Azərbaycan türkologiyası: təməllər, təmayüllər - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Azərbaycanda türkologiya bir elm kimi XX əsrin əvvəllərində türkçülük ideologiyasının təsiri altında təşəkkül tapmışdır. Bu ideologiyanın yaradıcısı əvvəl Peterburqda, sonra isə İstanbulda universitet təhsili almış, Bakıda publisistik fəaliyyət göstərmiş böyük mütəfəkkir, "Turan" təxəllüslü Əli bəy Hüseynzadədir ki, öz ideyalarını (və ideallarını!) "Həyat" qəzetində, "Füyuzat" jurnalında həm cəsarət, həm də bütün intellektual miqyası ilə bəyan etmişdir. Onun "Türklər kimdir və kimlərdən ibarətdir?" proqram məqaləsi ideologiyadan elmə ? türkçülükdən türkologiyaya yol açmışdır.

Əli bəy Hüseynzadə hər nə qədər türk birliyi tərəfdarı olsa da, azərbaycançılığın əsaslarını müəyyən edən "türkləşmək, islamlaşmaq, avropalaşmaq" düsturunun da müəllifidir. Bu isə onu göstərir ki, böyük mütəfəkkirin düşüncələri kifayət qədər dinamik olmuş, ictimai-siyasi proseslərin gedişini, zamanın çağırışlarını həssaslıqla əks etdirmiş, hadisələrin önündə getmişdir. İdeologiya ilə elmi birləşdirmək, daha dəqiq desək, artıq yayılmağa başlamış türk birliyi məfkurəsinin türkoloji əsaslar üzərində oturtmaq istəyinin nəticəsi idi ki, Əli bəy Hüseynzadə tarixə müraciət edir, müxtəlif dinlərin, təriqətlərin ayırdığı bugünkü türk xalqlarının kökündə eyni "din"in dayandığını xatırladırdı:

 

Sizlərsiniz, ey qövmi-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşəyi Turan.

Bir dindəyiz biz, həpimiz həqpərəstan,

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

 

Əlbəttə, o, tək deyildi, həm Qafqaz türkləri, həm də ümumən türklər arasında onun məsləkdaşları vardı. Eyni zamanda türkçülük ideologiyası, eləcə də türkologiya elmi tələb edirdi ki, türklüyün coğrafi miqyası lazımi genişlikdə dərk edilsin... Bununla belə Azərbaycan türkologiyasının ilk təməlini məhz Əli bəy Hüseynzadə atmışdır.

XX əsrin 20-ci illərində Bakı türkologiyanın mərkəzlərindən birinə çevrilir. Doğrudur, Yeni Əlifba Komissiyası yaranması, qızğın fəaliyyəti, I Türkoloji qurultayın (1926) keçirilməsi sovet konyukturası ilə müşayiət edilirdi, ancaq unutmaq olmaz ki, latın əlifbasına keçid də, türk xalqlarının (dillərinin, ədəbiyyatlarının, mədəniyyətlərinin və s.) bir mərkəzdən idarəsi (kordinasiya edilməsi) də sovet dövründən xeyli əvvəllərə aid ümumtürk maraqlarına daxil idi.

Bu illərin ən böyük Azərbaycan türkoloqu, heç şübhəsiz, professor Bəkir Çobanzadə olmuşdur. Bakıya dəvət edildiyi 1924-cü ildə "Azərnəşr"də onun "Türk-tatar lisaniyyatına mədxəl" ("Türk-tatar dilçiliyinə giriş") kitabı çıxır ki, bu kitab türkoloji dilçiliyin türkcə yazılmış ilk dərsliyidir. Bəkir Çobanzadə 20-ci, 30- cu illərdə türkologiyanın bir sıra sahələrində yüksək peşəkarlıqla araşdırmalar aparmışdır ki, buraya ilk növbədə aşağıdakılar aiddir: ümumi türkologiya məsələləri, dialektologiya, terminologiya, əlifba, ədəbiyyatşünaslıq, dil və ədəbiyyat tədrisi (metodika)... Həmin sahələr üzrə gənc kadrların hazırlanması da Mirzə Kazımbəydən yüz il sonra yetişmiş türk mənşəli ikinci türkoloq- professorun tarixi xidmətlərindən biridir... Və cəsarətlə demək olar ki, I Türkoloji qurultayda aparılan müzakirələrə, qəbul edilən qərarlara Bəkir Çobanzadənin peşəkarlığı (və milli təəssübkeşliyi!) həm nəzəri, həm də praktik baxımdan istiqamət vermişdir.

Əli bəy Hüseynzadə kimi, Bəkir Çobanzadə də tək deyildi... Türkçülükdən türkologiyaya keçid yeni ziyalılar nəslinin dünyagörüşündə çox geniş bir hərəkata çevrilməkdə idi. Ancaq 30-cu illərin ortalarından sonra hərəkətə keçən antitürkçü repressiya Azərbaycan türkologiyasının ikinci təməlini də dağıtdı. Və "Stalinin xofu" aradan qaldırılana, yəni 60-cı illərə qədər Azərbaycanda nəinki türkologiya elmi inkişaf etmədi, hətta Azərbaycan xalqının türk mənşəli xalqlardan biri olması da şübhə altına alındı.

Azərbaycan türkoloqlarının üçüncü nəsli 60-cı illərdən meydana çıxmağa başladı, Bakının türkologiya sahəsindəki tarixi xidmətlərini "xatırlayan" Moskva 1970-ci ildə burada ümumittifaq miqyaslı "Sovet türkologiyası" jurnalının (rusca) nəşrini həyata keçirməklə yanaşı, Azərbaycan (indiki Bakı) Dövlət Universitetində Türkologiya kafedrasının açılmasına icazə vermişdir... Türkçülük ideologiyasının qadağan olunduğu 70-ci, 80-ci illərdə Azərbaycan türkologiyası o dərəcədə acınacaqlı durumda idi ki, ona "türksüz türkologiya", yaxud "antitürkologiya" demək olardı. Az-çox nüfuzlu türkoloqlar fonetika, qrammatika, folklorşünaslıq kimi, əgər belə demək olar, ideologiyadan uzaq sahələrdə çalışırdılar... Türk xalqları arasında xüsusilə humanitar sahələrdə elmi əlaqələr yox dərəcəsində idi, yalnız Moskva vasitəsilə (və ideya-metodoloji məhdudiyyətlərlə!) gerçəkləşdirilə bilərdi.

Əli bəy Hüseynzadədən, Bəkir Çobanzadədən sonra 70-ci, 80-ci illərdə meydana çıxan sovet türkologiyası hər nə qədər qüsurlu olsa da, bu gün Azərbaycanda aparılan türkoloji araşdırmaların təməlləri sırasındadır... Hər şeydən əvvəl ona görə ki, 90-cı illər Azərbaycan türkologiyasında 80-ci illər bilavasitə davam edir. Müstəqillik dövründə türkologiya qarşısında, əlbəttə, geniş perspektivlər açılmışdır, bununla belə elə ciddi metodoloji problemlər var ki, onları qısa bir müddətdə aradan qaldırmaq mümkün deyil... Məsələn, bu gün Azərbaycan türkologiyasının (və türkçülüyünün) tarixi elmi araşdırmaların diqqət mərkəzindədir: Əli bəy Hüseynzadənin (və ümumən XX əsrin əvvəllərinin) türkçülük məfkurəsi, Bəkir Çobanzadənin (və 20-ci-30-cu illərin) türkoloji fikri çox böyük maraqla öyrənilir, "sovet türkologiyası"nın ziddiyyətləri, antitürkçü xarakteri üzə çıxarılır... Bunların hamısı türkologiyanın (və türkçülüyün) düzgün elmi hüdudlarını müəyyənləşdirməkdən ötrüdür.

Hazırda Azərbaycanda türkoloji təfəkkürün perspektivlərini aşağıdakı səbəblər, yaxud intellektual ehtiyaclar şərtləndirir:

a) müstəqil Azərbaycan dövlətinin ideologiyası olan azərbaycançılığın əsas tərkib hissələrindən biri məhz türkçülükdür;

b) türk xalqları arasındakı əlaqələrin miqyasca genişlənməsi, sıxlaşması ümumən Türk məkanında, eləcə də Azərbaycanda türkçülüyə (və türkologiyaya) marağı artırır;

c) bu və ya digər dərəcədə imperialist missiya daşıyan türkoloji mərkəzlərin süqutu milli (və akademik!) türkoloji mərkəzlərin yaranmasını stimullaşdırır.

Müasir dövrdə - XXI əsrin əvvəllərində Azərbaycan türkologiyasını aşağıdakı təmayüllər təmsil edir:

a) Azərbaycanda türklüyün tarixi, yaxud daha ümumi şəkildə desək, etnogenez problemi - etnoqrafik, linqvistik, ədəbi, mədəni və s. baxımlar;

b) türk xalqlarının ortaq etnokulturoloji irsi məsələsi ki, ona Azərbaycan xalqı da şərikdir - qədim türklər, onların ana vətənləri, yayılma coğrafiyaları, pradilləri, ortaq mifologiya, epos, ədəbiyyat, incəsənət, din və s. (qeyd edək ki, Azərbaycanda Altay, Ural-Altay nəzəriyyələrilə məşğul olan mütəxəssislər hələ ki yoxdur);

c) müasir türk məkanında gedən inteqrasiya proseslərində Azərbaycanın mədəni, iqtisadi, siyasi, diplomatik və s. səviyyələrdə akademik iştirakı.

Əlbəttə, bu təmayüllər göstərir ki, Azərbaycan türkologiyası öz maraq dairəsini olduqca genişləndirmiş, dilçilik, folklorşünaslıqla yanaşı, ədəbiyyat, incəsənət, tarix, coğrafiya, fəlsəfə, iqtisadiyyat və s. sahələri ehtiva edən multidissiplinar miqyas almaqdadır. Müşahidə olunan başqa bir mühüm cəhət Azərbaycan türkoloqlarının onlar üçün doğma olan Türk məkanı ilə kifayətlənməyib dünya türkoloji mərkəzlərilə də məhsuldar elmi əlaqələrə cəhd göstərmələridir.

Azərbaycan türkologiyasının bugünkü inkişaf təmayülləri ilk növbədə ona görə böyük perspektivlər vəd edir ki, milli özünüdərk (və özünütəsdiq!) ehtiyacından yaranan, kifayət qədər sağlam, mükəmməl təməllərə dayanır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!