Nizaməddin ŞƏMSİZADƏ
Ədəbi tənqidin əsas vəzifəsi ədəbiyyatın bədiiliyini - fəlsəfi ideyasını və estetik gözəlliyini açmaqdır. Ədəbi tənqid oxucuda bədiiliklə ünsiyyət, təmas yaratmalıdır. Tənqid bədii ədəbiyyatın yiyəsi - sahibidir. O, bədii ədəbiyyatın tarixi taleyi üçün məsuliyyət daşıyır. Hər bir dövrün tənqidi öz dövrünün oxucusunu ədəbiyyatla yaşamaq üçün hazırlamalıdır. Ədəbi tənqid yazıçı ilə oxucu arasında etibarlı körpü olmalıdır. Beləliklə də tənqid oxu prosesini, oxucunun işini asanlaşdırmalıdır. Bunun üçün tənqid təkcə yazıçının, yalnız ədəbiyyatın yox, həm də oxucunun psixologiyasını, onun estetik zövqünü bilməli, onun zövqünü bədii mədəniyyəti dərk etmək üçün cilalamalıdır. Bütün bu mühüm vəzifələri icra etmək üçün ədəbi tənqid öz estetik meyarlarını, təhlil metodlarını nəzəri cəhətdən işləyib hazırlamalıdır. Ən başlıcası: tənqidin estetik meyarları bədii mahiyyətlə uyğun gəlməlidir. Biz bu barədə "Tənqidin ədəbi prosesdə rolu" (2003) və "İdrakın üfüqləri" (2019) kitablarında kifayət qədər əhatəli fikir söyləmişik. "İdrakın üfüqləri" kitabında 2015-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş 10 məqalədən ibarət silsilə yazılar yer alır (səh. 107-163). Meyarsızlıq bütün dövrlərdə, xüsusən müstəqillik dövrünün (1991-2021) ədəbi tənqidimizin əsas nəzəri metodoloji qüsuru olub. Bəs ədəbi tənqid öz estetik meyarlarını haradan və necə əldə etməlidir? Bunun üçün bir neçə məxəz - mənbə göstərmək olar: 1. Klassik ədəbiyyatın ənənələri və təcrübəsi; 2. Dövrün tarixi mahiyyətini başa düşmək; 3. Cari ədəbi prosesin əsas meyil və tendensiyalarını həssaslıqla izləmək və ümumiləşdirmək; 4. Dünyada mövcud olan nəzəri cərəyanları - renessans, sufizm, klassisizm, maarifçilik, romantizm və realizmi təhlilin və tədqiqin arsenalına gətirmək; 5. Ədəbi prosesin prioritetlərini müəyyən etmək; 6. Digər elmlərin, (məsələn, sinergetikanın) və mexnologiyaların nəzəri nailiyyətlərindən faydalanmaq. Ədəbi tənqid lirik janrlara, epik janrları və dramatik növə eyni meyarlarla yanaşa bilməz, bu, absurda gətirib çıxara bilər. Bizim ədəbi tənqidin bir qüsuru da bu mənada "universallığıdır". Lirik əsərin təhlil metodları ilə nəsr əsərini, məsələn, romanı təhlil etməsidir.
Müasir ədəbi-nəzəri fikir klassik elmi üslubdan daha çox, çevik ədəbi tənqidi üsluba meyil göstərir. Bu da daha çox streslərlə və kompüter texnologiyaları ilə bağlıdır. Belə üslub lirik janrların təhlili üçün də əlverişlidir. Çünki lirik janrlar dəyişən zamanın proseslərinə operativ surətdə cavab verir. Sözün yaxşı mənasında lirik növün janrları konyuktur mahiyyət daşıyır. Şeir linqvopoetik təhlil tələb edir. "Lirik şeirdə forma özü elə məzmundur" (Musa Adilov) fikrində müəyyən həqiqət var. Şeirin təhlili linqvistik incələmə tələb edir: assosiasiyalar, assosianslar, rəmzlər, xüsusən dinlə bağlı obrazlar xüsusi təhlil tələb edir. Burada bir mühüm faktor da nəzərə alınmalıdır: biz vəznləri nəzərdə tuturuq. Əruz (qəzəl və qəsidə), heca (qoşma, təcnis) və sərbəst (R.Rzanın "Rənglər" silsiləsi) eyni metodla, eyni üslubda təhlil edilə bilməz. Bu vəznlərin poetik əlamətləri ədəbi tənqidin meyarlarında və üslubunda həlledici olmalıdır.
Dünyada əksər yazıçılar tənqidi bəyənməyiblər, ona laqeyd olublar, onu lazımsız hesab ediblər. Məsələn, fransız yazıçı və nəzəriyyəçisi Jül Renar belə deyib: "Tənqidçi öz rotasına atəş açan əsgərdir". Böyük rus yazıçı və dramaturqu A.P.Çexov xəstə yatarkən onun yanına gələn Maksim Qorkinin "Tənqidə münasibətiniz necədir?" Sualına belə cavab verib: "Tarlada əzələləri gərilərək yer şumlayan at görmüsünüz? Bax, tənqid həmin ata mane olan milçək kimi bir şeydir". Dünyanın dahi adamlarından olan alman iqtisadçısı Karl Marks "Əgər sən şairsənsə mən də tənqidçiyəm!" - deyə fəxrlə özünü tənqidçi adlandırmışdı. Amerika yazıçısı heç vaxt özü haqqında yazılan tənqidləri oxumurmuş. XX əsrin böyük yazıçı və tənqidçisi Seyid Hüseyn "Tənqidsiz ədəbiyyat ormanlarda bitən yabani ota bənzər" - deyə ədəbi tənqidin müstəsna əhəmiyyətini qeyd etmişdir.
Ədəbi tənqid ədəbi prosesin üzvi bir hissəsi, onu hərəkətə gətirən güc mənbəyidir. Əlbəttə, söhbət obyektiv, məntiqə əsaslanan intellektual tənqiddən gedir.
Uzun müddət, sovet dönəmində, necə deyərlər, təsvir tənqidi hakim olub. Əsərin məzmununu danışmaq, səthi təsvir, tənqidsizlik bu tənqidin, xüsusilə 40-50-ci illər Azərbaycan tənqidinin əsas təhlil metodu idi. Azərbaycan tənqidində təsvir tənqidindən təhlil tənqidinə, intellektual tənqidə keçid, digər ədəbi sahələrdə olduğu kimi, XX əsrin 60-cı illərinin ortalarında baş verən "60-cılar" adı ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ yaradan ədəbiyyat öz tənqidini də yaratdı.
Bu mərhələ nəsrdə M.İbrahimovun "Böyük dayaq", İ.Əfəndiyevin "Söyüdlü arx", M.Hüseynin "Yeraltı çaylar dənizə axır", İ.Hüseynovun "Yanar ürək", S.Əhmədlinin "Görünməz dalğa", "Dünyanın arşını" əsərləri ilə başlandı, Anarın, Ə.Əylislinin, Elçinin, İ.Məlikzadənin, S.Azərinin, M.Süleymanlının əsərləri ilə formalaşdı. Poeziya sahəsində R.Rzanın, B.Vahabzadənin "Rənglər" silsiləsi, Əli Kərimin, F.Qocanın, M.Arazın, X.Rzanın, Ə.Salahzadənin, R.Rövşənin poeziyası bu ədəbi mərhələnin əsasını təşkil etdi. Ədəbi tənqid sahəsində təsvir tənqidindən təhlil tənqidinə - intellektual tənqidə keçidin icraçıları ilə bunlar idi. Yaşar Qarayev, Elçin, Asif Əfəndiyev, Akif Hüseynov və b.
XX əsrin 80-ci illərində intellektual tənqidin yeni nəsli formalaşdı. Bunlar: Nadir Cabbarov, Kamil Vəliyev, Vilayət Quliyev, Kamal Abdullayev, Nizami Cəfərov, Rəhim Əliyev, Şirindil Alışanov, Rahid Xəlilov, İlham Rəhimli, Vaqif Yusifli, Məryəm Əlizadə, Asif Hacıyev, Kamran Əliyev, Arif Məmmədov və b. idi. Bu tənqidçilər bir ədəbi nəsil kimi formalaşıb, estetik proqramlarını irəli sürdülər. Onlardan sonra ədəbi-tənqidə gələnlər bir pleyada kimi formalaşa bilmədi.
Ədəbiyyat və tənqid sahəsində yeni dövrə - sosializmdən kapitalizmə, istismardan istiqlala keçidi ədəbi-tarixi missiya olaraq bu tənqid nəsli icra etdi.
Onlar ilk dəfə ədəbi tənqidə yalan danışmamağı, əsassız tərif söyləməməyi, ədəbiyyatda milli müəyyənliyi, demokratizmi qorumağı öyrətdilər. Bu nəslin ən yaxşı nümayəndələrinin məqalə və monoqrafiyalarında ədəbiyyatımızın, öyrənilməmiş, sovet diktaturası tərəfindən yasaq olunmuş mərhələ və şəxsiyyətləri gəldi, 37-ci ilin qurbanlarının ədəbi tarixi haqqı bərpa olundu. Ədəbiyyatımız sosioloji çamurluqdan, zərərli yarlıqlardan, ucuz təriflərdən xilas olundu. Milli bədii irs kimi araşdırıldı.
Ədəbi tənqiddə şəxsiyyət amili ön plana keçdi...
Tarixi Zəfərlə başa çatan, hər günü bir ilə bərabər 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda yeni tarixi reallıq yaranıb. Bəs bu reallıq baxımından ədəbi prosesin, onun tərkib hissəsi olan ədəbi tənqidin problemləri və prioritetləri necədir? Bu suala ədəbi növlərə yeni münasibətin xarakterindən gələrək cavab verməyə çalışaq. "Şeir haqqında yazmaq şeir yazmaqdan çətindir". Bunu XX əsrdə böyük nəzəriyyəçi Xətib Təbrizi deyib. Həqiqətən də şeir yazan sərbəstdir, istədiyi mövzuda, istədiyi janrda, istədiyi təşbih və metaforalardan istifadə edərək şeir yaza bilər. Fəqət tənqidçi şeir yazandan və şeirdən asılıdır, onun cızdığı çərçivələrdən kənara çıxa, təhlil etməyi şeirə əlavə edə bilməz, olmayanı deməməli, olanı təhlil edib qiymətləndirməlidir. N.Tusi deyirdi: "Şeir vəznli, qafiyəli və xəyal edilən kəlamdır".
Lirika söz və musiqi arasında xüsusi bir janrdır. Böyük lirik M.Müşfiq cəmi bir yerdə deyib: "Şeir divanədir, ona toxunmayın, qoy hara gedir getsin". Təhlil zamanı lirik şeiri nəzəri postulatların məngənəsində əzmək olmaz. "İlham pərisinin büllur gərdəninə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular" (İsmayıl Hikmət Ərtaylan).
Nəsr lirikaya hazırlıq mərhələsidir. Lirika öz fəaliyyətinə nəsr öz işini bitirdiyi yerdən başlayır. Nəsr əhvalatın özünü, necə baş verdiyini, lirika isə əhvalatın insan (şairin!) qəlbində yaratdığı psixoloji ovqatı tərənnüm edir: lirikada tərənnüm, nəsrdə təsvir, dramda təqdim əsasdır. Dram xarakterlərin hərəkəti ilə təqdim edir, nəsr yazıçının dili - təhkiyyəsi ilə təsvir edir.
Dramda hərəkətlə təsdiq-ifadə olunmayan söz olmamalıdır. Nəsrdə təhkiyədə fəlsəfi-psixoloji açım prosesidir. Nəsr hadisəsini məzmuna məzmunu ideyaya çevirməklə məqsədinə nail olur. Hadisə, məzmun və ideyaya üslub - təhkiyyə vasitəsilə çevrilir.
Nəsr tarixin özünü - fakt və hadisəsini, poeziya Ruhunu, dram obrazını əks etdirir.
Ədəbi tənqid isə bütün bunları kompleks şəkildə izah etməli, qiymətləndirməlidir. Antik-yunan filosofu Aristotel yazıb: "Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir". (Poetika, s.63).
Biz isə deyirik ədəbi tənqid poeziyadan, nəsrdən və dramaturgiyadan daha ciddi, ədəbiyyatın bədii - fəlsəfi təkamülü baxımından daha əhəmiyyətlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!