuna şəhadət edəcəyi üçün işlərinə yarayırdı.

Bu ləhcələrin inkişaf edə bilməsi, ayrı-ayrı qramerlərə, ayrı-ayrı sintaksislərə lüzum göstərməkdə olduğunu da irəli sürərək bunların tamamən bir-birlərindən ayrılmalarına bir yol açılmış olacaqdı. Bu da onların arayıb tapmadıqları, tapıb da vara bilmədikləri bir nəticə idi. Daha çox qəbul ediləcək latın hərfləri arasına atılacaq ayrılıqlar da istənilən əsaslı ayrılığı təmin etmək üçün vasitə olacaqdı. Əsasən kommunist rusların latın hərflərindən məqsədləri rus hərfləri idi. Yoxsa özlərinin qənaətləri də latın hərflərinin səsləri ən yaxşı təsbit edən hərflər olduğu sahəsində olsaydı, öz inqilabları arasında, özləri də... tamamilə latın hərflərini qəbul edərdilər. Qayələrinin nə olduğu bu gün Sovetlər birliyi hüdudları daxilində yaşayan Türk hökumətlərinin istifadə etdikləri rus əlifbasını isbat etməkdir.

Bu qayəni tətbiq etmək üçün bu zaman Monqolustanın ortalarında yaşayan və əslən türk irqindən olan, otuz min əhalisi olan bir cümhuriyyətin, Leninqrada gələn heyəti mərhum türkoloq professor Aleksandr Samoyloviç qəbul etmişdi. Bunlar Moskvaya özlərinə bir əlifba yaratmaq üçün müraciət etmişdilər. Rus hökuməti də bu görəvi professor Samoyloviçə vermişdi.

Görünür ki, Monqolustanın ortasında qalan bir ovuc türkün belə digər türk dövlətlərinin istifadə etdikləri əlifbadan başqa bir əlifba işlətmələri istənilirdi. Bu da o hökumətin inkişaf və mədəniləşməsinə, digər türk hökumət və millətləri ilə mədəni birliyinə mane olmaqdı. Hətta o zaman, həmin nümayəndələrlə görüşdüyümüz sırada öz hökumətlərinin sınırları daxilində "Qutatqu bilik" adlı əsərin olub-olmadığını soruşduğumuz zaman, aralarından biri gülərək: "Hə, "Qutluqluq bilik" demişdi. Bizim "Qutatqu bilik" dediyimiz əsərə onlar "Qutluqluq bilik" deyirdilər ki, bizim əski "Qutluq bilgisi" təbirimizə "Qutatqu bilik" daha çox yaxındır. Təlim və tərbiyədə tətbiq etdikləri milli dil və milli tərbiyə sərbəstliyində bütün qayələrin türk vəhdətini, türk birliyini qırmaq və bilxassə Türkiyədən ayırmaq siyasəti idi. Bunun əsl canlı vəsiqəsi Türk dil qurultayı hazırlıqlarında ortaya atılmışdı.

Kommunist inqilabı siyasətçiləri hərf inqilabı vəsiləsi ilə qurulan qurultayda sözü dillər üzərinə də gətirərək əvvəlcə zəmini hazırlanmış və hər ləhcənin öz varlığı və imkanları hüdudunda inkişaf edərək bir ədəbi dil olması lazım gəldiyinə çoxlarını inandırmış və qayəsinin qurultayda ortaya atılaraq bir əmrivaqi (oldu-bitdi) hasilə gətirilməsinə hazırlanmışdı.

İnqilabın bu dövrəsində Bakı universitetində bir neçə arkadaş müəllimlik edirdik. Kommunistlərin qayələri Türkiyədən gəlmiş olan professorları Universitetdən ataraq, Türkiyə türkcəsindən qeyri ləhcələrin universitet tədrisinə uyğun inkişafa hazır olmadığından bu inkişafı əldə edincəyə qədər universitet tədrisinin tamamilə rusca olaraq yapılmasına bir qərar almaq imiş. Plan mükəmməldi, inandırıcı idi, hətta müavinətkardı... Bu kültür siyasəti, bu milli tərbiyə sərbəstliyi qayəsi bu surətlə ortaya atılmış olurdu.

Hənuz qurultay başlamamışdı. Türküstan, Dağıstan, Krım, Kazan nümayəndələri gəlmişdilər. O zaman maarif komissarı olan şəxs böyük bir təlaşla vəziyyəti anlatdı: "Ruslar türklərə ən böyük zərbəni bu dil məsələsində endirəcəklər. Bizi Universitet tədrisatından, türk dili və ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın! Qurultayda türk dilini müdafiə edin" - deyə şikayətlənmişdi. Ona mənim və arkadaşlarımın bu xüsusda qurultayda müdafiəyə qalxmağımız kommunistlərin çörəyinə yağ sürtər, bizim Türkiyə türkcəsini müdafiə etdiyimizi, onların bu türkcə haqqında bir söyləyəcəkləri olmadığını, fəqət özlərinin təlim və tədrisinə müsaidə etdikləri türkcənin Türkiyə türkcəsi deyil, Azərbaycan, Cağatay, Krım türkcələri olduğunu irəli sürərək haqq qazanarlar. Buraxın, türk elm və ədəbi dilinin vahid bir dil olduğunu və bütün türk ölkələrində bu dillə danışılıb, bu dillə yazıldığını öz alimlərinə, rus professorlarına söylədək. O zaman etiraz etməyə imkanları qalmaz - demişdim və elə də etdik...

Türk dili və ədəbiyyatı mütəxəssisləri olan professor Samoyloviç, professor Aşmarin və daha bəziləri ilə bu xüsusda apardığımız söhbətlərdə müxtəlif türk qollarındakı şair və alimlərin əsərlərini oxuyub anlamaqda bir çətinliyə uğrayıb-uğramadıqlarını soruşduq. Uğramadıqlarını söylədilər... Hər hansı bir qoldakı alim və şairin digər qollardakı alim və şairlərin əsərlərini oxuyub anlamaqda bir çətinliyə uğrayıb-uğramayacaqlarını soruşduq, uğramayacaqlarını söylədilər.

Öz tərəflərindən çıxartdığımız nəticə bu oldu ki, bütün türk dünyası üçün elmi və ədəbi vahid bir dil vardır. Bu dil də oxumuş yazmışların ortaq dilidir. Onunla hər cür elmi və ədəbi əsərlər yazılır və hər universitetdə o dil ilə türkcə tədrisat yapılır. Bu elmi bir həqiqətdi (İngiltərədə, Amerikada, Yaponiyada ingiliscə kimi).

Kommunist siyasətçiləri ağıllarından belə keçirmədikləri bu nəticə dil qurultayında öz alimləri tərəfindən ortaya atılınca nəyə uğradıqlarından şaşırmışdılar. Kommunistlərin məqsədləri universitetdə cari olan türk dilinin Türkiyə türkcəsi olduğunu irəli sürərək bütün universitetlərdən türkcə tədrisatı qaldıraraq yerinə rusca tədrisatı qoymaq və bu surətlə bir əmrivaqe yaparaq yüksək məktəblərdəki türkcə tədrisi yox etməkdi.

Türküstan və Dağıstandan gələn nümayəndələrlə də görüşdüyümüzdə, onlar da bizim öz universitetlərinə də gələrək müəllimlik etməyimizi, öz ədəbiyyat tarixlərini yazmağımızı təklif və rica edirdilər. Biz də, hələ Azərbaycandakı çalışma müddətimizin bitmədiyini irəli sürərək bu işi sonraya saxladıq. Onlar da öz universitetlərində dil, ədəbiyyat və tarixin türkcə olaraq tədrisini istəyirdilər. Kommunistlər öz dilləri buna müsaid olacağı zamana qədər bu tədrisatı kommunist professorlara vermələrini təklif etməkdəydilər. Nəticə ortaq türk dili ilə yüksək məktəblərdə və universitetlərdə tədrisat yapıla biləcəyi və yapılmaqda olduğu rus alimlərinin iddiaları ilə də sabit olunca ruslar yüksək tədrisin bu dillə həyata keçirilməsinə müsaidə etmək məcburiyyətində qalmışdılar. O zaman bütün digər türk ölkələrindən gələn nümayəndələr də öz yüksək məktəb və universitetlərində də, Azərbaycanın yüksək məktəb və universitetlərində olduğu kimi türk dilində tədrisat yapmağa qərar vermişdilər. Bu surətlə, kommunist inqilabçıları Bakı universitetinə zahirən tövsiyə etmiş, həqiqətdə isə bütün türk ölkələri universitetlərinə də təmim və tətbiqə hazırlanmış olduqları təzyiqi gerçəkləşdirməmək məcburiyyətində qalmışdılar.

Həqiqətdə, Azərbaycanda çalışmaqda olan türkiyəli professorları və orta məktəblərdə tədrisatda bulunan müəllimləri bu vəzifələrdən atmaq, türk birliyinə qəti bir zərbə endirmək məqsədilə hazırladığı bu siyasi oyunun uğursuzluğu önündə siyasətinə yeni bir cəbhə tapmağa çalışmışdı. O da orta məktəblərdə ancaq hər millətin öz ləhcəsiylə tədrisat yapa biləcəyi, bunu etməyənlərin o vəzifələrdən uzaqlaşdırılacağı şəkli idi. Bunu edə bilməyəcək türkcə müəllimi yoxdu. Azərbaycan ləhcəsi deyilən türk ləhcəsi əsasən əski osmanlı ləhcəsindən başqa bir şey deyildi. Binaənaleyh o siyasətində də məğlubiyyətə uğramışdı. Bunun üzərinə, maskanı tamamilə üzündən çıxartmaq, həqiqi məqsədlərini açıqlamaq zorunda qalmışdı: Sovetlər birliyi hüdudları daxilində çalışanların Sovet tabeliyində olmaları, olmayanların o tabeliyə girmələrinin vacibliyini elan etmişdi. Bu surətlə Türk mədəniyyətinə, türk ənənə və birliyinə, türk tarixinə xidmət edən Türkiyəli türklərin Azərbaycan və sair türk ölkələrindən çıxmaları və bu birliyi bu surətlə qırmaq çarəsinə baş vurmuşdular.

Beləliklə, türkiyəli professor və müəllimlərin Sovet hüdudlarından çəkilmələrinin ardınca bunların bütün əsərlərini və bütün izlərini məhv etmək üçün çalışmışlar. Mənim bu tərz hərəkətimə hikmətizm adını vermişlər, ruscaya da tərcümə etmək istədikləri bütün əsərlərimi yandırmış və əsl canlı əsərlərimi, milli qayə, milli mədəniyyət, milli vüqar və milli şüurlarla yetişmiş olan yüzlərlə gənci darmadağın və pərişan etmişlər.

Budur, milli tərbiyə, milli mədəniyyət, milli dil və milli ədəbiyyata yardım vəd edən siyasətin iç üzü!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!