Mirzə Ələkbər Sabir yaradıcılığında Allaha iman - Fariz QASIMBƏYLİ

 

Tarixi mənbələrdən məlum olduğu kimi, İslam dini Azərbaycanda VII əsrin sonları, VIII əsrin əvvəllərindən hakim din statusu qazanmış və daim bu coğrafiyada həmin statusunu qorumuşdur. Zaman ötdükcə islami dəyərlər Azərbaycan xalqının dünyagörüşünə, milli-mənəvi dəyərlərinə, həyat tərzinə, ədəbi-bədii, fəlsəfi irsinə dərindən nüfuz etmiş, onun ayrılmaz bir parçasına çevrilmiş, ehtiramla qorunaraq nəsildən-nəslə ötürülmüşdür. VIII əsrdən XX əsrin əvvəllərinə, daha dəqiqi 1920-ci ildə növbəti dəfə ruslar tərəfindən işğalına qədərki Azərbaycanın qədim və zəngin şifahi və yazılı ədəbiyyatı islam fəlsəfəsi, islami dəyərlərlə yoğrulmuş, ərsəyə gəlmiş bir-birindən dəyərli əsərlərlə ümumislam ədəbi-fəlsəfi irsinin zənginliyinə zənginlik qatmışdır. Azərbaycanın dini, təsəvvüf və mərsiyə ədəbiyyatına qiymətli töhfələr bəxş etmiş mütəfəkkirlərindən biri də görkəmli satirik şairimiz Mirzə Ələkbər Sabir olmuşdur.

Xalqın oyanması, maariflənməsi, tərəqqisi uğrunda əzmkar mübarizlərdən biri olan Sabir, bilindiyi kimi, həm sağlığında ifşa etdiyi riyakar mollalar, həm də vəfatından sonra islamın nüfuzuna xələl gətirmək, onu isə, hardasa sovet şairi elan etmək istəyən sovet tədqiqatçıları tərəfindən "bidin", "dinə qarşı mübarizə aparan", "ateist" bir şair kimi qələmə verilmişdir. İslam dini, islami dəyərlər əleyhinə bir misra belə qələmə almamış Sabirin riyakar "din xadimlərinin", mövhumat və xurafatın tənqid və ifşasına həsr olunmuş şeirləri dini dünyagörüşə, islama qarşı yönəlmiş əsərlər kimi daim ateist ədəbiyyat toplularının ön səhifələrində təqdim edilmişdir. Vurğulamaq istərdik ki, hətta günümüzdə də, həmin prizmadan yanaşaraq Sabirdəki dindarlığı, yaradıcılığında bariz şəkildə öz əksini tapmış islam fəlsəfəsini, aşılamağa çalışdığı islami dəyərləri görməyən, görmək istəməyən tədqiqatçılarımızın mövcudluğu sovet dövründəki həmin qeyri-obyektiv münasibət bizdə təəccüb doğurmur.

Lakin əvvəlki araşdırmalarımızın nəticələrində ortaya qoyulduğu kimi: "Şəxsiyyət etibarilə dindar bir müsəlman olan Sabir kiçik yaşlarından ömrünün sönunadək, islam dininin zəruri şərtlərini səmimiyyətlə icra etmiş - namaz qılmış, oruc tutmuş, islam dinində haram buyurulduğu üçün əsla şərab və spirtli içkilər içməmişdir. Yaradıcılığında islam dini əleyhinə bir misra belə yazmamış, islami dəyərlərə, o cümlədən, Allaha və Məhəmməd peyğəmbərə, şiəlikdə xüsusi ehtiram bəslənilən imam Hüseynə məhəbbəti əsərlərində dəfələrlə tərənnüm olunmuş Sabir Azərbaycan müsəlmanları arasındakı məzhəb ixtilaflarının aradan qaldırılması, bütöv, qardaş islam toplumu uğrunda da ardıcıl və qətiyyətli mübarizə aparmışdır".

Sonuncu səmavi və ümumbəşəri din olan İslam dini 15 əsrdir ki, müqəddəs ilahi hikmətlər və nəsihətlər toplusu olan "Qurani-Kərim" vasitəsilə bəşəriyyətə humanizm, xeyirxahlıq, yardımlaşmaq, düzlük, ədalətlilik, əxlaq gözəlliyi, ailə dəyərlərinin qorunması və s. kimi yüksək insani keyfiyyətlər, dəyərlər aşılamaqdadır. "Hophopnamə"ni vərəqlədikcə Sabirin islamın aşılamağa çalışdığı həmin dəyərləri məzh "Quran" ayələri və Məhəmməd peyğəmbərin hədisləri işığında necə böyük şövqlə tərənnüm və təbliğ etməsinin aydın şəkildə şahidi oluruq. Bu dəyərlər arasında böyük Yaradana - Allaha iman və dərin məhəbbət xüsusilə səciyyəvidir.

İslama görə, ən kiçik zərrədən insan şüurunun dərketmə potensialına sığmaz aləmlərədək hər şey Allah tərəfindən xəlq olunmuşdur, Ona məxsusdur və Onun qüdrəti ilə idarə olunmaqdadır. Heç bir yaradılış və proses Onun bilgisindən, nəzarətindən kənarda deyil, hətta insanın ifadə etmədiyi duyğuları belə. Bu, 114 surə, 6236 ayədən ibarət olan islamın müqəddəs kitabı "Qurani-Kərim"də aşağıdakı kimi ifadə olunmuşdur: "Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur" [Ali-İmran, 2]; "Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Həqiqətən, Allah ehtiyacsızdır, [hər cür] şükrə, tərifə layiqdir!" [əl-Həcc, 64]; "Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz" [Ali-İmran, 5]; "...Allah ürəklərdə olanları biləndir" [Ali-İmran, 119]; "Gözlər Onu [görüb] dərk etməz. O, gözləri dərk edər. O, lətifdir [cisimlikdən uzaqdır], [hər şeydən] xəbərdardır!" [əl-Ənam, 103].

Həyat və yaradıcılığını geniş və obyektiv şəkildə tədqiq etdikdə əminliklə səmimi dindar bir şair olması qənaətinə gəldiyimiz Sabirin çoxsaylı şeirlərində böyük Yaradana inam və məhəbbət, Onun hikmət və qüdrətinə dərin ehtiram bariz şəkildə öz ifadəsini tapmışdır. Sovet dövründə sabirşünasların üzərindən sükutla keçdiyi şairin məlum "A şirvanlılar" rədifli şeiri bu baxımdan xüsusilə əhəmiyyət kəsb etməkdədir:

 

Əşhədü billahi əliyyül əzim,

Sahibi-imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinim mənim,

Köhnə müsəlmanəm, a şirvanlılar!

[II, s.35]

Riyakar mollaların təkfirləri nəticəsində, onlara uyaraq Sabirə hücumlar edən avam camaata müraciətlə qələmə alınmış bu şeirin "Əşhədü billahi əliyyül əzim" [Allahın böyüklüyünə, əzəmətinə şəhadət edirəm] ifadəsi ilə başlanması "sahibi-iman" olan dindar bir şairin Allahın əzəmətini təsdiq və tərənnümünün bariz nümunəsi kimi önəm daşımaqdadır.

Bilindiyi kimi, islam dininin əsas və mübahisəsiz şərtlərinin, hökmlərinin başında Allahın yeganə Yaradıcı, Tanrı olması, Ondan qeyri İlahın olmamasına, Onun əzəli və əbədi olmasına tərəddüdsüz iman edilməsi durur. Bu islamda "tövhid" adlanmaqdadır ki, həmin ifadəyə Sabirin "Molla Nəsrəddin" jurnalının 30 may 1908-ci il tarixli 13-cü nömrəsində imzasız çap olunan və "Molla Nəsrəddin"in 10-cu nömrəsində Qızdırmalı [M.H.Zeynalovun gizli imzalarından biridir - F.Q.] imzası ilə yazılan əşara cavab" qeydi ilə verilmiş şeirində rast gəlirik:

 

Madam ki, hamiyani-zülmət

Xoşlar ki, dəvam edə cəhalət;

Heyhat, bilirmi onda millət

Tovhid nədir və ya nübüvvət?

[I, s.157]

Şairin burada işlətdiyi "nübüvvət" [peyğəmbərlik] anlayışı da islamın əsas şərtlərindən biri qəbul olunur və Allahın insanlar arasından seçdiyi peyğəmbər və elçilərinə iman edilməsini xarakterizə etməkdədir. Sabir burada, cəhalətin hökm sürməsini istəyən zülmət himayədarlarının əlində əsir olan millətin Allah və peyğəmbərlərinə imandan, yəni islamın əsaslarından uzaq düşəcəklərinə təəssüfünü ifadə etməkdədir.

İslam dünyagörüşünə görə, Allah təkcə təsəvvürə sığmayan, insan şüurunun dərk etməsi mümkün olmayacaq dərəcədə böyük, müqəddəs yaradıcı deyil, həm də insanların ən yaxın dostu, yardımçısıdır. "Qurani-Kərim"də aşağıdakı ayələrdə bu xüsus belə ifadə olunmaqdadır: "Allah [Ona] iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər..." [əl-Bəqərə, 257]; "...Bir dost və yardımçı kimi Allah [sizə] kifayət edər!" [ən-Nisa, 45].

Məlum olduğu üzrə, Sabir pedaqoji fəaliyyətlə məşğul olduğu ömrünün son çağlarında uşaqlar üçün yazmış olduğu şeirlərini, xüsusən, dərs dediyi şagirdlərinə oxumaq və əzbərlətmək məqsədilə qələmə almışdır. Uşaqları dərsə, təhsilə ruhlandıran bu şeirlərdə milli-mənəvi, əxlaqi, tərbiyəvi əhəmiyyət daşıyan dəyərlərlə yanaşı, islami dəyərlər də böyük bir şövq və diqqətlə aşılanırdı. Sabirin aşılamağa çalışdığı bu dəyərlərin başında Allah sevgisi, onun qüdrət və əzəmətinin tərənnümü xüsusilə diqqət cəlb etməkdədir. Böyük sənətkar "İskəndər və fəqir" şeirinin sonunda "Ona inananların dostu", "cümlənin dərdinin dəvası", güclünün, gücsüzün Xudası olan tək Allaha əl açmağı, ehtiyacı yalnız Ondan diləməyi nəsihət edərək uşaqlara müraciətlə yazırdı:

 

Ey oğul, hacəti Xudayə dilə,

Dərdini zati-kibriyayə dilə.

Cümlənin dərdinin dəvası Odur,

Acizin, qadirin Xudası Odur.

[II, s.126]

 

Digər səmavi dinlərdə olduğu kimi, İslam dininə görə də, şeytan [İblis] daim insanları Allahın yolundan - dindən, imandan, gözəl əxlaq və əməllərdən, xeyirxahlıqdan, yardımlaşmaqdan uzaqlaşdırmağa, onları pis, çirkin əməllərə, əxlaqsızlıqlara, ətalətə, günahlara, bəlalara sürükləməyə çalışan, şəri təmsil edən bir qüvvədir. Uşaqları "Allah olsun sədiqin" deyərək, islami dəyərlər işığında dərsə, təhsilə səsləyən Sabir "Məktəbə tərğib" şeirində, çox yatmağın, ətalətin şeytandan, tez oyanmaq kimi gözəl bir əməlin isə Allahdan olduğunu vurğulayaraq yazırdı:

 

Oğul, oğul amandır,

Çox yuxlamaq yamandır.

Çox yuxlamaq - şeytandan,

Tez durmaq - Allahdandır.

[II, s.108]

 

İslam dinində xüsusi məna kəsb edən başqa bir önəmli məsələ də şükür təlimidir. İnsanlara istər ruhən, istərsə də cismən saflıq aşılayan islam dini mənəvi hüzur tapmaq baxımından müstəsna psixoloji əhəmiyyətə malik olan "şükür təlimi" ilə onları əldə etdikləri ən kiçik nemətlərə, dəyərlərə belə sevinməyə, nail olduqlarına görə daim böyük Yaradana minnətdarlıq duyub, şükür etməyə çağırmaqdadır. "Qurani-Kərim"də bu haqda bir sıra ayələr mövcuddur. Məsələn, "...Əgər [Allahın nemətlərinə] şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr..." [əz-Zumər, 7], "...Allah şükrə qiymət verəndir, [hər şeyi] biləndir!" [ən-Nisa, 147], "...Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq!" [Ali-İmran, 145].

Mömin bir müsəlman olması ilə yanaşı, islam dünyagörüşünün, islami dəyərlərin gözəl bilicisi olan Sabirin yaradıcılığında şükür təlimi xüsusi yer tutan, əhəmiyyət verilən və tərənnüm olunan məsələlərdən biri kimi diqqət çəkməkdədir:

 

Tərk edər kim ki, şükri-neməti-nas,

Etməyir vaqeən Xudayə sipas;

Şakirani-vəsaili-nemət,

Olur əlbəttə, naili-nemət.

Artıq etdikcə şükr ifasın,

Hasil edər könül təmənnasın.

[II, s.88]

 

"Əlində olan nemətlərə şükür etməyən Allaha şükür etməyir deməkdir, əldə etdiyi nemətlərə şükür edən, əlbəttə, yenə nemətlərə nail olacaqdır, könül şükrünü "artıq etdikcə" arzularına, təmənnalarına qovuşar" - deyən şair islam fəlsəfəsində böyük önəm kəsb edən şükür təlimini ən sadə dillə şərh edirək yazırdı:

 

Şəkəri-şükrdə həlavət var,

Şükrdə izdiyadi-nemət var.

Neməti-nasə şükr edən əlhəq,

Həzrəti-həqqə şükr edib mütləq.

İnd həqdəndir, çünki külli-əsas,

Həqqə racedir şükri-neməti-nas.

[II, s.88]

"Anbəan ona şayan olan nemətlərə görə" özünün daim Xudaya şükrünü "əda etməsini" vurğulayan Sabir bəxş etdiyi nemətlər, dəyərlər və hikmətlər qarşısında böyük Yaradana şükür etməyin hər bir müsəlman üçün "ibadətin sərmayəsi" olduğunu şagirdlərinə, eyni zamanda uşaqlara, gənclərə anlatmağa, aşılamağa çalışırdı:

 

Şükr sərmayeyi-ibadətdir,

Şükr pərvaneyi-itaətdir.

Ey Xuda, fəzlinə rica edərəm,

Mən nasıl şükrini əda edərəm

Ki, dəqiqə-dəqiqə, anbəan,

Sabirə nemətin olur şayan

[II, s.88]

 

Böyük satirikin əsər və məktublarında Allahdan razılıq etmək, Allaha dua etmək, "Allaha tapşırmaq" mənalarında işlədilən ifadələrə də tez-tez rast gəlməkdəyik. Məsələn, şair "Yaşadıqca xərabə Şirvanda" adlı şeirində Əliqulu adlı bir həmvətənindən "Həq səni sevindirsin" - deyə, razılıq edərək yazır:

 

Sabirin şeirdə duası budur,

Həzrəti-Həqdən iltiması budur:

Ömr edib daima səfa bulasan,

Hər zəman, hər dəqiqə şad olasan!

[II, s.75]

 

Tiflisdə müalicə olunarkən Abbas Səhhətə yazdığı 15 iyun 1911-ci il tarixli məktubunda, onun xəstəxanada qalmağına razı olmayaraq, evlərində yer verən, böyük hörmət və qayğı göstərən Mirzə Cəlil və həyat yoldaşı Həmidə xanımdan dərin minnətdarlıq edən Sabirin yazdığı: "...bilmirəm nə dil ilə təşəkkür edim, Rəbbi-Təala həzrətləri əvəz versin" [II, s.234] cümləsi, həmin məktubunu XVIII əsr görkəmli türk alim və şairi Ərzurumlu İbrahim Hakkının məşhur şeirindən sitatla: "Mövla görəlim neylər. Neylərsə gözəl eylər" [II, s.234] - deyərək tamamlaması, bu məktubdan 12 gün sonra yenə Abbas Səhhətə yazdığı başqa bir məktubunda son günlərini yaşadığını yəqin edən ölməz sənətkarın ona müraciətlə, "... Lakin əlim daha qələm tutmayır. Əhli-əyalımı sizə, sizi də Allaha tapşırıram" [II, s.235] - deməsi, şairin Allaha olan böyük iman və ehtiramının ifadəsi baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.

Dahi satirik şairimiz Mirzə Ələkbər Sabirin əsər və məktublarından gətirdiyimiz yuxarıdakı sitatlar onun mömin bir müsəlman kimi Allaha bəslədiyi böyük məhəbbəti və bu məhəbbəti öz şagirdlərinə, oxucularına səmimiyyətlə aşılamağa çalışmasını bariz şəkildə ifadə etməkdədir. Bu, eyni zamanda, onu "ateist" - "allahsız", "allahı inkar edən", "dinə qarşı mübarizə aparan" bir şair kimi qələmə vermək cəhdlərinin də nə qədər əsassız və böhtan xarakterli olmasını sübut edən tutarlı faktlardan biri kimi önəm daşımaqdadır.

Fikrimizi yekunlaşdırarkən bu il 160 illik yubileyini qeyd etdiyimiz dahi satirik şairimiz Mirzə Ələkbər Sabiri sonsuz sevgi və sayqı ilə anır, ölməz ruhu qarşısında baş əyirik!

 

Qeyd: Mirzə Ələkbər Sabirin yaradıcılığından sitatlar görkəmli sabirşünaslarımızdan prof. Məmməd Məmmədovun tərtib etdiyi aşağıdakı iki cildlik "Hophopnamə"dən gətirilmişdir:

I. Sabir, M.Ə. Hophopnamə: [2 cilddə] / M.Ə.Sabir, tərt. ed., M.Məmmədov. - Bakı: Şərq-Qərb, - c. 1. - 2004. - 480 s.

II. Sabir, M.Ə. Hophopnamə: [2 cilddə] / M.Ə.Sabir, tərt. ed., M.Məmmədov. - Bakı: Şərq-Qərb, - c. 2. - 2004. - 384 s.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!