Azərbaycan dilinin tarixində ərəbcə və farsca - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

Azərbaycan dili, əgər "tarixəqədərki dövr"ün mübahisələrini bir tərəfə qoyub elə də böyük mübahisə doğurmayan tarixi həqiqətlərdən başlasaq, VII-IX əsrlərdə artıq "Dədə Qorqud" eposu ilə tarix səhnəsinə çıxmışdı... Sovet tarixşünaslığı həmin dövr üçün Azərbaycan ərzisində bizə iki geniş yayılmış ədəbi (yazılı) dil təklif edir: Şimalda (Albaniyada) Alban dili, Cənubda (Adurbadaqanda) orta fars (pəhləvi) dili... Türkcəyə gəldikdə isə o, Qafqazın şimalından cənubuna vaxtaşırı hücum edən hun-qıpçaqların məlum xristian yazılı mənbələrinə səpələnmiş bir neçə sözlə təmsil olur ki, bunun da etirafına sovet dövrünün sonlarında Tofiq Hacıyev, Vaqif Aslanov, Voroşil Qukasyan, Aydın Məmmədov kimi araşdırıcıların tutduqları düzgün elmi-metodoloji mövqe sayəsində nail olunmuşdur.

Azərbaycanın Şimalında Alban dilinin mövcudluğu, "albanların öz doğma dillərində yazı və ədəbiyyatın olması" (Fəridə Məmmədova) heç nə ilə sübut edilmir, çünki "tarixi taleyin xüsusi hökmüylə Albaniyanın yerli mənşəli yazılı abidələri dövrümüzə qədim erməni dilində gəlib çatmışdır" (Fəridə Məmmədova). Həmin abidələrin isə erməni kilsələrində kifayət qədər gizli şəkildə hazırlanıb, tədricən, ehtiyatla (və təbii ki, erməni kilsəsinin maraqlarına uyğun olaraq) üzə çıxarılması məlumdur.

Beləliklə, "Dədə Qorqud"un meydana çıxdığı ərəfədə Azərbaycanın Şimalında Qafqaz mənşəli Alban ədəbi dili olmadığı kimi, cəmiyyətdə az-çox populyar hər hansı başqa bir ədəbi dil (o cümlədən də erməni dili) mövcud deyildi. "Dədə Qorqud" eposu ərəbcə və farscadan başqa hər hansı bir dil təzahürü ilə əlaqəni xatırlamır.

Lakin belə bir sual meydana çıxa bilər ki, bəlkə, "Dədə Qorqud"un Cənubi Qafqazda kütləviləşməsi bir az sonraya - XI-XIII əsrlərə düşür, onda necə?.. Hətta həmin halda, yəni eposun yayılma tarixini irəli-geri çəkib nəinki VII-IX əsrləri, bütövlükdə V-XIII əsrləri "türkcəsizləşdirsək" belə, burada Alban dilinin ədəbi izi- tozu görünmür.

Ölkənin Cənubuna - Adurbadaqana gəldikdə isə məsələ tamamilə fərqlidir.

Yeddicildlik akademik "Azərbaycan tarixi"nin birinci cildində (Bakı, "Elm", 1998) belə iddia olunur ki, IX-X əsrlərdə "Azərbaycanda fars dilindən güclü surətdə fərqlənən və talış dilinə yaxın olduğu aşkarlanan azəri dilində də danışırdılar. Azəri dilinə və müasir talış dilinə yaxın olan dialektlər hələ erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisində geniş yayılmışdı" (s. 266). Bu sətirlərin müəllifi onu da xəbər verir ki, "son zamanlar İran alimlərinin əsərləri sayəsində məlum olmuşdur ki, Cənubi Azərbaycan vilayətlərində talış dilindən başqa bu dilə yaxın olan tati, xarzani, takestani, xalxali və b. dialektlər yayılmışdır və həmin dialektləri Mada dilinin varisləri hesab etmək olar" (s. 267).

"Mada dili" anlayışına gəldikdə Azərbaycanın qədim dilləri barədə "konsepsiya" yaradıcısı yazır: "Mada dilinin və onun dialektlərinin bölgənin hakim dili olması şübhəsizdir. Bu, nəinki hələ antik dövrdə bizi maraqlandıran ərazilərdə Mada etnik elementlərinin geniş surətdə məskunlaşmasına dair yaxşı məlum olan faktlardan, ölkə əhalisinin "madalılar" etnonimi ilə ifadə olunmasından, ölkənin "Mada" adlandırılmasından, erkən orta əsrlərdə burada Mada qrupunun dil və dialektlərinin, yeni dövrdə isə həmin qrupun dialektlərinin yayılmasından, habelə başqa mübahisəsiz məlumatlardan da irəli gəlir" (s. 268).

Sonuncu sitat göstərir ki, "konsepsiya" yaradıcısının dil tarixi haqqında elm barədəki təsəvvürü çox məhduddur: hər şeydən əvvəl ona görə ki, əgər Mada dili, həqiqətən, "zəngin yazı ənənəsinə malik" olsaydı, o zənginlikdən nə isə qalardı; ikincisi, belə bir ənənəyə yalnız ədəbi dil malik ola bilər, ədəbi dildən isə nəinki dialekt, heç bir canlı dil təzahürü varisi qalmır; nəhayət, üçüncüsü, bu gün Azərbaycan ərazisində mövcud olan talış, kürd və tat dillərinin "azəri" adlandırılan bir dil, yaxud dialektlə əlaqəsi yalnız o cür ola bilər ki, o da əvvəlkilər kimi İran mənşəli dillərdən, yaxud dialektlərdən biridir... Və bunların heç biri, haqqında heç bir təsəvvür olmayan Mada dilinin birbaşa varisi deyil, heç birinin "qədimlik" etiketi yoxdur, hamısı müasir dillər, yaxud dialektlərdir. Həmçinin bugünkü udi dilinin nə zamansa mövcud olmuş Alban ədəbi dilinin varisi olduğunda israr etmək eyni dərəcədə elmi məsuliyyətsizlikdir...

Əgər Azərbaycan türkcəsi (anlayışın aydınlığı üçün bundan sonra "Azərbaycan dili" yerinə "Azərbaycan türkcəsi" linqvonimini işlədəcəyik ki, söhbətin hansı mənşəli dildən getdiyi bilinsin) qədim irandilli (və təbii ki, İran mənşəli) Azərbaycan (azəri) etnosuna səlcuqların sırıdığı bir dil olsaydı, həmin etnos fars dili kimi doğma mədəni bir dilin müqabilində bu sırınmanı niyə qəbul etməli idi?.. Yaxud belə bir anormal hərəkətə yol verdikdən sonra farscanın mədəni təsirini nə üçün Mada-Atropatena dilinin varisi olan azəri dilinin deyil, məhz türkcənin kontekstində, yaxud onun münsifliyi ilə mənimsəməli idi?..

Fars dilinin XI əsrdən sonra Azərbaycanda, eləcə də türk dünyasında geniş yayılması XI-XIII sərlərdə "türkdilli iranlılar"ın (?) İran yaddaşını oyatmalı idi. Halbuki farsdilli Azərbaycan ədəbiyyatı o baxımdan bunun əksini göstərir ki, həmin ədəbiyyatın dilində çox möhtəşəm bir türk ruhu var.

Dil hər nə qədər "şərti işarələrin sərbəst sistemi" (Ferdinand de Sössür) olsa da özünün ədəbi-bədii (poetik) funksiyasında mənsub olduğu xalqın etnopsixologiyasını (Vilhelm fon Humboldtun ifadəsilə desək "ruh"unu) əks etdirir. Halbuki İran nizamişünaslarının özləri etiraf edirlər ki, Nizami dilindən "türk ətri gəlir". Gərək öz xalqının ruhuna nə dərəcədə hakim olasan ki, yad dili öz dilində - farscanı türkcə danışdıra biləsən. Bu, artıq dilin sistem-strukturundan çox, dilə antroposentrik (praqmatik) münasibətin imkanlarından irəli gəlir.

Ərəb və fars dillərinin inkişaf etmiş türk dillərinə təsiri tarixən o qədər güclü olmuşdur ki, hətta türkcənin, demək olar, bütün orta əsrlər boyu davam edən diferensiasiya prosesində bu təsirin əhəmiyyətli rol oynadığı təsəvvürünü yaradır. Ancaq iş burasındadır ki, sözügedən təsirlər həm türkcə, həm də ərəbcə və farsca üçün müxtəlif sosial, siyasi və mədəni şərtlər əsasında baş vermişdir. Və həmin şərtlər nəzərə alınmadan ərəbcə və farscanın türk dillərinə, o cümlədən Azərbaycan türkcəsinə təsirinin səbəblərini, miqyasını və nəticələrini təxmin eləmək mümkün deyil.

Görünür, bu təsirin əsas səbəbi türklərin ərəb və fars mədəniyyətlərinə get- gedə artan maraqları olmuşdur. Heç bir şübhə yoxdur ki, həmin maraq ilk orta (V-X) əsrlərdə tarix səhnəsinə artıq bilavasitə öz adları ilə çıxmış türklərin təqlidçiliyindən deyil, Lev Qumilyovun məşhur termini ilə desək, passionarlığından, başqa sözlə, iddialılığından irəli gəlirdi. Və bütün bunlar üçün universal motiv funksiyasında yeni yaranmış islam dini çıxış edirdi ki, ərəbləri, farsları və türkləri heç bir fərq qoyulmadan eyni mədəni, sosial və siyasi çətir altında birləşdirməyin mükəmməl təcrübəsini təklif eləmişdi.

İslam dini həm ərəblər, həm farslar, həm də türklər, yəni Müsəlman İntibahı dövründə (IX-XII əsrlər) onu qəbul edən bütün xalqlar üçün yeni olmaqla yanaşı, mütərəqqi idi. Adətən, ərəbləri islamaqədərki cahiliyyə dövrünə görə qınayırlar, ancaq unudurlar ki, onlar həmin dövrdən min illərlə əvvəl mövcud olmuş postşumer və ya akkad mədəniyyətinin də birbaşa varisləridir. Və "Qurani-Kərim" kimi möhtəşəm bir dil abidəsi, yəqin ki, bu cür varislikdən (ən azı "Bibliya" ənənələrindən) kənarda, hansısa impulsiv iradənin məhsulu olaraq meydana çıxa bilməzdi.

Ərəbcənin türk dillərinin, o cümlədən Azərbaycan türkcəsinin taleyindəki rolu kifayət qədər şəffafdır. İlk növbədə ona görə ki, ərəblər öz dillərinin kontaktda olduqları xalqların dillərinə təsirini hər hansı sosial, siyasi, mədəni amildən daha yüksək olan "Qurani-Kərim"in (və İslam dininin) tarixi nüfuzu ilə təmin etmişlər ki, sadaladığımız amillər bundan sonra (və bunun təzahürləri olaraq) meydana çıxmışdır. Bir sıra epizodik təşəbbüsləri nəzərə almasaq, türk xalqları, eləcə də Azərbaycan xalqı ərəb ədəbiyyatının poetik texnologiyalarını (xüsusilə əruzu!) qəbul etsələr də, ərəbcə şeir yazmağa elə bir maraq göstərməmişlər. Və onların kifayət qədər zəngin yaradıcılıq təcrübəsində ərəb dili dinin (həmçinin onun sərəncamında və ya himayəsində olan müxtəlif elmlərin) dili olaraq işlənmişdir.

Əlyar Səfərli və Xəlil Yusiflinin "Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində deyilir ki, "VII əsrdən başlayaraq Azərbaycan ədəbiyyatı yeni istiqamətdə inkişaf edir. Azərbaycanın ərəblər tərəfindən işğalı, islam dininin zorla yayılması, məktəblərin, mədrəsələrin ərəbcə olması tezliklə Azərbaycanda ərəbdilli elmi və bədii əsərlərin yaradılması ilə nəticələnir. Artıq VII əsrin sonu, VIII əsrin əvvəllərində əl-Azərbaycani nisbəsi ilə yazıb-yaradan şairlər meydana çıxır" (s. 26). Əlbəttə, bu şairlərin Azərbaycandan olması onların türk, yaxud fars mənşəliliyi barəsində heç nə demir, adda-budda şəkildə qorunub saxlanan şeirlərindəki ərəblərə (və islama) etiraz notlarından isə daha çox iranpərəst (zərdüşti) olduqları təsəvvürü yaranır.

Ərəbdilli Azərbaycan poeziyası öz imkanlarını "üçdilli" şairlərimizdən Nəsimi ilə Füzulidə göstərmişdir ki, bu da, heç şübhəsiz, həmin dahi sənətkarların yaşadıqları bilavasitə ərəbdilli mühitlə bağlıdır. Və istər Nəsimi, istərsə də Füzuli üçün ərəbcə, yaxud farsca yazmaq elə bir əhəmiyyət kəsb etməmişdir.

Füzuli dühası öz dil missiyasını yaxşı bildiyinə görə Tanrıya üz tutub deyirdi:

 

Ey feyzrəsani - ərəbü türkü əcəm,

Qıldın ərəbi əfsəhi-əhli-aləm,

Etdin füsəhayi-əcəmi İsadəm,

Bən türkzəbandan iltifat eyləmə kəm.

Göründüyü kimi, burada ərəbcə fəsahətli, yəni aydın, məntiqli, dəqiq; farsca isə İsadəm, yəni insana can, ruh verən emosional nitq kimi təqdim olunur ki, nəticə etibarilə bu, birincinin elm, ikincinin isə şeir (ədəbiyyat) dili olmasına işarədir. Yəqin ki, Füzuli "mən türkdillidən köməyini əsirgəmə" deyəndə həm ərəbcənin elmiliyini, həm də farscanın poetikliyini istəmişdir. Və həm ərəb, həm də fars sözlərinin türkcə ilə yanaşı bol-bol işləndiyi Füzuli dilində (istər şeir, istərsə də nəsr olsun), doğrudan da, həm ərəbcəyə, həm də farscaya məxsus üstünlüklər vardır.

Xüsusilə X əsrdən etibarən ərəbcə türkdilli mühitə ilk növbədə dinin (ibadətin), sonra elmin, daha sonra isə dövlətin (rəsmi-inzibati idarəçiliyin) dili kimi daxil olur. Əbu Nəsr əl-Fərabi ət-Türki (X əsr), Bəhmənyar (XI əsr), Xətib Təbrizi (XI əsr), Mahmud Kaşğari (XI əsr) kimi onlarca böyük türk mütəfəkkiri ərəbcədəki məharətlərini bu dilin türklər arasında yayıldığı ilk əsrlərdən göstərmişlər.

"Azərbaycan tarixi"nin ikinci cildində deyildiyi kimi, elə tədbirlər görüldü ki, Xilafətin ərazisində get-gedə "ərəb dilinin işğalçının dili olduğu unuduldu. Artıq bir-iki əsrdən sonra bu dili bilmək mədəniyyət göstəricisinə çevrildi. "Quran"ın yalnız yazıldığı dildə öyrənilməsi də ərəb dilinin işlənilmə və mənimsənilmə arealını genişləndirirdi" (s. 259).

Ancaq bir məsələni xüsusi qeyd etmək lazımdır ki, mürəkkəb fonetik, leksik və qrammatik quruluşa, zəngin üslubi imkanlara yiyələnmiş ərəb dili (o, tarix səhnəsinə çıxanda bilavasitə daxil olduğu dil ailəsinin hələ akkad dövründən hesablasaq, ən azı dörd min ilə qədər ədəbi təcrübəsi vardı) türkdilli, eləcə də farsdilli mühitə üç səviyyədə təsir imkanı müəyyənləşmişdi: 1) Xilafət ərazisində yaşayan əhalinin bu və ya digər intensivlikdə sosial fəallığını təmin edən səviyyədə; 2) öz ölkəsi daxilində siyasi-inzibati, sosial-iqtisadi və elmi-dini (mədəni) fəaliyyət səviyyəsində; 3) Xilafətin mərkəzlərində yüksək mövqelərdə göstərilən xidmət səviyyəsində.

Əlbəttə, üçüncü səviyyə, əslində, türkdilli mühitin həmişə fövqündə olduğuna görə (halbuki bunu, irəlidə görəcəyimiz kimi, farsdilli mühitə heç də bütün dövrlərdə aid etmək olmaz) türkcəyə, o cümlədən də Azərbaycan türkcəsinə təsir göstərməmişdir. Ancaq həm ikinci, həm də birinci səviyyə türkcələrə istər diferensiasiya, istərsə də inteqrasiya istiqamətində olduqca ardıcıl təkan vermişdir.

Hər nə qədər mifik düşüncənin mövzusuna çevrilmiş olsa da, İran-Turan qarşıdurmasının ərəb işğalına (və hökmranlığına) münasibətdə göstərdiyi reaksiya fars və türk dillərinin taleyi baxımından da əlamətdardır...

Məlum olduğu kimi, farslar əvvəldən islamın (və Ərəb Xilafətinin) əleyhinə idilər, ancaq bu hərəkata qarşı duracaq imkanları yox idi. Elə ki, Abbasilərin hakimiyyətə gəlməsi ilə - X əsrin ortalarından irançılığın Xilafətdə mövqeyi gücləndi, farslar sarayı ən azından ədəbiyyat və incəsənət miqyasında "zəbt etdilər". Və Müsəlman İntibahında farscanın mövqeyi ərəbcədən sonra ikinci yerə keçdi... Odur ki, Ön Asiyada dil iyerarxiyasında yeni dövrə qədər davam edən "ərəb, fars və türk" ardıcıllığı qərarlaşdı. Ərəblər tarixdə yalnız ərəbcənin, farslar ərəbcə və farscanın, türklər isə ərəb, fars və türkcənin xalqı kimi qaldılar.

Türk dillərinə, o cümlədən Azərbaycan türkcəsinə fars dilinin təsiri əvvəl ərəb, sonra isə uzun dövrlər ərzində, nə qədər paradoksal görünsə də, məhz türk siyasi himayəsində olmuşdur. Yalnız belə bir faktı xatırlatmaq kifayətdir ki, həm Türküstandakı, həm Azərbaycandakı, həm də Anadoludakı farsdilli şairlər məhz türk hökmdarlarının sarayında yaşayıb-yaratmışlar ki, bunun da ən parlaq nümunəsi Firdovsidir. Onun "Şahnamə"si, Xəyyamın rübailəri, Sədinin "Gülüstan"ı, Hafizin qəzəlləri farscanı türklərə sadəcə sevdirməmiş, əgər belə demək mümkünsə, əsrlərlə öz cazibə mehvərindən kənara buraxmamışdır.

Xilafətin ilk əsrlərində ərəblərin əlində güclü siyasi hakimiyyət var idi. Artıq qeyd etdiyimiz kimi, farslar bu hakimiyyətin böyük bir hissəsini tədricən (və xüsusi diplomatik məharətlə!) ələ keçirdikdən sonra farscanın Xilafətdəki nüfuzunu demək olar ki, ərəbcəyə yaxınlaşdırdılar. Və görünür, "ərəb sərtliyi" müqabilində türkləri cəzb edən "fars qılığı" onlara farscanı zaman-zaman ərəbcədən daha çox yaxınlaşdırdı.

Bir məsələni də unutmaq olmaz ki, farsca özü ilə ərəbcəni də çəkib gətirirdi... Bu özünü ən aydın şəkildə sufi-panteist poeziyanın türklər arasında yayılması ilə göstərdi. Bilavasitə fars şairlərindən sonra meydana çıxan dahi türk Mövlana Cəlaləddin Rumi (XIII əsr) öz zəngin farscası ilə türk sufizminin miqyasını genişləndirdi. Və türkdilli ədəbiyyata ilk dəfə Əhməd Yəsəvinin (XI əsr) "Divani-hikmət" ilə Türküstanda qədəm basmış sufizm Ruminin farscası ilə yeni prezentasiya imkanları qazandıqdan az sonra ümumxalq türkcəsində (bu dəfə Yunus Əmrənin, Nəsiminin təqdimində) yenidən zühur etdi.

Sufizm türkcəyə, o cümlədən Azərbaycan türkcəsinə ərəb mənşəli olan çoxsaylı sufi terminologiya gətirdi. Bu terminologiya Füzulidə daha təmkinli ideya-estetik məzmun kəsb etdikdən sonra aşıq şeirinə, dastanlara keçməklə Azərbaycan türklərinin ruhuna hopmağa başladı ki, burada musiqinin də təsiri vardı. "Nəsimi (eləcə də Yunus Əmrə - N.C.) şeirlərini dərvişlər el arasında musiqi ilə ifa edirdilər. Musiqi dərviş ifaçılığının tərkib hissəsidir. Füzuli qəzəlləri müğənnilər tərəfindən məclislərdə oxunub xalqa çatdırıldığı, aşıq şeirləri toylarda, mərasimlərdə kütlə qarşısında söyləndiyi kimi, Nəsimi şeirləri də... dinləyiciləri cəlb etsin deyə çalğısız, melodiya ilə dərvişlərin dilində el-el, ölkə-ölkə gəzirdi" (Tofiq Hacıyev).

Həm rəsmi-işgüzar, həm ədəbi-bədii, həm də elm-tədris istiqamətlərində ərəbcənin (ardınca isə farscanın) Azərbaycan türklərinin ünsiyyət sferalarına (müxtəlif funksional üslublara) bütün orta əsrlər boyu davam edən intensiv təsirləri məşhur təbirlə desək, "üçayaqlı" bir dil meydana gətirdi. Yeni dövr bu dili türk iltisaqi (aqlütinativ) quruluşunun prinsipləri ilə fonetik, qrammatik baxımdan nə qədər "redaktə etsə" də, xüsusilə lüğət tərkibində həmin "üçayaqlılıq" nəinki aradan qalxmamış, Azərbaycan türkcəsinin, eləcə də bir sıra digər türk dillərinin (hər birində fərqli kəmiyyətdə) tipologiyasını müəyyənləşdirən əlamətə çevrilmişdir.

Azərbaycan lüğətçıləri keçən əsrin 30-cu illərindən klassik Azərbaycan ədəbiyyatının dilində işlənən ərəb və fars sözlərinin lüğətini hazırlamağa başlamışlar. Lüğətin 2013-cü ildə çıxmış beşinci nəşri 22 mindən çox sözü əhatə edir ki, onların mütləq əksəriyyəti müasir Azərbaycan dilində də işlənir. Bu sözlərin bir qisminin türk mənşəli qarşılığı olsa da, əksəriyyətinin belə bir qarşılığı yoxdur. Və məsələnin maraqlı tərəfi də ondadır ki, milli dil təfəkkürü, yaxud adət olunmuş ünsiyyət təcrübəsi çox zaman həm şifahi, həm də yazılı nitqdə türk mənşəli deyil, məhz ərəb və ya fars mənşəli sözü önə çəkir.

Azərbaycan türkcəsi XIX əsrin ortalarından başlayaraq intellektual leksika - terminologiya sahəsində Şərq-Qərb yolayrıcında qaldı. Bugünə qədər ona Şərqlə Qərb arasında manevr etməyə imkan verən güc daxilindəki türk ruhudur ki, hər cür alınmaları min ildən çoxdur məharətlə idarə edir. İltisaqi quruluşun hər cəhətdən mühafizəkar fonetikası, qrammatikası, eləcə də qrammatikanın (və frazeologiyanın) əsasında dayanan son dərəcə zəngin feil texnologiyaları hesabına ... Alınma sözlərə gəldikdə isə, nə qədər çox işlətsək də, etnik təfəkkür onların arxasında "türkün sözü" deyilən nəyəsə tərəddüdsüz istinad eləməkdə davam edir. Və bu "türkün sözü" hər hansı alınma leksik vahidin semantik arxetipidir ki, onun türkcəliyi heç bir şübhə doğurmur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!