Baba Babayev-70: Mənəviyyat və yaradıcılıq yollarında - Bədirxan Əhmədli yazır

 

Onun yaradıcılığını mümkün olduğu qədər izləyirəm; izləyirəm deyəndə, eyni cameədə işləyirk, müzakirələrdə bir yerdə oluruq, yazdıqlarını qaçırmıram. Əvvəlcə rastlaşandan-rastlaşana, son illərdə isə Ədəbiyyat İnstitutunun dəhlizlərində görüşüb hal-əhval tutur, fikir alış-verişi aparırıq. Tədqiqat obyektlərimiz də çox zaman üst-üstə düşür; yeni dövr və XX yüzil Azərbaycan ədəbiyyatının araşdırılması ilə məşğul olan çox az sayda ədəbiyyatşünaslardan biridir. İndi özünü çətinə salan, ədəbiyyatşünaslığın mürəkkəb dövrünü, mövcud boşluqları, həll olunmamış problemləri araşdıran ədəbiyyatşünasa böyük ehtiyac var. Bu mənada Onu mən çağdaş ədəbiyyatşünaslarımızın görkəmli nümayəndələrindən biri hesab edirəm; bu cür alimlər sayəsində dövrü, onun problemlərini bütün təfərrüatları ilə öyrənilir, araşdırılır, zamanla araşdırılması çətinləşən ədəbiyyatşünaslıq problemləri, ədəbi faktlar elmi həllini tapır. Yəqin ki, özü də bunun fərqindədi, ona görə ciddi-cəhdlə yeni-yeni məqalələr yazır, elmi, bədii kitablarını nəşr edir. Bu, Onun həyat tərzidi; ədəbiyyatla nəfəs almaq, mümkün olduğu qədər boşluqları doldurmaq tədqiqatçı xarakterindən və daxili, mənəvi dünyasının zənginliyindən irəli gəlir. O, həm də bir mənəviyyat adamıdır; təkcə elmlə məşğul olmur, həyatı boyu paralel olaraq müəllimlik edib, cəmiyyətdə maarifçilik rolunu üstünə götürüb, tələbələr, magistrlər, doktorantlar hazırlayıb. Mənəvi dünyası təkcə onun araşdırmalarındakı obyektivlikdə, hər şeyi təmiz şəkildə görməsi ilə məhdudlaşmır, yazdığı hekayələrində, esselərində bədii şəkildə ifadə olunur. Mənəviyyat işığı Onun keçdiyi həyat yolunda, yaradıcılığında, gündəlik davranışında, insanlara münasibətində də hiss edilir.

Ədəbiyyatşünas, tənqidçi Baba Babayevin yaradıcılığı çoxşaxəlidir; məqalələr, araşdırmalar, monoqrafiyalar, hekayələr, esselər, düşüncələr, xatirələr, konfrans materialları və s. çoxjanrlı fəaliyyətinin tərkib hissəsidir. Bir ədəbiyyatşünas kimi, yeni dövr Azərbaycan ədəbiyyatının ən aktual problemləri ilə məşğul olur. Bu sahədə onun tədqiqatları və fikirləri elmi dairələrdə maraqla qarşılandığı kimi, mötəbər mənbə hesab olunur. Çünki onun araşdırmaları elmidir, faktoloji ilə nəzəri düşüncənin kontekstində verilir, obyektivliyi daim qorumağa çalışır.

Hər bir ədəbiyyatşünasın araşdırmalarının bir ana xətti olur; bu xətt onu elmi mühitə tanıdır və bəzən sona qədər bu problem yaradıcılığında ehtiva olunur. Baba Babayevin tədqiqat arealı geniş olsa da, əsas obyekti yeni dövr Azərbaycan nəsrinin müxtəlif problemləridir.  Onun araşdırmalarında M.F.Axundzadə, N.Nərimanov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq, S.S.Axundov, S.M.Qənizadə, T.Şahbazi Simurğ, B.Talıblı, Qantəmir və başqa yazıçıların yaradıcılığında realizm və sənətkarlıq məsələləri kompleks şəkildə təhlil edilir. "Azərbaycan realist nəsrində satira", "Abdulla Şaiqin nəsr yaradıcılığı", "Azərbaycan satirik nəsrinə dair araşdırmalar" və b. monoqrafiyaları, çoxsaylı məqalələri, konfrans materialları tədqiqatçının bu istiqamətdə sistemli və davamlı araşdırmalarının elmi yekunu kimi səslənir. Məsələ burasındadır ki,  XIX əsrdə satira bir bədii xüsusiyyət kimi ədəbiyyatımıza daxil olduqdan sonra yeni mərhələ yaşamışdır. Bu mənada tədqiqatçı satiranın ümumən ideya-estetik prinsipləri və qaynaqlarını, nəzəri komponentlərini araşdırmağa nail olur. Lakin satiranın ədəbiyyatımıza daxil olmasının qaynaqlarına da baş vuraraq folklorda və klassiklərin yaradıcılığında satira ənənələrinin təzahürünə də yer verir. Qaynaqları milli folklorumuzdan başlayan satira və yumorun Azərbaycan realist nəsrində yeni forma və məzmunda üzə çıxmasının konturları müəyyənləşdirilir. Azərbaycan şifahi xalq ədəbiyyatında gülüşün ayrılmaz xüsusiyyəti kimi özünü göstərən janrlar da bunu deməyə imkan verir. Azərbaycan satirik nəsrinin təzahür formaları və yeni inkişaf mərhələlərini bütün təfərrüatı ilə araşdırmaq da Baba Babayevin üzərinə düşən əsas missiyalardandır. Bədii nəsr yaradıcılığında satira və gülüşün sistemli şəkildə araşdırılması da burada baş verir. Xüsusilə, satiranın ədəbi, bədii düşüncədəki yeri və mövqeyi haqqında milli ədəbiyyatşünaslığımızda uzun müddət  birmənalı mövqe olmamışdır. Mənim də tədqiqatlarımda toxunduğum və bir konsepsiya kimi qoyduğum satiranın nəzəri aspektləri probleminə tədqiqatçı da çox doğru olaraq dünya nəzəri kontekstindən yanaşır və onu bədii xüsusiyyət, janr və gerçəkliyi qarışıq şəkildə əks etdirən bədii prinsip olaraq dəyərləndirir. Ədəbiyyatın müxtəlif janrlarında satiranın təzahür formaları, realist satirik nəsrdə M.F.Axundzadə ənənələri və yeni motivlər, "Molla Nəsrəddin" ədəbi məktəbi və satirik nəsrin yeni inkişaf mərhələsi, bədii nəsrdə satira və gülüşün funksiyası və özünəməxsusluqları, obrazların gülünclüyü və situasiyanın komikliyi, sənətkarlıq məsələləri, hekayələrdə satirik detalın mahiyyəti və s. kimi problemlərin ilk dəfə olaraq elmi təsnifatı verilir. Azərbaycan satirik nəsrinin, eləcə də "Molla Nəsrəddin"in M.F.Axundzadə ənənələrini davam etdirdiyini, yeni mövzu, ideya, realizm ruhu ilə zənginləşdirdiyi elmi cəhətdən əsaslandırılır: "Molla Nəsrəddin" jurnalı yeni realist satirik ədəbiyyatın vüsətlənməsini təmin etdi. C.Məmmədquluzadə M.Ə.Sabirlə birlikdə realist ədəbi cərəyanın satira məktəbinin başında durdu. Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yeni ruhli, yeni üslublu əsərlər yazan müəllifləri öz ətrafında birləşdirdi".

Baba Babayev araşdırmalarında satira və gülüşün nəzəri, praktik məsələləri ilə yanaşı, onun özünəməxsusluqları, uyğunsuzluqları və komizm, gülüş doğuran xüsusiyyətlərini, bütövlükdə sənətkarlıq məsələlərini sistemli şəkildə tədqiq edir. "Adların gülüş doğuracaq təbiəti", "Bədii nəsrdə satiranın çalarları", "Satirik detalın müxtəlifliyi", "Satirik nəsrin poetik komponentləri", "Satirik nəsrin üslub xüsusiyyətləri" onun bir satirik nəzəriyyəçi kimi obrazını ifadə edir.

Baba Babayev həm də satirik ədəbiyyatın aktual problemlərini araşdırır. "Azərbaycan satirik nəsrinə dair araşdırmalar" monoqrafiyasında XIX yüzilin ikinci yarısı və XX yüzilin əvvəllərində yazıb-yaratmış yazıçıların satirik nəsr əsərlərində sənətkarlıq, gülüşün xarakteri, təbiəti, satiranın çalarları kimi problemlər tədqiqat obyekti olur. Y.V.Çəmənzəminli, B.Talıblı, Mir Cəlal, S.Rəhman, S.Hüseyn, T.Ş.Simurq kimi yazıçıların hekayələri ilə bağlı gəldiyi elmi qənaətlər maraqlıdır. Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi", "Şahqulunun xeyir işi", "Müsəlman arvadının sərgüzəşti", "Toy", "Dərs", "Üç gecə" və s. hekayələrindəki tənqid hədəfləri doğru müəyyənləşdirilir və yazıçının bir çox keyfiyyətlərin tənqidinin ictimai kəsərliliyini açıb göstərir. Tədqiqatçı ayrı-ayrı faktlarla yazıçının yaradıcılığındakı satirik psixologizmi, istehza, dərin yumor, bədii vüsət, ictimai kəsərliliyi açmağa nail olur. Üzeyir Hacıbəyov, Mir Cəlal, Sabit Rəhman və başqalarının hekayələrinin ideya özünəməxsusluğu, gülüş çalarlarının zənginliyi satirik obrazların müxtəlifliyi baxımından təhlilə cəlb edilir.

Baba Babayevin elmi yaradıcılığında monoqrafiya janrı aparıcıdır; bir çox yazıçılar və problemlər barədə yazdığı əsərlər ciddi tədqiqat əsərləridir. "Abdulla Şaiqin nəsr yaradıcılığı" və "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyaları ədəbiyyatşünaslığımızda olan boşluğu doldurur. "Abdulla Şaiqin nəsr yaradıcılığı" monoqrafiyasında tədqiqatçı romantik-maarifçi yazıçının hekayələrini, povest və romanlarını təhlil edərək yazıçı yaradıcılığına özünəməxsus rakursdan baxır. Lirik nəsrimizin "təməl daşını qoyan"lardan (M.Hüseyn) biri A.Şaiq yaradıcılığının realizm-romantizm kontekstində araşdırmaq və yeni keyfiyyətləri üzə çıxarmaq da onun üzərinə düşür. Doğrudan da, romantizm, realizmlə yanaşı, sosrealizm dövründə də yazıb yaradan və bu keyfiyyətləri yaradıcılığında qoruyub saxlayan yazıçının bu kontekstdən araşdırılması vacib və gərəklidir. Baba Babayev A.Şaiqin hekayə, povest və romanlarını janr xüsusiyyətləri baxımından da tədqiq edərək bir çox məsələlərə aydınlıq gətirir. A.Şaiq yaradıcılığının təhlilində tədqiqatçının orijinal cəhətlərindən biri yazıçının yaradıcılığının özünəməxsusluqlarını, janr və üslub xüsusiyyətlərini və yaradıcılıq metodunu üzə çıxarmaqdır. Tədqiqatçı "Köç"ü  səciyyəvi hekayə, "Dursun"u, "İki müztərib yaxud əzab və vicdan", "Əsrimizin qəhrəmanları" əsərlərini "yeni tipli povest"lər adlandırır: "A.Şaiqin "İki müztərib, yaxud əzab və vicdan" və "Əsrimziin qəhrəmanları" əsərlərini də ilk Azərbaycan romanlarından saymaq olar. Bunlar həm öz janrı, həm də problematikası və üslubu ilə Azərbaycan ədəbiyyatında yeni tipli romanlar idi. "İki müztərib, yaxud əzab və vicdan" əslində romantizm ədəbi metodunda yazılan ilk romandır". Tədqiqatçının gəldiyi bu qənaət ədəbiyyatşünaslığımızın ümumi fikrini də özündə ehtiva etmiş olur.

Baba Babayevin "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası üzərində bir qədər geniş dayanmaq lazım gəlir. Nədən ki, XX əsr sosrealizm dövrü Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsi haqqında ilk tədqiqat əsəridir. Məsələ heç də ilk tədqiqat əsəri olmağında deyil, yazıçının yaradıcılığını bütün yönləri, müasirlik duyğusu, ideya-məzmun mündəricəsi ilə açılmasındadır. Bu cür əsərlər sənətkara ikinci ömür yaşadır. Məhz Həsən Seyidbəylinin bu ömrü yaşamasına böyük ehtiyac vardı. Tədqiqatçı burada "Cəbhədən-cəbhəyə", "Telefonçu qız", "Tərsanə" əsərləri ilə məşhur olan yazıçının həyat və yaradıcılığını müxtəlif problemlər baxımından araşdırmağa nail olur, onu həm də hekayə və novellalar ustası kimi təqdim edir. Yazıçı yaradıcılığının bu keyfiyyətini üzə çıxarmaq üçün yazıçının süjet, obrazyaratma, dialoqlar, konfliktlərin təbiiliyi kimi detallara nəzər yetirir. Monoqrafiyada Həsən Seyidbəylinin ədəbi fəaliyyəti, yaradıcılıq axtarışları, nəsr təkamülü, povest və romanlarında sosial həyat və üslub fərdiliyi sistemli şəkildə araşdırılır.

Baba Babayev XX əsr Azərbaycan ədəbiyyatının şəxsiyyətləri və ən müxtəlif problemləri haqqında da məqalələr yazmış, ədəbi düşüncələrini ifadə etmişdir. "Gülüşlə düşündürən ədib" məqaləsində Mir Cəlal yaradıcılığının çoxsəsliliyini, satirik gülüşünün ictimailiyini və özünəməxsusluğunu açır. "Gələcəyin poeziyası" məqaləsində isə Rəsul Rzanı ədəbiyyatımızda "öz sözü, öz səsi, öz yeri olmuş" bir şair olaraq dəyərləndirir. "Mehdi Hüseyn böyüklüyü" məqaləsində onun ədəbiyyat tariximizdəki yeri və mövqeyi müəyyənləşdirilir. "Mixaylo"nun (Mehdi Hüseynzadə) şeirləri ilə ilk tanış edən və bu şeirləri oxucuya çatdıran da tədqiqatçı olur. XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı bu cür araşdırmalarının çoxşaxəliliyini bir daha təsdiq edir.

Baba Babayev ədəbi prosesi yaxından izləyir, yeni çapdan çıxmış əsərlər, tədqiqatlarla bağlı fikir bildirmək ehtiyacını həmişə özündə hiss edir. "Elçinin "Qatil" dramında bədii şərtilik və psixologizm", "Elçinin "Baş" romanı haqqında qiymətli əsər", "Sevgidən yoğrulmuş poeziya", "Dəccal məni diksindirdi", "Yay gecəsinin soyuğu", "Min əzaba çata-çata yaşadım" və s. məqalələrində çağdaş ədəbi prosesdə baş verən proseslərə, hadisələrə münasibət bildirir. Bu kontekstdə ədəbiyyatşünas həmkarlarını da yaddan çıxarmır, onların elmi uğurlarını daim  bölüşür. Bu da onun klassik ziyalılığından irəli gəlir. Çağdaşları haqqında yazılarda onların gördüyü işə qiymət vermək, həmkarlarının yaradıcılığını yeri gəldikcə təhlil etmək klassik ziyalılığın bir örnəyidir. Bəkir Nəbiyev, Şamil Salmanov, Arif Əmrahoğlu, Zaman Əskərli, Şamil Vəliyev, Salidə Şərifova kimi ədəbiyyatşünasların araşdırmalarına yazdığı resenziyaları həmkarlarının yaradıcılığına həssaslıqla yanaşdığının sübutudur. Onun bir çox məqalələrində çağdaş ədəbi prosesin ayrı-ayrı şəxsiyyətlərinin (yazıçı, şair, dramaturq, tənqidçi) yaradıcılığı, ədəbi təmayüllərin nəzəri məsələləri də öz həllini tapır. Bu təhlillərdə məsələnin qoyuluşu və özünəməxsus təhlil metodologiyasının şahidi oluruq.

Ədəbiyyatşünaslar, ədəbiyyatın tədqiqi ilə məşğul olanlar çox zaman bir yazıçılığa da meyil edirlər. Ən azından onların arxivində bir neçə bədii yazının olmaması mümkün deyil. Bu cəhətdən Baba Babayevin yaradıcılığı bundan xali deyil. Baba Babayevin tez-tez olmasa da, mətbuatda bəzi hekayələrini oxumuşdum.  Mətbuatda dərc etdirdiyi bu hekayələr, esselər sonralar "Səni axtarıram" kitabında toplandı. Bu hekayələr məndə onun bir yazıçı kimi özünəməxsus bədii dünyasının olduğu qənaətini gücləndirdi. Hekayələrində lirik-psixologizm və satirik-psixologizm üslubuna yer verərək özünəməxsus ifadə tərzi və üslubu sərgiləyir. Müəllif hər bir hekayədə dəyişən və yeniləşən təhkiyə üsulu ilə yaşadığımız həyatda baş verən və ya müşahidə etdiyi hadisələri gerçəkliyə uyğun olaraq təsvir edir. "Namus" hekayəsində ibrətamiz bir hadisə təsvir olunur; məkrli erməni keşişinin seyid adı ilə evin kişisi olmayan bir qadının kənddən aralı evinə gəlib bir gecəlik ondan qalmasını xahiş edir. Seyidin yalvarışları, havanın pis olması və uşaqlarının buna əyləncə kimi baxaraq "bizə nağıl danışar" israrları ilə onu evinə dəvət edir. Lakin keşişin öz planları var idi; gecə uşaqları yatırdıqdan sonra məkrli planını həyata keçirmək istəyir. Banuçiçək çətinliklə onun əlindən qurtulub bayıra çıxır və qapını çöldən bağlayır. Bu zaman keşiş uşaqları öldürməklə hədələyir, lakin Banuçiçək namusunu qorumaq üçün üç uşağının ölümünə razı olur. "Qisas" hekayəsində çoban tərəfindən gözləri çıxarılmış dörd canavar balasının böyüdükdən sonra anaları ilə birgə həmin çobandan aldıqları qisası "korların qisası" kimi mənalandırılır. Gənc bir müstəntiqin dilindən verilmiş "Bəlalı sevgim" hekayəsində iki gəncin bir-birini sevməsi, lakin həyatın onları bir-birindən ayrı salmasına baxmayaraq yenidən birləşmələri lirik cizgilərlə verilir. "Zabitin harayı", "Allahın qəzəbi", "Dilarənin taleyi", "Beton qız" hekayələrində də lirik-psixoloji ovqat və özünəməxsus təhkiyənin qovuşuğu yazıçı üslubunun formalaşmasından xəbər verir. "Səni axtarıram" essesində lirik qəhrəmanın Onun yoxluğundan duyduğu hisslərin və düşüncələrin bədii interpretasiyasını təqdir edir: "Xəbərin varmı, gülüm?! Neçə günlərdir, neçə aylardır ki, pünhan-pünhan səni axtarıram!

Sənsiz keçən həftələrimdə, günlərimdə, saatlarımda səni axtarıram. Sənsizliyimdə də səni axtarıram, səni!

Bəs hardasan, harda! Səsləyirəm... Xəzərin gümüşü ləpələri səs verir, amma...

Sən yoxsan!... Yoxluğun ürəyimdə ağır bir dərd olubdur. Sənin möhnətin, həsrətin... nə yaman ağır imiş...".

Son dövrlərdə satirik hekayələr az yazılır. Baba  Babayevin yaradıcılığında bu janra yenidən müraciət edilir. "Evlər yıxan Şahbaz", "Hiylə", "Nazir müavini", "Öpüş", "Yubiley", "Deputat xəstəsi", "Topal Nurəddin" və b. hekayələrində çağdaş dövrün mənəvi aşınma problemləri bədii tədqiq obyekti olur. İstər lirik-psixoloji, istərsə də satirik hekayələrində müəllifin son dərəcə səmimi və canlı dili, üslubu ilə qarşılaşırıq.

Baba Babayevin bir ədəbiyyatşünas alim, yazıçı, ziyalı kimi öz aləmi, daxili dünyası var. Bu daxili dünyada saflıq, təmizlik var, insanda insanlığı, əməksevərliyi, xeyirxahlığı çox sevir, nifrət edə bilmir, çünki hətta düşmən olsa belə, nifrətdə bir iblislik var, daim iblislə yanaşı gəzir. Ədəbiyyatı çox sevir, ömrünü, gözünün nurunu verdiyi elmə, ədəbiyyatşünaslığa cani-dildən aşiqdir, bu yazıların, axtarışların əvəzində aldığı cüzi maddi haqq belə onu qətiyyən düşündürmür. Ədalətsizliklə heç zaman barışa bilmir və gec-tez bu onun davranışlarında hiss olunur. Hekayələrində təsvir etdiyi xeyirxahlıq və yaxşılıq özünün də həyat amallarından biri kimi görünür.  Bəlkə də onu bu yaşda davamlı araşdırmalara sövq edən, onun ziyalı obrazını formalaşdıran da elə bu keyfiyyətlərdir. Baba Babayev yetmiş yaşına kimi qazandığı bu xüsusiyyətləri bundan sonra da eyni şəkildə qoruyub saxlayır. Biz də bu mənalı həyat və yaradıcılıq yolunda Ona uğurlar diləyirik...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!