"Vətəndaşlığın əlifbası" kitabından - Sabir RÜSTƏMXANLI

 

 

"Ömrümüz boyu öyrəndik, axırda onu bildik ki, heç nə bilmirik"

Nəsirəddin Tusi

 

Halallıq

Kəşflər, elmi yeniliklər, uzayın dərinliklərinə doğru sıçrayışlar, çılğın texnoloji yeniliklər dünyasında bayram atəşfəşanlığı kimi işıq saçan yeni sözlər, dəbdəbəli kəlmələr arasında kol dibində zorla seçilən bənövşəyə bənzər bir söz də vardır: Halallıq.

Uzaq yüzilliklərin xatirəsi kimi zaman keçdikcə solğunlaşır, dəbdən düşür, az səslənir, az düşündürür. Amma dünyanın nizamının fərqli olduğu köhnə yaşam tərzindən tam qopmamış balaca dağ kəndlərində doğulmuş bizlər üçün bu söz çox önəmlidir. Böyüklərimizin tərbiyə məktəbinin əsas dərslərindən biri beləydi: Harama əl uzatma! Əyri işlərdən uzaq ol! Nəfsinə əsr olma! Halallıqla yaşa!

Bu əxlaqı yaşatmağa çalışanların əməlləri də, həyatları da yüksək halallıq örnəyi idi. Onların uzun ömürləri boyu öz nəfslərini necə qoruduqları, bu xasiyyətlərilə necə sayqı qazandıqları barədə əvvəllər də yazmışam.

İndi bu barədə danışanlara geriqalmış və ya dünyadan xəbərsiz adam kimi baxırlar. Lakin türk törəsi qutsaldır. Böyüklərimizin yüksək mənəviyyat örnəkləri, ənənələri, ucqar kəndlərdə, kiçik bölgələrdə qorunub saxlanılan türk törələrinin qutsal dəyərləri böyük şəhərlərə yol tapa bilmir; bizi hər cığırı və hər izi ilə ürəyi silkələyən, gözünü yaşla dolduran uca yaylalara, yurd yerlərinə, kimsəsiz obalara, diş göynədən bulaqların başına, ilkinliyini qoruyan gözəlliyə çağırır. Köhnəlmiş görünən söz də belədir.

Bu gücünü itirmiş, heç kimi maraqlandırmayan söz insanlığın heç vaxt köhnəlməyəcək əxlaq qanunlarımızdan biridir. O, möhkəm şəkildə bağlı olduğumuz, həqiqət kimi qəbul etdiyimiz bir inanc idi. Bu inancı qoruya bilirikmi? Həyat şərtləri buna imkan verirmi?

 

Pulun, kapitalın hər şeyi üstələdiyi, hər cür qazanc vasitələsinin məqbul sayıldığı dünyada halallıq - tüfəngin yanında gücünü itirən Koroğlu qılıncına bənzəyir.

Lakin insanın bir sonu və axirət dünyasına qədər bir hesabatı var. Bu, axirət hesabatı deyil, hər kəsin övladları, ailəsi, milləti və vicdanı qarşısında hesabatdır. İnsan özünün və xalqının ləyaqətini düşünürsə, belə köhnəlmiş sayılan, lakin yüzillər boyu millətin xarakterinin ən mühüm cəhətlərini təşkil edən anlayışların sıradan çıxmasına yol verməməlidir. Yediyin çörəkdən başlamış, yaşadığın sevgiyə, dediyin sözə qədər - hər şeyin halal olması, antikvar kimi zaman keçdikcə dəyərini artırır.

Təəssüf ki, cəmiyyət bu çətin sınaqlardan keçənlərlə oğruları qarışdırır və bəzən haram sərvət sahiblərinə daha artıq hörmət və ehtiram göstərir. Buna baxmayaraq, biz özümüzü axına qoşulmaqdan qorumalıyıq. Hər kəs inanmalıdır ki, o öz həyatını düz yolla qura bilər. Bu düşüncə insan ömrünün enerji mənbəyidir.

Xatirə. Yardımlının ucqar, balaca kəndlərində orta məktəb olmadığına görə yeddinci sinifdən sonra uşaqlar rayon mərkəzindəki böyük onbirillik məktəbə gəlir və məktəbyanı internatda qalırdılar. Burda gündə üç dəfə yemək, ildə iki dəfə yaz-qış geyim verilməsi kənd uşaqlarına, onların ailələrinə böyük kömək idi. Çoxumuz ehtiyac içində yaşayırdıq. Bir dəfə atam pul verib tapşırmışdı ki, özümə köynək alım. Mənə görə böyük məbləğ idi; məktəbə yaxın, dəyirman arxının üstündəki adla deyilən çayxanada dostlarla çay içməyə bir ay bəs edərdi. Amma köynək də vacib idi. İnternat köynəklərindən bezmişdim. "Əlaçı şagirdə yaraşan" zərif, fərqli bir köynək almaq istəyirdim. Univermaqda zövqümə uyğun köynəklərdən birini seçdim, əlimdəki pulu verib qalığını qoydum cibimə. Satıcının bir qolu yox idi, amma tək qolu ilə çox sürətlə işləyirdi və biz internat uşaqlarına da xüsusi qayğı ilə yanaşırdı. Yataqxanada köynəyi açıb geyindim, əynimə biçilibmiş, bəyəndim. Sonra pulumun satıcının verdiyi kimi cibimə qoyduğum qalığını saydım və çaşdım; verdiyim puldan iki qatdan da artıq qalıq qaytarmışdı. Bu, necə ola bilərdi? Xeyli irəli düşmüşdüm. Bir-iki ay evdən pul istəməyə bilərdim. Lakin piştaxtanın arxasında sağa-sola tələsən, pulları tək əlinin barmaqları arasında cəldliklə sayan, gülərüz Ataxan kişi gözümün qabağına gələndə məni tər basdı. Qəsəbənin imkanlı adamlarındandı. Yəqin ki, mənə qaytardığı onun üçün qəpik-quruşdu. Lakin bu fikirlə barışa bilməzdim və köynək bədənimi yandırardı. Qəsəbədən xeyli aralıda yerləşən yataqxanadan çıxıb, mərkəzdəki univermağa tələsdim. Pulları olduğu kimi Ataxan kişinin qarşısına qoyub, "mənə artıq qaytarmısan" dedim. Kişi gözucu pula baxıb - "Ay bala, düz olar, götür xərclə, halal xosun!" desə də mən köynəyin qiymətini xatırlatdım... Kişinin üzündə qəribə bir təbəssüm vardı. Pulu sayıb, köynəyin dəyərini götürdü, qalığını qaytardı. Sonra tək qolu ilə məni qucaqladı və "Halal olsun səni böyüdən ata-anaya! Allah özü yolunu açacaq sənin, bala!" dedi.

İçimi sevinc bürüdü, geri dönəndə ayağım yerə dəymirdi. Heç bir pulun-paranın verə bilməyəcəyi bir yüngüllük və mənəvi rahatlıq içindəydim.

Daha bir xatirə. Hollandiyaya dəvət edilmişdim. Haaqanın mərkəzi kitabxanasında Almaniyada yaşayan azəri əsilli şair-yazar Orhan Arazla birlikdə Azərbaycanın tarixinə və bugününə həsr edilmiş konfransımız var idi.

Biletimi almış, Amsterdamda bir həftə qalmağa yer ayarlamışdılar. Təxminən dörd saat çəkən konfransda kimsə yerindən qımıldanmadı. Dinləyənlərdən çoxu yerli adamlar idi.

Orhan Almaniyaya qayıtdı, mən Türkiyə Dəyanət İşləri Bakanlığının Amsterdamdakı qədim qəsrlərə bənzəyən binasında qaldım. Bura həm ofis, həm də qonaq eviydi. Sonuncu, 5-ci mərtəbədəki otağımın tavandakı pəncərələrindən ulduzlar görünürdü. Axşam saat 6-da bütün qapıları bağlayıb gedirdilər. Öncə başqa qonaqlar da vardı. Sonra onlar getdi, tək qaldım. Gecə yazı-pozu arasında susadım. Çoxyaruslu binanın dolanbac və qaranlıq dəhlizlərində işıqları yandıra-yandıra endim, ikinci mərtəbədəki mətbəxdə çay içdim. Sonra işıqları söndürə-söndürə geri döndüm. Birdən-birə içimdə narahatlıq duydum. Tanımadığım yerdə qalxdığım mərtəbələrin dolanbac və qaranlıq dəhlizləri məni üşəndirmişdi. Əvvəllər heç yerdə duymadığım bu hissi qovmaq üçün işıqları yandıra-yandıra öz qaldığım mərtəbəni dolaşaraq, səssizliyi pozmaq istədim. Dəhlizin uzaq köşəsində, qapının üstündə məscid yazılmışdı. Bir otaqlıq balaca bir ibadət yeri idi. Divar boyu rəflər, dolablar dini kitablarla doluydu. Bir tərəfdə xalçanın üstünə canamaz sərilmişdi. Kitabları gözdən keçirdikcə elə bildim bütün bina işıqlanır. Xalçanın üstündə, divara söykənib kitabları oxumağa başladım. Neçə saat oturduğumu da unutdum. Ertəsi günün axşamını da yenə kitablar arasında keçirdim. Yatmasam da olardı, tezdən 6-da arxamca maşın gələcək, təyyarə meydanına gedəcəkdim. Ancaq kitablardan ayrıla bilmirdim. Bəzisindən 30-40 nüsxə var idi. Bəyəndiyim 3-4 kitabı seçib otağıma gətirdim. Kitabxanamın belə gözəl kitablarla zənginləşəcəyinə sevinirdim, lakin tezdən Dəyanətin işçilərindən heç kimi tapa bilmədim. Qarovulçu da yox idi. Kitabları götürəcəyimi axşamdan unudub, heç kimə deməmişdim. Belə çıxırdı ki, onları oğurlayıb aparıram. Bilirdim ki, bu qərargahın sahibləri kitabların yayılmasında, hədiyyə verilməsində maraqlıdırlar, bir kəlmə eşitdirsəm "hansını, neçəsini istəyirsən, götür!" deyərdilər. Təəssüf ki, deməmişdim və buna görə də kitabları apara bilməzdim. Geri dönüb, çantamdan çıxartdığım kitabları məscidə, öncəki yerinə qoydum. Enib rahatlıqla maşına oturdum...

Bu da bizim həyata yanaşma tərzindən irəli gələn əxlaq ölçülərindən biri olaraq unudulmazdır.

Uzaq anılarımdan daha bir səhifə. Hələ evlənməmişdim. "Salyan kazarması" deyilən yerdə rus qadının geniş mənzilinin bir otağında kirayəşin qalırdım. "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiriydim. Təsadüfən redaksiyaya məktub gətirən gözəl, gənc bir xanımla tanış olmuşduq. Tez-tez zəngləşirdik. Qızdan xoşum gəlirdi.

Görüşəcəyimiz, onunla yaxın olacağım düşüncəsi bütün günü məndən əl çəkmirdi. Vədələşdiyimiz vaxtda görüşüb yaşadığım evə getdik. Şampan açdım, xüsusi bir kəşfiyyata ehtiyac yox idi. Bura niyə gəldiyimizi bilirdik. Qarşısıalınmaz bir cazibənin içindəydik. Gənc xanımın bədəninə kip yapışmış yüngül donu, sadə geyim-kecimi bu ehtirası daha da artırırdı.

Söhbət zamanı ailəli olduğunu dedi. Məni qucaqlayır, öpür və ara vermədən danışırdı. Sən demə, məni çoxdan tanıyırmış. Hardan tanıdığını soruşanda, "sizin mühiti yaxşı tanıyıram, axı ərim də jurnalistdir" dedi. Bir həmkarımın həyat yoldaşı imiş. Hətta harda, hansı çoxtirajlı qəzetdə işlədiyini də gizlətmədi. Elə bil başıma qaynar su tökdülər. Kaş bunu mənə deməyəydi. Xətrinə dəymək, heysiyyətinə toxunmaq istəmirdim. Bir bəhanə tapıb, gecikdiyimi söylədim. Evdən çıxdıq, onu taksiylə yola saldım.

Təbii ki, ətəyimdə namaz qılınmaz, lakin ailə yuvalarına yad nəfəs əsdirməyi düz saymıram.

Ağıl və hissiyyatın əbədi savaşı insan iradəsinin ən ciddi şəkildə sınandığı yerdir.

Sonra bu duyğuların təsiri ilə yazmışdım:

           

Dedin: "Yarı yoldan dönmərəm qəti,

Onsuz da bəd uğur gözləyir məni!"

Yox, öndə yad eşqin şirin şərbəti,

Arxada öz evin gözləyir səni.

 

Sağlıqla, əzizim, olsam da harda

Daha sənin üçün şaxtayam, qaram.

Bir günlük nəşəyə gedən yollarda

Kiminsə adını ayaqlamaram!

 

Ruhuna qida verən, özünü öz gözündə ucaldan işlər unudulmur. Bir müdrikin sözüylə desək, "Könül dünyası göylərdən daha geniş, daha dərin və daha aydındır, onu lazımsız sözlər və işlərlə daraltmayaq".

 

İnsanlıq

 

Biz İnsanıq! "İnsan" ərəbcə üns, ünsiyyət sözündəndir. Bizi insan edən ağlımız, dilimiz, düşüncə və əxlaqımız, əlaqə qura bilmək və həyatımızı ağılla yönəldə bilməyimizdir.

Ünsiyyət körpüsü atılmasa sahillər yaxınlaşmaz.

Biz Adamıq! İlk insan və ilk peyğəmbər! Allahın əmri ilə şeytandan başqa, bütün mələklərin səcdə etdiyi uca varlıq! Həm də iştahını boğa bilmədiyindən cənnətdən qovulmuş, ömrü nəfsi ilə mübarizədə keçən günahkar bəndə!..

Sözarası. Kiçik qardaşım Mədətin orta məktəb dostu Tofiq Quliyevlə aramızda səmimiyyət vardı. Sabirabad rayonunda hakim işləyəndə bir axşam böyük şair dostum Söhrab Tahirlə qonağı olmuşduq. Tofiq həvəslə bizə hakimlik təcrübəsindən danışırdı: "Bir dəfə iki nəfərin işinə baxırdım. Torpaq davaları düşmüşdü. Kəndlərinin adını oxuyan kimi əslən Yardımlıdan olduqlarını anladım. Sabirabadın Moranlı, Sarxanbəyli, Həşimxanlı, Rüstəmbəyli, Muğangəncəli, Çiçəkli kəndlərində Yardımlıdan köçənlər yaşayırlar; torpaq məsələsində həssasdılar. "Cəpər davası" sözü də o həssaslıqdan yaranıb. Mən bu iki nəfərin işini yubatdım, bir bəhanə ilə hərəsinə bir bel verib, "qərarımızı gözləyənə kimi məhkəmənin həyətini şumlayın!" dedim. Bir-birilə danışmayan iki adamı məcbur elədim həyəti çiyin-çiyinə şumlasınlar. Bir azdan çay göndərdim onlara. Ertəsi gün də onları yanaşı işlətdim. Eyni vaxtda çay içdilər. Üçüncü gün barışdılar".

Ünsiyyət bütün sorunları həll edir.

İnsan canlıların ən gözəli, ən mütəşəkkilidir. Hardan gəlib, hara gedir? İnsanın mənşəyi elmin və dinin imkanı xaricində olan bir sorudur. Bütün ömrü boyu həqiqətin, xeyirxahlığın qələbəsi uğrunda çalışmış, yazmış və 40 yaşında həyata vida etmiş Cek London ideal insanı belə təsəvvür edirdi: "O, həqiqətin xətrinə yalançıları ifşa edəcək, xeyirin qələbəsi naminə qəddarlığa qarşı çıxacaq, gözəlliyi qorumaq üçün pislikləri məhv edəcək. Və beləliklə, zəifə yardım etməklə onun güclənməsinə çalışacaq".

Görünür, dünyadakı bütün sirlərin açarı insandır. Bəlkə kainatın yaranması və keçdiyi yol da elə kökdən insana gələn yoldur və insanın doğulmasına xidmət edib. İnsan qutsaldır. İlahi varlıqdır, tanrının ruhunu daşıyır. Öləndə ruhu yenidən öz əbədi ünvanına, Tanrının yanına qayıdır!

İnsan haqqında ən mükəmməl təriflərdən birini İbn Əl-Ərəbi vermişdir: "Zati ilahiyyatın təcəlli etdiyi varlıq yalnız odur. O, Allahı özündə əks etdirən aynadır və bu səbəbdən illəti-qayəsidir... Bizim varlığımız onun varlığını həqiqətə çevirməkdən başqa bir şey deyildir. Əgər Allah bizim vücudumuz üçün zəruridirsə, bizim vücudumuz da onun zatını izhar üçün mütləq vacibdir".

XX yüzilin şairləri və filosofları "Mən haqqam!" deyən Nəsimi zirvəsinə ətəklərdən heyrətlə baxırlar. Azərbaycan intibahının zirvələrindən olan Nəsimi poeziyası həm də orta yüzillər Azərbaycanında insan ruhunun ucalığını göstərir.

Albert Eynşteynin fikrincə, "İnsan bizim kainat adlandırğımız bütünün bir hissəsidir, zaman və məkanla məhdudlaşdırılmış hissəsi... Bu məhdudlaşmaya görə o özünü, öz duyğu və düşüncələrini, sanki bütündən ayrı, əlahiddə hiss edir, şüurun optik aldanışı kimi. Bu aldanış bir prizma rolu oynayır və bizim şəxsi arzularımız, az saylı bizə yaxın adamlar çərçivəsində məhdudlaşır. Bizim vəzifəmiz özümüzü bu dustaqlıqdan xilas edərək çevrəmizi o dərəcə genişləndirməkdir ki, bütün canlı varlıqları və bütün təbiəti öz gözəlliyi içində əhatə etsin".

Bir çox dünya filosoflarının və bəzi dinlərin dünyaya baxışı belədir: Evrən dediyimiz canlı bir orqanizmdir, xırda qum dənəsindən başlamış, nəhəng ulduzlara qədər bir-birinə bağlıdır, atom kainatın, kainat atomun bənzəridir. İnsan da kainatın içində onun balaca təkrarıdır. Dünya mürəkkəb bir mexanizmdir, saat kimi işləyir, ürək kimi dayanmadan döyünür. Bu baxımdan Əl-Ərəbi ilə A.Eynşteynin sözləri bir-birini tamamlayır.

Klassik Azərbaycan düçüncəsi çağdaş insanları qabaqlamışdır.

Dahi Nizami XII yüzildə Gəncədən səsini yüksəldib deyirdi: "Əgər kainatın hürufunu axtarırsansa, bil ki, onların hamısı səndə, sənsə onun lövhəsindəsən".

Nizami kainatın əbədi bir nizam içində olduğunu görürdü. Onun fikrincə, bu nizam insana ibrət üçün yaradılmışdır. ("Xosrov və Şirin". Başlanğıc).

Kainatın nizamında son dərəcə böyük, insanı həyəcanlandıran bir estetika, gözəllik var. Bəlkə də hər birimiz otların arasında zorla seçilən kiçik mavi gözlü çiçəklərin ulduz kimi sayrışdığına ömrümüz boyu dəfələrlə heyrətlə tamaşa etmişik və bu çiçəklərlə ulduzların bənzərliyinin qətiyyən təsadüfi olmadığını düşünmüşük. Torpaqdan zorla seçilən cücülərin mühərriki hardadır, o belə yorulmadan, sürətlə hərəkət etmək gücünü hardan alıb, onu yaşadan hansı zərurətdir? Dərindən düşünəndə görürsən ki, bu anlamda biz insanlarla o cücülər arasında o qədər də ciddi fərq yoxdur; bəlkə də kütlə - sürət - yaşamaq ehtirası nisbətləri baxımından onlar bizdən daha mükəmməl canlılardır.

Və insanın yaratdığı ən mükəmməl, ən nəhəng qurğuların belə o cücülərin səviyyəsinə çatmasına çox var; daha doğrusu, bu müqayisə həmişə cücülərin xeyrinə olacaq. Cünki onları Allah yaradıb, robotları, raketləri, təyyarələri isə insan!

Uzaydakı nizam haqqında düşünərkən həmişə məhşur astronom Kaplerin sözlərini xatırlayıram. Onun müşahidəsi son dərəcə romantik, qeyri-adi və duyğusaldır. O, eşitmə qabiliyyətimiz uyğun gəlsə və biz diqqətlə dinləsək ulduzların səs-səsə verərək oxuduqları nəğmələri, ulduz xorunu eşidə bilərik, deyir. Ulduzlar bu boyda uzaqlıqdan bizim qulaqlarımızın ala bilmədiyi bir səslə oxuyur. Bəlkə, doğrudan da, ulduz aləminin və evrənin yalnız Allahın dinlədiyi mahnısı var. İnsan da öz imkanı daxilində o mahnını yamsılayır və yəqin ki, torpaqdan zorla seçilən o cücülərin, o nənəmuç boyda çiçəklərin, işıldaquşların da öz mahnıları var.

İnsan şüurunu dərk etməkdə çətinlik çəkdiyi vəhdətin nağıllarıdır bunlar.

İslam alimi Abdulkadir Ceylani də yazırdı: "Evrənin hər zərrəsində Allahın gözəl sənəti vardır. Bu sənətlərin hər biri Allaha vardıran dəlillərdir. ...Ən böyük səadət ruh zənginliyinə varmaqdır".

Azərbaycan-türk şüuru min illərlə bu vəhdətin içindən keçib gəlir, bu vəhdəti dərk edir, onunla qürur duyur, onu tərənnüm edir. Bunu Dədə Qorqud, Nizami, Nəsimi, Füzuli sözlərində təkrar-təkrar görürük. İnsan sevgisi ilə böyükdür. Ona güc verən, onu bütün fəlakətlərin içindən çıxaran Allaha və ya onun görəvləndirdiyi insanlara, tale qisməti olan seçilmişinə, yarına olan sevgisidir.

Bir filosof deyib ki, müdriklik və mərdlik insan əzəmətinin təməlidir, bunlar əbədi keyfiyyətlərdir, yəni insan daha çox öyrəndikcə daha çox insan olur.

Qəribə bir asılılıq var. İnsan mühitdən asılıdır, öz istedadını üzə çıxarması, arzularını həyata keçirməsi üçün ona uyğun bir şərait lazımdır. Şərait torpaq kimidir. Münbit olanda ağacı sürətlə böyüdür, çiçəkləndirir, bəhrəsi aşıb-daşır, münbit olmayanda ən gözəl toxum və ya fidan da məhv olur.

Di gəl, insanın yaşadığı mühit də öz-özünə yaranmır, mühiti, cəmiyyəti, dövlətləri də insanlar yaradır. İnsan öz yaratdığının əsirinə çevrilmək istəmirsə, cəmiyyət yaradıcılığına ciddi yanaşmalı, onu əsas işi saymalıdır. Ardı-arası kəsilməyən savaşların, inqilabların, hakimiyyət çevrilişlərinin mayasında dayanan əsas məqsəd budur. Şəxslərin hakimiyyət ehtirasları öz yerində, lakın insan daim ideal bir cəmiyyət axtarır, elə bir cəmiyyət ki, övladlarını o cəmiyyətə etibar edib gedə bilsin; elə bir cəmiyyət ki, onun həyat ağacını qurutmayacağına əmin olsun.

Yalnız maddiyyata köklənmiş, bər-bəzək dalınca qaçan, öyrənmək, ağıl sahibi olmaq barədə az düşünən adamlar üzdən dəbdəbəli, lakin içində yel vurub yengələr oynayan saraylara bənzərlər. İnsan ağlının önəmini göstərmək üçün qullanılan saysız bənzətmədən biridir bu: insan-saray, insan-ev... Bu evin içini doldurmaq üçün yalnız zinət, əşya yetərli deyil! Ruh önəmlidir! Ən böyük sərvət, bəzək, zənginlik - mənəvi gözəllikdir. Gözəlliyin və kamilliyin də əsas əlamətlərindən biri sevgidir. İnsanın içi sevgiylə dolu olanda xoşbəxt olur. Sevgi dolu insan, sevgi dolu cəmiyyət! Mərhəmətlə, qayğı ilə, anlaşma və ədalətlə dolu olan bir toplum, bir Vətən!.. Sevgi xırdaçı olmur, nöqsan axtarmır, nəfsinin sahibidir, incitməkdən, cəzadan, zülmdən zövq almır, hər şeyi özü üçün toplamaqdan yox, öz işığını və imkanlarını paylamaqdan zövq alır, gözəlliyi istismar etmir, artırir; balyığandır, toplumda inam yaradır, düşməni də dosta çevirir, cəmiyyət fərdlərini kərpic-kərpic hörüb bütövləşdirir, kütləni Millətə, Milləti böyük bir ailəyə çevirir!

Sevgi həm də insanı Tanrıya qovuşdurur, onu qutsallaşdırır, böyük Nizami demiş, dünyanın əşrəfinə çevirir. Orta yüzillər və İntibah dövrü Azərbaycan-türk təfəkkürü məhz bu böyük ilahi eşqə köklənmişdi. Bütün Yaxın Şərqdə yayılan Yəsəvi ocaqları, fikir və söhbət məclisləri, Qardaşlıq hərəkatı, Vəhdəti-Vücud, Hürufilik, Sufilik cərəyanları əsasən insanı kamilləşdirmək məqsədi daşıyırdı. İndi bu yolun hansı mərhələsindəyik? Təəssüf ki, dövlətlə, cəmiyyətlə insan arasındakı münasibətlər insanın böyüklük və qutsallıq anlayışları ilə uyğun gəlməyən bir səmtə yönəlib. İnsan güclənir, texniki və texnoloji yardımçıları onu kosmosa qaldırır, gözləri uzayın uzaq guşələrində həyat axtarır. Lakin gözümüzün önündə yerdəki qədim həyat ocaqları söndürülür.

İlkin uyqarlıqlara beşik olmuş İraqda demokratik və mədəni ABŞ-ın əli ilə qədim yazılar silindi, kitabxanalar məhv edildi, Suriyada milyonlarla insan yurdunu tərk etmək məcburiyyətində qaldı, qədim mədəniyyətlərin qalıqları top atəşləri altında külə döndü, böyük türk-uyğur kültürünün beşiyi olan Doğu Türküstanda bütöv bir xalq Çin vəhşiliyi nəticəsində hüquqlarından məhrum edilmişdir və bütün sərvətləri əlindən alınır. İnkişaf etmiş, insanlıq qarşısında böyük xidmətləri olan Batı dünyasının İslam aləminə münasibətdə hələ də səlib dövrü təfəkküründən irəli getməməsi inkivizisiya dövrünün unudulmasına imkan vermir. Avropanın, ABŞ-ın yüksək dərəcədə inkişafı, demokratiya, insan azadlığı, söz azadlığı sahəsində atdığı böyük addımlar bütün dünyanın qürur duyduğu işlərdir. Lakin bunların bir astar üzü də var. Azərbaycanın iyirmi faiz ərazisi otuz il Ermənistanın işğalı altında qaldı. BMT-dən başlamış, ATƏT-ə qədər bir sıra uluslararası qurumlara müraciətlər olundu, məsələnin həllini ATƏT öz öhdəsinə götürüb bu məsələnin həllini ABŞ, Fransa və Rusiyaya həvalə etdi. Otuz il ərzində bu qurum Azərbaycanın başının altına yastıq qoyub heç bir iş görmədi. Əksinə, Azərbaycana embarqolar tətbiq edildi. Reallığı niyə görmək istəmədilər? Ona görə ki, Ermənistan xristiandır, Azərbaycan müsəlman?.. Çoxlu belə misal çəkmək olar. İnkişaf etmiş Avropa və Qərbə həqiqəti anlatmaq bu qədər müşküldürsə, dünyanın başqa yerlərində insanların durumunu təsəvvür etmək o qədər də çətin deyil.

Hər il çeşidli qurumlar dünya ölkələrində azad seçki, insan haqları, mətbuat azadlığı və s. məsələlərlə bağlı yoxlamalar, sorğular keçirir. Son dərəcə vacib bir işdir, yəni heç kim kol dalında gizlənə bilməz. Bu məsələlərlə bağlı hər ölkənin öz problemləri var. Azərbaycanı da bu sahələrdə yetərincə sorğulamaq olar. Bu haqda illər uzunu yazırıq, deyirik və yenə yazacağıq. Lakin Azərbaycanda haqlı olaraq tək-tək insanların hüquqlarını qoruyan, siyasi məhbus məsələsini daim gündəlikdə saxlayan Avropa, nədənsə, bir milyon qaçqının taleyini dilinə almadı. Onları görməzdən gəldi. Bu yerdə rus yazıçısı A.Soljenitsının təxminən 44 il öncə Horvard Universitetində Qərbin tənqidinə yönəli mühazirəsini xatırladım. O, hüquq cəmiyyətlərinin mənəviyyat ölçülərindən aşağı olduğunu, siyasətdə əxlaqın unutdurulduğunu, azadlıq anlayışının başsız ehtirasa çevrilərək şərə xidmət etdiyini tənqid edirdi. "İnsan Tanrı və cəmiyyət qarşısında məsuliyyətini unudub. "İnsan haqları" artıq haqqın qorunması çərçivəsindən çıxarılaraq rəqiblərə qarşı mübarizə alətinə çevrilib və tədricən cəmiyyətin haqlarını dağıdıb sıradan çıxarır. Özəlliklə mətbuat tam özbaşınadır, seçilmir, lakin qanunvericilik, icra və məhkəmə hakimiyyətinin yerini tutur. Azad mətbuatda əsl azad sözü siyasi təzyiqlər əvəz edir. Hakim ideologiya varlanmaq ehtirasını təbliğ edir və insan xarakterini aşındırır. Bütün bunların hamısının səbəbi əxlaqsız, mənəviyyatsız, dinsiz "humanizm" xəstəliyidir".

Bu sözlər dünyada tədricən humanist ideyaların zəiflədiyini, maddiyyatçılığın və şəxsi maraqların cəmiyyət maraqlarından önə keçdiyini, mənəvi dəyərlərin ucuzlaşdığını göstərir.

Sonra daha bir böyük fikir adamının, ingilis yazıçısı Harold Pinterin Nobel nitqindəki sözlərini xatırlayıram. O, ABŞ və Böyük Britaniyanın dünyanın müxtəlif ölkələrinin iç işlərinə qarışmasını, işğal və müharibələri ifşa edərək deyirdi: "İraq xalqına biz işgəncələri, kasetli bombaları, kasadlaşdırılmış uranı, təsadüfi insanların çoxsaylı qətllərini, bədbəxtlikləri, tənəzzül və ölümü gətirərək, bunu "Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi" adlandırdıq. Nə qədər adam öldürmək lazımdır ki. Sizin hərəkətlərinizi "kütləvi qırğın" kimi təqdim etmək, özünüzü isə hərbi cani saymaq mümkün olsun? Yüz min?". 

Təəssüf ki, yazıçı "ərəb baharı", "demokratiya" bayrağı altında Ərəb dünyasında yaşanan fəlakətlərin, bunun ardınca Liviyada, Suriyada törədilən qanlı cinayətlərin miqyasını, öldürülənlərin sayının milyonu keçdiyini görmədən dünyasını dəyişdi. Sayı tezliklə səkkiz milyarda çatacaq insanların biganə susqunluğu isə tək-tək etirazların səsini batıracaq, bu cinayətlər davam edəcək, bəşəriyyət, bu ağır cinayətləri törədənlər isə məsuliyyətdən kənarda qalacaqlar.

Həmin mərasimdə Pinter əslində dünyanın bütün yazıçılarının insan qatillərinə verə biləcəyi və ya verməli olduqları sualları səsləndirmişdi: "Bizim əxlaq hissimizə nə olub? Bizim ümumiyyətlə əxlaqımız olubmu? Bu anlayışın mənası nədir? Görəsən, onların bizim zamanlarda çox nadir hallarda işlədilən "vicdan" sözüylə bağlılığı varmı?".

Bu gün müstəqil Ukraynanı parça-parça işğal edən, dinc və günahsız insanları məhv edən, milyonlarla qadını, uşaqlı anaları, yaşlı kişiləri özgə ölkələrin qapılarına salan Rusiyada da hər gün bu sual səslənməlidir.

Bu çıxışdakı İraq sözünü, haqlı olaraq, Azərbaycan sözü ilə əvəz etsək erməni terrorçularının və onların müdafiəçilərinin siması ortaya çıxar. Böyük Amerika ədibi Uilyam Folkner də yazıçıların "düz danışmaq qorxusundan" bəhs edəkən yazırdı: "Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə, cizmani qorxu içində yaşamağımızdır... İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalır: məni haçan öldürəcəklər?".

Bu, Qərbin vicdan səsidir. Biz Avropanın demokratik dəyərlərinə sayqı ilə yanaşmaqla yanaşı, Qərbmərkəzçiliyi ideyasını demokratiya adı altında neoişğalçılığı qətiyyətlə rədd etməliyik.

İnsanın mənəvi dəyərlərinin böyük şəhərlərin xaosunda azdırılıması, qitələrarası sərmayə, varlanmaq ehtirasları, mafiyalararası çəkişmələr insanlığı uçurum kənarına gətirib. Azadlıq sözü öz ilkin anlamını itirir. Bu işdə antisənətin də özəl "xidmətləri" var. Söz azadlığı adına tərbiyəsizlik, təhqir və söyüş, azad sevgi yerinə pozğunluq, rəqabət yerinə bir-birini məhv etmək, narkotika, homoseksualizm, eyni cinsdən olanların evlənmələri və buna bənzər hadisələrin dünya boyu demokratiyanın şərti kimi təbliğ edilməsi insanın doğal haqlarının, vətəndaş hüquqlarının möhkəmlənməsi, bərqərar olunmasına deyil, yüksək bəşəri dəyərləri məhv etməyə, şəxsiyyəti yıpranmağa və parçalamağa xidmət edir. Artıq ruhu, mənəviyyatı olmayan canlı insan deyil, o, balalarını qoruyan sürü qaydalarına əməl edən, qarnı doyandan sonra dayanıb ov etməyən heyvandan da aşağı varlıqdır. O özü daha heç bir hüquq haqqında düşünməyəcək.

2007-ci ildə üç həkimə yeni elmi araşdırmalarına görə Nobel mükafatı verildi. Onlar insan və heyvan genlərini birləşdirərək Ximera adlanan qarışıq canlı növü yaratmışdılar. 2017-ci ildə yarı insan, yarı donuz hibridi ortaya çıxdı. Görünür, at-adamlar (kentavr), balıq-adamlar (su pərisi), qurbağa- adamlar (şahzadə qız) dövrünə qayıdacağıq. Bu araşdırmalar güya tibbi məqsəd daşıyır və insanın bəzi xəstəliklərinin sağalmasına yardım edəcək. Məncə, insana aid bioloji xəstəliklərdən daha qorxulu olan və ömrü qısaldan - mənəvi, iqtisadi və sosial xəstəliklərdir.

Bu gün dünyada bir gen mühəndisliyi yarışı gedir, öncə qida məhsullarının genlərinə müdaxilə oldu, qidaların dadı qaçdı, indi də insan genləri üzərində axtarışlar gedir; süni intellekt insanın yaxın köməkçisidir, hədəfdə isə süni insan yaratmaq istəyi var. Hamısını Marsa uçurub Yapma Adamlar Planeti yarada bilərlər. Faraon kimi Allahlıq iddiasındadırlar, nə edirlər etsinlər təki Allahın dünyasına toxunmasınlar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!