Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

"Azərbaycan tarixinin" yeddi cildlik akademik nəşrinin birinci cildi, irəlicədən gözlənildiyi kimi, ziyalıların narazılıqları ilə qarşılandı ki, bunun da əsas səbəbi Azərbaycan xalqının etnogenezinə münasibətdə akademik İqrar Əliyevin - cildin məsul redaktoru və metodoloji mahiyyət kəsb edən əsas oçerklərin müəllifinin tutduğu mövqe idi. Prof. Mirəli Seyidov, prof. Yusif Yusifov, prof. Mahmud İsmayılov, prof. Tofiq Hacıyev, prof. Süleyman Əliyarov kimi görkəmli elm adamları çoxsaylı əsərlərində hələ keçən əsrin 70-ci illərindən başlayaraq öz "etnogenez baxışları"nı formalaşdırmağa çalışarkən Azərbaycanın, ümumən Ön Asiyanın qədim tarixində türk mənşəli etnosun müəyyən yeri olduğuna əminliklərini bildirmişdilər.

Akademik İqrar Əliyev çoxsaylı opponentlərini o qədər də təmkinli qarşılamadı. Və müxtəlif mətbuat orqanlarında birinci cildi birbaşa tənqid edənlərə (Tofiq Hacıyev, Elməddin Əlibəyzadə, Firidun Cəlilov, Əlisa Nicat və b.), eləcə də bu və ya digər münasibətlərlə onunla razılaşmayanlara çox sərt, çox hallarda isə təhqiramiz cavablar verərək onları "kəmsavad" adlandırmaqdan belə çəkinmədi... Zahirən belə görünə bilərdi ki, elmi dairələrdə akademik İqrar Əliyevin bir nəfər də olsun tərəfdarı yoxdur, ancaq müzakirələrin, münaqişələrin gedişini altdan-altdan seyr edənlərin çoxluğundan məlum olurdu ki, akademikin ətrafı yalnız "düşmənlər"dən ibarət deyil, potensial "dostlar"da var...

Birinci cildin nəşrindən bir neçə il sonra rus dilində işıq üzü görən "Azərbaycan xalqının etnik tarixinin bəzi məsələləri haqqında. Tənqidçilərimə cavab" (Bakı, 2002) kitabı az sonra - 2004-cü ildə rəhmətə gedən görkəmli tarixçinin son sözü olsa da, burada öz əksini tapmış mülahizələrdə, demək olar ki, heç bir yenilik yox idi... Nə deyilirsə, birinci cilddəkilərin bəzi hallarda, hətta hərfi- hərfinə təkrarından ibarətdir.

Mütəxəssislərə məlumdur ki, "İqrar Əliyevin etnogenez konsepsiyası" kimi məşhurlaşan (daha çox etiraz doğuraraq tənqid olunması ilə!) baxışlar sistemi, əslində, keçən əsrin 50-ci illərində formalaşmış, "Azərbaycan tarixi"nin üç cildlik akademik nəşrinin birinci cildi də həmin baxışlar sisteminin, daha doğrusu, "ustanovka"nın üzərində qurulmuşdu... Sözügedən "ustanovka"nın mahiyyəti bundan ibarətdir: ən qədim dövrlərdən - e.ə. III-II minilliklərdən başlayaraq Azərbaycanın həm Şimalında, həm də Cənubunda Qafqaz mənşəli tayfalar məskunlaşmışlar. E.ə. II minilliyin sonu, I minilliyin əvvəllərində ölkənin Cənubunu işğal edən İran mənşəli tayfalar tədricən aparıcı etnosa çevrilmişlər. Mənşəyi bizə məlum olmayan aborigenlər də mövcud idi, lakin bu iki etnos, xüsusilə iranlılar onları assimilyasiya etmişlər. Azərbaycan xalqının formalaşması prosesinə isə orta əsrlərdə türk dili yekun vurmuşdur... Və beləliklə, müasir Azərbaycan xalqı Şimalda Qafqaz (Alban), Cənubda isə İran mənşəli olmaqda davam edir. Monqoloid türklər öz türkcələri ilə bu iki fərqli etnosu birləşdirərək antropoloji (irqi) baxımdan onların içərisində ərimişlər...

Təkrar edirik ki, akademik İqrar Əliyevin "xidmət"i belə bir "konsepsiya"nı yaratmaqda yox, onu müdafiə (və "inkişaf"!) etdirməkdədir. Hər cəhətdən görünür ki, dövrün siyasi-ideoloji rejimi İqrar Əliyevin şəxsində, doğrudan da, kifayət qədər istedadlı, zəhmətkeş və iradəli bir kadr seçə, Sovetlər Birliyi miqyasında geniş fəaliyyət göstərən nüfuzlu akademik məktəbin görkəmli nümayəndəsi olaraq yetişdirə bilmişdi... Mərhum akademik "Tənqidçilərə cavab"ın əsasında dayanan "Yeddicildlik Azərbaycan tarixi"nın birinci cildinin işıq üzü görməsilə bağlı bir neçə söz"də xatırlayır ki, "bir vaxtlar midiyalıların dil mənsubiyyəti məsələsində günaha yol vermişdim (mənim "Midiya tarixi"mə baxın) ki, o da, əsasən, dilçilik, xüsusilə iranistikada kifayət qədər hazırlığımın olmamasından, bir də konkret materialın çatışmazlığından irəli gəlirdi. Leninqrada uzunmüddətli elmi ezamiyyətdən, orada bir neçə il sami və İran dillərini öyrənib əsaslı dilçilik hazırlığı keçdikdən sonra artıq bir sıra məsələlərə ayrı gözlə baxmağa başladım" (səh. 39)... Bu sətirləri oxuya-oxuya adamın ağlına gəlir ki, rəhmətlik o zaman Leninqrada getmişkən sami və İran dilləri ilə yanaşı, gərək bir neçə ay da türk dillərini öyrənəydi... Çünki ən azından, sami, yaxud İran deyil, məhz türkdilli bir xalqın tarixini araşdırmalı idi.

Odur ki, akademik heç bir elmi məsuliyyət hiss etmədən yazır: "Azərbaycanlıların etnogenezi digər türk xalqlarının - türklərin, türkmənlərin, qazaxların, özbəklərin və b.-nın etnogenezindən ümumi cəhətlərinə görə o qədər də fərqlənmir. Bu xalqların etnogenezinin xüsusiyyəti iki əsas, bir-birindən kəskin fərqlənən etnik komponentlərin - gəlmə türkdilli köçəri-maldarlarla adətən oturaq əkinçi əhalinin yerli qruplarının sintezindən ibarətdir" (səh. 103). Bu "yerli qruplar" isə, təbii ki, iranlılardan, yunanlardan, uzaqbaşı çinlilərdən ibarətdir ki, türk xalqlarının diferensiasiyasında "katalizator" rolunu öz üzərlərinə məhz onlar almışlar.

Və onun məsuliyyətsizliyi dilçilikdən ədəbiyyata qədər gedir... Yalnız Azərbaycan yox, dünya ədəbiyyatına "İdeal" kimi dahiyanə bir əsər vermiş Xalq yazıçısı İsa Muğannanı "bədii kəşf"indəki "türkçülüy"ə görə təhqir etməkdən də çəkinmir. Deyək ki, İsa Muğannanın başqa bir "tənqidçi"si akademik Ziya Bünyadovun buna imkanı olmamışdı, İqrar Əliyev ki, Leninqrad kimi mədəni bir şəhərdə kurs keçmişdi, bir-iki roman oxusaydı, ədəbiyyatın nə olduğunu az-çox bilər, böyük yazıçı (və "İdeal" romanı!) haqqında ağlına gələni deməzdi.

Əlbəttə, mərhum akademik görürdü ki, "Azərbaycan xalqı = Qafqaz xalqları + İran xalqları (+ türk dili)" konsepsiyasını Azərbaycan cəmiyyətinə sırımaq çətindir, ona görə də əsəbləşir, özündən çıxır, "türk yoxdur, türk yoxdur!.." deyə-deyə sağa-sola hücum çəkirdi... Ağlına da gəlmirdi ki, çıxış yolu bütün mövcud mülahizələrə, ideyalara imkan verməkdən ibarətdir ki, öz mövqeyini təqdim edə və nəticə etibarilə, ya əsaslandıra, ya da geri çəkilə bilsin...

Akademik öz konsepsiyasını müdafiə etmək üçün opponentlərini türkçülükdə, pantürkizmdə ittiham edir, tədqiqatçıları qədim tarixdə türk axtarmaqda günahlandırırdı, ancaq özü qarşısıalınmaz bir ehtirasla irançılığın tarixi hüdudlarını genişləndirir, onu Azərbaycanın "türkləşmə"sinin həm əvvəlinə, həm də sonuna elə yerləşdirirdi ki, türklük adına yalnız "dil" (söz!) qalsın... Və əslində, bu da özünəməxsus bir metafora (bədii yaradıcılıq!) aktı sayıla bilər, burada elmi-intellektual təfəkkürün payı keyfiyyət həddinə çatmır. Ən əsası isə milli identiklik (yəni millətin tarixinin onun özü ilə eyni olması) çatışmır ki, keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan ziyalıları tarixçilərdən məhz bunu tələb edirdilər. Və necə ki, xalq öz ziyalılarının şəxsində tarixin səhnəsində (və ya güzgüsündə) özünü görməyib, o tarix (və tarixçi) ilə üz-üzə dayanmaqda haqlıdır.

Əlbəttə, Azərbaycan xalqının dövlət müstəqilliyi qazanması onun təkcə gələcəyini adekvat olaraq layihələndirmək yox, həm də keçmişini heç bir kənar ideoloji müdaxilə olmadan sərbəst (və obyektiv!) öyrənmək üçün hərtərəfli şərait yaratmışdır. Və son bir neçə on ildə bu sahədə görülən işlər də az deyil... Tarix elmləri doktoru Həsən Həsənovun qədim Azərbaycan tarixinə həsr olunmuş çoxsaylı araşdırmalarında öz əksini tapmış yeni etnogenez nəzəriyyəsi, daha doğru olar deyək, konsepsiyası barədə isə ayrıca danışmaq lazım gəlir. "Makedoniyalı İskəndər və Atropat. Ölkənin Azərbaycan adı altında yüksəlişi haqqında" monoqrafiyasında (Moskva, 2017; Bakı, 2017) şərh olunan (və əsaslandırılan) bu konsepsiya kitabın redaktoru, qədim tarix üzrə mütəxəssis, professor Kşiştof Navotkanın ön sözündə deyildiyi kimi, heç şübhəsiz, "İskəndər dövründə Midiyanın tarixinin öyrənilməsinə, mənbələrdən Antarpati - Atarpatena - Atropatena - Azərbaycan identik adları ilə məlum olan ölkənin mənşəyi ilə bağlı problemin həllinə böyük töhfə verir" (s. 9).

Əlbəttə, Makedoniyalı İskəndər kitabın adında hər nə qədər önə keçsə də (dövrün ümumi tarixi üçün bu, təbiidir), müəllifin əsas qəhrəmanı Atropat, başlıca mövzusu Atarpatena /Atropatena/ Azərbaycan adlı ölkənin dirçəlməsidir ki, e.ə. 331-321-ci illərdə baş verir. Bununla belə, müəllifin qəti inamına görə, İskəndər Azərbaycanın taleyində tarixi rol oynamışdır. Belə ki, o, "imperiyanı dağıdaraq Azərbaycana bu imperiyanın buxovlarından azad olmaq və öz müstəqilliyini elan etmək üçün əlverişli şərait yaratmış ilk və son işğalçıdır" (s. 12).

Azərbaycan xalqının etnogenezi barəsindəki söhbətə Həsən Həsənov kimmerlərin e.ə. VIII əsrdə Kür-Araz çayarasında Qamır adlı dövlətini yaratmasından başlayır. Və göstərir ki, e.ə. VII əsrdə kimmerlərin arxasınca Cənubi Qafqaza saklar, skiflər də gəlirlər... Aşşur mənbələri həmin dövrdə ilk Skif çarlığının da meydana çıxdığını yazır... Həmin çarlığı - Aşquzu yaradan Partatua/ Prototi e.ə. 644-cü ildə vəfat etdikdən sonra hakimiyyətə onun oğlu Madiy keçir. E.ə. 623-cü ildə Midiya ilə Aşşur arasındakı müharibədə Aşşuru müdafiə edən Aşquz çarını imperator məğlub olmuş Midiyaya canişin təyin edir. Və ona canişin vəzifəsilə yanaşı, Arbak (Arpat, Orbay, Urbat, Arbakt) titulu da verilir... E.ə. 612- ci ildə Aşşur-Skif ittifaqı dağılandan, skiflərlə babillər birləşib Aşşurun süqutuna nail olandan sonra Ön Asiya Skif çarlığı əmələ gəlir.

"Atropat" ("Makedoniyalı İskəndər və Atropat" monoqrafiyasını qısa olsun deyə bundan sonra belə adlandıracağıq) müəllifi ilkin mənbələrə əsaslanaraq iddia edir ki, e.ə. VII əsrdə Aşşur imperiyasının parçalanması nəticəsində "Adorbayqan ölkəsi" yaradılıb. "Və Tanrının hökmü ilə... Arbak, yəni Adurbad öz adı ilə "Adorbayqan torpağı" adlanan Midiya çarlığında qala divarı tikdi"... Həsən Həsənov həm ilkin mənbələrdə, həm də tədqiqatlarda özünü göstərən belə bir fərqliliyə aydınlıq gətirir ki, nə üçün Aşşur imperiyasının dağıdılmasından sonrakı yeni dövlətin gah Skif çarı Madiy, gah da Midiya çarı Kiaksar tərəfindən yaradılıb idarə olunduğunu qeyd edirlər... Tarixdə "Azərbaycan" adı ilə meydana çıxmış ilk dövlətin (Ön Asiya Skif çarlığı Atarpatenanın) tarixini isə müəllif belə ümumiləşdirir: "E.ə. 615-ci ildə Aşşur imperiyasının parçalanması nəticəsində... Skif çarı Madiy tərəfindən Aşquz, Manna, Urartu ölkələrinin ərazisinin və Aşşurun torpaqlarının bir hissəsinin hesabına Atarpatena/Adorbayqan adlı yeni dövlət yaradılıb. E.ə. 594-cü ildə Midiya çarı Kiaksar sui-qəsd nəticəsində skif rəhbərlərini qətlə yetirir və Adorbayqan/Atarpatena ölkəsini başsız qoyur. Bu, e.ə. 623-cü ildə başlamış skif hegemonluğu dövrünün sonu olur... Midiya tamamilə skiflərin təsiri altından çıxır və əvvəlki dövlətinin qüdrətini bərpa edir... E.ə. 550- ci ildə Midiya farslar tərəfindən fəth olunur. Yeni Əhəmənilər imperiyası yaranır... Ərazi idarəçiliyinin nizama salınması nəticəsində Adorbayqan/Atarpatena kiçik satraplıq statusunda Əhəmənilər imperiyasının bir hissəsinə çevrilir".

Ölkə adının etimologiyasına gəldikdə isə tədqiqatçı tarixin daha əvvəlki dövrlərinə qayıdaraq yazır: "II Sarqonun e.ə. 716-713-cü illərə aid edilən salnamələrində Aşşurun təsiri altında olan yerlər sırasında Andarpattianu adlı yerin də adı çəkilir... Andarpattianu/Andarpati xoronimini And-Arpat - tianu/And- Arpat-i formasında strukturlaşdıranda "and" komponenti üzə çıxır ki, o da türk xalqlarının dilində konkret məna daşıyır ("and içmək"), qədim Aşşur mətnlərinə görə isə müstəqil "Andiya" toponimidir... "Andarpati" müəyyən sakral yer semantikasına malik olur və "Arpatın/Arbakın and yeri" anlamına gəlir".

Müxtəlif dövrlərə (Aşşur mixi mətnlərindən orta əsrlərin ərəbdilli mənbələrinə qədər) Antarpati - Atropatena - Azərbaycan anlayışının tarixini izləyən Həsən Həsənov adları Azərbaycanla bağlı olan dövlət təsisatlarının biri digərini əvəz edən dörd dövrünü müəyyənləşdirir:

1) e.ə. IX-VIII əsrlər - Aşşur və Andarpati (Aşşur imperiyası ilə əməkdaşlıq) dövrü;

2) e.ə. 612-ci ildən e.ə. 585-ə qədər - Adorbayqan/Atarpatena (müstəqillik) dövrü;

3) e.ə. 585-ci ildən e.ə. 323-ə qədər - Satrapatena/Atrapatena, Adorbaigan/Adarbaijan (Midiya, Əhəməni və İskəndərin imperiyalarının tərkibində asılılıq) dövrü;

4) İskəndərdən sonrakı dövr və ya yenidən müstəqillik (dirçəliş) dövrü.

"Atropat" müəllifi tam əminliklə bildirir ki, "hazırda Azərbaycan adını daşıyan ölkənin yaranmasının fars dövləti ilə heç bir bağlılığı yoxdur"... Azərbaycan anlayışını verən xoronimin tarixən olduqca müxtəlif fonetik variantlarda meydana çıxmasına gəldikdə, bu, iki səbəblə izah edilir: "Birinci səbəb onunla bağlıdır ki, ölkənin yaradıcısı Arbatın/Arbakın adı (ölkənin adı da onun adından əmələ gəlib) mənbələrdə fərqli versiyalarda çəkilir... İkinci səbəb isə odur ki, sonralar ölkənin adı mənbələrin müəlliflərinə xas olan fonetik ənənələr əsasında göstərilir, bura isə formanı təhrif etmiş yunan-Roma, Bizans, yəhudi, Suriya, ərəb və digər müəlliflər aiddir".

Həsən Həsənov öz etnogenez konsepsiyasını işləyib hazırlayarkən, göründüyü kimi, dövlətçilik prinsipinə daha çox istinad edir. Və onun "tarixin qaranlıqları"ndan zərrə-zərrə gün işığına çıxardığı etnosun əsas əlaməti bir çox hallarda istinad edildiyi kimi maldarlıq, əkinçilik, yaxud sənətkarlıq yox, məhz dövlət quruculuğu (siyasi özgürlük!) istedadıdır... Əlbəttə, bu, təsadüfi deyil. İlk növbədə ona görə ki, yeni konsepsiyanın yaradıcısı uzun illər Azərbaycanda (və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə!) ən yüksək səviyyədə ideoloji fəaliyyətlə məşğul olmuş, dövlət müstəqilliyi dövründə isə yenə həmin səviyyədə gənc respublikanın diplomatiya sahəsindəki uğurlarının təmin olunmasında bilavasitə iştirak etmişdir... İkincisi, Heydər Əliyev məktəbinin yetirməsi olan bir milli intellektual-ideoloqun öz xalqının tarixinə konseptual baxışları, yəqin ki, etnosiyasi səciyyə daşımalı, keçmişdən gələcəyə doğru yönəlməlidir... Nəhayət, Azərbaycan xalqının etnogenezinə münasibətdə keçən əsrin 30-cu illərindən başlayaraq meydan sulayan, 50-ci illərindən isə ideologiyadan akademizmə keçən antitürk (və nəticə etibarilə, antiazərbaycan) meyillərinə qarşı Həsən Həsənov kimi geniş dünyagörüşlü (və təcrübəli!) ziyalıların dayanacağı tamamilə təbii idi.

"Atropat" müəllifi Atropatilər sülaləsi haqqında mənbələrin verdiyi imkan daxilində müfəssəl məlumat əldə etmişdir ki, bu da onun konsepsiyasının etnosiyasi xarakterindən irəli gəlir. Çünki etnosun tanınması, yaxud identikləşdirilməsində həmin etnosun hökmdarının, xüsusilə hökmdar sülaləsinin mənşəyinin müəyyənləşdirilməsi çox mühüm, hətta həlledici məsələdir... Müəllifin fikrincə, "İskəndərin dövründəki Atropat Madiy - Arbakın nəslindəndir və öz əcdadının yaratdığı dövləti e.ə. IV əsrdə dirçəldən şəxsdir". O şəxsdir ki, "İskəndərin iradəsi ilə... makedonların elitasının ən yaxın dairəsinə daxil olur. Onun iki oğlu çar qvardiyasında qulluq edir, qızı isə imperiyanın ikinci (İskəndərdən sonra) şəxsi ilə ailə qurub".

Aşkanilər sülaləsinin Atropatilərdən gəlməsi barədə mülahizə də "Atropat" kitabında, görünür, lazımınca əsaslandırılır. Belə ki, İskəndərin müasiri Atropatın "mənşəyinə görə skif olduğunu nəzərə alsaq, "Aşkanlar" termini tamamilə skif mənşəli saymaq və həm Aşkenaz/Aşkanaz termini, həm də Atropatlar sülaləsi ilə identikləşdirmək olar"... Sasanilər dövründə üç şahın vəziri olmuş, bir müddət isə "Sasanilərin taxtında əyləşmiş" Bəhram Çubinin də Aşkanlar sülaləsinə mənsub olması çox maraqlıdır... Və o da həm maraqlı, həm də yeni (və milli!) etnogenez nəzəriyyəsi, yaxud konsepsiyası baxımından əlamətdardır ki, Həsən Həsənov Firdovsi, Nizami kimi dahi şairlərin tarixi görüşlərinə öz "konsepsiya yaradan" sələflərindən (məsələn, onlardan biri gözünü yumub deyir ki, İskəndər Bərdəyə gəlməyib, Nüşabə ilə görüşməyib, Nizaminin yazdıqları yalandır... Yox, Nizami yalan yazmaz, irəlidə dediyimiz kimi, bu, möhtəşəm bir metaforadır, ideallar şairinin "üzü keçmişə" istəkləridir... Görkəmli nizamişünas Rüstəm Əliyev deyirdi ki, Nizaminin özünəməxsus tarix fəlsəfəsi var ki, müasir tarixçi onu özü üçün kəşf etsə çox zəngin bir mənbə əldə edər) fərqli olaraq son dərəcə böyük ehtiram, elmi- metodoloji həsaslıqla yanaşır... Azərbaycan tarixinin qədim dövrü haqqında yeni konsepsiya yaradıcısı haqlı olaraq deyir ki, "biz Azərbaycan elmində ilk dəfə olaraq Atropatilərin sülalə varisliyinin tarixi xronikasını təsvir etməyə cəhd göstəririk, bizim materiallarımız fraqmentar olduğundan mövzunu tamamlanmış hesab edə bilmərik. Atropatilər sülaləsinin hakimiyyətinin tam xronikasının təsvirinin vacibliyi ondadır ki, o, 6 əsrdən də çox müddəti əhatə edir".

Həsən Həsənovun müəllifi olduğu ilk cəhdlərdən biri də Atropatena dövlətinin başçısının kifayət qədər mükəmməl siyasi portretini yaratmasıdır ki, görünür, belə bir portret olmasaydı, onun konsepsiyası bu qədər canlı, həyati və yeni (müasir!) alınmazdı... Həsən Həsənovun rekonstruksiya etdiyi Atropat çox böyük (dahi!) siyasətçi, diplomat, dövlət xadimidir: Dara tərəfində makedoniyalı İskəndərə qarşı döyüşə gedir, məğlub olmuş Əhəməni hökmdarını bir müddət müşayiət edir, İskəndərin dövlət idarəçiliyi müdrikliyindən istifadə edərək onun "komanda"sına daxil olmağı bacarır, mürəkkəb bir şəraitdə ölkəsinin müstəqilliyinə nail olur... Bununla yanaşı, "Atropat" müəllifi inandırır ki, onun qəhrəmanı, Dara ilə İskəndər arasında sülh bağlanmasına çalışır və onu da bilir ki, bu sülh İskəndərin tam qələbəsini təsbit etməlidir... Və İskəndərin qələbəsindən sonra Ariyaya satrap təyin olunanda öz titulundan - Atropat adından məhrum edildiyinə görə o, mənbələrdə əsl adı Arsak ilə təqdim edilir. Sonra yenidən sülalə tituluna yiyələnir.

İskəndər Hindistan yürüşündə yubandıqda, hətta onun ölüm xəbəri yayıldıqda Makedoniya generallarının azğınlıqlarına qarşı Atropatın göstərdiyi "təmkin", nəhayət, onların məhz İskəndərin özü tərəfindən layiqincə cəzalandırılması, Midiyalı Bariaksın üsyanının yatırılması, İskəndərdən sonra (yəqin ki, Atropatın kürəkəni Perdikkanın yaxından köməyi ilə!) Atropatena/ Kiçik Midiya satraplığının yaranması, elə bilirik ki, yeni konsepsiyanın Azərbaycan tarixşünaslığına gətirdiyi fundamental ideya-siyasi motivlərdir. Və onu da əminliklə söyləyə bilərik ki, bütün bunlar Azərbaycanın müstəqilliyindən sonra mümkün ola bilərdi... Aşağıdakı mülahizəyə gəldikdə isə cəsarətlə deyə bilərik ki, belə bir təhlil üslubu peşəkar tarixçidən çox, ictimai xadimə məxsus ola bilər: "Mümkündür ki, İskəndərin ölümündən sonra hakimiyyətin yenidən formalaşması prosesi gedərək nəticədə hakimiyyətə Atropatın kürəkəni Perdikka gələndə onun ətrafı Atropatın hakimiyyətdən uzaqlaşdırılmasında israr edib. Bunun qarşısının alınmasında Perdikkanın bu addımı atmaq istəməməsi ilə yanaşı, Atropatın yerli əhali və əsilzadələr tərəfindən fəal müdafiə olunması da rol oynayıb. Midiyalıların ləyaqətini tapdalayan, onlara cinayətkarcasına həqarətli münasibət göstərən Makedoniya generallarının və əsgərlərinin edamından, habelə yunan-makedon hərbi qüvvələrinin Midiyadan tamamilə çıxarılmasından (bunların hamısını Atropat etmişdi - N.C.) bu dəstək daha da güclənmişdi".

Azərbaycan xalqının etnogenezi məsələsində "sələflər"dən miras qalmış bir məsələ də atəşpərəstlik - oda sitayişdir ki, həmin məsələyə yeni konsepsiya müəllifinin verdiyi şərh tarixi həqiqəti əks etdirməklə yanaşı, mənbələrlə təsdiq olunmaqdadır: "Zərdüştilikdən xeyli əvvəl və Əhəmənilər imperiyası yaranana qədər Midiya maqlarının öz məbədləri, öz od kultu, öz kahinləri vardı. Zərdüştilərin od məbədləri yaratmaq və oda sitayiş etmək ənənəsi sonradan peyda olub və Midiya maqlarından götürülüb, ancaq çox vaxt diametral fərqli mahiyyət daşıyıb. Skiflərdə, saklarda və onların varislərində od tanrıdırsa, zərdüştilərdə od Tanrı ilə ünsiyyət vasitəsidir. Skiflər, saklar öz yaxınlarının cəsədlərini yandıraraq külə çevirir, bununla da ölülərini od tanrısına təhvil verirlərsə, zərdüşti farslar cəsədi murdar sayaraq onu oddan uzaq tuturlar".

İnanmaq, əlbəttə, sadəlövhlük olardı ki, Azərbaycan tarixinin qədim dövrü barədəki yeni konsepsiya tezliklə köhnə "konsepsiya"nı sıxışdırıb aradan çıxaracaqdır. Hər şeydən əvvəl ona görə ki, sonuncunun sərəncamında on illərlə yığılmış, "kristallaşmış" ideoloji-akademik potensial mövcuddur... Ancaq yeni konsepsiya da özündə türk tarixinin elə imkanlarını ehtiva edir ki, həm ideoloji, həm də akademik təfəkkür qarşısında İran tarixi ilə müqayisə olunmayacaq qədər geniş üfüqlər açmaqdadır.

Sonda bir daha akademik İqrar Əliyevin milli ruhlu Azərbaycan ziyalıları ilə sonuncu "polemika"sına qayıtmaq istəyirik... Akademik Tofiq Hacıyev belə bir sual verir: "Siz deyirsiz ki, yerli İran mənşəli etnos ilk orta əsrlərdə gəlmə türklərin dilini qəbul etdi. Ancaq nəzərə almırsınız ki, məğlub dilin qalib dildə hər hansı bir substratı qalmalı idi axı! Elə deyilmi?..". Akademik İqrar Əliyevin cavabı isə çox yayğın olur: "Ola bilər ki, substrat qalmasın...".

Elə bu sual-cavab göstərir ki, Azərbaycan xalqının etnogenezi haqqındakı köhnə "konsepsiya" tarixşünaslığın bir elm olaraq əsas prinsipinə - elmiliyə yuxarıdan aşağı bir ironiyadır. Necə olur ki, min beş yüz illik tarixə malik İran mənşəli bir "xalq" - "Atropatena - Azərbaycan xalqı" özünün inkişaf etmiş "dilini gəlmə türkcəyə elə təslim edir ki, yerində izi-tozu da qalmır?.. Və köhnə "konsepsiya"nın dünyaya təlqin etmək istədiyi "türkcə danışan İran mənşəli" bir "xalq" kimə lazımdır? Bu da "sovet xalqı" eksperimentinin "üzü tarixə" tərkib hissəsi deyilmi?.. Dünyada türk xalqları, İran xalqları var, bu xalqların mədəni, o cümlədən də dil əlaqələri var, ancaq nə İran məxrəcində türk, nə də türk məxrəcində İran yoxdur.

Və etiraf edək ki, "konsepsiya"nın ayaq tutub yeriməsində Şumer dilini "protoazərbaycan dili" sayanlarımızın, "Avesta"nın əvvəlcə türkcə qələmə alındığını söyləyənlərimizin, ümumən həvəskar azərbaycanşünaslarımızın da "xidmətlər"i az olmamışdır. Və bu "xidmətlər" bir çox hallarda əsl mütəxəssislərin mürtəce "konsepsiya" ilə mübarizəsi üçün lazımi mühit yaranmasına imkan verməməsidir... Bununla belə, əsas məsələ yarıtmaz "konsepsiya"nı tənqid etməkdə deyil, onun əvəzində yeni mütərəqqi, yararlı konsepsiya təqdim etməkdə idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!