İFTİXAR
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
"Qeyri-səlis məntiq nəzəriyyəsi" elmi çoxluqları özündə cəmləşdirən zəngin bir fenomendir. Həmin fenomeni Lütfi Zadə yalnız 1950-ci illərdə, məhz "Qeyri-səlis məntiq" nəzəriyyəsi adlandıraraq dünyaya bəyan etmiş və elmi tərəqqinin çoxxətli inkişafına təməl atmışdır. O vaxta qədər Lütfi Zadənin özünə də naməlum olan, lakin təhtəlində daim onu yeniliyə doğru aparan və nəhayətdə boy verib şaxələnən sözügedən nəzəriyyənin kəşfindən sonra geriyə - tarixə nəzər yetirdikdə tam anlaşılır ki, həqiqətən də dahilərin yaşayış boyu yaratdıqları çoxlu sayda nəzəriyyələr və cərəyanlar məhz insan idrakında özünə yer tutmuş həmin triumfal nəzəriyyənin qüdrəti sayəsində ərsəyə gəlmişdir.
Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi ən parlaq simalarından biri, XII əsrdə dünyaya göz açmış, zəmanəsinin və bütün zamanların söz tanrısı Şeyx Nizami Gəncəvi də məhz qeyri-səlis məntiqin daşıyıcısı olub. O, "Aş bu mavi günbəzi, o qədər yüksəl ki, sən, Boynunu dar həlqədən xilas edə biləsən" kimi, ölçüləri işıq sürətilə aşıb-keçən geniş əhatəli fikri ilə dar həlqədə məhdudiyyəti, konkretliyi, yəni "Binar nəzəriyyə"sinin qanunlarını, mavi günbəzdən, yəni göylərdən o tərəfdə isə hüdudsuzluğu, sonsuzluğu göstərir və bu məntiqi fikir isə yalnız qeyri-səlis anlayışlı düşüncənin məhsuludur. "Çox gəzdi, çox dolaşdı ayaqyalın xəyallar"la isə, işıq sürətindən də iti dinamikası olan xəyalların qət edə biləcək məsafələrin sonsuz olduğunu ifadə etməklə, məhz qeyri-səlis düşüncə sahibi olduğunu ortaya qoyur. "Birləşdirib, yoğurdu, qaynatdı suyla odu" fəlsəfi qayəsi də Nizaminin qeyri-səlis məntiqlə düşünən dahi olduğunun açıq şəkildə göstəricisidir. Əksər elmlərə dərindən vaqif olan ölməz şairin təfəkkür və təxəyyül aləmində konkret ölçülər, konkret rənglər, sözün ecaz səmasında sərhəd və ya hikmətlər təşnəsində fikrin ölçü məhdudiyyəti yoxdur. "Ağbirçək bir dayədir sənə süd verən rüzgar" və ya "Tutuquşu güləndə çatladı qəndin bağrı", eləcə də "Düşüncənin gözünə işıq gətirən Tanrı" kimi rəng verib, rəng alan təşbehləri, "Günə, Aya don biçdi öz əlilə Yaradan, Birinə ağ ipəkdən, o birinə qaradan", yaxud "Ulduzlarla sildi o, göydən hisi, dumanı" bənzərsiz poetik lövhələri, "Gecə rəngli torpağa verdi gündüz badəsi, Tökdü daşın ağzına neçə şəfəq qətrəsi", ya da "Yeddi düyün vurmaqla qandalladı yerləri", eləcə də "Gedirdi, bir qədəmi o birindən xəbərsiz" və ya "Görünməyən Tanrını aşiq gözüylə gördü" və "Həzrət Məhəmməd onu başqa ölçüylə gördü: Ürək, idrak gözüylə, zəka gözüylə gördü" kimi dərin fəlsəfi möcüzələri apaydınca sübuta yetirir ki, Nizaminin düşüncə fəzasında yalnız əsrarəngizlik, nəhayətsizlik, riyazi sonsuzluq, hüdudu görünməyən geniş bir kainat ehtişamı mövcuddur. Gəncəvinin əsərlərindəki forma rəngarəngliyi və mənalar zənginliyi də onun qeyri-səlis məntiqlə düşünən mütəfəkkir olduğunu isbatlayır.
Məsnəvi formasında yazdığı "Xəmsə" adlandırılmış poemalar məcmuəsi sadəcə bir ədəbi sənət nümunəsi deyil, çəkisi hesaba gəlməyən, poeziya ölçüsünü müəyyən etmək üçün ölçü vahidi olmayan zəngin bir xəzinədir. Dahi sənətkar bu zəngin xəzinə ilə bəşər tarixinə, insan fenomeninə, ümumən dünya xalqlarına elə bir sərvət bəxş etmişdir ki, o sərvət xərcləndikcə çoxalır, oxunduqca yenilənir, geniş fəzalarda ünyetməz üfüqlərdən şölələndiyini isbat edir: "Düyün açılmayınca qaralırdı hələ də, Gecənin zülmət saçı gündüzlərin əlində. Göydə min-min gövhəri sapa düzdü Yaradan, Sildi yoxluq tozunu gecənin saçlarından."... Həqiqət budur ki, ona hər müraciət edildikcə, insan təfəkküründə daha fərqli və daha geniş fəlsəfi-estetik, zəngin-poetik ümman yaranır: "Bu torpağın qanını göstərdi bir gül ilə, Əqlin nəbzini tutdu ürəyin öz əlilə", yaxud "İdrakınla oxudun hətta yazılmayanı, Əqlinlə işıqlatdın beyin adlı cahanı" və sair sənət inciləri deyilənlərin parlaq nümunələrindəndir... Onu da nəzərə almaq lazımdır ki, bu söz xəzinəsindən göstərilən nümunələr tərcümə məhsullarıdır. Orijinalı isə daha dərin və daha poetikdir.
Gəncəvinin əsərləri tarixi olaylar, hekayətlər və həyat hadisələri zəminində yaransa da, o əsərlərin hər birində müəllifin təxəyyül potensialının ərsəyə gətirdiyi geniş meydan ön planda dayanır. Dünyanı cəmiyyətin anlaya bilməyəcəyi dərin qatlardan böyük ustalıqla dərketmə qabiliyyəti, həyatın sirlərini hər kəsdən fərqli, həssas müşahidə bacarığı ilə görə bilmə fərasəti, böyük istedadın zəngin təşnəsinin süzüb göndərdiyi ovsunlu sehri və nəhayət, vəhy dolu fəhmi Nizaminin özəl keyfiyyətidir.
O, coşqun zəka enerjisi və ziya dolu poetik nuru ilə əsərlərini durmadan yüksələn dinamika ilə yaratmışdır. Ona görə də həmin əsərlər öz cövhərində yer tutan fəlsəfi dərinliyi, məzmunlu və yüksək elmi, bədii, estetik mahiyyəti, ictimai mövqeyi, müdrik idrakdan doğan böyük hikməti, bütün bunlarla yanaşı, anlaşılan sadə strukturu və mürəkkəb ziddiyyətlərlə qaynayan hadisələrin cərəyan etdiyi süjet zənginliyi və həm də, "Göylər vuran düyünü, soruş, yerdə kim açar? Ayağını göylərə cəsarətlə basanlar" eləcə də, "İldırım kimi gülmək, sonra dərddən ağlamaq, Ani bir qığılcıma döndərir ömrü ancaq" misallı dərin məzmunlu həzin poeziyası ilə, ruha bənzərsiz qida verən tükənməz xəzinə kimi ümumbəşəri dəyərlər miqyasına yüksəlmişdir.
Gəncəvinin əsərlərində - istər divanında, istərsə də məsnəvilərində insan və söz əsas fəlsəfi kateqoriyalardan biridir. O, əsərlərində cərəyan edən hadisələri dərin mənalı sözlərlə və ibrətamiz hikmətlərlə rövnəqləndirərək, İnsanın meyarını müəyyənləşdirir. Böyük mütəfəkkir İnsan varlığının mahiyyətinə necə həssaslıqla yanaşırsa, sözün qüdrətini də eyni dəyərdə yüksək tutur: "Poladdan dağ olsa da, inan, Onu parça-parça dağıdar insan", yaxud "Uluların yolunun gərək qulu olasan, Ülviyyətə yüksəlib, sən də ulu olasan", eləcə də "Söz bayraqdan daha çox əldə eyləyir zəfər, Qılıncdan daha artıq qalxıb alar ölkələr". Belə kəlamlarla dahi şair insanı ülvi, güclü, dözümlü, qüdrətli, nurlu və dürlü hesab etməklə, onu zirvələrə ucaldır. "İnsana arxadır onun kamalı, ağıldır hər kəsin dövləti, varı" deyərək, insanı ağla, kamala doğru istiqamətləndirir. Yəni Nizami deyir ki, cəmiyyətin yüksəlişi insanın kamilliyinə bağlıdır. Başqa yol yoxdur. Həm də "Vurub yıxmaqla deyil ağıllılıq, unutma, Gücünü ədalətdən heç zaman uca tutma!" məntiqinə söykənməyi tövsiyə etməklə, diqqəti qüdrətin yalnız ədalətdə cəm olduğuna yönəldir. Nizami, "Dəmiri aynatək parladan insan, Pası silməlidir öz vicdanından!" hikməti ilə isbat edir ki, həqiqətlər, ədalətlər kamil insanın vicdanında öz haqqına qovuşa bilir və ona görə də insan öncə mütləq öz vicdanını saflaşdırmalıdır. "Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət, Yer üzünün fatehi ədalətdir, ədalət" fəlsəfəsi ilə insanın, ruh və vücudunun yalnız ədalət təşnəsində yoğrulmasını, bununla da bütün meyarların fatehinə çevriləcəyini təşviq edir. Və "Haqq sözü eşitmək istəməyənlər, Ağlını itirib öləcək hədər" dərin kəlamı ilə böyük mütəfəkkir bir daha inandırır ki, ədalət olan yerdə həqiqət vardır və fəth olunmaz zirvələr yalnız haqqın həqiqəti və ədalətin qüdrəti ilə fəth olunur. Eyni zamanda, dahi sənətkar insan amili ilə yanaşı, insanı ucaldan sözü də su kimi saf, təmiz, şəffaf, lətif dəyərlərlə yüksəldir. İnsanla və insanda sözü, sözlə və sözdə insanı kamil həddə çatdırır, onların fəlsəfi mahiyyətini, bir-birinə qırılmaz tellərlə bağlılığını və İnsan - Söz tandeminin bərqərar olduğu zirvəni aydınladır.
"Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə", yaxud "İnci tək sözlər seç, az danış, az din, Qoy az sözlərinlə dünya bəzənsin" eləcə də, "Sözündə çoxluğa qoyma yer olsun, Birin yüz olmasın, yüzün bir olsun" məfkurəsi ilə ölməz şair, sözün ədəb-ərkan və qutsal məqamını önə çıxarır. İnsan və toplum həyatının tənzimlənməsində diqqəti sözün roluna və əhəmiyyətinə yönəldir. Bütün fəsadların kökündə məhz Sözlə düzgün davranılmama fəlsəfəsini görürdü. Böyük Nizami üçün kamil insan, ilk növbədə, kamil söz deməkdir, insan kamalından süzülən söz! İnsanın kamilliyi hikmətdən və hikmət elmlərindən keçir: "Pis, yaxşı nə varsa, demək malındır, Lakin sənə vacib olan öz kamalındır" və ya "Bilik qazan, ey könül, yan, işıqlan biliklə, Zülməti nurla öldür, düşməni bir çiçəklə". Kamillik fəlsəfəsini belə hikmətlərlə və bədii sehrlə ifadə edən dahi Nizami İnsan amilini, "Səbri, hövsələni unudan insan, Ağıldan, kamaldan açmasın dastan", ya da "Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat" və ya "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan" zirvəsində bərqərar edir. Hansı məsləkə xidmət etməsindən asılı olmayaraq, sözün dəyəri, sözün qüdrəti və ecazı ilə İnsanı, İnsanın simasında cəmiyyəti kamil olmağa çağırır. Nizami Gəncəvi, kamal dühası və qeyri-səlis məfkurəsi ilə hər zaman aktualdır.
Nizami, cəmiyyətdə İnsan fenomeninin dəyərini qaldırmaq üçün ən başlıcası hökmdarların ədalətli olmalarını tələb edirdi. Haqlı olaraq düşünürdü ki, insanlıq şəhdi, hökm sahiblərində nə qədər güçlü olsa və bütün amillərə kamil insan idrakı ilə yanaşsalar, dəyərləndirsələr, cəmiyyət də bir o qədər asanlıqla tərbiyələnər, maariflənər və nəhayətdə, cəmiyyətin böyük bir hissəsi sürətlə kamilləşə bilər. Böyük şair, "Böyüklə vuruşda insan ad alar, Alçaqla vuruşda özü alçalar" - ideyası ilə yaşayır və bu düşüncəsi də Nizamini daim ucaldırdı. Çünki "Bacarsan hamının yükünü sən çək, İnsana ən böyük şərəfdir əmək" məntiqi və "Çalış öz xalqının işinə yara, Geysin əməlinlə dünya zərxara" fəlsəfəsi, türk oğlu olaraq onun ən böyük amalı idi və bu amalla da yaşamaq-yaratmaq, özünün sadə, məzmunlu həyatı və böyük yaradıcılıq məziyyəti ilə həm də öz simasında İnsan varlığını bütün dəyərlərdən yüksək tutmaq, "Hünər ardınca qoş, xalqa xeyir saç, Qapılar bağlama, ər ol, qapı aç" idrak məhsulunu sözün dərin fəlsəfi gücü, ekstaz qüdrəti və yüksək bədii poetikası ilə cəmiyyətə çatdırmaq, kamil insan yetişdirmək niyyətini, fikrini belə, dolğun mahiyyətlə ifadə etmək, təlqin etmək Nizami Gəncəvi üçün həyat prinsipinin və bədii memarlıq ustadlığının rəhni idi. Ona görə də bu anda haşiyə çıxmağın, yuxarıda qeyd etdiyim arayış barədə söz açmağın yerinə düşəcəyini zənn edirəm.
Təəssüf ki, Nizami Gəncəvinin əlimizə gəlib çatmış bütün əsərləri fars dilindədir. Artıq məlumdur ki, dövrün tələbləri - həm o zamanlar fars dilinin geniş yayılması faktı, saraylarda əsasən fars dilinin üstün tutulması, həm də şairə verilən sifarişlərin məhz saraylardan gəlməsi, Nizamini əksər halda fars dilində yazmağa vadar etmişdir. Amma divanından illər sonra qələmə aldığı ikinci poeması olan "Xosrov və Şirin" əsərində "Türklüyüm bu Həbəşdə heç getmir. Dadlı dovğaya xalq meyil etmir" və ya "Dağ kimi ucalmışdı bir zaman Türk dövləti", - deyə öz milli kimliyini uca tutan, həmişə geniş düşünən böyük insan və qüdrətli şair Nizami Gəncəvi heç mi öz ana dilində - doğma türk dilində bir qəzəl, qəsidə və ya rübai yazmamışdır? "Dadlı dovğaya xalq meyil etmir", deyərkən, Nizami "Dadlı dovğa"nın türk dilində yazdığı incilər olduğunu nəzərdə tutmurmu?!. Hətta düşünsək ki, ərəb dilini də mükəmməl bilən dahi şair, mütləq, ərəb dilində də şeirlər yazmışdır. Çünki Nizamini incələyərkən, onun əmin olduğumuz qeyri-səlis düşüncəsi ilə bədii-fəlsəfi, dövrü-insani zirvələrinin fövqünə yüksəlmiş bir fenomen olması, yaradıcılığında bütün dolğunluğu ilə öz təsdiqini tapır.
Qənaətimə görə, şairin "Divan"ının böyük çoxluğu türk dilində qələmə alınmışdır. Bu fikri aşağıdakı həqiqətlərlə təsdiq etməyin mümkün olduğunu zənn edirik. Nizami Gəncəvi özü "Divan"ında və "Leyli və Məcnun" poemasında "Divan"ının sahibinin Şirvanşah I Axsitan (şəcərə etibarilə yarı ərəb, yarı gürcü, bütün ruhu ilə fars sevdalı) olduğunu qeyd edır. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, dahi şair öz "Divan"ını məhz, böyük şeir həvəskarı olan və sarayında Ə.Gəncəvi, Ə.Xaqani və M.Beyləqani kimi nəhəng söz sərrafları başda olmaqla, şairlər ordusu toplamış Şirvanşah I Axsitana göndərmişdir. Güman etmək olar ki, I Axsitan divanda yer tutan şeir incilərinin böyük hissəsinin məhz türk dilində olduğunu görmüş, bu gerçəklik onu qane etməmiş və türkcə şeirlərin məhvinə qərar vermiş, yalnız fars dilində variantları saxlamışdır. Ona görə də həmin "Divan" bütöv halda heç kəsin əlinə düşməmişdir. I Axsitan türk millətinə və türk dilinə öz nifrətini gizlətmirdi. Hətta Nizamiyə yazdığı sifariş məktubunda da bunu açıqca etiraf etmişdi. Bəllidir ki, I Axsitan məktub vasitəsilə böyük şairə ərəb əfsanəsi olan "Leyli və Məcnun" hekayətini nəzmə çəkməyi sifarş etmiş və ən başlıca diqqətçəkən məsələ də odur ki, məktubda əsərin yalnız fars dilində yazılmasını tələb etmişdi. Öz sifarişində türk dili ilə bağlı mövqeyini də bildirmişdi. Nizami Gəncəvi "Leyli və Məcnun"un girişində I Axsitanın ona yazdığı məktuba toxunmuş və məktubdakı - "Türk dili yaramaz şah nəslimizə, Əskiklik gətirər türk dili bizə. Yüksək olmalıdır bizim dilimiz, Yüksək yaranmışdır bizim nəslimiz" kimi rəzil fikirlərini açıq şəkildə poemaya daxil etmiş, bununla da I Axsitanın Türkə və Türk dilinə olan mənfi münasibətinin məxsusən tarixin səhifələrində saxlanmasını təmin etmişdir. Zənnimcə, bu nümunə tam isbat edir ki, Nizaminin türk dilində yazdığı şeirlərinin I Axsitan tərəfindən məhv edilməsi fikrinin ortaya çıxması üçün yaranmış zəminə heç bir şübhə ola bilməz. Əks təqdirdə haqlı olaraq belə bir sual ortaya çıxır ki, əgər Nizami Gəncəvi yalnız fars dilində yazıb-yaradırdısa, bəs nə üçün I Axsitan Nizamiyə məhz, türk dilinin yaramadığını ismarış edir və fars dilində yazmasını əsas şərt olaraq dilə gətirir?! Bu da məlumdur ki, Nizami Gəncəvi öz "Divan"ının sahibi hesab etdiyi I Axsitanın sifarişini öncə həyata keçirmək istəməmiş, sifarişi rədd etmişdir. Yalnız öz oğlu Məhəmmədin təkidi ilə I Axsitanın sifarişi olan "Leyli və Məcnun" adlı böyük sənət incisini ərsəyə gətirmişdir. Nizami Gəncəvinin sifarişdən imtina etmə səbəbi həqiqətən də yalnız bir ehtimalla ola bilərdi - o da türk dilində yazılmama, fars dilində yazılma tələbinə görə. Əks halda şəxsiyyətinə böyük hörmətlə yanaşdığı, "Divan"ının sahibi adlandırdığı I Axsitanın sifarişindən nəyə görə narazılıq etməli idi? Bu narazılıq faktını hörmətli Nizamişünasların əksəriyyəti öz tədqiqatlarında təsdiqləyirlər. Güman ki, I Axsitanın türklüyə və türklərə olan münasibəti kamil insan formalaşdırmağa çalışan böyük şəxsiyyət və qüdrətli şairi narazı salmış, şeirə və şairlərə yüksək dəyər verən bir hökmdarın bu mövqeyini qəbul etməmişdir.
Bu da bir həqiqətdir ki, Nizami "Leyli və Məcnun" poemasında türklüyünü və türklüyə bağlılığını çəkinmədən və prinsipial şəkildə bəyan etmişdir. Nizami yaradıcılığının tədqiqatçılarından Çingiz Sasanianın "Nizaminin "Leyli və Məcnun" poeması" adlı kitabındakı, "...Axsitanı razı salmayan cəhət, həmən "türki sifətlər" və "köhnə sözlər"dir..." kimi ifadələri, Aqafangel Krımskinin, "Nizami əsərinin türkobrazlılığı həqiqətdə Şirvanşah sarayının zövqünə uyğun olmamışdır", Məmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabındakı, "...heç bir şairdə türklük Nizamidə olduğu qədər ideallaşdırılmayıb" kimi fikirləri deyilənlərin isbatı hesab oluna bilər. Məhz əsərdəki türkçülük ruhu səbəbindən də I Axsitan, öz sifarişi ilə yazılmasına rəğmən, o böyük sənət incisini mükafatsız qoymuş, əsəri uzun müddət kənarda saxlamışdır.
Belə ehtimal olunur ki, şairin ölümündən sonra əsərdə müəyyən redaktə işləri də aparılmışdır. Ç.Sasanianın da dediyi kimi, üslub müxtəlifliyi, fəsillərarası əlaqəsizlik, mətləbdən kənara çıxmaq, əsərin ümumi ideyasına zidd olan beyt və şeirlər poemanın Nizamidən zəif olan bir şair tərəfindən redaktə edildiyini isbatlayır. Sual doğur ki, mükəmməl bir sənət əsəri nə üçün redaktə edilməli idi? Cavab isə birdir - əsərdəki türk ruhunun ortadan götürülməsi və "köhnə sözlər"in, yəni türk etnosuna məxsus folklor nümunələrinin yox edilməsi. Bütün bu məqamlar birmənalı şəkildə isbat edir ki, şairin iyirmi min beytlik "Divan"ı I Axsitanın qərəzli yanaşmasının qurbanı olmuşdur. Bununla da həm belə insani hisslərdən kənar bədxahların canfəşanlığı, həm də o dövrdə poeziyanın ən çox fars dilində yazılmış nümunələrinin təbliği faktı və digər naməlum səbəblər Nizaminin türk dilində yazılmış əsərlərinin it-bat olmasına gətirib çıxarmış və böyük ehtimal ki, məhz ona görə də həmin əsərlər dövrümüzə qədər gəlib çıxmamışdır.
Dahi Nizami Gəncəvinin fəlsəfi aləmində, idrak dünyasında cərəyan edən və əsərlərində yer tutan "İnsandan insana fərq vardır, Bir dəmirdən həm nal, həm də qılınc düzəldilir" kimi zəngin, müdrik, ibrətli kəlamlarından aydın şəkildə görünür ki, bəşəriyyətin xilası məhz insandan keçir və cahil insan özü ilə bərabər dünyanı da dağıdır, kamil insan isə onu yenidən qurur və yaradır. Ona görə də dahi şair bütün yaradıcılığı boyu kamil insanın axtarışında olduğunu bəyan edir.
Qeyri-səlis düşüncələri və çoxşaxəli təfəkkür dünyası, çoxxətli idrak aləmi və əsrarəngiz təxəyyül politrası ilə poetik tablolar yaradan, ümumbəşəri mövzuları əhatə edən ölməz əsərlərində İnsan amilini və Söz məfhumunu zirvələrə yüksəldən, baş tacına çevirən, əsas qayə kimi ön plana çəkən, əsərlərinin bütün epizodlarında ictimai-fəlsəfi düşüncələr sferasını geninə-boluna gəşd edərək insan zəkasını zənginləşdirən dahi şair Nizami Gəncəvinin eşqlə ərsəyə gətirdiyi ədəbi xəzinəsi, yaradıcılıq qüdrəti öz cazibədarlığı, füsunkarlığı, rəngarəngliyi, əbədiyyəti ilə dünya dahilərinin yaratdıqları incilər sırasında həmişə yüksək məhəbbətlə bir Günəş kimi yaşayacaq və Azərbaycana, Azərbaycan xalqına daim qürur gətirəcək parlaq şölələri ilə, üfüqlərdən alovlu şəfəqlər saçacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!