Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Mir Cəfər Pişəvərinin indiyəcən çıxmış kitablarına düşməyən məqalələrindən ibarət kitabını çapa hazırlayır. Bu məqalələr 1945-ci ilin sentyabrından sonra yazılıb və yeni yaranmış Azərbaycan Demokrat Firqəsinin proqram məqsədlərini, İran tərkibində yaradılacaq Muxtar Milli Hökumətin yaranma labüdlüyünü əsaslandırır. Belə məqalələrin 20-dən çoxu fars dilində yazılmış və Novruz imzası ilə firqənin buraxdığı "Azərbaycan" qəzetində çap olunmuşdur.
M.C.Pişəvərinin Azərbaycançı mütəfəkkir kimi bütün uzaqgörənliyini əks edən həmin məqalələrdən birini oxucularımıza təqdim edirik.
Mir Cəfər PİŞƏVƏRİ
Azərbaycan yenə də öz tarixi vəzifəsini yerinə yetirir
İranın xudası onun bədbəxt və ağır günləri üçün Azərbaycan oğullarını ümid və nicat vəsiləsi etmişdir. Hər zaman ki, İranı yoxluq və məhvolma təhlükəsi təhdid edir, o, Azərbaycanın əli ilə fəlakətli uçurumdan nicat tapır.
Tarix təkrarən bu hadisəni nişan verib, onun ən kiçik nümunəsi Azərbaycan Demokrat Firqəsinin yaranmasıdır ki, 10-12 gün ərzində Azərbaycanın bütün nöqtələrində ixtiyarı ələ alıb və hər gün ona sədaqətli və fədakar imzaların sayı min nəfərlərlə artır.
Peysərliklər, söyüşlər, uyğun olmayan sözlər, xəyanətlər, alçaltmalar, bilavasitə toplanıb Azərbaycan Demokrat Firqəsinin yaranmasına səbəb olub və bir möhkəm və güclü yumruq kimi irticanın kəlləsinə dəyir və o şəxslərin gözləri ki, azərbaycanlını eşşəkdən daha aşağı fərz edir və öz huy və həvəsi ilə bizim müqəddəratımızı dəyişir onlar sıradan çıxacaq.
Azərbaycan - yəni o yer ki, Şeyx Səfiləri, Şah Abbasları ətəyində böyüdüb, o yer ki, onun torpağının və suyunun yetişdirdiyi övladlar iranlıların namus və şərafətini hifz etnmişdir heç vaxt yox və əsir olmayacaq. Onun sinəsində şölələnən vətənpərvərlik atəşi heç bir zaman sönməyəcək, "müstəvofhi"lərin, "fəhim"ilərin, "zovqi"lərin əli bu müqəddəs atəşi söndürüb, Azərbaycanı boğmağı bacarmayacaq.
Azərbaycan öz yuvasını əziz canı kimi sevir, bu səmimiyyəti, sədaqəti bədbinlik və xəyanət kimi təbir və təfsir etmək istəyən kəslər nadir olmayan yarasalardır, onlar günəşin nuruna baxar və nəticədə onun təhqirinə başlayarlar.
Azərbaycanın yalnız bir hədəfi vardır: Öz azadlığını və İranın istiqlalını tələb edir, siz nə qədər istəsəniz deyin, biz əvvəl Azərbaycanın azadlığını, sonra İranın istiqlalını istəyənlərik. Bu müqəddəs məqsədə nail olmaq yolunda heç bir fədakarlıqdan və canfəda etməkdən təəssüf etməyəcəyik. Biz bu yolda müvəffəq olacağıq, çünki millət bizim arxamızdadır.
İranın bütün şəhər və kəndləri Azərbaycana göz dikiblər, lor, qaşqay, türkmən, kürd, bəxtiyari hamısı Azərbaycanın birinci təkanına müntəzirdilər. Əgər Azərbaycan azadlıq yolunda bir addım atsa, bütün İran gurultulu sel kimi təlatümə biryolluq azadlıq bayrağını qaldıracaq.
Biz nəhayətsiz xoşbəxtik ki, belə bir tarixi vəzifəni yerinə yetiririk və ilk dəfə o məsləki Azərbaycan Demokrat Partiyası qoyur və ikinci dəfə Səttar xan, Şeyx Məhəmməd yuvası öz övladlarını azadlıq yolunda fədakarlığa dəvət edir.
Demokratik dünyada, hətta Liviya dövlətinin oyanıb azadlıq istədiyi dünyada, Afrikanın qara dərililərinin də mədəniyyət və dil azadlığını tələb etdiyi dünyada bir neçə şəyatin və şarlatanın millətlərin təkamülünün qarşısını almaq, yenidən bizi əsarət zəncirinə salmaq və öz kapitalını və sərvətini artırmaq üçün bizimlə heyvan kimi rəftar etmək, ümumiyyətlə, insanı istismar alətinə çevirmək yolverilməzdir.
Biz azad yaranmışıq, azad da yaşamaq istəyirik, o kəslər ki, bu əbədi təbii qanuna müxalifdirlər, xəyal edirlər onu aradan götürülüb məhv ediləcəklər.
Bizim Azərbaycanın təklifləri rədd etməsi xüsusunda mərkəz israr və tərslik edir, həmin təkliflərin qəbulu üçün həddən artıq təşviq və tərğib işi aparır, dünən bir teleqraf, bu gün bəyanat, patiyanın təşkili, ittifaq yaradılması, sabah əməli fəaliyyət. Xülasə mərkəzin israr və tərsliyi müqabilində bizim fəaliyyətimiz.
Əziz həmvətənlər, bizim bir dəqiqəlik qəflətimizdən müxaliflər bir il müddətində istifadə edəcəklər, huşyar olun ki, ikinci dəfə papaq başımızdan getməsin.
"Azərbaycan"
Say 7, 28 şəhrivər 1324,
Novruz imzası ilə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!