Dilin tanıtdığı müqəddəs Şuşa - Semantik rekonstruksiya - Aydın TALIBZADƏ

Filosof Niyazi Mehdiyə ithafən

Aydın TALIBZADƏ

 

Dil dünya mənzərəsidir.

Bir var gerçəklik, yəni fasiləsiz, aramsız oluşan kontinual kainat; bir də var insanın müəllifliyilə səs və hərflərdən diskret şəkildə fikrən yığılmış, beyin fırtınalarına həssas mozaik kainat. Bunlar tamam fərqli, tamam başqa, hətta haradasa lap müxtəlif, bəzənsə bir-birinə zidd təzahürlərdir. Onların ikisinin arasında isə reallıq hər an şaxələnə-şaxələnə  uzanıb gedir...

“Gerçəklikdə dünya” ilə “dildə dünya” heç vaxt eyni ola bilmir. Dildə dünya gerçəklikdə dünyanın mental təşkilidir. Məsələ bu ki, dil gerçək dünyanı “qayçılayıb” sözlərə doğraya-doğraya, daha sonra doğradığını cümlələrdə “montaj” eləyə-eləyə onu düşüncə sferası üçün, dərketmə üçün, qavrayış üçün strukturlaşdırır, özəl bir dünya mənzərəsi ərsəyə gətirir. “Dildə dünya” səs siqnallarının, verbal işarələrin quraşdırdığı, təsnifləşdirdiyi, mifləşdirdiyi dünyadır.

 Ona görə də Yer üzündə nə qədər dil varsa, bir o qədər də dünya var. Bizi əhatə edən gerçəklik və bizim ətrafımızda anbaan dəyişən reallıq hər xalqın, hər millətin, hər etnosun dilində bir cür modelləşir. Deməli, dünyaların sayı dillərin sayına bərabərdir və hər bir xalq öz dilinin gerçəklikdə “açdığı” tuneldən dünyaya boylanır, onu görür, dəyərləndirir, təhlilə çəkir.

  Odur ki, elə bu modusdan, elə bu yanaşma yönündən baxıb görək “Şuşa” sözündə hansı mənalar, hansı mətləblər şifrələnib və azərbaycanlı təfəkküründə Şuşa qavrayışını formalaşdıran nə olub. Axı ŞUŞA təkcə DAĞ deyil, QALA deyil, ŞƏHƏR deyil, həm də SAKRAL MƏKANDIR, zikr potensialına malik MÜQƏDDƏS SÖZDÜR, KOSMOLOJİ MİFDİR.

Məqalənin məqsədi Şuşa toponiminin etimolojisi üçün mühüm, səciyyəvi faktorların müəyyənləşməsinə, onun semantikasında dominant mənanın, energetik nüvənin, cövhərin tapılmasına, “Şuşa” adında hərflər düzümü ilə “tutuqlanmış”, “həbs edilmiş” ilahi və dünyəvi mahiyyətin, sirrin, mistikanın aşkarlanmasına doğru bir lağım atmaqdır: bu lağımla irəliləyib “şuşa” isminin kontekstinə zaman-zaman “oturdulmuş” tarixi, fəlsəfi və filoloji təfsirlər sırasından doğruya yaxınlaşmaqdır, həqiqət qapısından asılmış magik sözün mental və ruhsal dəyərini düzgün anlamaqdır.

Bəri başdan apriori razılaşaq ki, “Şuşa” kəlməsi struktur etibarı ilə çox sadə və çox mükəmməldir, idealcasına hamardır, cilalıdır, “Budda” sözü kimi qəşəngdir, qulağa xoşdur və etkiləndiricidir: sanki kosmik bir səsi, nəfəsi yansıdır. Onun adicə tələffüzü belə insanı özünə cəzb edir: fonetik quruluşu bir harmoniya sərgiləyir, daxili ritmikasında isə bir musiqi, bir sufi təlqini eşidilir.  

Bir tərəfdən “Şuşa” haradasa mediativ səciyyəli bir sözdür: adamı əlüstü “əfsunlayıb” uzaq bir ənginliyə, olağanüstü bir dünyaya səsləyir. Bu da ondan irəli gəlir ki, Azərbaycan dilində “ş” səsi çox “parıltılıdır”, çox pozitivdir: çünki “ş” həmişə işdir, günəşdir, şəfəqdir, şəffafdır, şüadır, şirdir, şeirdir, şəndir, şandır, şövkətdir.

Digər tərəfdən isə Şuşa kəlməsi meyxana rədifi qədər yüngüldür, şuxdur, havalıdır, oynaqdır, fişəng kimi ulduzlaşıb elə hey səmaya sarı dartınır.

Amma bununla yanaşı Şuşanın mövcudluq tarixi boyunca bu şəhərin tale qəribəlikləri, şəhərin nağılı, sirri, əfsanəsi heç vədə bitmir, tükənmir...

Bu qəribəliklərdən biri budur ki, 1759-сu ildə 42 yaşında ikən ailəsilə birlikdə Qarabağa köçürülüb Cavanşir mahalının Tərtərbasar kəndində məskulaşmasına və çox qısa bir müddət ərzində xan sarayına daşınmasına rəğmən  Şuşanın salınmasında dövlət xadimi statusunda birbaşa iştirak etmiş1 İbrahimxəlil Xanın vəziri Molla Pənah Vaqifin bizə bəlli ədəbi-bədii irsində şəhərin istər Pənahabad2, istərsə də Şuşa adı ilə əlaqəli tutarlı, bəlirtici, tarixi-kulturoloji heç bir məlumat tapılmır, şəhər-qalanın uzaq və yaxın keçmişinə bir beyt belə həsr olunmur.

Halbuki həmin dövr Şuşa şəhərinin siyasi, sosial, iqtisadi, mədəni həyatında yaşanan kreativ proses poeziya üçün “can verir”. Ona görə də M.P.Vaqifin həm bir vəzir, həm bir şair, həm bir müəllim, həm də bir vətəndaş kimi Şuşanın inşasına soyuq münasibət bəsləməsi, həqiqətən, çoxsaylı suallar doğurur. Şair hadisəyə emosional yanaşmır, onu heç bir yöndən işıqlandırmır, Qarabağ xanlığının bu mühüm tarixi olayı haqqında susmağı tərcih edir: nə tərif söyləyir, nə tənqid; nə fərəhlənir, nə gileylənir; nə də ki Pənahəli xanla İbrahimxəlil xanın ata-oğul münasibətlərinə bir aydınlıq gətirir.

Məncə, faktı araşdırıb, çözüb Molla Pənahın Şuşa olayına belə laqeyd, biganə və ehtirassız yanaşmasının motivini, nədənini öyrənməyinə dəyər!!!

Digər bir qəribəlik isə Pənahəli xanın özünün yetərincə təəccüblü davranışıdır. Soruşulur: niyə, nədən ötrü, hansı mənəvi-əxlaqi dəyərlərə söykənərək, hansı siyasi prioritetləri nəzərə alaraq Pənahəli xan Cavanşir fikrini dəyişdi, “qayalarla əhatələnmiş qalın meşədə”3 1750-ci ildən (“Qarabağnamələr”də hər müəllif Şuşa qalasının inşası və ya bərpası ilə bağlı bir tarix göstərir)4 başlayaraq ucaltdığı qalanın Pənahabad adını yenidən Şuşa adı ilə əvəzləməyə razılaşdı? Tarix bu məqamı, təəssüf ki, cavabsız buraxır: rus dilində yazılmış “Köhnə Şuşa” tədqiqatının müəllifi Çingiz Qacar da bu məsələ ilə bağlı heç nə demir, təfərrüata varmır, onu araşdırmağı lazım bilmir.

Halbuki vəziyyət düşündürücüdür: Şuşa adının Pənahabadla qiyasalamada yerli sakinlər tərəfindən tərcih edilməsi nə kimi məqsədlərlə şərtlənirdi və nə üçün hətta şəhərin şərəfinə “pənahabadi” adı ilə sikkələr buraxdırmış Pənahəli xan Cavanşir öz sosial statusundan yararlanıb da buna сiddi etiraz etmədi? Ola bilərmi ki, Pənahəli xan Kərim xan Zənddən ehtiyatlanıb bu məsələyə baş qoşmasın və 1759-cu ildə Kərim xanın təkidilə haradasa lap şuşalılardan bir balaca “inciyib” də Urmiya xanlığına getsin?

Araşdırmağına dəyər!!!

Qəribəliklərdən üçüncüsü: maraqlıdır, görəsən, qaya sıldırımları ilə çərçivələnmiş meşəlikdə, özü də ala-babat bir texnikanın olmadığı çağlarda, ağacları qırmaq, tikinti materiallarını üzüyuxarı daşımaq zərurətilə qarşı-qarşıya ikən Şuşa şəhərini (qalasını), proses hətta üç mərhələyə paylanmış olsa belə,5  xan sarayları, məhəllələri, məscidləri, hamamları ilə birgə necə bu cür tez tikib başa vururlar?  Niyə Məhəmməd Həsən xan Qacar 1758-ci ildə (Çingiz Qacardan fərqli Fazil Qaraoğlu bu tarixi olayın 1751-ci ildə gerçəkləşdiyini vurğulayır)6, Nadir şahın sərkərdəsi Fətəli xan Əfşar 1762-ci ildə çoxsaylı qoşunları ilə təzəbinə şəhərə hücum çəkib məhz Şuşaya yiyələnmək istəyirlər? Strateji həmlə yoxsa Şuşa şəhərinin kəsb etdiyi özəl mənadır bu situasiyada həlledici faktor? Niyə tarixin hər bir dönəmində müxtəlif qonşu ölkələr arasında Şuşa bu qədər əziz, matah bir şey olub?

Təhlil etməyinə dəyər!!!

Bəlkə elə bu suallar ucbatındandır ki, bir sı­ra mü­əl­lif­lər “Şu­şa qa­la­sı­nın gös­tə­ri­lən tarixdən əv­vəllər də möv­cud ol­du­ğu­nu sü­but etməyə” çalışırlar.7 Mən də bu müddəaları, bu sualları əsas götürüb fikirləşirəm, güman edirəm ki, Şuşa şəhəri köhnə yox, qədim şəhərdir, qədim qaladır, qədim yaşayış məskənidir. Çünki fikirlərimin, gümanlarımın qaynağı “Şuşa” toponimidir, onun energetik şüalanması və öz ətrafında mənalar fırtınası yarada bilməsidir.

M.P.Vaqif şeirlərində cəmi bir kərə öz yaşayış məskəninə eyham vursa da, zənnimcə, elm üçün gərəkli sayılacaq kiçik bir faktı qabardıb:

Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında,

Məqami ləli-gülrəngin miyani-səngi-xaradır. 8

Beytin sətiraltı tərcüməsindən aydın olur ki, Vaqif Şişə dağında qurduğu məskəni bərk daşın (yaxud çaxmaqdaşının) ortasında məqam bulmuş gülrəngli ləl-cəvahirata, mirvariyə bənzədir. Təqdirə şayan bir şeir örnəyidir heç şübhəsiz!!!

Hərçənd burada məni maraqlandıran “Şişə dağı”“bərk daş” ifadələridir. M.P.Vaqif uzaq XVIII yüzildən öz misrası ilə bizə lakonik bir mesaj göndərir ki, Şuşa (Şişə) qala, şəhər statusu almamışdan öncə dağ olub və Şuşa dağ adıdır, bərk daşlarla əhatələnmiş bir yerdir. Əla; bunları yadımızda saxlayaq: çünki bir də dönəcəyik bu məqamın üstünə.

Şuşalı Əbdürrəhim bəy Haqverdiyev də Şuşa barəsində vaxtaşırı nələrisə deyib, zaman-zaman şəhərin yaşadığı tarixi taleyə üzülüb, di gəl ki, M.P.Vaqif kimi sözün açımı, etimologiyası ilə bağlı fərqli, sanballı heç nə dilinə gətirməyib; öz tədqiqatçı potensialına baxmayaraq bu yöndə hətta balaca bir araşdırma belə aparmayıb. Buna rəğmən o, “Ağa Məhəmməd şah Qacar” adlı faciəsinin diskursunu qurarkən Qarabağın hakimi İbrahimxəlil xanın təkidilə M.P.Vaqifin şah Qacara yazmış olduğu cavab məktubunu xatırladaraq Şuşanın şüşə mənası daşıdığını bir daha aktuallaşdırıb:

Məni qoruyan mənim tanıdığımdırsa,

Şüşəni daşın içərisində də salamat saxlayar.9

 Dediyim bu ki, Şuşanın “şüşə” mənasında anlaşılması tədqiqatçılar və yerli camaat arasında daha üstün bir versiya sayılır: nədən ki, şüşə mental qatda saflığı, aydınlığı, təmizliyi, zərifliyi işarələyib sakrallığa iddialı olur. Təbii ki, burada anavariant və isnad yeri farsın “şişe”, yəni şüşə sözüdür. Hərçənd məntiqlə düşünsək əgər, görəcəyik ki, “qala” və “şüşə” məna etibarılə bir-birinə əks qütblərdə dayanan sözlərdir. “Şüşə qala” absurd söz birləşməsididr. Qalanın şüşəkimiliyi qalanın sonu deməkdir: şüşə kimi kiçik bir toxunuşdan çiliklənəcək, qırıq-qırıq olacaq qaladan nə fayda? Bir də Şişəyə, yəni Şüşəyə azərbaycanlılar niyə, hansı məqsədlə Şuşa deyəydilər ki? Burada nə tələffüz problemi ola bilərdi ki?

Ümumiyyətlə, bu mövzuda az-çox nəsə yazmış müəlliflərin əksəriyyəti adətən “şüşə” və “şiş” anlayışlarının həndəvərinə dolanıb “rəqs edir”, Şuşanın gah “şüşə” sözündən törədiyini söyləyirlər, gah da onun ucu şiş zirvə mənasını daşıdığını xatırladırlar. Olsun, müəyyən bir versiya kimi hər ikisi qəbul edilə bilər: lakin hər ikisi primitivdir, bəsitdir, adidir.

Şuşa toponiminin etimolojisilə ilişikli fars sözlərinə müraciət yetərincə gəlişmiş bir tendensiyadır. Səbəbi də bu ki, İranla Qarabağ xanlığı arasındakı münasibətlər, onların tarixən müxtəlif formatda gerçəkləşməsinə rəğmən, çox özəl olmuşdur. Odur ki, öncə “Şuşa” kəlməsinin fars sözlərindən düzəldilmə versiyasını nəzərdən keçirək.

Fars dilində “şuşu”10 sözü var: darı mənasında işlədilir. Çingiz Qacar da öz kitabında Şuşanın etnoqrafik özəlliklərindən danışarkən darının bu bölgə üçün səciyyəvi dənli bitki olduğunu qeyd edir.11 Qızıl, gümüş külçəsinə farslar “şuşe”12 deyirlər: bu ifadə Şuşaya da, şəhərin fakturasına da “şişe” sözündən daha yaxındır, Şuşaya daha çox yaraşır. Farslarda “şuşək”13 sözü həm dağ kəkliyini bildirir, həm də simli musiqi alətini. “Şuşke”14 isə farsca xəncər deməkdir.

Bunlardan əlavə Şuştər İranın cənub-qərbində şəhərdir və onun yaxınlığında eyniadlı qədim bir suvarma sistemi də mövcuddur. Fars dilindən tərcümədə Şuştər “Şuş kimi”, “Şuşabənzər” mənalarını özündə qapsayır. Bu da heç təsadüfi deyil. Məsələ bu ki, əhəmənilərin hündür sıldırım qayalar üzərində salınmış paytaxtı vaxtilə Şuş15 şəhəri adlanıb və xuzistanlılar da arzulayıblar ki, özlərini qədim sülaləyə oxşatsınlar, “Şuş”un bir analoqunu da Xuzistanda yaratsınlar. Bəziləri iddia edirlər ki, Elam dilində Şuş şəhərinin adı şuşun, yəni süsən sözündən alınmadır və “Şuşa” toponimi də buradan törəmədir. Heç bir ciddi tənqidə tablamayan iddiadır: çeçələ barmaq nazikliyində zərif bir çöl çiçəyi də sıldırımlar üzərində ucaldılmış paytaxt şəhərinin və ya bir qalanın adı üçün müəyyənləşdirici faktor ola bilərmi? Əsla. Bir də qalaları kişilər tikirlər: onlar heç qalaya da çiçək adı verərlərmi? Məntiqsizdir.

 Bundan əlavə “Şuş” toponimi Avropa və Asiyanın müxtəlif yaşayış məskənlərində16 boy verib özünü görükdürür. Mümkün ki, “şuş” mərkəzi, paytaxtı, müqəddəs məkanı, yüksəkliyi eyhamlaşdıran bir anlayış olsun. “Şüştər” muğamı da haradasa Şuş şəhərini çalır, onun paytaxt alicənablığını, sakit qürurunu, ucalığını, meditasiya müvazinətini və qədim Şuş möhtəşəmliyini musiqi dilinə çevirir.

Lakin “şuşu”, “şuşe”, “şuş”, “şiş” və bu kimi digər təxmin edilən kod-sözlər Şuşanı yüzdə yüz açmır: yalnız təklif-versiyalar qismində qalıb müxtəlif janrlı məqalələrdə sadalanır.

Bu arada mən Azərbaycanın elm cameəsinin diqqətini daha başqa bir varianta sarı istiqamətləndirmək istərdim. Farslar öz gündəlik leksikonlarında “şodən”17 məsdərindən tez-tez faydalanırlar və bu sözü olmaq mənasında işlədirlər. “Şodən” səmavi, yəni kökü eşitmə yolu ilə təsbit edilən qaydasız feildir. Ona görə “şodən”in kökü “şu” kimi oxunur. “Şu” ol deməkdir. “Şa”18 isə farsın danışıq dilində “şah” sözünün qısaldılmış formasıdır.

Əgər Şuşa toponimi fars dili kontekstində “şu” üstəgəl “şa” variantı kimi götürülərsə, onda Şuşa “şah ol” (ya da “ol şah”) imperativindən düzəldilmə bir söz kimi anlaşılmaq şansı qazanır. Bu müstəvidə Şuşa toponimi “insanı şah yapan məkan” qismində semantikləşir və tarix elmi üçün yeni paradiqmalar açmağa qabil olur. Niyə də yox?

ŞUŞAYA YİYƏLƏNƏN QARABAĞA SAHİBLƏNİR, BU BÖLGƏNİN HAKİMİ OLUR.

Məgər Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar öz tacqoyma mərasimlərini Qarabağda keçirmədilər? Axı türk əsilli hökmdarlar ta qədim çağlardan Qarabağı müqəddəs torpaq kimi qavrayırdılar19, onu öz hakimiyyətləri üçün uğurlu energetik zona hesab edirdilər. Pənahəli xanın da Şuşaya bu dərəcədə böyük önəm verməsi qutsal bir ənənənin davamı kimi dəyərləndirilməlidir.

Təsadüfi deyil ki, Şuşa fəth ritmikasını, qalibiyyət pafosunu özündə yansıdan bir sözdür: uzun yol gəlib yüksəkliyə çatmaq duyğusunun, fərəhinin söz ekvivalentidir. Burada artıq “şüşə” və “şiş” sözləri öz aktuallıqlarını tamamən itirirlər...

“Şuşi” kəlməsi də öz aktuallığını tamamən itirmiş sözlər sırasındadır. Şuşadan Şuşi düzəltmək mümkündür, əksi – mümkünsüz. Bu, Şuşa sözünün orijinallığının və ilkinliyinin, anavariant olmasının təsdiqidir. O da gün kimi aydındır ki, “şuşi” sözü azalan enerjini, eniş ritmikasını, düşmək, qaçmaq tendensiyasını görükdürür və qalanın bu şəkildə adlandırılmasının mümkünlüyünü sıfra endirir. Roma tarixçisi Publius Cornelius Tasitusun Qafqaz ərazisində “Sosu şəhəri olub” məlumatına söykənərək20, “s” və “ş” hərfləri arasında linqvistik “asma körpü” quraraq Şuşa adının mənasını çözməyə çalışmaq da, əslində, heç bir ciddi tənqidə davam gətirmir.

Fars dili üfüqlərindən Şuşanın etimolojisinə düşən şəfəqlərin aydınlatdığı mənzərə belə: bu mənzərədə Şuşa “şah ol” imperativindən açılır və şahlar məkanı, insanın şah olduğu yer kimi oxunur. Bu versiya ağlabatandır, məntiqidir, inandırıcıdır: ancaq onun mütləqliyinə, yüzfaizli dürüstlüyünə bir kimsə də zəmanət verə bilməz: hərçənd bu çözümün yaşamaq hüququ da inkar edilmir.

Lakin və bir də lakin...

...bütün bu dediklərimlə yanaşı və hətta onlara rəğmən...

...əslində, mən, belə bir fikirdə israrlıyam ki, məhz fars dilinin təsirilə “Şuşa” sözü “şişə”yə çevrilib, şüşə kimi anlaşılıb və çox qədim mənanı pərdələyib.

İndisə “Şuşa” sözünü götürüb türk dillinin işığına tutaq və görək bu işıq bizə nə göstərir. Artıq həm tarixçilərə, həm etimoloqlara, həm də dilçilərə yaxşı məlumdur ki, türklər yaşayan məskənlərdə Şuş toponiminə tez-tez rast gəlmək mümkündür. Amma daha maraqlısı və daha çox etkiləndiricisi budur ki, Sibirdə Yenisey hövzəsinə daxil böyük çaylardan biri Şuş adlanır. Möhtəşəmdir və “möhtəşəmdir” deməyimin səbəbi onunla izah olunur ki, Sibirdə mövcud bu toponimə artıq türklərdən savayı heç bir kimsə iddia edə bilməz.

Buradan da belə aydın olur ki, “şuş” türkün öz saflığını, təmizliyini qorumuş, qatqısız- filansız bir sözüdür. Çünki “Şuş”un Sibirə İrandan transfer olunması izahsız, imkansız və müəmma!!! İnsanlar cənubdan şimala yox, şimaldan cənuba doğru köç ediblər həmişə: çaya da şəhər adının verilməsi anlamsız; adətən, bunun tərsi olur.

Xakaslarda şuş kəlməsilə nəsli, şəcərəni21 bildirirlər: nədən ki, bu etnosun mifolojisində su törədici başlanğıcdır; onlar insan ruhunun səyahətini Yaponiyada olduğu kimi axar çaylarla bağlayırlar. Sibirdə yaşayan digər türkdilli xalqların dilində isə şuş sümüyü22 nişan verir. Nəsil, şəcərə fərdin genetik əsasıdır və haradasa onun həyat ağacının struktur əsası, sümüyü qismində başa düşülə bilər. Şuş çayı “taştıp”, yəni dibi, yatağı ağır daşlarla örtüldüyündən ona sümük kimi çay deyiblər. Qalalar da şüşə kimi yox, sümük kimi olur zatən və azərbaycanlılar bərk, möhkəm nə görsələr, onu “sümük kimidir” ifadəsilə ödülləndirirlər. Şuş çayı ilə bağlı son dediyim bu ki, onun Yeniseyə töküldüyü yerdə 1774-cü ildə şəhər tipli Şuşalıq (Şuşenskoye) qəsəbəsi salınmış, sonralar isə 1963-2000-ci illərdə Şuşa Şayan (Sayano-şuşenskoye), yəni Şuşa uyğun, Şuş çayına layiq su elektrik stansiyası tikilmişdir.

Bu qısa ekskursdan sonra yenidən qayıdaq Şuşa toponiminə. Şuş çayının Sibirdə bugünki varlığı, Şuş qalalarının isə tarixən mövcudluğu bir daha sübut eləyir ki, Şuşikənd deyilən bir toponim uydurmadır və bu kəndin əsl adı yalnız Şuşkənd ola bilər.

Altay-rus lüğətində belə bir söz də var “şukşu”23: boynun fəqərə sümüyünü bildirir; “şuu”24 sözü isə küləyin səsini imitasiya eləyir. Qəribədir, aşağıdan yuxarıya baxdıqda Şuşa sıldırımları yaşıllıqlar içindən pırtlamış iri boyun fəqərələrini xatırladır. Bayaq da Şuş çayı ilə ilişikli deyilmişdi ki, bu sözün mümkün mənalarından biri sümükdür. Tibet şamanları fal açmağa başlayanda qeybdən dürlü xəbərlər almaq üçün insan skletinin bazu sümüyünə üfürürlər. Şuşa şəhərində həmişə xəfif bir meh, külək var, amma burada küləyin üfürməsi də bir başqa cürdür: sonordur, musiqilidir və alicənabdır. Qala hər zaman küləyin üfürdüyü sümükdür. Lakin bunlar hələ heç nəyi  müfəssəl şəkildə aydınlatmır: sadəcə, türk dilləri müstəvisində araşdırılan toponimlə əlaqəli müəyyən assosiasiyalar yaradır.

Oyrot-rus lüğətində “şuu” və ya “şüu”25 sözü üç cür mənalandırılır: düşünmək, fikirləşmək, torla balıq tutmaq, nəyisə xəlbirdən keçirib süzmək. Gəlin, razılaşaq ki, “şu” diftonqunda bir dirəniş, bir möhkəmlik, sütunvarilik, sümükkimilik diqqəti çəkir. Şaa26 isə oyrot və altay dillərində tiyəni bir yerə sancmaq mənasında anlaşılır. Məntiqi bir sıra oluşduraq: sümük, tiyə, fikirləşmək... Bu aspektdə Şuşa tanrı fikrinin sancıldığı yer, şimşəyin düşdüyü məkan kimi çözülə bilərmi? Şuşa sanki dörd tərəfdən xəncər tiyəsi ilə yonulmuş bir qala, boyun fəqərələri üstündə dayanan baş təəssüratı oyatmırmı?

Maraqlı bir faktdır ki, Şuşa toponimini türksoylu xalqların dilləri kontekstində çözdükcə Şuşa mifləşməyə başlayır, toponimin polisemantik müstəvisi biraz da genişlənir.

Dönək M.P.Vaqifin “Şişə dağı” və “Şüşəni dağın içində də salamat saxlar” ifadələrinə. Kimdir bu salamatlığın qarantı? Əlbəttə ki, Molla Pənah Vaqifin tanıdığı. Heç şübhəsiz ki, Molla Pənahın tanıdığı İbrahimxəlil xandır və vəzir öz ağasının qüdrətini, şücaətini öyür. Lakin daha dərin qatda şair üçün hədəf tanrıdır: çünki hər şeyin mütləq qarantı yalnız Odur. Deməli, M.P.Vaqif Şuşa dağını maksimal dərəcədə sakrallaşdırıb, tanrıya həvalə eləyib buranı tanrı evi statusunda qavrayır: busa artıq arxaik təfəkkürün rudimentidir.

Hamıya yaxşı məlumdur ki, mif təfəkkürü müəyyən bir dağı, məsələn, Hindistanda Kaylasa, Hindoneziyada Qununq-Aqunq, Yaponiyada Fuci-san, Yunanıstanda Olimp, Misirdə Sinay kimi, müqəddəsləşdirib onu dünyanın mərkəzi və tanrıların məskəni sayır, etnosun həyatının başlanğıc nöqtəsi və təkanverici energetik qüvvəsi bilir. Qədim Şumerdə (digər xalqların mifolojisində qəti olmayan bir şey) tanrılar özlərinə məkan seçirdilər, yer bulurdular və sonradan insanlar bu ərazidə onlara ev düzəldirdilər,27 tanrılar üçün məbədlər tikirdilər, qalalar ucaldırdılar.

Bu paradiqma artıq Şuşa dağını tanrı məskəni, tanrının evi kimi tanıtdırır, Şuşa şəhərini müqəddəslik haləsi içinə götürür. Tanrının evi dağ kimi olar, sümük kimi olar!!!

Nəticə isə mənim özümün də gözləmədiyi bir şəkildə heyrətamizdir: Şuşa toponiminə fərqli kodlardan yanaşdıqda belə oxşar semantik cərgə alınır. Şuşa tanrılar evidir, insanı şah eləyən şəhərdir, sümük kimi qaladır və onun həm “şüşə”, “şiş” sözlərilə, həm də ermənilərin təfsirində meydana çıxan versiyalarla  heç bir bağlantısı yoxdur...

 

  _______________________________________

Bu haqda daha ətraflı bax: Каджар Ч. Старая Шуша. – Баку: "Şərq-Qərb", 2007; Cəbrayılov İ. Qarabağ   

   xanlığının baş vəziri: Molla Pənah Vaqif dövlət xadimi kimi // Azərbaycan müəllimi qəz. –  2018. – 12 yanvar. –  

   S.12; Qaraoğlu F. Gözəlim, həsrətim Şuşanın tarixindən // Bakı xəbər.- 2017.- 7 iyun.- S.12; Hüseynova E.  

    Şuşa toponiminin etimologiyası və onun məhəllələrinin tarixi // https://science.gov.az/az/news/open/19723

2  Каджар Ч. Старая Шуша. – Баку: "Şərq-Qərb", 2007. – С.51, 91-92;

3  Каджар Ч. Указн. произведение, C.57.

Qarabaği M.Y. Tarixi-şərif. – S.23; Xəzani M.M. Kitabi-tarixi-Qarabağ. – S.136. // Qarabağnamələr. II kitab. – 

   Bakı: "Şərq-Qərb", 2006. –  288 s.

5  Bu haqda daha ətraflı bax: Hüseynova E. Göstərilən əsəri.

6  Qaraoğlu F. Göstərilən əsəri.

7  Yenə orada.

8   Vaqif M.P. Əsərləri. – Баку: "Şərq-Qərb", 2004. – S.152.

9   Haqverdiyev Ə. Seçilmiş əsərləri iki cilddə / I cild: Dram əsərləri. – Bakı: “Lider nəşriyyat”, 2005. – S.186.

10  Персидско-русский словарь в 2-х тт., свыше 60 000 слов. – 2е изд. / Том  II. – М.: Рус. Яз., 1983. – С.119

11 Каджар Ч. Указн. произведение, C.132.

12  Yenə orada.

13 Yenə orada.

14  Yenə orada.

15 Qaraoğlu F. Göstərilən əsəri.

16 Hüseynova E. Göstərilən əsəri.

17 Персидско-русский словарь. Указн. том, С.118.

18 Yenə orada, S.82.

19 Каджар Ч. Указн. произведение, C.38.

20 Hüseynova E. Göstərilən əsəri.

21  Река Шушь: приток Енисея под особой охраной / https://kras.mk.ru/articles/2016/07/06/reka-shush.html

22  Река Большая Шушь / https://naenisee.ru/region/shushenskiy/area/67

23 Алтайский-русский словарь. – Горно-Алтайск, БНУ РА «НИИ алтаистики им. С.С.Суразакова», 2018. –  

   С.884.

24 Yenə orada, S.885.

25 Ойротско-русский словарь. – М.: ОГИЗ, 1947. – С.185.

26 Yenə orada, S.184.

27 Ферапонтов М. Древний Шумер: боги, люди, власть / https://warspot.ru/10404-drevniy-shumer-bogi-lyudi-vlast

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!