Leyla Quliyevanın "Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi" monoqrafik işi haqqında qısa mülahizələr
Nizami Gəncəvi dühası səkkiz əsrdən çoxdur ki, dinindən, dilindən, milli kimliyindən asılı olmayaraq, səxavətlə bütün yer üzünün əşrəfi sayılan hər bir bəşər övladının varlığına nur, zehninə zəka, qəlbinə sevgi payı bəxş edir. "Xosrov və Şirin" poemasında dahi şairimiz tək bircə "Eşqdir mehrabı uca göylərin! // Eşqsiz, ey dünya, nədir dəyərin?!" beytilə göyün-yerin, külli-kainatın yerini-yörəsini, ayarını-dəyərini, məğzi-mahiyyətini elə uca, solmaz və ölməz bir əbədi möhürbəndlə möhürləyib ki, əsrlər bir-birinə calanıb zaman irəlilədikcə bu qiymət daha artıq sanbal kəsb edir.
Əbədiyaşar Azərbaycan söz sərrafının özünün zəngin sənət xəzinəsində israrla təlqin etdiyi əlçatmaz humanizm ideallarının məğzi-mənası, canı-cövhəri, tacı da eşqdir, sevgidir, məhəbbətdir: dünyaya, insana, canlıya, cansıza, bəşər övladına, zərrəyə, bütövə, yarıya, müxtəsəri, ərşə-gürşə ilahi sevgi, uca eşq, ölməz məhəbbət! Korifey şairin bədii irsi yüklənmiş əbədi karvanı hələ öz sağlığında qədim Gəncədən yola çıxmış, bu gün də dünyanın dürlü-dürlü məmləkətlərini gəzib-dolanmaqda, aləmə vüsətli poetik ərməğan bəxş etməkdə, müdrik kəlamları ilə insanları kamilləşdirməkdə, millətimizə başucalığı və şan-şöhrət gətirməkdədir. Nizamişünaslığın bugünkü elmi qənaətlərinə istinadən, mübaliğəsiz olaraq cəsarətlə deyə bilərik ki, zəngin və qədim Azərbaycan poeziyasının ən ünlü, ən uca, ən sevimli, uzun sözün kəsəsi - bir nömrəli şairinin poetik nəfəsinin yetişmədiyi bircə guşə belə qalmayıb yer üzündə. Dünyanın bütün sivil xalqları Nizami Gəncəvi adını çoxdan eşitmiş, onun istedadının azmanlığına təəccüb qalmış, belə təkrarolunmaz poetik fenomen önündə daim heyrətlənməkdədir. Ustad şairimizin könülləri riqqətə gətirən lirik şeirlərinin, geniş epik nəfəsi və əsrarəngiz aurası ilə insan mənəviyyatının bütün incəliklərini ağuşuna alan, birər-birər nur saçıb işıqlandıran ölməz "Xəmsə"sinin dünyanın əksər aparıcı dillərinə tərcümə olunması, yayılması, öyrənilməsi, sevilməsi şanlı və qədim millətimizin adının dünya mədəniyyət xəzinəsindəki ən gözəgörümlü lövhə üzərində altun dəst-xətlə yazılması, əbədi həkk edilməsi deməkdir!
Nizami Gəncəvi sözün müstəqim mənasında dəyəri heç bir ölçüyə sığmayan milli sərvətimizdir. Hər zaman onun zəngin poetik irsinə dünyanın hər yerində böyük maraq göstərir, təbliğ edir, araşdırır, öyrənirlər. Söylədiyimiz fikirlərin təsdiqi üçün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli şərqşünas, müasir Azərbaycan nizamişünaslığının flaqmanı, akademik Teymur Kərimlinin rəhbərliyilə gənc alim, Bakı Slavyan Universitetinin müəllimi Leyla İbrahim qızı Quliyevanın ərsəyə gətirdiyi "Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi" adlı tədqiqat işinə diqqət yetirmək kifayət edər. Bu əsər xarici ölkələrdəki ingilisdilli ədəbiyyatşünaslıqda ulu şairimizin həyat və yaradıcılığına, onun bədii sözünün qüdrətinə həsr edilmiş bir sıra elmi araşdırmalara ictimai fikir tariximizin müstəqillik işığında yeni nəzərlə yanaşılan vacib bir mövzunun əhatəli tədqiqindən ibarətdir. Müəllif çox doğru olaraq, araşdırdığı mövzu ilə bağlı mövcud elmi məxəzlərin geniş mənzərəsini səriştə ilə incələmiş, yeri gəldikcə onlara özünün fərqli baxışlarını bildirmiş, onları müasir nizamişünaslığın əldə etdiyi yeni elmi qənaətlər səviyyəsindən dəyərləndirmişdir. Tədqiqatçı mövzunun əhatəli və dolğun işlənməsi naminə zaman genişliyindən çəkinməmişdir; araşdırmaya cəlb olunan tədqiqat əsərləri XIX əsrdən günümüzə qədər gəlib çıxan bir dövrü əhatə edir. Haqlı olaraq əvvəlcə Azərbaycan və rus dillərində elmi dövriyyədəki tədqiqatlar araşdırılmış, onların vasitəsilə mövzunun işlənmə dərəcəsi aydınlaşdırılmış, əksər müəlliflərin işlərinə tədqiqatçının özünün bu və ya digər fərqli münasibətləri, təqdiri, ya təkzibi bəlirlənmişdir. Nizamişünaslığın aparıcı simaları Aqafangel Yefimoviç Krımski (1871-1942), Yevgeni Eduardoviç Bertels (1890-1957), Rüstəm Əliyev (1929-1994), Qəzənfər Əliyev (1930-1984), Azadə Rüstəmova (1932-2006), Teymur Kərimli (1953), Rafael Hüseynov (1955) və digər görkəmli alimlərin fundamental elmi nəticələrinə söykənən gənc tədqiqatçı Leyla Quliyevanın gəldiyi bir sıra yeni elmi qənaətlər onun sistemli ümumiləşdirmə bacarığına və səlis məntiqi hipotezlər irəli sürmək məharətinə dəlalət edir. Daha bir mətləbi də xüsusi qeyd etmək lazımdır ki, tədqiqatçının mövzu ilə bağlı elmi araşdırmalardan səmərəli və yaradıcı istifadə qabiliyyəti tədqiqatda qarşıya qoyulmuş məqsəd və vəzifələrin, onun əvvəlcədən müəyyənləşdirilmiş əsas müddəalarının tam qənaətbəxş həllində mühüm rol oynamışdır.
Monoqrafik tədqiqatın ən layiqli məziyyətlərindən biri də odur ki, müəllif müasir ingilisdilli ədəbiyyatşünaslıqda mövcud olan və az-çox elmi dəyər kəsb edən əksər tədqiqat işlərini saf-çürük edərək yeni təhlil süzgəcindən keçirmiş, onlara sayqılı tənqidi münasibətini ortaya qoymuşdur. Bu araşdırmada Kristina Van Ruymbeke, Culiya Skot Meysami, Kameron Kross, Alison Kanner-Botan, Alasdair Vatson və digər aparıcı müasir ingilisdilli şərqşünasların tədqiqatlarına geniş yer verilməsi araşdırmanın çağdaşlıq baxımından əhəmiyyətini artırır, əcnəbi nizamişünasların lap yeni şərh və fikirlərinə günümüzün elmi səviyyəsindən yanaşmağa, münasibət bildirməyə xidmət edir. Bütün bunlar gənc tədqiqatçının kamil ədəbiyyatşünas kimi yetişə biləcəyinə inamlı zəmanət verir. Leylanın doğma dilimizi, ingilis, rus dillərini mükəmməl bilməsi, alman və fars dillərinə bələdliyi elmimizə müasir, müstəqil düşüncə tərzinə malik dəyərli bir şərqşünasın gəlişi müjdəsinin parlaq təzahürüdür.
Məxsusi qeyd etmək gərəkdir ki, haqqında söz açdığımız bu monoqrafik tədqiqat işi quruluş nöqteyi-nəzərindən müəllifin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrə tam uyğundur. Əsər yığcam "Giriş"dən, hərəsi iki paraqrafdan ibarət olan üç fəsildən, qısa "Nəticə"dən və "İstifadə edilmiş ədəbiyyat" siyahısından ibarətdir. Fəsillər arasında məntiqi bağlılığa, məzmun ardıcıllığına, materialın fəsillərdəki müvazi tarazlıq həcminə də qədərincə əməl edilmişdir. Müəllifin bütün tədqiqat boyunca özgə araşdırmaların məzmununu adi nəqletmədən qaçması təqdirəlayiqdir.
Leyla Quliyeva birinci fəsildə müasir ingilisdilli ədəbiyyatşünaslıqda Nizami Gəncəvi haqda yeni tədqiqatları, ideoloji qütbləşmədən sonrakı dövrdə onun həyat və yaradıcılığının tədqiqindəki yeni istiqamətləri sərf-nəzər etmiş, bu fəsildə dahi şairimizin milli kimliyinə dair bəzi şübhəli mülahizələri araşdırmış və mövcud dəlillərlə Qərb alimlərinin bir sıra yanlış nəticələrinə etiraz edərək, yüksək vətənpərvərlik hisslərilə onların sanballı təkzibinə nail olmuşdur.
İkinci fəsildə Nizami Gəncəvi əsərlərinin ingilis dilinə tərcüməsinin özünəməxsusluqları və şöhrətli şairimizin əsərlərinin ingilis ədəbiyyatına təsir dairəsi səriştəli şəkildə, inandırıcı örnəklərə istinadən uğurla araşdırılmış və sevindirici haldır ki, əldə olunan elmi nəticələr tam anlaşıqlı, inandırıcı təsir bağışlayır. Monoqrafik tədqiqatın "İngilis ədəbiyyatında Nizami Gəncəvi irsinin tədqiqində yeni mərhələ" adlanan üçüncü fəslində ingilis ədəbiyyatşünaslığında şairin yaradıcılığının humanist-bəşəri dəyərlər müstəvisindən tədqiqi və onun elmi-nəzəri, sufi görüşləri baxımından təhlili məsələləri yer almışdır. İlk baxışda ikinci paraqrafın həcm böyüklüyü - tam işin üçdə biri, yəni 60 səhifə, sual doğursa da, diqqətli tanışlıqdan sonra müəllifə haqq qazandırmalı oluruq. Nədənsə, əksər əcnəbi alimlər məhz şairin yaradıcılığında az əhəmiyyət kəsb edən sufizm məsələlərinə, mistik məqamlara daha artıq diqqət yetirirlər. Araşdırıcı bu dırnaqarası hüsn-rəğbətin səbəblərini, köklərini və qaynaqlarını təmkinli, sübutlu təhlillərlə məharətlə aydınlaşdıra bilib, Nizami Gəncəvi poetik irsinə belə yanlış yanaşmaları ustalıqla təkzib edib.
Ümumiyyətlə, Leyla Quliyeva diqqətlə və sevə-sevə tədqiq elədiyi "Müasir ingilis ədəbiyyatşünaslığında Nizami irsinin öyrənilməsi" mövzusunu mükəmməl işləyə bilib, materialın xarakterinə tam uyğun olan tarixi-müqayisəli tədqiqat metodunu araşdırmanın əvvəlindən sonunacan qoruyub, lazım gəldikcə digər mövcud nəzəri fikir və metodoloji meyillərdən, ədəbi əlaqələrin araşdırılmasında geniş işlənən paralel müqayisəli üsuldan da səmərəli şəkildə bəhrələnib.
Gənc alimin dəyərli tədqiqat işilə ətraflı tanışlıqdan sonra gəldiyim yekun qənaət belədir ki, Leyla Quliyevanın elmi araşdırması yetərincə uğurlu alınıb, müəllifin gəldiyi nəticələr tamamən məntiqi və elmi baxımdan qənaətbəxşdir.
Bu tədqiqatın həm ədəbiyyatşünaslığımız, həm də geniş oxucular üçün faydalı olacağına inanır, müəllifə elmin keşməkeşli inkişaf yollarında bolluca uğurlar diləyirəm. Son olaraq daha bir istəyimi, tövsiyəmi istedadlı gənc müəllifin diqqətinə çatdırmaq istərdim: peşəkar bir elmi redaktədən sonra belə dəyərli araşdırmanızı ingilis dilinə çevirərək monoqrafiya kimi nəşr etdirib, yayılmasını unutmayın, Leyla qızım. Bu, ərsəyə gətirdiyin layiqli elmi işin, çəkdiyin zəhmətin dahi Nizami Gəncəvi irsinə şükranlıq örnəyinin lazımlı və məntiqi yekunu olardı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!