Qacar sarayının qarabağlı Şahbanusu - Ağabəyim ağa - Mətanət VAHİD

Mətanət VAHİD

 

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ! 

 

Bu yanğılı misraların müəllifi gənc yaşından ömrünün sonuna kimi İran şahı Fətəli şahın sarayında girov qalan Ağabəyim ağadır - İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, taleyi Qarabağın siyasi gündəmi, dövlətçilik tarixi ilə sıx bağlı olan, həyatı bütünlüklə ağır sınaqlardan ibarət Xan qızı... Qacar sarayında "Ağabacı" adlandırılan Ağabəyim ağanın həyatı və yaradıcılığı ilə bağlı rəvayətlərə qarışmış azsaylı məlumat onun iradəsi, xarakteri, sədaqəti və ifadəsini nisgilli misralarda tapan incə təbiəti haqqında çox söz deyə bilir.

1797-ci ildə Ağaməhəmməd şahın Şuşada qətlindən sonra Fətəli şah taxta çıxır və Qarabağ xanlığının III xanından əmisinin qatillərini, həmçinin sarayında saxlamaq üçün girovlar istəyir. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı Qacar sarayına göndərir. "Qarabağnamə"lərdə qeyd olunur ki, böyük bir ehtişamla Tehrana yola salınan Ağabəyim ağanın xidmətinə 200 qarabağlı verilmişdi; Qarabağın döyüşçüləri hesab olunan bu böyük dəstəyə Məlik Bəy başçılıq edirdi.

İrana girov verilən Əbülfət ağanı şah sarayda saxlamayıb oğlu Abbas Mirzəyə yardımçı verir. Vəliəhd Abbas Mirzə Naibəssəltənə ona xanlıq ünvanı verib qoşun başçısı təyin edir. "Tuti" təxəllüsü ilə şeirlər yazan Əbülfət ağa Məhəmməd şah və Nəsrəddin şah Qacarın səltənəti zamanında məşhur dövlət xadimlərindən biri, bir neçə dəfə vilayət hakimi olur…

Yaşadığı Qacar sarayı Ağabəyim ağa üçün içinə qan qusduğu qızıl teşti təqdim edən kədər sarayı idi. Mənbələrdə yazılanlara görə, Ağabəyim ağa ömrü boyu Fətəli şahın kəbinli zövcəsi ola da, qadını olmur, amma şah talaq da vermir və sonrakı illər qadın Qumda ondan ayrı yaşayır. Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında Mirzə Fəzlullah Şirazi Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə və digər salnaməçilər yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən on beş dəqiqə sonra otaqdan dəli kimi çıxır və qəzəblə "İbrahim xanın qızı məni ilan kimi çaldı" deyir. Deyilənlərə görə, həmin gecə Ağabəyim ağa şahı anasının rəsmi libasında, belində onun kəməri ilə qarşılayaraq özünü toxunulmaz edir və təbii ki, bu, şahın izzəti-nəfsinə toxunur. Aralarında sevgi ilə bağlılıq olmasa da, Ağabəyim ağa ömrünün sonuna kimi Qacar sarayında böyük nüfuz sahibi olur. Hətta sarayın Ağabacısı daxil olanda şahın yanındakı yaşca daha gənc olan zövcəsi Tacüddövlə hörmət əlaməti olaraq ayağa qalxırmış.

"Qarabağnamə"lər və digər salnamələrdə bu barədə qeyd olunmasa da, saray tarixinin bilicisi Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim ağa ömrü boyu əmisi Mehralı bəyin oğlu, "Batmanqılınc" ləqəbli sərkərdə Məhəmməd bəyi sevir və bu eşqə sadiq qalırmış. Məhəmməd bəy Sarıcalı 35 yaşında II Şirvan hakimi Mustafa xan Xançobanlı tərəfindən qətl edilir və Ağabəyimin nisgilli misralarına çevrilir.

Ağabəyim ağa tarixən Qacar səltənətinin xanımları arasında haqqında ən çox bəhs olunan, tarixdə, saray salnamələri və sənədlərində adı ən çox keçən, ərəb, fars və fransız dilini gözəl bildiyinə görə xarici əlaqələrdə rolu olan xanım idi. Taleyi Qarabağın taleyi naminə qurban verilmiş Ağabəyim ağa özü bir gün görməsə də, Qacar sarayında girovluğu siyasi səbəblərdən əlverişli idi. Fətəli şahın fərmanla "Şahbanu" elan etdiyi Ağabəyim ağa Qarabağ xanlığı ilə Tehran sarayında münasibətlərin normallaşması və qohumluq əlaqələrinin davam etməsi üçün əhəmiyyətli işlər görmüşdü.

Şahın hərəmxanasındakı yüzdən artıq qadından heç biri idarəetmədə Ağabacı qədər söz sahibi olmamışdı. Fətəli şah ağlı, elmi, mərifəti ilə seçilən Şahbanuya müdaxilə hüququ verdiyindən o, səfirlərin xanımlarını qəbul edir, xarici dövlətlərin hökmdarları və onların xanımları ilə yazışır, saraya təşrif edən əcnəbi səyyah və diplomatlarla söhbətlərdə iştirak edirdi. Mənbələrdə onun Rusiya çarı I Aleksandrın xanımı ilə də məktublaşdığı, 1811-ci ildə Fransa imperatorunun arvadı ilə görüşdüyü və onun vasitəsilə Napoleon Bonaparta məktub göndərdiyi də qeyd olunur. Sonuncu məktubun bu gün də Luvr muzeyində saxlanıldığı deyilsə də, yazılma səbəbi və məzmunu barədə məlumat verilmir. Mehriban Vəzirin yazdığına görə, Ağabəyim ağa "Müqəddəs Georgi" ordenini alan yeganə türk xanımıdır.

Fətəli şah ağlı və zəkası ilə ürəyini fəth etmiş Ağabəyim ağanın xahişi ilə Qarabağdan gələn ticarət karvanlarından alınacaq gömrük və torpaqbasdı haqqını ləğv etmiş, tacirlərə üstün imtiyazlar vermişdi. Avropa, Rusiya mənbələrində adı "Kraliça Ağabacı" olaraq keçən Ağabəyim ağanın təsiri, xahişi ilə Fətəli şah günahkarları bağışlayır, dustaqları azad edirmiş. İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanın rus əsirliyindən qurtulması da mənbələrdə Ağabəyim ağanın xidməti kimi göstərilir.

Həmçinin onun Abbas Mirzənin Qafqaz uğrunda savaşını dəstəklədiyi, Xoy və Urmu kimi Qarabağı da bac hesabına ruslardan geri almağın mümkünlüyü fikrini irəli sürdüyü, danışıqlar zamanı bu məsələyə işarə edilsə də, həyata keçmədiyi də yazılır. Yazılanların nə qədəri doğru, nə qədəri yanlışdır, bilmirik. Bilinən iə budur ki, şuşalı Ağabəyim ağa Qarabağ üçün olduğu qədər Tehranın siyasi həyatı üçün də əhəmiyyətli fiqur idi. 

Qürbət həsrəti, eşq acısı azmış kimi, 1806-cı ildə (12 iyun) Şuşa yaxınlığındakı Xanbağında atası İbrahimxəlil xan, anası Tutubəyim ağa, bacı-qardaşları və qohumları daxil olmaqla, 17 nəfər ailə üzvünün rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilməsi müsibəti Ağabəyim ağanın çəkilməz dərdlərini minə qatlayır.

Deyilənlərə görə, Fətəli şah Ağabəyim ağanın qürbət həsrətini ovutmaq, hörmətini izhar etmək üçün Qum şəhərində onun üçün saray tikdirir və bu sarayın qapı-pəncərəsini, hücrələrini adət üzrə günçıxana, qibləyə deyil, Qarabağ istiqamətində qoydurur. Sarayın həyətində möhtəşəm bir bağ saldırır; Şuşada bitən ağacları, gül-çiçəyi burada əkdirir. Ağabəyim ağa xarıbülbül çiçəyinin bütün cəhdlərə baxmayaraq bitmədiyi "Vətən bağı"na tamaşa edib üzüntüsünü bu misralarla ifadə edir:

 

"Vətən bağı" al-əlvandır,

Yox üstündə xarıbülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

 

1780-ci ildə Xankəndidə, Xanbağında anadan olan Ağabəyim ağanın bir gün üzü gülmədən, ağrı-acılar, göz yaşları içində keçən ömrü 1832-ci ildə 52 yaşında qürbət diyarda - Tehranda sona yetir, Darül-İman adlanan Qum şəhərində dəfn olunur. Mənbələrin bir qismində Ağabəyim ağanın öz əcəli ilə vəfat etdiyi qeyd edilsə də, bəzi mənbələrə görə, rusların Qafqazdan çıxarılması uğrunda növbəti müharibənin tərəfdarlarından olan Ağabəyim ağa rusların istəyi, sarayda mötəbər mövqedə olan erməni casuslarının əli ilə zəhərlənərək öldürülüb.

"Məluli", "Tuti" təxəllüsü ilə azərbaycanca və farsca şeirlər yazan, hicran, nisgil simvolu olan qarabağlı girovun yaradıcılığından dövrümüzə qədər iki bayatı və bir neçə beyt gəlib çatıb. Məşhur bayatısı "Qarabağ şikəstəsi"nin sözlərinə çevrilib. Bəzən bu şikəstənin musiqisinin də Ağabəyim ağaya aid olduğu deyilir. Bəlkə də, bu, gerçəkdir, axı "Qarabağ şikəstəsi"nin sözləri kimi, musiqisində də ömrü boyu qürbət acısı çəkən bir qəribin bütün hissləri ifadə olunub - sevgi, həsrət, nisgil və ümid...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!