M.F.Axundzadənin qəsidə formasında, fars dilində, klassik Şərq şeirinin ənənələrinə uyğun olaraq yazdığı "A.S.Puşkinin ölümünə Şərq poeması" ədibin bizə gəlib çatmış ikinci poetik əsəri hesab olunur.
Əsərin 1837-ci ilin fevral ayının sonu, martın əvvəllərində yazıldığı ehtimal olunur. M.F.Axundzadə əlli beytdən ibarət olan qəsidəni fars dilindən rus dilinə nəsrlə tərcümə edərək onunla eyni idarədə - Qafqaz Canişinliyində xidmət edən rus şairi İ.S.Klementyevə vermiş, o da Moskvaya məktub yazaraq əsərin sətri tərcüməsini cüzi düzəlişlərlə çap olunmaq üçün "Moskovskiy nablyudatel" jurnalına göndərmişdir. Jurnal əsərin nəsrlə edilmiş tərcüməsini 1837-ci ilin mart nömrəsində "Na smertğ A.S.Puşkina" (A.S.Puşkinin ölümünə") adı ilə çap etmişdir.
Əsər jurnalda çap olunan kimi, Rusiya ədəbi ictimaiyyətində geniş əks-səda doğurur və təqdir olunmağa başlayır. Siyasi və ictimai xadim, filologiya elmləri doktoru Şıxəli Qurbanov yazır ki, "A.S.Puşkinin ölümünə Rusiyada onlarca əsər həsr olunmuşdur. Ölməz şairin ləyaqətli varisi M.Y.Lermontovun üsyankar şeiri istisna edilərsə, bunların heç biri M.F.Axundovun əsəri qədər geniş yayılmamışdır".
1837-ci ilin may ayında Qafqazın hakimi baron Rozen yaxın qulluqçuları ilə birlikdə Abxaziyadakı ixtişaşları yatırmaq üçün getdiyi vaxt nahar zamanı M.F.Axundzadənin əsərindən söhbət açaraq onunla tanış olmaq və mümkün olarsa ruscaya çevirilməsini yanında olan A.A.Bestujev-Marlinskiyə tövsiyə etmişdi. Qafqazda sürgündə olan dekabrist yazıçı A.A.Bestujev-Marlinski poemanın sətri tərcüməsi ilə tanış olmuş, müəllifin yardımı ilə üzərində bəzi redaktə işləri apararaq yeni variantını yaratmışdı. Bir neçə gündən sonra Adlerdə döyüşdə dağlılar tərəfindən öldürüldüyündən onun tərcüməsi M.F.Axundzadədə qalmışdı. Poemanın sətri tərcüməsinin yeni variantını XIX əsrin 70-ci illərində M.F.Axundzadə dostu, görkəmli şərqşünas alim Adolf Berjeyə vermiş və əsərin orijinalının qalmadığını, itdiyini söyləmişdir. A.Berje həmin tərcüməni dərc olunmaq üçün "Russkaya starina" jurnalına göndərmiş və tərcümə jurnalın 1874-cü ilin sentyabrında çıxan 9-cu nömrəsində A.Berjenin ön sözü ilə ilk dəfə olaraq "Na smertğ A.S.Puşkina: Vostoçnaə poema" ("A.S.Puşkinin ölümünə Şərq poeması") adı ilə nəşr edilmişdir.
Qeyd etməyi lazımlı hesab edirik ki, əsərin orijinalı 1936-cı ilə qədər əldə olmasa da, rus dilinə olan tərcüməsi Rusiya şərqşünaslarının diqqətindən yayınmamış, Adolf Berje poemanın "Russkaya starina" jurnalında çap olunmuş nömrəsində M.F.Axundzadə və A.A.Bestujev-Marlinski haqqında qısa məlumat vermiş, jurnal əsəri "Puşkinin ölüm xəbərinin təkcə daxili Rusiyanın deyil, böyük Rusiyanın ucqarlarında yaşayan müsəlman əhalisini də sarsıtdığını sübut edən şairanə incilərin nümunəsi kimi qiymətləndirmişdir" (Şıxəli Qurbanov).
1880-ci ildə Moskvada A.S.Puşkinə qoyulan heykəlin açılışı münasibətilə M.F.Axunzadənin "Şərq poeması"nın A.A.Sokolov tərəfindən edilmiş tərcüməsi "Peterburqskiy listok" qəzəetində çap olunur ki, bu tərcümə əsərin rus dilinə edilmiş ilk poetik tərcüməsi hesab edilir.
"Şərq poeması" sonralar "Tiflisskiy listok" qəzetinin "Əlavələr"ində, V.V.Kallaşın "Puşkiniana"sında dərc edilir. Təkcə "Qafqaz" qəzetində bu əsər iki dəfə - 1874 və 1899-cu illərdə çap olunmuşdur".
Gürcü şairi İ.Qrişaşvili əsərin "Russkaya starina" jurnalında çıxan tərcüməsini 1932-ci ildə gürcü dilinə tərcümə edərək "Droşa" ("Bayraq") jurnalının 5-ci nömrəsində dərc etdirmişdir (Əziz Şərif).
Yuxarıda adlarını çəkdiyimiz tərcümələrdən M.F.Axundzadənin və A.A.Bestujev-Marlinskinin nəsrlə, A.Sokolovun və İ.Qrişaşvilinin poetik tərcümələri Şıxəli Qurbanovun redaktorluğu və müqəddiməsi ilə çıxan "Mirzə Fətəli Axundov. "A.S.Puşkinin ölümünə Şərq poeması" kitabında da dərc olunmuşdur.
1936-cı ilə qədər əsərin farsca orijinalı ədəbi-elmi ictimaiyyətə tanış olmamışdır. 1936-cı ildə ədəbiyyatşünas, professor Əziz Şərif əsərin orijinal əlyazmasını meydana çıxarmış, bu haqda "Ədəbiyyat qəzeti"nin 33-cü nömrəsində məlumat vermiş, əsərin həm ərəb əlifbası ilə orijinalını (fotosurəti ilə birgə), həm A.A.Bestujev-Marlinskinin ruscaya sətri tərcüməsini, həm də M.Müşfiqin poetik tərcüməsini kiçik bir müqəddimə ilə 1937-ci ildə kitabça şəklində çap etdirmişdir.
Əsərin orijinalının necə tapılması haqqında Ə.Şərif yazır: "1936-cı il noyabr ayının 10-da Tbilisidə M.F.Axunzadənin nəvəsi Fətəlidə olan materialları araşdırarkən, biz böyük yazıçımızdan qalan bir çox o biri ədəbi və fəlsəfi materiallar arasında Puşkin haqqında yazılmış poemanı da tapdıq" (Əziz Şərif. s.10). Bundan sonra poema ilk olaraq Mikayıl Müşfiq, sonralar isə Cəfər Xəndan, Böyükağa Qasımzadə və Məmmədağa Soltanov tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Bu tərcümələr yuxarıda adını çəkdiyimiz Şıxəli Qurbanovun redaktorluğu və müqəddiməsi ilə çıxan kitaba da daxil edilmişdir.
XX əsrin ortalarından başlayaraq Respublikamızda olduğu kimi, keçmiş SSRİ məkanında da bu əsərə maraq güclənmiş, "A.S.Puşkinin ölümünə Şərq poeması" rus (P.Antokolski), Ukrayna (İ.Qonçarenko), Belarus (İ.Smejon), özbək (M.Şeyxzadə), türkmən (M.Seyidov), tacik (K.Ayni), qazax (K.Murzaliyev), qırğız (S.Çusuyev), gürcü (İ.Qrişaşvili), erməni (A.Qaraşi), Litva (A.Jukayskas), latış (Y.Vanaq), eston (H.Udam), moldav (İ.Stavskaya), uyğur (X.Xamrayev), başqırd (N.Sündüklü), tatar (Z.Nuri), udmurd (A.Kalbukov), Mari (H.Kazakov), inquş (Ə.Vedzijev), yakut (S.Danilov), Osetiya (P.Qrus) və qaraçay (M.Baycarov) dillərinə tərcümə olunmuşdur.
Rusca tərcümədə müəllifin özü tərəfindən "A.S.Puşkinin ölümünə" adlandırılan bu əsər sonralar "A.S.Puşkinin ölümünə Şərq poeması", "Matəm qəsidəsi", "Qəsideyi-təziyyət" kimi adlandırılsa da, əsasən, "A.S.Puşkinin ölümünə Şərq poeması" adı ilə tanınmışdır.
Burada yeri gəldiyindən əsərin Azərbaycan dilinə tərcüməsi ilə bağlı bir neçə kəlmə deməyi zəruri hesab edirik. Klassik qəsidə formasında, yəni ilk beytinin misaraları həmqafiyə, sonrakı beytlərin ilk misrası sərbəst, ikinci misrası birinci beytlə qafiyələnən, son beytdə müəllifin təxəllüsü (Səbuhi) verilən əlli beytlik bu əsərin Azərbaycan dilinə dörd tərcüməsi mövcuddur. Tərcümələrin yalnız biri, M.Müşfiqin tərcüməsi forması etibarilə orijinalla uyğundur. Bu tərcümənin ən müsbət xüsusiyyəti, hər şeydən əvvəl ondadır ki, orijinaldakı hər beytin məzmunu, əsasən, qorunmaqla bərabər, qafiyə oxşarlığı da axıra qədər saxlanılmışdır. Bir neçə beytə diqqət edək:
Orijinalda:
Nədade didə bexab-o neşəste dər şəbe-tar,
Be qoftəmi be del ey kane-qohəre-əsrar!
Qaranlıq gecədə oturmuş,
gözlərimə yuxu gəlmir,
Ürəyimdən soruşuram:
Ey sirlər gövhərinin mədəni.
Çe şod ke, bolbole-qolzarət əz nəva mandə,
Çe şod ke, tutiye-nitqət nəmikonənd qoftar?
Nə olub ki, gülzarının bülbülü
nəvadan qalıb, nəğmə oxumur?
Nə olub ki, nitqinin tutisi susub, söhbət etmir?
Çe şod ke, rahe-soxən sənciyət şode məsdud,
Çe şod ke, peyke-xəyalət bemande əz rəftar?
Nə olub ki, söz yolun kəsilərək bağlanıb?
Nə olub ki, xəyal qasidin rəftarından qalıb?
Bəhar aməd-o han hər yek əz bənate-nəbat,
Cəmale-xoş be arayeşi-konəd izhar.
Bahar gəlmiş, bütün bitkilər - təbiət qızları,
Bəzənmiş, xoş simalarını aşkar edirlər.
Tərcümədə:
Gecə etdim uyğumu gözümdən kənar,
Sordum: - Ey sirr çeşməsi - ürəyim nə var?
Nədən ötməz bağçanın şeyda bülbülü,
Nədən qılmaz nitqinin tutisi göftar?
Şeir yolun, söz yolun yoxsa kəsilmiş,
Hanı xəyal qasidin o yüngül çapar?
Yaz gəlmiş, hər tərəfdə çəmən qızları,
Bəzənib camalını etmiş aşikar.
Qeyd edək ki, M.Müşfiq formanı qoruyub saxlamaqla yanaşı, mümkün qədər məzmunu da qorumağa səy göstərmiş və əsasən də istəyinə nail olmuşdur.
İkinci tərcümə Cəfər Xəndana aiddir. C.Xəndan əlli beytlik qəsidəni əlli beş beytlik məsnəvi formasında (beytlərin qoşa qafiyələnməsi yolu ilə) tərcümə etmiş, şeirin formasında oluğu kimi, məzmununda da sərbəstliyə yol vermişdir. Yuxarıda nümunə kimi verdiyimiz dörd beyti C.Xəndan belə tərcümə etmişdir:
Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,
Düşünən beynimi sarmış yenə bir qəmli sual.
Niyə solmuş o çəmənlər ki, ötüşmür quşlar?
Yoxsa göylərdə dərin, pərdəli bir hikmət var?
Niyə şeirin yolu bağlandı? Səbəb var, bəlkə,
O günəş batdımı sənət gülünə düşdü ləkə?
Bir nəzər sal, nə qədər şövq var aləmdə gözəl!
Bu təbiət nə qədər nazlıdır, həm də gözəl!
Böyükağa Qasımzadənin də tərcüməsi sərbəst tərcümədir. Bu tərcümədə də həm forma, həm də məzmunda nəzərə çarpan sərbəstliklər kifayət qədərdir. Bu tərcümə də misraların qoşa qafiyələnməsi yolu ilə edilmiş, bəzi beytlərdə məzmun qorunsa da, əksər yerlərdə qorunmamış və əsərin həcmi 60 beytə yaxın olmuşdur. İlk dörd beyti burada da təkrar edirik:
Gözlərimdən yuxumu qovaraq için-için,
Qaranlıqlı bir gecə qəlbimə sordum: neçin
Gülşəninin bülbülü unutdu nəğməsini,
Bəlağət tutin kəsdi incə, dilbər səsini?
Söylə, söz düzmək yolun, söylə nədən qapandı?
Noldu xəyal qasidin gedişindən dayandı?
Ey könül! Ey sirlər gövhərinin mədəni,
Bir nəzər ətrafa, dinlə heyrətlə məni.
C.Xəndan və B.Qasımzadədən fərqli olaraq Məmmədağa Sultanov formanı pozsa da, yəni əsəri qəsidə kimi yox, məsnəvi kimi tərcmə etsə də, həm həcmi (50 beyt) saxlamış, həm də məzmunu qorumağa çalışmışdır. İrəlidəki beytlər onun tərcüməsində belədir:
Oturmuşam, gecədir, zülmətə batıb aləm,
Dedim bu qəlbimə; "Ey sirr saxlayan həmdəm!
Nə oldu gülşəninin bülbülü qalıbdır mat,
Kəlam tutinə noldu, dil açmayır, heyhat?
Nə oldu təbinə ki, sənətə yaxın durmaz,
Xəyal quşun nə üçün bir də etməyir pərvaz?
Bahar gəldi, budur, acdı üz çəmən gözəli,
Verər camalına zinət təbiətin öz əli".
M.F.Axundzadənin əruz vəzninin həzəc bəhrində yazdığı bu əsər poemanın orijinal mətni tapıldıqdan sonra Azərbaycan ədəbiyyatşünaslığına və ədəbi-elmi ictimaiyyətə daha geniş məlum olmağa başlamış, bu əsər haqqında müxtəlif vaxtlarda Əziz Şərif, Feyzulla Qasımzadə, Şıxəli Qurbanov, Nadir Məmmədov, Şahbaz Şamıoğlu və digər müəlliflər fikir söyləmişlər. Bəzi tədqiqatçıların fikirləri təhlil səciyyəsi daşısa da, bəzilər informasiya xarakteri daşımış, əsərin orijinal mətn üzərində hərtərəfli təhlili aparılmamış, fikir və mülahizələr daha şox M.Müşfiqin və B.Qasımzadənin tərcümələrinə əsasən söylənilmişdir.
Əlli beytdən ibarət, misraları aa, ba, ca.. şəklində qafiyələnən və sonuncu beytdə şairin təxəllüsü verilən əsər klassik Şərq şeirinə xas olan təntənəli üslubda yazılmış qəsidədir. Şıxəli Qurbanovun yazdığı kimi, "Zahirən bu əsər özünə qədər Şərqdə geniş yayılmış qəsidəyə bənzəsə də, dərin mənası etibarilə istər Azərbaycan, istərsə də Şərq üçün yeni idi" və bu yenilik əsərin formasında yox, daha çox məzmun və ideyasında özünü göstərirdi.
"Nədade didə bexab-o neşəste dər şəbe-tar,
Be qoftəmi be del ey kane-qohəre-əsrar!"
- beyti ilə başlanan əsərinə müəllif özü ad qoymamış, sonralar əsərin məzmununa uyğun olaraq bəziləri əsəri "Qəsidəyi-təziyyət" ("Matəm qəsidəsi"), bəziləri isə "Puşkinin ölümünə Şərq poeması" adlandırmış, əsər bu adla da tanınmışdır.
Əsərin ilk beytləri bir növ şairin özü ilə həsb-halı, daha doğrusu, ürəyi ilə söhbətidir.
İlk üç beytdə aşağıdakılar təqdim olunur. Zülmət gecə. Gözünə yuxu gəlməyən şair sirlər gövhərinin mədəni deyə müraciət etdiyi ürəyindən soruşur: "Nə olmuşdur ki, bağçanın bülbülü nəğmədən qalmış, nədən nitqinin tutisi susmuş, danışmır? Nə olmuşdur ki, fikir, söz yolun bağlanmış, nədən xəyal qasidin, çaparın sakit, hərəkətsiz dayanmışdır?".
Suallarına cavab almayan şair vəziyyəti dəyişərək baharın təsvirinə keçir. Sonrakı beytlərdə oxuyuruq:
Bəhar aməd-o han hər yek əz bənate-nəbat,
Cəmale-xoş be arayeşi-konəd izhar.
Bənəfşəzar şod ətraf cuybare-çəmən,
Şökftə qonçeye-nari be qolbune-qolzar.
Əruse dəşt müzəyyən-o raz bəhre - nesar,
Por əz cəvaher əz har daməne - kohsar.
Yaz gəlmiş, hər tərəfdə çəmən qızları olan bitkilər bəzənərək xoş simalarını göstərməkdə, camalını aşkar etməkdədir. Axar suların kənarı, çəmənlər bənövşəliyə dönmüş, bağlarda ağaçların budaqları odlu qönçələr açmışlar. Təbiətin sehri ilə çöl gəlin kimi bəzənmiş, dağların ətəkləri onun başına ətək-ətək cəvahir səpir. Beləliklə, "bir tərəfdən kədərli və tutqun qəlbin, o biri tərəfdən, insanda şadlıq və fərəh artıran baharın təsvirini verməklə müəllif poemada qüvvətli bir təzad yaradır".
Baharın gəlişini, təbiətdə yaratdığı canlanmanı təsvirdən sonra şair hadisələri təbiətin fonunda cəmiyyətin üzərinə keçirir və yeddinci beytdən başlayaraq biz artıq təbiətin təsvirində cəmiyyət hadisələrini görürük. Əsərin bu beytlərində, sanki təbiət yox, cəmiyyət təsvir olunur.
Bağın içərisində başına açılmış güllərdən tac qoymuş ağacların şahı əzəmət və vüqarla oturmuş, onun şərəfinə süsən və zanbaq başçıları, yəni əyan-əşrəfləri lalə qədəhlərində jalə şərabından təkrar-təkrar nuş edirlər. Çəmən büsatı, məclisi yasəmənlərlə elə bəzənmiş ki, çaşqın, mat baxışlı nərgizin, yəni məclis iştirakçılarının gözü bu təntənədən xumarlanaraq qamaşır. Məslisə gələn qonaqlar: bülbül töhfəsi olan nəğməsi ilə xoş gəldin deməyə, besayiran isə dimdiyində gül yarpağı ilə təbrikə gəlmişlər. Buludlar da, səhər nəsimi də bu məclisə biganə deyil. Buludlar susəpənlə gülşənı sulayır, səhər nəsimi də əttar kimi gülşənə ətir saçır. Səhərin açılması ilə nəğmə oxumağa başlayan quşlar, "Ey nigar, torpaq pərdəni üzündən götür", yəni ətrafı bürüyən duman-çənə dağılın, çəkilin deyirlər. Bu məclisdə hər nə varsa, yəni kim iştirak edirsə, hünərdən xali deyil və "bu bazarda nə türlü mətah desən vardır".
Yeki be hosne delaviz-o eşve cilvəgər əst,
Yeki be nale konəd eşq baziyəş isar.
Həme be zoqe tərəb vəqte xiş miqozərəd,
Veda kərde dər in hale ba ələm yekbar.
Biri hüsnünün gözəlliyilə işvə və cilvə göstərir, birisi də fəğanıyla eşqini izhar etmək istəyir. Bu halda hamı hüznlü halı ilə vidalaşaraq zövq və sevinclə vaxtını xoş keçirir.
On altıncı beytdən başlayaraq müəllif təsvirlərə son verərək yenidən ürəyinə müraciət edir və bu müraciət 21-ci beytə qədər davam edir. Şair ürəyindən soruşur ki, ey ürək, məgər sən fərəh və zövqdən binəsib olub bu sükut yuxusundan oyanmaq istəmirsən? Könlündə bir həvəsin, başında bir sevdan olmadığı kimi, şöhrət, ad üçün şeir yazmaq xəyalından da kənarsan. Məgər sən həmin ürək deyilsən ki, dalğıc kimi dürr sözlər üçün fikirlər dəryasına cumardın? Nadir məna qızından (mənalı sözlərdən) minlərlə bəzək yapıb inci düzümlərindən üzlərinə zinət kimi taxardın. Bəs indi bu kədər, bu məlamət haradandır? Varlığında bu matəm yelləri haradan əsir?
Şairin sorğusuna ürəyin cavabını şair belə poetikləşdirir:
Cəvab dad ke, ey munisəm be tənhayi,
Məra degər pəs əz in dər mədare xod beqodar?
Ço şahedane - çəmən mən həm ər nədanestəm,
Ke həst bade-xəzan əz peye nəsime-bəhar.
Bedan be tiğe-zəban qaməte-səvare-soxən,
Ze bəhre-nam biyarastəm dər in peykar.
Vəli məra şode məlum bi vəfaye-dəhr,
Male qaibət xiş core an ğədar.
Nə be xerədist ze morği ke, didə dam be şeşm,
Bəraye daneye u baz mixorəd timar.
Sədaye şöhrəto avazeye-honər to bedan,
Misale tof dərin cofe qonbəde dəvar.
Məqu xəyale-digər, danəm anke bər əhləş,
Çegune əcr dəhəd in sipehre-kəcrəftar.
Mətndən göründüyü kimi, ürək şairə cavab verir ki, ey tənhalığımın munisi, yoldaşı, içimdə məni yandıran daha artıq, ciddi səbəb var. Çəmən şahidləri (çiçəkləri) kimi mən bahar nəsimindən sonra payız küləyinin olacağını bilməmişdim. Söz süvarisini qovub qılınc dilimlə adından hər tərəfə car çəkəcəyəm. Dünyanın vəfasızlığı mənə çoxdan aydındır, o qəddarın cövrü bizim varlığımıza xitam verir. Gözü ilə toru görən o quş ağılsızdır ki, yenə bir danə üçün tora düşür. Hünərin və şan-şöhrətin sədası dairəvi günbəzin içində gürlayan səs kimidir. Ayrı bir xəyal etmə, bəllidir ki, fələk daima yaratdıqları ilə tərsinə rəftar edər.
Əsərin bu yerinə, yəni 28-ci beytə qədər nə A.S.Puşkin, nə də onun ölümü barədə bircə kəlmə də olsa danışılmır. A.S.Puşkin bir obraz olaraq 28-ci beytdən etibarən ürəyin cavabında mətnə daxil edilir və ürəyin niyə bu qədər qəmli-ələmli olmasının da səbəbi bundan sonra aydın olur. Mətndə oxuyuruq:
Məgər to ey ze cəhan bixəbər nə beşnidi,
Ze Puşkin be xeylo soxənvərane-salar?
Çe Puşkin ke, behengam nokte pərdaziəş,
Sədayi mədh ze hər guşe xasti səd bar.
Çe Puşkun ke, kağəz şodi siyəh ru zan,
Ke, kaş xameye- veyra fitəd beruş qozar.
Xəyal daşt be hər gərdeşəş ke, çün tavus,
Hezar nəqşe təb ğərib əz soxən şod nimudar.
"Ey dünyadan xəbərsiz, məgər sən söz ordusunun başçısı, sərkərdəsi Puşkindən bir xəbər eşitməmisən?" sualı ilə müəllifə xitab edən ürək A.S.Puşkinin bir şair və sənətkar kimi hansı xüsusiyyətlərə mailk olduğunu söyləyir. Ürək A.S.Puşkini belə təqdim edir: O Puşkin ki, sözə başlayan zaman hər guşədən yüzlərlə alqış səsi qopardı. Yazmağa başlayanda qələmi üstündə gəzsin deyə, kağız da qaralanar, sevinərdi. Xəyalı tavus kimi gəzib şeir mülkünü bəzər, sözdən minlərlə qəribə naxışlar yaradardı.
Bundan sonrakı beytlərdə şair ürəyin dili ilə A.S.Puşkini Lomonosov, Derjavin və Karamzinlə müqayisə edərək (32, 33, 34-cü beytlər) onlardan üstün tutur. Həmin beytlərin anlamı belədir: Lomonosov nəzm evini gözəl şəkildə bəzəmişsə də, orada ancaq onun, yəni Puşkinin xəyali bərqərar oldu. Əgər Derjavin söz mülkünü tutmuşsa da, nəzmin hökmranlığına ixtiyar sahibi o oldu. Karamzin irfan şərabını cama töksə də, ancaq dolu mey dolu piyaləsi ona, yəni Puşkinə qismət oldu.
35 və 36-cı beytlərdə M.F.Axundzadə daha da irəli gedərək A.S.Puşkinin qazandığı şöhrətini çar Nikolayın şövkəti ilə müqaiyə edir. Diqqət edək:
Gereft şöhrəti fəzləş cahan bedan gunə
Ke, şövkəte Nikolay əz Xətay ta tatar.
Məşar bud be ənqoşt dər fəzayi şomal
Çonan ke, məşriqiyan rast mah tazə məşar.
Yəni çar Nikolayın şövkəti Xataydan Tatara - Çindən türkdilli xalqların yaşadıqları bütün məmləkətlərə yayıldığı kimi, Puşkinin də şöhrəti bütün dünyanı tutub. O elə bir şöhrət sahibi idi ki, Şimalın, Şimal ölkələrinin səmasında o, barmaq işarəsi ilə Şərq göylərində doğan təzə Ay kimi nişan verilirdi.
Şairin təsvirində bu zəkada, bu təbdə hələ belə bir oğul görünməmiş, çar dövlətində yeddi nəsildə ana belə oğul doğmamışdır. Şairi təəccübləndirən odur ki, bu övladı qorumalı olan valideynlər, yəni dövlət sərt davranışlara göz yumaraq ona vəfasızlıq etdilər, onun ölümünü özlərinə ar bilmədilər:
Pesər be fəhm conan pesər be `çonin,
Ze həft ab nə be zaide bud madəre-çar.
Konun ze mən be təəccob şeno ke in əbuben,
Nə daştənd ze bi mehri-o mər u ra ar.
Poemanın sonrakı beytlərində M.F.Axundzadə (39, 40, 41, 42, 43) A.S.Puşkinin ölümündən yana mütəəssir olmaqla yanaşı, konkret kimsəni yox, zəmanəni onun ölümündə təqsirkar hesab edir. Anlamını verdiyimiz beytlərdə müəllif yazır ki, zəmanə əcəl oxuyla onu nişanlayıb yüz heyif ki, ölümlə onun varlığına son qoydu. Zülüm qara buluddan dolu yağdıraraq onun həyat budağının ömür barını tökdü. Əcəl küləyi onun ruhunun çırağını söndürdü və susmuş gecə kimi cismi qapqara oldu. Qoca bağban əlindəki zülm tişəsi ilə bu gülzar səhnəsindən cavan budağı kəsdi. Mənaların xəzinəsi olan o ürək sahibinin yeri indi ətrafında ilanlar gəzən məskən olmuşdur.
Bu dediklərimizi nəzərə alaraq akademik F.Qasımzadənin poema haqqında dediyi aşağıdakı fikrə haqq qazandırırıq: "Şairin ürəyindən qopan bu dərin və lirik ricətlərdə onun bir tərəfdən böyük bir dühanın ölümünü təşkil edən çar sarayına qəzəb və nifrəti, o biri tərəfdən isə böyük şairə hədsiz məhəbbəti ifadə olunur".
Qırx dördüncü beytdə şair təəssüflə yazır ki, bülbül cəh-cəhinə bənzər təbində ki, qönçələr açılardı, qəbri üstə bitən tikanlar daha həmin qönçələrdən xəbər verməz. Sonrakı beytlərdə oxuyuruq:
Pərid morğe rəvanəş ze aşiyane-bədən,
Be kərd ənise ələm cümlə səğar, kəbar.
Zəmine rus be yas o hüzn konəd nohe,
Ke, ey qətil ze dəste qutule bəd kerdar.
Yəni cisminin yuvasında can quşu ki, uçdu, onun qəmindən böyük-kiçik hamı ah-nalə çəkdi. Rus torpağı: "Ey qatillər əli ilə ölən bəd tale", - deyərək ona yas saxlayıb hüznlü növhə deməyə başladı.
47-ci beytdə şairin ruhuna xitabən "tilsimin də səni eybəcər zəmanə cadugərinin sehrindən qurtara bilmədi", - deyən şair 48-ci beytdə "Sən ki bu dünyadakı dostlarından uzaqlaşdın, göydə haqqın rəhməti sənə yar olsun" söyləyir.
Müəllif əsərini belə tamanlayır:
Ze molke Bağçesəra buye ətr əz an ke qolət,
Dəhət bexake to fəvvarə ba nəsime bəhar.
Əz in xəbər şode pir, sefid muye Qafqaz,
Be şeirhaye Səbuhi torast matəmdar.
Tərcüməsi:
Torpağına səpməyə iki gül ətri,
Qopar Bağçasaraydan bir incə ruzgar.
Tutulub bu xəbərdən ağ saçlı Qafqaz,
Səbuhinin şeirilə yasını saxlar.
Tərcümə Mikayıl Müşfiqindir
M.F.Axundzadənin "A.S.Puşkinin ölümünə Şərq poeması" haqqında fikirlərimizi ümumiləşdirərkən belə bir yekun nəticəyə gəlirik ki, bu əsər müəllifin "subyektiv düşüncələrinin məhsulu kimi deyil, böyük bir şairə real xalq məhəbbətinin, onun öldürülməsinə ümumxalq etirazının, bir sözlə, cəmiyyətin sərt reaksiyasının nəticəsi kimi meydana gəlmişdir" (Şahbaz Şamıoğlu).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!