Əli bəy Hüseynzadə və Şah Abbas - Mehman SÜLEYMANOV

 

Azərbaycanın milli təfəkkür və düşüncə tarixinin zirvəsini təşkil edən zəka sahiblərinin irsinin araşdırılmasında dəyərli xidmətləri olan Azər Turanla son söhbətlərimizin birində ondan Əli bəy Hüseynzadə tərəfindən Şah Abbasın portretinin çəkilməsi haqqında mənim üçün son dərəcə maraq doğuracaq bir xəbər eşitdim. Uzun müddətdən bəri dünya tarixinin bənzərsiz hökmdarları sırasında ucadan da uca bir yer tutan bu qızılbaş türkünün həyatını araşdırmağa çalışdığımdan həmin portretin rəngli surətini mənə göndərməsini ondan xahiş etdim. Hörmətli ziyalımız dərhal bu xahişə əməl etdi və ondan aldığım bu rəsmi böyük məmnunluqla uzun-uzadı seyr etdim. Qeyd etmək lazımdır ki, hazırda bu portret Türkiyədə Kərim Mehmetzadə adlı bir yurddaşımızın şəxsi kolleksiyasında saxlanılır.

Bu portret kifyət qədər zövqlə işlənmiş bir sənət əsəridir və ən zəngin muzey kolleksiyaları arasında yer almağa layiqdir.

Azərbaycanın ictimai-siyasi fikir tarixində hər zaman üz tutmalı olduğumuz qibləgahlarımızdan biri olan Əli bəy Hüseynzadənin rəssamlıq istedadına malik olması bəlli bir faktdır və onun rəngkarlıq sahəsindəki yaradıcılığının nümunələri hazırda Azərbaycan İncəsənət Muzeyində də saxlanmaqdadır. Şah Abbas portreti Ə.Hüseynzadənin ictimaiyyətə çox da tanış olmayan rəngkarlıq əsərlərindən biridir. Amma bu portretin yarada biləcəyi maraq onun yalnız rəngkarlıq keyfiyyətləri ilə bağlı deyil, həm də Ə.Hüseynzadənin Şah Abbasın şəxsiyyətinə olan münasibətinin necə ifadə olunmasıdır.

Etiraf etməliyik ki, şihafi ədəbiyyatımızda Şah Abbasın ədalətli şah obrazı ilə bağlı çoxlu sayda nümunələr olsa da, yazılı ədəbiyyatımızda onun haqqında kütləvi təsəvvür Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" əsərindən alınan təəssüratla yaranmışdır. Bu əsərin təhlil edilməsi və elmi-tarixi qiymətləndirilməsi əslində, ayrıca bir tədqiqatın mövzusudur. Lakin müxtəsər olaraq onu qeyd etmək lazımdır ki, M.F.Axundovun bu əsərdə əsas tənqid obyekti Şah Abbas idarəçiliyi yox, hadisələri onun hakimiyyəti illərinə aparmaqla rus üsul-idarəsini güclü tənqid atəşi altına almaq olmuşdur. Həmin əsərin obrazlarının Şah Abbas hakimiyyəti dövründəki prototiplərinin fəaliyyəti ilə ötəri tanışlıq da bunu təsdiq edə bilər. Sovet hakimiyyəti illərində ədəbiyyatımızda bu əsərin yanlış şərhinin verilməsi ilə oxucuların diqqəti əsasən Şah Abbas hakimiyyətinin yarıtmazlığının qabardılmasına və bununla da sosialist həyat tərzinin şah üsul-idarəsi dövründən tamamilə fərqləndirilməsinə yönəldilmişdi. Əslində, sovet hakimiyyəti illərində Şah Abbas şəxsiyyətinə başqa cür qiymət verilməsi də mümkün deyildi. Bundan əlavə, həmin illərdə erməni və ermənipərəst tarixçilər də Şah Abbas şəxsiyyətinin təhrif edilməsi üçün əllərindən gələni edirdilər. Guya Şah Abbas hakimiyyəti illərində ermənilərin Araz boyu ərazilərdən İsfahana və Səfəvi dövlətinin digər məntəqələrinə zorla köçürülməsi aparılmışdı. Onlar bunu hətta ermənilər üçün "böyük sürgün" də adlandırırdılar. Bu məsələ də ayrıca bir tədqiqatın mövzusudur. Bircə onu demək lazımdır ki, Şah Abbas XVII əsrin əvvəllərində müdafiə məqsədilə Araz boyu ərazilərdə yaşayan əhalini başqa ərazilərə köçürmək qərarına gəldi. Məqsəd bu ərazilərə hücumu gözlənilən Osmanlı qüvvələrini hər cürə təminat mənbələrindən məhrum etmək idi. Bu köçə bölgənin azərbaycanlı əhalisi də məruz qalmışdı. Ancaq erməni və ermənipərəst tarixçilər məsələyə birtərəfli yanaşaraq yalnız erməni köçlərini qabardır və bununla Şah Abbasın ermənilərə qarşı qəddarlığını şişirtməyə çalışırdılar. Fikirlərini sübut etdirmək üçün isə belə tarixçilər köçürülən ermənilərin sayı haqqında xəyali rəqəmlərə əl atırdılar. "İnsaflı" müəlliflər onların 5 min nəfər, insafsızlar isə 500 min nəfər olması barədə məlumatlar tirajlayırdılar. Belə məlumatları oxuculara sırımaqla erməni və onlara havadarlıq edən sovet tarixçiləri sovet hakimiyyəti illərində Şah Abbası qaniçən, zalım, qəddar bir şah kimi tanıda bilmişdilər. Azərbaycan tarixşünaslığında isə bu konsepsiyanın əsassızlığı barəsində ciddi bir araşdırma ortaya qoyulmamışdı. Əksinə, Azərbaycan tarixşünaslığında da belə bir konsepsiya mövcud idi ki, Şah Abbas Səfəvi dövlətini transformasiyaya uğradaraq onun mövcudluğunda azərbaycanlı xarakterini dəyişmişdi.

Ona görə də Ə.Hüseynzadənin Şah Abbas mövzusuna toxunması haqlı bir maraq doğururdu ki, görəsən, bu qələm sahibinin Azərbaycan xalqının yetirməsi olan böyük hökmdara olan münasibəti necədir? Portretlə ilkin tanışlıq kimsədə şübhə yeri qoymaz ki, Ə.Hüseynzadə Şərqin böyük hökmdarı olan Şah Abbasa və onun şəxsiyyətinə xüsusi bir sevgi ilə yanaşmışdır. Bu, eyni zamanda onu deməyə imkan verir ki, Əli bəy Hüseynzadə Şah Abbasın həyatı və şahlığı haqqında kifayət qədər məlumatlı idi. Çünki Şah Abbasın dövlətçilik və milli-mənəvi keyfiyyətlərinə yüksək qiymət Əli bəy Hüseynzadə kimi bir dahinin diqqətini özünə cəlb edə bilərdi və nəticədə belə bir sənət əsəri meydana gələ bilərdi. Böyük sevgi ilə yaradılmış bu portretdə qətiyyətli və mübariz gənc hökmdarın obrazı yaradılmışdır. Şah Abbasın iri gözləri onun həyat eşqindən, uzaqdan alnında hiss olunan qırışlar isə onun müdrikliyindən xəbət verir. Obrazın sifətində tamaşaçını cəlb edəcək bir işıq və nur vardır və güman etmək olar ki, bu nur həm də Əli bəy Hüseynzadənin Şah Abbas şəxsiyyətinə rəğbətinin ifadəsidir.

Şah Abbas şah geyimində, yalnız boyun hissəsi daş-qaşlarla bəzədilmiş libasda təsvir edilmişdir. Onun başındakı qızılbaş papağında həm şahlıq ciqqəsi, həm də qızılbaş lələyi görünməkdədir. Belə bir portretin işlənməsi üçün faktoloji material sözsüz ki, Şah Abbas haqqında mövcud olan rəsmlər olmuşdur. Onların sayı xeyli çoxdur. Hələ Şah Abbasın sağlığında onun sarayında olmuş avropalılar onun haqqında həm xatirələrini yazmış, həm də rəsmini çəkmişdilər. Səfəvi dövrünün rəssamları da onun rəsmini çəkmişdilər. Bu rəssamlar daha çox miniatür janrında işlədikləri üçün rəsmlər də miniatür rəsmlərdir. Avropalı rəssamlar tərəfindən isə Şah Abbasın həm realist janrda, həm də qravüra janrında portretlərini çəkmişlər. Onların hər biri kifayət qədər maraqlıdır və bir-birindən fərqlənsələr də insanda Şah Abbasın ümumi təsəvvürünü yaratmaq baxımından əhəmiyyət kəsb edir. Əli bəy Hüseynzadə isə bu portreti Şərq miniatürləri bazasında işləmişdir.

Məsələn, XVII əsrdə İsfahan şəhərində tikilmiş Çehelsütun sarayının divarında Şah Abbasla bağlı olan miniatür Ə.Hüseynzadə üçün mənbə rolunu oynaya bilərdi. Yəni Ə.Hüseynzadə də öz əsərini məhz Şah Abbasın Şərqdə qəbul olunmuş görüntüsü üzərində qurmuşdur. Əgər Ə.Hüseynzadə Şah Abbas portretinin işlənməsi üçün mənbə kimi Çehelsütun sarayındakı görüntünü götürmüşdüsə, onda qeyd etmək lazımdır ki, o bu rəsmə də yaradıcı şəkildə yanaşmışdır. Ə.Hüseynzadənin işində Şah Abbas daha çox dövlətçilik qayğıları ilə yaşayan bir hökmdar kimi canlandırılmışdır. Onun uzun və şəvə bığları isə az qala üzünün yarısını tutur. Şah Abbas mövzusunda mövcud olan portretlərin heç də hamısında Şah Abbasın bığları bu qədər uzun deyildir. Amma miniatür əsərlərinin, demək olar ki, hamısında Şah Abbas portretində ilk nəzərə çarpan elementi məhz onun böyük və yanlara dartınmış bığlarıdır. Bu bığlar Şərq rəngkarlığında indi Şah Abbasın simvoluna çevrilmişdir. Ə.Hüseynzadə də Şərq rəngkarlığının bu ənənəsinə sadiq qalmışdır.

Şah Abbası yaxından müşahidə etmiş avropalı səyyahlar, elçilər və digərləri də onun uzun bığlara malik olmasına öz münasibətlərini bildirmişdilər. Onların yazdığına görə, Avropa hökmdarları arasında da uzun bığ saxlanması təcrübəsi var idi. Amma Avropa hökmdarları öz bığlarının sonluğunu yuxarı doğru istiqamətləndirirdilər. Bu da onların təkəbbürünün və iddialılığının bir nümayişi idi. Şah Abbas isə bığlarını yuxarıya doğru sığallamazdı və sadəcə onların yanlara doğru uzanmasına meyilli idi. O, şahlıq taxt-tacına çıxmasının ikinci ilində saqqalını qırxdırmaq qərarına gəldi. Bu qərarı ilə Şah Abbas əcdadlarının ənənəsini pozsa da, öz müasirləri arasında yeni bir üslubun başlanğıcını qoydu. Şah Abbasın rəğbətini qazanmaq üçün saray əmirləri və əyanları, qoşun əhli də saqqalını qırxdırıb uzun bığ həvəsinə düşdülər. Bəzi məlumata görə, Şah Abbas onun nümunəsini təkrar edən, yəni uzun bığ saxlayan qoşun əhlinə xüsusi mükafat ödəyirdi. Belə bir fakt da məlumdur ki, Şah Abbasın sağlığında onun nümunəsini təkrarlamağa başlayan Uğurlu xan adlı bir qızılbaş əmirinin bığı Şah Abbasın hakimiyyətindən sonra daha da uzanmışdı. Deyilənə görə, onun bığları o qədər uzun idi ki, Uğurlu xan onları hətta boynuna dolayırdı.

Portretin işlənməsində zənginliyi daha qabarıq ifadə etdirən rənglərdən az istifadə edilmişdir. Güman etmək olar ki, Ə.Hüseynzadə bununla Şah Abbasın sadə və adi həyat tərzinə üstünlük verməsinə işarə etmək istəmişdir. Şah Abbas isə böyük və ölçüyə gəlməz sərvətlərə malik olmasına baxmayaraq, doğrudan da, sadə həyat tərzinə üstünlük verirdi. Onun tez-tez libasını dəyişərək adi insanlar arasına çıxması, onlarla vaxt keçirməsi, onlarla bir süfrədə oturması tarixdən bəlli olan faktlardır.

Əli bəy Hüseynzadənin çəkdiyi rəsmin rəngli təsvirində görmək mümkündür ki, Şah Abbasın geyimi sadə bir geyimdir. Geyim sadəliyi Şah Abbasın xarakterik tərəfi olduğu üçün güman etmək olar ki, Ə.Hüseynzadənin də bu məsələdən məlumatı var idi. Şah Abbas, doğrudan da, qara, qırmızı və yaşıl rəngə çalan parçalardan hazırlanmış geyimlərə üstünlük verirdi. Ona görə də rəssam şah geyimini sadə göstərməyə çalışmışdı.

Şah Abbasın sadə geyimdə olması bəzən onun şah kimi tanınmasına da mane olurdu. Məsələn, Almaniyadan gəlmiş olan elçilik heyətinin rəhbəri öz xatirələrində yazırdı ki, o, İsfahana yetişəndə şah paytaxtda yox idi və ona görə də onunla görüşmək üçün Qəzvinə yollandı. Bu elçi Qəzvinə yetişən kimi onu Şah Abbasın hüzuruna aparırlar. Həmin vaxt Şah Abbas yaxın ətrafı ilə məclisdə oturubmuş. Elçi məclis olan salona daxil olanda çaşıb qalır. Çünki öz geyiminə görə şah məclisdəkilərdən heç də fərqlənmirdi. Bunu o özü də qeyd edirdi. O, sonra əlavə edirdi ki, bu zaman təcrübəli qızılbaş əmirlərindən biri onun əlindən tutub Şah Abbasın yanına istiqamətləndirdi.

Həmin alman elçisinin bu məsələ ilə bağlı başqa bir maraqlı qeydi də var idi. 1603-cü ildə Səfəvi qoşunları İrəvan qalasını Osmanlı qoşunlarından geri almaq istəyirdi. Alman elçisi Şah Abbası müşayiət edirdi. Bir dəfə onlar birlikdə yemək məclisində əyləşiblərmiş. Şah Abbas bu dəfə də öz geyiminə görə öz əmir və əyanlarından heç də fərqlənmirmiş. Amma alman elçisi xarici dövlətin nümayəndəsi kimi daha yaxşı və parlaq geyimdə imiş. Bundan əlavə o, şah və onun əyanları kimi xalça üzərində bardaş qurub otura bilmirmiş. Ona görə dizlərini yerə dayamaqla digərlərindən bir qədər fərqlənirdi. Bu vaxt əsir götürülmüş bir neçə Osmanlı döyüşçüsü onların xahişi əsasında bu məclisə gətirilir. Onlar istəyirlərmiş ki, Şah Abbasdan əfv olunmasını xahiş etsinlər. Alman elçisi yazır ki, Osmanlı döyüşçüləri məclisə daxil olanda oradakıları nəzərdən keçirdilər və sonra da xarici qonağı görünüşünə görə şah güman edib ayaqlarına yıxıldılar. Elçi yazırdı ki, Şah Abbas bu səhnəni müşahidə edib təbəssümlə qarşıladı.

Bu o demək deyildi ki, Şah Abbas bahalı geyimlərdən tamamilə uzaq idi. Yox. Elə mərasimlər var idi ki, Şah Abbas saray protokoluna uyğun olaraq orada dövlətin əzəmətini nümayiş etdirən geyimdə olmalı idi. Bunun üçün onun çox bahalı geyimləri var idi və onlar səltənət xəzinəsində mühafizə olunurdu.

Əli bəy Hüseynzadə tərəfindən Şah Abbasın yağlı boya ilə çəkilmiş rəsminin sənətkarlıq dəyərini zərrəcə azaltmadan qeyd etmək lazımdır ki, bu rəsmdə tarixilik baxımdan sual doğura biləcək məqam da vardır. Bu da onun papağının necə təsvir edilməsi ilə bağlıdır. Tarixdən bəllidir ki, Səfəvi şahları başlarına qızılbaş papağı qoyurdular. Bu papağın əsas elmentlərindən biri olan şal (dəstar) əmmamə şəklində başa elə dolandırılırdı ki, bu zaman mütləq papaqda on iki dilim yaranmış olsun. Bu on iki dilim on iki imamın əlaməti idi. Əgər diqqətlə baxılarsa, Çehelsütun sarayının divarlarında təsvir olunmuş Şah Abbasın başındakı papağın dilimlərinin sayının on ikidən az olmadığını görmək olar. Ə.Hüseynzadənin rəsmində isə Şah Abbasın papağının dilimlərinin sayının on ikidən az olduğu göz qarşısındadır. Ola bilsin ki, Ə.Hüseynzadə bu məsələdə yaradıcı təxəyyülə daha geniş yer vermişdir.

Əli bəy Hüseynzadənin yazılarında da, Şah Abbas haqqında bəzi qeydlərə rast gəlmək mümkündür. Məsələn, belə qeydlərdən biri Hüseynzadənin "Siyasəti-fürusət" əsərində Şah Abbasın alimlərlə olan söhbətləşməsinə aiddir. Bu qeydlərdən aydın olur ki, bir dəfə Şah Abbas alimlər dəstəsi ilə yol getməli olur. "Şah Abbas bəyaz bir rəxşi-badrəftara süvar idi. Kəndisini zamanın ən məşhur üləması əhatə etmişdi. Bunların cümləsi dəxi atlı idi. Bir qismi hökmdardan irəli keçmiş, digər qismi isə geridə qalmış idi". Deməli, hərəkət zamanı alimlər dəstəsi iki yerə parçalanmalı olur. Şah Abbas əvvəlcə öndə gedən alimlər dəstəsindən nə üçün digər dəstənin geridə qalmasını, sonra isə geridə qalan dəstədən nə üçün o biri dəstənin tələskənlik edərək irəli çıxmasının səbəbini soruşur. Cavab belə olur: "Şah Abbas atını qamçılayıb irəlidəkilərə iltihaq etdi və onlardan geriyə qalanlar haqqında tənə ilə soruşdu:

- Bunlar nə üçün böylə geriyə qalıb bizdən ayrılıyorlar? Görünür ki, məiyyət və rəfaqətimdə bulunmaqdan xoşlanmıyorlar?

Üləma belə cavab verdi:

- Xeyir, qibleyi-aləm, atlar üzərlərindəki cövhərlərin ağırlığından sürətlə hərəkət edəmiyorlar, geriliyorlar.

Belə bir cavab aldıqdan sonra Şah Abbas atını zəbt edib, yavaş-yavaş geridə qalan üləmayə iltihaq etdi və bunlardan öndəkilər haqqında belə tənə ilə sual etdi ki:

- Bunlar nə üçün böylə bizim önümüzə keçiyorlar? Anlaşılan bizə hörmətləri qalmamışdır?

Bu firqənin cavabı isə böylə oldu:

- Xeyr, qibleyi-aləm, atlar nə qədər giran [bahalı] qiymət cövhərləri hamil [yüklü] bulunduqlarını hiss edib, fəxr eliyorlar, ancaq fəxr və sürurlarından sürətlə çapıb irəliliyorlar!..

Şah Abbas dövrü üləmasının hüsnü-əxlaqına, ittifaq və ittihadlarına diqqət etdinizmi? Yek-digərlərinin əsla qeybətində bulunmayıb, büğz [ədavət] və həsəd deyilən şaibələrdən [nöqsanlardan] külliyən bəridirlər".

Bu ibrətamiz hekayətdən hansı nəticə çıxarılmalı olduğuna Əli bəy Hüseynzadə özü toxunmuşdur. O, ilk növbədə, elm və bilik adamlarına belə yüksək qiymət verirdi və onların hər cürə ötəri söhbətlərdən kənar qalmaqla xalqına, insanlığa xidmət etməli olduqlarını yazırdı. Əli bəy Hüseynzadə bu fikri o zaman ifadə edirdi ki, mənsub olduğu xalq kütləvi savadsızlıq içərisində idi və şübhə etmirdi ki, bu xalqın parlaq gələcəyi məhz savadla, biliklə bağlıdır. O, eyni zamanda ona da işarə edirdi ki, hələ XVII əsrdə Şah Abbas alimlərlə yol yoldaşı olmağı özünə şərəf bilirdi və onlara yüksək dəyər verirdi.

Şah Abbasın Əli bəy Hüseynzadənin yazdğı kimi, nə vaxtsa alimlər dəstəsi ilə yol yoldaşı olmasının tarixi gerçəkliyini bir kənara qoymaqla qeyd etmək lazımdır ki, bu qızılbaş hökmdarı alimin səltənət daxilində, isanlıq arasındakı yerini son dərəcə yüksək qiymətləndirirdi. Onun hakimiyyət dövrü elmin əsl inkişaf dövrü, islam aləminin fəxri sayıla biləcək alimlər dəstəsinin mövcudluğu dövrüdür. Onların arasında Şeyx Bəhayi, Molla Abdulla Şüştəri, Şeyx Lütfulla Meysi, Mirzə İbrahim Həmədani, Mir Damad və onlarca digərləri kimi böyük üləmalar var idi və bu üləmalar Şah Abbasın yaratdığı mühitdə formalaşmışdılar. Şah Abbas bu alimlərə son dərəcə yüksək qiymət verirdi, onlarla məsləhətləşirdi və onlardan öyrənirdi. Tarixdən məlumdur ki, Şah Abbas hərbi yürüşlərində dəfələrlə Şeyx Bəhayini özü ilə aparmışdı. Fürsət yaranan kimi, Şah Abbas onunla söhbət etməyi, onun söhbətini dinləməyi, onunla məsləhətləşməyi məmnunluqla qarşılayırdı. Şah Abbasın hakimyyəti illərində ulu əcdadı olan Şeyx Səfiəddinin Ərdəbildəki türbəsi elm və bilik mərkəzlərindən birinə çevrilmişdi. Şah Abbas bu türbənin kitabxanasına xeyli sayda qiymətli kitablar bağışlamışdı. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan sonra rus generallarının Şeyx Səfiəddin türbəsindən Rusiyaya daşıdıqları qiymətli kitablar arasında Şah Abbas tərəfindən də bağışlanmış xeyli sayda kitab var idi. Şah Abbas alimi xalqın düşünən beyni sayırdı və onların fəaliyyətini hərtərəfli qayğı ilə əhatə edirdi.

Əli bəy Hüseynzadənin Şah Abbasla bağlı olan başqa bir qeydi isə belədir: "I Şah Abbas özünün dərayət [zəka] və fərasətilə əfrad [fərdlərin] məhəbbətinin övsafı sayəsində... əğyarı İrandan tərd və ixrac edib [qovub, çıxarıb], Qafqazda, Kürdüstanda, Xorasanda... fütuhata nail olmuş, avropalılara qalib gəlib, portəgizlilərin əlindən Hörmüz adasını almış, məmləkətdə bu gün belə asarı müşahidə edilən hədsiz-hesabsız imarat və islahat vücuda gətirmiş və "kamali-ədalətlə 44 sənə hökumət sürmüşdür".

Burada Əli bəy Hüseynzadə onu demək istəyir ki, Şah Abbas ata babası Şah İsmayıl tərəfindən əsası qoyulmuş Səfəvi imperiyasının sərhədlərini bərpa etdi, bu türk dövlətinin əzəmətini, qüdrətini özünə qaytardı. Atası Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Səfəvi dövlətinin qərb əraziləri, Cənubi Qafqaz Osmanlı dövlətinin, səltənətin Şərq əyalətləri isə özbək qoşunlarının nəzarəti altına düşmüşdü. Şah Abbas öz zəkası ilə, yenidən qurduğu qoşunları ilə, ətrafında daha sıx birləşdirdiyi qızılbaş əmirləri ilə itirilmiş Səfəvi ərazilərini geri qaytardı, o zaman Portuqaliyanın işğalında olan Hörmüzü ələ keçirdi. Şah Abbas böyük dünya fatehləri sırasında yer tutmaqa yanaşı, həm də qurucu bir hökmdar kimi tarixdə özünə əbədilik qazanmışdır. Əli bəy Hüseynzadənin istinad olunan qeydlərindəki sonuncu cümlə bununla bağlıdır. Şah Abbasın şəxsi münşisi olan İsgəndər bəy Münşinin "Dünyanın bəzəyən Abbasın tarixi" əsərində bu şahdan yadigar qalan tikililərin müxtəsər siyahısını vermişdir. Bu müxtəsər siyahı əsərin bir neçə səhifəsini tutmuşdur. Yalnız onu qeyd etmək lazımdır ki, bu gün türk izləri inkar edilən İsfahan kimi dünya memarlıq nümunəsini tarixə məhz Şah Abbas bəxş etmişdir. Bu şəhərin tarixinə hansı prizmadan qiymət verilsə belə, onun qızılbaş türkü olan Şah Abbas tərəfindən tikildiyini inkar etmək mümkün deyildir.

Şah Abbasın 44 il hökmdarlıq etməsi faktına isə dəqiqləşdirmə gətirmək lazımdır. Şah Abbas miladi tarixlə 1587-ci ilin may ayından 1629-cu ilin yanvar ayınadək hakimiyyətdə olmuşdur. Yəni təxminən 42 ilə yaxın hökmdarlıq etmişdir. Bu tarix hicri-qəməri təqvimlə hesablandıqda 44 ilə yaxın alınır. Əli bəy Hüseynzadə də hicri-qəməri təqvimi ilə onun 44 il hakimyyətdə olmasına işarə etmişdir.

Ən başlıcası isə Əli bəy Hüseynzadə xalqına qürur yeri olan, insanlıq tarixinin zirvəsində dayanan bu böyük hökmdarı sevgi və minnətdarlıqla anmışdı. Həm fırçası ilə, həm də qələmi ilə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!