(Qəzənfər Paşayev. "Azərbaycanda və İraqda bayatlar". Bakı, Elm və Təhsil, 2022, s.270)
"Biz hər şeydə məna axtaran varlıqlarıq... Ona görə də çox erkən dövrlərdən etibarən həyatımızı böyük səhnəyə yerləşdirməyimizə, səhnəarxası qanunauyğunluqların olduğunu düşünməyimizə,
dünyadakı ümidsizliyə və xaosa rəğmən həyatda dəyərlərin və mənanın olduğunu qəbul etməyimizə imkan verən hekayələr yaratdıq".
K.Armstronq
Mənalı ömrünün hər anını elmi axtarışlara həsr edən professor, Əməkdar elm xadimi Q.Paşayev yenicə işıq üzü görmüş kitabını mənə bağışlayanda diqqətimizdən kənarda saxladığımız, bu səbəbdən getdikcə bizdən uzaqlaşan, etnik mənşəyimizi təşkil edən Bayat boyunun arxaik kökləri, onun Azərbaycan xalqının təşəkkülündə tarixən oynadığı rolu fikirləşməyə məcbur oldum, istər-istəməz Oğuz boylarından olan Bayatlar haqqında hələ keçən əsrin 60-cı illərinin ortalarında "Azərbaycan dili tarixindən" üç il bizə mühazirə oxuyan pofessor Əbdüləzəl Dəmirçizadənin vaxtilə dediyi sözləri yadıma saldım: "IX-XI əsrlərdə səlcuqlar Azərbaycana gəldiyi zamanı burada qarşılaşdıqları yerli türkdilli tayfalarla tez qaynayıb-qarışdılar... Deməli, bayatların Azərbaycanda mövcudluğunu təkcə IX-XI əsrlərlə bağlamaq düzgün deyil"...
Türk boylarının Azərbaycan torpağına gəlişi həm miladdan öncəki yüzilliklərə, həm də eramızın sonrakı illərinə təsadüf edir. Əgər nəzərə alsaq ki, Altay dağları ərazisində yaşayan türklərin maddi mədəniyyət qalıqları onun qırx beş min illik tarixini təsdiqləyirsə, bu halda onların zaman-zaman Qərbə, o cümlədən Azərbaycana gəlmələrini IX-XI əsrlərlə və ya sonrakı dövrlərlə, xüsusən Teymurun işğalçı ordularının gəlməsi ərəfəsindəki illərlə necə bağlayaq?!. Mütəxəssislərin dediyi kimi, Azərbaycanda ilk sosial birliklər e.ə. V minillikdə formalaşmış, ölkənin e.ə. III-II minilliklərdəki əhalisi Qafqaz-türk mənşəli olmuşdur. Bayatlar Oğuzun 24 tayfa birləşməsinin ən nəhəngi olmağı etibarilə ölkəmizə həm Şimaldan, həm də Cənubdan daxil olmuşlar. XX əsrin 20-30-cu illərindən bayatların (Oğuzların -M.Ə.) Azərbaycanda mövcudluğunu, Ə.Abid, Ə.Dəmirçizadə, M.H.Təhmasib söyləsələr də bu sahədəki araşdırmaların sərhədləri genişlənməmiş, repressiya illərinin amansız təqibləri və təsirləri ucbatından işlər yarımçıq qalmışdır... Deyilənləri qısa xülasə ilə təqdim etməklə aşağıdakıları yada salıram: Oğuzun ən böyük tayfa ittifaqı olmaqla Bayatlar əski zamanlarda Dərbənd və onun ətrafındakı geniş ərazilərdə, sonra bütün Azərbaycan ərazisinə yayılaraq məskunlaşmışlar.
Etnosun mənşəyini totemist, kosmoqonik görüşlərlə bağlamaq əski türk inanclar sistemində aparıcı mövqedə olub, bədii düşüncənin sonrakı mərhələlərində mifik qəhrəman obrazının yaranmasında böyük rol oynamışdır.
Türk-Azərbaycan mifologiyasında ideologiyanın ilkin rüşeymlərini özündə saxlayan inanclar sisteminin təşəkkülü və inkişafına nəzər salsaq burada bir-birinin davamı olan mifik və mədəni qəhrəmanları aydın görmək olar: Ahura Məzda (Hörmüz), Xızır peyğəmbər, Oğuz Kağan və Dədə Qorqud. Sonuncu ikisi tarixdən əsatirə adlanmış mədəni qəhrəmanlardır. Bayatların əcdad hesab etdikləri, ümumtürk totemi Boz qurd olmaqla hər tayfanın onğonu, inanc bağladığı heyvanlar - öküz (buğa), at, ilan, əjdaha, zümrüd və ya Simurq quşu (əfsanəvi olsa da) və Baygu quşudur. Bəzi mənbələrə görə bu Bayquş, bəzilərinə görə isə Baygu quşudur (Simurq quşudur. "Məlikməhəmməd" nağılı, - "Ağ atlı oğlan" və s.).
Şimali və Cənubi Azərbaycanda, İraq ərazisində rast gəldiyimiz Quşçu adlı kənd və qəsəbə adları Bayqu quşuna olan inancla bağlıdır. Təkcə Siyəzən rayonu ərazisində Dağ quşçu, Köhnə quşçu, Quşçular, Şabran rayonu ərazisindəki Çöl quşçu kəndləri və s. buna misal olar bilər. Mənbələrin verdiyi məlumata görə, Bayat tayfasında Baygu quşuna inancı təsdiq edən xüsusi mərasim keçirilərkən
"Bay quş mənəm, bay quş mən
Hər quşlardan yey quş mən"
- misraları ilə başlayan nəğmə oxunmuşdur.
"Dədə Qorqud" dastanında Salur Qazan xanın titullarından biri də onun "Ulaş oğlu, tulu quşun yavrusu kimi səciyyələndirilməsidir ki, bu da Baygu quşuna xitabdır"...
Baygu bütün ehtimallara görə bu gün də təsəvvürlərimizdə müqəddəs quş kimi qalmışdır. İslamın qəbulundan sonra ona münasibətlər dəyişmiş, Bay qu bayquşla əvəzlənmiş, ona bəzən quşların "seyidi", bəzən də sadəcə olaraq xarabalıq quşu kimi baxılmışdır. Qazax və qırğızlarda Baygu quşuna olan münasibətdə həmin inanc və təsəvvürlərin saxlanmasının şahidi oluruq. Muxtar Auezov "Abay" romanında bunu nəzərə alaraq yazırdı: Abay qiymətli bəy paltarı geyinmişdi, başına qoyduğu çalması bayquş lələkləri ilə bəzədilmişdi"... Qazaxların qədim təsəvvürlərinə görə Bay quş xoşbəxtlik gətirən ulu əcdad hesab olunmuşdur...
Bayat sözü titul, hörmət, əsl-nəcabət, zadəganlıq mənasında işlədilmişdir. Bu tayfa oğuzun digər boylarına nisbətən şeirə, musiqiyə, ümumiyyətlə, sənətə daha çox meyilli olmuşdur. Bayatların bayatı şeir şəklinin izlərinə hələ V-VII əsrlər uyğur poeziyasında rast gəlirik. Bayat boyu dünya mədəniyyətinə Dədə Qorqud adlı sənətkar və müdrik filosof, "Kitabi-Dədə Qorqud" kimi həmişəyaşar epos vermişdir. Bayatların yerləşdiyi ərazilər Azərbaycanın şimal regionları ən qədim ərəb mənbələrində "Huristan", "Gülistan" kimi (Pərilər, mələklər məskəni) adlandırılımışdır.
Burada yaşayan insanlar dünyanın ən gözəl irqinə mənsub olub, özünün cəsurluğu, igidliyi, gözəl qaməti ilə seçilib. Belə gözəl bədəndə olan gözəl ruh və fikirlər, həmin insanları hürriyyət və azadlıq yoluna yönəldir (Ə.Hüseynzadə).
Xızı, Quba, Dərbənd regionlarında, Ata dağ (Dübrar dağı) - Baba dağ və Şah dağı ərazisində Təbriz-Gəncə - Şamaxı və Qubadan Dərbəndə gedən yolun ətrafındakı ərazilərdə, o cümlədən Zöhrabkənd kəndi ətrafındakı ərazilərdə çoxsaylı yer və dağ adları oğuzlardan qalma, Dədə Qorqud eposunda adı çəkilən yerlərdir. Ata dağ (Dübrar) ətəklərində yerli əhalinin tez-tez adını çəkdiyi Qazan yaylağı, Qazan bulağı, Pirzada yaylağı Çoban qalası (qayası), Çoban dağı, Geyikli dağı, Qatar daşları, Qara dağ, Qara göl, Qara nohur, Qara meşə və s. kimi toponim və hidronomlar dediklərimizi sübut edir.
Azərbaycanda Bayatların məskunlaşması heç şübhəsiz, qeyd etdiyimiz kimi nə IX-XI, nə də XIII-XIV əsrlərlə bağlı deyil. XIX əsrin 40-cı illərində Rəşid Əfəndi adı ilə Orta Asiyanı səyahət edən yəhudi mənşəli macar türkoloqu və səyyahı Armin Vamberi özünün "Orta Asiyaya səyahət" adı etnoqrafik əsərini nəşrə hazırlayarkən türkmənistən və Orta Asiyada Bayatların adını çəkməmişdir. Burada adı çəkilən tayfalar türkmənlər, Sarıklar, Ərsarilər, Təkələr, Sarılar, Yomutlar, Göklənlər, Atalar, Çovdarlar olmuşlar. Əmir Teymurun istilaçı qoşunları həmin ərazilərə yaxınlaşdıqca onlar Xorasan və Azərbaycana, oradan Anadoluya, bir qədər sonra Şam (Dəməşq) və Rum ellərinə (rumlular) köçmüşlər. Göründüyü kimi, burada Bayatların adı çəkilmir. Bir daha qeyd etməyi vacib bilirik ki, bayatlar ən azı Hun türkləri zamanından Azərbaycanda məskunlaşmışlar. Türkmən tayfalarının XII-XIV əsrlərdə Azərbaycana və kiçik Asiyaya köçmələrindən xəbər verən G.Dümezil, A.S.Tvertinovə, Lor Melikova Səyyar, D.M.Petruşevski, B.Həqqi və başqalarının əsərlərində də Bayatlar haqqında məlumata rast gəlməməyimiz bunu bir daha təsdiq edir.
Bəzi tarixi mənbələrə görə, Xəzəzm bayatları Əmir Teymurun gəlməsindən qabaq hökmdar Cəlaləddinlə əvvəlcə Xorasan tərəflərə, sonra isə Şam və Rum elinə köç etmişlər. Göründüyü kimi, bayatların digər oğuzlar kimi köç etmələri fasilələrlə olmuşdur...
Dərbənd (Babül-əvbab) (...antik dünyanın tarixi-mədəni mərkəzlərindən olmaqla tarixi miladdan öncəki yüzillikləri ilə səsləşir. Akademik A.Kudelinin fikrincə, şəhərin inşası e.ə.VIII-VII yüzilliklərlə bağlıdır, bu cəhətinə görə o, antik dünyanın digər şəhərləri ilə rəqabət apara bilər. Qədim dünyanın elə bir hökmdarı, sərkərdəsi olmamışdır ki, burada öz qılıncını və taleyini sınamamış olsun! Bir deyil, bir neçə ölkəyə giriş qapısı olan Dərbənd özünün gözəl təbiəti və sərvətləri, strateji mövqeyinə görə dünya fatehlərinin diqqətini çəkmişdir... Burada sənətkarlıq, xalçaçılıq və zərgərlik, şeir və musiqi özünün ən yüksək inkişaf səviyyəsinə çatmış, əhalisi şad və firavan yaşamışdır.
Dərbənddə yaşayan əhali əsasən bayatlardan ibarət olmuşdur. XI-XII əsrlərdə Dərbənd Peyğəmbər (ə.s.) nəslinə qohum olan haşimilər tərəfindən ədalətlə idarə olunmuşdur.
Əmir Məhəmməd, Əmir Müzəfərəddin ibn Məhəmməd, Əmir Bagbars ibn Müzəfərəddin şeir-sənət adamlarını himayəyə götürüb onlara qayğı göstərmişdir. Belə ki, Ə.Xaqani Əmir Müzəfərəddin ibn Məhəmmədə qəsidə ithaf etmiş, onun ucalığından söhbət açmışdır. Onun oğlu Bəkbars ibn Müzəfərəddin Nizamiyə qayğı göstərmiş, ona türk gözəli Afaqı (Appaq) və xeyli hədiyyə göndərmişdir. Məlik əl-Adil (ədalətli əmir) adına layiq görülən Əmir Bəkbars əyyamında Dərbənd özünün intibah dövrünü yaşamış, buranın əhalisi iki möhtəşəm sədd arasında qorxu və təzyiqlərdən kənar yaşamışdır.
Nizami Gəncəvi özünün ideal qəhrəmanı İskəndəri "Xoşbəxtlər ölkəsində" təsvir edərkən məhz Dərbəndi nəzərdə tutmuşdur... Dərbənd əhalisinin əsasən Bayatlardan ibarət olmasını Orta əsr səyyah və salnaməçiləri Dədə Qorqudun qəbrini görərkən buna əmin olmuşlar...
Dərbənd ətrafından başlamış İraq və kiçik Asiyanın ərazilərində məskunlaşmış Bayat tayfaları bir-birindən nə qədər uzaq ellərdə yaşasalar da, ruhən həmişə yaxın olmuş, məişətləri, mərasimləri eyni olmuşdur.
Professor Qəzənfər Paşayevin böyük vətəndaş təəssübkeşliyi və məsuliyyəti ilə yazdığı "Azərbaycan və İraqda Bayatlar" kitabı çox mətləblərdən xəbər verir. Bir vətəndaş yanğısı ilə o, bir-birindən ayrı salınmış bir xalqın, eyni kökə bağlı olduğunu göstərməklə onun başına gətirilən müsibətlərdən məlumat verir. Əgər Şah Xətai Bayatların bir qismini Dərbənd ətrafına köçürməklə ölkəsinin şimal sərhədlərinin möhkəmlənməsinə xidmət göstərirdisə, onun nəslinin ləyaqətsiz davamçısı, "cənnətməkan" ləqəbli (əslində "cəhənnəmməkan") varisi I Şah Abbasın siyasəti mənfur idi. Tarixi mənbələrdə oxuyuruq; "Şahın anası və nənəsi dövlət işlərinə həddən ziyadə qarışır, türkmən ağsaqqallarının mülk və torpaqlarını əlindən alıb, özlərini zindana atdırırdı. Türkmən ağsaqqalları da yığışıb şahın nənəsi və anasını tikə-tikə doğrayıb öldürdülər. Şah qorxudan səsini çıxarmadı...". Ancaq şah çox böyük məharətlə öz qisasını alır. Türkə yad olan etnik qrupları Azərbaycana, Azərbaycan türklərini isə İraq və İranın müxtəlif vilayətlərinə köçürür... Sonra isə dövlətin paytaxtını Qəzvindən İsfahana köçürməklə onu Təbriz şəhəri kimi əyalət şəhərinə çevirir...
Prof. Q.Paşayev həmin əsəri yazmaqla tariximizin sərhədlərini genişləndirərək oğuzun bu yaradıcı və möhtəşəm boyunun tarixi köklərini üzə çıxarmış, onun haqqında zəmanəmizə qədər yazılanları sərf-nəzər etmiş, ensiklopedik bilgi verə bilmişdir. Bir vaxtlar "Altı il Dəclə və Fərat sahillərində" kitabını yazmaqla bütöv Azərbaycan ictimaiyyətinin (yasaq və qadağalara baxmayaraq) diqqətini özünə cəlb etdi. Hələ gənclik illərindən onun vətəndaş yanğısı ilə elm aləminə gəldiyi məlum oldu... Bir-birindən artıq qiymətli əsərləri ilə ədəbiyyat tariximizdə öz sözünü dedi, İraqın sosial-siyasi, mənəvi həyatına onun qədər dərindən bələd olan, bütöv İraqda hörmətlə adı çəkilən ikinci bir şəxs olmadı. O, əsl İraqşünas alim kimi özünü tanıtdı.
Kitab hər şeydən öncə özünün tərtibatı ilə diqqəti cəlb edir. Burda təkcə Bayatlar haqqında məlumat verilmir, bu xalqın haqqında tarixi mənbələrdə olan məlumatları verib onlara öz münasibətini bildirməklə kifayətlənmir, onun yaratdığı "Kitabi-Dədə Qorqud" dastanı haqqında yazılanlara özünün alim-vətəndaş münasibətini bildirir. Yuxarıda dediyim kimi hörmətli professor əsəri yazarkən bu vaxta qədər oxucularımıza məlum olmayan, ya da az məlum olan mənbələrə də müraciət edərək onları araya gətirmiş oxucusu ilə tanış edir. Bu müəlliflər prof. Faruk Sümer ("Oğuzlar Türkmənlər") tarixləri, boy və təşkilatı, Dastanlar (B., BXOR, 2013, 456 s), İraqlı prof. dr. Sübhi Saatçı və dr. Şəmsəddin Küzəçidir. Prof. S.Saatçının "İraq Türkmən boyları" (İstanbul, 2015), Dr. Ş. Kuzəçinin "İraqda Bayat Əşirətləri" kitabları Azərbaycan oxucusu üçün yenidir, hər üç alimin Bayatlar haqqındakı məlumatları yeni və maraqlı olduğu qədər tarixi reallıqları əks etdirir.
Bunları nəzərə alaraq professor Qəzənfər Paşayev özünəməxsus səmimiyyətlə həmin əsərləri oxucusuna təqdim edir...
İlk dəfə Xalq şairi Rəsul Rza Sovet nümayəndə heyətinin tərkibində İraqa gedərkən rastlaşdığı, dili, dini bir olan soydaşlarımızı görərkən heyrətdə qalmış, onlarla maraqlanmış, vaxtilə Azərbaycandan köç edib gəldiklərini öyrənib soraq etmiş, 1959-cu ildə Azərbaycan jurnalında özünün "Uzaq ellərin yaxın töhfələri" adlı məqaləsini yazaraq İraqda yaşayan soydaşlarımızın eyni kökə malik olduqlarını göstərmışdi. Bundan sonra prof. M.H.Təhmasib özünün "Uzaq ellərin yaxın töhfələri haqqında" adlı məqaləsini 1961-ci ildə yazaraq onu elmi ictimaiyyətə təqdim etdi. Alim ilk dəfə tarixi-müqayisəli metod əsasında Azərbaycan xalq şeirindəki bayatılarla İraq Türkmənlərinin xoyratlarının müqayisəsini vermiş, belə bir məntiqi nəticəyə gəlmişdir ki, fərq yalnız ləhcə, ifa xüsusiyyətləri ilə bağlıdır. Onlar eyni mənşəyə malik olub, eyni (arxaik) şeirin formal-poetik xüsusiyyətlərini əks etdirir. Prof. Qəzənfər Paşayevin İraq Bayatları haqqındakı araşdırmalarının sərhədləri daha geniş və çoxcəhətlidir. O, İraq Bayatlarının məskunlaşdığı coğrafi əraziləri gəzmiş, onların tarixi köklərini, etnik-milli xüsusiyyətlərini, məşğuliyyət sahələrini, diqqətlə izləyib öyrənmişdir.Tarixi məlumatlara dərindən bələd olub, həyat təcrübəsi əsasında, gözü ilə gördüklərini, əyani tanışlığı, ziyalılarla elmi-ədəbi əlaqələri sayəsində Azərbaycan auditoriyasında zəngin və silinməz təsəvvür yarada bilmişdir...
Kitabda Şərqin ustad şairi, anadilli poeziyamızın klassiki Məhəmməd Füzuli haqqında yığcam məlumatı oxuyanda xeyli sevindim, bir neçə kəlmə sözlə təsəlli tapdım... M.Füzulinin İraqın Qaranaz kəndində, Süleyman kişinin ailəsində dünyaya göz açdığı, boya-başa çatdığını bildim... Onu da bildim ki, böyük Azərbaycan şairi buradan Kərbəlaya gedib...
Kərkük və Mosul ətrafında və digər ərazilərdə yaşayan Bayatlar haqqında verilmiş zəngin etnoqrafik məlumat, kənd və qəsəbə adları, onlarda yaşayan insanların sayı haqqındakı məlumatlar əslində kiçik ensiklopediyadır, o gələcəkdə tarix və ədəbiyyat tariximizin yenidən yazılmasında əhəmiyyətli rol oynayacaq...
Gənclik həvəsi ilə, ilhamla, yorulmadan yazıb-yaradan professor Qəzənfər Paşayevi səmərəli elmi axtarışlarına görə təbrik edir, ona daha böyük uğurlar arzu edirik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!