Görkəmli ədəbiyyatşünas, filoloji doktoru, professor Şirindil Alışanlının 70 yaşı ərəfəsində gözəl bir kitabını oxudum: "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022); və bu qeydləri etməyi borc bildim.
Tehran ƏLİŞANOĞLU
Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü
1. Missiya barədə
Hər bir ictimai-tarixi şəxsiyyətin boynunda missiya var; və həmin tarixi vəzifənin məsuliyyətini şəxsiyyətin özündən çox duyub-yaşayıb-bilən olamaz. Mən Şirindil Alışanlını tanıyalı, - istər çoxsaylı elmi yazıları, məqalələri, kitablarından, istərsə çıxışları, məruzələri, hər zaman fəal olduğu elmi-ədəbi kürsülərdən; - daima bir missiya-qayğı, bir məsuliyyət, bir ictimai borc narahatlığı ilə yaşayan görmüşəm. Bunun adı: Azərbaycan ədəbiyyatşünaslığı; onun bugün səviyyəsi, qayğıları, problemləri, ədəbiyyatımız qarşısında cavabdehlik və xidməti funksiyaları. Şirindil Alışanlı həmişə bu haqda bir passionari, ədəbiyyatşünaslığın tam səlahiyyətlisi, missiya daşıyıcısı kimi danışır. Haqlı olaraq.
Bu haqqı Şirindil Alışanlı halal qazanmış, ömür uzunu böyük zəhməti, işi, fəaliyyəti ilə sübut etmişdir. Həm qələmi ilə, elmi əsərləri, kitablarında: "Sözün estetik yaddaşı" (1994), "Romantizm: mübahisələr, həqiqətlər" (rus dilində, 2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), "Ədəbi-tarixi fikrin tarixiliyi və müasirliyi" (2013), "Sözün yaşamaq haqqı" (2022); həm də elə, bir ömür çalışdığı elmi-ictimai görəvlərdə - AMEA-da, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi katib, şöbə müdiri, "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olaraq ...
2. Şirindil Alışanlı bizim ədəbiyyatşünaslığın ən güclü, zirvə çağlarının yetirməsi, ədəbiyyatşünasların 70-ci illər nəslinin nümayəndəsidir; və bu görəvi, missiyanı etibarlı əllərdən almış.
Bəlli ki, bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığı bir elm, fənn, sahə kimi XX yüzilin məhsuludur; əslinə baxanda, elə çağdaş milli ədəbiyyat anlayışımızın özü də. 1903-də bu fənnin patriarxı Firidun bəy Köçərlinin düzüb-qoşduğu "tarix"dən (tarixçilikdən) baş alıb, dalğa-dalğa gəlir və məlum 1960-1970-lər (uzantıları 1980-lərə keçməklə) fənnin bizdə apogeyi, Şirindil Alışanlının sözləri ilə desək: "qızıl dövrü"dür. Şirindil Alışanlının bu temada mükəmməl tədqiqatı da var, adını çəkdiyim "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyası (Bakı, "Elm", 2011). Elə "Sözün yaşamaq haqqı" kitabında da böyük sevgiylə anıb qələmə aldığı, müəllimləri, ədəbiyyat-elm korifeyləri haqqında neçə-neçə portret-oçerklər də sanki həmin "qızıl dövr"ü bir daha xatırlamağımız, unutmamağımız üçündür...
Bir görün, kimlərdən dərs almış, öyrənmiş, kimlərlə nəfəs almış, oturub-durmuşdur Şirindil Alışanlı! Böyük yazıçı, alim, pedaqoq Mir Cəlal ("XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni"), akademik Həmid Araslı ("Klassikləri oxumağın Həmid Araslı dərsləri"), akademik Məmməd Cəfər ("Səni kim unudar"), "elmi mühitdə Yaşar Qarayev kimi nadir istedada malik mütəfəkkir alim" ("Yaşar Qarayev: yaxından və uzaqdan"), professor Şirməmməd müəllim Hüseynov ("Yaddaşın vətəndaşlıq tutumu"), professor Abbas Zamanov ("XX əsr ədəbi gedişatının şahidi"), akademik Teymur Bünyadov ("Tarixin elmi və bədii dərki"), professor Qəzənfər Paşayev ("Kərkük sevdalı filoloq", "Düzqırxlıdan başlanan yol"), professor Teymur Əhmədov ("Şərəfli ömür yolu"); və Şirindil Alışanlının yaradıcılığından daima, kitabdan isə ani, epizodik keçən daha neçə-neçə simalar: - Məmməd Arif, Mirzə İbrahimov, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Əziz Mirəhmədov, Mirəli Seyidov, Qasım Qasımzadə, Qulu Xəlilov, Kamal Talıbzadə, Azadə Rüstəmova, Qulamhüseyn Beqdeli, Qafar Kəndli, Əkbər Ağayev, Kamran Məmmədov, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev, Tofiq Hacıyev, Qorxmaz Quliyev, Rəhim Əliyev... - kimisindən birbaşa auditoriyalarda, kimisindən dolayısı, içində olduğu elmi-ədəbi mühitdən və kitablarından, kimisindən də bilavasitə, üz-üzə, çiyin-çiyinə çalışdığı görəvlərdə, təmaslarda...
3. Və bir də "Yaşar Qarayev fenomeni"
"Unudulmaz Yaşar Qarayev"; Şirindil Alışanlı içərisində olduğu elm mühitini son dərəcə həssaslıqla önəmsəməklə, "Yaşar Qarayev fenomeni"ni məxsusi ayırır. Təkcə alimin unikal yaradıcılığı və təkrarsız şəxsiyyətinə hərtərəfli işıq salan sanballı portret-oçerkində yox ("Yaşar Qarayev: yaxından və uzaqdan"); Yaşar Qarayev obrazı bütünlükdə kitabdan və habelə Şirindil Alışanlının ədəbiyyatşünas-alim bioqrafisindən keçir. Təsadüf deyil ki, Şirindil Alışanlı hər yerdə, məqamında, yeri gəldimi, Yaşar Qarayevdən çoxlu-çoxlu sitatlar gətirir, dünənin və bugünün ədəbiyyat hadisələrinə Yaşar Qarayevin nəzərləri ilə baxmağa, günün elmi-tənqidi prosesinə Yaşar Qarayev yanaşması, meyarı ilə ölçü götürməyə, qiymət verməyə çalışır. Yaşar Qarayevi (şəxsən və irsini) "yaxından" tanımasından qürur duyur; "uzaqdan" - günümüzdə(n) getdikcə "uzaqlaşan" Səsini qaytarmağa, bizə yaxınlaşdırmağa səylər qılır. Çün "-şünaslığımız"ın son mənziləsində nə var(dı)sa, bura bağlı: "Yaşar müəllim XX əsr Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini, daha dəqiq desək, humanitar düşüncəsini yeni istiqamətə yönəltdi, yeni mərhələnin əsasını qoydu və bu mərhələni özü və çoxsaylı yetirmələri tarixi reallığa çevirdilər..." ("Sözün yaşamaq haqqı", s. 118) Ki, bu yetirmələrdən birisi də Şirindil Alışanlının özüdür.
4. "-şünaslığımız"a Şirindil Alışanlı əlavəsi
Məsələ burasındadır ki, 1970-ci illər "-şünaslığımız"ın yalnız zirvəsi olmayıb, həm də doyğun mərhələsidir. Şirindil Alışanlı ədəbiyyat və elm aləminə (elə həm də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna) qədəm qoyduğu çağlar eləydi ki, ədəbiyyatımızın bütün dövrləri, mərhələləri, cərəyanları, məktəbləri, böyük klassikləri gərəyincə öyrənilmiş, hər bir sahə, istiqamət adekvat olaraq öz korifeylərini, mütəxəssislərini yetirmişdi. Bir növ, klassik ədəbiyyatşünaslığımız özünə dolmuş, doyğun görünürdü. Özünəqədərki elmin bütün təcrübəsinə möhürünü vurmaqla, unudulmaz Yaşar Qarayevin humanitaridə yeni bir epoxa başlatmaq hünəri və zərurətini də yada saldıq. Təzə elm gərəkirdi.
Doğma kollektiv gənc Şirindili (bu vaxt onun 25 yaşı vardı) böyük inamla Moskvaya elm ardınca göndərdi və ümidlərində heç də yanılmadı (kitabda Yaşar Qarayevlə səmimi məktublaşmalar bu barədə çox söz deyir!). Öz yazdığından: "Ədəbiyyat İnstitutunda bir il işləyəndən sonra Yaşar müəllim, Mirzağa Quluzadə, Qasım Qasımzadə, Kamal Talıbzadə, İmamverdi Həmidov məni Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna yola saldılar. Yaşar müəllim dedi ki, onların çox ağıllı bir alimi var, o, sənə rəhbərlik etsə çox yaxşı olar. Dünya Ədəbiyyatı İnstitutunda böyük rus alimi Yuri Borevə yaxınlaşıb məqsəd və məramımı ona bildirdim... Azərbaycana böyük rəğbəti olduğunu bildirdi və bizim Yuri Borevlə münasibətlərimiz mübaliğəsiz demək olar ki, Dünya Ədəbiyyatı İnstitutu ilə Nizami İnstitutunun yaxın əməkdaşlığına çevrildi..." ("Sözün yaşamaq haqqı", s. 145)
Bu ki: Şirindil Alışanlı Moskvada təkcə görkəmli alim Yuri Borevin rəhbərliyi altda filolojiyə namizədliyini ("Romantizm problemi və onun Azərbaycan ədəbiyyatşünaslığında şərhi") yazıb da, ugurla müdafiə etməklə qalmadı; gedib-qayıtması Nizami İnstitutuna həm də bir nəfəs dəyişimi gətirdi, Yaşar Qarayev məktəbinin üstünə, üstəlik Moskva ədəbiyyatşünaslığı da gəldi. 1970-ci illər rus "-şünaslığı"nın dünyaya diktə edən vaxtlarıydı hələ; Şirindil Alışanlı buradan yeni baqaj, yeni adlar, yeni dil gətirdi: "tarixi poetika", Aleksandr Veselovski, Mixail Baxtin, A.F.Losev, Yuri Lotman, "formasiyalar nəzəriyyəsi-sivilizasiyalar nəzəriyyəsi", İMLİ, Yuri Borev... Gətirdi və elmi-tənqidi dövriyyəyə daxil etdi; bu heyndə heç kəs qabağa düşüb deyə bilməz ki, bəs elə deyil də, öndə mən varam... Dünyaca məşhur Yuri Borevin gənc Şirindili qanadları altına alması onu uzaqlara apardı, Moskva elmi mühitində tanıtdı; hazırda tənqidşünas-alimin Estetika və Azad sənətlər Akademiyasının (Rusiya) akademiki, nüfuzlu "Akademiçeskiye tetradi", "Nauçnaya kniqa" jurnallarının beynəlxalq redaksiya heyətinin üzvü olması az söz demir . Öz etirafıdır: "Bu iki alimin (Yaşar Qarayev və Yuri Borev - T.Ə.) tələbəsi, yaxın dostu olmaq mənim taleyimə yazılmış ən böyük qismətdir." ("Sözün yaşamaq haqqı", s. 145)
Bugün də tənqidi yazılarında, dürüst akademik dəyərləndirmələrində, ədəbiyyat hadisələrinə səhih-sərrast qiymətində Şirindil Alışanlı qələminin aşkar ikili gücü, rupor mövqeyi aydın görünür: Yaşar Qarayev örnəyi (1) və İMLİ təcrübəsi, Moskva "-şünaslığı", Yuri Borev (2). Bütün müstəqillik illəri ərzində bu irsi qorumaq, yaşatmaq, artırmaq əzmi və səyləri göstərdi ki, hazırda Şirindil Alışanlının simasında bütövlükdə "-şünaslığ"ın sözünü deyən, dərdini çəkən sanballı tənqidşünas-alim dayanır.
5. Nəzəriyyəçi və tənqidşünas alim
Şirindil Alışanlının ədəbiyyat və ədəbiyyatşünaslığımıza xidmətləri, gördüyü təvazökar, lakin çox mühüm işlər barəsində çox yazmışam; çəkinmirəm deməkdən, başqaları qısqanc yanaşanda belə, mən israr və vəcdlə xatırlatmışam. Ümumən də yazmışam, "Romantizm: sporı, istinı", "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyalarından da yazmışam, başqa kitablarından da. Amma yubiley məqamında adətdəndir, bir saymışamsa bir də sadalamalıyam:
- Birisi, "-izmşünaslıq"dır; əslində, bu bizdə "-şünaslığ"ın ən gəlişmiş sahəsi ("realizmşünaslıq", "romantizmşünaslıq") sayıla bilər (Mir Cəlal, Məmməd Cəfər, Əziz Mirəhmədov, Arif Hacıyev, Yaşar Qarayev və b.-ları; "sosrealizm"i də əlavə etsək: Məmməd Arif və b.-ları). Şirindil Alışanlı cəsarətlə romantizmşünaslığı hədəf alaraq bir az da irəli apardı; təzədən ("yeni mərhələ"də) bütün gəlirləri-çıxarları ilə (rus və Avropa "-şünaslığı" ilə çək-çevirdə) çözərək, söylədiyimiz kimi, namizədlik işini və "Romantizm: mübahisələr, həqiqətlər" monoqrafiyasını (rus və Azərbaycan dllərində) ortaya qoydu.
- İkinci birisi: Tarixi poetika layihəsidir. Şirindil Alışanlı bu anlayışı nəinki bizdə ilk elmi-tənqidi dövriyyəyə gətirənlərdən oldu, habelə fənni günün aparıcı nəzəriyyə və praktikasına çevirməkdən ötəri böyük çabalar göstərdi; Ədəbiyyat İnstitutunda rəhbərliyi ilə Tarixi poetika şöbəsini yaratdı, Azərbaycan ədəbiyyatının tarixi poetikası sırasından tədqiqlərə yol açdı, sıra "Azərbaycan ədəbiyyatının tarixi poetikası" toplularını ("Elm", Bakı, 1989; 2006) ərsəyə gətirdi. Ki: bugün bu fənnin bizdə az-çox gəlişməsi, "-şünaslığ"ın nəzəri bazasında yerini alması və çoxsaylı tədqiqatlarda təsir və səmərəsini görəndə, pionerlərini də unutmamalıyıq.
- Üçüncü birisi: "şünaslığımız"ın Metodoloji problemləridir. Müstəqilliyin gəlməsi və gəlişməsi ilə, ümumən sovet ideolojisi və ona böyük müqavimət şəraitində yaşamağa öyrəşmiş ədəbiyyatşünaslığımız, bütün digər humanitari fənlərində olduğu kimi, böhran keçirirdi. Qayğılanıb, ilk ciddi addım atan ədəbiyyatşünaslardan birisi Şirindil Alışanlı oldu; şəksiz ki, unudulmaz Yaşar Qarayevin dəstəyi və rəhbərliyi ilə ölkə "-şünaslar"ını bir araya gətirib "İki əsrin qovşağında" namında (2000-ci ildə) bir konfrans yapdı. Və özlüyündə "həyəcan təbili" çalmış oldu; 2010-da daha bir, bu dəfə Moskva "-şünaslığı" və Y.Borevin iştirakı, akademik Bəkir Nəbiyevin dəstəyi ilə "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri-metodoloji məsələləri" adlı mötəbər beynəlxalq konfrans keçirtdi. Amma ki, "zaman qatarı"nı ötüb-getmiş görüb, bu dəfə çağdaş "-şünaslığ"ın problemlərini təkbaşına çözməyə girişdi; mövcud metodoloji qovğaları sistemli nəzəriyyə səviyyəsinə gətirdi, konsepsiya irəli sürdü: "Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji məsələləri" (2012).
- Dördüncüsü, Tənqidşünaslığın özüdür. Tənqidşünaslığın patriarxı akademik Kamal Talıbzadə Azərbaycan tənqidinin ortaçağ qaynaqlarını üzə çıxarıb, tarixini yazmış, gətirib XX əsrə dirəmişdi (bax: "Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)", Bakı, "Maarif", 1984). Çoxsaylı məqalə və monoqrafiyalara (Məmməd Cəfər, Yaşar Qarayev, Şamil Salmanov, Nizaməddin Şəmsizadə, Nazif Qəhrəmanlı və b.-ları) rəğmən, sonrasını sistemləşdirmək, əsrin süzgəcindən keçirib dəyərləndirmək, tarixin borcunu ödəyib də günün istifadəsinə vermək qalırdı; bu mənada "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (Bakı, "Elm", 2011) monoqrafiyası həm də tənqid tarixidir, XXI yüzilə nə ilə, hansı baqajla gəlmişik - görükdürür.
- Ən nəhayət, bütün bu (və bu çevrədə daha da təfərrüatlı) işlərdən sonra daha birisini deyə bilərik: "Sözün yaşamaq haqqı" var. Əsasən son on ilin fəaliyyətini qapsayan "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022) kitabını mən alimin yaradıcı ömrünün davamı, yaradıcılığının kvintessensiyası kimi gördüm və qavradım. Mənə görə, kitab bütövlükdə Şirindil Alışanlının həyatda və elmdə çatdığı akademik mötəbərliyin müdriklik halı və mənziləsini nişan verir.
6. Ədəbiyyat tarixçisi və tarixçiliyi.
Şirindil Alışanlının "Azərbaycan ədəbiyyatı" anlayışı hər yerdə "-şünaslığımız"ın yüz ili ərzində formalaşdırdığı konseptual baxışlar və biliklərlə üst-üstə düşmür; bu barədə çoxlu, fərqli, ayrıca mülahizələri də var. Tənqidşünas-alimə görə, əslinə yetmək üçün Azərbaycan ədəbiyyatının tarixi materiallarını, Azərbaycan ədəbiyyatı tarixini Azərbaycan ədəbiyyatının tarixən formalaşmış və müasirlərimizin şüurunda olan obrazından ayırmağı bacarmaq gərəkdir. Yada saldığımız monoqrafiyalarının ardınca kitabdakı bir çox məqalələri də elə bu məqamdan qayğılanır və onu aktuallaşdırır. "Səməd Vurğun sənəti müasir ədəbi-ictimai reallıqlar kontekstində", "Cəfər Cabbarlı sənəti zamanın və sənətin sınağında", "Nizami Gəncəvi poeziyası Mir Cəlalın nəzəri şərhində", "Klassikləri oxumağın Həmid Araslı dərsləri"... - qoyulan problemlərə diqqət etsək, klassiklərin sənəti, poeziyası, "əsilliyi" ilə yanaşı bugün(kü) oxunuşu Şirindil Alışanlını daha çox məşğul və hətta narahat edir. Eləcə də, yenə vurğulara diqqət edək: "Səni kim unudar" (Məmməd Cəfər haqqında), "Sənətkarın yaşamaq haqqı" (İlyas Əfəndiyev haqqında), "Zamanın sınağında" (Bəxtiyar Vahabzadə haqqında), "XX əsr ədəbi gedişatının şahidi" (Abbas Zamanov haqqında), "Sənətkarın obrazı" (Elçin haqqında)... - portret-oçerklərində "həyat və yaradıcılıq" faktlarına həssas olmaqla yanaşı, tənqidşünas-alimi ilk növbədə tarixi dürüstlük, bunun atributları ("sınağı", "şahidliyi", "yaşarlığı", "canlı obrazı") düşündürür, hər yerdə "əsil"i zamanların üzərinə qalaqladığı qabıqlardan ayırmağa, qurtarmağa çalışır.
Şirindil Alışanlı Nizami İnstitutunda ən böyük tarixi şöbəyə - "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. Burada vaxtilə, əlində imkan var ikən (həm də AMEA "Elm" Nəşriyyat-Poliqrafiya mərkəzinə rəhbərlik edərkən) həyata keçirdiyi neçə "tarix" layihələri ("XX əsr Azərbaycan ədəbiyyatı məsələləri" sırasından çıxan üç kitab; poeziya araşdırıcısı Safurə Quliyevanın tərtibatçılığı ilə "XX əsr Azərbaycan poeziyası antologiyası" sırasından dörd kitab) çoxumuzun yadındadır. Hazırda Şöbə akademik İsa Həbibbəylinin ümumi rəhbərliyi ilə yazılan on cildlik Azərbaycan ədəbiyyatı tarixinin yeddinci (sovet dövrü) cildi üzərində çalışır. Cild, şəksiz ki, Şirindil Alışanlının redaktorluğu və məhz onun nəzəri düşüncələri bazasında ərsəyə gəlir; həm də bir həmkarımızın sözü ilə desəm: nə az, nə çox, düz iyirmi ildir!
Amma doğrusu, Ədəbiyyat tarixinin yazılması barədə Şirindil Alışanlının özünün və sətirləri arasından həm də söz açdığı korifeylərin daha sərrast, korrekt, bir qədər də narahat mövqeyini mən "Sözün yaşamaq haqqı" kitabında(n) oxudum:
"İyirmi ildir eyni sözləri eşidirik: tariximiz, ədəbiyyat tariximiz və sair yenidən yazılmalıdır. Nəyin əsasında? Az-çox yeni dövrün arxiv materialları dövriyyəyə gətirilib. Ancaq dünya və milli humanitar fikrin tarixi təcrübəsinə əsaslanan elmi-nəzəri konsepsiya mövcud deyil və bu istiqamətdə konkret müzakirələr görünmür..." ("Tarixi-ədəbi təcrübə göstərir ki..." müsahibəsindən, s. 344)
Yaxud: "Ədəbi-ictimai fikir tariximizin tezis şəklində, populist bir tonda yenidən yazılmasını irəli sürənlərə Şirməmməd müəllimin fəaliyyəti ən real cavabdır. Tarixi təzədən yazmaq üçün ilk növbədə tarixin kölgədə qalmış, təhrif olunmuş fakt və sənədlərini dövriyyəyə gətirmək gərəkdir..." ("Yaddaşın vətəndaşlıq tutumu" məqaləsindən, s. 154)
Yaxud: "Bu gün ədəbiyyatşünaslıqda, eləcə də XIX-XX əsrlər Avropa nəzəri fikrində mövcud olan nəzəri təlimlərin dövriyyəyə gəlməsi vacibdir. Lakin bunlar o zaman praktik məna daşıyır ki, milli yaddaşın daşıycısı olan, tarixən kölgədə qalmış qatları üzə çıxartsın..." ("Klassikləri oxumağın Həmid Araslı dərsləri" məqaləsindən, s.55)
Yaxud: "Bu məqamda klassik irsi yeni zaman hüdudlarında dəyərləndirməyin ən müdrik düsturunu Yaşar müəllim Qarayev vermişdir: "Ədəbiyyat tarixini yenidən yazmağı - onu hər yeni dövrün ideologiyası ilə və hər dəfə yenidən təftiş etmək kimi başa düşmək olmaz. Bu tarixi - Qorqud, Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli, Mirzə Cəlil, Əli bəy, Hadi, Cavid, Sabir... özü yaradıb. Söhbət onların yaratdığı irsin və onlara verilən qiymətin mahiyyətinə bu gün dünənkindən daha tam və dərindən yanaşa bilməkdən, onu ehkamçı və vulqar-konyuktur əyriliklərdən təmizləməkdən gedir". (Yenə orada, s.54)
Yaxud: "Söz azadlığı, demokratik elmi fikir meydanının varlığı məqamında daha mürəkkəb məsələlər ortaya çıxır. Vaxtı ilə formalaşmış stereotipləri yeniləri əvəz edir. Sənətə qiymət verməkdə adlar və titullar, siyasi mənsubiyyət, hakim ideologiyaya qulluq və yarınmaq bədii yaradıcılığın bir sıra tərəflərini kölgədə qoyan meyarlar sistemi yaratmışdı. Bunların bir çoxu bu gün də yaşayır..." ("Sənətkarın obrazı" məqaləsindən, s. 178)
Belə ki, Şirindil Alışanlının fikrincə: "Elmi-bədii tərəqqini hər şəxsiyyət reallaşdıra bilməz. İdeoloji təsisatlar tarixə, ədəbiyyatşünas-alim isə bədii tərəqqinin mahiyyətini, milli-estetik tutumunu üzə çıxarmaqla öz araşdırmaları ilə milli sərvətə çevrilir..." ("Klassikləri oxumağın Həmid Araslı dərsləri" məqaləsindən, s.55)
Ustad sözünə nə deyəsən!
Əlavə olaraq, Şirindil Alışanlının "tarix" mülahizələrində bir passaj da maraqlı gəldi mənə; istinad verim, ürəyimdə qalmasın: "Söhbətlərimizin birində dedim ki, Şirməmməd müəllim, yeni dövrdə bizim xalqımızın ictimai-siyasi taleyini M.F.Axundzadə, M.Ə.Rəsulzadə və N.Nərimanov həll ediblər. Sözümü qurtarmamış dedi: "Bir də H.Zərdabi!" Ustad sözünə nə deyəsən..." ("Yaddaşın vətəndaşlıq tutumu" məqaləsindən, s. 158)
7. Tənqidşünas tənqidçi
Şirindil Alışanlı dərin poeziya bilicisidir. Bunu bütünlükdə tənqid yaradıcılığı sübut edir, hələ gənc yaşlarında ona böyük şöhrət gətirən, AYB və Ədəbiyyat İnstitutunun birgə tədbirində "Poema: axtarışlar, perspektivlər" mövzusunda məruzəsi (bu vaxt Şirindilin düz 25 yaşı vardı), 1976-1984-cü illərdə "Ədəbi proses" toplularında illik poeziya icmalları, Səməd Vurğunşünaslığa töhfələri, çağdaş Azərbaycan şeirini təsnifi və hər yaş nəslindən şairlər barəsində çoxsaylı məqalələri təsdiq edir. Bunu habelə son illərdə yazdığı, kitabda da yer alan, bir sıra çağdaş klassik sənətkarlar - Bəxtiyar Vahabzadə ("Zamanın sınağında"), Hüseyn Arif ("Gecələr harda gecələr"), "Sazın qüdrətilə sözün hikmətini qovuşduran ustad" Aşıq Şəmşir haqqında son dərəcə tutumlu məqalələri, qardaşı Hüseyn Kürdoğlunun poetik irsinə tükənməz sevgisi və yazılarında usdufca istinadları, günün şeir mənzərəsindən qəfil epizodlar və aktual qeydləri də ("Dağlar oğlu" Qənbər Şəmşiroğlu, "Yurd ağrısı, sözün yaddaşı" - Eyvaz Yusifoğlu haq., "Yeni söz sorağında", "Şair Nazim Əhmədliyə məktub") göstərir, əyan edir.
Şirindil Alışanlı nəsr haqqında da yazır; həm də seçmə, ünvanlı, məqsədliyönlü yazır. Yenə son illərin yazılarına baxsaq: XX əsr klassikləri Mir Cəlalın hekayə və romanlarının ("XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni"), İlyas Əfəndiyev ("Sənətkarın yaşamaq haqqı") və Elçin ("Sənətkarın obrazı") nəsrinin müasir oxuculara doğru-dürüst təqdimatı Şirindil Alışanlı qələminin bu yöndə də təhlil gücünü, sözü-sözdən seçən incə ştrixlərini, ümumiləşdirmə başarısını yaxşı nümayiş etdirir.
Amma mənimcə, təkcə tənqid və ədəbiyyatşünaslıq oçerklərində deyil, Şirindil Alışanlı tənqidçiliyində də, "ədəbiyyat oçerkləri"ndə də daha çox tənqidşünasdır, dəyərşünasdır. Adətən konkret təhlillərə çox da aludə olmayıb, yazıçının, şairin yaradıcılıq bütövündən, mahiyyət göstərilərindən, ümumiləşdirici nəticələrdən çıxış edir; ədəbiyyatımızda təkrarsız yerini, ünvanını, miqyasını göstərməyə çalışır. Sanki sənətkarın "elmi pasportu"nu verməyə, ədəbiyyatda varlığının dəqiq düsturunu çıxarmağa, bədii yaradıcılığın adekvat elmi obrazını əldə etməyə tuşlanır və buna nail də olur. Şirindil Alışanlının tənqid yazılarında həmişə ədəbi-tarixi və elmi-tənqidi kontekst var. Bütün bu xassələr Şirindil Alışanlının tənqidçi qələminə mötəbərlik qazandırmış. Bu qisimdən yazıları çox olmasa da, hər yazdığında mütləqa Ədəbiyyatın sözünü deyir.
8. İrs və varislər.
Şirindil Alışanlı kitabını əbəs yerə "Sözün yaşamaq haqqı" adlandırmamışdır. Sözün qayğısını çəkənlər bilir. Bir anlıq sanki həm də Anarın az əvvəl çıxmış, millətin minillər boyu yaşamaq, var olmaq əzmi, qüdrətindən söz açan möhtəşəm "Yaşamaq haqqı" traktatına (Bakı, Qanun nəşriyyatı, 2020) göndərmə edir. Elə məqalələrindən birini də Şirindil Alışanlı "Sənətkarın yaşamaq haqqı" deyə nəzərə gətirir. Bu ki, kitab ilk cümləsindən: "Bu gün klassik ədəbi irsi, xüsusən də XX əsr (sovet dövrü) ədəbiyyatının, onu təmsil edən şəxsiyyətlərin ədəbi irsinin tarixi və müasir mənasını dəyərləndirmək" qayğısı ilə açılır və az qala bütün məqalələr, yazılar, məxsusən də müsahibələr ("Heç bilmirəm bu altmış il necə keçdi", "Tarixi-ədəbi təcrübə göstərir ki...", "Mühacirət irsində öyrənilməsi vacib olan xeyli məsələ var", "Elm"in bu günü və sabahı" və s.) axıracan həmin narahatlıq ruhunu, ovqatını daşıyır, bölüşür. Şirindil Alışanlı hər yerdə bu ədəbi-elmi irsin apologeti kimi çıxış edir, "sovet dövrü", "marksist-leninçi", "sosrealizm" damğası ilə ağına-bozuna baxmadan dağıdılmasına üsyan edir, ümumən və hər bir konkret halda irsə elmi-rasional yanaşmanın metodolojisini irəli sürür, əyani nümunələrini verir. Əslində, hazırkı "tezislər" də elə başdan-başa tənqidşünas-alimin bu hünərlərinin göstərisidir; o, bu irsi təkrar-təkrar gündəmə gətirir, günün emalına, istifadəsinə verməyə çalışır. Bu baxımdan "Sözün yaşamaq haqqı"nda günümüzə ornək olası "ötən günlər"in zərif bir nisgili, nostaljisi də duyulur. Şirindil Alışanlı canlı təcrübədən, korifeylərlə ünsiyyətdən epizodları, heç yanda yazıya alınmamış şifahi məqamları, fikir və atmacaları, şəxsi yazışmalar və məktubları da sətirlərinin arasına sızdırmaqla bu şəkildə də irsi yaşatmağın nümunəsini verir. Özü müsahibələrinin birində: "XX əsr Azərbaycan gerçəkliyinin daşıyıcısı kimi ötənlərin çoxu ilə fəxr etdiyi"ni bildirir; və sanki geniş qolları arasına alaraq bütün varlığıyla onu amansız zamanın nahaq zərbələrindən qorumağa çalışır.
Şirindil Alışanlı polemikanı sevir; zamanla, dövranla, mühitlə. Cavanlığından, ilk addımlarında da belə olub (Öz dediyindən: "Bir qələm əhli kimi belə yaradıcılıq prosesinin ağrılarını çox yaşamışam. Ədəbi prosesdə geniş əks-səda doğurmuş, qapalı iclasların müzakirə predmeti olmuş ilk məqalələrimdən sonra Mərkəzi Komitə mənə bir il çap olunmağa imkan vermədi..." - "Sözün yaşamaq haqqı", s.338); indi də belədir. Elmi-obyektiv Söz mövqeyində(n) həmişə Şirindil Alışanlını danışan görmüşəm. Polemik, öz həqiqətini qorumaq, təsbit etmək üçün. Həqiqət dialoqlarda açılır. Doğrudur, güzəşt etməyi, həmkarlarına isnad verməyi çox da sevmir; amma düz sözün məqamı gələndə qısqanc da deyil. Bu sarıdan kitabda akademik Nizami Cəfərovdan xeyli sitatlar var. Gərək ki, bir yerdə akademik İsa Həbibbəyliyə də istinad gördüm. Həmçinin kitabda Şirindil Alışanlının həmkarlarına dair: "Hüseyn Cavid irsinin görkəmli tədqiqatçısı" (Kamran Əliyev haq.), "Elmi mühakimənin emosional tutumu" (Bədirxan Əhmədli haq.), "Xeyirxahlıq və səmimilik ünvanı" (Aydın Səlimzadə haq.) yazıları da elmdə dürüstlüyə və mənəvi intibalara nə qədər həssas olduğunu göstərir.
Şirindil Alışanlı elmdə xeyirxahdır və bugün özü ustad mövqeyində, yetirmələrinin əhatəsindədir. Bunu öz təcrübəmdən, aspirantlıq-doktorantlıq dövrümdə istedadlı gəncliyə münasibətindən də bilirəm; kitabda, yetirmələrinə yazdığı qürur və təəssüb dolu uğur yazılarında: "Tarixə çevrilmiş ədəbi mühit" (İlham Məmmədli haq.), "Səməd Vurğunun nəzəri irsinə müasir baxış" (Aygün Bağırlı haq.) məqalələrində də bir daha gördüm.
9. Tarixin özü və obrazı
Şirindil Alışanlının ən çox isnad etdiyi elmi prinsiplərdən biri tarixilikdir. Bundan da çox kitabda obraz anlayışına üz tutur. Şirindil Alışanlıya görə, tarixin də obrazı var. "Əslində isə, hər bir xalqın tarixi onun tarix boyu yaratdığı obrazların tarixidir. Xalqlar bir-birindən öz tarixləri ilə yanaşı öz obrazları ilə də fərqlənirlər..." ("Sözün yaşamaq haqqı", s. 161)
Kitabın üslübunu çox sevdim, bəyəndim. Başqa kitablarında, monoqrafiyalarında sırf akademik tərzdə, qiyafədə gördüyümüz Şirindil Alışanlı burada yaradıcı, sərbəstdir: son dərəcə canlı portretlər cızır, ədəbiyyatdan, elmdən, elmin dünənindən-bugünündən polemik danışır, nitq söyləyir ("Azərbaycan yazıçılarının IX qurultayındakı çıxışın mətni"), müsahibələr verir, xatirələrə dalır ("Su səltənəti Laçın"), problemlər qaldırır, rəylər yazır, açıq məktublar ("Qulu Ağsəsə məktub", "Şair Nazim Əhmədliyə məktub"), təbriklər ("Uvajayemıy Oljas Omaroviç!", "Professor Həmdulla Baltabayev", "Elm və həyat -40") ünvanlayır... Kitabda çoxlu həyat materialı var; Şirindil Alışanlı sanki ötüb-getmiş əyyamların, canlı, diri, amma bugün olmayan elmi mühitin obrazını yaradır. Vardıqca, göz önünə Ədəbiyyat İnstitutunun illəri, insanları, qaynar dəhlizləri, isti atmosferi gəlir. Şirindil Alışanlını bu mühitin, insanların, söz açdığı korifeylərin arasında, sırasında, tarixi obrazında görürük. O ki qaldı daha bir obraza - akademik rütbəyə, lap yaxınında olsa da, Şirindil Alışanlı həmişə rütbələrdən ucada durmuşdur.
Şirindil Alışanlı elmi-tarixi bərəkətimizdir; sinəsini irəli verib qapsadığı irsdən sonacan bəhrələnməliyik. Həmən tarixi irs aşınıb-tükənib bir gün heç olmaya da bilər.
70 yaşın mübarək, Şirindil Alışanlı!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!