Tariximiz alimlərimizin qələmində - Sabir Rüstəmxanlı yazır

 

Tarix araşdırmaçılığından bizə əsasən iki cür nümunə gəlib çatmışdır: 1. Saraylarda yazdırılan salnamələr; 2. Hakim din və ideyaların təsiri altında olan əsərlər... Güneydə fars şovinizmi, Quzeydə rus imperiya siyasəti və sonralar Avropada doğulan ideyalar tarix kitablarımızın çoxuna nihilist bir özünüunutqanlıq aşılamışdır.

Maraqlıdır, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarix elmimiz də müstəqilləşə bildimi? Bu gün tariximizi yazanların düşüncələrinə və niyyətlərinə göz yetirmək zamanıdır.

İndiyə kimi Azərbaycan coğrafiyasında baş verən olayların, mövcud olmuş dövlətlərin, hökmdarların, başqa sözlə desək, ərazinin tarixi yaxşı-pis yazılsa da, Azərbaycan xalqının tarixi yazılmayıb. Tarixi yaradanlar onu yazmaq haqqında az düşünüblər.

 

Sağ olsun ulularım,

Şərqi Qərbə yetirib,

Qərbi Şərqə çatıblar.

Tarixi yazmasalar da

Tarixi yaradıblar...

 

Əsl milli tarix milli hökumətin vaxtında yazıla bilərdi. Bu imkan 1918-ci ildə yarandı, lakin vaxt çatmadı.

1991-ci ildə müstəqilliyimizin bərpası tarixçiliyimizin inkişafi üçün real şərait yaratdı, buxovlar qırıldı və keçmişimizə sərbəst, obyektiv yanaşmaq istiqamətində önəmli addımlar atıldı; bir sıra dəyərli əsərlər yarandı. Lakin köhnə basmaqəlib düşüncədən xilas yolundakı əngəllərin hamısını hələ də aradan qaldıra bilməmişik... Bunun obyektiv və subyektiv səbəbləri var.

Obyektiv səbəblər deyəndə tariximizə aid ilkin mənbələrin bir qisminin hələ də əldə olmaması, xüsusən Cin, Hindistan və Avropa fondlarında saxlanılan bir sıra əlyazmalarından xəbərsizliyimiz, peşəkarlıq səriştəsinin aşağılığı, qədim dilləri (o cümlədən Şərq dillərini) bilən və ilkin mənbələrə əli yetən mütəxəssislərimizin yoxluğu, yəni məlumatın üçüncü, dördüncü əldən alınması, Azərbaycanın da daxil olduğu bölgədə əski yazıları orijinaldan öyrənməməyimiz, tarixi yerlərimizdə, o cümlədən Güney Azərbaycanda sərbəst arxeoloji axtarış aparmamağımız, tariximizə ümumtürk müstəvisindən kənarda baxılmaq çəhdi və s. göstərilə bilər... Subyektiv səbəb isə bəzi tarix kitablarımızın tarixdən çox, yenə də siyasətə xidmət etməsi və kecmişi də bugünün tərəzisiylə ölçməsidir. Yüzillik siyasətin əsiri olmuş elmi on beş-iyirmi ildə təmizləmək, çəkilən pərdələri qaldırmaq, yolların hardan başlandığını görmək o qədər də asan deyil. Həm də ən çətin iş dünya tarix təcrübəsini dərindən bilən yeni alimlər nəslinin yetişdirilməsidir; köhnə nəslin beyninə yad ideologiyalar və yanaşmalar o qədər ustalıqla yeridilib ki, onların bəziləri öz yanlış yollarını səmimi şəkildə əsl elm hesab edir, bildikləri saxta məlumatlara obyektiv elmi bilgi kimi ürəkdən inanırlar. Köhnə yanaşma ənənələrindən qopa bilməyən bəzi tarixçilər hər yeni dövründə obyektiv tarix əvəzinə, müəyyən dairələri razı salan tarix quraşdırmağa çalışıblar. Bu, sonuncu söylədiyim ayrı və son dərəcə ciddi bir mövzudur, imkan olsa həmin məsələyə bir də qayıdarıq...

Digər sahələrdə olduğu kimi, elmi müəssisələrimizin başında dayananların da bir qismi 5-ci kolona xidmət edir. Köhnə sovet ideologiyasının təbliği üçün yazılmış əsərlərini, başlıqlarını dəyişmək, mətndə xırda kosmetik əməliyyatlar aparmaqla, müstəqil dövlətin ictimai düşüncəsinə sırımaqla milli düşüncəni iflic vəziyyətinə salırlar. Şükür ki, bu xəttin başında dayanandan xilas olduq, qalır onun qulbeçələri, katib və katibələri...

Ümumi tariximizə münasibət zamanı Azərbaycan tarixşünaslığında əsas mübahisə mövzularının daha çox aşağıdakı üç istiqamətdə toparlandığını görürük:

1. Azərbaycanlılar yerlı xalqdır, yoxsa kənardangəlmə; Gəlmədirsə bu köç hansı dövrdə olub?

2. Azərbaycan ərazisində qurulmuş qədim dövlətlər hansı  xalqa məxsusdur, buranın qədim sakinləri hansı dillərdə danışırdılar, bugünkü azərbaycanlıları onların varisi saymaq olarmı?

3. "Azərbaycan türkü", "Azərbaycan xalqı", "azəri" anlayışları və xalqımızın təşəkkül tarixi...

Bunlardan başqa, bəzi etimologiya və termin ziddiyyətləri də mövcuddur və dəqiqləşdirilmələrinə ehtiyac var. Əslində, bu suallar bir-birilə sıx bağlıdır və birinə verilən cavab digərlərinə də aydınlıq gətirə bilər...

Ədalət naminə deyilməlidir ki, müstəqillikdən əvvəl də bəzi tarixçilərimiz müqaviməti qıraraq tariximizin obyektiv mənzərəsini yaratmağa calışırdılar. Bu baxımdan Yusif Yusifovun, Süleyman Əliyarlının, Ziya Bünyadovun, Sara Aşurbəylinin xidmətləri böyükdür. Bunun yanında tarixə qida verən filoloji materialların da rolu, o cumlədən Anar, Aydın Məmmədov, Altay Məmmədov, Tofiq Hacıyev, Firudin Ağasıoğlu, Kamal Abdulla, Nizami Cəfərov, Yunus Oğuz, Bəxtiyar Tuncay və başqalarının araşdırmalarının əhəmiyyəti danılmazdır. Vaxtilə bu məsələlərə mən də öz münasibətimi bildirmişəm və mənim Azərbaycan və türklük tarixini saxtalaşdıranlara verdiyim cavab bəzi həqiqətlərin populyarlaşmasında, cəmiyyətin diqqətinin bu məsələlərə yönəldilməsində, tarixçilər bunu etiraf etsə də, etməsə də, müəyyən rol oynayıb. Təvazökarlıqdan uzaq olsa da bunu deməliyəm. Bu barədə onlarca məqalə yazılıb.

Azərbaycanda türklüyün tarixini süni şəkildə, yaxın əsrlərə çəkmək, onları gəlmə saymaq ənənəsi və bu sahədə hamının qəbul etdiyi vahid bir mövqeyin bəlirlənməməsi həmin məsələlərə yenidən qayıtmaq zərurətini ortaya çıxarır...

 

***

Türklərin istisnasız köçərı xalq sayılması və onların Avroasiyaya Altaylardan yayılması fikri vaxtilə türk axınları qarşısında səsini çıxara bilməyən, ancaq onların sayəsində ayılan, cəhalətə son qoyan Avropanın qərəzli tarix siyasəti nəticəsində "rəsmiləşmiş" və az qala mübahisədənkənar bir aksioma çevrilmişdir. Bu iddia o qədər şişirdilib ki, hətta Türkiyədə də az qala ehkam kimi qəbul olunur. Fərq bundadır ki, bəzi Avropa tarixçiləri bir az da "irəli" gedib Anadolunun türkləşməsini Ərtoğrulun hakimiyyət dövründən başlamağa cəhd göstərir, Anadolu türklərini də türk, yunan, erməni, kürd, slavyan, boşnak, arnavut qarışığından ibarət bir "yığma komanda" kimi qələmə verməyə çalışırlar. Belə bir sualı da nəzərə almırlar ki, əgər həmin adları çəkilən xalqlar birləşib bugünkü türk xalqını yaradıblarsa, bəs dünyada mövcud olan bu yunan, erməni, slavyan, boşnak, arnavutlu dövlətləri hardan çıxdı, o dövlətləri kimlər yaratdı; niyə həmin xalqların bir hissəsi türkləşdi yerdə qalanları yox? Necə oldu ki, onların bir qismi türkə çevrildiyi halda, qalan hissəsi türk düşməni oldu? İnternet saytlarında müxtəlif dillərdə yayılan bu türlü "bilgilərə" reaksiya zəifdir. Heç olmasa 1071-ci ilin Malazgit savaşını xatırlatmırlar bu tipli "türkşünaslara". Əslində, Türkiyənin öz tarixşünaslığı da o qədər fərqli deyil. Fərq bundadır ki, onlar ara-sıra, ötəri şəkildə, səlcuqlardan 6-7 yüz il öncə Qara dənizin üstündən qıpçaq və peceneqlərin Balkanlarda görünməsini, hunların Avropadakı hakimiyyətini, Dunayı keçərək cənuba doğru enmələrini xatırladırlar. Bu ötəri xatırlamalara baxmayaraq, Türkiyədə "Cəlcuqlar dönəmində Orta Asiyadan gəlmişik" fikri formalaşdırılıb. (Müqayisə üçün deyək ki, Azərbaycan türklərində belə bir "gəlməyik" düşüncəsi və yaddaşı yoxdur). Anadoluda min illər at oynatmış qamərlər, kəngərlər, sabirlər, hurrilər, əqraba şumerlər və başqalarının inkar edilə bilməyən türk bağlılığı (bəlli bir mübahisə və ya etiraz doğursa da) atılır bir kənara; belə çıxır ki, Bizans dönəmində və ondan öncə bu yerlərdə Hind-Avropalılardan başqa heç kim yaşamayıb.... Məqsəd və məntiq bəllidir. "Gəlməsiniz, lazım olanda yenə gəldiyiniz yerə göndərilərsiniz!..". Avropalıların Amerikaya, ingilislərin Avstraliyaya dünən-srağagün yerləşməsi yada düşmür və Amerikada da, Avstraliyada da heç kim özünə "gəlmə" demir və bununla bağlı sıxıntı yaşamır...

Azərbaycana Səlcuqlu axınlarıyla gəlib yerləşdiyimiz fikri bizə də təlqin olunmuşdur... Qondarma Hind-Avropaçılıq nəzəriyyəsini dəstəkləyən və Sovet Rusiyasının yerlərdəki "idioloq"larından olan akagemik İqrar Əliyevin başçılıq etdiyi tarixçilər dəstəsi gəlmə, azsaylı, bəzilərinin təbirincə desək, "vəhşi" türklərin "yerlı İran və Qafqaz kökənli xalqları türkləşdirərək" və ya onlara öz dillərini öyrədərək yeni xalq yaratdıqları fikrini rəsmi və akademik mövqe səviyyəsinə qaldırıblar... İqrar Əliyev qeyd edirdi ki, bu yolla biz Hind-Avropa xalqlarına qarışır, Zərdüştə, Avestaya və İran mədəniyyəti deyilən mədəniyyətə sahiblənir və ya şərik oluruq. Bu, öz cild-cild əsərinə haqq qazandırmaq cəhdi idi... Onsuz da İran mədəniyyəti deyilənin yalnız farslara aid olmadığını hər kəs bilir. Əslində, İqrar Əliyev qədim tarixləri yaxşı bilən bir alim idi, belələri əks cəbhədə olanda onlarla danışmaq daha çətin olur. Buna görə də dövrün siyasətinin əsiri olmaqla kifayətlənməmiş, bütöv bir institutu da əsir eləmiş, həqiqətdən uzaqlaşdırmışdı. Hind-Avropa xalqları ilə bizim min illər boyu qonşuluğumuz, sıx əlaqələrimiz, bəzən eyni dövlətlərin içində yaşamağımız və qarşılıqlı təsirlərimiz, qarşılıqlı zənginləşmələrimiz inkarolunmazdır. Bu anlamda İlqar Əliyevi başa düşürdük. Lakin etnik kökəndən, xalqın kimliyindən söhbət gedəndə bu yol qəbuledilməzdir.

Deyilənlər baxımından AMEA-nın Tarix İnstitutunun bir kitabını və Azərbaycan Milli Ensiklopediyasının xüsusi buraxılışını gözdən keçirmək maraqlıdır. "XI əsrin sonunda Azərbaycan torpaqları Orta Asiyadan Aralıq dənizinədək, Qafqazdan İran körfəzinədək olan yerləri özündə birləşdirən Böyük Səlcuq imperiyasının tərkibinə daxil edilir. Bu dövrdə Azərbaycan ərazisində cərəyan edən dil, din, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində(?) yeni(?) etnik birliyin(?) - türkdilli Azərbaycan xalqının(?) formalaşması prosesı başa catır". (Bax: Azərbaycan tarixi. II cild. Azərbaycan Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşri. Bakı. Elm nəşriyyatı. 1998. Səh 8-9). Bu cildin 33-cü səhifəsində isə məsələ bir az da qəlizləşdirilir: "Çoxsaylı tarixi, eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponomikası və s.) sübut edir ki, VII əsrin sonlarında qafqazdilli, irandilli, türkdilli olmalarından asılı olmayaraq bütün azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə məxsus idi. Məhz bu dövrdən mövcud tayfa(?), eləcə də dialekt və ləhcə fərqləri(?) zəminində ümumxalq Azərbaycan türk dili formalaşmağa başladı: məhz bu dövrdə az sonra(?) yeni tarixi birliyin - Azərbaycan xalqının təşəkkülünə gətirib çıxaran etnik, ictimai-iqtisadi(?) və mədəni dəyişikliklər üçün ilkin şərtlər hazırlandı(?)".

Yeri gəlmişkən deyim ki, göstərdiyim ikinci iqtibasdan bir neçə sətir irəlidə Azərbaycan və Qafqaz Albaniyasına gəlmiş ərəblərin buraları "xəzərlərin-türklərin ölkəsi" adlandırması fikri də yer almışdır, amma müəlliflər bunun üstündən sakitcə keçib öz "proqramlarını" əsaslandırmaq işini davam etdirmişlər. Bu proqram da çox sadədir: bu gün azərbaycanlı adlandırılan xalq türk deyil, qafqazdilli(?), irandilli(?), türkdilli(?) xalqların qarışığından əmələ gəlmiş, qurama parçaya bənzər, həftəbecər bir şeydir...

 

Bu iki sitat bir neçə səhifəyə sığmayacaq çoxlu sual doğurur. Mən hələ Akademik nəşrin dil və ifadə tərzini, gərəksiz sözçülüyü, fikir dolaşıqlıqlarını, anlayışların yerində işlədilməməsini, məntiqsizlikləri, orfoqrafiya səhvlərini bir kənara qoyuram... Əvvəla, xalqın əmələ gəlmə prosesini bu qədər bəsitləşdirmək, hətta "iqtisadi əlaqə"nin nəticəsi saymaq olmaz. Necə olur "türklərin ölkəsi"ndə və türk dili üstün mövqedə ola-ola hələ türk xalqı mövcud olmur, o, hələ bir neçə əsr sonra yaranacaqmış; "türklərin ölkəsi" isə sadəcə çox-çox sonralar formalaşacaq bir xalq üçün zəmin hazırlamağa xidmət edir, türk var, ancaq onlar hələ bu müəlliflərin istədiyi azərbaycanlılar deyildir(?). Türkdilli Azərbaycan xalqı nə deməkdir? Azərbaycanın ərazi olduğunu və onun əhalisinin neçə min il boyu əsasən türk (və ya başqa ad altında, türksoylu) olduğunu göstərən təkzibolunmaz faktları bir kənara qoyaraq, süni yolla, cavan bir xalq uydurmağın mənası nədir? Kim deyib ki, xalq "tayfa, dialekt və ləhcə fərqləri" zəminində formalaşır? Ümumiyyətlə, Avroasiyada müxtəlif adlar altında nəhəng dövlətlər qurmuş bir xalq haqqında tayfalar, qəbilələr, vəhşi köçərilər, işğalçılar və s. aşağılayıcı ifadələr işlətməyə haqqımız varmı? Bu ifadələri düşmənlərimiz bizim haqqımızda işlədiblərsə və işlətməkdə davam edirlərsə biz niyə tutuquşu kimi onları təkrarlamalıyıq?

Qafqazdilli, İrandilli, türkdilli xalqlar nə deməkdir? İran deyilən bir ərazidir və orda tarixin xatırladığı çağlardan müxtəlif xalqlar yaşayıblar, daha çox da türklər. Bəlkə İrana gəlmə olan farsların dili nəzərdə tutulur bu ifadə altında? Azərbaycan türk xalqı əvəzinə, türkdilli Azərbaycan deməyin hansı gizli siyasətlə bağlı olduğunu bilmirikmi? Yəni bu xalq türk deyil, sadəcə türk dilini mənimsəyib... Belə olanda bizim Akademiyamızın mövqeyi Kəsrəvilərin mövqeyindən nə ilə fərqlənir? Əgər alimlərimizin dediyi kimi Qafqazdillilər və İrandillilər "ictimai-iqtisadi şəraitə uyğun", yəni toyda-yasda, bazarda birləşıb yeni bir xalq əmələ gətiriblərsə onda bu gün də Azərbaycan ərazisində qardaşcasına yan-yana yaşadığımız ləzgilər, avarlar, talışlar, kürdlər, tatlar, udinlər aradan min il keçəndən sonra hardan peyda oldular; necə oldu ki, onların bir qismi türklərə qarışıb "azərbaycanlı" xalqını yaratdı, digər qismi isə bu şərəfli prosesdən kənarda qaldı? Nəhayət, hərəsi Allahın bir sərvəti olan bu xalqlar onsuz da bu Vətənin, bu Ananın övladlarıdır, yüz illərlə iç-içədirlər, amma nə yaxşı ki, Tanrı verən dillərini, kimliklərini də unutmadılar, unutdurulan yalnız türkdür. Türk dili onların ünsiyyət dili, ümumxalq dilidir. Amma nə yaxşı ki, bu biri-birindən gözəl, amma balaca arealda işlədilən dillər də qorunub.

Azərbaycan əhalisinin - etnik mənzərəsində qonşuların qatışığını inkar etməsək də bu, heç vaxt Kəsrəvilərin dediyi kimi köklü dəyişikliklərə gətirib çıxarmamışdır.

Onun fikrincə, azərbaycanlılar - türk dilini öyrənmiş fars kökənli xalqdır. Sual yaranır, türklər və türk dili bu qədər böyük təsir gücünə və qısa müddətdə milyonlarla insanın köhnə dilini dəyişdirmək, unutdurmaq gücündəydisə, onda yerdə qalan farslar niyə türkləşməyiblər?

Qədim tarixçilər Qafqaz Albaniyasında 26 xalq olduğundan bəhs edirlər. Tarxiçilərin, coğrafiyaşünasların fikrincə, əgər onlar hamısı, hətta dövlətə ad verən albanlar da Qafqazdilliydisə, onda azsaylı utilər, xınalıqlılar, buduqlar qala-qala yerdə qalanlar hara getdi. Əslində isə mənzərə çox az dəyişilib. Alban deyilən ən böyük xalq türk idi və təxminən indiki coğrafiyalarında da yaşayırdılar.

Məntiq mübahisəsizdir və məntiq deyir ki, Anadoluya "400 çadırla gələn" türklər bu boyda Anadolunu türkləşdirib ona öz adını verdikləri halda; saklar, işquzlar o böyük güclə gələrək sonra izsiz-soraqsız yoxa çıxa bilməzdilər. Axı onlar midiyalılarla anlaşmaya girmiş, hətta onların uşaqlarına öz məktəblərində eyitim verməyə başlamışdılar, Assuriyanı diz çökdürmüşdülər. Bu boyda güc və imkan sahibi olan xalq birdən-birə necə yoxa çıxa bilərdi? Necə ola bilər ki, sel kimi gələn, Güney Qafqazda dövlət quran cəngavər və üstün bir xalq asanlıqla adını unudub medlərin içində əridi və ya gəldiyi kimi də çəkilib getdi, buxarlanıb itdi?

Bəlkə ona görə ki, Midiya dövlətinin əhalisinin hamısı olmasa da əksər hissəsi elə onların özlərindən idi və burada ad qorumaq yarışı getmirdi. Azərbaycan Milli Ensiklopediyasının xüsusi buraxılışında bu məsələ doğru izah olunur: "Görünür, maldar nomadların (sakların və başqalarının) oturaq həyata keçməsi prosesi Parfiya imperiyasının təkcə Şərq ərazilərində deyil, Albaniya da daxil olmaqla qərb hissəsində də baş verirdi. ...Onların arasında türklərin olması hazırda təkzibolunmaz faktdır, lakin bir sıra tədqiqatçıların fikrincə, türklər burada çox-çox əvvəllər də olmuşdur". (Bax: Adı çəkilən nəşr. səh.100).

"Hun tayfalarından olan türklər Azərbaycanın bütün bölgələrində məskunlaşdılar" (eramızın IV-V əsrləri nəzərdə tutulur).

Quti, lullubi, huri, turukki və başqa dövlətlərin bir-birindən törəməsi də suallar doğurur. Dövlətlər yox olan kimi onların əhalisi hara getdi, dilləri, mədəniyyətləri, adları necə oldu? Bəlkə bunlar hamısı bir kökdən gəlirdi? Yeni sülalələr, yeni dövlətlər qursalar da xalq dəyişilməz qalırdı və bu xalq, elmin sübut etdiyi kimi şəkilçiylə düzələn bir dildə, konkret desək türk və ya prototürk dilində danışırdılar və türklərin atalarıydılar; fərqli adlar altında və ya türk adı almazdan öncəki türklər... Azərbaycan Dövlət Universitetində prof. Süleyman Əliyarlının redaktəsi ilə buraxılmış "Azərbaycan tarixi" kitabında (2009-cu il) haqlı olaraq mannalılar m.ö. III-II minilliklərdə Güney Azərbaycanda hökm sürmüş quti, lullu, turukki, su kimi soyların varisləri sayılır və qeyd edilir ki, "Manna dövləti bu tayfaların, ayrı-ayrı vilayətlərin və şəhər- dövlətlərin birləşməsi özülündə yarandı". (Bax: səh. 51).

Hələ bizim eradan əvvəl IX əsr assur qaynaqlarında midiyalıların turani irqdən olduqları göstərilirdi.

Azərbaycanlıların yayılma coğrafiyası və dilimizin işlənmə arealı ilə o qədim dövlətlərin coğrafiyasının üst-üstə düşməsi bununla izah olunmalıdır.

Burada "Şahnamə"də geniş əksini tapmış İran-Turan qarşıdurması və Alp Ər Tunqanın başçılıq etdiyi turanlılar da unudulmamalıdır. Alp Ər Tunqanın başçılıq etdiyi sakların bizim eradan əvvəl VII yüzildə Güney Azərbaycana yürüşləri, onların Manna və Midiya dövlətləri ilə əlaqələri, turanın ekvivalenti olan dövlət qurmaları bu bölgədə yaxın etnik qrupların və ya xalqların eradan əvvəl təxminən üç min illik yolunu işıqlandırmağa yardım edir. Bunlar "Şahnamə"də işarə edilən Turanı quran xalqlar idilər. O xalqlardan biri də Hind-Avropa dillərinə yaxın dildə danışan azərilər yox, bu torpağa ad vermis türk azər xalqı idi. Buna görə bizim azər sözündən imtinamızda da məntiq görmürəm. Azərlərin farslığı qəsdən ortaya atılmış bir uydurmadır.

Bunlar yerli xalqlar idi, lakin Orta Asiya və Altayla da dil bağlılıqları varsa, deməli, o vaxt da əlaqələr olub. Yüz illər boyu köçüb gələn dalğanın köçəri olması önəmli deyil; önəmli olan bu köçlərin yad torpaqlara yox, əqraba torpaqlarına və ya öz torpaqlarına olmasıdır.

Azərbaycan Milli Ensiklopediyasının "Azərbaycan" adlı xüsusi buraxılışının 99-cu səhifəsində oxuyuruq: "Qeyd olunmaılıdır ki, Azərbaycanın yerli əhalisi dəmir dövrünün əvvəllərində (e.ə. birinci minillikdə) də, hələ e.ə. üçüncü minillikdə və ondan əvvəl burda yaşamış etnik elementlərdən təşkil olunmuşdur".

Cildin müəllifləri bu "elementləri"n çoxunun prototürklər olmasına və şumerlərlə etnodil əlaqələrinin şübhə doğurmadığını qeyd edirlər. O vaxtdan başlayaraq Azərbaycan ərazisinə bu yerli, şumerlərə yaxın yerli elementlərə qarışan hun, xəzər, sabir, oğuz, qıpçaq türklərindən, onların təxminən 3 minillik yürüşlərindən söz açırlar, lakin nədənsə, "Azərbaycan xalqı"nın təşəkkülünü yenə məlum ənənəyə uyğun yaxın dövrlərə bağlayırlar: "...vahid oğuz etnosu parçalandı. Onun Kiçik Asiyadakı tərkib hissəsi burada qohum olmayan yerli etnik vahidləri özünə tabe edərək və assimilyasiyaya uğradaraq Osmanlı türk xalqını formalaşdırdı. Azərbaycanda isə onlar üstəlik Qafqazın o tayından 12-13 əsrlərdə (12-13-cü olmalıdır - S.R.) gəlmiş qıpçaq türkləri ilə qaynayıb-qarışaraq Azərbaycan türk xalqının özülünün formalaşmasını başa çatdırdı".

Maraqlı məntiqdir, deməli, xüsusi buraxılışda yazıldığı kimi, eradan əvvəldən başlayaraq türklər Azərbaycanın ərazilərinə dağılıblar, Müaviyə dövründə Übeyd ibn Şəriyə "Ora türk torpağıdır. Onlar orada cəmləşərək bir-birilə qarışmış və təkmilləşmişlər" deyir, bu torpaqlarda Dədə Qorqud boylarındakı igidlər at oynadır, lakin hələ Azərbaycan türk xalqının özülü də formalaşmayıb.

Xüsusi cilddə də, ondan sonra buraxılan bir sıra başqa kitablarda da Vətənimizin ən qədim tarixində prototürk izlərini etiraf etməklə yanaşı, nədənsə. Xalqın tarixini məntiqə sığmayan bir dövrdən başlamaq istəyirlər. Çağdaş tariximizin ən ciddi ilişik nöqtələrindən biri budur.

Kitab müəlliflərin fikrincə, protoalbanlar da, Hind-Avropa xalqlarından öncə Cənubi Azərbaycanın yerliləri, birincilərdir, ancaq onlar da türkə aidiyyatı olmayan qövmlər sayılır.

"Azərbaycanda türk xalqının etnogenezinin məhz onlarla əlaqədar olan bu başlanğıc mərhələsinin gedişatı (II-VII əsrlərdə - S.R.) ərəblərin yürüşü ilə və İslam dininin yayılması ilə ləngidi" (səh. 101). Bu mətndən belə çıxır ki, Azərbaycan türklərinin təşəkkülü eramızın VII yüzilində İslamın gəlişi ilə ləngimiş və ya yarımçıq qalmısdır. Halbuki, tarixçilərimizin böyük bir qismi öz kitablarında Qafqaz Albaniyasında yaşayan yerli xalqların çoxunun, o cümlədən albanların bəhs edilən dövrdə də türk olduqları və sonradan gələn hunların və digər xalqların məhz öz əqrabalarının yanına gəldiklərini və onlara(!) qaynayıb-qarışdıqlarını göstərirlər. (Bax: Tofiq Məmmədov. Qafqaz Albaniyası. Səh 44).

Azərbaycan xalqının təşəkkülünü XVI-XVII yüzillərə bağlayan alimlərimiz də var. Bu, yeni yanaşmadır və xalqımızı daha da "cavanlaşdırır". Dədə Qorqud boyları ümumoğuz abidəsi sayılmaqla, onun daha çox Azərbaycan türklərinə aid olduğu elliklə etiraf edilir. Həsənoğlu da, Nəsimi də, Xətai də, Füzuli də bütün türklər tərəfindən anlaşılır, Türkiyədə, Özbəkistanda, Türkmənistanda az qala bizdəki qədər sevilirlər, bununla belə, Azərbaycan ağzında yazmışdılar və onların Azərbaycan türk ədəbiyyatına aid olduqlarını Anadolu türkləri də etiraf edirlər. Belə olan halda xalqın təşəkkül tarixini onun bu cür nəhəng söz ustalarından sonraya necə gətirmək olar; formalaşmamış bir xalqın Dədə Qorbud eposu, Nəsimisi, Xətaisi, Qurbanisi, Füzulisi necə yetişə bilərdi? Xalqsız şairi necə təsəvvür edək?

Alimlərimizin xalqımızın təşəkkül tarixini bu qədər bir-birindən çox uzaq olan dövrlərə bağlamaları, ortaya minillik fərqlərin çıxması bəri başdan onların fikrini şübhə altına alır. Dəyərli alimlərimizin bu labirintə düşmələrinin səbəbi çox sadədir. Akademik dostlarımız bu gün Konstitusiyamızda təsbit olunmuş azərbaycanlı və ya Azərbaycan xalqı anlayışlarının tarixini gəzir, azərbaycanlı adlandırılmış xalqın adını uzaq keçmişdə axtarmaq kimi mümkünsüz bir işə girişirlər...  Azərbaycan ərazisindəki əsas xalqın adı azər idi, türk idi, bütün klassiklərimizin yazıları da bunun təsdiqidir və bu sözü bir kənara qoymaqla tarix yazmaq istəyi perspektivsiz bir işdir, ən böyük alimləri də çıxmaza soxar...

Alimlərimizin başqa araşdırmaları da var ki, Azərbaycan ərazisində türklərin mövcudluğunu eramızdan öncə IV-III minillikdən başlayaraq davam edən sivilizasiyaların materialları əsasında qismən də olsa aydınlaşdıra bilmişlər. Lakin, nədənsə, rəsmi tarix bu fikirləri "həvəskarıq" sayır və yaxın buraxmır.

 

***

Azərbaycan ərazisində qurulmuş qədim dövlətlər hansı xalqlara və ya xalqa məxsusdur, buranın qədim sakinləri hansı dillərdə danışırdılar, bugünkü Azərbaycan türklərini onların varisi saymaq olarmı?

Azərbaycan xalqının etnogenezisinin obyektiv incələnməsi baxımından Elməddin Əlibəyzadənin, Qeybulla Qeybullayevin, Doktor M.Zöhtabinin kitabları böyük əhəmiyyət kəsb edir. Onlar Yaxın Şərq tarixi üzrə görkəmli mütəxəssislərin, dünya alimlərinin yazılarını araşdıraraq belə bir elmi nəticəyə gəlirlər ki, Azərbaycan ərazisində son beş-altı min il ərzində, əsasən türk-Turan əsilli xalqlar yaşayıblar və onlar burda xeyli sayda dövlətlər qurublar. Bu gün İran adı altında bu ərazilərin bütün qədim mədəniyyəti və tarixinə yiyələnmək istəyən Hind-Avropa birləşmələrinin bu yerlərə axını miladdan öncə X əsrdən başlanmışdır.

Ötən əsrin 80-ci illərindən başlayaraq bu sahədə bəzi ciddi kitablar da yazılıb; M.Zöhtabinin "İran türklərinin əski tarixi", Əli Qafqaziyalının "İran türkləri", Albayrakın "Türklərin İranı", Zaur Həsənovun "Çar Skifləri", F.Ağasıoğlunun "Azər xalqı", Həsən Həsənovun "Türklüyümüz", Cabir Alpoğlu Albantürkün "Alban türk yurdu" və b. kitabların adını çəkmək olar. Lakin bizim akademik nəşrləri hazırlayan tarixçilərimiz bu kitabları da görməzdən gəlirlər.

Qeybullayevin fikrincə, "qədim Midiya və Manna ərazilərində şərti olaraq Kaspi və ya Zaqro-Elam adlanan hürri tayfalarının yaşadıqlarını inkar etməməklə, bu faktı da qəbul etməliyik ki, elə oralardaca altay(?) xalqları da yaşayırdı və e.ə. VIII-VII əsrlərdən isə bu ərazilərə türkdilli kimmerlər, isqutanlar, saklar... daxil olub" (səh. 493).

Qeybullayevə görə, hələ miladdan öncə Albaniyada mövcud olmuş 30-a yaxın etnosun 22-si, Güneydə-Atropatanda mövcud olan 25 etnosun isə 16-sı türk idi. Bu barədə Firudin Ağasıoğlunun araşdırmaları da faktların zənginliyi ilə diqqəti cəlb edir. Təəssüf ki, bunlar Azərbaycanın akademik tarixşünaslığında nəzərə alınmır.

Milli Ensiklopediya və Milli Akademiya hətta Ali məktəblər üçün buraxılmış və müəllifləri arasında Ziya Bünyadov, Yusif Yusifov, Yaqub Mahmudov, Süleyman Əliyarlı, Süleyman Məmmədov kimi ciddi tarixşünasların da yer aldığı fundamental dərslikləri də nəzərə almamışdır. Beləliklə, ali və orta məktəblərdə bir tarix öyrədir, akademik çoxcildliklərə və vikipediyalara ayrı şey yazdırırıq...

Çar Rusiyası XIX yüzildə işğal etdiyi Şimali Azərbaycanın türklüyünü unutdurmaq ücün müxtəlif adlar uydurur: "tatarlar", sonra Kazan tatarlarıyla birliyin başqa problemlər yaradacağını görəndə "Qafqaz tatarları", "Azırbayqan tatarları", "Adırbayqantsı" və s. Lakin XX yüzilin əvvəllərində Azərbaycan ziyalıları milli kimliyi bu cür unutdurma siyasətinə qarşı çıxaraq xalqa əsl adını xatırlatdı; 1918-ci ildə qurulan xalq cümhuriyyəti Ana Yasasında Azərbaycanın türk yurdu, əhalisinin türk, dilinin türk dili olduğunu rəsmiləşdirdi... 1920-ci ildə Qırmızı Ordu Azərbaycan Xalq Cümhuriyyətini yenidən işğal etdikdən sonra iki illik milli siyasətin, özünəqayıtmaq cəhdinin "qisasını" dəhşətli bir terrorla, araverməyən və yüz minlərlə insanın qətliylə nəticələnən repressiyalarla aldı. Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Kaminski, Kirov, Mirzoyan, Qikalo, Polonski, Mkrtıçyanların dövründə bu fiziki terrorla yanaşı, iyrənc mənəvi terror da bu torpağın neçə minillik sahibi olan türkün vahid xalq duyğusunu məhv etmək, onu kökündən, böyük dünyasından qoparmaq siyasətinə rəvac verdi.

Milli Elmlər Akademiyasının "Azərbaycan tarixi" çoxcildliyinin 7-ci cildində 1988-ci ildə başlanan Azərbaycan Xalq Hərəkatına, eyni zamanda o dövrün ədəbi prosesinə həsr olunmuş bölümlərində hamımızın şahidi və iştirakçısı olduğumuz yaxın tariximizə də subyektiv və yanlış yanaşmanı görmək çətin deyil: müstəqil mətbuatımızın ilk qaranquşu olan "Azərbaycan" qəzetinin adı belə çəkilmir, "türkçülük meylin artması" hərəkatı səhv sayılır və s.

 

***

Türklərin Qafqazlara ilk dəfə səlcuqlar dövründə, eramızın XI-XII əsrlərində gəldiyini iddia edənlər sonralar real faktlarla hesablaşıb bu tarixi iki-üç əsr irəli eranın VII-VIII əsrlərinə doğru cəkdilər, daha sonra turk köçlərinin eramızın ilk əsrlərdə başladığını etiraf etdilər, bundan da sonra diqqət eradan əvvəl sak-türk axınlarına yönəldi. Hətta İqrar Əliyev kimi İranşünas və türk tarixinə rəsmi sovet şablonlarıyla yanaşan alimlərin kitablarında da buz qırıldı, Azərbaycanda türklərin tarixini daha əvvəllərə çəkməyə məcbur oldular və bununla da elmdən daha çox, siyasətə və yuxarıdan gələn təlimatlara söykəndiklərini sübut etdilər...

Beləliklə, Hind-Avropalıların, o cümlədən farsların gəlişindən çox-çox öncədən bu yerlərdə türklərin, kəngərlərin, azərlərin, turanlıların və ya onların yaxın əqrabalarının yaşaması fikri inkaredilməzdir, konkret faktlara, dəlillərə söykənir.

Altay və Tanrı dağlarının arasının türklərin Ana yurdu olması fikri geniş yayılıb və əksər tarixçilər tərəfindən qəbul edilir. Bu coğrafiyanı doğuda Ötüken yaylalarına, Batıda Xəzər dənizinə kimi genişləndirənlər də var. Türklərin miladdan öncə iki mininci ildən başlayaraq Şərqə Cinə doğru, Şimala - indiki Sakaların - Yakutların yurdlarına, Güneydə Hindistana, Qərbdə Volqa-İdil çayına qədər yayılma dövrləri də araşdırılıb. Lakin türk tarixini nədənsə, Teoman xandan, onun oğlu Mete xandan başlayırlar. Mete xan 24 boyu öz dövlətində birləşdirmişdi. Dədə Qorquddakı 24 boyu xatırladır. Bundan sonra Ağ hunların Çinə, Hindistana köçləri, uyğurların, qırğızların, Göytürklərin tarixi də dəfələrlə araşdırılıb. Bu araşdırmaların heç birində türklər Xəzəri Qərbə doğru keçib Azərbaycan ərazisinə gəlib çıxmayıblar, Halbuki Turan, onun əfsanəvi hökmdarı Əfrasiyab ümumtürk tarixindən qoparıla bilməz. Bütün bunlar araşdırılanda ortaya çıxan mənzərə belədir: Şərq-Doğu türkləri ilə Qərb türklərinin kökü çox uzaq keçmişdə bir olsa da lakin ən azı 4-5 min il bundan öncədən başlayaraq onlardan biri Altay çevrəsində, biri Urmi gölü çevrəsində müstəqil olublar. Bunların əlaqələrini köç saymaq doğru deyil və antropoloji fərqlər də türklüyün bu iki qanadının çox əski çağlardan müstəqil həyat sürdüklərini göstərir. Miladdan sonra Şərqi türklər Qərbə doğru yayılanda da məhz bu köhnə əqrabalarını-qardaşlarını ünvan seçıb, yollarını onlara görə müəyyənləşdiriblər...

 

Tarix elmimizin qurbanlarından biri

 

Prof. Məhəmməd Tağı Zehtabi (Kirişçi). Milli Məclislə Azərbaycan Müdafiə Nazirliyinin arasında, vaxtilə Bakının ən yaraşıqlı binalarından sayılan doqquzmərtəbəli evlərdən birində üz-üzə oturmuşduq. Onu qiyabən çoxdan tanıyırdım, o da mənim yazılarımı oxumuşdu, 1988-ci ildən başlanan milli azadlıq hərəkatındakı mövqeyimi azdan-çoxdan bilirdi. Hər halda Azərbaycanda bu qədər yaxını-dostu, qohumu ola-ola mənimlə görüşmək istəməsi və bu axşama tək məni dəvət etməsi aradakı münasibətin kifayət qədər etibarlı olduğunu və mənə inandığını göstərirdi. Az qala atamla yaşıd olan, elə onun kimi iri cüssəli, sal qayaya bənzəyən, danışığı, oturub-duruşu ilə Güneydən olan digər yaşlı dostlarımı - Qulam Məmmədlini, Nəsir İmanquliyevi, Şəfayət Mehdiyevi, Hüseyn Ciddini, Söhrab Tahiri xatırladan bir kişiydi. Azərbaycanın şimalında baxımsız dövlətin bərpası, bu yolda çəkdiyimiz əziyyətlər, inşallah bu müstəqilliyin Güneydə də yeni bir dövr başladacağına sonsuz ümid... Söhbətimizin mövzusu beləydi... Axıra yaxın "Səni dəvət elməkdə bir məqsədim də var. Çox fikirləşdim və qərara gəldim ki, bu işi ancaq sən görə bilərsən..." deyıb ayağa qalxdı. Yan otaqdan iri bir qovluq gətirib masanın üstünə qoydu. 600-700 səhifəlik makina yazısıydı. Ərəb əlifbasıyla... İlk səhifəni götürüb höccələməyə başlayanda "Bu, Azərbaycan tarixinə yeni bir baxışdır. İran türklərinin 6000 illik tarixini yazmışam" - dedi. Təkcə bu sözlər yetərliydi ki, əlimin altında nə boyda bir sərvət olduğunu hiss edim...

Kitab nəşrinin çətin bir dövrü idi. Hətta dərsliklər üçün kağız tapa bilmirdik. Mətbəə ləvazimatını, kardonu, boyani, dozaklı Dağıstandan, çöl yollarıyla, qaçaq mal kimi, hətta bəzən Türkmənistan üzərindən və ya Türkiyədən gətirirdik... Buna baxmayaraq böyük tarixçi alimin kitabı nəşr olunmalıydı. O axşam uzun müddət bu məsələni müzakirə elədik. Mənim fikrimcə, bu əsər ilk növbədə İranda türkcə və farsca buraxılmalıydı. Kitabın təcili latın qrafikasına köçürülməsini qərarlaşdırdıq, sonrakı taleyi mənim boynuma qalırdı. Eyni zamanda, söz verdim ki, Bakı nəşrindən sonra Türkiyədə buraxılmasına da yardım edəcəyəm və bunu Türk Dünyası Araşdırmaları Vaqfının Genel Başkanı, köhnə dostum prof. Turan Yazqandan xahiş edəcəyəm. Razılaşıb ayrıldıq. Bundan sonra da bir-iki dəfə nazirlikdə görüşdük. Sonra məlum oldu ki, razılaşdığımız kimi əsəri öncə İranda nəşr etdirmək qərarına gəlib... Sonra, Türkiyədə də adını çəkdiyim vaqfdan xahiş etdim və əsər orda ixtisarlarla nəşr edildi.

M.Zehtabi 1923-cü ildə (hicri 1302) ildə Güney Azərbaycanın Şəbüstər şəhərində anadan olmuş və çox mürəkkəb, məşəqqətli bir həyat yolu keçmişdir. Məşəqqət sözü XX yüzildə güneydə doğulmuş və Milli Hökumət dönəmində yaşamış, gəncliyi bu illərdə keçmiş aydınların yaşadıqlarını ifadə etməyə gücü çatmayan bir kəlmədir... Milli hökumətin qurulmasında iştirak etmiş və ya Pişəvəri hərəkatına rəğbət bəsləyən güneyli qardaşlarımızın hər birinin həyatı bir faciə əsəridir. Zehtabi də onlardan biridir. O, ilk və orta təhsilini Şəbüstərdə, sonra Təbrizdə almış, fars, ərəb və fransız dillərini öyrənmişdi...

1945-ci ildə Təbrizdə buraxılan "Azərbaycan" qəzetində yazılar yazır, yenicə qurulan Təbriz Universitetinə daxil olur. Yazılarına və milli düşüncələrinə görə 1948-ci ildə Sovet İttifaqına qaçır, həbs edillib Sibirə göndərilir. 3 il həbsdə olduqdan sonra Düşənbədə və Bakıda elmi araşdırmalarla məşğul olur.

1971-ci ildə İraqa gedib Bağdad Universitetində fars dilini və qədim türkcəni tədris edir...

1979-cu uldə Təbrizə qayıdaraq universitetdə ərəb dili müəllimi olur; öz açdığı bölmədə gənclərə Azərbaycan türkcəsini öyrədir və buna görə də rejimin qəzəbinə tuş gələrək 4 il cəza evində yatmağa məhkum edilir. 1981-ci ildə Mütərəqqi İran Türkləri Aydınlar Cəmiyyətini, Təbriz Azərbaycan mədəniyyət ocağını qurur.

Çoxlu şeiri, məqaləsi, araşdırma əsəri var. Mənə göstərdiyi "İran türklərinin əski tarixi" adlı kitabı 1998-ci ildə Güneydə nəşr edildi və əsl inqilab effekti yaratdı. Bundan sonra Şəbüstərdəki evində faciəli şəkildə qətlə yetirildi...

İran rejimi uzun müddət "öz əcəliylə öldü" yalanını yaysa da, sonradan həqiqət ortaya çıxdı... On il sonra DAK-ın qurultayında cəsədinin şəkilləri nümayəndələrə paylandı və onun necə vəhşi işgəncələrlə öldürüldüyünə şübhə yeri qalmadı.

Dr. Zehtabi Azərbaycan tarixiylə bağlı həqiqətləri ortaya çıxarmaq istəyirdi və bunun qurbanı oldu. Şəhid oldu və öz taleyi ilə yalan üzərində siyasət quran Fars-molla rejiminin əsl üzünü dünyaya göstərdi... Görkəmli filoloq, folklorşünas, dilçi, mətnşünas, etnoqraf, tarixçi və nəhayət, şair olan Zehtabinin gənclik illərində yazdığı şeirlərdən birini xatırlatmaq istəyirəm:

 

Su deyibdir mənə əvvəldə anam, "ab" yox,

Yuxu öyrətdi uşaqlıqda mənə "xab" yox,

Bəli, daş yağsa göydən sən O-san, mən də Bu-yam,

Var sənin başqa anan, vardı mənim başqa anam.

Özümə məxsus olan başqa elim vardı mənim,

Elimə məxsus olan başqa dilim vardı mənim...

 

Dr. Zehtabi də daha çox İran və Qərb mənbələrinə söykənərək türklərin Güney Azərbaycanda qurulmuş dövlətlərinin tarixini incələyərək bu dövlətlərin türklərə məxsusluğunu və türklərin aborogen xalq olduğunu və farsdilli xalqlardan 2-3 min il öncədən bu bölgədə böyük sivilizasiyalar qurduqlarını sübut edir. Onun tarix kitabının gücü daha çox dil və maddi-mədəniyyət abidələri əsasında yazılmasındadır. O "İran tarixi" deyilən ideologiya maşınının üstündən yalan pərdəsini götürmüşdü. Bu gün dünyada meydan sulayan şovinizm cəfəngiyyatlarının bir çox hallarda tarixi saxtalaşdırmaq zəminində yarandığını göstərirdi. Qədim yunanlarda da belə olub, orta əsrlərin farslarında da, bu günün ermənilərində də...

Bölgəyə nisbətən yeni, yəni 3 min il öncə yerləşmiş "Hind-Avropalılar" - farslar öz müstəsnalıqlarını göstərmək və sahibləndikləri torpaqların köhnə sahiblərinin iddiaları ilə üzləşməmək üçün ilk növbədə onların qədim mədəniyyətlərinin izlərini silib məhv etmək və ya o mədəniyyətlərə sahiblənmək yolu tutmuşdular.

Ərdəşirin başçılığı ilə Sasani imperatorluğu özündən əvvəlki bütün dil və mədəniyyət abidələrinin türk xalqlarına məxsusluğunu qəbul edə bilmir, Arratta, Gitti, İullibi, Manna, Matienna, Med və sair sivilizasiyaları arilərə bağlamaqla bu torpaqlardan türklərin 6 minillik izlərini silməyə çalışırdılar...

Dr. Zehtabinin yazdıqlarından:

"Elam dili bugünkü İranın batı vilayətlərində yaşayıb uyarlıq yaratmış Kassilər, Guttilər, Lullibilər, Hurrilər, Gilzanlar və Urartuların dilləri ilə eyni bir kökə malik olmuşdur və bir takım əski tarix bilginləri bu düşüncədədirlər ki, Elam dili Gutti-Lullibilər və onların torunları olan Manna-Medlər içərisində rəsmi dövlət və ticarət dili olmuşdur. Hətta akademik Marr Med və Mannaların dilinin Elam dili ilə eyni olduğunu göstərmişdir... Elam sivilizasiyasının Əhəməni uyğarlığından daha qədim, yüksək və zəngin olması bəlli olduğunda Ariaçılıq tərəfdarları Elamları da arilərdən olaraq göstərməyə başladılar".

"Anadolu torpaqlarının batı bölümləri bugünkü Van-Ərzurumdan Aralıq dənizi və boğazlara qədərki yerlərin ilk insanları və topluluqları tarixçilərin düşüncələrinə görə, hititlər olmuşlar. Hitit xalqı Orta Asiyadan bölgəmizə olan üçüncü ellər köçünün törəmələridir. Bəzi tarixçilərə görə, bu köç Miladdan öncə - minilliyin sonlarında olmuşdur. Şumerlər və elamlar kimi hititlər də türkdilli olmuş və bugünkü Anadolunun bəlkə də ilk sakinlərini təşkil etmişlər...".

Farslar və arilərlə başlanan tarix soyqırımları İranda Sasanilərdən Pəhləvilərə uzanan bir ənənə ilə bugünədək davam etdirilir və Qərbdə özünə çoxlu tərəfdar tapıb. Türkü inkar etmək, farsdandönmə saymaq və oxşar şəkildə bölgədəki, o cümlədən İran ərazisindəki bütün qədim Turan və Elam köklərini baltalamaqla bu ərazilərin tarixən farslara məxsusluğunu "sübut" etmək... Ən əsas silah da yalançı, uydurulmuş tarix və uydurmalardan ilhamlandırılmış "Şahnamə"lərdir!.. Sərsəm böyüklük iddialarının hamısının kökündə millətləri başdan çıxaran bu tarix illüziyaları dayanır... Və qəribədir ki, türkü inkaretmək mövqeyində saxtakarlar şox asanca birləşirlər... Min ildir türk xalqı yenə bu bölgənin ən böyük ulusu olaraq qalır... Dünyada obyektiv tarixçiliyin meydanı genişləndikcə, ilkin mənbələr və qədim dillərdəki yazılar doğru-düzgün oxunduqca türk-Azərbaycan tarixinin əsl möhtəşəm mənzərəsi daha aydın görünəcəkdir...

Dr. Zöhtabi də təxminən bunları yazır. Burada dövlət qurmuş qədim xalqların dillərini araşdırır; onların çoxunun prototürk dili olduğunu və buna görə də iz buraxmadan sonrakı türk dönüşlərinin və ya axınlarının içində əridiklərini qeyd edir...

Şumerlərdən başlayaraq, elam, hurri, guti, lullubi, urartu, manna, işquz uyqarlıqlarını yaradanların dili bugünkü dilimiz kimi şəkilçi artırılmaqla güzələn dillər olmuşdur. Buna görə o dillərdən nümunələr, xüsusi örnəklər axtarmaq da yersizdir; çünki o dillər bu gün də canlı şəkildə yaşayır, türk dilinin ləhcələri kimi, qıpçaq türklərinin dilinin Borçalıda, sak türklərinin dilinin Şəkidə, alban türklərinin dilinin Qubada, elam dilinin Həmədanda yaşadığı kimi... Doktor Zehtabi də bunları yazır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!